fbpx

Cəmiyyət

Cəmiyyət

Covid-19 kontekstində Azərbaycan cəmiyyətində vətəndaş-dövlət münasibətlərinə bir nəzər

Read this article on other language
Download article
image_pdf
image_pdf

Azərbaycanda hamımız formal olaraq vətəndaş hesab edilirik, lakin dövlətin bizə münasibəti heç də vətəndaş-dövlət münasibətlərinə uyğun gəlmir. Çünki vətəndaş hesab edilsək belə, bir çox təməl hüquqlarımız təmin olunmur və kobudcasına pozulur. Amma indi məqsədimiz Azərbaycan dövlətinin insanlarla özünün vətəndaşı kimi rəftar edib-etmədiyini müzakirə etmək deyil. Bizi maraqlandıran məsələ budur ki, Azərbaycanın formal vətəndaşlarının bir çoxu vətəndaş olaraq öz vəzifə və hüquqlarından xəbərdardırlarmı? Ümumiyyətlə, vətəndaş olmağın nə olduğunu anlayırlarmı? Təəssüf ki, ölkə üzrə elmi sorğular keçirərək bu suallara ətraflı cavab verə bilmək üçün hazırda əlimizdə kifayət qədər resurs yoxdur. Bildiyimiz qədərilə Azərbaycanda insanların vətəndaş deyəndə nə başa düşdüklərini müəyyən edə biləcəyimiz sorğular da keçirilmir ki, onlara istinad edərək analiz aparaq. Ona görə də bu qısa mövqe yazısında istifadə edə biləcəyimiz məlumatlar bazası olduqca məhduddur; belə ki, yuxarıdakı suallara təxmini cavab verə bilmək üçün son günlərdə sosial şəbəkələrdəki məhdud müşahidələrimiz əsasında insanların Azərbaycan dövlətinin koronavirus epidemiyası ilə bağlı gördüyü tədbirlərə verdiyi reaksiyanı nümunə kimi götürməyə qərar verdik.

Sosial şəbəkələrdən görünən budur ki, bir çox insan Azərbaycan dövlətinin koronovirusla mübarizə üsullarını dəstəkləyir, yaxud da, ən azından hesab edir ki, dövlət digər problemlərlə müqayisədə bu epidemiyaya qarşı daha səriştəli mübarizə aparır. Lakin karantinə alınan bəzi insanlar yaxşı şəraiti olan yerlərə, əksərən isə hotellərə göndərilsə də, bəziləri pis şəraiti olan rayon xəstəxanalarına göndərilir. Sonuncular haqlı olaraq xəstəxanalardakı natəmizliyə və onlara verilən qidanın yetərli olmamasına etiraz edirlər. Yəqin Azərbaycanda yaşayan hər kəsə bəllidir ki, etirazlar nə qədər çox ictimailəşsə, onların həlli ehtimalı daha çox olur. Bu səbəbdən də insanların öz etirazlarını mümkün qədər daha çox ictimailəşdirmək cəhdləri anlaşılandır.

Belə etiraz videolarından biri bir neçə gün öncə sosial şəbəkələrdə yayıldı. Cəlilabad rayon Mərkəzi Xəstəxanasında karantinə alınan tələbələr tibb bacılarına və baş həkimə yerləşdirildikləri otaqlardakı natəmizlikdən şikayət edib, nəyə görə onların xəstəxanaya gətirilməsindən əvvəl otaqların təmizlənmədiyini və dezinfeksiya edilmədiyini soruşurdular. Tələbələrdən birinin dediyinə görə, baş həkim “rədd ol buradan” deyərək ona kobud cavab verib. Bu etirazın görüntüləri sosial şəbəkələrdə yayılanda bəzi istifadəçilər haqlı olaraq tələbələri müdafiə edərək onların öz haqlarını tələb etdiklərini vurğulasalar da, bəziləri tələbələri “şüvənlik salmaqda” ittiham edərək “guya öz evlərində şərait buradan yaxşıdır ki?” və ya “guya dədələrinin evində ikra yeyirdilər?” tipli səfsətə xarakterli, savadsız reaksiya göstərdilər.[1]

Bu insanların vətəndaş kimi öz haqqını tələb edən həmin tələbələri “qudurğanlıq”da ittiham etmələrinin səbəbi nə ola bilər? Biz elə hesab edirik ki, əsas səbəb bu insanların vətəndaşlıq anlayışını yetərincə anlamamaları, yəni vətəndaş-dövlət münasibətləri ilə insanlararası münasibətlərin fərqini görə bilmədiklərindən qaynaqlanır. Biz vətəndaş və dövlət arasındakı münasibətləri insanlar arasındakı münasibətlər kimi qəbul etsək, onda Cəlilabad rayon Mərkəzi Xəstəxanasında karantinə alınan tələbələrin etirazını təxminən belə şərh edərik:

