Giriş
1906-ildə, Həyat qəzetində (№ 106) dövrün tanınmış ruhanilərindən Mirzə Əbu Turab Axundzadənin Bizə hansı elmlər lazımdır? adlı yazısı çap olunur. Bu yazının iddiası günümüzdə azərbaycanlı inanclıların böyük əksəriyyəti üçün qəribə və əsassız görünə bilər. Elə bir əsr əvvəl də həmin yazı etirazlara səbəb olmuş və maarifçi intellektualları cavab yazıları yazmağa sövq etmişdi. Lakin cavab yazılarından da aydın olur ki, bu çıxış maarifçiləri məyus etsə də, dindar xalqın böyük əksəriyyəti üçün tanış və məqbul idi. Əslində bu müzakirənin özü bu gün əksəriyyət tərəfindən mübahisəsiz həqiqət kimi qəbul edilən bir dini əmrin modernləşmə, başqa sözlə, dinin modernləşmə prosesində dəyişməsi nəticəsində bugünkü universal mənasını qazandığını göstərir. Söhbət İslamın oxu! əmrindən gedir.
Bu platformada nəşr olunmuş əvvəlki yazımda[i] modernləşmə prosesi və dinlərin (inanclıların) bu prosesə verdiyi reaksiyaya nəzəri müstəvidə nəzər salmağa çalışmışdım. Orada, inanclıların modernləşmə prosesinə ya onu rədd etməklə, ya da yeni nizama uyğunlaşmağa (dini ona uyğunlaşdırmağa) çalışmaqla cavab verə biləcəyini vurğulamışdım. Axund Əbu Turab sözügedən yazını qələmə alanda modernistlər artıq onilliklər idi ki, dinin əmrlərini yeni reallığa uyğun şərh etməyə çalışırdılar. Yəni azərbaycanlı intellektualların bu istiqamətdəki səyləri bu müzakirə ilə başlamamışdı. Mənim həmin müzakirəni nümunə kimi seçməyim, onun, qeyd etdiyim kimi, bariz həqiqət kimi görünən, bu gün hamı tərəfindən qəbul olunan şərhinin əslində yaxın keçmişdəki proseslərin nəticəsi olduğunu yaxşı nümayiş etdirdiyini düşünməyimdən qaynaqlanır.
Bu yazıda axund Əbu Turabın məqaləsini və ona verilən cavabları müxtəsər şəkildə təsvir edəcək və eyni dini qaynaqlara istinad edən qarşı cəbhələrdəki müəlliflərin onları necə fərqli şərh etdiklərini göstərməyə cəhd edəcəyəm. Daha sonra müqəddəs mətnlərin şərhində baş vermiş bu radikal dəyişiklikləri mümkün hala gətirən ictimai, siyasi və iqtisadi dəyişikliklərə toxunacağam.
Keçən əsrin əvvəllərində baş tutmuş bu müzakirə əslində müsəlmanların Qərb qarşısında düşdükləri məğlub vəziyyətdən qurtulmaq üçün hansı addımları atmalı olduqları sualına cavab axtarır. Əgər mənzərəni bəsitləşdirəsi olsaq, tərəflərdən biri peyğəmbər vasitəsilə, vəhy yoluyla bizə çatan, nəqli elmləri öyrənməli olduğumuzu, digəri isə modern elmlərə yönəlməli, yəni əqli elmlərə can atmalı olduğumuzu müdafiə edir. Lakin aşağıda görəcəyimiz kimi, bu ümumiləşdirmə sərrast olmaq üçün həddindən artıq sadələşdirilmişdir. Çünki burada modernist müsəlman intellektualları adlandıra biləcəyimiz qrupa mənsub olanlar da heç də dindən üz çevirib tamamilə modern elmə yönəlməli olduğumuzu iddia etmirlər.
Azərbaycan tarixşünaslığında, xüsusilə dərsliklərdə maarifçilərdən bəhs edərkən adətən fərdlərin şəxsi keyfiyyətlərinə, onların dühasına diqqət çəkilir. Başqa sözlə, bizim bu gün mənimsədiyimiz dünyagörüşünün onların cəhdlərinin bəhrəsi olduğu iddia olunur. Mən Rusiya İmperiyasının tərkib hissəsi olmuş Azərbaycanda ortaya çıxmış dini modernləşdirmə cəhdlərini fərdlərin şəxsi keyfiyyətlərinə fokuslanmaqla, və ya Azərbaycanı (habelə, Rusiya İmperiyasının müsəlman təbəələrini) təcrid olunmuş, unikal nümunələr kimi nəzərdən keçirməklə başa düşməyin mümkün olmadığını iddia edirəm. Bu yazıda göstərməyə çalışdığım əsas məqam, yuxarıda qeyd edildiyi kimi, dini əmrlərin tarixi prosesdə necə fərqli şəkillərdə başa düşüldüyünü göstərməkdir. Həmçinin, burada sözügedən dəyişikliklərin ancaq qlobal miqyasda, modernləşmə, müstəmləkəçilik və yeni sinfi münasibətlər nəzərə alınmaqla başa düşülə biləcəyini iddia edirəm.
