Hər il iyunun 15-də Azərbaycan Qurtuluş Gününü qeyd edir. Həmin gün mətbuat bulvarda atəşfəşanlığın, mədəniyyət xadimlərinin iştirakı ilə möhtəşəm konsertin keçirilməsi haqqında məlumat yayır. Sosial şəbəkələrdə Qurtuluş Günü ilə bağlı müxtəlif səpgili yazılar paylaşılır. Müxalif qüvvələr bu günü müasir dövrün bəlalarının başlanğıcı, avtoritar revanş kimi qiymətləndirirlər. Əbülfəz Elçibəyin prezident səlahiyyətlərini Ali Sovetin yeni seçilmiş sədri, keçmiş kommunist lider, DTK generalı Heydər Əliyevə təhvil verməsinin səbəbləri ilə bağlı müzakirələr yenidən aktuallaşır. Post-Stalin dövrü Azərbaycanının yeganə dissidenti, demokratik seçki ilə hakimiyyətə gəlmiş və silahlı çevrilişlə hakimiyyəti itirmiş ilk prezidenti Əbülfəz Əliyevin (Elçibəy) fəaliyyəti Azərbaycan cəmiyyətində birmənalı qiymətləndirilmir. Cəmiyyətin bir hissəsi onu demokratik dəyişikliklərin carçısı, insan haqlarının, ədalətin müdafiəçisi, digər hissəsi isə qatı millətçi, müasir Azərbaycandakı avtoritarizmin səbəbkarı kimi görür.
Əbülfəz Əliyev siyasi fəaliyyəti ilə bağlı hər hansı xatirə və ya memuar tipli əsər yazmayıb, lakin 1992-ci ildə onun müsahibə və çıxışlarından ibarət Bu mənim taleyimdir adlı kitabı nəşr olunub.[1] Kitabı özü yazmasa da, oxuyub, düzəlişlər edərək orada yer almış fikirlərin doğru olduğunu təsdiqləyib. Kələkidən qayıtdıqdan sonra 1999-cu ildə müşaviri Ədalət Tahirzadəyə verdiyi müsahibələr əsasında Elçibəylə 13 saat üz-üzə adlı kitab nəşr olunub.[2] Bundan başqa, Əbülfəz Əliyev Azərbaycan Xalq Cəbhəsinin (AXC) lideri və Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri olduğu dövrdə çoxlu sayda müsahibələr vermiş, çıxışlar etmişdi, onların əksər hissəsi Ədalət Tahirzadənin 3 bölümdən ibarət Elçi Bəy adlı kitabında toplanıb.[3] Bu yazı qeyd edilən materiallar əsasında hazırlanıb. Yazı Azərbaycanın 2-ci prezidenti Əbülfəz Əliyevin kommunist hakimiyyətinə qarşı müxalifətin formalaşmasını, AXC-nin hakimiyyət uğrunda mübarizəsi və hakimiyyətdən uzaqlaşdırılmasını necə şərh etməsini təqdim edir. Əbülfəz Əliyevin 1990-cı illərin əvvəllərində baş vermiş siyasi proseslərə münasibəti, bu prosesləri təhlil edərkən siyasi mövqeyi, Azərbaycan müxalifətinin siyasi mübarizədə qarşısına qoyduğu məqsədlərə çatmaq üçün formalaşdırdığı strategiyanın təhlili həm müxalifət düşərgəsində mövcud olan ixtilaf və fikir ayrılıqlarının səbəblərini araşdırmağa, həm də şəxsən Əbülfəz Əliyevin siyasi baxışlarında, mövqeyində baş vermiş dəyişikliklərin səbəbini aydınlaşdırmağa imkan verir. Əbülfəz Əliyevin müsahibə və çıxışlarının təhlili göstərir ki, zaman-zaman ziddiyyətli fikirlər, avantürist ideyalar səsləndirməsinə baxmayaraq, o, ilk növbədə insan haqlarının müdafiəçisi, demokratiyanın carçısı olub.