Şərh 1: Epidemiyaya görə ölkədə vəziyyət qəlizdir, hazırda tələbələrin köməyə ehtiyacı var və dövlət onlara kömək edir. Dövlətin (yəni kömək edən tərəfin) tələbələr (yəni köməyə ehtiyac duyan tərəf) üçün ayırdığı yeri sonuncular bəyənmirlər, natəmizlikdən şikayət edib, mızıldanırlar. Biz isə bu vəziyyəti müşahidə edən üçüncü tərəf qismində tələbələrə əsəbiləşərək “dövlət bunlara yer ayırıb, amma bəyənməyib, şüvənlik salıblar” tipli reaksiya verər, kömək göstərən tərəfi (birbaşa və ya dolayı yolla) müdafiə edib, kömək alan tərəfi qudurğanlıqda qınayarıq. Qısası, belə düşünərik ki, kömək alan tərəf kömək edən tərəfə təşəkkür etməkdənsə, şikayətlənir, mızıldanır, qudurğanlıq edir, yaxud da şüvənlik salır.

İnsanlararası münasibətlərdə kömək edilən tərəfin kömək göstərən tərəfi səriştəsizlikdə, yaxud laqeydlikdə ittiham etməsi nə dərəcədə doğrudur və belə bir vəziyyətə üçüncü tərəf kimi biz necə reaksiya verməliyik kimi sualların cavabları maraqlı və əhəmiyyətli olsa da, bu mövqe yazısının məqsədlərindən kənarda qalır. Bəs, eyni hadisəyə doğru şəkildə, yəni vətəndaş-dövlət münasibətləri nöqteyi-nəzərindən baxsaq, o zaman necə şərh edərik? Hadisənin bu cür şərhi təxminən aşağıdakı kimi olar:

Şərh 2: Dövlət (haqlı və ya haqsız olaraq) qərar verir ki, xaricdən ölkəyə qayıdan vətəndaşlar karantinə alınmalıdır və həmin vətəndaşların karantin müddətində azadlıqları məhdudlaşdırılmalıdır. (Məsələn, karantindəki vətəndaş evinə gedə bilməz, çünki onun evə getmək azadlığı məhdudlaşdırılıb). Dövlət bu məhdudiyyəti (haqlı və ya haqsız olaraq) onunla əsaslandırır ki, xaricdən qayıdan vətəndaşların özlərinin və ölkədəki digər insanların sağlamlığını qorumaq üçün ən səmərəli üsul xaricdən gələn vətəndaşların azadlığını məhdudlaşdıraraq onları karantində saxlamaqdır. Yəni dövlət vətəndaşların sağlamlığını qorumaqda özünü məsul tərəf hesab edir. Belə olan halda dövlət sübut etməlidir ki, karantinə aldığı vətəndaşın sağlamlığını qorumaq üçün bütün zəruri tədbirləri yerinə yetirib: məsələn, vətəndaşların saxlanılacağı yerlər təmizdir və əvvəlcədən dezinfenksiya edilib. Xəstəxanaya gətirilən vətəndaşlar saxlanılacaqları yerin təmiz olmadığını və onların gəlişindən əvvəl dezinfeksiya edilmədiyini öyrəndikdən sonra xəstəxana rəhbərliyinə və məsul işçilərə etiraz edirlər. Haqlı etirazlarına müsbət cavab ala bilmədikdə, məsələni ictimailəşdirirlər. Qısası, dövlət öz üzərinə götürdüyü məsuliyyəti yetərincə yerinə yetirə bilməyib və vətəndaşlar da buna etiraz ediblər.

Cəlilabad rayon Mərkəzi Xəstəxanasında baş vermiş hadisənin doğru şərhi sonuncudur. Çünki bu hadisənin tərəfləri köməyə ehtiyac duyan tələbələr ilə onlara kömək əlini uzadan dövlət deyil. Bu hadisədəki tərəflər vətəndaşlar ilə onların hüquqlarını (haqlı və ya haqsız olaraq) məhdudlaşdırıb, özünün cəmiyyətin sağlamlığından məsul olduğunu iddia edən dövlətdir. Deməli, bu hadisəni insanlar arasındakı münasibət kimi şərh edə bilmərik. Cəlilabad xəstəxanasında bir qonşu digərinə, bir ata öz övladına, yaxud da bir xeyriyyəçi digər insanlara yardım etmirdi. Orada dövlət (haqlı və ya haqsız olaraq) öz vətəndaşlarının hüquqlarını məhdudlaşdıraraq mükəlləf olduğunu iddia etdiyi aktı icra edirdi – yəni insanların sağlamlığını qoruyurdu. Buna görə də dövlət öz üzərinə götürdüyü vəzifəni yerinə yetirməli, azadlığını məhdudlaşdırıb karantinə aldığı vətəndaşların sağlamlığının qayğısına qalmalıdır. Dövlət üzərinə götürdüyü bu vəzifəni yetərincə yerinə yetirmədiyi üçün vətəndaşlar etiraz edəndə digər vətəndaşlar olaraq bizim üzərimizə düşən, dövləti (birbaşa və ya dolayı yolla) müdafiə edərək tələbələri “qudurğanlıq”da ittiham etmək yox, dövlətin öz üzərinə götürdüyü vəzifəni düzgün icra etməsi üçün karantinə alınan vətəndaşlara dəstək olmaq, ən pis halda isə məsələ ilə bağlı fikir bildirməməkdir. Bəzi sosial şəbəkə istifadəçilərinin bu hadisədə tələbələri günahkar bilməsi, onları tənqid etməsi birincilərin vətəndaş-dövlət münasibətlərini yetərincə anlamadıqlarını, bu hadisəyə insanlar arasındakı münasibətlər kimi yanaşdığını göstərir.