Axundun iddiası
Axund Mirzə Əbu Turab Axundzadə (1817-1914) dövrün tanınmış ruhanilərindən olub və dövrü mətbuatda müntəzəm olaraq məqalələrlə çıxış edib. Yəni o, burada müzakirə edəcəyimiz yazısının yaradacağı ilkin təəssüratın əksinə, mütərəqqi din xadimi hesab olunub. Belə ki, məsələn, bəzi mənbələr onun müsəlmanları qızlarını məktəbə göndərməyə təşviq etmək üçün öz qızını Z. Tağıyevin açdığı qızlar məktəbinə göndərdiyini iddia edir.[ii]
Əslində, sözügedən yazıda da axundun əsas məqsədinin müsəlmanların getdikləri məktəbləri islah etmək olduğunu demək mümkündür. Bizə hansı elmlər lazımdır? yazısı adından da aydın olduğu kimi, müsəlmanlar üçün hansı elmləri öyrənməyin daha vacib olduğu məsələsini müzakirəyə açır.[iii] Yazının girişində müəllif dövrün intellektuallarının insanları təhsilə təşviq etməsindən və İslam dininin öyrənməyi əmr edən qaynaqlarını bu istiqamətdəki çağırışlarını dəstəkləmək üçün istifadə etməsindən danışır. Axund mövzu ilə bağlı Quran ayələri və peyğəmbər hədislərini sitat gətirərək insanları təhsilə təşviq etməyə çalışan maarifçi ziyalıların bu qaynaqları yanlış şərh etdiyini göstərir.
O, müzakirəyə peyğəmbərə isnad olunan və müsəlmanları elm öyrənməyə təşviq edən bir neçə hədislə başlayır (“Elm öyrənmək bütün müsəlman kişi və qadınlara vacibdir” [Elm tələb etmək fərzdir, yəni vacibdir bütün müslim kişilərə və müslimə arvadlara]; “Beşikdən qəbrəcən elm öyrənin” [Elm tələb ediniz məhddən ta ləhdə girənəcən]) (səh. 1).
Axundun isnad etdiyi müqəddəs qaynaqlar həm keçən əsrin əvvəllərindəki, həm də bugünkü oxucuya tanışdır. Müasir oxucunu təəccübləndirəcək məqam bundan sonra, axund yuxarıdakı hədislərin şərhinə keçəndə başlayır. Axund cinsiyyətlərindən asılı olmayaraq, bütün müsəlmanların elm öyrənməli olduğunu qəbul edir, lakin peyğəmbərin sözgedən hədislərində “elm” dedikdə hansı elmlərin nəzərdə tutulduğunu mübahisələndirir: “Təhsili [cəmi kişi və arvadlara] vacib olan elm həndəsə və ya elmi-nücumdur [astronomiya], … və ya fəlsəfə və hikməti-təbiidir [təbiət fəlsəfəsi] və ya elmi-hesab və elmi-tibbdir və ya… təhsili vacib olan elm elmi-şəriətdir?” Axund iddia edir ki, dövrün ziyalılarının müsəlmanları öyrənməyə təşviq etdikləri elmlər şəriət deyil, digər elmlərdir. Buna sübut kimi isə axund dövrün məktəblərində dini biliklərin yetərincə tədris olunmamasını, məktəbə gedən uşaqların din mövzusunda məlumatsız qalmasını və müsəlmanların məscidə (həmçinin xristianların kilsəyə) getməməsini, habelə ziyalıların mədrəsələrə qarşı soyuq münasibətini göstərir (səh. 2-3).
Axundun fikrincə, bütün bunlar məhz sözügedən hədislərin səhv şərhindən qaynaqlanır. Onun fikrincə, peyğəmbərin həmin hədislərdə müsəlmanlar üçün öyrənilməsini vacib elan etdiyi elm “elmi-şəriət”dir. Yəni, axundun fikrincə, peyğəmbərin öyrənilməsini əmr etdiyi elm nə riyaziyyat, nə astronomiya, nə fəlsəfə və s. deyil, din elmləridir. Burada o, öz iddiasını dəlillərlə dəstəkləməyə çalışır. Təqdim olunan ilk dəlil Quranın “Mən cinləri və insanları yalnız mənə ibadət etmək üçün yaratdım!” şəklində tərcümə olunan ayəsidir (əl-Zariyat: 56). Allaha ibadət edə bilmək üçün isə öncə Allahı tanımaq, ibadətləri öyrənmək, Quran və hədislərdən xəbərdar olmaq lazımdır: “Bu elmdir ki, onu tələb etmək müslim və müslimələrə fərz olubdur.” (səh. 3-4)
Burada müəllif dərhal arqumentinin ikinci hissəsinə keçir. Ona görə əqli elmləri öyrənmək fərdi yaxşı insan etmir: “Əgər bir şəxs tamam ömrünü ulumi-riyazi və hikməti-təbii təhsilində sərf edə, müəllimi-əvvəl Aristotalis [Aristotel] məqamını dərk edə, əlbəttə təriqi-ubudiyyəti-həqq təalaya [Allaha ibadət etməyin yollarına] alim və arif olmayacaq və insaniyyət və mədəniyyət şəhrinə daxil olmayacaqdır…” Axund əqli elmlərdə tərəqqi etmiş Avropa əhalisini “insaniyyət və mədəniyyətdə dərəceyi-kamilə yetmiş” sayan oxucularına xitabən avropalıların “qanuni-siyasiyi-ilahidən [ilahi qanunlardan] azad olduqlarına görə eyni-vəhşətdə [barbarlıq halında]” olduqlarını deyir. (səh. 4)
Axunda görə yaxşı insan olmaq peyğəmbərlərin çağırışına qulaq asmaq və onların göstərdiyi yolla getməklə mümkündür. Peyğəmbərin öyrənməyi əmr etdiyi elm isə bu yolları tanımaqdan başqa bir şey deyil: “Elmi-tibbdə Calinus [Qalen] olmaqla əmrazi-bədəniyyəyə [bədənin xəstəliklərinə] əlac etmək olar, amma insaniyyət kəsb etmək olmaz, lazımdır əmrazi-nəfsaniyyəyə [ruhun xəstəliklərinə/qüsurlarına] əlac edib insan olmaq…Hikməti-təbii bilməklə insan olmaq olmaz, hikməti-ilahi ilən kamil olmaq insanı insan edər.” (səh. 5-6)
