fbpx

TƏRCÜMƏ

TƏRCÜMƏ

Dövlət və fərd

Read this article on other language
Download article
image_pdf
image_pdf

Əhməd bəy Ağaoğlu (1869-1939) Azərbaycan və Türkiyənin böyük dövlət xadimlərindən olub. Fəaliyyətində əsasən liberal fikirlərə üstünlük vermiş və bu mövzuda düşüncələrini yazmaqdan geri durmamışdır. Məhz buna görə 1930-cu ildə Mustafa Kamal Atatürkün çoxpartiyalı sistemə keçid təcrübəsində Sərbəst Fırkanın yaradılmasında iştirak etmişdir. Türkiyə Cümhuriyyətinin Konstitusiyasının hazırlanmasında da Ağaoğlunun rolu olmuş, Atatürkə həyata keçirdiyi inqilabi islahatlar mövzusunda məsləhətçilik etmişdir.

Lakin 1930-cu illərdə Türkiyə Cümhuriyyətində müəyyən avtoritar meyillər artmaqda idi. Bu meyilləri müdafiə edən nəşrlərdən biri 1932-35-ci illərdə 36 nömrəsi nəşr edilmiş Kadro adlı jurnal idi. Jurnalın yaradıcıları Yakub Kadri Karaosmanoğlu, Şevkət Sürəyya Aydəmir, Vedat Nedim Tör, Burhan Asaf Belge və d. idi. Əksəriyyəti marksist və ya keçmişdə marksist yönümlü olan bu şəxslər Kamalizmi dəyişdirməkdə günahlandırıldılar və Yakub Kadrinin Albaniyaya səfir təyin edilməsi ilə jurnalın nəşri dayandırıldı.

Jurnalın müəlliflərindən olan Aydəmirlə Ağaoğlu arasında bir sıra polemikalar yaşandığı zaman Aydəmir jurnalda dərc etdirdiyi yazılardan ibarət 1932-ci ildə İnqilab və Kadro adlı kitab nəşr etdirir. Bu kitaba cavab olaraq Ağaoğlu Cümhuriyyət qəzetində məqalələrlə çıxış edir. Həmin qəzetdə Ağaoğluna cavab olaraq Karaosmanoğlu və Aydəmirin yazıları və həmin yazılara da Ağaoğlunun cavabları yayımlanır. 1933-cü ildə Ağaoğlu bu yazıları Dövlət və Fərd adlı kitabında türk dilində nəşr etdirir. Kitabda Ağaoğlu jurnalın əməkdaşlarını kadrocular adlandırır.

Müasir dilimizə uyğunlaşdırdığımız bu kitabda kitabın 1933-cü ildəki nəşrindən istifadə olunub. Əhməd bəyin üslubunu qorumağa çalışmaqla, əlavə olaraq, yazıda adını çəkdiyi şəxslər haqqında kiçik məlumatlar da vermişik. Mətndə adi mötərizədə – məsələn, (xxx) kimi yazılan hissələr orijinaldır. Lakin kvadrat mötərizədə – məsələn, [xxx] kimi yazılan hissələr isə bizə aiddir. Dövlət və Fərd kitabında müəllif fərdi azadlığın əhəmiyyəti barədə düşüncələrini tarixi perspektivdə və sadə dillə izah edir. Günümüzdə ölkəmizdə də dövlətçilik düşüncəsinin ictimai fikirdə geniş yer tutduğunu nəzərə alaraq Ağaoğlunun bu kitabının yeni perspektiv açacağını gözləyirik.

Samir İsayev

 

1-ci hissə

 

Kadrocular

Dövlətlə fərd arasındakı əlaqə və münasibətləri, yəni qarşılıqlı fəaliyyət və səlahiyyətlərinin hüdudunu təsbit məsələsi mütəfəkkir bəşəriyyəti ta Platon zamanından bəri düşündürməkdə və məşğul etməkdədir.

Fəqət tarixin heç bir dövründə bu məsələ ümumi hərb [Birinci Dünya Müharibəsi nəzərdə tutulur] sonu zamanında olduğu qədər ictimai fikri məşğul etməmişdir. Bu müddət ərzində bu mövzuya dair yazılmış olan əsərlər bir yerə top­lansa böyük bir kitabxana təşkil edər.

Məsələnin bu qədər əhəmiyyət kəsb etməsinin iki böyük səbəbi vardır.

Birincisi, Dünya Müharibəsinin yaratdığı ümumi qarışıqlıqdır. Müharibənin arxasınca gələn inqilablar, üsyanlar, böhranlar sivil bəşəriyyətin möhkəm əsaslar üzərinə qurulmamış olduğu fikrini beyinlərə yerləşdirdi. Həqiqətən, bu fikir müharibədən əvvəl də vardı, sosialist cərəyanların prinsiplərindən biri idi; fəqət müharibə sonuna qədər sosialist çevrələrə məxsus olaraq qalmaqda idi. Halbuki müharibədən sonra qeyd edilən çevrələrin xaricinə çıxaraq, o zamana qədər sosialist cərəyanlara qarşı duran zümrələrə belə siraət etdi və sivil dünyanın qurulduğu əsasların, ümumiyyətlə, bir tənqid süzgəcindən keçirilməsi ehtiyacı hasil oldu.

İkinci səbəb isə qeyd edilən qarışıqlıqlar ara­sında baş vermiş əmri-vaqelərdir.

Rusiya kimi 170 milyonluq əhalini ehtiva edən əzəmətli bir dövlətin üzərinə əzm və cürət sahibi bir ovuc idealist insan əl qoyaraq əhalinin 3%-ni belə təşkil etməyən bir zümrə adına diktatorluq qurdular.

Polşa, İtaliya və İspaniya kimi inkişaf etmiş bölgələrdə bəzi şəxslər asanlıqla şəxsi diktaturalarını təsis etməyə müvəffəq oldular!

