fbpx

Cəmiyyət

Cəmiyyət

Azərbaycanda bayker və rok submədəniyyətləri

Read this article on other language
Download article
image_pdf
image_pdf

Bayker və rok submədəniyyətlərini demək olar ki, eyni dəyərlər toplusu, geyim kodeksi, davranış və əxlaq normaları birləşdirir. Bayker submədəniyyəti ilə rok musiqisinin metal janrının pərəstişkarlarının ərsəyə gətirdiyi metalhed submədəniyyəti arasında mövcud olan mədəni əlaqə çox yaxındır. Elə buna görə də bayk şouların, motofestivalların pley-listinin əsasını həmişə rok musiqisi təşkil edib, rokçular isə nəqliyyat vasitəsi olaraq daha çox motosikletlərə üstünlük veriblər. Bayker və metalhedlərin zahiri görünüş və geyim kodeksi (uzun saç və saqqal, bədən əzalarındakı xüsusi məna daşıyan döymələr, dəri materiallardan geyimlər, dəri əlcəklər və s.), xüsusi slenq və danışıq tərzi, əxlaq və davranış normaları, spesifik maneraları bir-birinə çox oxşayır. Hər iki submədəniyyət Azərbaycanda həm sovet, həm də müstəqillik dövrlərində müəyyən vaxtlarda cüzi, müəyyən vaxtlarda isə kütləvi şəkildə mövcud olub.

Rok submədəniyyətinin xüsusi mənəvi dəyərləri, tərzi, norma və qaydaları birləşdirən bir fenomen olması, hər şeydən öncə insanın dövlətin qoyduğu normalara etiraz etməklə öz həyat tərzini seçmək azadlığını ehtiva etdiyi barədə fikirlər mövcuddur. Rus kulturoloq və filosof Georgi Knabe rokun müəyyən bir mədəni mühitdə fundamental prinsiplərə müqavimət göstərən sosial-mədəni amil olduğunu bildirib.[1] Sovet rokunda protest motivlərinin olması onların andeqraundda fəaliyyətinə gətirib çıxarırdı. Cüzi istisnalardan başqa, heç bir sənət növündə sovet dəyərlərinə qarşı açıq-aşkar etiraz əlamətləri mövcud deyildi. Hətta açıq etiraz olmasa belə, ideoloji dəyərləri tərənnüm etməməyin özü belə qadağalara məruz qalırdı. Bu səbəbdən də sovet rok qrupları arasında tərənnüm motivli mövzulara müraciət etməyən qruplar andeqraundda fəaliyyət göstərirdilər. Azərbaycana gəlincə isə 1980-ci illərin ikinci yarısına qədər rok musiqisi ifa edən bütün qruplar hökmən sovet ideoloji çərçivələrində fəaliyyət göstərdiklərindən andeqraund, yarımleqal fəaliyyət göstərən rok ansamblları olmamışdı. Sovet və Rusiya rok jurnalisti və musiqi tənqidçisi Artyomiy Troitskiy bu barədə yazır “Moskva və Leninqraddan fərqli olaraq, Bakıda rok yarımgizli vəziyyətə keçməmişdi. Dağılmış qrupların yerinə etibarlı repertuarı olan pedant, itaətkar qruplar gəlmşdi.”[2]

1970-ci illərdə rokun metal janrının yaranması ilə ABŞ və Böyük Britaniyada metal janrının pərəstişkarları arasında metalhead, yaxud headbanger adlanan submədəniyyət yarandı və metalın subjanrlarından, onun regional səhnələrinin inkişafından asılı olaraq, müxtəlif formalara düşərək bir çox ölkələrə də yayılmağa başladı. Lakin Azərbaycanda rok qrupların metala müraciət etməsinin ilk mərhələsi 1980-ci illərin sonlarında başlayıb. Buna görə də nə bu janr, nə də bu janrla birbaşa əlaqəli olan metalhead submədəniyyəti Sovet Azərbaycanında mövcud olmayıb. Azərbaycanda rok submədəniyyəti sovet dövründə mövcud olsa da, metal janrının inkişafını yalnız 1990-cı illərdə görmək olardı.

Bayker submədəniyyəti Azərbaycanda 1990-cı illərin ikinci yarısında yaranmağa başlasa da, ümumilikdə Azərbaycanda bu sahənin mövcudluğunun yaşı 50 ildən bir qədər çoxdur. 1950-1960-cı illərində motosiklet idman növləri ölkədə inkişaf edirdi və Azərbaycanın moto idmançıları yüksək nailiyyətlər əldə edirdilər. Fərdi şəkildə motosikletlərdən nəqliyyat vasitəsi kimi istifadə etmək ənənəsi isə 1980-ci illərdə SSRİ-nin böyük şəhərlərindəki baykerlərdən təsirlənmə nəticəsində baş tutub. 2000-2010-ci illərdə xarici markalı motosikletlərin və baykerlərə aid aksessuarların satışını həyata keçirən mağazaların açılması ilə bu submədəniyyət daha da inkişaf edib. Bu onilliklərdə Azərbaycanda bir neçə motoklublar mövcud olub və onların təşkilatçılığı ilə müxtəlif motofestivallar, bayk şoular, motoyürüşlər keçirilib.

Bu yazıda rok musiqisinin Azərbaycanın SSRİ tərkibində olduğu dövrdə – 1960-cı illərin ikinci yarısından 1991-ci ilə qədər keçdiyi inkişaf yolu və bu musiqi ilə assosiasiya edilən rok submədəniyyəti, həm sovet, həm də müstəqillik dövründə Azərbaycanda bayker  submədəniyyəti müzakirə edilib. Məqalənin yazılması zamanı sovet dövründə dərc edilən bir neçə samizdat jurnala, Azərbaycan mətbuatında və xəbər portallarında dərc edilən məqalə və müsahibələrə, bir neçə rəsmi sayta, mənə qısa müsahibə verən bir neçə şəxsin fikirlərinə, həmçinin öz müşahidələrimə və apardığım qeydlərə istinad etmişəm. 

Sovet Azərbaycanında rok

Rok musiqisi Azərbaycanda 1960-cı illərin ikinci yarısında yaransa da, həm musiqi janrının özü, həm də onun əsasında formalaşan rok submədəniyyətinin kütləviləşməsi və dolğun şəkildə inkişafı 1980-ci illərin ortalarından, PerestroykaQlasnost dövründə senzuranın qismən aradan qalxması nəticəsində başlayıb. 1960-cı illərində SSRİ-nin tərkibində olan bütün respublikalarda, o cümlədən Azərbaycanda bu musiqi janrı Qərbi Avropa və Amerika rokunun (The Rolling Stones, Deep Purple, Led Zeppelin və s.), xüsusilə də Bitlomaniya[3] dalğasının təsiri nəticəsində yaranmışdı. Həmin dövrdə Moskva, Leninqrad (indiki Sankt-Peterburq), Sverdlovsk kimi şəhərlərdən savayı, SSRİ ölkələrinin hər birinin paytaxtında da fəaliyyət göstərən Melodiya adlı musiqi mağazalarında üzərində adının qeyd olunmaması şərtilə Bitlz qrupunun vallarının və lent yazılarının satışına icazə verildiyindən, bu qrup ittifaq ölkələrinin musiqiçiləri arasında daha çox populyar idi. Sovet musiqiçiləri vallarını əldə edə bilmədikləri digər əcnəbi rok qruplarını gizli şəkildə Amerikanın səsi, Azadlıq kimi radiolardan dinləyərək tanıyırdılar.[4]

Rok musiqisinin sovet mədəniyyətinin bir parçasına çevrilməsi komsomol orqanlarının dəstəyi ilə musiqiçilərin vokal instrumental ansambl (VİA) olaraq birləşərək Qərb rokçularının təqlidi şəklində fəaliyyət göstərmələri təşəbbüsü nəticəsində baş tutmuşdu.[5] Bakı komsomol təşkilatında proqressiv insanlar olduğundan, sovet mədəniyyətinə yad sayılan, Qərb kökənli musiqi janrlarını ifa edən ansamblların fəaliyyətinə şərait yaradır, istedadlı kollektivləri məşq yerləri ilə təmin edir, konsertlərdə iştirak etmələrinə köməklik göstərirdilər.[6] Xarici rok qruplarından təsirlənən yeniyetmə və gənclər təhsil aldıqları məktəb və universitetlərdə, həmçinin mədəniyyət evlərində müxtəlif qruplar yaradıb, geyim tərzi, saç stili, davranış kodeksləri və ifalarında onları yamsılayırdılar. Azərbaycanın ilk rok VİA-ları əsasən orta məktəblərdə və ali təhsil müəssisələrinin nəzdində özfəaliyyət şəklində formalaşırdı. Məsələn, 1960-cı illərdə yaranan Eksperiment OK qrupu 20 saylı məktəbin yuxarı sinif şagirdləri, bəstəkar Rafiq Babayevin yaratdığı Eskulap qrupu Tibb İnstitutu, Üç alov qrupu indiki ADNSU, Xürrəmilər qrupu Xalq Təsərrüfatı İnstitutunun (indiki Azərbaycan Dövlət İqtisad Universiteti) tələbələrindən təşkil edilmişdi.

