fbpx

Cəmiyyət

Cəmiyyət

Azərbaycanda Sovetöncəsi Dil İslahatı Uğrunda Hərəkat: ümumi baxış

Read this article on other language
Download article
image_pdf
image_pdf

1857-ci ildə Mirzə Fətəli Axundzadənin Azərbaycanda dil islahatları sahəsində irəli sürülmüş təklifləri bir vaxtlar lüğət tərkibi bərabər şəkildə ərəb, fars və türk dillərindən ibarət olan Azərbaycanın hibrid yazı dilinin bu gün mövcud olan Azərbaycan ədəbi dilinə çevrilməsi uğrunda bir əsr davam edəcək gərgin səylərə təkan vermişdir. Bu məqalədə yazıçı, ziyalı, dilçi və siyasi fəallardan ibarət bir neçə nəslin sərgilədiyi səylərin ümumi mənzərəsini verməyə cəhd olunub.

Məqaləni iki fəslə bölmüşəm. Birinci fəsildə XIX əsrin birinci yarısında mövcud olmuş ədəbi dildən, özəlliklə sonrakı nəslin ziyalıları tərəfindən tənqid olunan aspektlərdən danışılır. İkinci fəsil Axundovun əlifba sahəsində 1857-ci ildə irəli sürdüyü təkliflə başlanan dil islahatının ilk dövrünə həsr olunub. Həmin illərdə yazıçılar, jurnalistlər ümumən razılaşdırdılar ki, yazı dili standart olmalıdır və həmin məqsədə çatmaq üçün bir neçə müxtəlif yol, üsul təklif edirdilər. Məqalədə sovet dövründə dillə bağlı aparılmış islahatlar əks olunmayıb.

Hər fəsil iki hissəyə bölünür. Əlifba və orfoqrafiya məsələləri söz və qrammatika problemlərindən ayrı tədqiq olunur. Bu iki problem bir-birindən fundamental şəkildə fərqlənir və bəzən tam əks istiqamətlərdə inkişaf etdirilib.

Məqalə həcmcə o qədər böyük olmadığından mövzu dar çərçivədə işıqlandırılıb, ədəbi dildən reallıqda istifadəni, təhsillə bağlı məsələləri, yaxud standart yazı dilinin yerli dialektlərlə əlaqəsini təsvir etməyə cəhd göstərilməyib. Mən məqalə boyunca Azərbaycanın türk dilləri ailəsindən olan dilini adlandırmaq üçün “Azərbaycan dili” terminindən istifadə etmişəm, baxmayaraq ki, bu termin sovet dövründə geniş yayılıb.

Azərbaycan dili islahatlardan öncə: ərəb-fars qrafikalı əlifba

 İslam Qafqazda yayıldığı vaxtdan etibarən Azərbaycan dilində mətnlər ərəb əlifbasının dörd hərfin də (پ peh, چ tcheh, ژ jeh, və گ gaf ) əlavə edildiyi fars variantında yazılırdı. Ərəb-fars əlifbasının Azərbaycan dilinin fonoloji strukturuna uyğunlaşdırılması üçün heç bir təşəbbüs göstərilməmişdi. Nəticədə Azərbaycan dilinin 23 samit səsi 32 samit hərflə yazılırdı. Bu, o demək idi ki, bəzi Azərbaycan fonemləri bir neçə hərflə ifadə edilirdi.

postsovet dövründə latın qrafikalı əlifbaərəb-fars qrafikalı əlifba
Tط ā  ;  ت ‘tā
Sث ‘thā  ;  س sīn  ;  ص ād
Zز zāy  ;  ذ dhāl  ;  ض ād  ;  ظ ā

Belə bir hal ingilis dilində də müşahidə olunur. Məsələn, ingilis dilində /f/ fonemi “f” hərfi (fill), “ph” (philosophy) və “gh” (enough) hərf birləşmələri ilə ifadə edilir. Belə bir sistem oxuma-yazma vərdişlərinin öyrənilməsini çətinləşdirən sərbəst yazı (orfoqrafiya) qaydalarının işlənib hazırlanmasını tələb edir.

Lakin ərəb əlifbasından ən ciddi şikayətlər əslində samitlərin çoxluğuna görə deyil, saitlərin olmamasına görə idi. Ərəb dilində yalnız üç sait səs var. Onlar həm uzun, həm də qısa ola bilər: /a/ və /ā/; /i/ və /ī/; /u/ və /ū/. /a/, /i/ və /u/. Qısa saitlər əslində adətən heç yazılmır; oxucu bu sait səsin harada oxunmasını yalnız təcrübə əsasında müəyyən edir. Uzun saitlər isə yazılır, amma bu hərflər samitləri də ifadə edə bilər. Məsələn, و wāw həm /ū/, həm də /v/, ي yā’ həm /ī/, həm də /y/ kimi oxuna bilir. Oxucu həmin hərflərin sözdə samit, ya sait kimi işləndiyini o sözün məzmunundan anlamalıdır.

Belə nəticəyə gəlmək olar ki, saitlərin bu sistemlə təqdimi ərəb dili üçün kifayətdir, ancaq sait səslərlə zəngin türk dilləri üçün bu sistem ciddi maneədir. Məsələn, bir ərəb-fars saiti Azərbaycan dilində hətta dörd müxtəlif sait səsi və bir samit səsi ifadə edə bilər:

ərəb-fars qrafikalı əlifbapostsovet dövründə latın qrafikalı əlifba
ي ‘yāe, ə, i, y
و wāwo, ö, u, ü, v

Belə bir sistem üzündən tez-tez rast gəlinən problemlərə bunu misal göstərmək olar: olduöldü  sözləri tam eyni yolla yazılır: اولدو.[1] Bu, bir çox hallarda saitlərin tamamilə düşməsi halından fərqli problemdir. Sait tam düşəndə oxucu həmin saitin harada olduğunu məzmundan müəyyən etməlidir.