Qısa tarixi arayış
Əbülfəz Əliyev (1990-cı ildən Elçibəy təxəllüsü götürmüşdü) 1938-ci ildə Ordubadın Kələki kəndinə yaxın Xəlil yurd yaylağında yarımköçəri təsərrüfata bağlı ailədə doğulub. Onun dünyaya baxışı, sosial prioritetləri doğulduğu şəraitin təsiri altında formalaşıb. Həm ata, həm də ana tərəfdən etnik türk olan Əbülfəz Əliyevin ata nəsli Təbrizə yaxın Kükəmər qəsəbəsindən müasir Ermənistanın Qafan bölgəsinə köçmüş ruhani və dindar ailə idi. Ana nəsli isə Anadolunun türkmən tayfalarına məxsus olub və çox güman ki, Səfəvilər dövründə Qafan bölgəsinə köç edib. Hər iki ailə 1918-ci il erməni-müsəlman qarşıdurması zamanı Qafanın Pirdavudan kəndini tərk edərək Ordubadın Kələki kəndinə sığınmışdır.
Atasını xatırlamayan Əbülfəz Əliyev (atası İkinci Dünya müharibəsində həlak olmuşdu) anasının himayəsində böyümüş, Kələkiyə yaxın Unus kəndində 7 illik məktəbi bitirdikdən sonra təhsilini 1 saylı Ordubad məktəbində davam etdirmişdi. 1957-ci ildə məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin Ərəb bölməsinə qəbul olunan Əliyev 1962-ci ildə təhsilini başa çatdırdıqdan sonra bir neçə ay SSRİ Hidrologiya İnstitutunun Bakı şöbəsində təcrübə keçmişdi. 1963-cü ilin yanvarından 1964-cü ilin sonlarına qədər, yəni iki ilə yaxın, SSRİ tərəfindən inşa edilən Əsvan bəndinin (Misir Ərəb Respublikası) tikintisində tərcüməçi kimi çalışmışdı. Xarici ölkələrdə çalışan bütün sovet vətəndaşları Dövlət Təhlükəsizlik Komitəsi (DTK) tərəfindən ciddi yoxlamadan keçdiyi üçün Əbülfəz Əliyevin bu dövrdə siyasi baxış və mövqeyində hər hansı antisovet ünsürlərinin olmadığını söyləmək olar.
Azərbaycana dönən Elçibəy Azərbaycan Dövlət Universitetində aspiranturaya qəbul olunmuş, Ziya Bünyadovun rəhbərliyi altında namizədlik dissertasiyası müdafiə etmiş və universitetin Tarix fakültəsində müəllim kimi işə başlamışdı. 1975-ci ildə Dövlət Təhlükəsizliyi Komitəsi (DTK) tərəfindən millətçi və antisovet təbliğat apardığı üçün həbs edilən Əliyev 1977-ci ildə həbsdən azad olunmuş, bir neçə ay işsiz qaldıqdan sonra Azərbaycan Kommunist Partiyası (AKP) Mərkəzi Komitəsinin (MK) göstərişi ilə Azərbaycan SSR Elmlər Akademiyası nəzdində Əlyazmalar İnstitutuna işə düzəlmişdi.
Elçibəy post-Stalin dövrü Azərbaycanının həbsə məhkum edilmiş yeganə dissidenti idi. Onun həbsdən sonra asanlıqla dövlət müəssisəsində işə düzəlməsi sonralar onun DTK ilə iş birliyində olması haqqında şayiələrə səbəb olmuşdu. Lakin bu şayiələrin əsassız olduğunu ehtimal edə bilərik. Həmin dövrdə SSRİ DTK-nə rəhbərlik etmiş Yuriy Andropov siyasi baxışlarına görə həbs edilmiş və ya həbs edilmək təhlükəsi ilə üzləşmiş sovet ziyalılarına qarşı sərt mövqedən imtina etmiş, onların antisovet mövqeyini yumşaq təsir vasitələri ilə dəyişməyin tərəfdarı olmuşdu. Azərbaycanda antisovet mövqeyini açıq dilə gətirən ziyalı, demək olar ki, yox idi. Bu səbəbdən də Əbülfəz Əliyevə qarşı sərt mövqe tutmaqdansa, onun bilik və bacarıqlarından səmərəli istifadə etmək DTK rəhbərliyinə daha məntiqli görünürdü.[4] Bunun mərkəzdən gələn göstəriş olduğunu bilmədiyi üçün 1991-ci ilin oktyabrında Azadlıq qəzetinə verdiyi müsahibəsində Elçibəy bunu Heydər Əliyevin liberallığı kimi təqdim edir.[5]
Əbülfəz Elçibəy 1988-ci ildə Dağlıq Qarabağda separatçı hərəkatın başlanması ilə hakimiyyəti tənqid edən müxalif qüvvələrə qoşulmuş, sonradan müxalifəti birləşdirən Azərbaycan Xalq Cəbhəsinin sədri seçilmişdi. 1992-ci ilin iyununda keçirilən prezident seçkilərində qalib gələn Əbülfəz Elçibəy prezidentliyinin 1 ili tamam olduqdan bir həftə sonra səlahiyyətlərinin bir hissəsini Ali Sovetin sədri seçilmiş Heydər Əliyevə verərək Kələki kəndinə getmişdir. Əliyev Bakıya prezident səlahiyyətlərinin rəsmən bitdiyi 1997-ci ildə dönmüş, ölümünə qədər AXCP-nin sədri kimi fəaliyyət göstərmişdi.