SSRİ partiya orqanları Qərb mədəniyyətini, xüsusilə də Bitlomaniyanı özündə əks etdirən rok musiqisinin ölkə gəncləri arasında yayılmasını heç də xoş qarşılamırdılar. Məsələn, Musiqili həyat (Музыкальная Жизнь) jurnalının 1964-cü ildə nəşr olunan 2-ci sayında bu barədə belə yazılmışdı: “Qərb gənclərinin beyinlərini zəhərləmək, onları ciddi ictimai vəzifələrdən yayındırmaq üçün istifadə edilən çoxsaylı vasitələrdən biri də Bitlz qrupudur.”[7]

1960-cı illərdə ABŞ və Qərbi Avropada multimədəni partlayışın yaratdığı dalğa dünyanın bir sıra qapalı ölkələrinin hüdudlarını da aşa bilmişdi. Qərbi Avropa və ABŞ-da bir-birinin ardınca yaranan əksmədəniyyət nümunələri (hippi, pank, skinhed), hərəkatlar (feminizm, qlobalizm, Qara pantera, rastafariçilik), moda sənayesində, kino və ədəbiyyatda yaranan yeni dalğaların əks-sədası SSRİ-yə də gəlib çatırdı. Bu multimədəni dalğanın bir parçası da rok musiqisi. Sovet hakimiyyəti yeniyetmə və gənclər arasında sürətlə populyarlaşan və sevilən Qərb kökənli bu musiqiyə olan kütləvi meylin qarşısını ala bilmirdi.

Bunun qarşısını qismən almaq və gəncləri sovet senzurasından keçən, yerli musiqinin çərçivələrində saxlamaq üçün yaranan rok qruplarına müəyyən məhdudiyyətlər tətbiq edilirdi. Bununla da bir növ SSRİ-yə xas olan, lokal səciyyə daşıyan, estrada üslubuna yaxın sayılan rok tərzi yaradılırdı və sovet hakimiyyəti gəncləri rokdan ayırmadan onları bu yolla sovet musiqisinin abu-havasında saxlamaq istəyirdi.[8] SSRİ-nin ilk rok kollektivlərini rok qrupu adlandırmaq qadağan edilmişdi, elə buna görə də onlar VİA kimi təqdim edilirdilər. VİA-ların repertuarını SSRİ-də o dönəmlərdə məşhur olan bard[9] (бардовская музыка), şəhər romansı (городской романс) və estrada janrlarının, həmçinin xalq mahnılarının qarışığından ibarət musiqilər təşkil edirdi. Çünki SSRİ-də rok musiqisi çürüyən Qərb mədəniyyətinin məhsulu elan edilmişdi, yerli VIA-ların fəaliyyətinə isə ən azı deklarativ olaraq ideoloji çərçivədə icazə verilirdi. 1960-1970-ci illərdə Eksperiment OK ansamblının pianoçusu olmuş bəstəkar Eldar Mansurovun mətbuatda dərc olunan xatirələrində bununla bağlı belə fikirlər yer alır: “İdeoloji təşkilatların diqqətini yayındırmaq üçün rok musiqisi festivalları Fəhlə sinfinin mahnıları festivalı adı altında keçirilirdi. Ya da həmin təşkilatlardan kimsə məşq vaxtı mahnıları eşidib, etirazlarını bildirəndə musiqiçilər deyirdilər ki, bu, ingilis şaxtaçılarının şaxta sahiblərinə etiraz nəğməsidir. Partiya fəalları belə azdırmalara çox həvəslə inanırdılar.”[10]

Sovet VİA-ların Qərb rok qruplarından fərqi ondan ibarət idi ki, birincilər daim senzura təzyiqi altında idilər və yaradıcılıqlarında Kommunist Partiyasının rəsmi ideologiyasının çalarları əks olunmalı, ansambllar bu ideologiyanın qoyduğu çərçivələrdə fəaliyyət göstərməli idilər. Buna görə də rok VİA-nın kütləvi iştirak etdikləri konsert və digər musiqi-əyləncə tədbirlərinə partiya orqanlarının ciddi nəzarəti mövcud idi. Rok ansambllarının iştirak etdikləri festival və müsabiqələr də partiya orqanlarının nəzarəti altında təşkil edilirdi.

Artyomiy Troitskiy SSRİ-də rok musiqisi adlı antologiyasında yazıb ki, rok Bakıya 1960-cı illərin ortalarında gəldi. Buna təkan verən əsas amil şəhərin komsomol rəhbərliyinin həm aktivliyi, həm də Sovetin sərtliyi və qadağaları ilə müqayisədə Qərbdən gələn sənət növlərinə daha loyal münasibət göstərməsi idi. Buna görə 10 ildən artıq müddətdə rok ansamblların iştirakı ilə müxtəlif festival və müsabiqələr keçirilirdi. Bu festivalların, konsertlərin adları bəzən sırf şərti ad daşıyırdı və rok ifadəsi işlənmirdi. “Birinci mərhələnin əsas aparıcı ansamblları ([19]70-ci illərin əvvəllərinə qədər) daha çox yumşaq rok və r&b [ritm və blyuz] ifa edən Eskulap, Xürrəmilər, Ekspress-118, Pəzəvəng, Üvet qrupları idi. Bakının ən qabaqcıl rok qrupu isə heç şübhəsiz, ilk dəfə mis nəfəs alətlərindən istifadə edən Rəng qrupu sayılırdı.”[11]

1969-ci ildə Üç alov qrupunun SSRİ Dövlət Televiziyasında efirə gedən Alo, biz istedadlar axtarırıq (Ало, мы ищем таланты) tele-müsabiqəsində Azərbaycan SSR-i təmsil etməsi Azərbaycan rokunun ilk dəfə respublika hüdudlarından kənara çıxması hadisəsi sayılır. Bu, Azərbaycan SSR-i həmin proqramda təmsil edən ilk və yeganə rok qrupu idi. Qrupun solo gitaraçısı və vokal ifaçısı Çingiz Ədibin mətbuata açıqladığı xatirələrində qeyd olunub ki, birinci yerin heç kimə verilmədiyi həmin tele-müsabiqədə Üç alov ikinci yerə layiq görülmüşdü. Buna görə də qrup birinci hesab edilirdi.[12]

Azərbaycan SSR komsomolu rəhbərliyinin aktivliyi nəticəsində Bakıda şərti olaraq ideoloji xarakter daşıyan, məğzinə görə isə gənclərin əsl musiqi baxışını əks edən müxtəlif festival və müsabiqələr keçirilirdi. Bunlardan biri – 1969-cu ildə Əl Oyunları Sarayında (indiki Bakı İdman Sarayı) keçirilən Qızıl payız (Гызыл пајыз-69) festivalı Azərbaycan roku üçün ilk əlamətdar hadisələrdən biri sayılır.[13] Bir həftə davam edən və üç mərhələdən ibarət olan bu festivalda Estrada-69 adı altında estrada, Muğam-69 adı altında muğam və xalq mahnıları, Caz-69 adı altında caz musiqisi ifa edilirdi. Bu festivalda rok janrı üçün xüsusi gün ayrılmamışdı. Məsələ burasındadır ki, rok musiqisi ifa edən ansambllar estrada üçün ayrılan günlərdə çıxış etmişdilər. Bu da elə rok musiqisinin ön plana çıxarılmamasının göstəricilərindən biri idi. Bu festivalda Ekspress-118, 3+2, Rəng, Məşəl, Ritm və başqa rok ansamblları iştirak etmişdilər.