Bu sistemdən irəli gələn əsas çətinliklərdən biri də alınma (xarici) sözlərin və adların yazılışında saitlərin düzgün işlədilməsi, ya da işlədilməməsidir. Oxucunun ərəb, fars və Azərbaycan dillərində dərin savadı varsa, tanış sözlərdə hansı sait səslərin olduğunu bilir və mümkün çaşqınlıq məzmun əsasında aradan qaldırlır: təcrübəli oxucu اولدو sözünün oldu, yoxsa öldü kimi oxunmalı olduğunu məzmundan çıxış edərək asanlıqla müəyyənləşdirə bilir. Tanış olmayan sözlərlə qarşılaşanda isə məzmun, təcrübə o qədər də kara gəlmir və oxucu sözün tələffüzünü təxmin etməyə məcburdur. Rus və Avropa sözləri dilin tərkibinə daxil olduqca sıravi Azərbaycan oxucusunun bu sözləri düzgün tələffüz edəcəyinə ümid azalır. 1909-cu ildə Cəlil Məmmədquluzadə Nikolay Qoqolun anadan olmasının 100 illiyi münasibətilə “Molla Nəsrəddin” satirik jurnalında yazırdı:

Söz yox, Köçərli cənablarının açıq və mənalı məqalələrindən, Üzeyir cənablarının şirin tərcümələrindən və qeyri yazıçılarımızın Qoqol [غوغول] barəsində verdikləri məlumatdan oxucularımız həmin yazıçını bir növ tanıdılar və bəlkə yaxşı tanıdılar; amma mən bunu istəyirəm deyəm ki, yenə bununla belə, yəni bu yazı-pozuların varlığı ilə, rus dilini bilməyən oxucularımız indi hələ yenə bilmirlər ki, bu yazıçının adı nədir.[2]

Bu parçada “Ölü canlar” müəllifinin soyadının ərəb əlifbası ilə yazılmış şəkli (غوغول) müasir Azərbaycan dilində latın qrafikası ilə ğöğül /gvgvl və onlarla başqa formada yazıla bilər. Əski əlifba ilə yazıb-oxuyan oxucu “Qoqol” adının tələffüzünü eşitməyibsə, yazılışına baxıb onu düzgün səsləndirə bilməyəcək.

Struktur çatışmazlıqları ilə yanaşı, Azərbaycanın bir çox ziyalıları ərəb-fars mənşəli əlifbada hərflərin görünüşündən də şikayətçi idilər. Məsələn, həmin əlifbada bir çox əsas hərf formaları yalnız diakritik işarələrlə bir-birindən fərqlənməklə bir neçə müxtəlif səs ifadə edir və s.

ərəb-fars qrafikalı əlifbapostsovet dövründə latın qrafikalı əlifba ərəb-fars qrafikalı əlifbapostsovet dövründə latın qrafikalı əlifba
ج jīmcب ‘bāb
ح āhت ‘tāt
خ ‘khāxث ‘thās

Bu halda oxucu diakritik işarələrin sayına və yerinə xüsusi diqqət yetirməlidir. Xüsusən Azərbaycanda XIX əsrdə çap işinin keyfiyyəti nəzərə alınarsa, bunun o qədər də asan olmadığı təsəvvür edilə bilər. Hər hansı nöqtənin yerində işlədilməməsi və ya buraxılması ciddi anlaşılmazlıqlara səbəb ola bilərdi. Cəlil Məmmədquluzadə “Molla Nəsrəddin” jurnalında bununla bağlı yaddaqalan illüstrasiyalar təqdim edir:

Bunu hamı bilir ki, müsəlmanca oxumaq və qanmaq bir hünərdir. Əvvələn, o hürufat ilə ki, biz yazırıq, onu oxumaq çətin məsələdir. Bu barədə çox danışmışıq. Hazır bu yazdığım “danışmışıq” [دانیشمیشیق] kəlməsinin onbeş nöqtəsinin biri artıq-əskik düşsə, oxumağı çətin olacaq. Vay bizim halımıza, vay mürəttiblərimizin gününə, heyif oxucularımızın gözlərinin işığına. Helə bu belə.[3]

Hibrid dil

Azərbaycan dil islahatçılarının həll eləməyə çalışdığı digər bir böyük problem ərəb və fars sözləri, həmçinin qrammatikasından istifadəni tənzimləyən qaydaların çatışmazlığı idi.  Osmanlı poeziyası ilə bağlı qələmə aldığı tədqiqatlarda E. Gibb XIX əsrin ortalarına qədər “hər fars, ərəb sözünün bir Osmanlı sözü ola bildiyini” yazmışdı. “Beləliklə, bu iki klassik dildən söz və ifadələri əxz edərkən yazar tamamilə yalnız öz bilik və zövqünə uyğun davranır, proses hansısa ümumi qaydalarla tənzimlənmirdi.”.[4] Eyni proses ərəb və fars dillərinin lüğət tərkibindən sərbəst şəkildə faydalanmış Azərbaycan dili üçün də xarakterik idi. Gibbin fikrincə, ərəb-fars sözləri “ehtiyac olduğu üçün” türk dili qiyafəsində təqdim edilirdi. Bu, çox vacib qeyddir, ona görə ki, yazıçı əxz olunmuş ifadə və cümlələri Azərbaycan dilinin qrammatikasını tamamilə nəzərə almadan yaza bilirdi.  Dil islahatı baş verməzdən Azərbaycan dilində yazan yazıçılar və onların oxucuları ana Azərbaycan dilindən başqa mütləq Qurandakı ərəb sözlərini, üstəgəl farscanı mükəmməl bilməl idilər. Bunu isə ancaq təhsilli elit zümrə bacarırdı.

