fbpx

TƏRCÜMƏ

TƏRCÜMƏ

Berklinin Hilas və Filonus arasında üç dialoq əsərinin tərcüməsinə ön söz

Read this article on other language
Download article
image_pdf
image_pdf

Corc Berkli [ingiliscə: George Berkeley] (1685-1753) erkən modern dövrun məşhur britaniyalı filosofudur. O, Dekart, Lokk, Malbranş kimi filosoflarının əvəzedilməz tənqidçisi olmaqla yanaşı, fikirləri ilə özündən sonrakı filosofların görüşlərinə də ciddi təsir göstərmişdir. Bununla belə, Berkli fəlsəfə tarixində daha çox məhz özünəməxsus idealist bir fəlsəfi sistem yararadan filosof kimi yadda qalmaqdadır. Daha çox diqqət mərkəzinə düşmüş əsas fəlsəfi fikirlərini o, iki əsərində İnsan idrakının prinsipləri ilə bağlı traktat (Treatise Concerning the Principles of Human Knowledge) və dilimizə ilk tərcüməsi sizə burada Bakı Araşdırmalar İnstitutu tərəfindən təqdim edilən Hilas və Filonus arasında üç dialoq (Three Dialogues between Hylas and Philonous) əsərlərində vermişdir.

Berkli idealizminin əsas tezislərini yığcam olaraq aşağıdakı kimi təqdim etmək olar:

a) Materiya və ya maddi şeylər sadəcə olaraq mövcud deyil;

b) Maddi hesab etdiyimiz gerçək şeylər, əslində maddi deyil, qavranılan ideyalardır;

c) Mövcud olmaq elə qavranılan olmaqdır;

d) Gerçəklik yalnız zehinlərdən (ruhlardan) və onların ideyalarından ibarətdir;

e) Substansiya olaraq Zehin vahid və sonsuzdur, yəni Allahın özüdür.

Bu tezisləri ilk baxışdan rahat olaraq ayrı-ayrılıqda təqdim etmək mümkün görünsə də, Berklinin fəlsəfi yaradıcılığında, bir filosofun fəlsəfi fikirlərin təbiətinə uyğun olaraq, onlar bir-biri ilə sıx əlaqədədir. Bu yazıda biz həmin tezislərin izahı ilə tanış olacağıq və bu zaman bizim onlar arasındakı əlaqəni daha yaxşı anlamaq imkanımız da olacaqdır. Həmçinin, ümid edirik ki, bu izah “Hilas və Filonus arasında üç dialoq” əsərinin (bundan sonra qısaca HFD) Azərbaycan dilində olan tərcüməsinə giriş mətni olaraq, oxucu üçün həmin əsərin özünü daha yaxşı başa düşməkdə yardımçı olacaqdır.

Yuxarıda qeyd edilən əsas tezislər haqqında bəhs etməmişdən əvvəl HFD-nin yazılış forması haqqında qısaca onu deyək ki, adından da göründüyü kimi əsər iki obraz – Hilas və Filonus – arasındakı dialoqlardan ibarətdir. Bu əsərdə Berkli öz fikirlərini Filonus obrazının dili ilə təqdim və müdafiə etməyə çalışır. Hilas obrazının diliilə isə əsərdə əsasən Lokk, həmçinin Dekart və Malbranş kimi erkən modern dövrün nəhəng filosofların fikirləri təqdim edilir. Hilasın əsas işi Filonusa opponentlik etmək olsa da, o sonda Filonusun dedikləri ilə razılaşır.

Əsərdə təqdim olunan əsas fikirlərə keçməmişdən əvvəl bir mühüm məsələni də qeyd etmək yerinə düşər ki, Berklinin HFD-ni yazmaqda əsas məqsədi, əsərin başlıq hissəsindən də göründüyü kimi, skeptisizm və ateizmi  –  ki, bu mövqelər Hilas obrazının dili ilə təqdim edilir – inkar etmək idi. Skeptiklər belə hesab edirdilər ki, biz şeylərin əsl təbiəti haqqında biliklərə malik ola bilmərik, çünki şeylər bizə duyğularımız və digər zehni xüsusiyyətlərimiz vasitəsi ilə verilir. Həm duyğularımız, həm də təxəyyül etmək, düşünmək kimi zehni xüsusiyyətlərimiz isə bizə şeylərin özü haqqında deyil, onların zehnimizdəki təzahürləri haqqında məlumat verir. Daha pisi isə odur ki, gerçəkliyin özünə zehni xüsusiyyətlərimizdən kənar toxunmaq imkanımız yoxdur. Başqa sözlə, heç kim öz zehnini və ya ruhunu kənara qoyub, gerçəkliyə başqa pəncərədən boylanmaq imkanına malik deyil. Digər tərəfdən, lap belə bir imkanımız olsaydı belə, onda da həmin başqa pəncərənin təzahürləri gerçəkliklə bizim aramızda pərdə kimi dayanmış olardı. Ona görə, skeptiklər düşünürdülər ki, biz şeylərin gerçək təbiəti haqqında biliklərə sahib ola bilmərik. Berklinin əsas hədəflərindən biri erkən modern dövrdə əsasən Lokk fəlsəfəsindən qaynaqlanıldığı düşünülən bu skeptisizmi rədd etmək idi.

