Siyasi məhbus, siyasətçi Akif Qurbanov jurnalist, siyasi məhbus Ülviyyə Əliyə verdiyi müsahibəsində ölkədə demokratik dəyərlərin bərqərar olması üçün ictimai rəyi hakimiyyətin nəzarətindən çıxarmağın vacibliyini vurğulayıb.[1] İctimai rəy nədir, hakimiyyət onu nə üçün və necə nəzarətdə saxlayır? Bu suallara cavab axtararkən yada 2016-cı ildə ABŞ-da prezident seçkilərindən sonra başlanan siyasi qalmaqal düşür. Həmin il ABŞ-da Rusiyanın İnternet Tədqiqatları Agentliyinə (bundan sonra RİTA) qarşı seçkilərə müdaxilə etmək və ABŞ-da milli münaqişəni qızışdırmaq cəhdi ilə bağlı ittihamlar səsləndirilməyə başlandı. İki il sonra bu məsələni araşdırmaq üçün ABŞ Konqressi tərəfindən təyin edilmiş xüsusi prokuror Robert Müllerin hesabatı bu ittihamların doğru olduğunu təsdiqlədi. Mətbuatda “Kreml botları”, “trollar fabrikası”, “Priqojin trolları” kimi məşhur olan RİTA-nın anti-Qərb təbliğatı, ictimai rəyin yalan informasiya əsasında formalaşdırılması və idarə olunması, müxalifətin nüfuzdan salınması kimi işlərlə məşğul olduğu müəyyənləşdirildi.
Azərbaycan hökuməti də trollardan istifadə edir. Bu fakt trolların işinin necə təşkil olunması ilə bağlı bir sıra suallar doğurur. Azərbaycanda internet manipulyasiyası ilə bağlı konkret hər hansı bir müəssisə məsuliyyət daşıyırmı, bu işin təşkilinə kim nəzarət edir? Azərbaycanın trollar fabrikasına necə işə düzəlmək olur, bu haqda iş elanları harada dərc edilir? Trolluq edən insan işi müqabilində nə qədər maaş alır? Əlbəttə, bütün bu suallara cavab tapmaq asan məsələ deyil, amma gəlin açıq internet resurslarından və internetin tədqiqatı ilə məşğul olan təşkilatların hesabatlarından istifadə edərək bu sualların bir qismini cavablandırmağa çalışaq.
Trollar fabrikası: qısa tarixi arayış
Trol sözü Skandinaviya mifologiyasından gəlir və insanabənzər əfsanəvi məxluqu ehtiva edir. Onlar insanlardan uzaq qaçır və dağlarda yaşayırlar. Müasir trollar dağlarda deyil, internetdə – onlayn sosial şəbəkələrdə yaşayırlar. Onlar adətən sosial şəbəkələrdə qeyri-etik ifadələr işlədir, irqçi, seksist, ifrat millətçi və digər alçaldıcı ritorikadan istifadə edərək insanları təqib və təhdid edirlər.[2] İnternet trolları sosial şəbəkələrdə istifadəçilərin emosional hisslərini alovlandırır və çox zaman bunu öz adlarından deyil, anonim və ya başqasının adından edirlər.
2013-cü ilin sentyabrında Rusiyanın Novaya qazeta nəşri ilk dəfə Rusiyanın trollar fabriki haqqında məqalə dərc etdi. Bu məqalədə bildirilirdi ki, Sankt-Peterburq və Moskvada xüsusi texnologiya ilə təchiz olunmuş ofislərdə internet trolları işləyirlər və bu trollar Sergey Sobyanini (Moskva şəhərinin meri) və Vladimir Putini tərifləyir, Aleksey Navalnını və ABŞ-ı söyür, Suriyanı isə müdafiə edirlər.[3] Sonradan bu ofislərin Rusiya İnternet Tədqiqatları Agentliyinə bağlı olduğu müəyyənləşdirildi. Məqalədə göstərilir ki, bu ofislərdə işləmək üçün iş elanlarında internet-operatorların axtarıldığı bildirilir, operatorlardan internet saytlarda, sosial şəbəkələrdə şərhlər, tematik postlar, bloqlar yazmaq tələb olunur. Bu işə görə hər bir operatora aylıq 25. 960 rubl (2013-cü ilin kursuna görə 778 ABŞ dolları) maaş təklif olunurdu. Hər bir operatorun gündəlik iş yükü təqribən 100 şərhdən ibarət idi. Məqalədə bu ofislərin Putinə yaxın olan Yevgeniy Proqojinin Konkord şirkəti ilə bağlılığı da qeyd olunur. İctimai iaşə, tikinti, media qurumları, Özəl Hərbi Şirkət (Vaqner Qrupu kimi tanınır) və sairə müəssisələrin daxil olduğu Konkord şirkətinin əsas sifarişçiləri Rusiya Federasiyası Prezidentinin İşlər İdarəsi, Rusiya Federasiyası Dövlət Dumasının aparatı, Rusiya Federasiyası Müdafiə Nazirliyi kimi böyük dövlət qurumları idi. 2017-ci ildə ABŞ Maliyyə Nazirliyi Konkord şirkətinə qarşı sanksiyalar tətbiq etdikdən sonra Priqojin RİTA-nın yaradıcısı olması ilə bağlı səsləndirilən ittihamları rədd etsə də, sonradan RİTA-nın yaradıcısı və əsas maliyyəçisi olduğunu etiraf etmişdi.[4]