Bütün bu hadisə və situasiyalar sivil dünyanın quruluş tərzinin əsaslı və doğru olmadığı haqqında başdan bəri sosialistlər tərəfindən irəli sürülən iddiaları gücləndirdi.

Qeyd edilən quruluş tərzinin ümumi çərçivəsi bunlar­dan ibarətdir:

İqtisadiyyat sahəsində – əmək azadlığı və kapitalizm.

Siyasət sahəsində parlamentarizm və fərdi azadlıq.

Bax bu dəfə hücum xüsusilə bu nöqtələr üzərinə yönəldildi.

Ən güclü hücumlar təbii olaraq və xüsusilə dövlət çevrilişi etməyə müvəffəq olmuş tərəflərdən gəlir; baxmayaraq ki, bunların öz aralarında prinsip və məqsəd etibarilə vəhdət və ittifaq aramaq əbəsdir. Məsələn – bugünkü Rusiya ilə İtaliya ara­sında heç bir ortaq nöqtə tapa bilməzsiniz; lakin tutduqları yol – diktatura – eyni olduğundan bu yolun doğru olduğunu sübut etmək üçün hücumda müştərəkdirlər.

Digər çevrələrdə isə müxtəlif və əksərən bir-birinə zidd məqsədlər güdən zümrələr də hücumda iştirak etməkdədirlər. Məsələn, Almaniyada hitlerçilər şəxsi diktatura arxasınca qaçarkən fəhlə diktaturası quran kommunistlərlə (aralarındakı dərin düşmənçiliklərə rəğmən) hücumda ortaqdırlar.

Bu şəkildə Avropada müharibə sonu meydana gəlmiş olan dərin və geniş bir fikir cərəyanı sərhədləri aşaraq bizə qədər gəldi və təbii olaraq bizim mütəfəkkirlərimizə də təsir etdi.

Bir müddətdir Ankarada nəşr olunan “Kadro ve İnkilap” məcmuəsi bu cərəyanın bizdəki öndə gedənidir.

Aşağıda görüləcəyi kimi bu məcmuənin daşıdığı fikirlərə və irəli sürdüyü nəzəriyyələrə əsla qatılmıram. Aramızda dərin uçu­rumlar vardır. Buna rəğmən mən bu məcmuəni məmnuniyyətlə qarşılayıram və böyük bir həvəslə oxuyuram. Çünki onda təzə və təmiz bir havanın sərinliyini duyuram; çünki o, həm ciddidir və həm də həyəcanlıdır. Çünki o, məmləkətin ciddi məsələləri ilə məşğul olur.

Varsın mənim duyğularıma və düşüncələrimə uymasın; bunun əhəmiyyəti yoxdur. Əsas odur ki, yenilik olsun, həyat olsun, fikir olsun, hərəkət olsun!

Yuxarıda dediyim kimi, kadrocuların fikir və nəzəriyyələrinə qatılmıram; aramızdakı bu ixtilaf mənim Ankarada olduğum zamanlar­dan başlayır.

Ta o zamanlar istər xüsusi görüşlərdə və istərsə də ümumi toplantılarda kadrocularla aramız­da münaqişələr oldu.

Bu dəfə kadrocular arasında xüsusi bir mövqeyi olan və Kadronun nəzəriyyə qismini qüdrətli və güclü ifadə edən Şevkət Sürəyya bəy əvvəlcə məcmuənin müxtəlif qisimlərində dağınıq və hissə-hissə söyləmiş olduğu müddəalarını bir yerə toplamış, təkmilləşdirmiş və tamamlayaraq “İnqilab və Kadro” adını daşıyan bir kitab şəklində xalqın mütaliəsinə təqdim etmişdir.

Möhtərəm müəllif bu əsərin ön sözündə vaxtilə aramızda Ankara Türk Ocağında baş vermiş münaqişələri adımı çəkmədən xatırladaraq əsərin çıxmasına sanki bu münaqişələrin səbəb olduğunu göstərdiyindən mən də bu əsərdə bəyan edilmiş fikirlər haqqındakı düşüncələrimi xalqın mütaliəsinə təqdim etməyi faydalı gördüm.

Etiraf edirəm ki, aramızda ta əvvəldən mövcud olan uçurumun kitabı oxuduqca böyüdüyünü hiss etdim.

Zira kitabın ifadə tərzi ilə daşıdığı düşüncə belə məni ta ilk sətirlərdən qorxutdu.

Mən zənn edirdim ki, bu iyirminci əsrdə artıq peyğəmbərcəsinə ifadə tərzlərinin modası keçmişdir; və xüsusilə “rəqəm” və “fakt”  kimi amansız verilənlərə əsaslanan iqtisadiyyat və sosiologiya sahələrində bu tərzə yer qalmayıb.

Məgər ki mən yanılırmışam!

Budur sizə kitabın ilk səhifələrindən təsadüfi iqtibas etdiyim bir neçə misal: “Türkiyə inqilab içindədir. Bu inqilab başa çatmadı. Həyata keçirdiyimiz hərəkətlər, şahid olduğumuz üsyan və dağıntı mənzərələri onun yalnız bir səhifəsidir”, “Üsyan inqilabın məqsədi deyil, vasitəsidir!” “Xüsusilə uşaq və gənclik çağında olan millət nəslinin maddi və mənəvi varlığı cəmiyyətin malıdır!” “Şüurlu, lakin dözümsüz bir disiplin demək olan inqilab nizamı içində anarxik bir mətbuat sistemi inqilabın məna və mahiyyəti ilə tam bir təzad təşkil edər.” və s.

Zəburun, İncilin, Tövratın və Quranın ayələrini xatırlarsınız! İzahsız, dəlilsiz, sübutsuz bir sıra düsturlar! Bu tərz ifadə dindarlar üçün çox yaxşıdır: lakin dindar olmayanların halı necə olacaq? Mənə qalsa, kadrocular anlaşılmaq istəyərlərsə, bu peyğəmbər tərzindən iyirminci əsr sinirlərinin dözümü olmayan bu kahinlikdən vaz keçərlər və konkret hökmlər əvəzinə vəziyyət və hadisələri izah etməyə çalışarlar. Keçirəm kadrocuların inqilabımıza aid etdikləri ideologiyaya.