Artıq qeyd etdiyimiz kimi, skeptisizmlə yanaşı, Berkli HFD-də ateizmi də tənqid hədəfi kimi görür. Ancaq burada nəzərə almaq lazımdır ki, “ateizm” dedikdə, Berkli tək Allahın mövcudluğunu və ilahi olanı inkar edən baxışlar sistemini deyil, eyni zamanda deizmi də nəzərdə tutur. (Deistlər belə hesab edirdilər ki, Allah var, ancaq o, dünyanı yaratdıqdan sonra onun işlərinə qarışmır.) Dialoqlardan görünür ki, ateizmi tənqid etməklə, Berkli eyni zamanda dini müdafiə etməyə çalışır və hesab edir ki, onun söylədikləri həm də Allahın varlığının sübutu olacaqdır.

Berkli belə hesab edirdi ki, skeptisizmə və ateizmə yol açan əsas amil filosofların materiyaya inamıdır. Onun fikrincə, materiya substansiya olaraq mövcud deyil. (Materiya və ya maddi substansiya dedikdə, filosoflar zehindən kənar şeylərin və onların keyfiyyətlərinin əsasında dayanan maddi əsası nəzərdə tuturlar. Materiyanın əsas xüsusiyyətləri zehindən kənar olmaq, müstəqil mövcudluq, qavranılmazlıqla yanaşı, onun ölçüyə və ya yertutuma malik olmasındadır.) Dialoqların elə başlanğıc hissələrindəcə Berkli  Filonus obrazının dili ilə oxucuya materiyanın mövcudluğuna inanmadığını inadkarlıqla çatdırmağa çalışır: “Mən ciddi şəkildə inanıram ki, filosoflların “maddi substansiya” kimi adlandırdıqları bir şey mövcud deyil” (I dialoq). Berklinin baxışına görə, materiyaya inam skeptisizmin ona görə mənbəyidir ki, biz onun və zehindənkənar maddi şeylərin mövcudluğunu güman etməklə, dolayı yolla ideyalarımızla dünya arasında uçurum olduğunu iddia etmiş oluruq. Çünki əgər materiya varsa və gerçək şeylərin əsasında dayanırsa, həmçinin o, substansional olaraq ideya və zehindən fərqlidirsə – ki, o, tərifinə görə belə də olmalıdır –, onda biz necə bilə bilərik ki, şeylər haqqında olmalı olan və  ideyalardan təşkil olunmuş biliklərimiz qavranılmaz və zehindən kənar şeylərə uyğundur? Daha sadə desək, əgər baxdıqda, eşitdikdə, düşündükdə və ya digər cür zehni fəaliyyət zamanı, bizə verilən şeylərin özü deyil, onlar haqqında olan ideyalardırsa, onda necə güman edə bilərik ki, bizim biliklərimiz, yuxarıdakı metafora ilə davam etsək, pərdə arxasında qalan şeylərə uyğundur? Beləliklə, Berkliyə görə, materiyanı var saymaq və onu varlığın əsasında dayanan substansiya kimi qəbul etmək ideyalarımızın toxuna bilməyəcəyi nəsnənin mövcudluğunu güman etməkdir – ki, bu da skeptisizmə yol açır.

Berklinin materiyaya inanmamasının səbəbi kimi onun ardıcıl empirisist olmasını da qeyd etmək olar.[i] Empiristlər belə hesab edirdilər ki, dünya ilə bağlı bilik və təsəvvürlərimizin əsas mənbəyi hisslərimizdir (yaxud duyğularımızdır). Berkli də empirisist filosof olaraq düşünür ki, madam materiya, tərifinə görə, hisslər vasitəsilə qavranılmazdır, yəni empirik olaraq təsbit edilməzdir, onda onun mövcudluğunu söyləmək qeyri-empirik iddiadır; başqa sözlə, empirik prinsiplərə uyğun deyil. Empirik prinsiplərə uyğun gəlməyən anlayışın isə gerçəklikdə nəyisə bildirdiyini iddia etmək doğru olmazdı. Ona görə də materiya, Berkliyə görə, sadəcə gerçəkliyə uyğun gəlməyən bir abstraksiyasıdır.

