fbpx

Cəmiyyət

Cəmiyyət

Cənubi Qafqazda milli azlıqların öz dillərində təhsil almaq imkanlarından məhrum olması

Read this article on other language
Download article
image_pdf
image_pdf

Cənubi Qafqaz etnolinqvistik müxtəlifliyi baxımından özünün keçid dövrünü yaşayır. Hər üç ölkədə – Ermənistan, Azərbaycan və Gürcüstan – urbanizasiya və milli dillərə diqqət kimi müasir tendensiyalar səbəbindən etnik homogenləşmədə nəzərəçarpacaq artım müşahidə edilir. Bunun nəticəsi olaraq, ictimai yerlərdə milli azlıqların dillərindən istifadənin azalmasında, eləcə də onların inkişafını dəstəkləyən qurumların fəaliyyətində geriləmə baş verib. Milli azlıqların dillərinin qorunub saxlanmasının əsasını təşkil edən dil təhsili bu dillərin əhəmiyyəti barədə məlumatsızlıq səbəbindən təhdid altındadır. Etnik azlıqlar sağlam çoxmillətli və multikultural cəmiyyətlərdə mühüm rol oynadıqlarına görə bu qrupların və onların dillərinin təhsil vasitəsilə onların icmalarında institutsionallaşdırılması mühüm əhəmiyyət kəsb edir. Bu cür dil institutlarında azalma olduqda milli qruplar çox vaxt özlərini marginallaşmış hiss edirlər və bu marginallaşma siyasiləşmədən tutmuş millətlərarası çəkişməyə qədər bir çox hallarda özünü göstərə bilər. Gəlin bir neçə nümunə əsasında milli azlıqların ana dillərində təhsil almalarının hazırkı vəziyyətinə nəzər salaq.

Cənubi Qafqaz üç milliləşən dövlətdən ibarətdir və buna görə də regionda geniş tarixə malik olan çoxsaylı etnik azlıqlar Sovet İttifaqının süqutundan sonra davamlı olaraq mədəni tərəqqinin geriləməsi ilə üzləşiblər. Mən 2022 və 2023-cü illərdə apardığım müsahibə və söhbətlər əsasında Azərbaycanda ləzgiləri, Ermənistanda yezidiləri, Gürcüstanda isə osetinləri təhlil edəcəyəm.

Üç qrupu qısaca təqdim edim. Birincisi, ləzgilər — əsasən Azərbaycanın şimal-şərqində yaşayan Qafqaz xalqlarından biridir. Qusar ölkədə ləzgilərin çoxluq təşkil etdiyi yeganə rayondur və oradakı ləzgilər ləzgi dili institutlarının qorunub saxlanmasına olduqca həssas yanaşırlar. İkincisi, yezidilər Ermənistan-Türkiyə sərhədi boyunca kənd yerlərində yaşayan etno-dini qrupdur. Mənşəyi İraq və Suriyadan olan yezidilər 19-cu əsrin sonu və 20-ci əsrin əvvəllərində dini təqiblərdən xilas olmaq üçün bugünkü Ermənistana köçüblər. Yezidilər bəzən kürd kimi təqdim edilsə də, onlar kürdlərdən fərqli qrup olduqlarını vurğulayırlar. Mənşəyindən asılı olmayaraq, Ermənistandakı yezidilərin İraq və Suriyada yaşamağa davam edən yezidilərlə çox az əlaqəsi var. Üçüncüsü, Gürcüstanda, daha dəqiq desək, bu ölkənin işğal olunmamış ərazisində (Cənubi Osetiya 2008-ci ildən Rusiya tərəfindən işğal olunub) yaşayan osetinlər. Hind-Avropa dil ailəsinin hind-iran qoluna daxil olan osetin dili gürcü (kartvel) dilində danışanlar üçün anlaşılmazdır. 2008-ci il Rusiya-Gürcüstan müharibəsindən sonra etnik osetin əhalisi sayca Gürcüstan ərazisində azalıb və dilləri tənəzzülə uğrayıb. Osetinlər Rusiyaya köçüblər və Gürcüstanda özlərinin mədəni təmsilçiliyinin necə kəskin şəkildə azaldığının şahidi olublar.