Rusiyanın dövlət strukturlarının həm daxili, həm də xarici siyasi rəqiblərinə qarşı mütəşəkkil təbliğat kampaniyası təşkil etməsi Qərb dövlətlərinin interneti araşdıran institutlarının diqqətini 2000-ci illərin əvvəllərindən cəlb edib. Oksford Universiteti nəzdində fəaliyyət göstərən və internet təbliğatının tədqiqi ilə məşğul olan Oxford İnternet İnstitutuna (Oİİ) görə, Rusiya dövlət strukturlarının sosial şəbəkələrdə ilk təbliğat addımları 2011-ci ilə təsadüf edib.[5] RİTA-nın təkcə Rusiyanın daxilində deyil, beynəlxalq miqyasda qeyri-dost hesab etdiyi dövlətlərə qarşı siyasi xarakterli internet təbliğatı və dezinformasiya fəaliyyəti haqqında olduqca geniş məlumat mövcuddur. Lakin bu sahədə ən azı Rusiya qədər təcrübəsi olan digər dövlət, Azərbaycan haqqında məlumatlara o qədər də çox rast gəlinmir. Bunun əsas səbəbi Azərbaycan hökumətinin internet təbliğatı və siyasi dezinformasiyasını əsasən daxili auditoriyaya yönəltməsidir.
Oİİ-nin apardığı araşdırmalarda Azərbaycan hökumətinin 2011-ci ildən (ABŞ və Rusiya Federasiyası ilə eyni vaxta təsadüf edir) siyasi xarakterli internet təbliğatı, ictimai rəyin formalaşdırılması və manipulyasiyası ilə məşğul olan kiber qruplar yaratdığı qeyd olunur. Hakimiyyət, ordu və hökumət tərəfindən maliyyələşdirilən və ictimai təşkilatlar tərəfindən yaradılan bu qruplar hesabat və araşdırmalarda kiber ordu adlandırılır.[6] Kiber ordular hökumətlərin ictimai rəyin manipulyasiyası üçün istifadə etdikləri kütləvi informasiya vasitələrinə nəzarətin üçüncü nəsil strategiyası hesab olunur (birinci nəsil nəzarət strategiyası ictimaiyyətə ötürülən məlumatların filtrasiyası və faktiki senzuranı, ikinci nəsil strategiya isə cəmiyyətin informasiyaya çıxışını məhdudlaşdıran və ya qadağa edən qanunvericiliyin formalaşdırılmasıdır).[7] İnternetə nəzarətin üçüncü nəsil strategiyasına dövlət müəssisə və təşkilatlarının sosial şəbəkə hesablarından hakimiyyətin siyasətinin dəstəklənməsi və müxalifətin nüfuzdan salınması, saxta hesablar vasitəsilə hökumətyönlü siyasətin təşviq edilməsi, müxalif düşüncəli insanların fərdi hədəflənməsi, nüfuza xələl gətirən saxta məlumatların paylaşılması, ictimaiyyəti narahat edən mövzuların hakimiyyətin mövqeyindən şərhi və s. daxildir.
Hökumətlərin yaratdığı kiber orduların bir qismi dövlət qulluqçularından ibarətdir, onlar dövlət idarə və müəssisələrinin kiçik şöbələrində çalışır və ictimai rəyə təsir etmək üçün sosial mediada fəaliyyət göstərirlər. Bu idarələr nazirliklər, təhsil və elmlə bağlı qurumlar, dövlət təhlükəsizliyi və hüquq-mühafizə orqanları nəzdindəki şöbələrdən və hətta özəl şirkətlərdən ibarət ola bilər.[8] Azərbaycanda ən böyük kiber ordular dövlət tərəfindən maliyyələşdirilən və əsasən gəncləri birləşdirən müəssisə və könüllü təşkilatlar tərəfindən yaradılır. Bunların ən yaxşı nünunəsi kimi IT Academy, İRƏLİ İctimai Birliyi,[9] YAP Gənclər Birliyi,[10] Strateji Kommunikasiyalar Mərkəzini[11] göstərmək olar.