Burada mühüm bir məsələ kimi qeyd etmək lazımdır ki, Berklinin materiyanı inkar etməsi onun xarici dünyanın (ağacların, evlərin, ulduzların və s.) mövcudluğunu inkar etməsi anlamına gəlmir. Berkliyə görə, ətrafımızda müşahidə etdiyimiz nəsnələr mövcuddur, sadəcə olaraq onların mövcudluğu maddi deyil, idealdır. Ağac, stol, çörək və gündəlik həyatımıza aid digər nəsnələr, eyni zamanda onların bizə hisslərimiz vasitəsi ilə verilən keyfiyyətləri – rəngi, iyi, tamı, forması və s. – ideyalardır. Daha dəqiqi, Berklinin fikrincə, hərəsinə müxtəlif adlar seçdiyimiz, ətrafımızdakı əşyalar əslində bizə hisslərimiz vasitəsilə verilən sadə ideyalardan təşkil olunmuşdur. Məsələn, alma ideyası onun bizə görmə ilə verilən rəngi və forması, dadbilmə hissimizlə verilən tamı, lamisə ilə verilən bərkliyi, iybilməmizlə verilən iyindən təşkil olunub. Beləliklə, Berkliyə görə, xarici dünya mövcuddur, sadəcə o, maddi nəsnələrdən deyil, ideyalardan ibarətdir.

Berklini oxuyarkən nəzərə almaq lazımdır ki, “ideya” termini onun əsərində xüsusi məna daşıyan fəlsəfi bir termindir. “İdeya” dedikdə, o, hissiyatın birbaşa obyektlərini nəzərdə tutur və onları iki yerə bölür: hisslərimizin məzmunu – məsələn, gördüyümüz hansısıa obyektin rəngi, forması və s. – və onların yaddaş və təxəyyüldəki kopyaları. Berkliyə görə, ideyaları bütövlükdə anlayışlardan fərqləndirmək lazımdır. Sonuncular zehnin hiss və təxəyyül üzərindəki refleksiv fəaliyyəti nəticəsində əldə edilir, hisslərlə birbaşa verilmir. Məsələn, Allah anlayışını refleksiya və düşünmə ilə əldə etmək olar.

Berkli hissi səciyyə daşıyan ideyaların iki əsas xüsusiyyəti olduğunu vurğulayırdı: süstlük zehindən asılılıq. İdeyalar süstdürlər, ona görə ki, onlar özləri nəyəsə səbəb ola bilmir. Düzdür, burada iddia oluna bilər ki, tez-tez müşahidə etmək olur ki, bir ideya başqasının səbəbidir. Məsələn, sarı lətli limon görmək ağızda müvafiq hissiyyatın yaranmasına səbəb kimi gətirilə bilər. Başqa sözlə, limon ideyası ilk baxışdan ağız hissədə lokallaşdığını hesab etdiyimiz müvafiq ideyanın yaranmasının səbəbi kimi görünür. Ancaq Berkli belə hesab edir ki, bu, sadəcə bir ideyanın digər ideyanı əvəz etməsindən və ya onların bir-birlərini müşayiət etməsindən başqa bir şey deyil; ideyalar süst olduğundan onlar bir-birlərinin səbəbi ola bilməz. Bəs, yaxşı, onda ideyaların səbəbi nədir? Berkliyə görə, bu sualın cavabını ruh və ya zehnin fəaliyyətinə baxmaqla tapmaq olar. Başqa sözlə, ideyaların bir-birini əvəzləməsinin səbəbi elə ruh və ya zehindir.[ii] Zehnin əsas işi, Berklinin fikrincə, ideyaları qavramaqdır. Qavramaq (ingiliscə, perceive) terminini Berkli burada geniş mənada işlədir. Belə ki, o, qavrayışı tək hissiyyata deyil, dərketmə, təxəyyületmə, xatırlama və digər koqnitiv fəaliyyətlərə də aid edir. Berkliyə görə, zehinlə ideyalar arasında iki cür səbəb əlaqəsi var ki, onun da hər ikisi qavramağın müxtəlif növləri ilə bağlıdır: zehin ya ideyaları onlara özü səbəb olmaqla qavrayır – məsələn, nəyisə xatırladıqda sizin zehniniz xatırladığınız ideyaya səbəb olur; ya da ideyalar tərəfindən təsirə məruz qalmaqla qavrayır – bu halda zehnimiz Allah tərəfindən ideyalara məruz qoyulur; məsələn, bir alma gördükdə, biz Allah tərəfindən alma ideyasına məruz qalırıq.

