Şəxsi mənşəli hesab edilən memuarlar, xatirələr keçmiş haqqında adətən etibarsız və subyektiv mənbələr sayılır. Bu mənbələrdə müəllif təsvir edilən hadisələrin mərkəzində durur, hadisələr isə onun şəxsi nöqteyi-nəzərindən qiymətləndirilir. Lakin bu mənbələrin müsbət cəhəti də var; onlar müəllif haqqında, onun dünyagörüşü, sosial mövqeyinin səbəbləri, siyasi motivləri haqqında məlumat verə bilir. Bu yazı müasir Azərbaycanın liderlərindən biri olmuş, bəzilərinin uzaqgörən siyasətçi, bəzilərinin isə xalqın ruhunu, dilini anlamayan, siyasətdə naşı hesab etdiyi Əbdülrəhman Vəzirovun memuarlarında, müsahibələrində 1988-1990-cı illərin siyasi proseslərini necə şərh etdiyinə həsr olunub. 2009-cu ildə Vəzirovun Mənim diplomatik xidmətim[1], 2018-ci ildə isə Parterin ilk cərgəsində adlı kitabları dərc olunub.[2] Bundan başqa, Vəzirov bir neçə dəfə respublikaya rəhbərlik etdiyi dövrlə bağlı müsahibələr verib.[3] Bu yazı qeyd olunan materiallar əsasında hazırlanıb. Vəzirovun memuarları sovet siyasətçisinin müasiri və iştirakçısı olduğu prosesləri necə təhlil etməsini, siyasi ambisiyalarının necə və hansı şəraitdə formalaşmasını, siyasi təhdidlərə necə cavab verməsini anlamaq baxımından maraqlıdır. Avtobioqrafik yazıları Vəzirovu oxucuya Kommunist Partiyasının sadiq əsgəri, sosialist ideologiyasının təbliğatçısı, vətənpərvər sovet vətəndaşı kimi təqdim edir.
Qısa tarixi arayış
Əbdülrəhman Vəzirov 1930-cu ildə Bakıda anadan olub, əslən qarabağlıdır, özünün yazdığı kimi qarabağlı İbrahimxəlil xanın vəziri Mirzə Camal Cavanşirin nəslindəndir.[4] Onun siyasi karyerası Azərbaycan Sənaye İnstitutunu bitirdikdən 2 il sonra başlayıb. 1954-cü ildə Vəzirov Azərbaycan Lenin Kommunist Gənclər İttifaqının (ALKGİ) katibi vəzifəsinə, iki il sonra isə həmin təşkilatın birinci katibi vəzifəsinə təyin olunub. Vəzirov 1959-1970-ci illərdə Moskvada Ümumittifaq Lenin Kommunist Gənclər İttifaqının katibi vəzifəsində çalışmış, qısa müddətə respublikada işləmiş (1970-1976-cı illər) və 1988-ci ilə qədər Azərbaycandan kənarda diplomatik sahədə fəaliyyət göstərmişdi. Vəzirov keçmiş Sovet İttifaqında ilk azərbaycanlı diplomat olub.
Vəzirov ilk dəfə respublikada yüksək vəzifəyə təklifi 1985-ci ildə alır. Lakin həmin vaxt Vəzirov bu vəzifədə işləyə bilməyəcəyinə SSRİ rəhbərliyini (Mixail Qorbaçov) inandıra bilir. Vəzirov müsahibələrinin birində bunu belə izah edir: Mən Azərbaycanda ayrı-ayrı klanların (Vəzirov klan dedikdə Azərbaycan bölgələrinin hakimiyyətdə təmsil olunan nümayəndələrini nəzərdə tutur) güclü mövqeyə malik olduğunu bilirdim, onlarla mübarizə apara bilməyəcəyimi də anlayırdım. Çünki 1970-ci illərdə məhz bu səbəbdən Bakını tərk edib Kəlküttəyə getməyə razı olmuşdum.[5] Qorbaçov ikinci dəfə eyni təkliflə Vəzirova üç il sonra 1988-ci ildə müraciət edir və “partiyanın sizin yardımınıza ehtiyacı var” deyir. Vəzirov bu sözdən sonra geriyə çəkilməyin düzgün olmayacağını düşünür və 1988-ci ilin mayında AzKP MK-nın birinci katibi vəzifəsinə təyin olunur.[6] Artıq bu zaman Dağlıq Qarabağdakı separatçı çıxışlar fonunda ölkədə hakimiyyətdən narazılıq artmağa başlamışdı.