1970-ci illərin ikinci yarısına qədər əksəriyyətinin öz üslubu olmayan SSRİ-nin ilk VİA-ları Qərb rokunu imitasiya edirdilər. VİA-ların repertuarlarını isə əsasən o dövrün populyar olan xarici rok nümunələrinin kaver versiyaları təşkil edirdi. Hikmət Hacızadə mənə verdiyi qısa müsahibə zamanı bildirmişdi ki, Azərbaycan rok VİA-ları yalnız 1970-ci illərin ikinci yarısından başlayaraq Qərb musiqisinin təsirindən çıxıb, öz tərzlərini formalaşdırmağa başladılar. Bu ansambllar öz repertuarlarını caz-blyuz janrları, xalq və bəstəkar mahnıları üzərində yaradırdılar. 1970-ci illərdə etnik elementlər olmaq şərtilə caz-rok subjanrı da yaranıb inkişaf edirdi. Həmçinin, Azərbaycan xalq mahnıları da rok tərzində həmin qruplar tərəfindən ifa edilirdi. Hacızadə qeyd etmişdi ki, həmin dövrdən başlayaraq Azərbaycan rok submədəniyyəti üçün spesifik sayılan musiqi parçalarının qeyri-rəsmi yollarla, həvəskar səsyazma vasitələri ilə lentə köçürülməsi nəticəsində maqnitizdatlar (həvəskar şəkildə maqnitofonlara yazılan mahnılar) işıq üzü görürdü. Bundan başqa, həmin illərdə SSRİ rokunda kvartirnik adlanan bir fenomen də mövcud idi. Sovet senzurasından keçməyən mahnıları rəsmi yerlərdə ifa etməyə icazə verilmədiyindən rokçular ev şəraitində – mənzillərdə, yaxud digər kiçik obyektlərdə azsaylı dinləyiciləri üçün həmin mahnıları akustik versiyada ifa edərək bir növ mini konsert verirdilər. Bu cür tədbirlər mənzillərdə keçirildiyindən, rus dilində mənzil (квартира) sözündən kvartirnik (квартирник) ifadəsi yaranmışdı. Bu cür kiçik çevrədəki konsertlər SSRİ üçün yeni sayılan musiqi janrının dinləyiciləri ilə ifaçılar arsında sıx kommunikasiyanın yaranmasına səbəb olurdu. Musiqiçilər öz auditoriyasını daha yaxından tanıyır, dinləyicilər isə qeyri-ənənəvi musiqilər ifa edən, fərqli tərzli musiqiçilərlə daha yaxından ünsiyyətə girirdilər. Bakıda 1980-ci və 1990-cı illərdə andeqraundda fəaliyyət göstərən Monj üsulu (Метод Монжа) qrupunu kvartirnik rok qrupuna misal göstərmək olar. Hacızadə özü 1972-ci ildə BDU-nun Fizika fakültəsi tələbələrinin yaratdıqları rok ansamblında gitaraçı kimi fəaliyyət göstərirdi. O, ansamblın caz-rok üslubunda işləyən sonuncu rokçu nəsli olduğunu, sonra yaranan ansamblların caz-rok janrına müraciət etmədiklərini, daha çox tələbat olan disko mahnılara üstünlük verdiklərini demişdi.

Kvartirnik rok musiqiçilərlə ən sıx təmasda olan zümrələrdən biri Bakı hippiləri idi. Cəmiyyət tərəfindən o qədər də müsbət qarşılanmayan, eyni zamanda qaradinməz zümrə sayılan hippilər fərqli zövqlü, qeyri-ənənəvi tərzdə musiqilərə meylli olan bu cür musiqiçilərlə həvəslə kommunikasiya qura bilirdilər. Rokçuların həyat və geyim tərzindən çox şeyi əxz edən və Qərb hippiləri ilə paralel olaraq rokçuları da təqlid edən Bakı hippilərini kvartirnik rokçuların dar çevrədə təşkil etdikləri musiqili məclislərdə tez-tez görmək olardı. Bakı hippiləri özlərini bu cür məclislərdə rahat və daha təhlükəsiz hiss edirdilər.

Troitskiy Azərbaycanda 1970-cı illərdə fəaliyyət göstərən rok qrupları haqqında belə yazır: “1970-сi illərin əvvəllərində öz tərzini axtaran, müxtəlif musiqi istiqamətlərində eksperimentlər edən kollektivlər meydana çıxdı. Cahangir Qarayevin rəhbərliyi ilə Chicago and Blood, Sweat & Tears tərzində işləyən CürbəcürBrevis qrupları yarandı. Azərbaycanın [19]70-ci illərdəki rok qrupları arasında xüsusi çəkisi olan qruplar Eksperiment OKAşıqlar qrupları idi. Sonuncu orqanik olaraq tar, ud, kamança kimi milli musiqi alətlərindən istifadə edirdi.”[14]

Azərbaycanda yalnız rok ansambllarının iştirak etdiyi ilk rok-festival 1970-ci ildə təşkil olunmuşdu. Bu festivalda birinci yeri universitetin Şimşək qrupu tutmuşdu, EskulapEksperiment OK qrupları isə 2-ci yeri bölüşmüşdülər. Xürrəmilər qrupunun solo gitaraçısı Rafiq Rəsulovun bu festivalla bağlı mətbuatda dərc olunan xatirələri belədir: “Həmin vaxtlar Bakıda rok musiqisinə çox böyük maraq var idi. Bizim ansambl 1970-ci ildə Azərbaycan Dövlət Universitetinin [hazırkı Bakı Dövlət Universiteti] 51 illiyi münasibətilə təşkil olunan rok festivalında yenilik etmək istəyirdi. Ona görə də The Rolling Stones qrupuna bənzəmək üçün festivala ayaqyalın, cins şalvar və başımızda uzun saç pariklə çıxdıq. Bu, tamaşaçılarda böyük maraq yaratdı.”[15]

Qızıl payız festivalları 1970-ci illərin ilk illərində bir neçə dəfə də keçirilmişdi və rok ansamblları bu festivalların hər birində iştirak etmişdilər. 1974-cü ildə bu festival ideoloji zərər vurduğu və Qərb dəyərlərinin propaqandasını apardığı iddiası ilə bir müddət qadağan edildi.[16]

SSRİ-də rok musiqisinin lokomotivi, trendləri müəyyən edən Rusiya (RSFSR) rok qrupları sayılırdı. RSFSR-in rok qrupları bir növ SSRİ rokunun mərkəzində dayanırdılar. Moskva, Leninqrad, Sverdlovsk kimi şəhərlərdə təşkil edilən festivallar daha kütləvi, daha nüfuzlu olduğundan, digər 14 respublikanın qrupları bu festivallarda iştirak etməyə, Rusiya qrupları ilə əlaqələr qrumağa can atırdılar. Digər respublikalar RSFSR rok qruplarını respublikalarında keçirilən tədbirlərə dəvət edirdilər. Məsələn, 1987-ci ildə Cəngi qeyri-formal birliyinin Bakıda eyni adlı kinokonsert zalında təşkil etdiyi konsertdə Rusiyanın əfsanəvi rok qrupu Akvarium iştirak etmişdi.[17]