İslahatlar dövründən əvvəlki Azərbaycanın sonuncu böyük yazıçısı Abbasqulu ağa Bakıxanov (1794-1846) idi. Bakıxanov Qafqaz Canişinliyində xidmət edək ilk nəsil azərbaycanlılardan idi, amma Rusiya Cənubi Qafqazın işğalını yekunlaşdırana qədər yetkinləşib, boya-başa çatmışdı. Bakı xanlarından birinin oğlu olduğuna görə mükəmməl ənənəvi təhsil almışdı. Bakıxanov əsasən, hətta həyat yoldaşına şəxsi məktublarını belə, farsca yazırdı və o, həmçinin Azərbaycanın ərəbcə çox yazan sonuncu mədəniyyət xadimi idi. Onun əsərlərinin çox az qismi Azərbaycan dilində yazılmışdı. Bu əsərləri də müasir Azərbaycan oxucusunun ərəb-fars dillərindən əsaslı biliyi olmadan anlaması mümkün deyil. Nümunə üçün “Kitabi-Əsgəriyyə”nin girişindən, durğu işarələrini əlavə etməklə bir misal gətirək:

“Bu rəsmi dilaviz ilə firqeyi-ülul-əlbabə bəyani-mafilbal etmiş və əlvahi-zəmairi-ərbabül-bəsairə bu şiveyi-zövqəngiz ilə qələmi-ə’lam yürütmüş ki, çün məzmuni-hikmət məşhünil-ərvahi-cünudi məcənnədə təarifi-minha etmədən və “Ma təkərrümiha” ixtilafi dəlalət ilə xəl’əti-xilqəti-işbah geymədən rəqabeyi-zənciri-məhəbbət çəkmişlər və riyazi-vücudi-bəşəriyyədə və “həmdəhül-insanü fəkanə zülmən cəhulən” misdaqincə nihali-möhnət əkmişlər”.[5]

Nümunədə türk sözləri qara şriftlə verilib, qalan sözlər ərəb və fars dilindədir. Defis işarəsi ilə yazılan söz birləşmələri isə fars qrammatikasında izafət adlanan tərkibi bildirir. Hər bəndin sonundakı feillər Azərbaycan dilində olsa da, əslində, bütün ifadələr fars və ərəb dilindədir.

Aşağıdakı parçada görəcəyimiz kimi vasitəsiz nitqdən istifadə edəndə Bakıxanov sadə və anlaşılan üslubda da yaza bilirdi:

“Xülasə, ol məzlumə dedi:

Ey aşiqi-mehribanım! Bu sözlər fayda verməz. Bir fikir elə ki, sən bu yerə gəlmək üçün əlində bəhanə olsun və xalq bəd güman etməsin.

Dedi:

Ey yari-mehribanım! On şahi pul sənə verim, amma məni rədd etmə, hər vaxt gəlib ol məbləği mütalibə eyləsəm bir bəhanə ilə tə’xir et. Bəlkə bu vəsilə ilə bir-birimizi görmək müyəssər ola”.[6]

Bu nümunədə bilavasitə Azərbaycan sözləri daha çoxdur (qara şriftlə verilib), üstəlik, ərəb-fars dillərinə müraciət olunanda da artıq Azərbaycan dilində vətəndaşlıq hüququ qazanmış, savadsız insanların belə asanlıqla başa düşdüyü alınmalar istifadə edilib. Məsələn: fikir, xalq və ya vaxt. Azərbaycan dilindəki birinci şəxs mənsubiyyət şəkilçisi “im” ilə farsca izafətin birləşməsindən yaranan “aşiqi-mehribanım” və “yari-mehribanım” sözlərindən başqa fars dilindən gəlmə heç bir qrammatik birləşmə yoxdur.

Bakıxanovun dövründə bu cür sadə və asan başa düşülən üslub istisna idi. Təqdim olunan birinci parçadakı ərəb, fars və türk dillərinin birləşməsindən yaranmış hibrid dil daha geniş yayılmışdı. Lakin bu tip hibridlər müəlliflərin sərbəst istəyi və o dillərdəki bilik səviyyəsinə uyğun formlaşırdı. İkinci parçanın şıfahi dilin aşağı-yuxarı daha dəqiq təsviri olduğunu qəbul etsək, dövrün yazı və danışıq dilləri arasında böyük bir fərqin olduğu göz önündədir. Məhz yazılı dilə fars və ərəb sözlərinin, həmçinin qrammatikasının belə basqısını sonrakı nəsillərin ziyalıları durdurmağa cəhd edəcəkdi.

 İlk islahatlar (1857-1920)

Əlifba və orfoqrafiya islahatları

Azərbaycan dilində ilk islahatlar dövrü Mirzə Fətəli Axundzadənin (1812-1878) yazıları ilə başlanır. 1857-ci ildə o, ərəb-fars əlifbasının yaratdığı çətinliklərlə bağlı  (bir çox hərflərin oxşarlığı, yalnız diaktrik işarələrlə fərqlənməsi; bəzi saitlərin yazılmaması, yazılanların samitlərlə qarışdırılması; ümumiyyətlə bu əlifbanın oxuma-yazma vərdişlərinin yayılmasına yaratdığı çətinliklər və s.) “Ərəb, fars və türk dilindən ibarət olan İslam dilləri üçün yeni bir əlifba” adlı tənqidi məqalə yazdı.