Oİİ-nin 2017-ci ildə dərc edilən hesabatında göstərilir ki, region dövlətləri içərisində ən böyük kiber ordu (50 min nəfərə yaxın) Azərbaycanda yaradılıb. Bu rəqəmi 2012-2014-cü illərdə İRƏLİ hərəkatının sədri olmuş Rauf Mərdiyev 2011-ci ildə hazırda fəaliyyət göstərməyən News.az International saytına müsahibəsində səsləndirib. Mərdiyev bildirib ki, hərəkatın Azərbaycanın 52 şəhər və bölgəsində mövcud olan mərkəzlərində 50 minə yaxın gənc xüsusi təlimlərə cəlb olunub və bu təlimlərdə məqsəd Azərbaycanın virtual məkanda maraqlarını qorumaqdır.[12] Müqayisə üçün qeyd edək ki, 2011-ci ildən Rusiyada fəaliyyət göstərən kiber ordular cəmi 400 nəfəri, 2012-ci ildən İranda təşkil olunan kiber ordular 20 min nəfəri, 2013-cü ildən Türkiyədə təşkil olunan kiber ordular isə 6 min nəfəri əhadə edib.[13]
Elmi araşdırmalarda internet təbliğatı və ictimai rəyin manipulyasiyasını həyata keçirən beş vasitə təhlil edilir. Bunlara (1) dövlət, (2) siyasi partiyalar və siyasətçilər, (3) qeyri-hökumət təşkilatları, (4) vətəndaşlar və (5) özəl şirkətlər daxildir. ABŞ və Böyük Britaniyada internet təbliğatı və ictimai rəyin manipulyasiyasında bütün vasitələrdən istifadə olunur. Bu, liberal siyasi sistem və siyasi rəqabətin mövcudluğundan irəli gəlir. ABŞ və Böyük Britaniya kimi dövlətlərdə siyasi partiyalar və müstəqil siyasətçilər mövcuddur və onlar ictimai rəyə təsir etmək, seçicinin rəğbətini qazanmaq üçün müxtəlif təbliğat vasitələrindən istifadə edirlər. Böyük kiber ordu saxlamasına baxmayaraq, Azərbaycanda ictimai rəyin manipulyasiyası yalnız dövlətin monopoliyasındadır. Bu səbəbdən də kiber orduların hücum hədəfləri, yazdıqları şərhlərin məzmunlarının Rusiyadakı kimi Prezident Administrasiyası tərəfindən koordinasiya olunduğunu ehtimal edə bilərik. Belə bir ehtimalı doğuran bir neçə səbəb göstərmək olar. Ən tutarlı səbəb Azərbaycanda müstəqil ictimai təşkilat və birliklərin olmaması, bütün ictimai və könüllü təşkilatların dövlətə bağlı olması və dövlət büdcəsindən maliyyələşdirilməsidir. Azərbaycanda bu cür təşkilatlar 2007-ci ildən Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası, 2021-ci ildən isə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən maliyyələşdirilir. Digər bir səbəb kimi əvvəllər Strateji Araşdırmalar Mərkəzi (SAM), hazırda isə Strateji Kommunikasiya Mərkəzi (SKM) adlanan və ictimai rəyin manipulyasiyasında xüsusi çəkisi olan qurumun Prezident Administrasiyası tərəfindən yaradılmasıdır.
Azərbaycanda ictimai rəyin formalaşmasının dövlətin monopoliyasında olmasını mümkün edən səbəblərin sırasında isə siyasi mədəniyyətin formalaşmaması, azad və rəqabətli seçkilərin olmaması, medianın dövlət tərəfindən nəzarətə alınması, informasiyaya çıxışı məhdudlaşdıran və qadağanedici qanunvericilik, sosial şəbəkələrə nəzarət edə biləcək texnologiyanın yalnız dövlətə məxsus olması, özəl şirkətlərin dövlətin nəzarəti altında fəaliyyət göstərməsi və ya yüksək rütbəli dövlət qulluqçularına bağlı olması, rəqabətə davamlı bazarın olmaması və s. göstərmək olar. Oİİ-nin 2017-ci il hesabatında da Azərbaycanda internetə nəzarət və ictimai rəyin manipulyasiyasının yalnız dövlət strukturları və hökumətə bağlı ictimai təşkilatlar tərəfindən həyata keçirildiyi qeyd olunur. Son bir neçə ildə aparılan araşdırmalar bu istiqamətdə dəyişikliklərin baş verdiyini, özlərini müxalif adlandıran siyasi partiyaların, özlərini müstəqil ekspert və mütəxəssis kimi təqdim edən şəxslərin, cəmiyyətdə nüfuz sahibi olan insanların da bu prosesə qoşulduğunu göstərir.[14] Buna REAL partiyasının sədri Natiq Cəfərlinin FB səhifəsindəki paylaşımları[15], yazıçı Kəramət Nəcəfovun (Böyükçöl) Tik-Tok sosial şəbəkəsində çıxışları[16], filosof-yazıçı Müşviq Şükürovun FB səhifəsində paylaşımları[17] misal ola bilər. Cəmiyyətdə tanınan simaların hakimiyyətyönümlü paylaşımlarının və onların cəmiyyətin müəyyən sosial qruplarını hədəfləmələrinin hakimiyyət orqanları ilə razılaşma əsasında edildiyini və ya şəxsi təşəbbüs olduğunu müəyyənləşdirmək, sözsüz ki, çətindir. Lakin müxalifət partiyası liderinin ölkədəki problemlərdən danışarkən onların səbəblərini düzgün hədəfləməməsi, filosofun sosial problemlərin səbəbini insanların taleyi ilə bağlaması, yazıçının isə bu səbəblərdə xalqı günahlandırması ciddi suallar doğurur.