Ümumilikdə SSRİ-də digər Qərb kökənli sənət nümunələri kimi rok da yalnız 1980-ci illərdəki yumşalmalara və senzuranın zəifləməsinə görə inkişaf və kütləvi populyarlıq qazanmağa başladı. SSRİ-nin məşhur rok qrupları artıq rəsmi albomlar buraxmağa və öz tərzlərini formalaşdırmağa başladılar. Həmçinin, SSRİ  roku üçün bütöv infrastruktur, özfəaliyyət səviyyəsində səsyazma studiyaları, rok musiqisi ilə bağlı samizdat nəşrləri yarandı.[18] Azərbaycan rok tarixində ilk samizdat rok jurnalı jurnalist Vahid Mustafayevin 1989-cu ildə buraxdığı RokOko adlı jurnal idi. Həmin ilin mart ayında jurnalın ilk nömrəsi nəşr edilmişdi. Bir neçə səhifədən ibarət müstəqil jurnalda xarici, sovet və yerli rok-n-rol haqqında məqalələr dərc edilmişdi. Həm gənc rokçular, həm də rok dinləyiciləri üçün stimul rolu oynayan bu jurnalın təşkilatçılığı ilə 1991-ci ildə Yaşıl Teatrda eyni adlı (RokOko) rok festivalı da keçirilmişdi. Qeyd etmək lazımdır ki, 1987-ci ildə yaranan və 1991-ci ildə SıRok 4 [СиРок 4] festivalının laureatı olan Charley ATL rok qrupunun üzvü olan Mustafayev (saksafonda ifa edirdi) rok musiqi parçalarına çəkilən ilk kliplərin rejissoru olub. O, 1991-ci ildə əfsanəvi Yuxu qrupunun Xəzərin sahilində, 1993-cü ildə isə Charley ATL qrupunun Körpə adlı mahnılarına klip çəkib. Hər iki klipin televiziyada nümayişi 1993-cü ildə elə Mustafayevin özünün təsis etdiyi ANS televiziya kanalında olmuşdu.

SSRİ rok tarixində ilk rəsmi rok festivallarından biri 1980-ci ildə Tbilisi şəhərində keçirilib. 9 gün davam edən (8-16 mart) bu festival Yaz ritmləri. Tbilisi-80 adlanırdı. Gürcüstan KP MK-nin birinci katibi Eduard Şevardnadzenin də şəxsən təşkilatçılarından biri olduğu bu festivalda Estoniya SSR-dən 1, Latviya SSR-dən 1, Türkmənistan SSR-dən 1, Gürcüstan SSR-dən 3, RSFSR-dən isə 12 qrup olmaqla, ümumilikdə 18 rok qrupu iştirak etmişdi. Növbəti, 1981-ci ildə Melodiya səsyazma studiyası tərəfindən həmin festivalda çıxış edən qrupların ifa etdiyi parçalardan ibarət qramplastinka (qrammofon plastinkası) buraxılmışdı. 1980-ci illərdə ard-arda SSRİ-nin müxtəlif ölkələrində rok festivalları keçirilirdi. 1985-ci ildən 1989-cu ilə qədər Litvada hər il keçirilən Lituanika festivalı SSRİ-nin ən mötəbər festivallarından sayılırdı.

1987-ci ildə Bakı şəhər Komsomol Komitəsinin nəzdində Şəhər Gənclər Müasir Musiqi Mərkəzinin yaradılması ilə Bakıda da ardıcıl olaraq həm rok festivalları, həm də rok konsertləri keçirilməyə başlamışdı. Bu mərkəzin nəzdində Rok Klubu da yaradılmışdı. Caz tənqidçisi və jurnalist Azər Cavad Əliyevin təşkilatçılığı ilə Bakıda Yaşıl Teatrda iki il ardıcıl olaraq – 1988-ci ildə 17 qrupun iştirakı ilə Rok-Panorama 88, 1989-cu ilin aprel ayında isə 28 qrupun iştirakı ilə Rok-Panorama 89 adlı festivallar təşkil edilmişdi.[19] Azərbaycanda ilk dəfə metal janrının ifa olunduğu rok festivalı məhz Rok-Panorama 89 olmuşdu. Qrimsiz, Gözəllik İnstitutu, Minarə, Şüur, Aerolit, Komendant saatı, İz, Charley ATL və s. rok qrupları bu festivalın iştirakçıları idilər. Moskvada 1988-ci ilin iyulunda rok musiqisinə aid nəşr edilən RİO adlı samizdat jurnalının 7-ci sayında, Baku adlanan bölmədə Rok-Panorama 88 festivalı haqqında belə yazılıb: “23.05.88 tarixində Şəhər Gənclər Müasir Musiqi Mərkəzinin təşkilatçılığı ilə keçirilən Rok-Panorama Bakı-88 festivalı barədə bizə yalnız indi məlumat çatıb. İştirakçılar – Qrimsiz, Etiket, Neysan, Faust (eks Stayer), Ozan, Talisman qrupları, Y. Koqan, V. Rəhimov. Qonaq – Nikolay Kopernik (Moskva).”[20]

1980-ci illərin ikinci yarısında, bütün SSRİ-də rok musiqisinin kütləviləşdiyi vaxtlarda,  Azərbaycan rokunun mərkəzi təkcə Bakı deyil, Sumqayıt şəhəri də hesab edilməyə başladı. SSRİ rokunun lokomotivi sayılan RSFSR-də rokun mərkəzi Sankt-Peterburq və Sverdlovsk şəhərləri olduğu kimi, Azərbaycan SSR-də də Bakı və Sumqayıt şəhərləri idi. Sovet dövründə Sumqayıtda Miraj, Debüt, Qrimsiz, Vaqabond və s. qruplar yaranmışdı. 1980-ci illərdə Sumqayıtda demək olar ki, hər Mədəniyyət evində VİA-lar fəaliyyət göstəriridi. Əlbəttə, proqramın birinci hissəsində bu ansambllar məcburən sovet ölkəsində yaşamaq necə də xoşdur motivli mahnılar ifa etməli olsalar da, ikinci proqram həmin ansambllara məxsus idi və həmin proqramda əsasən rok musiqiləri ifa olunurdu.[21] 1988-ci ildə Sumqayıtda yaranan əfsanəvi Yuxu qrupunun zərb ifaçısı Çingiz Eyvazovun bildirdiyinə görə, Sumqayıtda rokun inkişaf etməsini onun sənaye şəhəri olması ilə bağlayanlar var. Belə ki, çoxsaylı zavodları olan şəhər ağır musiqi ilə assosiasiya edilir. İndustrial ritm bol elektrik və internasional səslənmə tələb edir ki, bu da Sumqayıtın bir şəhər kimi əsas xüsusiyyətlərinə uyğundur. Lakin Eyvazovun fikrincə, Azərbaycan rok musiqisində Sumqayıtın Bakı qədər dominant mövqedə olması elə Yuxu qrupunun fəaliyyəti ilə əlaqədar olub. “Mənə elə gəlir ki, elə Yuxu qrupundan sonra Sumqayıt rok şəhəri sayılmağa başladı. Mən özümüzə qədər Sumqayıtın rokun vətəni hesab edildiyini eşitməmişdim. Bir çoxları bizim haqqımızda ‘bunlar ki, Sumqayıt uşaqlarıdır’ deyirdi.”[22]

Sovet dövründə bir neçə qrup xarici ölkələrdə təşkil olunan festival və konsertlərdə iştirak etmişdilər. Məsələn, Ozan qrupu (1981-ci ildə yaranıb) SSRİ-nin müxtəlif respublikalarından olan gənclərdən ibarət nümayəndə heyəti tərkibində Mərkəzi-Qərbi Afrikanın bir sıra ölkələrində, Aşıqlar qrupu (1973-cü ildə yaranıb) Monqolustan, Əfqanıstanda konsert tədbirlərində, 1990-cı ildə isə Dərviş qrupu Almaniyanın Mayns şəhərində keçirilən Mayns rok festivalında iştirak ediblər. Yuxu qrupu isə yuxarıda adları çəkilən qruplar kimi qısamüddətli deyil, bir neçə il (1991-1994) Türkiyədə fəaliyyət göstərib.