İnqilabımızın ideologiyası

“Kadro və İnqilab”dan anladığıma görə, kadrocuların başlıca narahatçılıqları inqilabımızın ideologiyasını təsbit etməkdir.

Əla!

Lakin bunu kim edəcək?

Kitab cavab verir.

“Kadro”

Kadro nədir və kimdir ?

Yenə kitab eynilə cavab verir:

“Kadro inqilab reallığından çıxarılan və onun irəliləyişinə uyğun bir şəkildə izah edildikcə formalaşan və nəzəriyyələşən prinsipləri özünə idrak edənlərdəndir.”

Digər bir ifadə ilə – bu gün faktiki olaraq “Kadro” ad və sifətini üzərinə alan məcmuənin ətrafında toplan­mış və inqilabın prinsiplərini formalaşdırmaq və nəzəriyyəsini qurmaq iddiasında olanlar və on­ların birinci sırasında gələn “Kadro və İnqilab” kitabının sahibi olan şəxsdir.

Kitab əlavə edir: “İnqilabın iradə və mənfəəti inqilabı duyan və aparan azlıq, fəqət şüurlu bir “avanqard”ın, azlıq, fəqət inkişaf etmiş və disiplinli bir Kadronun iradəsində təmsil olunur!”

Deməli, bugün inqilabın iradə və mənfəətini təmsil edənlər faktiki olaraq kadroculardır. İnqilabı bu şəkildə mənimsəyərək inhisar altına almaq cəsarətini özlərində görənlərin təvazö və sadəliklərinə heyran olmamaq mümkündürmü?

Lakin bunlar bununla da dayanmırlar.

Kitab deyir ki:

“Formalaşan və nəzəriyyələşən prinsiplər ətrafında tədqiq və strateji ziqzaqlar edilə bilər, fəqət geri dönülə bilməz!”

Və bir səhifə sonra da: “Prinsipləri idrak edənlər və qavrayanlar bir tərəfə, idrak edə bilməyənlər və qavramayanlar digər tərəfə ayrılacaq, onları qəbul edənlər iradələri ilə, qəbul etməyənlər iradələri xaricində bu prinsiplərə tabe olacaqlar!”

Budur, canımı sıxan, xoşuma gəlməyən düşüncə!

Vaxtilə katolik kilsəsinin şüarı “Hors de moi point de salut” yəni “məndən kənarda xilas yoxdur” düsturu idi.

İslamiyyətin şüarı isə “möminlər bir tərəfə, kafirlər bir tərəfə” düsturundan ibarətdir.

Fəqət islamiyyət heç olmasa, “içtihadda qüsur” prinsipini qəbul edir. Yəni həqiqəti tapmaq üçün çalışıb-çabalayıb, nəhayət idraklarının nöqsanı səbəbilə həqiqəti tapa biməyənləri əfv edir və onlara bərzəxdə[1] yer veriləcəyini və özlərinə ikinci bir təklif ediləcəyini vəd edir.

İyirminci əsrin “Kadro” dini bu qədərsə dözüm və tolerantlıq göstərmir. Həqiqətən bu din taktiki və strateji ziqzaklara icazə verir.

Fəqət məlumdur ki, taktika və strategiya çox incə və zərif bir sənətdir və hər insanın baş vura biləcəyi vasitə deyildir.

Şevkət Sürəyya bəy kitabında təkrar-təkrar deyir ki: “İnqilabın prinsiplərini və istinad etdiyi əsasları inqilabın öz gedişindən çıxarmalıdır.”

Bu doğru və elmi bir düsturdur.

Fəqət bu düsturu söyləyən müəllif ona əsla riayət etmir. Belə bir müəllifdən gözlənilən metod inqilabımızın ta başlanğıcından bu günə qədər keçmiş olduğu dövrləri, bu dövrlər zamanında inqilabın başında olan şəxslərin və qurumların fəaliyyətlərini, inqilab rəhbərlərinin çıxış və yazılarını və nəhayət inqilabın əməli və faktiki olaraq meydana qoymuş olduğu əsərləri, məsələn inqilab zamanında çıxarılan qanunlar, teşkilat-i esasiye[2] qanununu, bu qanunun istinad etdiyi fikirləri, keçir­miş olduğu dəyişiklikləri, dövlət təşkilatını bir-bir tədqiq, mütaliə və təhlil etmək və bu müsbət mütaliə üzərinə inqilabın ideologiyasını qurmaqdır!

Halbuki müəllif bu sahələrə yanaşmır, təmas belə etmir.

“İnqilabımızın ideologiyası” dediyi fikir mənzuməsini sırf öz beynində daşıdığı şəxsi fikir­lərdən və idealdan çıxarmağa çalışır və bu yolla qurmaq istədiyi tərəfli və subyektiv sistemi inqilaba aid edir.

Buna nail ola bilmək üçün “Kadro və inqilab” sahibi əvvəla inqilabımızı dünya böhranı[3] ilə əlaqələndirir və sonra bu böhranın Qərb aləmində təhrik etdiyi ictimai cərəyanlarda inqilabımızın ideologiyası üçün təməllər axtarır.

Şevkət Sürəyya bəyə görə, dünya böhranı bü­tün bəşəriyyəti iqtisadi qurtuluş mübarizəsinə sövq etdi; Avropa və Amerikada kütlələri kapitalizmə və digər qitələrdəki müstəmləkə və yarımmüstəmləkə halında yaşayan ölkələri də əcnəbilərin siyasi və iqtisadi hakimiyyətinə qarşı mübarizəyə sürüklədi.

Bax Türk inqilabı da bu ümumi hərəkatın bir parçasıdır.

Türk inqilabı haqqındakı bu görüş çox dar və məhduddur və Türk inqilabının genişliyi ilə əsla mütənasib deyildir.