Bu qədər fərqli mənşəyə və şəraitə malik olmalarına baxmayaraq, ləzgilər, yezidilər və osetinlərin ortaq bir cəhəti var. Ölkələrindəki milli azlıqların dil qurumları tənəzzülə uğrayır, bu da gənc nəslin mədəni kimliyinin yavaş-yavaş itirilməsi və vətən adlandırdıqları ölkələrdə etnik milli azlıq kimi inteqrasiya edilməməsi ilə nəticələnir.

Bölgədə milliləşən dövlətlərin reallığını nəzərə alsaq, etnik azlıqların getdikcə öz ölkələrinin milli dilində danışmaları müasir cəmiyyətin təbii inkişafı kimi görünür, lakin bu əslində inklüziv multikultural cəmiyyətə ziddir. Bunu milli azlıqlarla münaqişənin nəyə gətirib çıxara biləcəyini daim xatırladan Gürcüstandakı ərazi mübahisəsinin – separatçı Cənubi Osetiya dövlətinin timsalında görmək olar. Bu ərazi uğrunda gedən Rusiya-Gürcüstan müharibəsinin daha böyük bir gücün təsirindən qaynaqlandığını nəzərə alsaq da, qeyd etməliyik ki, osetin dövlət və mədəni təmsilçiliyinin olmaması barədə iddialar 2008-ci ilə qədərki dövrdə də mövcud idi. Müharibədən sonra etnik osetinlər Gürcüstanın mübahisəsiz ərazisində (Cənubi Osetiya xaricində) yaşamağa davam edir və ölkə daxilindəki icmaları və mədəniyyətləri haqqında məlumatsız olduqları üçün getdikcə nüfuzdan düşürlər. 2008-ci ildən bəri ölkədə osetin dilinin tədrisini davam etdirən bir neçə məktəb olsa da, bu məktəblər Tbilisidəki mərkəzi hökumətdən heç bir dəstək almayıblar. Nəticədə, Gürcüstandakı osetinlər getdikcə daha çox gürcüləşdilər, eyni zamanda, gürcülərin separatçı Cənubi Osetiya ərazisinə qarşı qəzəbi artdı. Cənubi Osetiya ilə Gürcüstan və Gürcüstanın Kaxetiya bölgəsi arasındakı faktiki sərhəd yaxınlığında yaşamağa davam edən osetinlərin öz dillərində təhsil almalarına mərkəzi hökumət səviyyəsində dəstəyin artırılması bu icmalar üçün faydalı olar və gələcəkdə etnik osetinlərlə bağlı məsələlərdə etnik gürcülərin narazılığına müəyyən təsir göstərə bilərdi.

Ermənistandakı yezidilər də oxşar problemlərlə üzləşirlər. Onlar, demək olar ki, tamamilə etnik cəhətdən homogen bir ölkədə olduqları üçün – əhalinin təxminən 98%-i etnik ermənilərdir –etnik çoxluğa tam şəkildə assimilyasiya olunmaq riski altındadır. Yezidilərin tarix boyu daima (Suriyada, Türkiyədə və indi də Ermənistanda) marginallaşdırıldığını nəzərə alaraq Ermənistan kimi demokratik bir ölkə öz əhalisinin risk altında olan hissəsinin maraqlarını təmsil etmək və bu vəziyyətdə azlıqların mədəniyyətini və dilini qorumaqla mükəlləfdir. Ermənistandakı yezidi hərəkatının qadın fəallarından biri ilə söhbətdə yezidi mədəniyyətinin vacib məqamlarını müzakirə edərkən, ilk növbədə, dilin mədəni kimliyin bir hissəsi kimi əhəmiyyətini qeyd etdi. Onun sözlərinə görə, dil müstəqil mədəni kimliyin əsasını təşkil edir və milli azlıq qrupları assimilyasiyaya uğradıqca daha çox risk altında qalır. Bölgədəki digər fəallar kimi bu fəalın da sözlərinə görə, milli azlıqların öz dillərində təhsil almaq imkanlarının artırılması milli azlıq icmalarının həyatda qalması üçün vacibdir.