Yuxarıda təsvir edilən iki şərhdən əlavə olaraq bəziləri iddia edə bilər ki, “Azərbaycan dövlətinin səriştəsiz olduğunu bilirik, amma belə çətin bir vəziyyətdə gərək həmin tələbələr səs-küy qaldırmaqdansa, sakit şəkildə öz problemlərini həll edərdilər.” Bu iddia yanlışdır, çünki iddianı irəli sürən tərəf dövlətin səriştəsizliyini qəbul edir (yəni tələbələrin iradlarının doğru olduğunu, yalan danışmadıqlarını etiraf edir), lakin əsassız bir şəkildə tələbələrin üzərinə öhdəlik – problemlərin sakit həlli – yükləyir. Bu yeni öhdəlik əsaslandırılmalıdır, lakin həmin iddianı irəli sürənlərin onu əsaslandırdığını görmədik və ümumiyyətlə, belə bir iddianın necə əsaslandırıla biləcəyini təsəvvür etmək görünür mümkün deyil. Belə güman edirik ki, bu iddianı irəli sürən şəxslər vətəndaşlıq anlayışını yetərincə anlaya bilmədikləri və buna görə də vətəndaş-dövlət münasibətlərini insanlararası münasibətlər kimi yanlış şərh etdikləri üçün vətəndaşın etirazını ictimailəşdirməsini “şüvənlik salmaq” kimi görür və instiktiv olaraq bunu bəyənmirlər. Təkrar etməkdə fayda var: bu yeni öhdəlik əsaslandırılmalıdır, lakin əsaslandırılmayıb.

Uğursuz əsaslandırma cəhdlərindən biri kimi problemin sakit həll edilməli olduğunu düşünənlər hadisənin ictimailəşdirilməsinin mənfi nəticələr doğuracağını iddia edə bilərlər. Məsələn, deyə bilərlər ki, “oradakı pis vəziyyəti görən insanlar səhiyyə sisteminə inamını itirib, karantinə getməkdən qorxacaqlar. Nəticədə isə özündə koronavirus simptomları hiss edənlər həkimə müraciət etmək əvəzinə, evdə qalmağı seçəcək və beləcə, virusu digərlərinə də yoluxduracaqlar. Başqa sözlə, tələbələrin etirazı ictimialəşdirməsi panikaya səbəb olub, səhiyyə sisteminə inamı (daha da) sarsıdacaq.” Bu iddia da əsassızdır, çünki bunu iddia edən tərəf tələbələrin doğru dediyini qəbul edir, lakin insanların aldadılması üçün həqiqətin gizlədilməli olduğunu düşünür. Belə ki, əgər tələbələr yalan danışaraq haqsız yerə panika yaratsaydılar, onda biz əsaslı şəkildə deyə bilərdik ki, tələbələrin yalan danışması nəticəsində insanların səhiyyə sisteminə inamı haqsız yerə azalır. Lakin bir halda ki, biz tələbələrin doğru danışdığını qəbul edirik, onlardan həqiqəti söyləməməyi (ictimailəşdirməməyi) tələb etməyimiz əsaslı deyil. Belə bir tələbi irəli sürməklə biz insanların informasiyaya çıxışının məhdudlaşdırılmasını və xəstəxanalardakı həqiqi vəziyyətin onlardan gizlədilməsini müdafiə edirik. Bizim iddiamız təxmini belə olur: “Xəstəxanada həqiqətən də vəziyyət pisdir, amma bunu ictimailəşdirmək olmaz, çünki insanların səhiyyəyə inamı itəcək, onlar həkimlərə müraciət etməyəcəklər və beləcə, virus çox yayılacaq.”