Heç şübhə yoxdur ki, bizim inqilabımızın da iqtisadi bir xüsusiyyəti vardır. Heç şübhə yoxdur ki, Türk inqilabının bir cəbhəsi də əcnəbi iqtisadi hakimiyyətə qarşı gəlməkdir. Fəqət bu amilin dünya böhranı ilə tarixən və bilavasitə heç bir əlaqəsi olmadığı kimi Türk inqilabının bütün məzmununu da doldur­madığı açıqdır.

Türk inqilabı həyata keçirilərkən Türkiyə dünyadan təcrid olunmuş bir vəziyyətdə idi. Dünya böhranı başlayarkən Türk inqilabının mühüm prinsipləri həyata keçirilmişdi.

Türk inqilabının tərkibinə gəlincə: Bu inqilabın xarici cəbhəsi olduğu kimi, son dərəcə mühüm daxili cəbhəsi də var.

Kadrocuların nəzərindən qaçan bax bu ikin­ci çox böyük cəbhədir! Bütün əsərdə nə monarxiyanın ortadan qaldırılmasından, nə də xilafətin tərk edilməsindən, nə Cümhuriyyətin təsisindən, nə Lozan sülhündən və nə dini, ailəvi, hüquqi yeniliklərdən bəhs edilir!

Kadrocuların bu etinasızlığı çox təbiidir. Çünki marksist və tarixi materialist olduqlarına görə nəzərlərində monarxiya, xilafət, ailə, hüquq, əxlaq və hətta hökumət forması bir sıra ikinci dərəcəli əhəmiyyət kəsb edən “infrastruktur[4] qurumlar”dır.

Əsas olan iqtisaddır; bax bunun üçündür ki, müəllif inqilabımızın yalnız iqtisadi cəbhəsini görmüş və əsərində, xüsusilə bu cəbhəni göstərmək istəmişdir. Fəqət bu cəbhəni belə mütaliə edərkən fikir və sistem təqlidçiliyi özünü qəribə və içindən çıxılmaz ziddiyyətlərə sövq etmişdir.

Məlumdur ki, marksizm məktəbi Avropadakı ictimai qarışıqlıqları iki əsasa bağlamaqdadır: Kapitalın hakimiyyəti və bu hakimiyyətin doğurmuş olduğu sinfi mübarizə.

Bizim məmləkətimizdə isə Sürəyya bəyin öz etirafı ilə belə nə kapitalın hakimiyyəti və nə də sinfi mübarizə vardır.

Buna rəğmən müəllif bizim inqilabımızın da Avropadakı ictimai inqilabların mahiyyətində ol­duğunu və olması lazım gəldiyini iddia edir. Necə ki Avropa və Amerikada qurtuluş mübarizəsinin hədəfi müasir kapitalist dövlətlərini düşmüş olduqları təzadlardan və bu təzadların meydana gətirdiyi sinfi mübarizələrdən qorumaqdır, eləcə də bizim inqilabımızın başlıca hədəfi Türk cəmiyyətini gərək kapitalın hakimiyyətindən və gərəksə də bu hakimiyyətin doğura biləcəyi sinif təzadlarından indidən qorumaq olmalıdır.

Fəqət bu iş necə ediləcək?

Kadrocular üçün məsələ çox bəsitdir, “Kadro” deyir ki:

“İlk addımdan etibarən dövlət kontrolu altına alınacaq təşkilatlı bir Türk cəmiyyətində bu təzadların yaranmasına imkan qalmaz” (səhifə 25).

Kadrocular üçün ideal ibtidai cəmiyyətlərdir; əsərin 29-cu səhifəsində eynilə bu sətirləri oxuyuruq:

“Müasir cəmiyyətlərdə iqtisad həyatı cəmiyyətin iradi müdaxiləsindən tamamilə xaric olaraq irəliləyir… Halbuki, məsələn, bütün istehsal vasitələri köpəklərindən və ovçuların oxlarından, bütün istehsal üsulları da məhdud və müəyyən bir sıra qaydalardan ibarət olan qədim bir Hindu qəbiləsində bütün iqtisadi münasibətlər qəbilənin, yəni cəmiyyətin iradi müdaxiləsi daxilində cərəyan edərdi. Başda bütün ov və istehsal həyatının nizamlayıcısı olan bir idarəedici vardı. Xülasə, bu cəmiyyətin texnoloji təməli geri, fəqət texnologiya üzərində hakimiyyəti planlı və irəli idi.”

Deməli Şevkət Sürəyya bəy ciddi şəkildə inanır ki, daş dövründə ov və otla yaşayan, qaya çatlaqlarına sığınan çılpaq insan sürüləri müasir insanlardan daha planlı, daha inkişaf etmiş bir iqtisad tərzi qurmuşdular!

Möminlərə nə xoş!

Bu imanladırmı ki, bu idealın Türk cəmiyyətində də hakimiyyəti arzu edilir?

Kadro davam edir:

“Bu ibtidai, fəqət planlı hakimiyyət tərzi cəmiyyətin həyatında texnologiyanın inkişafına mütənasib ola­raq cəmiyyətin planlı müdaxiləsi içində irəliləmiş olsaydı, cəmiyyətin içində nə siniflər və nə də millətlər arasında bir sıra təzadlar doğmayacaq və hər texniki tərəqqi cəmiyyət içində bir sıra ictimai uyğunsuzluqların meydana gəlməsinə səbəb olmayacaqdı.”

Fəqət bu hansı səbəbdən belə olmuşdur?

Nəyə görə bəşəriyyət sürü halındaykən belə baş­lamış olduğu bu qədər xeyirli bir işdən daha sonra inkişaf edib kamilləşdikdən sonra uzaqlaşmışdır? Nəyə görə “iradəli planlı” müdaxilə ilə bərabər texniki inkişaf mütənasib olaraq inkişaf etməmişdir?

