Bir qədər əvvəl, yəni iyun ayında Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin icrası haqqında qanun layihəsi Milli Məclisdə müzakirə olunaraq qəbul edilmiş, iyulun əvvəllərində isə dövlət başçısı tərəfindən imzalanmışdır. 2024-cü il dövlət büdcəsinin icrası haqqında Qanuna əsasən, 2024-cü ildə dövlət büdcəsinin gəlirləri 37 milyard 161,8 milyon manat olmuşdur. 2023-cü illə müqayisədə 2024-cü ildə büdcə gəlirlərində 1 milyard 925,4 milyon manatlıq və ya 5,5 faizlik artım baş vermişdir. 2024-cü il dövlət büdcəsinin icrası ilə bağlı hökumətin parlamentə təqdim etdiyi hesabatda[1] büdcə gəlirlərində baş verən artım məhz qeyri neft-qaz sektorundan daxilolmalar hesabına mümkün olmuşdur: belə ki, 2023-cü illə müqayisədə 2024-cü ildə qeyri neft-qaz sektorundan büdcəyə daxilolmalar 12,4 faiz artmış, neft-qaz sektorundan daxilolmalar isə 1,0 faiz azalmışdır.
Qanun layihəsinin parlament müzakirələri zamanı 2024-cü ildə qeyri neft-qaz sektorundan dövlət büdcəsinə daxilolmaların 2023-cü illə müqayisədə bu qədər artması hökumətin iqtisadi siyasətinin uğuru kimi qiymətləndirilmiş, artımın “qeyri-neft sektorunun inkişafına yönəldilmiş stimullaşdırıcı tədbirlərin iqtisadi diversifikasiyanı sürətləndirməsi, investisiya mühitini yaxşılaşdırması və struktur transformasiyasını dəstəkləməsi nəticəsində baş verdiyi” qeyd olunmuşdur. Bu məqalədə 2023-cü illə müqayisədə 2024-cü il dövlət büdcəsinin qeyri neft-qaz sektorundan daxilolmalarında baş verən artımın nə qədər dayanıqlı mənbələrə əsaslanması araşdırılır.
2024-cü il dövlət büdcəsinin neft-qaz gəlirləri
2024-cü il dövlət büdcəsinin icrası ilə bağlı hökumətin illik hesabatına əsasən, 2024-cü ildə Azərbaycan Respublikasının dövlət büdcəsinin gəlirlərində neft-qaz sektorundan daxilolmaların payı 48,35 faiz, qeyri neft-qaz sektorunun payı isə 51,65 faiz olmuşdur. 2023-cü illə müqayisədə büdcə daxilolmalarında neft-qaz sektorunun payı 3,15 faiz bəndi azalmış, qeyri neft-qaz sektorunun payı isə eyni qədər artmışdır.
Hökumətin hesabatına əsasən, 2024-cü ildə dövlət büdcəsi gəlirlərində neft-qaz sektoru üzrə birbaşa daxilolmalar 17 milyard 969,4 milyon manat olmuşdur ki, bu da 2023-cü illə müqayisədə 187,0 milyon manat və ya 1,0 faiz azdır. Neft-qaz sektorundan daxilolmaların azalması xam neft və təbii qazın dünya bazar qiymətlərinin əvvəlki illə müqayisədə aşağı olması ilə bağlıdır.
2024-cü il dövlət büdcəsinin neft-qaz sektorundan daxilolmaların 3 milyard 6 milyon manatı və ya 16,7 faizi hasilatın pay bölgüsü sazişləri üzrə podratçı şirkətlərin mənfəət vergisi ödənişlərindən ibarət olmuşdur. Bu vəsaitin 2 milyard 341,0 milyon manatı Şahdəniz layihəsindən, 665,0 milyon manatı isə Azəri-Çıraq-Günəşli layihəsindən daxil olmuşdur. Yeri gəlmişkən qeyd etmək lazımdır ki, 2022-ci ildə xam neft və təbii qazın dünya bazar qiymətlərinin yüksək olması sayəsində bu layihələr üzrə Azərbaycanın dövlət büdcəsinə mənfəət vergisi şəklində 5,4 milyard manat vəsait daxil olmuşdu ki, bu da həmin il dövlət büdcəsinə ARDNF-dən edilən transferin məbləğini azaltmağa imkan vermişdi. Sonrakı iki ildə qiymətlərin bir qədər azalması bu layihələr üzrə ödənilən mənfəət vergisinin məbləğinin azalması ilə nəticələndi: layihələr üzrə mənfəət vergisinin məbləği 2023-cü ildə 4,58 milyard manat, 2024-cü ildə isə 3,0 milyard manat oldu. Yəni 2024-cü ildə bu layihələr üzrə dövlət büdcəsinə daxilolmaların məbləği 2023-cü illə müqayisədə 1,58 milyard manat az olmuşdur. Bu azalmanın mənfi təsirlərini aradan qaldırmaq üçün ARDNF-dən dövlət büdcəsinə transferlərin məbləği artırılmışdır.