1969-cu illərdə Qızıl payız Azərbaycan roku üçün böyük meydan rolu oynadığı kimi, 20 ildən sonra, 1989-cu ildə təşkil edilən növbəti Qızıl payız da bir sıra rok qrupları üçün nəfəslik rolunu oynamışdı. 1969-cu ildəkindən fərqli olaraq, 1989-cu ildə müsabiqə caz, rok və pop musiqiləri olmaqla, 3 janr üzrə keçirilirdi. Yuxu, Minarə, Dərviş kimi rok qrupları Qızıl Payız 89-da iştirak etmişdilər. Minarə rok qrupu digər 17 qrupla birgə Rok-Panorama-88 Rok-Panorama-89 rok festivallarında da iştirak edib.[23] Qızıl Payız 89-dan sonra Yuxu qrupunun mahnılarından biri Almaniyanın Bakı ilə qardaş şəhəri olan Maynsa göndərilmişdi. Növbəti il Mayns-Rok 90 yığma diskində Yuxu qrupunun Ana adlı mahnısı yer almışdı. Qrup üzvləri bu plastinkanın varlığından mətbuat vasitəsilə xəbər tutmuşdular.[24] Maraqlı məqam bundan ibarətdir ki, qrupun adı diskdə kiril əlifbasında ЮХУ şəklində yazılmışdı. Almanlar isə bu adın riyaziyyatla bağlı olduğunu hesab edərək 10, iks, iqrek olduğunu düşünmüşdülər. Bundan sonra Yuxu qrupunu bəzən 10XY də adlandırırdılar.

Troitskiy Azərbaycanda 1980-cı illərdə fəaliyyət göstərən rok qrupları haqqında yazır: “uzun müddət ali məktəblərdəki özfəaliyyət qruplarının yeganə fəal təmsilçisi Ozan qrupu olub. Qrup uğurla öz musiqisini ifa edir, hard rokdan elektrobreykə qədər bütün mərhələlərdən keçib. [19]80-ci illərin əvvəllərində digər peşəkar qruplar da rok ifa edirdilər. Daha çox marağa səbəb olan qrup Qaya qrupunun nəzdində yaradılan Talisman qrupu idi. Rəfael Axundovun rəhbərliyi ilə Günel soft-rok qrupunun da bir neçə uğurlu konserti olmuşdu. Bir müddətdən sonra bu qrup Aksiya qrupuna transfer edildi.”[25]

1980-ci illərin ortalarından başlayaraq Qorbaçovun QlasnostPerestroyka siyasi xəttinin SSRİ-yə gətirdiyi demokratik ab-hava, yumşalmalar, senzuranın qismən aradan qaldırılması həm də alternativ mədəniyyət nümunələrinin inkişaf etməsi üçün əlverişli şərait yaradırdı. Bu şərait rok musiqisinin, rok submədəniyyətinin dirçəlməsi üçün də böyük rol oynadı. Azərbaycan rokçuları təqlidçilikdən çıxaraq tam müstəqil şəkildə öz tərzlərini formalaşdırır, müxtəlif eksperimentlər edirdilər. Bu dövrdə Bakıda ardıcıl olaraq rok konsertləri və festivallar təşkil edilir, rokun müxtəlif subjanrları, hətta spesifik janrı olan metal da yaranırdı.  Xüsusilə 1987, 1988 və 1989-cu illərdə yeni rok qrupları (Lucky Strike, Krizis, Qara şəhər, Monj üsulu, Albert (АлЬЬберт) və s.) ortaya çıxırdı. Qara şəhər qrupu Azərbaycanda ilk dəfə metal janra müraciət edən rok qruplarından biri idi. Qeyd etmək lazımdır ki, metal janrı Qərbdə 1970-ci illərdə böyük populyarlıq qazanmasına rəğmən SSRİ-yə gecikmə ilə gəlib çatmışdı ki, bunun da səbəbi sərt senzuranın mövcudluğu idi.

Bu dövrdə rok qrupları ilə işləyən prodüserlər, qrupların PR, reklam işləri ilə məşğul olan şəxslər də meydana çıxırdı. Bu isə Azərbaycan rok submədəniyyətinin formalaşmasında böyük rol oynadı. Azərbaycanın müxtəlif qrupları SSRİ-nin başqa respublikalarına aparılır, Moskva, Leninqrad, Sverdlovsk kimi şəhərlərin qrupları isə Bakıda təşkil edilən konsert və festivallara gətirilirdi. Azərbaycanda ilk rok promouterlərdən biri 1980-ci illərdə rok hərəkatının inkişafında böyük rolu olan Nazim Səmədov idi. O, Qara şəhər, Krizis, Komendant saatı kimi qruplarla işləyib, bu qruplarla demək olar ki, bütün SSRİ məkanını gəzmişdi.[26] Səmədov Bakıda bir neçə rok konserti təşkil etmişdi. 1987-1993-cü illərdə fəaliyyət göstərən Krizis qrupunun üzvü Valeriy Kutyumov onun haqqında bunları deyib: “Nazim istənilən inzibatçını ələ almağı bacarırdı. O, kabinetlərə sanki ən azı Elton Con kimi ulduzla işləyən prodüser kimi daxil olurdu. Mən bu cür insanın bizə lazım olduğunu anlayırdım.”[27]

Bayker submədəniyyəti

1950-ci illərin ortalarında ABŞ-da, 1980-ci illərin ortalarında isə SSRİ-də yaranan bayker submədəniyyətinin Azərbaycanda formalaşması prosesi 1990-cı illərin sonlarına təsadüf edir. İnkişafı 2000-ci illərin sonlarından etibarən başlasa da, Azərbaycanda bu submədəniyyət hələ də dar çevrələrdə, əsasən azlıq qrupları arasında daha çox populyardır. Bütün dünyada olduğu kimi, Azərbaycanda da adi motosikletçilərdən fərqli olaraq, bayk (motosiklet) bu submədəniyyət daşıyıcılarının həyat tərzinin bir hissəsini təşkil edir.

1950-1960-cı illərdə Sovet Azərbaycanında moto-idman növləri mövcud idi, təkcə Bakıda deyil, Sumqayıtda, Gəncədə də xeyli sayda peşəkar motokrosçular[28], motobolçular[29] vardı. Sovet Azərbaycanında kifayət qədər nüfuz qazanan moto-idmançılardan ibarət komandalar həm SSRİ-də keçirilən ümumittifaq yarışlarında, həm də ölkə xaricində layiqincə çıxış edir, müxtəlif çempionatlarda mükafatlar qazanırdılar. Məsələn, motobol üzrə SSRİ çempionatlarında Azərbaycanı Xəzri (Норд) komandası təmsil edirdi. Həmin illərdə bu komanda bir neçə dəfə yaxşı nəticələr əldə edə bilmişdi. Belə ki, Xəzri 1968-ci ildə keçirilən çempionatda 3-cü, 1974-cü və 1977-ci illərdə 5-ci yeri tutmuşdu. 1981-ci ildə isə Azərbaycan idmançıları SSRİ kuboku yarışlarının qalibi olmuşdu.[30]

1970-ci illərə qədər şəxsi nəqliyyat vasitəsi kimi motosikletlərdən nadir hallarda istifadə edilirdi. Yol polislərinin yedəkli, üçtəkərli, xidməti və idmançılara məxsus motosikletlərindən savayı çox az sayda adi vətəndaş motosiklet sürürdü. Bu nəqliyyat vasitəsinə həvəsin artması, onlardan istifadə hallarının çoxalması 1970-ci illərdə başlayıb. Həmin illərdə əsasən Ural, İJ, Dnepr, M-72 və s. markalı sovet istehsalı olan motosikletlərdən istifadə edilirdi. Daha dəbli və elit motosiklet markası isə Çexoslovakiyada istehsal olunan Yava (Ява / Jawa) markalı motosikletlər sayılırdı.[31]  SSRİ-də gənc motosikletçilər bu modelə üstünlük versələr də, qiymətin nisbətən baha olması səbəbindən Yava bir çox motosiklet həvəskarları üçün əlçatmaz idi. Lakin Yava motosikletlərinin ən böyük idxalçısı SSRİ olduğundan, ölkənin demək olar ki, bütün respublikalarında, o cümlədən də Azərbaycanda bu motosikletlərin xeyli sayda istifadəçisi vardı. 1971-ci ildən 1980-ci illərə qədər SSRİ-də və Çexoslovakiyada bu motosikletlərin sahibləri arasında mütəmadi olaraq Yava dostlarının görüşləri (Слёты друзей Явы) adlı tədbirlər keçirilirdi. Hətta belə görüşlərdən biri 1980-ci ildə Bakıda baş tutmuşdu. Yava markasına malik olan azərbaycanlı motosikletçilər dəfələrlə həm SSRİ-nin, həm də Çexoslovakiyanın müxtəlif şəhərlərində təşkil edilən motofestivallarda iştirak edirdilər.[32]