Kadrocular bu suallara cavab vermirlər və qəbul etdikləri tezis baxımdan doğru edirlər. Çünki hadisəni səmimi və doğru olaraq izah etməyə cəhd etsələr, qurmaq istədikləri bina alt-üst olardı. Çünki çatacaqları yeganə həqiqət bu olacaqdı: Planlı və iradəli müdaxilə ilə texniki inkişaf bərabər olaraq yeriməz və yeriyə bilməz. Necə ki bütün bəşəriyyət tarixi, bütün mədəniyyət dəyişikliyi daha sonra görəcəyimiz kimi bu həqiqəti isbat etməkdədir .

Kadrocular nəzəriyyələrini izaha davam edərək deyirlər ki: “Tarixi materializm cəmiyyət içindəki digər bütün təzadların anası olan bu ana təzadın (sərmayə) təsviyəsini texniki tərəqqinin cəmiyyətin planlı və iradəli bir müdaxilə içinə alınmasında tapır. Bu prinsipdən çıxış edən marksizm (daha doğrusu sosializm) bu təsviyənin ancaq siniflər arasındakı mülkiyyət təzadının aradan qaldırılması yolu ilə və bir inqilab ilə həyata keçiriləcəyini söyləyir.”

Fəqət kadrocular özlərinin sosialist olmadıqlarını dərhal əlavə edirlər. Gerçək elmi materializm tərəfdarı olduqlarından cəmiyyətin qurtuluş çarəsini “cəmiyyətin planlı və iradəli müdaxiləsində” görürlər. Fəqət bizim kimi formalaşmamış, amorf halında olan və sinif ayrılığına yad, texniki cəhətdən geridə qalmış cəmiyyətlərdə zatən sinif ziddiyyətləri, sinfi mübarizələr yoxdur. Nə inkişaf etmiş sənaye var, nə böyük kapital və nə də çoxsaylı fəhlə sinfi. Bizdəki və bizim kimi ölkələrdəki ziddiyyətlərin yeganə mənbəyi müstəmləkə və yarımmüstəmləkə vəziyyətində olmaq və sənayesi inkişaf etmiş ölkələrin hakimiyyəti və tabeçiliyi altında qalmasıdır. Buna görə də bu kimi ölkələrdə qurtuluş yolunu mülkiyyəti ləğv etməkdə deyil, müstəmləkə və yaxud yarımmüstəmləkə vəziyyətindən çıxmaqda axtarmalıdır. Və bunun üçün də istehsal vasitələrinin inkişafını təmin edərək, bu ölkələri öz-özlərinə kifayət edə biləcək səviyyəyə yüksəltməlidir. Fəqət bu hədəfə necə çata bilər? Kadroculara görə, bu hədəfə də yalnız cəmiyyətin planlı və iradi müdaxiləsi ilə nail oluna bilər.

Kadronun 55-ci səhifəsində eynilə deyilir ki:

“Milli qurtuluş mübarizəsinə başlayan və yaxud başlamağa namizəd olan ölkələrdə yeni taktika daha ilk addımdan etibarən cəmiyyətin inkişaf etmiş siniflərini total idarəedən, qurucu, işlədici və bütün artıq dəyərləri cəmiyyət adına mənimsəyən yeni tip bir iqtisad dövlətinin planlı müdaxiləsini zəruri etməkdədir.”

Biz burada artıq kadrocuları bütünlüklə anlaya bilmirik.

Bizə görə, sosializm sonuna qədər tam və ahəngdar bir görüşdür. Bu görüş bütün fəlakətlərin mənbəyini mülkiyyətdə görür. Bu cərəyan deyir ki: Bütün pisliklər xüsusi mülkiyyətdən gəlir. Bəşəriyyətin bütün iztirablarının mənbəyi bu şəxsi mülkiyyət üsuludur. Buna görə də bəşəriyyəti iztirablardan, ziddiyyətlərdən, qarışıqlıqlardan qurtara bilmək üçün mülkiyyət əsasını yıxmalı, yer üzündəki insanları əmək və əməl ətrafında birləşdirməli, sərhədləri qaldırmalı, hətta hökumətləri ləğv etməli və hər kəsi heç olmasa çalışdığı nisbətdə rifaha qovuşdurmalı. Çalışmaq vasitələri və istehsal alətləri, yəni texnologiya isə dövlətin əlində olmalıdır.

Budur, tam əhatəli, əvvəli sonuna uyğun bir görüş; bu görüş ya qəbul, ya rədd edilər.

Fəqət kadrocular nə qəbul, nə də rədd edirlər.

Bunlar sosialist deyillər. Çünki; zahirən mülkiyyət hüququnu tanıyırlar. Fəqət eyni zamanda marksist olduqlarından sosialist metodunun tərəfdarıdırlar. Yəni istehsal vasitələrinin və yüksək texnologiyanın dövlətə aid olmasını istəyirlər.

Eyni zamanda bunlar fərdi də inkar etmirlər.

Fəqət fərdi əməyin dövlətin planlı və iradi müdaxiləsi altına alınmasını tələb edirlər.

Reallıqda kadrocular kəliməni mühafizə edib mənanı; mülkü mühafizə edib mülkiyyətçini; fərdiyyəti qəbul edib fərdi ortadan götürürlər.

Onların fikrincə, bu bir kombinasiyadır. Fəqət müvəffəqiyyətli bir kombinasiya olduğu şübhəlidir.

Bu yolla kadrocular ictimai ziddiyyətləri həll edərkən özləri içindən çıxılmaz ziddiyyətlərə yuvarlanırlar.

Bunların davamlı ziddiyyətlər arasında olduğu demokratiya haqqındakı fikirlərində də müşahidə olunmaqdadır.