İctimai rəyin manipulyasiyası
İctimai rəy müəyyən zaman çərçivəsində cəmiyyətin konkret məsələ haqqında ümumi rəyi kimi müəyyənləşdirilir. Ümumi rəy dedikdə isə ayrı-ayrı fərdlərin onların həyatına təsir edən və ya edəcək məsələlərə açıq münasibət bildirməsidir. İctimai rəyin formalaşmasına müxtəlif tarixi dövrlərdə fərqli faktorlar təsir göstərib. Bunların içərisində dinin xüsusi çəkisi olub. İctimai rəyə təsir edənlər isə tarixən dini rəhbərlər, tayfa və dövlət başçıları olub. İctimai rəyin dəyişilməsi onun manipulyasiya edilməsidir. İctimai rəyi manipulyasiya etmək onun kiminsə xeyrinə nəzarətdə saxlanılması, dəyişdirilməsi və ya ona təsir göstərilməsidir.
Müasir dövrümüzdə ictimai rəyin formalaşmasına ən güclü təsir göstərən informasiya vasitələridir (qəzetlər, radio, televiziya, internet). Rəqəmsal dünyada ictimai rəyin rolunun artması onun təsir gücü və miqyası ilə izah olunur. İctimai rəy həm ayrı-ayrı fərdlərin, həm də bütöv institutların fəaliyyətinə təsir edir.[18] Düzgün və zəruri məlumatlar əsasında formalaşan ictimai rəy həm insanlara düşünülmüş və məntiqli qərarlar qəbul etməyə, həm də dövlət və ictimai təşkilatların sosial və siyasi qərarlarının əsaslandırılmasına və daha təsirli olmasına imkan yaradır.[19] Rəqəmsal medianın yaranması və inkişafı ilə saxtalaşdırılmış, həqiqətə uyğun olmayan, konspirativ məlumatların sürətlə geniş kütlələr içərisində yayılması mümkün olmuşdur. Bu cür məlumatlar əsasında formalaşan ictimai rəy cəmiyyətlərin faktlar əsasında düzgün qərarlar verməsinə əngəl yaradır.
İctimai rəyin formalaşmasına təsir göstərən saxta məlumatların yayılması ictimai rəyin manipulyasiyası, onun məzmununun müəyyənləşdirilməsi və onun idarə olunmasına xidmət edir. İctimai rəyin manipulyasiyası hakimiyyətin əldə edilməsi və ya möhkəmləndirilməsi məqsədi ilə edilir. Bunun üçün cəmiyyətin ayrı-ayrı qruplarının məqsəd və maraqları, onları narahat edən gündəlik problemlər və onları həll etmək üçün mövcud olan maneələr araşdırılır.[20] İctimai rəyi narahat edən ümumi prinsiplər müəyyən edildikdən sonra ona təsir mexanizmlərini inkişaf etdirmək çətin deyil. Müasir dövrümüzdə bu texnologiyalardan biri kiber orduların fəaliyyətidir.
Rəqəmsal media vasitələrində ictimai rəyi formalaşdırmaq, dəyişmək və ona təsir etməklə məşğul olan kiber ordular müxtəlif üsullardan istifadə edirlər. Sosial media hesablarının (profillər) yaradılması ən geniş yayılmış manipulyasiya üsullarındandır. Azərbaycanda kiber ordular ictimai rəyin manipulyasiyası üçün avtomatlaşdırılmış hesablardan (botlar), insan nəzarəti altında olan hesablardan, oğurlanmış və ya saxta hesablardan geniş istifadə edirlər.[21]
İctimai rəyi dəyişmək və idarə etmək üçün bu hesablardan paylaşılanları bu cür təsnifatlandırmaq olar: 1) hökumətyönlü və hakim partiyanın siyasətini dəstəkləyən mesajlar, şərhlər, postlar; 2) müxalif partiya və təşkilatlara hücum; 3) müxalif fikirli insanların hədəflənməsi, onlara qarşı alçaldıcı, hədələyici, təhqiredici kampaniyaların başladılması; ictimai aktiv insanların bu cür kampaniyalarla siyasi diskussiyalardan uzaqlaşdırılması; 4) cəmiyyətdə fikir ayrılığı yaradan, müxtəlif qruplar arasında nifrət və düşmənçiliyi qızışdıran mesajlar, şərhlər və postların paylaşılması. Oİİ-nin 2020-ci il üçün hesabatından məlum olur ki, Azərbaycanda ilk 3 növ şərhlər və mesajlardan geniş şəkildə istifadə olunur (kiber ordular tərəfindən yazılan şərhlərin 70-90%-i), dördüncü növ şərhlər isə yazılan şərhlərin 48%-ni təşkil edir.[22] Azərbaycan sosial media məkanını araşdıran tədqiqatlar göstərir ki, hakimiyyətin kiber ordularının müxalif düşüncəli insanlara qarşı hücumları, hədəfləmələr, hədələmələr və şəxsiyyəti alçaldan ritorika işə yarayır və bu taktika sosial şəbəkələrdə aktiv olan istifadəçilərin böyük hissəsinin siyasi diskurslardan uzaqlaşdırılması ilə nəticələnir.[23]
Tədqiqatçılar kiber ordularda ciddi iyerarxik strukturun mövcud olduğunu, bütün fəaliyyətin bir mərkəzdən idarə olunduğunu vurğulayırlar. Bu, tipik şirkət idarəçiliyini və ya dövlət bürokratik aparatını xatırladır. Rusiya, Çin kimi avtoritar dövlətlərdə kiber ordulara müzakirə olunacaq məsələlər gündəlik təqdim edilir. Rusiyanın hökumətyönlü media qurumlarına Kremldən xüsusi təlimatlar (metodicka) göndərilir.[24] Bəzən hökumətlər sosial aktiv olan və yaxud cəmiyyətdə nüfuzu olan insanları kiber döyüşçü kimi işə götürür və onlara maaş verirlər. Onlar cəmiyyətə təsir imkanlarına malik olduqları üçün hakimiyyətə lazımdırlar. Bu cür insanlar heç bir dövlət vəzifəsi tutmadıqları üçün cəmiyyət tərəfindən müstəqil səs kimi qəbul edilirlər və cəmiyyətin böyük hissəsi onların sözünə etibar edir.