Axundzadə dildə bir çox islahatlar aparmağın vacibliyini əsaslandırmağa çalışırdı. Onun fikirləri zaman keçdikcə tədricən təkmilləşirdi. 1871-ci ildə iki Osmanlı rəsmisinə yazdığı məktubdan göründüyü kimi Axundzadənin dil islahatı sadə və praktik idi və onu iki əsas prinsipə uyğun olaraq belə qruplaşdırmaq olar: a) dildəki bütün sait və samit səslərin hər birini ayrıca hərf ifadə etməlidir; b) hərflər bir-birindən asanlıqla ayırd olunmalıdır.[7]

Yeni əlifbanın görünüşü Axundzadə üçün çox da əhəmiyyətli deyildi. İran və Osmanlı rəsmilərinə yazdığı məktublarda Axundov özünün əlifba variantı ilə yanaşı dostu Melkum xanın da əlifbası variantını onlara təklif etmişdi. Lakin yazışmalarda Axundov təklif etdiyi meyarlara əsasən İran və Osmanlı rəsmilərini təkrar-təkrar öz əlifba versiyalarını da yaratmağa təşviq edirdi.[8] Müasirliyi ilə seçilən Axundzadə problemi həll edəcək bütün yeniliklərə və təkliflərə müsbət baxırdı.

Ərəb-fars əlifbası üzərində hər hansı islahatın İslama hücum kimi qəbul oluna biləcəyini düşünən Axundzadə daha bir həll yolu irəli sürürdü: o, din xadimlərinin ərəb əlifbasından istifadəyə davam etməsini, cəmiyyətin müasir düşüncəli kəsimlərinin isə yeni əlifbaya keçməsini təklif edirdi.[9] Onun fikrincə, müsəlman dünyası iki əlifbadan istifadə eləyə bilərdi. Hətta din xadimlərini ürkütməmək üçün o, yeni yazı sisteminin əlifba kimi yox, xəttatlıq, rəsm, sənətkarlıq nümunəsi kimi təqdim olunmasına da razı idi.

Axundzadənin bütün səylərinə baxmayaraq, onun sağlığında əlifba islahatı baş tutmadı, lakin Axundzadənin müsəlman dünyasında qısa müddətdə vüsət almış bir hərəkata öncüllük etdiyi şübhəsizdir. Bunu da vurğulayaq ki, o, təklif etdiyi islahatların yalnız Azərbaycanla məhdudlaşmasını istəmirdi. Onun layihəsi bütövlükdə “İslam dilləri” üçün – yəni ərəb, fars və türk dillərində islahat aparılmasını nəzərdə tuturdu və Axundzadə öz əlifbasını İran və Osmanlı rəsmilərinə şəxsən təqdim etmişdi. Dostu Melkum xanın yaratdığı əlifba isə Sədinin çox guman ki, “Gülüstan” əsərinin nəşrində sınaqdan çıxarılmışdı.[10] Həmin əlifbanın Azərbaycan və ya başqa türk dilləri üzərində tətbiq olunub-olunmadığını isə bilmirəm.

Məhəmməd ağa Şahtaxtlı 1902-ci ildə nəşr olunmuş bir kitabçada islahatın miqyasını belə təsvir edirdi:

“Əlifba islahatı ilə əlaqədar mübahisələr Qahirə, İstanbul, Tehran və s. kimi şəhərlərdə dərc olunan qəzetlərin səhifələrindən əskik olmurdu. Bəziləri ərəb əlifbasını əvəz edəcək tamam yeni bir yazı sistemi ixtira etməyin vacibliyi barədə danışır, digərləri latın və ya erməni əlifbasını məqbul sayırdı. Alim Münif Paşa ərəb dilinin samitləri və alman dilinin saitlərindən ibarət qarışıq bir əlifba təklif edirdi… Müsəlman dünyasında öz alimliyi ilə tanınan Bağdad müftisi Əbdürrəhman əfəndi öz ana dili olan kürd dilinin və digər dillərin də istifadə edə biləcəyi tamamilə yeni bir əlifba yaratdı”.[11]

XX əsrin əvvəllərində əlifba islahatı bütün müsəlman dünyasını bürümüş beynəlxalq hərəkata çevrilmişdi. Tamamilə yeni əlifba yaradılmasından tutmuş, mövcud olanlara, yaxud fərqli yazı sistemlərinin gözlənilməz sintezinə qədər çoxlu təkliflər irəli sürülürdü.

Bu kontekstdə, təbii ki, Azərbaycanda da əlifba islahatı geniş müzakirə olunurdu. Şahtaxtlı ərəb yazısına əsaslanan və Axundzadənin prinsiplərinə uyan yeni bir əlifba nəşr etmişdi; bu əlifbada bütün saitlər göstərilirdi, hərflər bitişik yazılmırdı, diakritik işarələr yox idi və s.[12] Şahtaxtılı bu əlifbanı həm ərəb, həm fars, həm də türk (o cümlədən Azərbaycan) dillərinin istifadəsi üçün tərtib etmişdi. Amma nəticədə bu təklif də bir çox başqa təkliflər kimi elə təklif olaraq qaldı. Çünki hır hansı dövlətin dəstəyi olmadan belə bir layihənin həyata keçirilməsi mümkün ola bilməzdi.