Post-Stalin dövrünün azərbaycanlı dissidenti, müxalifətin lideri
Əbülfəz Əliyevin siyasi baxışları bir neçə məsələyə: Sovet siyasi rəhbərliyinə və sovet siyasi sisteminə; Azərbaycanın dövlətçilik tarixi, azərbaycançılıq və Azərbaycanın gələcək siyasi quruluşuna; sovet hakimiyyətinə qarşı müxalif qüvvələrin formalaşmasına; Dağlıq Qarabağ separatizminə münasibətini əks etdirən müsahibə və çıxışlarında əks olunub. Əbülfəz Əliyev bu məsələlərə münasibətdə tipik sovet alimi kimi çıxış edir. Bunun səbəblərini sovet dövlətində mövcud olan senzura və ideoloji təsir altında formalaşmış təhsil sistemində axtarmaq lazımdır. Tənqidi təfəkkürün və alternativ məlumatların qadağan edildiyi təhsil sistemi sovet ziyalılarına sosial proseslərə geniş spektrdən yanaşmaq, siyasi məsələləri fərqli bucaqlardan təhlil etmək, səbəb-nəticə əlaqələrini əsaslandırmaq imkanı vermirdi. Elçibəyin siyasi baxışları ona əlçatan olan mənbələrin, əsasən sovet və şərq müəlliflərinin yaradıcılığının əsasında formalaşmışdı. Qərb elmi ədəbiyyatına, xüsusilə də tarix, siyasət, sosiologiya üzrə yazılmış və marksist-leninçi ideologiyaya uyğun gəlməyən araşdırmalara, avtoritar və totalitar rejimlərin təhlilinə həsr olunmuş tədqiqatlara, “məxfi” qrifi ilə qorunan arxiv sənədlərinə çıxışın olmaması hər bir sovet ziyalısı kimi Elçibəyə də sosial-siyasi problemlərin təhlilində sovet ideologiyası çərçivəsindən kənara çıxmaq imkanı verməyib. Ehtimal edə bilərik ki, Əbülfəz Əliyevin sovet hakimiyyətinin idarə üsulu və sovet siyasi sisteminə tənqidi münasibəti şəxsi müşahidələri və iki illik Misir həyatının təsiri altında formalaşmışdı.