Məsələ burasındadır ki, əgər tələbələrin doğru dediyini qəbul ediriksə, deməli, hadisənin ictimailəşməsi nəticəsində insanların səhiyyəyə inamı itsə belə, bu inamsızlıq haqlı inamsızlıq olacaq. Dövlət öz üzərinə götürdüyü vəzifəni yetərincə yerinə yetirə bilmirsə və kimsə bunu ictimailəşdirirsə, o zaman biz hadisəni ictimailəşdirənin yanında olmalıyıq. Çünki əks təqdirdə, insanların müvafiq informasiyaya çıxışı olmayacaq və onda haqsız yerə səhiyyəyə inanacaqlar. Yəni insanlar aldadılacaqlar və məsələnin bu səbəbdən sakit həll edilməli olduğunu iddia edənlər bilərəkdən və ya bilməyərəkdən insanların aldadılmalı olduğunu müdafiə edirlər. Eyni zamanda, insanların aldadılması da bu iddia sahiblərinin əldə etmək istədikləri nəticəni – virusun yayılmamasını çətin ki hasil etsin. Bir halda ki, xəstəxanada yetərli gigiyenik qaydalara əməl edilmir, orada virusun yayılmasının qarşısının səmərəli şəkildə alınacağını güman etmək doğru olmazdı. Bir sözlə, bu iddia da əsassızdır.

Biz doğulduğumuz andan etibarən vətəndaşlıq anlayışının nə demək olduğunu bilmirik, çünki bu, tarixin müəyyən dövründə insanlar tərəfindən yaradılmış və bizim də sonradan öyrənə biləcəyimiz bir anlayışdır. Bu anlayışı, eləcə də vətəndaşın vəzifəsini və hüquqlarını bizə erkən yaşlarımızda yetərincə öyrətməyiblər. Görünür, bunu öyrətmək dövlətin marağında da olmayıb və yaxın gələcəkdə bu marağın dəyişəcəyini gözləməyə dəyməz. Eyni zamanda, bu vaxta qədər nadir hallarda dövlət bizimlə öz vətəndaşı kimi davranıb deyə, şəxsi təcrübələrimizə əsaslanaraq vətəndaş olmağın xüsusiyyətlərini təxmin edə bilmirik. Belə olan halda vətəndaşlıq anlayışını anlamaq, bir vətəndaşın vəzifə və hüquqlarını bilmək üçün bu anlayışın tarixi inkişafını, müxtəlif dövlət nəzəriyyələrini öyrənməli – bir sözlə, tarix və siyasi fəlsəfə oxumalıyıq. Bunu etmək isə heç də qəliz deyil, çünki vətəndaşlıq anlayışını anlamaq üçün bizdən tarix və siyasi fəlsəfə ilə akademik səviyyədə məşğul olmaq tələb edilmir; müvafiq ədəbiyyatdan bir neçə kitab oxumaq belə kifayətdir ki, vətəndaşlığın nə olduğunu, vətəndaş-dövlət münasibətləri ilə insanlar arasındakı münasibətlərin fərqini anlaya bilək.

Azərbaycan dilində bu barədə müvafiq ədəbiyyatı tapmaq çətin ola bilər, lakin azərbaycanlıların əksəriyyəti ingilis, rus və türk dillərinin ən azı birində oxuya bilir. Bu üç dildə yazılmış və ya tərcümə edilmiş çoxsaylı kitablar və məqalələr var. Çox az səy göstərməklə onları çap versiyasında, yaxud da elektron formada tapmaq və oxumaq mümkündür. Azərbaycanda insanların bu mövzu üzrə məlumatı olduqca az olduğundan inanıram ki, hətta “vətəndaşlıq”, “dövlət” kimi başlıqlar altında ingilis, rus və ya türk dilində Wikipedia səhifəsi oxuyaraq mütaliəyə başlamaq belə faydalı olacaq. Gəlin, vətəndaşlığın nə olduğunu kiminsə bizə öyrətməsini gözləmədən özümüz öyrənməyə başlayaq. Vətəndaşlığın nə olduğunu bildikdən sonra ictimai əhəmiyyətli hadisələri düzgün şərh edərək onlara bir vətəndaş kimi müvafiq reaksiya verə bilər və uzun perspektivdə dövlətin bizim hüquqlarımızı təmin etməsinə qismən də olsa, nail ola bilərik.

[1]Bu tip reaksiya göstərən insanlar əksərən öz fikirlərini vulqar sözlərdən istifadə edərək bildirdikləri üçün onların postlarını və tvitlərini istinad kimi qeyd etməyi məqbul saymadıq.

Paylaş
FacebookTwitter

Facebook Comment

abunə olun

BRI yerli və beynəlxalq auditoriyaya Azərbaycanla bağlı təhlil, rəy və araşdırmalar təqdim etmək məqsədi daşıyan müstəqil ekspertlər tərəfindən yaradılmış beyin mərkəzidir.

bg
For the full operation of the site you need to enable JavaScript in your browser settings.