Məqalənin sonunda müəllif açıqca dini elmləri bilmədən, başqa sözlə, dini öyrənib ona əməl etmədən əqli elmləri öyrənməyin insanı mədəniyyətə çatdırmayacağını iddia edir. Axundun fikrincə: “Əgər [şəxs] sair elmlərdə dərəceyi-kəmalə baliğ ola, [amma] diyanəti-islamiyyədən binəsib ola, əlbəttə dərəceyi-mədəniyyətə və insaniyyətə baliğ olmayacaqdır. Əgər [şəxs] diyanəti-islamiyyəyə alim və arif ola, və ülumə cahil, insaniyyətə zərər yetirməyəcəkdir.” Yalnız dini bilikləri kamil şəkildə öyrəndikdən sonra insan əqli elmlərə yönələ bilər ki, bu halda həmin elmləri öyrənmək ona əlavə fəzilət qazandıracaqdır. (səh. 7)
Axund Əbu Turabın yazdıqlarını xülasə edəsi olsaq, müəllif bu gün də olduqca populyar olan “İslam oxumağı əmr edir” iddiasını mübahisələndirir. Ümumiyyətlə, bütün məqalənin yeganə iddia ətrafında yazıldığını demək olar: “Yaxşı insan olmaq üçün dini bilmək lazımdır.” Görünür, axundu belə bir yazı ilə çıxış etməyə təhrik edən məqam müasirlərinin davranışlarından narazı olmasıdır. Belə ki, o, məktəbli uşaqların “gözəl əxlaqa” sahib olmamasını onlara dinin kifayət qədər öyrədilməməsi ilə izah edir. O, öz iddiasını Qurana söykəyir: “Əgər insan Allaha ibadət etmək üçün yaradılıbsa, ibadətdən daha vacib məqsədi ola bilməz, ibadət edə bilmək üçün isə dini öyrənmək lazımdır.” Öz opponentlərindən fərqli olaraq, axund bu yazıda o dövrdə müsəlman intellektuallarının bir çoxunu narahat edən məsələlərlə maraqlanmır: “Biz niyə geri qaldıq və qərbə necə çata bilərik?” Onun fikrincə, müsəlmanın yeganə qayəsi yaxşı insan/müsəlman olmaqdır. Bu qayəyə nail olmaq üçün isə dini yaxşı bilmək lazımdır. Elə isə öyrənilməli olan elmlər bu məqsədə xidmət edən nəqli elmlər olmalıdır. Bu məqamda o, ümumiyyətlə qərbin tərəqqisini inkar edir: Müsəlman olmadan sənaye və elmdə tərəqqi etmək heç bir əhəmiyyət kəsb etmir, buna görə də avropalılar tərəqqilərinə baxmayaraq, əslində barbarlıq halında yaşayırlar.
Axunda cavablar
Əlbəttə, aydındır ki, axund Əbu Turab iyirminci əsrin əvvəllərində bu mövqeni müdafiə edən yeganə insan deyildi, hətta, yəqin ki, müsəlmanların əksəriyyəti məhz onunla həmfikir idi. O, nüfuzlu dini təhsil müəssisələrində təhsil almışdı və İslamı yaxşı bilmədiyi üçün belə bir iddiayla çıxış etdiyini deyə bilmərik. Lakin 1906-cı ildən fərqli olaraq, bu gün əksər müsəlmanların axundla deyil, onun opponentləri ilə həmfikir olmasını axundun müdafiə etdiyi mövqeyin tarixi prosesdə uduzması və modernist müsəlmanların qələbəsi ilə izah edə bilərik.
Bu modernist müsəlmanlar İslamın təhsili əmr etdiyini müdafiə edirdilər, buna görə də Mirzə Əbu Turab kimi nüfuzlu din xadiminin belə bir yazı ilə çıxış etməsi onların etirazına səbəb olmuşdu. Axundun yazısına ilk cavabı Əli bəy Hüseynzadə, elə Həyat qəzetinin eyni sayında Axund Əbu Turab həzrətləri və elmi-əbdan başlıqlı yazıyla vermişdi.[iv]
Bu yazıda Ə. Hüseynzadə axundun mövqeyinin “Həyat qəzetinin tutduğu məsləkə…qismən müvafiq olduğu halda, qismən də müvafiq [olmadığını]” bildirir. Başqa sözlə, o, axundla razı deyil, lakin belə bir müzakirənin açılmasını faydalı hesab edir (səh. 8). Üstəlik, o, Əbu Turabın yazısının “klerikalizma” amalı ilə yazmadığını bildirir və J.J. Russonun da eyni iddialı bir yazı ilə çıxış etdiyini, hətta elmi tərəqqinin bəşəriyyətə faydalı olduğunu tamamilə rədd edən Russodan fərqli olaraq, axund Əbu Turabın əqli elmləri nə tamamilə rədd etdiyini, nə də müsəlmanları onları öyrənməyə çağırdığını, sadəcə bütün hallarda dini elmləri öyrənməyin vacibliyini müdafiə etdiyini iddia edir (səh. 9-10).
Lakin Hüseynzadə həm müsəlman Şərqində, həm də Qərbdə əsrlərdir davam edən bu qədim müzakirədə məsələnin ilk baxışda göründüyü qədər qəliz olmadığını iddia edir. Çünki, onun fikrincə, əslində ixtilaf din ilə elm arasında deyil, “…özlərini həris və hamili-din bilən mollalarla ülumi-diniyyədən xəbərdar olmayan ərbabi-elm və maarif arasındadır.” Əli bəyin mövqeyinə görə, dini təhsilə ehtiyac görməyən oxucular da çox böyük “qələt ediyorlar” [sic.] və nəqli elmləri lazımsız bilən üləmanın da tərəfini tutmaq mümkün deyil (səh. 11-12).