1980-ci illərdə həm adi motosiklet həvəskarlarının, həm də peşəkar moto-idmançıların vaxtlarının çox hissəsini keçirdikəri məkan bir vaxtlar Azərbaycan müxalifətinin mitinq ünvanı olan, hazırda isə yerində Bakı Beynəlxaq Avtovağzalının yerləşdiyi, Biləcəri qəsəbəsindəki Motodrom sayılırdı. Motodromda idmançılar məşq edir, öz motosikletlərini sınaqdan keçirir, eyni zamanda orada kiçik yarışlar təşkil edilirdi. 1990-cı illərdə adətən müəyyən tarixi günlərdə, əsasən də Gənclər Günündə Motodromda toplaşan motosikletçilər oradan yürüşə çıxaraq əvvəlcə Velotrekə gəlir, burada isə velosipedçilərə qoşularaq dəstə halında şəhərdə bir neçə dövrə vururdular. Əvvəlki onilliklərdə olduğu kimi, Bu dövrdə də motosiklet həvəskarları daha çox sovet istehsalı olan markalardan istifadə edirdilər. Yaponiya və Qərbi Avropa ölkələrində istehsal edilən motosikletlər həm baha olduğu, həm də SSRİ məkanına çətinliklə gətirildiyi üçün nadirən görünürdü. SSRİ Yaponiyadan sonra istehsal edilən motosiklet sayına görə dünyada ikinci yer tuturdu və kifayət qədər keyfiyyətli motosikletlər istehsal edirdi.[33]

Azərbaycanda hazırda moto-idman yarışları Motosiklet İdmanı Federasiyası tərəfindən həyata keçirilir. 2002-ci ildə təsis edilən bu federasiya 2007-ci ildə Bakıda moto şou və motobol oyunu 2008-ci ildə isə Sumqayıt şəhərində 11 idmançının iştirakı ilə motosiklet yürüşü üzrə açıq şəhər çempionatı keçirib.[34] Ümumilikdə SSRİ-nin ilk rəsmi bayker klubu – Gecə qurdları 1989-cu il, 31 mayda Moskva şəhərində yaranmışdı. SSRİ dağıldıqdan sonra isə Gecə qurdları artıq Rusiyanın bayker klubu kimi 1992-ci ildə beynəlxalq Bayk Hərəkatına üzv olmuşdu. 2018-ci ildə Gecə qurdları klubunun üzvləri motoyürüş zamanı Azərbaycana da gəlmişdilər.[35]

Azərbaycanda bayker submədəniyyətinin formalaşması yalnız 1990-cı illərin sonlarında ilk moto klubun yaranması ilə başladığı üçün müvafiq submədəni terminlər də elə həmin illərdə yaranmağa başlayıb. Azərbaycan müstəqillik qazandıqdan bir neçə il sonra müxtəlif dilerlər ölkəyə Yaponiya brend markalarından olan bayklar gətirməyə başladılar.[36] Dilerlər baykerlərə xas olan müxtəlif tipli geyimlər, aksessuarlar və s. də satırdılar. Bunlar isə gənclər arasında bayklara olan həvəsi artırırdı. Azərbaycanda rəsmi brend mağazalarının açılması isə 2000 və 2010-cu illərə təsadüf edir. Belə ki, 2007-ci ildə Bakı şəhərində Yamaha, 2010-cu ildə Suziki, 2011-ci ildə isə KawasakiHarley Davidson rəsmi brend moto salonları açıldı.[37] Bu moto salonların açılması da submədəniyyətin həm daha geniş çevrəyə yayılmasında, həm də moto klubların sayının artmasında mühüm rol oynayırdı.

Azərbaycanda ilk bayker klubu 1999-cu ilin sentyabrında 11 gənc bayker tərəfində yaradılıb. Motozavrlar (MOTOSAURS) adlanan bu klubda hər bir baykerin öz kod adı, ləqəbi vardı, məsələn, Bublik, Prokuror, Çinici və s.[38] Klub üzvləri arasında rus mənşəli və rusdilli baykerlər daha çox idi. İlk moto klub üzvlərinin əsas çətinliklərindən biri onların idarə etdikləri, SSRİ və Rusiya istehsalı olan baykların sıradan çıxmış ehtiyat hissələrinin qıt olması ilə bağlı olurdu. Ehtiyat hissələrinin tapılmamasının səbəbi isə həmin dövrdə ölkədə motosikletlərin sayı az olduğundan Rusiyadan Azərbaycana ehtiyat hissələrini idxal etməyin biznesmenlər üçün sərfəli olmaması idi. Lakin 2002-2003-cü illərdən başlayaraq ehtiyat hissələrinin Azərbaycana gətirilməsi prosesi genişlənməyə başladı və artıq baykerlər rahatalıqla onları əldə edə bilirdilər.[39]

Mövcud olduğu illərdə Motozavrlar klubunun üzvlərinin bəzilərinin adları müxtəlif motoxuliqanlıq hadisələrində hallanırdı. Klubun baykerləri tez-tez dəstə şəklində Bakı küçələrində motoyürüşə çıxır, bu zaman onlar qoruyucu şlem taxmır, baykları sənədsiz idarə edir, yol hərəkəti qaydalarını pozurdular. Bu səbəbdən yol polisləri ilə klub üzvləri arasında qalmaqallar baş verirdi. 2002-ci ildə isə Motozavrlar klubunun üzvlərindən birinin, Çinici ləqəbli baykerin polislərlə yaşadığı qalmaqal və həmin baykerin həbs edilməsi ilə bağlı mətbuatda xeyli məlumatlar yazılmışdı.[40] 2008-ci il oktyabrın 4-də Motozavrlar klubu bir neçə başqa yerli motoklubla birgə Şıx çimərliyində Bakı Bike Fest 2008 adlı festival təşkil etmişdi. Bu hadisə klubun ən böyük uğurlarından biri idi. Belə ki, bu, Azərbaycan bayker submədəniyyətinin tarixində ilk bayk festivalı sayılır.[41]

Insurgents MC adlı moto klub isə 2010-ci ilin fevral ayında yaranıb.[42] Motozavrlar klubu dağıldıqdan sonra onun bəzi üzvləri bu yeni klubda birləşmişdilər. Hazırda da ən aktiv moto klublardan bir olan Insurgents MC Azərbaycanda bayker hərəkatının inkişaf etməsi üçün çox iş görüb, dəfələrlə Azərbaycanı xarici ölkələrdə keçirilən moto festivallarda təmsil edib, həm Bakıda, həm də digər şəhərlərdə bir neçə motoyürüşlərin təşkilatçısı olub. Klub ərsəyə gəldikdən sonra 2008-ci ildən başlayaraq bir neçə il avqust ayının üçüncü şənbə günü Nabranda moto-partilər təşkil edirdi.[43]  Rusiya, Gürcüstan və Türkiyədən qonaq gələn baykerlərin iştirakı ilə keçirilən bu partilərdə submədəniyyət tədbirlərinə uyğun rok konserti, bayk yürüşü, bayk və baykerlərlə bağlı müxtəlif müsabiqələr (ən sürətli bayk, ən çirkli bayk, ən xarizmatik bayker və s.) keçirilirdi. 2014-cü ildə Gecə qurdlarının Krımda təşkil etdikləri Qayıdış adlı bayk şouda Insurgents MC-nin da iştirak etməsi böyük qalmaqala səbəb olmuşdu. Krımın yenidən Rusiyaya birləşməsinə həsr olunan həmin bayk şou əslində siyasi məqsəd güdürdü və Krımın Rusiyaya ilhaqını bayram etmək məqsədi daşıyırdı. Azərbaycanlı baykerlərin burada iştirakı onların bir növ Krım mübahisəsində Rusiyaya dəstək ifadə etmələri demək idi.[44]  Həmin dövrdə istər Ukrayna, istərsə də Azərbaycan mediasında baykerlərin bu addımı atmaqla Azərbaycan hökumətinin rəsmi siyasətinə zidd hərəkət etdikləri və Ukrayna ictimai rəyinin Azərbaycana qarşı çevrilməsinə səbəb olacaqları bildirilmişdi.