Kiber ordular şərhlər, mesajlar, bloqlar və postlar vasitəsilə saxta informasiyalar yayır, əhalinin müəyyən qruplarına yönəlik siyasi reklamlar edir, onlayn təqiblə məşğul olur (buna trollamaq da deyirlər) və müxalif fikirli mesajlar, şərhlər paylaşan hesablar və səhifələri şikayət edirlər.[25] Sosial şəbəkələrin sahibləri və idarəedənləri kiber orduların bu hücumlarının qarşısını almaq üçün saxta hesabları müəyyənləşdirir və onları bağlayırlar. Oİİ hesabatında göstərilir ki, internet manipulyasiyasına qarşı mübarizə üçün 2019-cu ilin yanvarından 2020-ci ilin noyabrına qədər Facebook-da 10 mindən çox hesab, 12 mindən çox səhifə bağlanıb. Ən çox manipulyasiya hərəkətləri Twitter-də (hazırkı X platforması) izlənildiyi üçün bu platformada qeyd edilən dövrdə 300 minə yaxın hesab bağlanıb.[26]
Azərbaycanın internet manipulyatorları
2025-ci il üçün Azərbaycanda internet istifadəçilərinin sayı 9,23 milyon təşkil edib ki, bu da ölkə əhalisinin 89%-i deməkdir.[27] Azərbaycanda ən populyar sosial şəbəkə TikTok-dur. Azərbaycanda onun istifadəçilərinin sayı 6,73 milyona çatıb. Facebook populyarlığa görə ikinci sosial şəbəkədir. Azərbaycan hökuməti vaxtilə pulsuz mobil Facebook tətbiqinin qarşısını almağa cəhd göstərsə də, buna nail ola bilməyib və bu tətbiq aktivləşdikdən sonra Azərbaycanda Facebook istifadəçilərinin sayı 2010-cu ilin dekabrında əhalinin 3%-dən 2011-ci ilin dekabrına əhalinin 7%-ə qədər yüksəlib.[28] Azərbaycanda hazırda bu platforma istifadəçilərinin sayı 5,38 milyona çatır.[29] Bu isə respublika əhalisinin 50.7%-ni təşkil edir.
Azərbaycanda kiber orduların necə işlədiyi, hansı xarakterli şərhlər yazdığı və cəmiyyətə hansı mesajlar verdiyini müəyyənləşdirmək üçün Abzas Medianın Facebook səhifəsinin (bundan sonra FB) 2025-ci ilin dekabr ayında Azərbaycanın siyasi həyatı ilə bağlı paylaşımları və bu paylaşımlara yazılan şərhlər təhlil edilib. Abzas Medianın seçilməsi onun müstəqil media qurumu olması və Azərbaycan hakimiyyətini tənqid edən yazılar paylaşması ilə bağlıdır.
Təhlil göstərir ki, dekabrın ilk 10 günündə Abzas Medianın FB səhifəsində edilən ümumilikdə 49 paylaşımın 30-u Azərbaycandakı siyasi proseslərlə bağlıdır.[30] Bu 49 paylaşıma ən çox yazılan şərhləri (500-dən yuxarı şərh yazılan paylaşımlar təhlil edilib) iki qrupa bölmək olar: 1) müxalif düşüncəli insanların və müxalifət nümayəndələrinin fəaliyyəti ilə bağlı xəbərlərə yazılan şərhlər; 2) LGBT və Kuir qrupların fəaliyyəti ilə bağlı xəbərlərə yazılan şərhlər. Bu yazıda birinci qrupa aid olan paylaşımlarla bağlı yazılan şərhlərin məzmunu təhlil ediləcək. Əvvəlcədən qeyd edək ki, müxalif düşüncəli insanların cəmiyyətdə nüfuzu nə qədər çoxdursa, yazılan şərhlərin sayı da bir o qədər çoxdur. Məsələn, Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimlinin, siyasi fəal Bəhruz Səmədovun, Toplum TV-nin təsisçisi hüquqşünas Ələsgər Məmmədlinin və Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin sədri Anar Məmmədlinin hər birinin həbsi ilə bağlı paylaşımlara 1000 ətrafında şərh yazılıb.[31]
2025-ci il dekabrın 1-10 arası AbzasMedianın FB səhifəsində xəbərlərə yazılan şərhlərin sayı.