Başqa sözlə, Əli bəy Hüseynzadə bizə hələ orta məktəb dərsliklərindən yaxşı tanış olan “mürtəce mollalar” arqumenti ilə çıxış edir. O, İslamı heç bir vəchlə rədd etmir, hətta onu öyrənməyə çağırır, həmçinin orta əsrlərdəki müsəlman filosofları kimi ağılla vəhy arasında heç bir ziddiyyətin olmadığını müdafiə edir.
Deməli, Əli bəy Hüseynzadə nəqli elmlərin zəruriliyini inkar etmir, lakin axunddan fərqli olaraq, əqli elmlərin də onlarla eyni dərəcədə zəruri olduğunu müdafiə edir. Bunun üçün isə o, eynilə axund kimi öz arqumentini dini mətnlərlə əsaslandırmağa çalışır. Belə ki, o, axundun məqaləsində sitat gətirilən “Beşikdən qəbrəcən elm öyrənin” hədisinin tam versiyasını xatırladır və hədisdəki “Çində də olsa arxasınca gedin” cümləsinin söhbətin yalnız şəriət elmlərindən getmədiyinə dair dəlil kimi təqdim edir (səh. 13).
Həmçinin, Əli bəy “axund həzrətlərinin hər nədənsə zikr etmədiyi” “Elmi-əbdan [bədən elmləri] və elmi-ədyan [din elmləri] elmlərin ən yaxşılarıdır” hədisini sitat gətirərək, peyğəmbərin bütün elmləri öyrənməyi əmr etdiyini müdafiə edir. Müəllif ərəbcəsindən sitat gətirdiyi bu hədisi şərh edərək, buradan həm təbiət elmlərinin öyrənilməsinin, həm də sadəcə İslamın deyil, bütün dinlərin tədqiq olunmasının əmr edildiyi nəticəsinə gəlir (səh. 13-14).
Daha sonra Hüseynzadə nəqli elmlərin öyrənilməsinin vacibliyinin şübhəsiz olduğunu qeyd edir, əqli elmlərin əhəmiyyətinin isə isbata möhtac olduğunu vurğulayır. Lakin nəqli elmlərdən fərqli olaraq, əqli elmlərin həqiqətlərinin dinindən və milliyyətindən asılı olmayaraq, hamı üçün eyni olduğuna istinadən bu elmlərin daha əhəmiyyətli olduğu qənaətinə gəlir (səh. 14-15).
Müəllif həmçinin, axundun bir şəxsin fəlsəfədə Aristotel məqamına çatmaqla tanrını dərk edə bilməyəcəyi iddiasına cavab olaraq, qədim yunan filosoflarının peyğəmbərlərin köməyi olmadan tək tanrı anlayışını müdafiə etdiklərini vurğulayır (səh. 16) ki, bu da yenə İslam İntibahı dövründəki müsəlman filosoflarının iddialarını xatırladır.
Əli bəy Hüseynzadə yazının davamında dini elmlərin vacib olduğunu, lakin müxtəlif nümunələrin əqli elmlər olmadan onları anlamağın belə qeyri mümkün olduğunu müdafiə edir. Həmçinin axundun “eyni-vəhşətdə” olduğunu iddia etdiyi Qərbdə meydana gələn tərəqqinin, habelə irəli sürülən nəzəriyyələrin bütün insanlığa xidmət etdiyini iddia etməklə onları rədd etməməli olduğumuzu vurğulayır (səh. 17-22).
Ümumilikdə, Əli bəy Hüseynzadə mənim bu yazıda istifadə etdiyim mənada modernist müsəlmandır. Başqa sözlə, o, dini heç bir halda rədd etmir, yaxud ona qarşı çıxmır. Lakin dini üləmadan fərqli şəkildə şərh etməyi təklif edir. Burada söhbət sadəcə dini inancını qoruyan, lakin dinlə çox da maraqlanmayan, dinin əmrlərinə çox da diqqət yetirməyən inanclı tipindən getmir. Müəllif ruhaniyə cavab vermək üçün dini qaynaqların özünə müraciət edir, başqa sözlə, onun üçün dini mətnlər hələ də öz hökmünü qorumaqdadır.
Axund Əbu Turabın məqaləsinə cavab olaraq yazılmış digər bir yazının müəllifi Ömər Faiq Nemanzadə[v] də modernist müsəlman adlandırıla bilər. Belə ki, o da daha hərarətli şəkildə tənqid etdiyi axunda qarşı dini dəlillərlə əsaslandırılan arqumentlərlə çıxış edir. Nemnazadə öz yazısına axundun müdafiə etdiyi mövqeyin müsəlmanlar arasında oturuşmuş olduğu üçün təbii göründüyünü, lakin eyni zamanda həm ağıla, həm də dinin əsaslarına zidd olduğunu bildirməklə başlayır və “şəriətə bürünmüş xurafat və cəfəngiyyatı” açmaq üçün bu məsələnin üzərinə gedilməli olduğunu bildirir (səh. 26).