Vəzirov bu vəzifəyə təyin olunmasının iki səbəbini qeyd edir. Birinci səbəb Vəzirovun əslən qarabağlı olması, bölgəni yaxşı tanıması və ailəsinin vaxtilə erməni-azərbaycanlı qarşıdurmasından əziyyət çəkməsi idi. Partiya bu təyinatla göstərmək istəyirdi ki, xalqın narahatlığını anlayan birini rəhbərliyə gətirərək problemi tezliklə həll edəcək. İkinci səbəb Vəzirovun Heydər Əliyevlə hər hansı qohumluq (Vəzirov Əliyevi Naxçıvan klanının rəhbəri kimi təqdim edir) əlaqəsinin olmaması idi. Uzun illər ölkədən kənarda yaşamış Vəzirov respublikadakı qruplararası mübarizədən uzaq idi, Heydər Əliyevin lideri olduğu klan ilə heç bir əlaqəsi yox idi. Vəzirov respublikada birinci katib təyin olunanda Heydər Əliyev artıq yeddi ay idi ki, Sovet İttifaqı Kommunist Partiyası (Sov.İKP) Mərkəzi Komitəsinin (MK) Siyasi Bürosunun (SB) üzvlüyündən azad edilmişdi. Bu müddət ərzində Əliyev dəfələrlə MK və şəxsən Mixail Qorbaçovla əlaqə saxlamağa cəhd göstərsə də, uğur qazana bilməmişdi. Ehtimal etmək olar ki, Əliyevin hakimiyyətlə əlaqəni bərpa etmək cəhdləri onun hakimiyyətə qayıtmaq istəyi kimi qiymətləndirilib və bu, Vəzirovun namizədliyi üzərində təkid etmək üçün əsas olub.
Vəzirov 1990-cı il yanvarın 18-ə qədər Azərbaycan KP MK birinci katibi vəzifəsini tutmuş, həmin gün Moskvanın qərarı ilə tutduğu vəzifəsindən azad edilmiş və Azərbaycanı tərk etmişdi. Bundan sonra ona yenidən SSRİ Xarici İşlər Nazirliyində iş təklif edilsə də, Vəzirov bu təklifdən imtina edir və sovet rəhbərliyi ilə əməkdaşlıq etmək istəmədiyini bildirir.
Vəzirovun təhvil aldığı Azərbaycan
Əbdülrəhman Vəzirov Azərbaycan Kommunist Partiyası (AKP) Mərkəzi Komitəsinin (MK) 14-cü birinci katibi olmuş, bu vəzifədə Kamran Bağırovu əvəz etmişdi. Vəzirovun Bağırov haqqında fikirləri ümumən müsbət idi; Vəzirov Bağırovun rüşvətə bulaşmamasını yüksək qiymətləndirirdi, lakin eyni zamanda ölkədə yaranmış gərgin vəziyyətdə heç kimin onu tənqid etməməsi, ondan izahat tələb etməməsi Vəzirova qəribə gəlirdi. Artıq həmin dövrdə respublikada Ermənistanı tərk etmiş çoxlu sayda köçkünlər var idi, Sumqayıtda qarşıdurma zamanı zorakılıqlar baş vermişdi, bütün bunlar Kamran Bağırovun birinci katib olduğu dövrə təsadüf etsə də, heç kim onun adını çəkib ondan məsuliyyətli qərarlar qəbul edilməsini istəmirdi.[7] Kamran Bağırov həm respublikanın rəhbəri idi, həm də deyildi. Vəzirov Bağırovun iradəsiz bir kommunist olduğunu düşünürdü, çünki respublikada onun dövründə partiya rəhbərliyi tərəfindən hər hansı bir təşəbbüsə cəhd edilməmişdi, əksinə, Heydər Əliyevin dövründə qəbul edilmiş qaydalar işlək idi, respublikanı Heydər Əliyevin təyin etdiyi kadrlar idarə edirdi. Vəzirovun bu fikirlərini 1988-1991-ci illərdə Azərbaycan SSR DTK-nin sədri olmuş Vaqif Hüseynov Bir həyatdan daha çox adlı memuarlarında təsdiq edir. Hüseynov yazır ki, Kamran Bağırovun respublika partiya komitəsinin rəhbəri təyin edilməsi nə onun biliyi, nə də idarəçilik qabiliyyəti ilə bağlı idi. Özünü respublikanın sahibi hesab edən Heydər Əliyev yerinə yerlisi, əslən yerevanlı olan birini qoymağı münasib hesab etmişdi. Vəzirovun isə bundan xəbəri yox idi.[8]