İdeyaların digər əsas xüsusiyyəti, yuxarıda qeyd edildiyi kimi, zehindən asılılıqdır. Berkli burada zehindən asılılıq dedikdə, ideyaların zehin olmadan, müstəqil şəkildə mövcud ola bilməməsini nəzərdə tutur. O, bununla bağlı özünün bəlkə də ən məşhur olan fikrini latınca belə ifadə edir: Esse est percipi –  yəni, mövcud olmaq qavranılmaqdır. Hərçənd, bu heç də o anlama gəlmir ki, ətrafımızdakı əşyaların mövcudluğu məhz bizim onları qavramağımızdan asılıdır. Qarşımdakı stolu, qələmi və kompyuteri mən və başqaları qavramasa belə, bu, onların mövcud olmaması anlamına gəlmir. Çünki o şeyləri bizdən fərqli olaraq daim qavrayan, qeyri-məhdud bir Zehin vardır – ki, o da Allahdır. Deməli, Berkliyə görə, şeylərin mövcudluğu sizin, mənim və digər subyektlərin zehnindən deyil, Allahın zehnindən, Allahın onları qavramasından asılıdır. Əslində, bizim zehnimizin ideyalar yaratmağının da əsl səbəbi Allahdır, çünki Allah daim qavramaqla ideyalar yaradır ki, həmin ideyalar da zehinlərimizə təsir edərək onlar tərəfindən yaradılan digər ideyaların ortaya çıxmasına səbəb olur.

Deməli, Berkliyə görə, dünya ideyalarla yanaşı, onları qavrayan və ya dərk edən ruhlardan, başqa sözlə, zehinlərdən də ibarətdir ki, həmin zehinlər içərisindən də Allah adlandırdığımız biri imkanlarına görə qeyri-məhdud və əsasdır. İnsani olaraq bizim zehnimiz məhdud olsa da və şeylərin mövcudluğunu təmin etmək imkanına malik olmasa da, qeyri-məhdud zehin olan Allah dünyanı qavramaqla onu var etmiş olur və nə qədər ki Allah dünyanı qavramaqdadır, dünya öz mövcudluğunu sürdürür.

Beləliklə, Berkli HFD-də öz metafizik sisteminin yuxarıda beşlik formasında təqdim olunan tezislərini daha da inkişaf etdirir. Elmdən bəhrələnən materialist fəlsəfənin inkarına yönəlmiş Berkli metafizikası şeylərin maddi gerçəklik olaraq deyil, ideyalar olaraq mövcud olduğunu iddia edir, mövcud olmağın zəruri şərtinin qeyri-məhdud ilahi Zehin tərəfindən – ki, o həm də  Berkliyə görə yeganə substansiyadır  –  qavranılmaqda görür.

Berklinin azərbaycan dilində oxuculara təqdim olunan dialoqlar formasında yazılmış bu əsərinin yaşı üç yüz ildən artıq olsa da, o, indi də filosoflar tərəfindən maraqla oxunmaqdadır. Fəlsəfə tarixində özünəməxsus əhəmiyyətli yer almaqla, Berkli HFD-də təqdim etdiyi fikirlər ilə tək özündən sonra gələn Yum (Hume) və Kant kimi olduqca məşhur filosoflara deyil, həm də çağdaş dövrün bir çox filosoflarının fikirlərinə də təsir göstərib. Ona görə də Berklinin çağdaş dövrdə aktuallığını itirdiyini söyləmək yanlışlıq olardı. HFD Berklinin əsas ideyalarının təqdim olunduğu mərkəzi əsərlərindən biri olmaqla yanaşı, dilinin sadəliyinə görə qabaqcıl universitetlərin bir çoxunda fəlsəfə ixtisası üzrə təhsil alan ilk kurs tələbələrinə də oxunması çox zaman tövsiyə olunur və təsadüfi deyil ki, o, dünyanın onlarca müxtəlif dillərinə tərcümə edilmişdir. Ümid edirik ki, azərbaycandilli oxucu da bu əsərdən öz payını alacaqdır.

Istinadlar

[i]Grayling, A. C. (2005).Berkeley’s argument for immaterialism. The cambridge companion to Berkeley, səh. 176.

[ii]Bax Treatise Concerning the Principles of Human Knowledge,səh. 26.

Paylaş
FacebookTwitter

Facebook Comment

abunə olun

BRI yerli və beynəlxalq auditoriyaya Azərbaycanla bağlı təhlil, rəy və araşdırmalar təqdim etmək məqsədi daşıyan müstəqil ekspertlər tərəfindən yaradılmış beyin mərkəzidir.

bg
For the full operation of the site you need to enable JavaScript in your browser settings.