Daha sonra müəllif axundun məqaləsində gətirdiyi dəlilləri çürütməyə cəhd edir. Nemanzadə axundun yazısında göstərdiyi ayələrdə və hədislərdə “fiqh” deyil, “elm” sözünün işlədilməsini, müqəddəs mətnlərdə məqsədin əqli elmlər olduğunu dəlil kimi qəbul edir (səh. 27). Daha sonra müəllif Əli bəyin iddiasını təkrar edərək, sözügedən hədisdəki “Çində də olsa, gedin” ifadəsinin nəzərdə tutulanın əqli elmlər olduğunu bildirir və peyğəmbərin əmrində əqli elmlərin nəzərdə tutulduğunu uzun-uzadıya müdafiə edir. Burada Nemanzadə İslam ehkamının ilk dövrlərdə sadə və asan başa düşülən olduğunu, ona görə də peyğəmbərin əmrində zəhmətlə öyrəniləcək olanın əqli elmlər olmalı olduğunu müdafiə edir. Həmçinin, sonradan İslam ehkamının mürəkkəbləşməsi və bir-birinə zidd məzhəblərə ayrılmasının günahını ləyaqətsiz hakim və üləmada görür (səh. 29-30). Başqa sözlə, Nemanzadənin yazısında İslamın ilk əsrlərindəki mövqeyə qayıtmaq çağırışı açıqca görünür. Əslində bu iddia, yəni müsəlmanların “vəqti-səadət”dəki yanaşmaya qayıtmalı olduğu İslam coğrafiyasının fərqli bölgələrindən çıxan modernist müsəlman islahatçıları arasında geniş yayılmışdı.
Ümumilikdə, Ömər Faiq Nemanzadə axunda dinin qaynaqları əsasında yürütdüyü mühakimələrlə cavab verir. Məsələn, o, Quranın mündəricatının yalnız 10 faizinin şəri məsələlərə (İslam ehkamı, ibadət və s.), digər 90 faizinin isə tarix, əxlaq və sair kimi məsələlərə aid olduğuna istinadən, Quranı və Allahı başa düşmək üçün bu ikinci tip məsələlərin öyrənilməsinə daha çox vaxt ayırılmalı olduğunu bildirir (səh. 30-31).
O, həmçinin axundun ibtidai məktəblərdə dinin yetərincə öyrədilmədiyi iddiasını inkar etmir, əksində buna ehtiyac olmadığını müdafiə edir (səh. 33). Ö. F. Nemanzadə axundun uşaqların davranışından İslamı bilmədikləri nəticəsinə gəlindiyi iddiasına qarşı bunun günahkarının mollalar və uşaqlara öyrədilən əqidə olduğunu müdafiə edir. O, uşaqlar üçün yazılmış bir kitabdan sitat gətirərək, uşaqlara “xeyrin və şərin Allahdan gəldiyi” iddiasına qarşı bunu öyrənən uşaqların “zülmə qarşı durmağa cürət etməyəcəyini” müdafiə edir. Burada müəllif qədər anlayışına qarşı çıxır və bu anlayışın ədalətə və İslamın həqiqətinə zidd olduğunu müdafiə edir (səh. 34-35). Yeri gəlmişkən, bu teosofiya yanaşması da modernist müsəlmanların ən çox toxunduqları məsələlərdən biridir.
Nemanzadə həmçinin axundun yazısında “insanın Allaha ibadət üçün yaradıldığı” ilə bağlı sitat gətirdiyi Quran ayəsinə də münasibət bildirir. Onun fikrincə, axundun səhvi ibadət dedikdə yalnız bu sözün hərfi mənasını başa düşməsidir. Halbuki, Allahın sonsuz sifətlərinin hər biri baxımından ona ibadət etməyin də sonsuz sayda yolları var və bu baxımdan elm və sənayedə irəliləmək də Allaha ibadətdir. Həmçinin, o, axundun əqli elmlərlə məşğul olmağın Allahı tanımağa kömək etməyəcəyi iddiasına cavab olaraq, əqli elmlərdən xəbərsiz olmaqla da Allahı tanımağın mümkün olmadığını iddia edir (səh. 38-39).
O, axundun elmdə kamilləşib İslam dinindən xəbərsiz olanların insanlıq və mədəniyyətə çata bilməyəcəyi iddiasına qarşı İslam diyanətini elm saymadığına görə etiraz edir. Nemanzadəyə görə, insanlıq və mədəniyyətə çatmaq üçün öyrənilməli olan elmlərdən biri də İslamdır (səh. 45).
Axundun əksinə, Nemanzadə məhz əqli elmlərdən xəbərsiz olmağın insanlığa xələl gətirəcəyini düşünür. Onun fikrincə, elmdən tərəqqiyə can atmamaq və sənayedə inkişaf etməmək insanları fatalizmə sürükləyir. Həmçinin, o, elmə töhfə vermiş “firənglilərin” də, müsəlman olmamalarına baxmayaraq, Allah yanında dəyərli olduqlarını vurğulayır: “Min zəhmət və məşəqqətlə çiçək döymək [peyvənd] üsulunu tapıb, minlərcə bigünah balaları əcəlsiz ölümdən xilas edib bunca ata və anaların göz yaşlarını dayandıran bir firəngin məgər Allah yanında heç bir fəziləti yoxmu? Əcəba bütün ömürlərini insanların səadət və rahatlıqları yolunda sərf edən Pater, Cenni, Marks və qeyri firəng məşahiri [məşhurları]… ‘ibadətlə’ məşğul deyillərmi?” (səh. 46).
Ümumilikdə, Ömər Faiq Nemanzadə axund Əbu Turabdan fərqli olaraq, mədəniyyətə çatmaq üçün əqli elmlərə ehtiyac olduğunu müdafiə edir (səh. 47). Onun gətirdiyi dəlillər hələ də dini diskursun çərçivəsi daxilindədir. O, dini qaynaqlara istinad edir, uşaqlara dini təhsilin necə verilməli olduğunu müzakirə edir, Allahı tanımağın yollarını axtarır. Burada qısaca toxunacağımız, axund Əbu Turaba cavab yazmış digər bir müəllif, Cəlil Məmmədquluzadə isə bu baxımdan yuxarıda müzakirə olunmuş müasirlərindən fərqlənir.