Kadrocular və Demokratiya

“Kadro və inqilab” demokratiyaya belə tərif verir: “Müasir elmdə demokratiya cəmiyyət daxilində bütün qabiliyyətlərin ahəngdar və bərabər inkişafına imkan verən ağlabatan bir ictimai nizamdır.” (Səhifə 84)

Bu tərif olduqca doğru və açıqdır. Demokratiyanın millətlərə və bütün bəşəriyyətə təmin etdiyi faydalara gəlincə: Yenə eyni əsər deyir ki: “De­mokratiya özündən əvvəl gəlmiş olan bütün nizamların ən mükəmməli və insanlığa bir əsr içində bütün insaniyyət tarixinin verə bilmədiyi qədər məhsul verəni olmaq etibarilə özündən əvvəlkilərə nisbətən əlbəttə ki, bir tərəqqi həmləsidir, öncül bir quruluşdur.”

Bununla birlikdə və bütün bu faydalara rəğmən kadrocular demokratiya tərəfdarı deyillər.

Bunlar bir-iki məmləkəti misal göstərərək demokratiya quruluşunun hər yerdə çürüməkdə və tərk edilməkdə olduğunu iddia edirlər.

Bunların Fransa, İngiltərə, Amerika və bütün Şimal dövlətləri kimi sağlam və dözümlü cəmiyyətləri buraxıb da, misalı min bir keşməkeşlər içində yuvarlanan və heç cür müvazinətlərini tapa bilməyən mühitlərdə aramaları ayrıca diqqəti cəlb edən bir məqamdır.

Bununla birlikdə, göstərdikləri məmləkətlərdə belə demokratiyanın çürümüş olduğunu və tərk edildiyini isbat üçün kadrocular əsaslı və inandırıcı dəlillər gətirmirlər. Həqiqətdə kadrocuların demokratiyanı sevməmələrinin səbəbi bu quruluşun istinad etdiyi prinsiplərdir.

Məlumdur ki, demokratiya hər cür qabiliyyətlərin inkişafına maneəsiz və təmiz sahələr açan fərdi hürriyyət təməli üzərinə qurulur. Kadrocular isə fərdi hürriyyəti sevmirlər, bu xüsusdakı ideallarını bu cümlə ilə ifadə edirlər.

“Cəmiyyət içində fərdə sanki onu cəmiyyətdən ayıran bir hürriyyət vermək deyil; dünya üzərində millətə haqq və fərdə də bu hürr millət içində iş və vəzifə vermək idealdır.”

Sanki klassik demokratiyalar dünya üzərində millətə haqq vermirlərmiş? Sanki İngiltərə, Fransa, Amerika, İsveçrə, Skandinaviya və sair demokrat dövlətlər dünya ölkələri içində millətlərini haqdan məhrum edirlərmiş.

Bu kimi kəlimə oyunları ilə bir tezisin izah və müdafiə edildiyi düşünülürsə, aldanılır. Hürriyyətin fərdi millətdən ayırmasına gəlincə: Hürriyyət fərdi millətdən ayırmaz; əksinə fərdlərin cəmindən ibarət olan cəmiyyət üzvləri arasında qırılmaz və ayrılmaz bır birlik şəbəkəsi qurar.

Sosiologiya elmi hürriyyətdən məhrum üzvlərdən ibarət ibtidai cəmiyyətlərlə hürr fərdlərdən təşkil olunmuş inkişaf etmiş cəmiyyətlər arasındakı birlik fərqlərini çoxdan qeyd etmişdir.

İbtidai cəmiyyətlərdə birlik işlərin bənzərliyindən doğar və bu birlik zahiri və mexanikidir. Məsələn: Bir qəbilədə bütün qəbilə kişiləri eyni işlərlə, məsələn, müharibə ilə, heyvan otarmaqla məşğul olduqları kimi qəbilə qadınları da eyni işlərlə, məsələn, evdə uşaqlara baxmaq, yemək hazırlamaq, eyni mahiyyətdə ibtidai alətlərdən istifadə edərək evin ehtiyaclarını təmin edəcək işlərlə məşğul olurlar. Burada fərdi qabiliyyətlər vərdiş, ənənə, qərəz və s. kimi bir çox zəncirlərlə bağlanmış, özlərinə sərbəst məkan tapa bilməz. Nəsillər nəsillərin ardınca gedər, mühitdə dəyişiklik olmaz.

İnkişaf etmiş cəmiyyətlərdə isə birlik, əksinə, iş bölgüsü prinsipinə əsaslanır. Burada birlik dərindir, kimyəvidir. Burada fərd qazanmış olduğu hürriyyətlər sayəsində qabiliyyətləri üçün sərbəst məkan tapır və bu qabiliyyətlər getdikcə inkişaf edərək nəhayət mütəxəssis səviyyəsinə çatır və bu şəkildə fərdlər sanki bir-birinin tamamlayanı olurlar. Hər kəs qonşusunun işinə möhtac olduğunu hiss və idrak edir və bütün cəmiyyət fərdləri arasında bu qarşılıqlı ehtiyac və bağlılıq səbəbilə elə bir zəncirvari şəbəkə qurul­muş olur ki, birinin işində baş verən hər hansı bir qarışıqlıq və pozuntu dərhal digərlərinə təsir edər və hamısını narahat edər. Və bu ictimai narahatçılıq pozuntunu meydana gətirən səbəb aradan qaldırılmadıqca davam edər. Məsələn: Fərz edin ki, bir şəhərdə hər hansı bir səbəbdən çörəkçilərin işində durğunluq hasil olur və bunlar işləyəməz olurlar. Bütün şəhər əhalisində baş verəcək narahatçılığın və reaksiyanın dərəcəsini asanlıqla təsəvvür edərsiniz.

Qəbilədə isə belə bir hal meydana gəlməz.  Çünki orada iş bölgüsü ibtidai bir vəziyyətdədir. Hər ailə öz çörəyini özü bişirir, buna görə də onlardan birinin məruz qaldığı problem digərlərinə keçməz, digərlərini narahat etməz. Yəni burada fərdləri bir-birlərinə bağlayan dərin və institusional əlaqə hələ hasil olmamışdır. Əhali inkişaf etdikcə və hürriyyət sayəsində iş bölgüsü artdıqca bu əlaqələrin kökləri hər tərəfə qol-budaq atar və fərdləri bir-birinə qırılmaz həyati tellərlə bağlayar.