Vəzirov birinci katib təyin olunan kimi respublikanın iqtisadi vəziyyəti, xalqın sosial problemləri haqqında məlumatlar toplamağa başlayır. Vəzirov anlayırdı ki, mərkəzə göndərilən möhtəşəm iqtisadi göstəricilərlə dolu hesabatlar respublikanın real iqtisadi vəziyyətini əks etdirmir, artmaqda olan sosial gərginlik isə dərin kök salmış korrupsiya, tayfabazlıq, nepotizm kimi bəlaların nəticəsidir. Bununla əlaqədar Vəzirov 1988-ci ildə respublikada SSRİ DİN Sosialist Əmlakının Oğurlanmasına Qarşı Mübarizə Baş İdarəsinin (SMOQMBİ, xalq arasında OBXSS kimi tanınırdı) əməkdaşları tərəfindən xüsusi komissiyanın işlədiyini qeyd edir.[9] Komissiyanın hesabatında bildirilirdi ki, qırmızı beş illiklər dövründə ölkədə kölgə iqtisadiyyatı xeyli çiçəklənmiş, korrupsiya geniş kök salmışdı.[10] Vəzirov vurğulayır ki, respublikada sosial problemlərin həll olunmamasının ən böyük səbəbi Heydər Əliyevin dövründə qəbul edilmiş qərarların işlək olması, qeyri-effektiv idarəçilik idi. Məsələn, 1971-ci ildən respublikada fərdi yaşayış evlərinin tikintisi, Bakı ətrafı ərazilərdə, Abşeronda bağ sahələrinin icarəyə verilməsi qadağan edilmişdi.[11] Bu qərarlardan ən çox əyalətdə yaşayanlar əziyyət çəkirdi, gənc nəsil yaşayış evləri tikə bilmədiyi üçün ailə qura bilmir, kənd yerlərini tərk etməyə məcbur olurdu. Şəhərlərdə geniş yayılmış rüşvətxorluq, tayfabazlıq, yerlibazlıq isə iş tapmaqda ciddi əngəllər yaradırdı.
Ermənistanı və Dağlıq Qarabağı tərk edənlərin 1988-1990-cı illərin siyasi proseslərində aktiv iştirakına toxunan Vəzirov yazır ki, 1987-ci ildən Şuşada Ermənistandan gəlmiş 1790 nəfər məskunlaşmışdı. Onlar boş qalmış kəndlərə getmək istəmir, münaqişə yaradır, ermənilərin Dağlıq Qarabağdan qovulmasını tələb edirdilər. Bu isə Stepanakertdə (Xankəndi) yaşayan azərbaycanlıların vəziyyətini gərginləşdirirdi. Ermənistandan gələnlərin bir qismini Tovuzda, Laçında, Xızı-Altıağac bölgəsində yerləşdirmək mümkün olmuşdu, onlar üçün lazımi şərait yaradılmışdı. Lakin çoxluq Bakıya can atırdı. Bakıda isə mənzil şəraitinin yaxşılaşdırılmasını gözləyən 68 min əhali var idi. Belə bir şəraitdə Ermənistandan, Dağlıq Qarabağdan gələnlərin əksəriyyəti Bakıya üz tutur, sosial gərginlik daha da artırdı. Vəzirov qaçqın və köçkünlərin Bakıya daxil olmasının qarşısını inzibati yolla almağın mümkünlüyündən bəhs edir, lakin bunu etmək istəmədiyini deyir: onları heyvanların daşındığı vaqonlara yerləşdirmək lazım gələcəkdi, mən isə buna razı ola bilməzdim.[12]