Əbülfəz Elçibəyin ailəsi yarımköçəri təsərrüfatla məşğul olduğu, sovet hakimiyyəti də qarşısına bu cür təsərrüfatları məhv etmək məqsədi qoyduğu üçün ailənin ciddi maddi problemlərlə üzləşdiyini söyləmək olar. Elçibəy fəhlə-kəndli hakimiyyəti olan sovet dövlətinin və bu dövlətin nümayəndələrinin maddi sıxıntılar içərisində yaşayan yoxsul təbəqəyə etinasız münasibətinin, hakimiyyətin insanların həyatında yaratdığı maneələrin canlı şahidi olmuş və bunlardan əziyyət çəkmişdi. 1990-cı illərin əvvəllərində mətbuata verdiyi müsahibələrində Elçibəy həm uşaqlıq, həm də tələbəlik illərində maddi sıxıntılarının olduğunu, ədalətsizliklərlə üzləşdiyini etiraf edir.[6] Əliyev gənc yaşlarından rastlaşdığı qeyri-konstruktiv idarə üsulunun, hakimiyyət nümayəndələrinin ədalətsizliyinin, qanunsuz əməllərinin, rüşvətxorluğun Sovetlərin sosial dövlət imicinə uyğun gəlmədiyini görsə də, totalitar sistemi mümkün edən səbəbləri, bu sistemi işlək edən mexanizmləri anlamaqda çətinlik çəkmişdi. Bu boşluqlar Elçibəyə siyasi fəaliyyətində ciddi maneələr yaratmış, o, partiya nomenklaturası və dövlət bürokratik aparatının maddi və siyasi təsir imkanlarını düzgün qiymətləndirə bilməmiş, bir çox halda sovet hakimiyyəti nümayəndələri ilə əməkdaşlığın mümkünlüyünə inanmışdı.[7] Elçibəy prezidentlik dövrünə qədər verdiyi müsahibələrində, Azadlıq meydanındakı çıxışlarında Azərbaycan sovet rəhbərliyinə münasibətdə yumşaq mövqe nümayiş etdirmiş, sərt qərarların qəbul edilməsində Vəzirov və Mütəllibovu deyil, SSRİ rəhbərliyini günahlandırmışdı.[8] “Mafiya” adlandırdığı insanların destruktiv fəaliyyətinə toxunsa da, onların partiya nomenklaturası və dövlət bürokratiyası ilə əlaqəsindən danışmamış, əksinə, AXC-nin təzyiqləri nəticəsində xalqla hakimiyyətin yaxınlaşdığını bildirmişdi.[9] Əbdülrəhman Vəzirovu dostu adlandıran Elçibəy onun istefasına qarşı olduğunu, onun humanist və demokratik düşüncəyə malik olduğunu deyirdi.[10]
Elçibəy sovet siyasi sistemində insan haqlarının pozulmasını, mərkəz Moskvanın Azərbaycanın dövlət suverenliyinə hörmət etməməsini, qanunun aliliyinin qorunmamasını tənqid edirdi.[11] Elçibəyə görə demokratiya hüquqi dövlət demək idi və bu dövlətdə dinindən, dilindən və etnik mənsubiyyətindən asılı olmayaraq bütün insanlar qanunla idarə olunmalı, hakimiyyət isə xalqın nəzarətinə tabe edilməli idi.[12] SSRİ-də başlanan yenidənqurmanı müsbət qiymətləndirən Elçibəy Mixail Qorbaçovu böyük demokrat, sovet ordusu və DTK-nı isə demokratiyanın ən böyük düşməni adlandırır.[13]
Elçibəyin demokratiya, insan haqları və millətçiliklə bağlı fikirlərinin formalaşmasında iki illik Misir təcrübəsinin mühüm rol oynadığı şübhəsizdir. 1952-ci ildə inqilab nəticəsində hakimiyyətə gəlmiş Qamal Abdel Nasser Misir tarixində indiyə qədər görünməmiş sosial dirçəlişə nail olmuş, yüz minlərlə sadə insanlar mənzil, iş, təhsil, tibbi xidmətlə təmin edilmişdir. Misirin qızıl dövrü adlandırılan Nasser dövrü bir çox sosial layihələrin uğurla reallaşdırıldığı dövr idi. Effektiv aqrar islahatlar və iqtisadiyyatın önəmli sahələrinin milliləşdirilməsi nəticəsində dirçələn milli iqtisadiyyat Nasserə panərəb millətçiliyi çərçivəsində digər ərəb dövlətlərini dəstəkləmək imkanı vermiş, Misirin Asiya və Afrika ölkələri arasında nüfuzu həddən artıq yüksəlmişdi. Elçibəy Misir Ərəb Respublikasında sosialist sisteminin uğurlarını təqdir etmiş, çox güman ki, mərkəz Moskvanın nəzarətindən çıxdığı halda Azərbaycanın milli rəhbərliyinin də vətəndaşlarına belə bir sosial uğur qazandırmağa qadir olacağını mümkün hesab etmişdi. Misirdə fəaliyyəti zamanı Elçibəy 20-ci əsrin əvvəllərində türkçülük, Azərbaycan Cümhuriyyəti dövrü ilə bağlı yeni mənbələrlə tanış olmuş, müstəmləkəçiliyin doğurduğu fəsadları müşahidə etmiş, bütün bunlar onda millətçilik və milli dövlət ideyalarını daha da möhkəmləndirmişdi.[14] Misirin Ərəb dünyasında oynadığı rolu yüksək qiymətləndirən Elçibəy vahid Azərbaycanın da Yaxın Şərqdə belə bir rol üçün böyük imkanlarının olduğunu düşünmüşdü.