Bütün bu müşahidələrdən çıxarılacaq nəticə budur: Fərd inkişaf etdikcə, yəni fərd hürriyyətlərini əlinə alaraq iş bölgüsündə çeşidləndikcə fərdləri bir-birinə bağlayan iplərin sayı çoxalar və bu say nisbətində cəmiyyət arasında birlik və vəhdət təsis edilər.

Bax bunun üçündür ki, əsas və istinadgahı fərdi hürriyyət olan demokratiyanın qələbəsilə hər yerdə və hər mühitdə milli vəhdət cərəyanlarının başladığını müşahidə edirik. Müasir milli qruplar və müasir milliyyət cərəyanları sırf demokratiyanın məhsuludur.

Necə ki, demokratiyanın qələbəsindən əvvəl tarixdə milli cərəyanlara təsadüf olunmursa, elə də təbii və məntiqi olaraq demokratiyanı inkar edən məzhəblərin düsturlarından başlıcası milliyyəti inkar və “Dünya vətənim və bəşəriyyət millətim” şüarından ibarətdir.

Buna görə də kadrocuların guya hürriyyət fərdi cəmiyyətdən ayırırmış tərzindəki iddiaları həqiqətin tamamilə əksidir.

Buna rəğmən kadrocular yorulmurlar, hücum edirlər. Bunlar deyirlər ki: “bir qrup kiçik, dar və dağınıq fərd mənfəətlərinin bütün qabiliyyətləri qıran tutqun havası içində deyil, hüdudları vətənin üfüqlərinə yayılan şən və firavan bir millət icması içərisində iş sahibi olmanın həyəcanını duymayanlar öz miskin çərçivələrində qalsınlar.”

Cümlə çox parlaq və şairanədir.

Fəqət təəssüf ki, iqtisadiyyat və sosiologiya kimi quru və soyuq sahələrdə şeir fayda vermir.

Anlamıram, inkar olunan, hürriyyətdən məhrum edilən və cəmiyyət içində ərimiş olan fərd necə iş sahibi ola bilər?

Və yenə anlamıram, inkar edilmiş və hürriyyətdən məhrum edilmiş fərdlərdən formalaşan bir cəmiyyət necə şən və firavan olur?

Millət kəliməsi ilə oynamayaq! Bu kəlimə nəyi ifadə edər?

Bu mücərrəd məfhumun məxsusi cəbhəsi fərd deyilmi?

Millətdən onun yeganə təşəkkül ünsürü olan fərd alınır, nə qalır? Bəllidir ki, bu ünsür inkar edildiyi və hürriyyətdən məhrum edildiyi nisbətdə onun məhsulu olan millət də inkar edilmiş olar, inkar olunan və hürriyyətdən məhrum edilən bir mühit necə inkişaf edər, necə güclənər?

Kadrocular dünyanın ikiyə bölünmüş olduğundan, birisinin Qərbdən, digərinin də Şərqdən ibarət olaraq, Qərbdə texnoloji inkişaf etmiş və cəmiyyətin güclənmiş olduğundan, Şərqdə isə texnoloji geridə qalmışlıq və icmaların da zəifləmiş olduqlarından və nəticədə birinin digərindən asılı vəziyyətə düşməsindən acı-acı şikayət etməkdədirlər və qurduqları nəzəriyyəni, xüsusilə bu hadisə üzərinə istinad etdirməkdədirlər.

Fəqət eyni zamanda bu mühüm və dünya çapındakı hadisənin izahından qısqanclıqla çəkinməkdədirlər. Biz onları anlayırıq. Bu mühüm hadisəni izah etməyə çalışmış olsaydılar, qurduqları nəzəriyyəni qura bilməzdilər, onu özləri çürütmüş olardılar.

Məlumdur ki, bütün mədəniyyətlər Şərqdə yaranmışdır. Yenə məlumdur ki, məsələn: Osmanlı dövləti 15-ci əsrdə iqtisadi və inzibati təşkilatı ilə Avropadan üstün idi. Və həmçinin məlumdur ki, Hindistan böyük Əkbər zamanında iqtisad və kültür sahəsində İngiltərənin fövqündə idi.

Nə baş verdi ki, bir müddət sonra Osmanlı dövləti parlaqlığını itirir, davamlı olaraq tənəzzülə doğru gedir və nəhayət yarımmüstəqil bir vəziyyətə düşür? Və həmçinin nə baş verdi ki, Hindistan bir müd­dət sonra yalnız geriləməklə qalmadı, əvvəlcə özündən mədəni baxımdan aşağı olan və daima əhalisinin sayı və ərazisinin böyüklüyü etibarilə özündən on dəfə kiçik olan İngiltərənin əsirinə çevrildi?

Bütün bəşəriyyət tarixini alt-üst etmiş olan bu hadisələr izaha dəyməzmi? Niyə kadrocular bu xüsusda dərin bir sükuta bürünürlər?

Çünki: Bu sahəyə girişmiş olsaydılar, alacaqları nəticələr irəli sürdükləri fikirlərin tamamilə əksinə çıxacaqdı. Görəcəkdilər ki, Qərbin yüksəlməsində başlıca səbəb fərdi hürriyyətlərin getdikcə genişlənməsi və bunun sayəsində fərdin tədricən sərbəstləşməsi olmuşdur.

Bir zaman gəlmiş ki, iki qitə üzərində tamamilə əks axınlar baş vermişdir. Şərqdə fərd boğulmuş, Qərbdə açılmış; bir tərəfdə getdikcə azğınlaşan istibdadın təzyiqi altında fərd sıxışdırılmış, zəiflədilmiş, cılızlaşdırılmış və nəhayət özünün dar və boğucu qını içinə soxuşdurulmuşdur. Qərbdə isə istibdadın getdikcə zəifləməsi sayəsində fərd tədricən hürriyyətini əlinə almış və davamlı şəkildə açılaraq yaşamaq və çalışmaq zövqünü duymuşdur. Nəticədə boğulmuş və öz qını içinə girmiş zəif və cılız fərdlərdən formalaşmış Şərq xalqları da boğulmuş və zəfləmişlər. Əksinə olaraq mütəmadi şəkildə qüvvətlənən fərdlərdən ibarət Qərb xalqları da güclənmişdir. Və nəhayət iki aləm arasında kadrocuların şikayət etdikləri fərq hasil olmuşdur.