Respublikada 1980-ci illərin sonlarından artan sosial gərginliyin bir səbəbini də Vəzirov əlində külli miqdarda maliyyə vəsaiti toplamış, lakin hakimiyyətinin itirilməsi təhlükəsi ilə üz-üzə qalmış partiya və sovet dövlət nomenklaturasının pozucu fəaliyyətinin nəticəsi ilə izah edirdi. 1988-ci il iyulun 18-də SSRİ Ali Soveti Rəyasət Heyətinin iclasında çıxış edən Vəzirov bildirir ki, Dağlıq Qarabağ Muxtar Vilayətində (DQMV) 55 gündür davam edən nümayişlərə rəhbərlik edənlər kölgə iqtisadiyyatının nümayəndələridir. Bu insanlar əslində əhalinin narazılığının, bütün sosial problemlərin səbəbkarlarıdır. Bu insanları vilayətin erməni əhalisinin problemləri maraqlandırmır. Vəzirov bu insanları mafioz qruplar adlandırır, lakin onların sovet idarə aparatı və partiya ilə əlaqəsinə toxunmur. Vəzirov eyni zamanda xatırlayır ki, SSRİ DİN komissiyası 300 böyük iqtisadi cinayətin üstünü açmışdı. Vəzirov bu cinayətləri törədənlərin yüksək dövlət və partiya vəzifəsi tutduqlarını demir, amma qeyd edir ki, cinayətkarlar məsuliyyətdən qaçmaq üçün vəziyyəti gərginləşdirməyə, insanların narazılıqlarını başqa istiqamətə yönəltməyə çalışırdılar.[13] Vəzirova bu mafioz qruplarla razılığa gəlmək, onların əli ilə müxalifəti aradan qaldırmaq təklifi də edilib, lakin Vəzirov buna razı olmayıb.[14] Respublikanın ağır sosial-iqtisadi vəziyyətinə işarə edən Vəzirov qeyd edir ki, Azərbaycanda hakimiyyətə gəlməsinin başlıca səbəbi əvvəllər də respublikada rastlaşdığı neqativ halları aradan qaldırmaq istəyi olub. Vəzirov respublikada mövcud olan vəziyyəti Heydər Əliyevin yarıtmaz rəhbərliyinin nəticəsi hesab etdiyi üçün ona münasibətinə aydınlıq gətirir.
Vəzirov altı il Heydər Əliyevin hakimiyyəti altında çalışıb. Vəzirovun Heydər Əliyevlə ilk görüşü 1970-ci ilin yanvarına təsadüf edir. Həmin görüşdə məqsəd Vəzirovu Azərbaycanda işə dəvət etmək olub. Heydər Əliyev Vəzirova bir neçə vəzifə təklif edib və əlavə edib ki, Kirovabaddakı (Gəncə) kriminal vəziyyət və rüşvətxorluğun səviyyəsi ilə bağlı məsələlər onun gününün yarısını alır. Məhz bu səbəbdən Vəzirov Kirovabad şəhər partiya komitəsinin katibi vəzifəsində işləməyə razılıq verir. Dörd il bu vəzifədə çalışdıqdan sonra MK katibi vəzifəsinə təyin olunur və iki il də bu vəzifədə çalışır. Məhz bu dövrdə Vəzirov Heydər Əliyevin dedikləri ilə etdiklərinin, çıxışları ilə əməllərinin üst-üstə düşmədiyini görür və respublikanı tərk etmək qərarına gəlir. Lakin Heydər Əliyev Vəzirovu respublikadan buraxmaq istəmir. Bu səbəbdən də Vəzirov Moskvadakı əlaqələrindən istifadə edir və Əliyevin razılığı olmadan SSRİ Xarici İşlər Nazirliyi xətti ilə təyinat alaraq respublikanı tərk edir. Vəzirov həmin qərarını bir şərq misalı ilə izah edir: ya hökmdara tabe olub onun dəvəsini otarmalısan, ya da hökmdarın mülkünü tərk etməlisən. Vəzirov konformist olub ətrafında baş verənlərə göz yummaq istəmədiyini və bunun üçün də respublikanı tərk etdiyini vurğulayır.