Azərbaycanda mövcud olan nüfuzlu bayk klublarından biri də H.O.G. (Harley Owners Group) bazası əsasında yaranan Land of Fire klubudur. Yalnız Harley Davidson markalı bayk sahiblərindən ibarət olan bu klub 2015-ci ildə yaranıb.[45] Harley-Davidson baykı və VİN-nömrəsi olan istənilən bayker bu təşkilata üzv ola bilər. Hazırda 15 nəfərdən artıq üzvü olan Land of Fire baykerlər klubunun üzvləri arasında müxtəlif peşə sahibləri – iş adamı, həkim, maliyyəçi, marketoloq, sahibkar və s. var. Klub dəfələrlə xarici ölkələrə motoyürüşlər təşkil edib, müxtəlif Avropa motofestivallarının iştirakçısı olub[46] 2015-ci ildə klub üzvləri Bakıda keçiriləcək Avropa Oyunları ilə bağlı təbliğat aparmaq və həmin ilin 7-10 may tarixində Grimo şəhərinin San-Trope buxtasında Avropa Motofestivalında Azərbaycanı təmsil etmək üçün ümumilikdə 12 ölkənin ərazisində 12 000 kilometr yürüş etmişdilər.[47] Baku HOG Azerbaijan qrupunun direktoru Vahid Mustafayevin təşkilatçılığı ilə də submədəniyyətə xarakterik olan motoyürüşlər və festivallar keçirilib.[48] Bir neçə müxtəlif istiqamətli peşələrlə məşğul olan Mustafayev həm də Azərbaycanın ən fəal baykerlərindən biridir.

Bayker submədəniyyətini digərlərindən fərqləndirən əlamətlərdən biri odur ki, bu submədəniyyətin daşıyıcısı olmaq əlavə maddi xərclər tələb edir. Çünki həvəs, maraqdan savayı bayk, xüsusi geyimlər, aksessuarlar və s. də almaq lazım gəlir. Ona görə də dünyanın hər yerində olduğu kimi, Azərbaycanda da baykerlərin əksəriyyəti maddi cəhətdən imkanlı şəxslərdir.

Baykerlər üçün xarakterik xüsusiyyətlərdən biri də onların xuliqanlığa meyilli olmasıdır ki, bu, müəyyən dövrlərdə Azərbaycan baykerləri üçün də xarakterik olub. Yuxarıda adı çəkilən Motozavrlar klubunun üzvləri 2000-ci illərin birinci yarısına qədər motoxuliqanlıqda, qayda pozuntusu törətmək və təhlükəsizlik vasitələrindən istifadə etməməkdə ittiham edilirdilər. Bir neçə dəfə klub üzvləri qayda pozuntusu zamanı yol polisinə tabe olmayıblar, hətta onların dəfələrlə polis və vətəndaşlarla da mübahisələri yaranıb. Lakin sonrakı illərdə bu kimi neqativ hallar aradan qalxmağa başladı. 2010-cu illərdə isə əksinə, baykerlər daha sakit, loyal, intizamlı və nəzakətli xarakter və davranışlar nümayiş etdirməyə başladılar, onlar eyni zamanda mənfi stereotipləri qırmaq, bu submədəniyyət daşıyıcılarının mədəni olduqlarını göstərmək üçün daim səy göstərirlər. 2014-2015-ci illərdə müxtəlif media orqanlarında və sosial şəbəkələrdə baykerlər DYP əməkdaşlarının xüsusi və qərəzli şəkildə onlara təzyiq etməsi, bəzi hallarda haqsız olaraq cərimələməsi, hətta onları sürücülük hüququndan məhrum etməsi hallarının baş verməsindən kütləvi halda şikayət edirdilər.[49] Qeyri-rəsmi məlumatlara görə, bu məsələnin bir neçə səbəbi var idi. Versiyalardan biri 2014-cü ildə Bakıda hərəkət edən bir neçə baykerin DİN avtomobil korteci ilə toqquşması hadisəsi ilə, digəri isə baykerlərin prezidentin şəhər kənarındakı iqamətgahı  yaxınlığında yüksək sürət və səs-küylə bayk idarə etməsi ilə əlaqələndirilirdi. Daha bir versiya isə 2014-cü ildə Bakı DYP İdarəsinin Patrul Xidməti Alayının rəisi vəzifəsinə yeni təyin edilmiş şəxsin baykerlərə qarşıxüsusi qərəzinə bağlanırdı. Baykerlər təyziqlərə məruz qalmalarının səbəbini daha çox bu üç səbəblə əlaqələndirirdilər. 2015-ci ildə bir qrup bayker bu məsələ ilə bağlı prezident İlham Əliyevə müraciət edərək, DYP əməkdaşlarının fəaliyyətindən şikayətçi olmuşdular.

Azərbaycanlı baykerlərə uyğun daha bir xüsusiyyət onların qapalı olması, geniş auditoriyaya çıxmağa həvəsli görünməmələridir.[50] KİV-in baykerlərə az diqqət ayırmasından əlavə, onlar özləri də gündəmdə olmağa meylli deyillər. Dünyanın hər yerində olduğu kimi, Azərbaycanda baykerlərin rok musiqisinə isti münasibətləri mövcuddur ki, bu da rokun bir böv bayker submədəniyyətinin simvolik musiqi janrı olduğundan irəli gəlir. Qərb baykerlərində olduğu kimi, Azərbaycan moto klublarında iyerarxiya mövcuddur, moto klublarda rəhbərlik seçilir və istənilən məsələyə ümumi məşvərətdən çıxan nəticəyə əsasən qərar verilir.

Azərbaycan baykerlərinin spesifik xüsusiyyətlərindən biri onların böyük əksəriyyətinin rus mənşəli, yaxud rusdilli olmasıdır. Ümumiyyətlə, Azərbaycan baykerlərinin əsas ünsiyyət vasitəsinin rus dili olduğunu desək, yanılmarıq. Bunu klubların saytlarında, sosial şəbəkələrdə yaratdıqları səhifə və qruplardan, onların bir-birləri ilə ünsiyyətindən də görmək olar. Daha maraqlı məqamlardan biri də Azərbaycan bayker submədəniyyətində qadın baykerlərin mövcud olmasıdır. Hərçənd kişilərlə müqayisədə onların sayı dəfələrlə azdır.[51]

Azərbaycan baykerlərini digər submədəniyyət nümayəndələrindən fərqləndirən əlamətlərdən biri də  aralarında 40, hətta 50 yaşdan yuxarı şəxslərin olmasıdır. Bu, onu göstərir ki, hansısa bir submədəniyyətin daşıyıcısı olmaq əsasən gənclər və yeniyetmələrə aid olsa da, gənclik dövrünü çoxdan arxada qoymuş şəxslər də submədəniyyət daşıyıcıları olurlar. Hərçənd, bu xüsusiyyət Azərbaycandakı digər submədəniyyətlər üçün bir o qədər də xarakterik deyil.

Nəticə əvəzi

Yazıda Azərbaycanda rok musiqisinin 1960-cı illərin ortalarında yarandığı vaxtdan müstəqillik dövrünə qədər keçdiyi inkişaf yolu, rok qrupları və rokçularun müvafiq fəaliyyəti haqqında məlumatlar verildi. Təxminən 25 ili əhatə edən həmin dövrdə Azərbaycanda rokun inkişafını iki mərhələyə bölmək olar: birinci mərhələ 1980-ci illərin ortalarında SSRİ-də başlayan Yenidənqurma siyasi xəttinin gətirdiyi yumşalmalara qədərki dövrü əhatə edir. Bu dövrdə rok  musiqisi Qərbdən gələn digər sənət növləri kimi sərt senzuraya məruz qalır, rok kollektivləri rok qrupları deyil, SSRİ-yə xas tərzdə ansambl adlanır, rok konsertləri və festivallara isə Kommunist Partiyası və komsomol təşkilatları tərəfindən nəzarət edilirdi. İkinci mərhələ 1980-ci illərin ortalarında başlayaraq SSRİ-nin dağılmasına qədər davam edən dövrdür ki, bu qısa dövrdə rok musiqisi daha sərbəst şəkildə, heç bir ciddi basqıya məruz qalmadan inkişaf edir, rok qrupları öz repertuarlarını istədikləri kimi formalaşdırır, rokun digər subjanrları yaranır, bir-birinin ardınca, demək olar ki, hər il rok festivalları və konsertlər təşkil edilir. Yazıda işlənən ikinci mövzu isə Azərbaycanda bayker submədəniyyətinin həm sovet, həm də müstəqillik dövründəki vəziyyəti haqqında idi. Burada həm rok submədəniyyəti, həm də bayker submədəniyyətinin müəyyən əlamətlərinin təhlil edilməsi ilə yanaşı, Azərbaycan baykerlərinin Qərb ölkələrinin baykerləri ilə müqayisəsi də verildi, həmçinin bu submədəniyyətlə bağlı mövcud problemlərə toxunuldu.