Elçibəyin Azərbaycan dövlətçiliyi, türkçülük, bütöv Azərbaycan və millətçiliklə bağlı fikirləri həm qarışıq və ziddiyyətli, həm də qeyri-professionaldır. Bunun bir səbəbi Elçibəyin Azərbaycan dövlətçilik tarixi, İran tarixi ilə bağlı biliklərinin məhdud olmasıdırsa (Elçibəy professional tarixçi deyil, şərqşünas-filoloq idi), digər səbəbi türkçülük ideyasına bağlılığıdır. Elçibəy dəfələrlə millətçi və pantürkist olmadığını iddia etsə də (“Mən millətçi deyil, inqilabçıyam”),[15] səsləndirdiyi fikirlər (“biz elə bir sistem qurmalıyıq ki, türklük uşağa kütləvi surətdə aşılansın”)[16] bunun əksini sübut edir. Elçibəy tarixi təhlillərində tez-tez spekulyasiyalara yol verir, alim kimi deyil, millətçi siyasətçi kimi çıxış edir, Elxanilər dövlətini güclü Azərbaycan imperiyası adlandırır,[17] İkinci Dünya müharibəsi dövründə Cənubi Azərbaycanda Stalinin qurduğu rejimə “demokratik cümhuriyyət” deyir[18], Azərbaycanın milli azlıqlarından bəhs edərkən tatların, talışların farslarla türklərin qarışığından yarandığını iddia edir.[19]
Elçibəy bütöv Azərbaycan ideyasının yaxın gələcəkdə reallaşacağına inandığını bildirir. Cənubi Azərbaycan mövzusuna həssaslığı onun əslən cənublu olması və uşaqlıq xatirələri ilə bağlıdır. 1946-cı ildə Sovetlər İran Azərbaycanını tərk edərkən Azərbaycan cümhuriyyətinin qurucuları və nümayəndələri də təqiblərdən yaxa qurtarmaq üçün vətəni tərk etmək məcburiyyətində qalırlar. Bu ailələrin bir hissəsi Arazı keçərək Ordubadın Kələki kəndinə sığınır. Elçibəyin ailəsi bu iranlı mühacirlərin bir hissəsini müvəqqəti olaraq öz evində saxlayır. Səfalət və aclıq içində olan bu insanların düşdüyü vəziyyət 8 yaşlı Əbülfəzə ağır təsir edir. Sonralar o, bu insanların ağır vəziyyətini siyasi fəaliyyətləri ilə deyil, İranın hakim dairələrinin türklərə qarşı düşmən mövqeyi ilə izah edir.[20] Elçibəy düşünür ki, bütöv Azərbaycan daha güclü və nüfuzlu dövlət olacaq və region dövlətləri onunla hesablaşmaq məcburiyyətində qalacaq. İranın dindar rejiminin qəti əleyhədarı olan Elçibəy bu dövlət üçün federativ quruluşun daha effektli olacağını düşünür.[21] Cənubi Azərbaycanın iqtisadi vəziyyəti haqqında kifayət qədər informasiyaya malik olmadığı üçün onun siyasi mahiyyəti haqqında danışmağın çətin olduğunu vurğulayan Elçibəy Almaniyanın birləşməsini nümunə gətirərək yaxın gələcəkdə Azərbaycanın da birləşəcəyini real hesab edir.[22] Milli dövlət ideyasını təbliğ edən Elçibəy, bununla yanaşı, Cənubi Qafqaz dövlətlərinin federasiyası fikrinə də müsbət yanaşırdı.[23]