Cəlil Məmmədquluzadənin (“Molla Nəsrəddin” imzasıyla) axund Əbu Turabın sözügedən məqaləsinə cavab olaraq yazılmış felyetonu Molla Nəsrəddin jurnalında (26 may 1906, №8) çap olunub.[vi] Məmmədquluzadənin yazısını burada uzun-uzadıya təsvir etməyəcəyəm. Lakin qısaca qeyd edim ki, Mirzə Cəlil axund Əbu Turabın nəqli elmlərdən fərqli olaraq, əqli elmləri bilməməyin fərdin yaxşı insan olmasına mənfi təsir etməməsinə dair iddiasını öz məşhur kinayəli üslubu ilə tənqid edir. Burada Mirzə Cəlil axundun yazısından gətirdiyi sitatlara qarşı Zeynəlabidin Marağayinin “Səyahətnameyi İbrahim bəy” əsərindən gətirdiyi, Təbriz üləmasının möhtəkirliyi ilə bağlı sitatları qoyur və nəinki dini öyrənməyin yaxşı insan olmaq üçün kifayət etmədiyini, hətta dini biliklərin əsas daşıyıcılarının belə insanlara zülm etdiklərini göstərməyə çalışır. Ümumilikdə, Məmmədquluzadə Ə. Hüseynzadə və Ö. F. Nemanzadədən fərqli olaraq, dini mətnlərə istinad etmir, mövqeyini onlarla əsaslandırmağa cəhd etmir, əvəzində gündəlik həyatın axundu təsdiq etmədiyini göstərməyə çalışır.[vii]
Gördüyümüz kimi, axundun opponentləri (Mirzə Cəlil istisna olmaqla) hələ də istinad nöqtəsi kimi müqəddəs mətnləri qəbul edirdilər. Lakin burada axundla onların arasında əhəmiyyətli fərqlər var. Əvvəla, onlar müsəlman cəmiyyətlərinin Qərblə müqayisədə tərəqqidən geri qaldığını qəbul edirdilər. Axund üçün yeganə üstünlük meyarı doğru dinə mənsub olmaq, Allahı tanımaq və onun əmrlərinə riayət etməkdir. Axundun yazısında vurğulanan, bu dünya və insan rifahı ilə bağlı yeganə məqam yaxşı insan olmaq məsələsidir. Lakin bu məqamın özü belə son təhlildə axirətlə bağlıdır: Allahın rəhmətini qazanmaq üçün yaxşı insan olmalı və onun əmrlərinə əməl etməli. Opponentləri bununla razı deyil. Onlar üçün elm və sənayedə Qərbdən geri qalmaq problemdir və bu geriliyi aradan qaldırmaq üçün elm öyrənmək lazımdır. Lakin modernist müsəlmanlar üçün (Ö.F.Nemanzadənin yazısından gördüyümüz kimi) tərəqqiyə can atmağın özü belə ibadət sayılır. Deməli, modernistlər dinə münasibətdə həm ənənəvi ruhanilərdən, həm də dini tamamilə rədd edib Qərb modelinə can atmağa səsləyənlərdən fərqlənirdilər. Bu müzakirənin baş tutduğu tarixdə axundun fikirləri əksəriyyət tərəfindən qəbul olunsa da, modernistlərin fikirləri tədricən daha geniş kütlə üçün inandırıcı olmağa başlayırdı, çünki bunun üçün münbit şərait var idi.
Nə dəyişmişdi?
Aydındır ki, bu müzakirə təsadüfən başlamamışdı və ona zəmin hazırlayan tarixi proseslərin nəticəsi idi. Həmçinin, bu polemika sadəcə azərbaycanlı intellektuallar arasında getmirdi. Axund Əbu Turab və ona cavab verən intellektuallar həm Rusiya İmperiyasının sərhədləri daxilində yaşayan müsəlmanlar, həm də daha geniş çərçivədə, dünya müsəlmanları arasında gedən müzakirəyə qoşulurdular. Ümumilikdə bu müzakirələr müsəlman dövlətlərinin Qərb qarşısında getdikcə daha çox əzilməsi və iyirminci əsrin əvvəllərində ya tamamilə, ya da qismən Qərb müstəmləkələrinə çevrilmələrindən, başqa sözlə, bu faktın səbəblərini axtararkən doğmuşdu.
Ancaq əksər oxuculara bariz görünəcək bu məğlubiyyətləri qəbul etməkdə belə müsəlmanlar arasında yekdillik yox idi.[viii] Axund Əbu Turabın məqaləsindən də gördüyümüz kimi, üləmanın böyük əksəriyyəti avropalıların sivilizasiya baxımından müsəlmanlardan irəlidə olduğunu qəbul etmirdi. Lakin aydındır ki, ən azı elm, sənaye və bunlardan doğulan hərbi qüdrət baxımından yaranmış fərqləri inkar etmək mümkün deyildi. Əslində, müsəlman dövlətlərinin xüsusilə hərbi sahədə bu geriliyi aradan qaldırmaq üçün Qərbi yamsılamağa çalışması müsəlman intellektuallarının bu məsələləri müzakirəyə açmasından öncə başlamışdı.[ix]
Belə olan halda müsəlman intellektualları bu geriliyin səbəblərini araşdırmağa başlamışdılar. Əksəriyyət üçün geriliyin səbəbi İslam deyildi. Azərbaycanlı maarifçilərin əsərləri ilə tanış olan oxucunun xatırlayacağı kimi, maarifçilər bu məğlubiyyətləri dinlə əlaqələndirdikləri hallarda belə, çox vaxt günahı dini sui-istifadə edən ruhanilərdə görürdülər. Ümumilikdə, modernist islahatçıların ilk dalğası, Ö.F. Nemanzadənin cavabından gördüyümüz kimi, səbəbin İslamın saf halından uzaqlaşmağımızda axtarırdı.[x] Üstəlik, İslam sivilizasiyasının əzəmətli dövründə həmişə mədəniyyətdən kənar və əhəmiyyətsiz görünən avropalılardan indi nəsə öyrənmək ideyasının özü belə müsəlmanlar arasında dəhşət doğururdu.[xi] Axund Əbu Turab avropalıların “eyni-vəhşətdə” olduqlarını iddia edərkən əslində bu köhnə, müsəlmanların hökmranlıq illərindən miras qalmış yanaşmanı davam etdirirdi.