Yeni əlifba uğrunda hərəkat müsəlman dünyasında ciddi məsələ olsa da, əlifba islahatı özlüyündə son hədəf deyildi. Azərbaycan ziyalıları dərk edirdilər ki, yeni əlifba Avropanın texnoloji, hərbi və siyasi üstünlüyü nəticəsində  “geridəqalmışlığı” kəskin şəkildə nəzərə çarpmış cəmiyyətin nicatı üçün yeganə çarə deyil. 1909-cu ildə Ömər Faiq Nemanzadə yazırdı:

Tərəqqinin maneələrini əlifbada görənlər yalnız türklər olmamışdır. Avropalı qoca pedaqoq Leybnits ‘Mənə mükəmməl bir əlifba verin, mükəmməl bir dil verim, mükəmməl dil verin, mükəmməl bir mədəniyyət verim’ – sözlərinə tərəqqinin maneələrini bir növ əlifbada görür. Biz də qanırıq ki, tərəqqimizin əsil maneəsi yalnız əlifbamız deyil, amma əlifbamız hər halda tərəqqimizin maneələrindən biridir. Əcəba, mədəniyyətin ən yuxarı qatına çıxan yaponiyalılar, ingilislər əlifbalarından razıdırlarmı?[13]

Nemanzadə iddia edir ki, ərəb-fars əlifbası Azərbaycanda tərəqqiyə mane olan bir çox əngəldən sadəcə biridir. Fikrini əsaslandırmaq üçün hətta qeyri-qənaətbəxş əlifba sisteminə malik ölkələrin də uğurla tərəqqi edə bildiyini nümunə gətirir (Yaponiya, İngiltərə). Onun fikrincə, əlifba islahatı təhsili və yeni ideyaların yayılmasını asanlaşdırdığı dərəcədə müasirləşməyə yardımçı olar, lakin o, müasirləşmək üçün heç də ən vacib ilkin şərt deyil.

Əlifba problemi ilə əlaqədar söhbətlər durğu işarələri məsələsindən də yan keçmirdi. XIX əsrdə Azərbaycanda kitabların durğu işarəsi olmadan çap edilməsi bir norma idi. Misal üçün, Bakıxanov və Axundzadənin əsərləri heç bir durğu işarəsi olmadan dərc edilmişdi.[14] Yalnız Həsən bəy Zərdabi 1875-ci ildə Azərbaycanın ilk müstəqil qəzeti “Əkinçi”ni təsis etdikdən sonra durğu işarələrindən sistemli istifadə üçün ciddi səy göstərildi. Qəzetin səhifələrində Zərdabi Azərbaycan yazılı dili üçün aşağıdakı durğu işarələrini təqdim etmişdi[15]:

.nöqtə ?sual işarəsi
:iki nöqtə( )mötərizə
….buraxılmış yerlərtire
!nida işarəsidefis

Azərbaycanda dil islahatlarının tarixindən bəhs olunanda çox zaman durğu işarələrindən yan keçilir, lakin bu işarələr mətnlərin təşkilində, onların ifadə gücünün artırılmasında mühüm rol oynayır. Bu baxımdan Zərdabinin ixtirası da olduqca əhəmiyyətli bir nailiyyətdir.

Qrammatika və lüğət tərkibində əcnəbi elementlər

Axundzadə fars dilində çox yazırdı, Azərbaycan dilində də çox zaman ərəb-fars üslubunda yazırdı ki, bu da özündə müasir oxucuların bir çoxuna tanış olmayan leksik və qrammatik elementləri cəmləşdirirdi. Buna misal kimi “Kəmalüddövlə məktubları”ndan bir abzası sitat gətirək, burda Axundzadənin uydurma Hind şahzadəsi ərəb əlifbasını tənqid edir (türk sözləri qara şriftlə verilib):

“Bir əlac elə ki, İran əhli oxumağa qadir olsun. Bir əlac elə ki, bu bərbəriyyət zamanının əlifbasında e’rab hüruf ilə müttəsil yazılsın və nüqat küllən saqit olsun və hüruf əşkal ilə biduni-vasiteyi-nüqat, bir-birindən təşxis tapıb e’rab ilə müttəsil mərqum olsun, taki, hər kəs ədna müddət cüzvi ehtimam ilə, biistitaət olsa da, öz dilini oxuyub yazmağa qüdrət tapsın”.[16]

Bu mətndə Bakıxanovdan alınmış birinci nümunədən daha çox türk sözləri var və fars, ərəb dillərindən götürülərək artıq çoxdan yerli dildə oturuşmuş ifadələrə də türk dilinin qrammatik sonluqları əlavə olunub (əlifbasında, zamanının). Lakin mətnə fars dilinin izafət quruluşu (biduni-vasiteyi-nüqat), ərəb dilinin cəm halında işlənən sözləri (hüruf = hərflər; əşkal = şəkillər; nüqat = nöqtələr), eləcə də ərəb-fars dillərindən bixəbər oxucuya tanış olmayan bəzi nadir alınma sözlər (biistitaət ‘imkansız,’ e’rab ‘saitlər’) daxildir. Bütöv hissədə yalnız bir isim – dil (language) türk mənşəlidir.

Bununla belə, Axundzadə bədii əsərlərini danışıq dilində yazmağa səy göstərib. Pyeslər əsasən nitqlərdən ibarətdir və üzündən oxumaqdan çox ifa edilmək üçün nəzərdə tutulub. Axundzadə dialoqları mümkün qədər təbii verməyə cəhd göstərib, nəticədə Azərbaycan ədəbiyyatında gündəlik danışıq dilinin ilk nümunələrini yaradıb:

Tükəz: A kişi, nə qayırırsan? Bu yaraq-əsbabı qabağına niyə tökübsən?