| Daxili siyasət[32] | Sosial məsələlər |
| Əli Kərimlinin məhkəməsi-3582 | Təhsil-2 |
| Hafiz Babalının səhhəti-1416 | Dövlət büdcəsi-92 |
| Ələsgər Məmmədlinin məhkəməsi -1100 | Mədəni irsin qorunması (Bayırşəhər)-154 |
| Məmməd İbrahimin məhkəməsi -1100 | Ordu-2 |
| Bəhruz Səmədovun işi -1000 | |
| Meydan TV işi-1000 | |
| Anar Məmmədli -990 | |
| Toplum TV işi-938 | |
| Ülviyyə Əlinin yazısı-732 | |
| Jurnalistlərin məhkəməsi -714 | |
| Əhməd Məmmədlinin həbsi-612 Gültəkin Hacibəylinin deportasiyası -225 | |
| Cəmi 13,409 | Cəmi 250 |
Əli Kərimlinin həbsi ilə bağlı xəbərə yazılan şərhləri 3 qrupa bölmək olar. Birinci qrupa daxil olan şərhlərdə Kərimlinin “vətən xaini” olması, “erməniləşməsi”, cəmiyyətdə heç bir “nüfuza sahib olmaması” kimi fikirlər qeyd olunub; 2-ci qrupa daxil olan mesajlarda Azərbaycanın demokratik, hüquqi dövlət olduğu, ölkədə qanunun aliliyinin qorunduğu, Kərimlinin həbsinin qərəzli olmadığı, qanunsuz əməllərinə görə həbs edildiyi mesajı verilir; 3-cü qrup şərhlərdə isə xalqın hakimiyyəti dəstəklədiyi, Kərimlinin isə xalqın dəstəklədiyi hakimiyyəti yıxmağa cəhd göstərdiyi mesajı verilir.
Şərhləri yazanlar kimlərdir? Yazılan şərhlərin təhlili göstərir ki, müxalif səslərə qarşı hücumlar özlərini 3 FB səhifəsi ilə bağlayan üzvlər tərəfindən təşkil olunub. Bunlar Gözəllik, Kosmetika və Fərdi Qulluq (Beaty, cosmetic & personal care), Sosial Media Agentliyi (Social Media Agency), Tibbi və Sağlamlıq (Medical & Health) səhifələridir. Şərh yazanların FB hesablarında qiymətləndirmə və tövsiyələrin görünmədiyi (not yet rated) qeyd olunur. Bu isə o deməkdir ki, bu insanlar aktiv istifadəçi deyillər, öz səhifələrindən paylaşımlar etmirlər, şərhlər yazmır və ictimailəşdirmirlər, onlar başqa xəbərlər altında şərhlər yazırlar.
Özlərini bu səhifələrin üzvləri kimi təqdim edən və müxalif səsləri hədəfləyən hesabların sahiblərinin adətən 0-10 arası dostları olur. Onlar eyni zamanda bir-birlərinin dostluqlarında ola bilirlər. Şərhlərin təhlili onların sahiblərinin təxmini yarısının kişi, yarısının qadın olduğunu göstərir. Məsələn, Əli Kərimlinin həbsi ilə bağlı dekabrın 1-də yayılan xəbərə yazılan ilk 450 şərhin 224-ü qadınların, 226-ı isə kişilərin adından yazılıb. Bu şərhlərin yalnız dördündə Əli Kərimliyə dəstək ifadə olunub.
Dekabrın 2-də Abzas Medianın dövlətə xəyanətdə ittiham olunaraq həbs edilən Bəhruz Səmədovla bağlı paylaşdığı xəbərə 1000 şərh yazılıb. Yazılan şərhləri məzmununa görə 3 qrupa bölmək olar: birinci qrupa daxil olan şərhlərdə Səmədovun vətən xaini olması, ləyaqətsiz və xəyanətkar olması qeyd olunub (şəxsiyyəti alçaldan ifadələr); 2-ci qrupa daxil olan şərhlərdə Azərbaycanda qanunun aliliyinin qorunduğu, Azərbaycanın demokratik ölkə olduğu, heç kimin qərəzli həbs olunmadığı, həbs olunanların isə cinayətkar olduqları bildirilir (hakimiyyətin dəstəklənməsi); 3-cü qrup şərhlərdə Azərbaycanda Penitensiar xidmətin yüksək səviyyədə təşkil olunduğu, bu sahədə mütəmadi olaraq islahatların aparıldığı iddia olunur. Bəhruz Səmədovla bağlı yazılan hər qrup üzrə şərhlərin kimlər tərəfindən yazıldığını müəyyənləşdirməyə çalışdıqda onların əsasən dörd FB səhifəsində təmsil olduğunu görmək olar. Yazılan ilk 100 şərhin 19-u Beaty, costemic & personal care (B, C&PC), 5-i Social Media Agency, (SMA), 17-i Medical and Health (M&H) və 6-ı isə Design and Fasion (D&F) daxildir. Bu da yazılan ilk 100 şərhin 47%-ni təşkil edir.