2024-cü il dövlət büdcəsinin neft-qaz sektorundan daxilolmaların əksər hissəsi – 71,1 faizi və ya 12 milyard 781,0 milyon manatı – Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) transferlərinin payına düşür. 2024-cü ildə ARDNF-in transferlərinin dövlət büdcəsinin ümumi gəlirlərindəki payı 34,4 faiz təşkil edib. ARDNF-dən dövlət büdcəsinə 2024-cü ildə həyata keçirilən transferlərin məbləği 2023-cü ildəkindən 1 milyard 43,4 milyon manat, 2022-ci ildəkindən isə 4 milyard 858,0 milyon manat çox olub.
2024-cü il dövlət büdcəsinin neft-qaz sektorundan daxilolmalarının qalan 2 milyard 182,4 milyon manatı (və ya 12,14 faizi) isə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) ödənişləridir. Hökumətin hesabatına əsasən, bu vəsaitin 1 milyard 774,5 milyon manatı SOCAR-ın bütün növ vergi ödənişləri, o cümlədən 317,0 milyon manatı mənfəət vergisi üzrə ödənişlərdir. Yeri gəlmişkən qeyd edək ki, 2022-ci illə müqayisədə 2024-cü ildə xam neft və təbii qazın dünya bazar qiymətlərində olan azalması SOCAR-ın dövlət büdcəsinə ödədiyi mənfəət vergisi məbləğinin də azalmasına gətirib çıxarmışdır: şirkət 2022-ci ildə 516,0 milyon manat, 2023-cü ildə isə 370,0 milyon manat mənfəət vergisi ödəmişdi. Ümumiyyətlə, 2024-cü ildə SOCAR-ın dövlət büdcəsinə vergi ödəmələrinin məbləği 2023-cü illə müqayisədə 63,3 milyon manat azalmışdır.
SOCAR-dan dövlət büdcəsinə daxil olan vəsaitin qalan hissəsi dividend ödənişidir: 2024-cü ildə şirkət dövlətə ilk dəfə 407,9 milyon manat məbləğində dividend ödənişi həyata keçirmişdir. Bu bütövlükdə SOCAR-dan dövlət büdcəsinə daxilolmaların ümumi məbləğinin 2023-cü illə müqayisədə 344,6 milyon manat çox olmasına gətirib çıxarmışdır.
2024-cü il dövlət büdcəsinin qeyri neft-qaz gəlirləri
2024-cü il dövlət büdcəsinin icrası ilə bağlı hökumətin illik hesabatına əsasən, ötən il cəmi büdcə gəlirlərinin 51,6 faizi və ya 19 milyard 192,4 milyon manatı qeyri neft-qaz sektorundan daxil olmuşdur. Hökumət qeyri neft-qaz sektorundan daxilolmaların 2023-cü illə müqayisədə 2 milyard 112,4 milyon manat və ya 12,4 faiz artdığını bildirir.
2024-cü ildə qeyri neft-qaz sektoru üzrə ümumi daxilolmaların 11 milyard 27,5 milyon manatı (57,5 faizi) vergi orqanları tərəfindən, 6 milyard 648,7 milyon manatı (34,6 faizi) gömrük orqanları tərəfindən, qalan 1 milyard 516,3 milyon manatı (7,9 faizi) isə digər mənbələr üzrə cəlb edilmişdir.
Hökumətin hesabatına əsasən, 2023-cü illə müqayisədə 2024-cü ildə qeyri neft-qaz sektorundan büdcə daxilolmalarında baş verən 2 milyard 112,4 milyon manatlıq artımın 1319,4 milyon manatı (62,5 faizi) vergi orqanlarının, 310,9 milyon manatı (14,7 faizi) gömrük orqanlarının, qalan 482,0 milyon manatı (22,8 faizi) isə digər mənbələrin payına düşür.