Hazırda azərbaycançılıq konsepsiyası Heydər Əliyevin adı ilə əlaqələndirilsə də, bu ideyanı 20-ci əsrin sonlarında siyasi səhnəyə gətirən məhz Elçibəy olub. Azərbaycançılığı milli azlıqların assimilyasiyası üçün istifadə edən Heydər Əliyevdən fərqli olaraq, Elçibəy hesab edirdi ki, hər bir millətin öz dilində təhsil almaq hüququ olmalı, hər bir millətin kimliyinə hörmətlə yanaşılmalıdır, rəsmi sənədlərdə isə milli kimliyi qeyd olunmalıdır.[24] 1991-ci ilin iyulunda AXC-nin I qurultayından çıxışı zamanı Elçibəy DTK-nın “parçala, hökm sür” siyasətinə qarşı azərbaycançılığı təbliğ etməyə çağırır.[25] Elçibəy gələcək bütöv, müstəqil Azərbaycanda ABŞ siyasi sistemini və Türkiyə iqtisadi xəttini görməyi arzulayır, bu yolda irəliləmək üçün Türkiyə və Macarıstan mütəxəssislərindən istifadə etməyi düşünür.[26] Çıxış və müsahibələrində SSRİ-ni hərbi-polis dövləti adlandırmasına, Azərbaycanın gələcək siyasi quruluşunu hüquqi-demokratik dövlət kimi görməsinə baxmayaraq, Elçibəy sovet və müstəmləkə ideologiyasının təsirindən tam azad ola bilməmişdi. Azərbaycanın gələcək siyasi quruluşu ilə bağlı səsləndirdiyi ziddiyyətli fikirlər də bununla bağlı idi. Məsələn, Elçibəy məktəblərin siyasiləşməsini, “8, 9, 10-cu sinif şagirdlərinin təşkilatlanması”nı məqbul hesab edir, azərbaycanlıların sosial-demokratik ideyalardan uzaq olduğunu düşünür, siyasi rejimi xalqların psixologiyası ilə əlaqələndirirdi.[27] Gələcək Azərbaycanın yolunun Qərb yolu, demokratiya yolu olduğunu deyən Elçibəy eyni zamanda iddia edirdi ki, “xalqımız Avropa psixologiyalı deyildir”, məhz bu səbəbdən də “sosial-demokratlar demokratik yolda aparıcı qüvvə ola bilməyəcəklər”.[28] Azərbaycan xalqının siyasi şüurunun “Amerika zəncilərinkindən də aşağı” olduğunu söyləyən Elçibəy deyir ki, 1990-cı ilin sentyabrında Ali Sovetə keçirilən seçkilər göstərdi ki, xalq demokratiyaya hazır deyil, Kommunist Partiyasının diktaturasından əl çəkmək istəmir.[29]
Elçibəy Azərbaycanda Kommunist Partiyası və sovet rejiminə qarşı müxalifətin ali məktəblərdə tələbə və gənc alimlər arasında formalaşmağa başladığını deyir və bununla bağlı özünün millətçi və antisovet mövqeyinə görə həbsini xatırlayır. Qorbaçovun yenidənqurma siyasəti ilə gənclər arasında güclənən suveren milli dövlət ideyası 1980-ci illərin ortalarında Çənlibel, Varlıq, Aşıq Ələsgər, Ozan, Yurd kimi təşkilatların yaranması ilə nəticələnir.[30] Elçibəy Varlıq təşkilatının yaradıcılarından olduğunu söyləyir. Dağlıq Qarabağda separatçı hərəkata qarşı keçirilən ilk mitinqdən xəbərsiz olan Elçibəy sonrakı mitinqlərdə fəal iştirak edib və 1988-ci il dekabrın 5-də Azadlıq meydanı nümayişçilərdən təmizlənəndə həbs olunub.