2 dekabr 2025-ci ildə Bəhruz Səmədovla bağlı AbzasMedia FB paylaşımına yazılan şərhlərin məzmunu.[33]
| Şəxsi hədəflənmə/Ləyaqətin alçaldılması | Azərbaycan demokratik dövlətdir | Daxili İşlər Nazirliyi qanunun keşiyində durur | Cəmi | |
| B, C&PC | 51 | 31 | 14 | 96 |
| M&H | 30 | 24 | 11 | 65 |
| SMA | 12 | 15 | 4 | 31 |
| D&F | 17 | 9 | 3 | 29 |
| Cəmi | 110 | 79 | 32 | 221 |
Yazılan şərhlərin keyfiyyəti onun müəlliflərinin hər hansı təlim keçdiyinə dəlalət etmir. Bu şərhlərdə hakimiyyətin siyasətinin xalqın maraqları ilə üst-üstə düşdüyü əsaslandırılmır, onun demokratik olduğu iddia edilir, dövlətin Səmədovla bağlı yaydığı rəsmi ittihamlar təkrarlanır. Səmədovla bağlı xəbərə yazılan aşağıdakı şərhlər bu fikri əsaslandırmaq üçün bir nümunə ola bilər (üslub olduğu kimi):
Azərbaycanda məhbusların penitensiar xidmətdən istifadə etməsində heç bir çətinlik yoxdur. Hər il penitensiar xidmətdə islahatlar aparılır.
Ölkəmizdə penitensiar xidmət haqqında islahatlar keçirilir. Bunlara tibbi xidmətin təşkili, hüquqlarının qorunması və s aiddir.
Məhbusların huquqlarının qorunması ucun həbsxana rəhbərliyi lazımi butun tədbirləri görüb.
Nəticə
Keçən əsrin sonlarından sürətlə inkişaf etməyə başlayan informasiya texnologiyaları alimlərdə bu vasitələrin demokratik dəyərlərin təşviqinə və dünya miqyasında demokratik prinsiplərin yayılmasına dəstək olacağı kimi ehtimallar doğurmuşdu. 21-ci əsrin son 15 ilində həm real, həm də virtual dünyada baş verənlər mütəxəssislərin ehtimallarının doğru olmadığını göstərdi. Yüksək texnologiyalardan cəmiyyətlər deyil, avtoritar rejimlər yararlanmağa başladı. Əllərində küllü miqdarda maliyyə vəsaiti, qanunvericiliyi istədikləri kimi dəyişmək imkanı olan avtoritar hakimiyyətlər texnologiyaların imkanlarından müxalif səsləri susdurmaq, təqiblər və hədələrlə onları siyasi səhnədən uzaqlaşdırmaq üçün istifadə edirlər. Elmi ədəbiyyata avtoritar şəbəkəçilik kimi daxil olan bu fenomen avtoritar dövlət başçılarına nəinki ölkələri daxilində ictimai rəyi idarə etməyə, seçkiləri total saxtalaşdırmağa imkan verir, eyni zamanda digər avtoritar rejimləri dəstəkləməyə, liberal demokratiyada siyasi xaos və çaşqınlıq yaratmağa yardım edir.
Düzdür, dünya praktikasında 2011-ci il Ərəb baharı və 2024-cü il Banqladeş, 2025-ci il Nepal üsyanları – Z nəslinin rəqəmsal qiyamı kimi qiymətləndirilən nümunələr mövcuddur. Təəssüf ki, rəqəmsal imkanlar Azərbaycanda tərs reaksiyaya səbəb olub. Azərbaycanda sosial media istifadəçilərinin sayı ilə onların siyasi aktivliyi arasında tərs mütənasiblik mövcuddur. Azərbaycan hökumətinin kibertəhlükəsizlik adı ilə formalaşdırdığı qurum və təşkilatlar, ictimai təşkilat və hərəkatların nəzdində fəaliyyət göstərən kiber ordular cəmiyyətin deyil, hakimiyyətin təhlükəsizliyini qoruyur və bu məqsədlə ictimai rəyi nəzarətdə saxlamağı bacarır. Bu sahədə hakimiyyətin uğur qazanmasının səbəbləri sırasında isə hökumətin texnoloji imkanlarını, işsiz qoyduğu gənclərin təklif edilən trolluq fəaliyyətini qəbul etmək məcburiyyətində qalmasını göstərmək olar.