Yuxarıda qeyd edilən nümunələrdən fərqli olaraq, ləzgilər milli azlıq təmsilçiliyi baxımından məktəblərdə ləzgi dilində tədris proqramını dəstəkləyən daha nəzərəçarpan mövqeyə sahibdirlər. Son illərdə Azərbaycanda qloballaşma və milliləşdirmə ilə əlaqədar ləzgi dili daha az istifadə olunmağa başlasa da, bu dil Qusarda öz yerini hələ də əhəmiyyətli şəkildə qoruyur. Ləzgilərin Qusarda çoxluq təşkil etdiyini və onların gündəlik həyatda ləzgicə danışdığını nəzərə alsaq, bu dildə tədris əhali tərəfindən dəstəklənir. Bu dəstəyi həm Qusarda, həm də ləzgilərin  çoxluq təşkil etmədiyi digər bölgələrdəki ləzgi icmalarında müşahidə etmək mümkündür. Adətən həm Qusar ləzgiləri, həm də digər ləzgilər hesab edir ki, Qusar ləzgicəsi Azərbaycan dilindən daha az söz aldığına görə ən təmiz ləhcədir. Bunun nəticəsidir ki, Qusar ləzgiləri ləzgi dili institutlarının qorunub saxlanmasına daha çox həssaslıq nümayiş etdirirlər. Ancaq qeyd etmək lazımdır ki, ləzgi dilinin də tədrisində çatışmazlıqlar var. Müsahibə və söhbətlərimiz zamanı icma üzvləri iddia edirdilər ki, ləzgi dilinin məktəblərdə tədris olunması üçün nəzərdə tutulmuş günlərin həftədə iki gündən bir günə azaldılmasının ləzgi dili fənni üzrə təhsil proqramına olduqca mənfi təsir edib. Həmçinin qeyd etmək lazımdır ki, bu dil əsas tədris dili deyil. Ləzgi dili məktəblərdə Azərbaycan və ya rus dilləri vasitəsilə öyrədilir. Bu dildə təhsilin tənəzzülünü ehtiyatla müşahidə etmək lazımdır, çünki Qusar ləzgi dilinin öyrənilməsinə əhəmiyyətli dəstəyin mövcud olduğu yeganə rayondur. Assimilyasiya və marginallaşmadan şikayət edən osetin və yezidilərin nümunəsində olduğu kimi, ləzgi dil institutlarının tənəzzülü etnik milli azlıq kimi ləzgilərin öz ölkələrindəki yerlərini təkrar dəyərləndirmələrinə ciddi təsir göstərə bilər.

Milli azlıqların öz dillərində təhsil almaq imkanlarının azalması və ya olmaması regionda milli azlıqların təmsilçiliyinə və etnik münasibətlərə mənfi təsir göstərir. Osetinlərə münasibətdə qeyd edildiyi kimi, milli azlıq qrupu tərəfindən faktiki və ya güman edilən marginallaşmanın siyasiləşmə və ya etnik zəmində qarşıdurmalar kimi ciddi təsirləri ola bilər. Bu misal radikal olsa da, narazılığın fəsadlarının olduqca ciddi ola biləcəyini göstərir. Bəzi hallarda, ana dilində təhsil almaq imkanlarından məhrum olmaq, sadəcə olaraq, hər hansı mili azlıq qrupunun siyasiləşməsi və ya etnik zəmində qruplararası narazılıqla nəticələnə bilər. Bu narazılıq mədəniyyətin qorunub saxlanması məqsədilə məktəblər və məktəb kurikulumu kimi qurumlar yaratmağa çalışan yerli rəhbərlikdə və ya təzyiqə məruz qaldığını hiss edən qrupa qarşı şikayətlərdə özünü büruzə verə bilər. Bütün bunlar onu göstərir ki, dramatik nəticələr olmasa belə, sağlam etnik münasibətlərin açarı milli azlıqların öz mədəniyyətlərinin qorumaq və dəstəklənmək istəyini başa düşməkdən ibarətdir ki, bunun da əsasını onların dili təşkil edir. Cənubi Qafqazda titul xalqların dillərinin cəmiyyətlərin daha böyük kəsimini əhatə etdiyi bu modernləşmə tendensiyası davam etdiyindən, milli azlıqların təhsili və onların dillərinin qorunub saxlanması üçün məlumatlılığın və institusional dəstəyin artırılması həmin milli azlıqların marginallaşma hissinin aradan qaldırılmasına əhəmiyyətli dərəcədə kömək edəcəkdir.

Paylaş
FacebookTwitter

Facebook Comment

abunə olun

BRI yerli və beynəlxalq auditoriyaya Azərbaycanla bağlı təhlil, rəy və araşdırmalar təqdim etmək məqsədi daşıyan müstəqil ekspertlər tərəfindən yaradılmış beyin mərkəzidir.

bg
For the full operation of the site you need to enable JavaScript in your browser settings.