[31] Elçibəy iddia edir ki, Dağlıq Qarabağda separatçı çıxışlara etiraz olaraq başlanan meydan hərəkatında əsas məqsəd demokratiyanı bərqərar etmək, hüquqi dövlət yaratmaq ideyası olub, imperiya daxilində Azərbaycanın suverenliyini isə müşkül məsələ hesab edib. Elçibəy xüsusi olaraq qeyd edir ki, bütün müttəfiq respublikalarda yaradılan Xalq Cəbhələri hakimiyyətin layihəsi idi və Qorbaçov bu təşkilatlarla başlatdığı demokratik prosesi güclü partiya bürokratiyasının təzyiqlərindən qorumağı düşünürdü. SSRİ-də hakimiyyət tərəfindən yaradılmayan yeganə xalq hərəkatı isə Azərbaycan Xalq Cəbhəsi idi. Elçibəy iddia edirdi ki, bu təşkilat aşağıların, xalqın yaratdığı təşkilat idi və məhz bu səbəbdən də Moskva onun fəaliyyətini dəstəkləmir və onu nəzarətə almağa çalışırdı.[32] Moskva AXC-ni dəstəkləmək üçün onun sıralarından radikalların, millətçilərin təmizlənməsini istəyib və yalnız demokratik qüvvələrdən ibarət AXC ilə danışığa hazır olduğunu bildirib.[33]
Elçibəy düşünürdü ki, Dağlıq Qarabağ problemi ilə yaranmış meydan hərəkatını millətçi istiqamətə yönəldən məhz Moskva oldu. Onlar hərəkatı idarə edə bilmədiklərini gördükdə, Dağlıq Qarabağ separatçılarının tərəfinə keçməyə və beləliklə, milli münaqişəni daha da alovlandırmağa nail oldular. Elçibəy erməni-azərbaycanlı qarşıdurmasının Azərbaycan demokratik hərəkatına ağır zərbə vurduğunu deyir.[34] Elçibəy xalq hərəkatının düşmənləri dedikdə, Rusiya imperiyasını, erməni lobbiçilərini və Sovet imperiyası tərəfindən qul halına salınmış azərbaycanlıları nəzərdə tutur.[35] Azərbaycanlıların içərisində xalq hərəkatına ən çox dəstək verən və inananların gənclər və qadınlar olduğunu vurğulayan Elçibəy ziyalılar haqqında mənfi danışır.
Qeydlər və istinadlar:
[1] Elçibəy Ə. Bu mənim taleyimdir. “Gənclik”, 1992.
[2] Tahirzadə Ə. Elçibəylə 13 saat üz-üzə. Tanıtım, 1999
[3] Tahirzadə Ə. Elçi Bəy. Cümhuriyyət, 1999.
[4] Bax: О помиловании Синявского А. Д. Выписка из протокола № 4 заседания Политбюро ЦК КПСС от 19 мая 1971 г. http://bukovsky-archives.net/pdfs/dis70/pb71-1.pdf.
[5] Bu mənim taleyimdir, 142.
[6] Yenə orada, 6, 28, 158-159.
[7] Yenə orada, 26.
[8] Yenə orada, 23-24, 56-57, 70-71, 118-119, 125-126.
[9] Bu mənim taleyimdir, 12, 14, 31-33.
[10] Yenə orada, 118-119.
[11] Bu mənim taleyimdir, 20, 30-31, 39-41.
[12] Elçi Bəy, 194-197; Bu mənim taleyimdir, 80.
[13] Yenə orada, 189-194.
[14] Elçi Bəy, 8-9.
[15] Bu mənim taleyimdir, 37-38, 47.
[16] Yenə orada, 153.
[17] Bu mənim taleyimdir, 61.
[18] Yenə orada, 170-171.
[19] Yenə orada, 237.
[20] Yenə orada, 158-159.
[21] Yenə orada, 60.
[22] Yenə orada.
[23] Yenə orada, 85.
[24] Yenə orada, 80.
[25] Yenə orada, 238.
[26] Yenə orada, 193.
[27] Yenə orada, 75.
[28] Yenə orada, 200-201.
[29] Yenə orada, 10, 220.
[30] Yenə orada, 48.
[31] Tahirzadə, Elçi Bəy, 32.
[32] Bu mənim taleyimdir, 118-119.
[33] Yenə orada, 70-71.
[34] Yenə orada, 16.
[35] Yenə orada, 120-121.