Hökumətin hesabatında qeyd olunur ki, vergi orqanlarının xətti ilə qeyri neft-qaz sektorundan dövlət büdcəsinə daxilolmaların məbləği 2023-cü illə müqayisədə 1 milyard 319,6 milyon manat və ya 13,6 faiz çox olmuşdur. Bu artımda əsas pay sahibi olan vergilər bunlardır:
- artımın 592,7 milyon manatı qeyri-neft sektorunda ölkədaxili əməliyyatlar üzrə əlavə dəyər vergisinin (ƏDV) payına düşür. Hökumət bu artımı 2023-cü illə müqayisədə 2024-cü ildə ƏDV tutulmalı dövriyyənin pərakəndə ticarət üzrə 1223,6 milyon manat (5,9 faiz), nəqliyyat sektoru üzrə 1108,0 milyon manat (13,7 faiz), bank və sığorta sektoru üzrə 1062,6 milyon manat (15,6 faiz), topdansatış ticarət üzrə 858,8 milyon manat (4,0 faiz) və tikinti sektoru üzrə 836,5 milyon manat (4,4 faiz) böyüməsi ilə izah etmişdir;
- artımın 390,5 milyon manatı qeyri-neft sektorundan mənfəət vergisi üzrə daxilolmaların payına düşür. Hökumətin hesabatında qeyd olunur ki, mənfəət vergisi üzrə daxilolmalar 2023-cü illə müqayisədə 2024-cü ildə tikinti sektoru üzrə 187,8 milyon manat (1,8 dəfə), pərakəndə ticarət üzrə 27,6 milyon manat (1,5 dəfə), informasiya və rabitə sektoru üzrə 14,0 milyon manat (16,3 faiz), sənaye sektoru üzrə 11,1 milyon manat (7,5 faiz) artmışdır;
- artımın 179,6 milyon manatı fiziki şəxslərdən gəlir vergisi üzrə daxilolmaların hesabınadır. Ümumiyyətlə, 2023-cü illə müqayisədə 2024-cü ildə fiziki şəxslərdən gəlir vergisi üzrə büdcə daxilolmalarının məbləği 10,8 faiz artmışdır. Bu artımın səbəbini hökumət əvvəlki illə müqayisədə ölkədə orta aylıq nominal əməkhaqqının 8,1 faiz, habelə əməkhaqqı fondunun 10,8 faiz artması ilə izah edir;
- artımın 118,8 milyon manatı qeyri neft-qaz sektoru üzrə ölkədaxili əməliyyatlar üzrə aksizlərdən büdcəyə daxil olan vəsaitdir. 2023-cü illə müqayisədə belə daxilolmalar 21,3 faiz çox olmuşdur. Bu artım əsasən tütün məmulatları üzrə daxilolmaların artması ilə əlaqədardır: tütün məmulatlarının istehsalı 2023-cü illə müqayisədə 4,1 faiz artmışdır;
- artımın 25,9 milyon manatı sadələşdirilmiş vergi üzrə daxilolmalardır. Hökumət bu artımı “2023-cü illə müqayisədə iqtisadiyyatın sektorları üzrə sadələşdirilmiş vergi üzrə dövriyyənin artması” ilə izah edir və s.
Hökumətin məlumatına əsasən, gömrük orqanlarının xətti ilə qeyri neft-qaz sektorundan büdcəyə daxilolmalar 2023-cü illə müqayisədə 310,9 milyon manat və ya 4,9 faiz çox olmuşdur. Bu artım 2023-cü illə müqayisədə idxalın həcminin (qızıl idxalı nəzərə alınmadan) 463,2 milyon ABŞ dolları və ya 2,7 faiz çox olması ilə izah olunur. Ümumi artımın 165,5 milyon manatı gömrük orqanlarının xətti ilə ƏDV üzrə daxilolmaların, 163,6 milyon manatı gömrük rüsumları üzrə daxilolmaların, 1,6 milyon manatı isə ölkə ərazisinə idxal olunan yanacağa görə və xarici dövlətlərdə qeydiyyatda olan avtonəqliyyat vasitələri sahibləri tərəfindən ödənilən yol vergisinin payına düşür. Malların idxalına görə gömrük orqanlarının xətti ilə toplanan aksizlər üzrə daxilolmalarda 2023-cü illə müqayisədə 19,9 milyon manatlıq azalma baş vermişdir.