Hacı Qara: Səfərim var, yola çıxacam!

Tükəz: De görüm hara gedəcəksən?

Hacı Qara: Sənə deməli deyil!

Tükəz: Necə deməli deyil? Quldurluğa getmirsən ki, məndən gizlirsən.

Hacı Qara: Elə bir zaddır.

Tükəz: Bəs elə zad isə, heç vaxt gedə bilməzsən! Dur ayağa, get dükanına, malını sat![17]

Türk əsilli sözlər bu hissədə çoxluq təşkil edir, ərəb-fars dillərindən alınma sözlər isə Azərbaycan dilində hamının başa düşdüyü ifadələrlə məhdudlaşıb – zad, dükan. Daha əhəmiyyətlisi odur ki, qrammatika aydındır, danışıq üslubundadır və tamamilə Azərbaycancadır.[18]

İlk dəfə Axundzadənin pyeslərində görünən aydın, arasıkəsilməz üslubun növbəti böyük ardıcılı Həsən bəy Zərdabi oldu. “Əkinçi”də o, danışıq dilinə yaxın jurnalist üslubunu inkişaf etdirməyə cəhd göstərdi. Misal üçün, aşağıdakı xəbər parçası “Əkinçi” qəzetinin 1876-cı ildə dərc olunmuş bir nüsxəsindən götürülüb:

“Amerikadan yazırlar ki, Cəmahiri-Müttəfiqə dövlətin sakinlərinin qədəri qırx milyondur. Amma orada 7643 qəzet çap olunur, lakin tamam Avropa, Asiya və Afrika qitələrində ki, bir neçə yüz milyon sakin var, ol qədr qəzet çap olunmur. Buna səbəb oldur ki, zikr olan dövlətin xalqı tamam oxuyubdurlarhər gündə qəzet alıb oxuyur”.[19]

Bu abzasda cəmi bircə izafət (“Cəmahiri-Müttəfiqə”, yəni “Birləşmiş Ştatlar”) var, onu saymasaq qrammatika bütövlükdə azərbaycancadır. Zərdabi tabeli cümlələr qurmaq üçün fars dilindəki ki, ərəb dilindəki bağlayıcısından sərbəst istifadə edir, lakin bu qrammatik quruluşların hər ikisi uzun zaman öncə götürülmüşdü deyə XIX əsrdə artıq əcnəbi birləşmə hesab olunmurdu.

Zərdabinin çox zaman ərəb-fars leksikonundan qaçınması o dövrdə Qərb dillərinin artan təsiri ilə bağlıdır. Özünün fəlsəfi yazılarında Axundzadə də Avropa sözlərindən, onların rus, yaxud fransız dilindəki şəkillərindən istifadə edirdi: patriot, revolyusiya, sivilizasyonelektriçestva. O, hətta Avropa neologizmlərinin Azərbaycan və fars dillərində lüğətini də tərtib etmişdi. Yuxarıda sitat gətirdiyimiz parçada istifadə olunmuş qəzet milyon kimi sözlərdən başqa Zərdabi öz oxucularını birjə, tamojni, konfrans, bank, muzey, universitet[20] və başqa bir çox Avropa və rus sözləri ilə də tanış edirdi.

Sadə yazı dili uğrunda hərəkatın əksinə gedənlər də vardı, bir çox Azərbaycan ziyalıları hələ də ənənəvi dominantlığa malik ərəb-fars tərzinə üstünlük verirdi. Axundzadə və Zərdabinin sadələşdirilmiş dili praktik üstünlüyə malik idi və geniş kütlələr tərəfindən daha asan mənimsənilirdi. Ənənəvi yazı dili ərəb-fars dillərini bilən yüksək təhsilli oxucu kütləsinə hesablanmışdı, lakin bunun böyük üstünlüyü onda idi ki, bu dil Azərbaycanın sərhədlərindən kənarda da ziyalılar tərəfindən yaxşı anlaşılırdı.

Ənənəvi yazı tərzinin əsas tərəfdarlarından biri Əli bəy Hüseynzadə idi. Aşağıda onun təsis etdiyi “Füyuzat” qəzetinin 1906-cı ildə dərc olunmuş ilk sayında yer almış məqaləsindən bir parçanı təqdim edirik:

“Rusiyanın xaricində və daxilində vaqe’ olan əhvala bir nəzəri-diqqətlə baxılırsa, görünür ki, bunların əksəri, bəlkə kaffesi rus-yapon müharibəsilə Rusiya hərəkati-inqilabiyyəsi kibi iki vəq’eyi-üzmanın ə’lan davam edən asarından, əks-sədasından başqa bir şey degildir: Şərqi-əqsadə yaponlar Koreya və Mancuriya əndişəsindən xilas olub nəzəri-cahangiranələrini başqa məmalikə əz cüm Filippin cazairinə çeviriyorlar, bir az amerikalılar ilə bozuşuyorlar”.[21]

Burada biz bir daha fars izafət tərkibi (məsələn, vəq’eyi-üzma, Şərqi-əqsadə) və ərəb dilində cəm halında işlənmiş sözlər (məmalik = məmləkətlər, asar = əsərlər) kimi bir çox əcnəbi elementlər aşkar edirik. Osmanlı türkcəsinin də təsiri (kursivlə verilib) həmçinin Azərbaycanca kimi əvəzinə kibi, deyil əvəzinə degil seçimində, – yor – indiki zaman sonluq şəkilçisinin işlənməsində və s. aydın şəkildə hiss olunur. Bu üslub türkdilli dünyada vahid dildən istifadəni dəstəkləyən Krım tatarı İsmayıl Qaspıralı və türk siyasi mütəfəkkiri Ziya Gökalp tərəfindən də bəyənilir və dəstəklənirdi.