Kadrocuların durmadan bəhs etdikləri Qərbdəki texnoloji inkişaf belə fərdin bu açılma prosesi ilə bərabər olaraq irəliləmişdir. Renessans dövrü, reformasiya cərəyanları, dini müharibələr, kəndli üsyanları Qərbdə ənənənin, kilsənin, feodalların istibdadından fərdi tədricən xilas edərək, onun sərbəst düşüncəsinə və sərbəst çalışmasına yol açmaqla bir çox yeniliklərin, məsələn: Amerikanın kəşfinə, barıtın icadına və mətbəənin qurulmasına səbəb olmuşdur. Qərb millətlərinin öz aralarında belə fərdi hürriyyətə verilən genişlik nisbətində xalqlar inkişaf etmişdir. Məsələn, ingilislər hər millətdən əvvəl kəşf və icad sahəsinə girmələri, pozitiv elmlərdə inkişaf etmələri, su, buxar və maşın kimi gücləri bəşərin xidmətinə ram etmələri bilavasitə hələ 13-cü əsrdə alınan Charta Magna Libertatum, yəni “Azadlıqların Böyük Xartiyası”, Kromvel zamanındakı inqilabın və Habea Corpus[5] kimi qanunların ingilis vətəndaşlarına təmin etdiyi azadlıqların nəticəsidir.

Qərbdə bu qədim cərəyan nəhayət Böyük Fransa inqilabı ilə taclanaraq 19-cu əsrin möcüzələrini yaradan demokratiya dövrünə yol açdı.

Qərbdə fərdi azadlıqlara  doğru addımlayan bu cərəyan davam edərkən, Şərqdə xalqları öz əllərinə Allah tərəfindən verilmiş bir sürü kimi qəbul edən qəhhar və cəbbar [qəhr edən və zülm edən] müstəbidlər fərdləri əzdikcə əzdilər, o qədər ki, ruhlardan yaşamaq zövqünü belə silərək ölüm və yoxluğu bir ide­al halına gətirdilər. Belə bir ideal bəsləyən fərdlərdən ibarət bir cəmiyyətdə dözüm, açılma və yüksəlmə qüdrəti qalarmı?

Şərqin məhkumiyyəti bu səbəbdən bilavasitə fərdin əzilməsinin, fərdə sərbəst düşünmək, sərbəst hərəkət etmək imkanı verilməməsinin nəticəsidir.

Türk inqilabı Şərqin bu üzücü vəziyyətinə çarə olmaq üçün həyata keçirilmişdir. Onun son arzusu fərdləri yenidən hər hansı bir gücün əsiri deyil, hər əsarətdən xilas etməkdir. Və bunun da bariz və müsbət dəlili bu inqilabın qurmuş olduğu Dövlət forması ilə Konstitusiyadır.

Yeni Türk dövlətinin əsas təməlləri seçki üzərinə, yəni fərdlərin sərbəst rəylərinin açıqlanması üzərinə qurulmuşdur. Fərdlər deputatları, deputatlar prezidenti, prezident baş naziri, baş nazir hökuməti seçərlər və bütün bunlar bir-birlərinə nəzarət edərlər. Eyni zamanda konstitusiya Türk vətəndaşına 31 maddəlik bir sıra təməl hüququ təmin etmişdir ki, ye­kunu Türklərin ictimai hüququ adını daşıyır. Bu hüquq dövlətin əsaslandığı və bugünkü dövlət forması durarkən, ləğv edilməsi və dəyişdirilməsi icazə verilməyən prinsiplərdir. Bax bu əsaslardır ki, inqilabın liderinə türk kəndlisinin əfəndi olduğunu dünyaya elanını təlqin etmişdir.

Kadrocular Türk inqilabının ideologiyasını qurmaq istəyərkən müsbət zəmin olmaq üzərə bu əsasları tədqiq etməli idilər.

Fəqət bu tərz onların işinə gəlməz. Çünki bu metodla hərəkət etmiş olsaydılar, inqilabımızın  fərdi və fərd vasitəsilə fərdlərdən ibarət cəmiyyəti xilas edə bildiyi, yəni tam və hərtərəfli bir demokratiya sistemini gərəkli görmüş olduğu nəticəsinə gəlmək məcburiyyətində qalacaqdılar. Halbuki onların apriori gərəkli gördükləri məqsəd obyektiv bir həqiqətə çatmaq deyil, subyektiv bir fikri irəli sürməkdir. Bu fikir ifrat dövlətçilik üsuludur.

 

Qeydlər və istinadlar:

[1] Ölümdən sonra başlayıb, məhşərdəki dirilişə qədər davam edəcək olan qəbir həyatı (tərc.).

[2] 1921-ci il konstitusiyası nəzərdə tutulur (tərc.).

[3] 1929-cu ildə başlamış iqtisadi böhran nəzərdə tutulur. (tərc.).

[4] Kitabda Ağaoğlu “Sub – Structuresust müessese” yazıb. (tərc.).

[5] 1679-cu ildə İngiltərədə qəbul edilmiş Habeas Corpus Act məhkəmə qərarı olmadan şəxsin azadlığının məhdudlaşdırılmasını qadağan edir. (tərc.)

Paylaş
FacebookTwitter

Facebook Comment

abunə olun

BRI yerli və beynəlxalq auditoriyaya Azərbaycanla bağlı təhlil, rəy və araşdırmalar təqdim etmək məqsədi daşıyan müstəqil ekspertlər tərəfindən yaradılmış beyin mərkəzidir.

bg
For the full operation of the site you need to enable JavaScript in your browser settings.