Beləliklə, iyirminci əsrin əvvəllərinə gəldikdə müsəlmanları Avropa qarşısında uduzduğu və bu geriliyi aradan qaldırmaq üçün yeni yollar axtarmalı olduğu ən azı sekulyar təhsilli intellektuallar üçün aydın idi. Lakin bunu aydınlaşdırmaq yuxarıdakı suala tam cavab vermir. Ziyalıların bu fikirləri dilə gətirə bilmələri üçün bəzi digər şərtlər də yetişmiş olmalıydı.
İslam intibahının qızıl dövründə mütəfəkkirlər hökmdarlardan, yaxud yerli hakimlərdən birbaşa asılı idi. İslamın klassik dövründə, müsəlman coğrafiyasında yetişmiş bütün filosof və elm adamları mütləq bu və ya digər hökmdar, yaxud yerli hakim tərəfindən himayə olunurdu. Modern dövrə gəldikdə məhz bu reallıq dəyişmişdi. Burada söhbət müsəlman cəmiyyətlərində zəif də olsa, vətəndaş cəmiyyəti fenomeninin ortaya çıxmasından gedir. Klassik mənada dövlətə birbaşa tabe olmayan və mülkiyyət hüquqlarına söykənən bu quruma İslam ölkələrində rast gəlinmirdi. Avropada belə bu qurumun formalaşması modern dövrün məhsuludur.[xii] İslam coğrafiyasında isə mülkiyyətin mütləq hökmdarın əlində cəmləşməsi və onun istədiyi an böyük mülkləri müsadirə etmək haqqına sahib olması belə bir ikinci səviyyəli qurumun ortaya çıxmasına imkan verməmişdi.[xiii]
Lakin müsəlman ölkələrinin Avropanın müstəmləkə və yarımmüstəmləkələrinə çevrilməsi burada zəif də olsa, belə bir qurumun ortaya çıxmasına şərait yaratmışdı. Digər tərəfdən mətbəə və gündəlik mətbuatın müsəlman coğrafiyasına gəlməsi intellektuallara birbaşa hansısa hamidən asılı olmadan fikirlərini ifadə etmək imkanı vermişdi. Yəni məsələ sadəcə bu ziyalıların Qərb dillərini və Qərb mənbələrini oxumasından, habelə Qərb tipi təhsil almaqlarından getmirdi, onların bu fikirləri yaymaq və müdafiə etmək üçün iqtisadi və sosial zəmini də var idi.
Digər tərəfdən, müsəlman ölkələrinin müstəmləkə vəziyyətinə düşməsi üləmanın da gücünü əlindən almışdı. Məsələn, Çar Rusiyasına İslam üləması bəzi imtiyazlara sahib olsa da, o, imperiya qanunları qarşısına öz qanunverici mövqeyini itirmişdi və sekulyar intellektuallarla bərabər səviyyəyə düşmüşdü.
Bütün bu şərtlər müsəlmanların çox kiçik bir hissəsinin (M.F.Axundov kimi) İslamı tamamilə rədd etməsi ilə nəticələnmiş, lakin əksər müsəlman ziyalılarını ortaya çıxmış qəliz suallara İslam çərçivəsi daxilində cavab axtarmağa sövq etmişdi.
Nəticə
Bu gün müsəlmanların əksəriyyəti üçün “İslam oxumağı əmr edir” iddiası mübahisəsiz həqiqət kimi görünür. Üstəlik, əgər insanlardan bu əmrin hansı mənaya gəldiyini soruşsaq, onlar bundan sadəcə dini biliklərə yiyələnməyi başa düşmədiklərini deyəcəklər. Lakin bundan bir əsr öncə azərbaycandilli mətbuatda bu məsələ mübahisə mövzusu idi. Bir müsəlman ruhanisi dövri mətbuatda çap etdirdiyi yazıyla müsəlmanları ilk növbədə nəqli, başqa sözlə dini biliklərə yiyələnməli olduqlarını, əqli elmləri öyrənməyə isə yalnız daha sonra yönələ biləcəklərini iddia edirdi. O, bunu insanların yaradılış məqsədinin Allaha ibadət etmək olması, həmçinin yaxşı insan ola bilmək üçün dini öyrənməyin kifayət etməsi ilə əsaslandırırdı.
Lakin onun modernist opponentləri dini qaynaqlardan gətirdikləri dəlillərlə İslamın əqli elmləri öyrənməyi əmr etdiyini, ruhaninin müqəddəs mətnləri yanlış şərh etdiyini, habelə sadəcə dini öyrənməyin nə sivil cəmiyyət qurmaq, nə də yaxşı insan olmaq üçün kifayət etmədiyini göstərməyə çalışırdılar.
Bu müzakirənin baş tutmasının özü belə İslam coğrafiyasının, o cümlədən Rusiya İmperiyasında yaşayan müsəlman icmalarının modernləşmə yoluna qədəm qoyduğunu göstərirdi. Belə ki, artıq üləma öz gücünü əhəmiyyətli dərəcədə itirmiş, vətəndaş cəmiyyəti formalaşmağa başlamış və klassik İslam cəmiyyətindəki yazı-pozu adamlarından fərqli olaraq, qismən müstəqil olan intellektuallar təbəqəsi ortaya çıxmışdı.