Quranın 1908-ci ildə Azərbaycan dilinə olunmuş ilk tərcüməsinin icmalında Zərdabinin qardaşı oğlu Rəhim bəy Məlikov da əmisinin islah etməyə çalışdığı hibrid dilin davamlı istifadəsindən şikayət edirdi:

“Bizim bədbəxtliyimiz ondadır ki, biz hələ də dilimizi istifadəyə gətirə bilmirik, o dili ki, hər bir Azərbaycan tatarı (türkü) həmin lisanda danışır. Bizim atalarımız bizi ərəb və farscaya məcbur edirlər; onlar özlərinin pan-müsəlman dili yaratmaq kimi uşaqcasına avam və utopik arzularından vaz keçə bilmirlər”.[22]

Lakin “pan-müsəlman” dilini yaratmaq arzusu tezliklə Azərbaycanda bəyənilməkdən və himayə olunmaqdan çıxacaqdı. Altştadtın da qeyd etdiyinə görə, Axundzadə və Zərdabi kimi islahatçılarla təmsil olunan “lokalistlərin” düşüncələri Əhməd bəy Ağaoğlu və Əli bəy Hüseynzadə kimi nüfuzlu “osmançıların” Türkiyəyə mühacirətindən sonra (müvafiq olaraq 1908 və 1910-cu illərdə) aparıcı mövqeyə çevrildi.[23]

Bundan sonra yeni problem – Avropa və rus sözlərinin axını meydana çıxdı. Axundzadə və Zərdabi bu sözləri dilə gətirən ilk nüfuzlu ədiblər olmuşdu, lakin onlar bunu o zaman edirdilər ki, Azərbaycan dilində ekvivalentini (qarşılığını) tapa bilmirdilər. Təhsil almaq üçün Rusiya və Avropaya daha çox ziyalı səyahət etdikcə rus, fransız və alman dilləri sanki ərəb-fars dilinin Azərbaycanda oynadığı rolu tədricən mənimsəyirdi, yəni rus, fransız, alman dillərindən Azərbaycan dilinə yazarların zövq və istəyinə uyğun söz və qrammatik tərkiblər gətirilirdi. Krım-tatar yazıçısı Qaspıralı 1895-ci ildə yazırdı ki, gənc nəsil ərəb və farscanın yerinə fransız və almancanı öz dilinə o qədər qarışdırıb ki, siz tezliklə belə bir cümlə eşitsəniz təəccüblənməyin (fransızca və almanca qara şriftlə): “Morgen aujourd’hui kirchwasser bois eylədim.”[24] Nəriman Nərimanov iddia edirdi ki, iyirminci əsrin əvvəlində aşağıdakı növ dil geniş yayılmışdı (rus dili qara şriftlə):

“Mən hələ obed eləməmişdim, vizitni kartoçka gəldi ki, madam Pankova səni veçerə priqlasit eləyir, gəlməsən obijatsya olar… İsbalşim udovolstviyem soqlasiya zayavit eliyoruz… Qospadin predsedatelin mneniyası komissiya naznaçit eləməkdir…”[25]

Azərbaycan dilinin söz bazasını tənzimləmək üçün sistemli səylərin yalnız sovet dönəmində başlayacağına baxmayaraq, dilin yazılı forması nitqə nisbətdə hər zaman mühafizəkardır, ona görə də bu yeni hibrid dil yazılı standart üslubunda geniş istifadə imkanı qazanmayıb.

Nəticə

Dil islahatından əvvəl Azərbaycan dilinin yazılı forması ərəb, fars və türk dillərinin qarışığından ibarət olduğuna görə ali təhsil almayan insanlar tərəfindən başa düşülmürdü. Yazılı dil Azərbaycan fonologiyasına (xüsusən sait sisteminə) yad ərəb-fars əlifbası ilə ifadə olunurdu, bu səbəbdən də oxucu mətni anlamaq üçün öz təcrübəsinə və mətnin məzmununa əsaslanmaq məcburiyyətində qalırdı. Yazı dilində islahat aparılması dilin müasirləşdirilməsi (modernləşdirilməsi) istiqamətində atılmalı vacib addım kimi qarşıda dəyərləndirlirdi. Bu addımın atılması geniş yayılmış savadsızlığın aradan qaldırılmasını və müsbət ideyaların yayılmasını asanlaşdırma üşün vacib sayılırdı.

Əlifba islahatı sovet dövrünə qədər həyata keçirilməsə də, Axundovun təklif etdiyi təkmilləşdirmələr müsəlman aləmində sonralar reformalara yol açacaq beynəlxalq səviyyəli debatlara təkan verdi. Birinci Dünya Müharibəsi qurtarana qədər vahid əlifba layihəsi sistemli həyata keçirilməsi üçün lazım olan siyasi dəstəyi qazana bilmədi, ancaq Axundovun prinsipləri nəticə etibarilə Sovet İttifaqında, Türkiyədə və Çindəki milli azlıqlar arasında əlifba sahəsində islahatların nəzəri əsasını qoydu.