 

 

[1] Кнабе Г. С. Феномен рока и контркультура // Вопросы философии. — 1990.

[2] https://iskrene.livejournal.com/tag/%D0%91%D0%B0%D0%BA%D1%83-%D1%80%D0%BE%D0%BA

[3] Bitlomaniya (ing. Beatlemania) — 1960-cı illərdə Bitlz (The Beatles) qrupuna dəlilik dərəcəsində yaranan pərəstiş və sevgini ifadə edən termin.

[4] https://news.milli.az/culture/129407.html

[5] О.С.Празднова, “Специфика проникновения рок-культуры в  СССР”, ЖУРНАЛ: ЦЕННОСТИ И СМЫСЛЫ Издательство: АНОО “Институт эффективных технологий” (Москва), ISSN: 2071-6427,Номер: 3 (49) Год: 2017 Страницы: 111-119.

[6] https://www.youtube.com/watch?v=IOO32PK8peM

[7] Музыкальная Жизнь, N2, 01.02.1964 – “История советской рок-музыки (Новые ‘идолы’).”

[8] О.С.Празднова, “Специфика проникновения рок-культуры в  СССР”, ЖУРНАЛ: ЦЕННОСТИ И СМЫСЛЫ Издательство: АНОО “Институт эффективных технологий” (Москва), ISSN: 2071-6427,Номер: 3 (49) Год: 2017 Страницы: 111-119.

[9] Bard musiqisi — XX əsrdə müxtəlif ölkələrdə yaranmış mahnı janrıdır. Bu janrın fərqli cəhəti ondan ibarət idi ki, mahnının musiqisinin, sözlərinin və ifasının müəllifi bir şəxsdə cəmləşir, mahnı əsasən gitaranın müşayiəti ilə ifa olunur.

[10] https://news.milli.az/culture/129407.html vurğu əlavə edilmişdir.

[11] “Рок-музыка в СССР: опыт популярной энциклопедии” :сост. А. К. Троицкий. — М. : Книга, 1990, 383, vurğu əlavə edilmişdir.

[12] https://news.day.az/culture/1252836.html

https://www.trend.az/life/socium/3268483.html

[13] https://www.youtube.com/watch?v=IOO32PK8peM

[14] “Рок-музыка в СССР: опыт популярной энциклопедии” : сост. А. К. Троицкий. — М. : Книга, 1990, 383.

[15] https://lent.az/news/121035 vurğu əlavə edilmişdir.

[16] https://www.trend.az/life/culture/1031817.html

[17] https://bakuresearchinstitute.org/az/subcultures-in-azerbaijan-1980-2010/

[18] Е.С. Власова, К.В. Зенкин, М.А. Карачевская, “Двадцатый век. Музыка войны и мира” (Прогресс-Традиция, 2016).

[19] http://ex-pressa.ru/samizdat/roksi_eks/roksi_eks_05/roksi_eks_05_007/ ; Журнал – РИО № 7 (23), июль 1988.

[20] Журнал – РИО № 7 (23), июль 1988, vurğu əlavə edilmişdir.

[21] https://1news.az/news/pravila-zhizni-yashar-bahysh-v-zhizni-dolzhny-byt-kontrasty

[22] https://les.media/articles/530113-da-budet-rok-for-landing

[23] https://1news.az/news/dzhaz-kino-sport-tri-sostavlyayuschih-lyubvi-k-zhizni-azera-dzhavad-alieva—foto

[24] https://web.archive.org/web/20190726155759/http://gruppasssr.ru/AZ/yuxu.html

[25] “Рок-музыка в СССР: опыт популярной энциклопедии” : сост. А. К. Троицкий. — М. : Книга, 1990, 383.

[26] Zerkalo qəzeti, 2007-ci il, 12 may, “Artist olmaq istəyən, lakin prodüser olan insan. Səhnə arxasındakı işlərin ustadı Nazim Səmədovla müsahibə, 23.

[27] https://iskrene.livejournal.com/tag/%D0%91%D0%B0%D0%BA%D1%83-%D1%80%D0%BE%D0%BA

[28] Motokros, Motosiklet krosu (ing. motocross (ingilis dilində motosiklet mənasını verən motorcycle —və cross country — keçilən yer) — motosiklet idmanının bir növüdür. Xüsusi, idman motosikletlərinin yarışı.

[29] Motobol — motosport növlərindən biridir. Motosikllərlə futbol oyunu bu cür adlanır.

[30] Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi, 2-ci cild, AZƏRBAYCAN MOTOSİKLET İDMANI FEDERASİYASI, (“Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzi nəşriyyatı, BAKI, 2007).

[31] Yava Ява (Jawa) – 1929-cu ildən etibarən Çexoslovakiyanın (indiki Çexiyanın) Tinets nad Sazavou şəhərində yerləşən konserndə istehsal edilən yol motosiklet markası.

[32] Журнал “За рулём,” Б.Синельников, “Неперспективное направление,” №8, (август 1987).

[33] https://youngspace.ru/subculture/bajkery/

[34]https://azertag.az/xeber/BAKIDA_MOTOBOL_OYUNU_VA_MOTO_SOU_KECHIRILMISDIR-382190 ; https://azertag.az/xeber/RESPUBLIKANIN_AN_YAXSI_MOTOSIKLETCHILARI_SUMQAYITDA_OZ_USTALIQLARINI_GOSTARDILAR-410878

[35] https://haqqin.az/news/128454

[36] Bayker submədəniyyəti formalaşdıqdan sonra motosikl ifadəsi ingiliscə velosiped mənasını verən bayk (bike), motosikletçi ifadəsiisə bayker (biker) ifadələri ilə əvəz ediləcək. Bu ifadələr submədəniyyətə aid olan ifadədir.

[37] https://customoto.com/insurgents-mc-azerbajdzhan-baku

[38] http://motosaurs-mc.com/ru/history/

[39] https://zs-magazine.ru/motocikl/motociklov-v-baku.html

[40] https://customoto.com/insurgents-mc-azerbajdzhan-baku

[41] https://www.trend.az/life/socium/1309173.html

[42] http://motocitizen.ru/wiki/motokluby/insurgents-mc/

[43] https://news.day.az/society/606680.html

[44] https://vesti.az/politika/xeber_bajkery_iz_baku_podderzhali_okkupaciyu_kryma_i_podstavili_azerbajdzhan_____color_red__video__color__-214051

[45] http://firelanders.com/ru/page#charter

[46] https://media.az/society/1067731241/land-of-fire/

[47] https://minval.az/news/81940

[48] https://azertag.az/xeber/Sekide_IV_Beynelxalq_Qafqaz_Motofestivali_baslayir-876408

[49] https://www.moto-magazine.ru/technics/na-pulse/okhota_na_baykerov/

[50] https://www.trend.az/life/socium/1222143.html

[51] https://lady.day.az/news/notforwomen/425678.html; https://aqreqator.az/ru/obshestva/570785; https://az.sputniknews.ru/life/20180405/414726192/motocikl-model-gamidova.html

Paylaş
FacebookTwitter

Facebook Comment

abunə olun

BRI yerli və beynəlxalq auditoriyaya Azərbaycanla bağlı təhlil, rəy və araşdırmalar təqdim etmək məqsədi daşıyan müstəqil ekspertlər tərəfindən yaradılmış beyin mərkəzidir.

bg
For the full operation of the site you need to enable JavaScript in your browser settings.