Vəzirov xatırlayır ki, Azərbaycan KP MK birinci katibi təyin olunandan sonra Heydər Əliyev tez-tez ona zəng edir, Qorbaçovla görüşməsinə yardım etməsini istəyir. Lakin Vəzirovun səylərinə baxmayaraq, Qorbaçov onu qəbul etməkdən imtina edir, SSRİ Baş Prokurorluğunu Heydər Əliyevi məsuliyyətə cəlb etmək niyyətindən daşındırmağa cəhd etdiyi üçün hətta Vəzirovu məzəmmət də edir.[15] Qorbaçov Əliyevi respublikaya rəhbərlik etdiyi son illərdə mərkəzə göndərilən iqtisadi hesabatları saxtalaşdırmaqda ittiham edirdi. Vəzirov yazır ki, Qorbaçovdan başqa Sov.İKP Partiya Nəzarəti Komitəsinin sədri Mixail Solomentsov və sonradan onu əvəz etmiş Boris Puqo da Heydər Əliyevi respublikaya rəhbərlik etdiyi dövrdə vəzifə səlahiyyətlərindən sui-istifadə etdiyi üçün məsuliyyətə cəlb etmək istəyirdi, lakin “mən iki dəfə infarkt keçirmiş adama acıdığım üçün buna razı olmadım.”[16] Vəzirov yazır ki, həbs olunmaqdan qorxan Əliyev SSRİ Vəkillər Kollegiyası katibinin məsləhəti ilə Naxçıvanda deputat seçilmək qərarına gəlir və deputat toxunulmazlığı əldə edir. Vəzirovun Heydər Əliyevin korrupsiyaya bulaşması və bu səbəbdən də SSRİ rəhbərliyinin ona mənfi münasibət bəsləməsini Rusiya Federasiyasının ilk prezidenti Boris Yeltsin Bir mövzu ilə bağlı etiraf adlı kitabında təsdiqləyir. Yeltsin bir bağlama sənədlə Qorbaçovun yanına gələrək Heydər Əliyev kimi bir insanla Siyasi Büroda yanaşı oturmağın utancverici olduğunu və bu məsələni həll etməyin vacibliyini dediyini yazır.[17] Vəzirov qeyd edir ki, sovet Azərbaycanı tarixinin yarısı Mircəfər Bağırovla (1933-1953) Heydər Əliyevin (1969-1982) rəhbərliyi dövrünə təsadüf edib. Bağırovun hakimiyyətini müsbət qiymətləndirən Vəzirov Heydər Əliyevin rəhbərliyini hakimiyyətdən sui-istifadə, tayfabazlıq, insanların simasızlaşdırılması dövrü kimi təsvir edir.[18]
Qeydlər və istinadlar:
[1] Везиров А.Р. Х. Моя дипслужба [воспоминания]. Художественная литература, 2009. 189 с.
[2] Везиров А. Х. В первых рядах партера, Художественная литература, 2018, 278 c.
[3] О событиях 20 января 1990 года в Баку. 215 KL https://www.youtube.com/watch?v=-AyJsXO7XLg
[4] Везиров, А. Х. Моя дипслужба. Художественная литература, 2009.
[5]Абдурахман Везиров: о дружбе с Гагариным, “письме Алиеву” и Карабахе / Paxlava Production. https://www.youtube.com/watch?v=mXAPDex9he0.
[6] Везиров А. Х. В первых рядах партера. Художественная литература, 2018, 185.
[7] Везиров, 2018, 188.
[8] Гусейнов В. Больше, чем одна жизнь. Красная звезда, 2013, книга 1, 369–70.
[9] Везиров, 2018, 197.
[10] Yenə orada, 197.
[11] Yenə orada. 233-4.
[12] Везиров, 2018, 224.
[13] Yenə orada,
[14] Yenə orada, 205.
[15] Везиров, 2018, 177.
[16] Yenə orada.
[17] Ельцин Б. Исповедь на заданную тему. Средне-Уральское книжное издательство, 1990, 57.
[18] Везиров, 2018, 175.
[19] Yenə orada, 236.
[20] События 20 января 1990 года. 215 kл. https://www.youtube.com/watch?v=-AyJsXO7XLg
[21] Везиров, 2018, 192.
[22] Yenə orada, 208-9.
[23] Syaudis (Hərəkat) 1988-1990-cı illərdə Litva SSR-da ictimia-siyasi təşkilat olmuşdur.
[24] RUX (Ukrayna Milli Hərəkatı) 1989-cu ildə Ukrayna SSR-da yaradılmış siyasi partiyadır.
[25] Везиров, 2018, 198.
[26] Yenə orada, 200.
[27] Yenə orada, 201.
[28] Yenə orada, 229.
[29] Везиров, 2018, 256.
[30] Yenə orada, 212.
[31] Везиров, 2018, 203-4.
[32] Yenə orada.
[33] Yenə orada.
[34] Yenə orada, 199.
[35] Везиров, 2018, 194.
[36] Yenə orada, 225.