Sovet dövründən öncə yaşamış islahatçılar Azərbaycan türkcəsinin leksik-qrammatik sisteminin təkmilləşdirilməsində daha böyük uğurlara imza atmışdılar. Axundovun pyesləri şifahi dili işlətmək baxımından ilk ədəbiyyat nümunələri olmuşdu. Zərdabi isə Axundovun aydın danışıq dili əsasında yeni mətbuat və akademik üslubları inkişaf etdirməyə başlamışdı. Sonrakı dövrlərdə ərəb-fars dillərinin təsiri hələ qalsa da, həmin dillərdən həm leksik, həm də qrammatik baxımdan hansı əxz etmələrin Azərbaycan dilinə uyğun gəlib-gəlmədiyini tənzimləmək üçün normalar işlənib hazırlandı. İslahatçıların səyləri nəticəsində dildə “lokalist” cərəyan artıq prioritet olmuşdu və sonradan, yəni artıq sovet dövründə rəsmi dövlət siyasətinə çevriləcəkdi.

İstifadə olunmuş ədəbiyyat

  1. Altstadt, Audrey L. The Politics of Culture in Soviet Azerbaijan, 1920-1940. Oxford: Routledge, 2016. Kindle Edition.
  2. Axundzadə Mirzə Fətəli. Əsərləri, I-III cild. Bakı: Şərq-Qərb, 2005.
  3. Bakıxanov Abasqulu ağa. Seçilmiş əsərləri. Bakı: Yazıçı, 1984.
  4. Çobanzadə Bəkir. Seçilmiş əsərləri, I-V cild. Bakı: Şərq-Qərb, 2007.
  5. Əkinçi, 1875-1877. Bakı: Azərnəşr, 1979.
  6. Füyuzat (1906-1907). Bakı: Çaşıoğlu, 2006.
  7. Gaspıralı İsmail. Seçilmiş Eserleri, v. III. İstanbul: Ötüken, 2008.
  8. Xudiyev Nizami. Azərbaycan ədəbi dili tarixi. Bakı: Maarif, 1995.
  9. Lewis, Geoffrey. The Turkish Language Reform: A Catastrophic Success. Oxford: Oxford University Press, 2010.
  10. Məmmədquluzadə Cəlil. Əsərləri, I-III cild. Bakı: Az SSR Elmlər Akademiyası, 1967.
  11. Nemanzadə Ömər Faiq. Seçilmiş əsərləri. Bakı: Şərq-Qərb, 2006.
  12. Şahtaxtlı Məhəmməd ağa. Seçilmiş əsərləri. Bakı: Çaşıoğlu, 2006.
  13. Ахундов М. Ф. Избранные философские произведения. Баку: Азернешр, 1982.
  14. Бакиханов А. К. Сочинения, записки, письма. Баку: Элм, 1983.
  15. Меликов Рагим бек. Память будет почтена… Баку: Язычы, 1987.

[1] Xudiyev, Azərbaycan ədəbi dili tarixi, səh. 397

[2] “Molla Nəsrəddin”, 5 April, 1909, № 14, from Məmmədquluzadə, Əsərləri, v. II, p. 353, 731

[3] “Molla Nəsrəddin”, 28 June, 1914, № 21, from Məmmədquluzadə, Əsərləri, v. II, pp. 600, 743

[4] quoted in Lewis, The Turkish Language Reform, p. 7

[5] Bakıxanov, Seçilmiş əsərləri, səh. 121

[6] Bakıxanov, Seçilmiş əsərləri, səh. 125

[7] Axundzadə, Əsərləri, v. III, səh. 153

[8] Axundzadə, Əsərləri, v. III, səh. 188

[9] Axundzadə, Əsərləri, v. III, səh. 152

[10] Şahtaxtlı, Seçilmiş əsərləri, səh. 418

[11] Şahtaxtlı, Seçilmiş əsərləri, səh. 420-421

[12] Şahtaxtlı, Seçilmiş əsərləri, səh. 415-416

[13] Nemanzadə, Seçilmiş əsərləri, səh. 165

[14] Xudiyev, Azərbaycan ədəbi dili tarixi, səh. 346

[15] Xudiyev, Azərbaycan ədəbi dili tarixi, səh. 386-387

[16] Axundzadə, Əsərləri, v. II, səh. 46

[17] Axundzadə, Sərgüzəşti-mərdi-xəsis, quoted in Xudiyev, Azərbaycan ədəbi dili tarixi, p. 366-367

[18] The hyphenated yaraq-esbabı is not a Persian izafet, but simply a compound word.

[19] “Əkinçi”, 1 January, 1876, from Əkinçi, 1875-1877, p. 104

[20] Xudiyev, Azərbaycan ədəbi dili tarixi, səh. 384

[21] “Füyuzat”, 1 November, 1906, № 1, from Füyuzat (1906-1907), p. 4

[22] “Сегодня”, 6 June, 1908, № 37, from Меликов, Память будет почтена…, c. 77

[23] Altstadt, The Politics of Culture in Soviet Azerbaijan, 1920-1940, loc. 898-904

[24] Gaspıralı, Seçilmiş Eserleri, v. III, p. 40

[25] Xudiyev, Azərbaycan ədəbi dili tarixi, səh. 403

Paylaş
FacebookTwitter

Facebook Comment

abunə olun

BRI yerli və beynəlxalq auditoriyaya Azərbaycanla bağlı təhlil, rəy və araşdırmalar təqdim etmək məqsədi daşıyan müstəqil ekspertlər tərəfindən yaradılmış beyin mərkəzidir.

bg
For the full operation of the site you need to enable JavaScript in your browser settings.