2023-cü illə müqayisədə 2024-cü ildə qeyri neft-qaz sektorundan büdcə daxilolmalarındakı artımın 482,0 milyon manatı digər mənbələr hesabına baş vermişdir. Bu artımın 250,0 milyon manatı Azərbaycan Respublikası Mərkəzi Bankının reallaşdırılmış mənfəətinin sərbəst qalığı kimi dövlət büdcəsinə daxil edilən vəsaitdir. Bundan əlavə, dövlət büdcəsinə 2024-cü ildə 2023-cü illə müqayisədə büdcə təşkilatlarının ödənişli xidmətləri üzrə 67,1 milyon manat, dövlət rüsumu üzrə 24,0 milyon manat, dövlət mülkiyyətində olan torpaqların icarəyə verilməsindən 3,9 milyon manat, dövlət əmlakının, özəlləşdirilən dövlət müəssisələrinin və obyektlərin altındakı torpaqların icarəyə verilməsindən 6,3 milyon manat çox vəsait daxil olmuşdur.
Nəticə
Yuxarıdakı təhlildən aydın görünür ki, 2023-cü illə müqayisədə 2024-cü ildə dövlət büdcəsinin qeyri neft-qaz sektorundan daxilolmalarındakı 12,4 faizlik artımın əsas mənbələri ölkəmiz üçün ənənəvi olan sahələrdir:
- Bir tərəfdən, bu artımlarda məhz dövlət büdcəsindən maliyyələşdirilən investisiyalar hesabına dövriyyəsi artan tikinti, nəqliyyat və sair kimi sahələr üstün rola malikdirlər. Bu baxımdan son illə işğaldan azad edilmiş ərazilərin bərpası və yenidən qurulması sahəsində həyata keçirilən işlərin rolu xüsusi vurğulanmalıdır. Dövlət büdcəsindən maliyyələşdirilən əsaslı vəsait qoyuluşları isə məhz neft-qaz sektorundan büdcəyə daxilolmalar hesabına reallaşdırılır. Belə ki, qeyri neft-qaz sektorundan daxilolmaların məbləği dövlət büdcəsinin cari xərclərini tam maliyyələşdirmək imkanında deyildir. Müqayisə üçün deyək ki, 2024-cü ildə dövlət büdcəsinin qeyri-neft sektorundan daxilolmaları 19,2 milyard manat olduğu halda, büdcənin cari xərcləri 21,3 milyard manat olmuşdur;
- İkinci bir tərəfdən, bu artımlarda son illər ölkədə baş vermiş yüksək inflyasiya nəticəsində təsərrüfat dövriyyələrinin inflyasion artımı böyük rol oynayır ( xatırladırıq ki, Azərbaycanda orta illik inflyasiya səviyyəsi 2021-ci ildə 6,7%, 2022-ci ildə 13,9%, 2023-cü ildə isə 8,8% olmuşdur). Xüsusilə topdansatış və pərakəndə ticarət, ictimai iaşə, sosial və digər xidmətlər, bank və sığorta sektoru, tikinti və s. kimi sahələrdə dövriyyənin artmasında, habelə əmək haqqı səviyyəsinin artırılmasında inflyasiyanın təsirləri böyükdür;
- Digər tərəfdən, qeyri-neft sektorundan daxilolmaların artımında idxalın genişlənməsinin rolu yüksək olaraq qalmaqda davam edir;
- Nəhayət, bu artımlarda vergi inzibatçılığının və vergi intizamının gücləndirilməsi istiqamətində həyata keçirilən tədbirlərin təsiri özünü göstərir.
Beləliklə, dövlət büdcəsinin neft-qaz sektorunun daxilolmalarından həm birbaşa, həm də dolayısı asılılıq səviyyəsi yüksək olaraq qalmaqda davam edir. Ölkənin büdcə gəlirlərinin miqdarında son illər böyük artımlar baş verməsinə baxmayaraq, daxilolmaların strukturunda keyfiyyət dəyişiklikləri arzuolunan səviyyədən çox uzaqdır.
Qeyd
[1] Yeri gəlmişkən, 2024-cü il dövlət büdcəsinin icrası barədə hökumətin illik hesabatı hələ də Maliyyə Nazirliyinin saytında yerləşdirilməmişdir.