Tarixi prosesin uzaq perspektivdə məhz bu modernist cinahın arzuladığı yola daha yaxın cərəyan etməsi yüz il sonra onların müdafiə etdiyi şərhin əksəriyyət üçün bariz həqiqət kimi qəbul olunmasına səbəb olacaqdı.
Qeyd və istinadlar:
[i] Araz Bağırov (2026), Modernləşmə və Din, Bakı Araşdırmalar İnstitutu, https://bakuresearchinstitute.org/modernlesme-ve-din/ .
[ii] Əbu Turab Axundzadə (1993), İslamın təfriqəsi səbəbləri, Azərbaycan Dövlət Nəşriyyatı, Bakı, Ön söz (imzasız), səh. 6.
[iii] Axund Əbu Turab və b. (1907), Bizə hansı elmlər lazımdır, Qeyrət Nəşriyyatı, Tiflis, səh. 1-7. Qeyd: Bu nəşr Axund Əbu Turabın yazısıyla birlikdə ona cavab olaraq yazılmış digər 3 yazını da ehtiva edir. Cavab yazılarının hər üçü, yəni Əli bəy Hüseynzadənin, Cəlil Məmmədquluzadənin (Molla Nəsrəddin) və Ömər Faiq Nemanzadənin məqalələrinin hər biri müvafiq olaraq həmin müəlliflərin əsərlərini ehtiva edən nəşrlərdə təkrar yayınlanıb. Lakin Mirzə Əbu Turabın məqaləsinin kiril və ya latın əlifbası ilə təkrar nəşrinə rast gəlmədim. Burada sözügedən yazıların hər biri üçün adıçəkilən, ərəb əlifbalı 1907-ci il nəşrinə istinad edəcəyəm, latın əlifbasında əlçatan olan yazıların hər birini müzakirə edərkən yeni nəşrlərin ünvanını göstərəcəyəm. Həmçinin, bundan sonra həmin Tiflis nəşrinə istinadlar (səhifə nömrələri) mətnin daxilində veriləcək. Maraqlanan oxucular üçün, əsas itinad qaynağı kimi istifadə etdiyim ərəb əlifbalı nəşr elektron versiyada Milli Kitabxananın internet səhifəsində əlçatandır. (http://web2.anl.az:81/read/page.php?bibid=vtls000595095).
[iv] Əli bəy Hüseynzadə (2007), Axund Əbu Turab həzrətləri və elmi-əbdan, Seçilmiş Əsərləri daxilində, Şərq-Qərb nəşriyyatı, Bakı, səh. 122-130; Bizə hansı elmlər lazımdır? (1907), Əli bəy Hüseynzadənin cavabı, səh. 8-22, (bundan sonra mətnin daxilində səhifə nömrələrinə verilmiş istinadlar bu nəşrədir).
[v] Ömər Faiq Nemanzadə (2006), Bizə hansı elmlər lazımdır?, Seçilmiş Əsərləri daxilində, səh.144-157, Şərq-Qərb nəşriyyatı, Bakı; Bizə hansı elmlər lazımdır (1907), Ö.F. Nemanzadənin cavabı, səh. 26-47 (bundan sonra mətnin içindəki istinadlar bu nəşrədir).
[vi] Cəlil Məmməqduluzadə (2004), Hansı elmlər lazımdır?, Seçilmiş Əsərləri, 4 cilddə, II cild daxilində, Öndər Nəşriyyatı, Bakı, səh. 36-38; Bizə hansı elmlər lazımdır, Molla Nəsrəddinin cavabı, səh. 22-25.
[vii] Cəlil Məmmədquluzadəni burada uzun-uzadıya müzakirə etməməyimin səbəbi də məhz onu “modernist müsəlman” adladırmaqda tərəddüd etməyimdir. Əgər Mirzə Cəlilin Sovet hakimiyyətinin qurulmasından sonra nəşr edilmiş memuarlarını (Cəlil Məmmədquluzadə (2004), Xatiratım, Seçilmiş Əsərləri IV cild daxilində, Öndər Nəşriyyatı, Bakı, səh. 4-98) əsas götürsək, onun məqsədi heç vaxt İslamı islah etmək olmayıb, bu təəssüratı yaradan fəaliyyəti isə məcburiyyətdən olub. Lakin Sovet hakimiyyətindən öncəki dövrdəki fəaliyyəti faktiki olaraq modernistlərin “İslamı xurafatdan təmizləmək” məqsədinə xidmət edib. İstənilən halda, Cəlil Məmməqduluzadənin İslamla münasibətini ayrıca müzakirə etmək lazım gəlir.
[viii] Məsələn, bax.: Christian Lekon (2019), Modernist Reformers in Islam, Hinduism and Confucianism, 1865–1935, Routledge, Nyu-York.
[ix] Bax.: Bernard Lewis (2002), What went wrong? Western Impact and Middle Eastern Response, Oxford University Press, Oxford.
[x] Christian Lekon (2019), Modernist Reformers in Islam, I Fəsil (Salafiyya); Burada oxucu “sələfiyyə” ilə sələfizimi/sələfiliyi qarışdırmamalıdır. Sələfiyyə dalğasının Cəmaləddin Əfqani kimi mənsubları modernist islahatçılardır, sələfilik isə modern, başqa sözlə, modern dövrdə ortaya çıxmış İslami hərəkat olsa da, modernist deyil.
[xi] Bernard Lewis (2002), What went wrong? səh. 25-26
[xii] Bu məsələ ilə bağlı bax.: Jürgen Habermas (1991), The Structural Transformation of the Public Sphere, MIT Press, Massaçussets.
[xiii] Şerif Mardin (1983), Din ve İdeoloji, İletişim Yayınları, İstanbul, səh. 113-115.