[1] Abzas.org, “Akif Qurbanov Ülviyyə Əliyə müsahibə verib”. 30 dekabr 2025 https://abzas.org/az/2025/12/akif-qurbanov-ulviyy-liy-mub0af5cb8-a/
[2] Cheng, J., Danescu-Niculescu-Mizil, C., Leskovec, J., & Bernstein, M. (2017). “Anyone can become a
troll.” American Scientist, 105, 152. doi:10.1511/2017.105.3.152
[3]Александра Гармажапова, “Где живут тролли. И кто их кормит,” Новая газета, 2013. https://novayagazeta.ru/articles/2013/09/07/56253-gde-zhivut-trolli-i-kto-ih-kormit
[4]Анастасия Ларина, “Евгений Пригожин признал создание ‘фабрики троллей,’” Коммерсант, 2023. https://www.kommersant.ru/doc/5826246
[5] “Computational Propaganda Research Project.” Working Paper no.2017.12, OII, 21.
[6] Computational Propaganda Research Project. Working Paper no.2017.12, OII, 3.
[7]Deibert, R., & Rohozinski, R. “Liberation vs. control: The future of cyberspace”, Journal of Democracy 21, 2010, 43–57. doi: 10.1353/jod.2010.0010., pp. 25, 27.
[8] Benedictus, L. “Invasion of the troll armies: from Russian Trump supporters to Turkish state stooges”, The Guardian. 2010, November 6. https://www.theguardian.com/media/2016/nov/06/troll‐armies‐social‐media‐trumprussian.
[9]Arzu, Geybulla. “In the crosshairs of Azerbaijan’s patriotic trolls”, Open Democracy. 2016, November 21, https://www.opendemocracy.net/od‐russia/arzugeybulla/azerbaijan‐patriotic‐trolls
[10] YAP Gənclər Birliyi. https://www.facebook.com/NAPYouthUnion
[11] Strateji Kommunikasiyalar Mərkəzi. https://www.facebook.com/StratejiKommunikasiyalarMerkezi/
[12] Qeybulla, Open Democracy.
[13] Computational Propaganda Research Project, 21.
[14] Samantha Bradshaw, Hannah Bailey, Philip H. Howard. Industrialized Disinformation. 2020 Global Inventory of Organised Social Media Manipulation. Oxford Internet Institute, 2020, 10.
[15] Natig jafarli. https://www.facebook.com/natig.jafarli.
[16] Kəramət Böyükçöl. Tik-Tok
https://www.tiktok.com/discover/k%C9%99ram%C9%99t-b%C3%B6y%C3%BCk%C3%A7%C3%B6l
[17] Mushfiq Shukurov (Ötgün). https://www.facebook.com/mushfiq.shukurov.9
[18] Garritzmann, J. L., Neimanns, E., & Busemeyer, M. R. “Public opinion towards welfare state reform: The role of political trust and government satisfaction”, European Journal of Political Research, 62(1), 2023, 197–220. https://doi.org/10.1111/1475-6765.12501.
[19] Jardine, E., Porter, N., & Shandler, R. “Cyberattacks and public opinion – The effect of uncertainty in guiding preferences”, Journal of Peace Research, 61(1), 103–118. https://doi.org/10.1177/00223433231218178.
[20] Edweird L. Bernays. “Manipulating Public Opinion: The Why and The How”, .American Journal o fSociology, Volume 33, Issue 6 (May, 1928), 958.
[21] Samantha Bradshaw, 12.
[22] Samantha Bradshaw, 13.
[23] Pearce, K. E., & Kendzior, S. (2012). Networked Authoritarianism and social media in Azerbaijan. Journal of Communication 62 (2012) , 293.
[24] Мы внимательно изучили кремлевские методички для СМИ, написанные за последние полгода. Медуза, 10 октября 2022 года. https://meduza.io/feature/2022/10/10/my-vnimatelno-izuchili-kremlevskie-metodichki-dlya-smi-napisannye-za-poslednie-polgoda-i-rasskazyvaem-kak-ustroena-realnost-rossiyskoy-propagandy, Əldə edilib 30 dekabr 2025.
[25] Samantha Bradshaw, 16, 19.
[26] Samantha Bradshaw, 2.
[27] Digital 2025: Azerbaijan. https://datareportal.com/reports/digital-2025-azerbaijan, Əldə edilib 30 dekabr, 2025.
[28] Pearce, 295.
[29] Facebook users in Azerbaijan. Novemer 2025. https://stats.napoleoncat.com/facebook-users-in-azerbaijan/2025/11/, Əldə edilib 30 dekabr 2025.
[30]Abzas Media. Dekabr 1-10, 2025, https://www.facebook.com/AbzasMedia
[31] Burada qeyd olunan rəqəmlər 3 yanvar 2026-cı ilə aiddir.
[32] Bu qrafikdə yalnız 100-dən çox şərhin olduğu paylaşımlar qeydə alınıb.
[33] İlk 700 şərh təhlil edilib. AbzasMedia, 2 dekabr 2025, https://www.facebook.com/AbzasMedia/posts/pfbid0LL5fEh5vVsYzCJr3vYVhTkQ4pagQvPUsfLoWP6MPra9UNwfWXxsb1wTG9tAnqMePl

