fbpx

TƏRCÜMƏ

TƏRCÜMƏ

Fəlsəfi biliyin sərhədləri

Read this article on other language
Download article
image_pdf
image_pdf

Bertran Rassel (Bertrand Russell; 1872-1970) məşhur britaniyalı filosof, analitik fəlsəfənin yaradıcılarındandır. Onun zəngin yaradıcılığı fəlsəfənin bir çox fundamental suallarına cavab axtarışını özündə ehtiva edir. Hazırda biz Rasselin dünyanın onlarca müxtəlif dillərinə tərcümə edilmiş, geniş oxucu auditoriyası üçün nəzərdə tutulan Fəlsəfənin problemləri (The Problems of Philosophy) əsərini ingilis dilindən Azərbaycan dilinə tərcümə etməkdəyik. Əsər on beş fəsildən ibarətdir ki, onların da hər biri mühüm bir fəlsəfəsi mövzuya həsr edilmişdir. Tərcüməmizin on dördüncü fəslinin birinci hissəsini aşağıda oxuya bilərsiniz.

Dr. Anar Cəfərov

14-cü fəsil birinci hissə:

İndiyə qədər fəlsəfə ilə bağlı dediklərimizdə biz əksər filosofların yazılarında geniş yer tutan bir çox məsələlərə, demək olar ki, toxunmadıq. Əksər filosoflar – və ya hər halda çoxları – iddia edirlər ki, onlar dinin fundamental ehkamları, kainatın mahiyyət etibarilə rasional olması, materiyanın illüziya olması, hər cür şərin qeyri-reallığı və s. kimi şeyləri apriori metafizik düşüncələrlə sübut edə biliblər. Şübhə yoxdur ki, bu kimi tezislərə inanmağa arqument tapmaq ümidi ömürlərini fəlsəfəyə həsr etmiş bir çoxlarının əsas ilham mənbəyi olmuşdur. Bu ümid, məncə, puçdur. Belə görünür ki, bütövlükdə kainat haqqında biliklər metafizika vasitəsilə əldə edilməməlidir, həmçinin məntiq qanunlarına əsasən, filan şeylərin mövcud olması və filan şeylərin də mövcud ola bilməyəcəyinə dair təklif olunan sübutlar tənqidi süzgəcdən salamat keçmir. Bu fəsildə biz bu cür düşünmə prosesinin hansı üsulla həyata keçirildiyini qısaca nəzərdən keçirəcəyik, həmçinin onun düzgün ola biləcəyinə nə dərəcədə ümid edə biləcəyimizi müəyyən edəcəyik.

Araşdırmaq istədiyimiz görüşün yeni dövrdə böyük nümayəndəsi Hegel (1770-1831) olub. Hegelin fəlsəfəsi çox çətindir və şərhçilər onun doğru təfsiri ilə bağlı fərqlənirlər. Mənim qəbul edəcəyim şərhə əsasən – ki, təfsirçilərin mütləq əksəriyyəti olmasa da, bir çoxlarınınkı ilə üst-üstə düşür, həmçinin maraqlı və əhəmiyyətli bir fəlsəfə növü təqdim edir – onun əsas tezisi budur: Bütövdən kənar hər şey açıq-aşkar fraqmentardır və açıq-aşkar dünyanın qalan hissəsi tərəfindən təmin edilən tamamlayıcı olmadan mövcud ola bilmək iqtidarında deyil. Müqayisəli anatomist tək bir sümükdən bütövün hansı heyvan olduğunu necə görürsə, eləcə də metafizik, Hegelə görə, gerçəkliyin hər hansı bir parçasından onun bütöv olaraq necə olmalı olduğunu  – ən azı ümumi konturlarında – görür. Gerçəkliyin hər bir ayrı görünən parçasının onu növbəti hissəyə bağlayan qarmaqları var; növbəti parça da, öz növbəsində, təzə qarmaqlara malikdir və bu, bütün kainat tamamlanana qədər beləcə davam edir. Bu mahiyyət natamamlığı, Hegelə görə, həm düşüncə, həm də şeylər dünyasında eyni dərəcədə özünü göstərir. Düşüncə dünyasında, mücərrəd və ya natamam olan hər hansı ideyanı götürüb tədqiq etdikdə görürük ki, əgər onun natamamlığını unutsaq, ziddiyyətlərlə üzləşmiş oluruq; bu ziddiyyətlər sözügedən ideyanı onun əksinə, yaxud antitezisinə çevirir; vəziyyətdən çıxmaq üçün isə yeni, daha az natamam ideya tapmalıyıq ki, bu da bizim ilkin ideyamız ilə onun antitezisinin sintezidir. İlkin ideyadan daha az natamam olsa da, bu yeni ideyanın hələ də sona qədər tamamlanmamış olduğu, antitezisinə keçməklə onunla yeni sintezdə birləşməli olduğu aşkarlanacaq. Bu yolla Hegel, onun fikrincə, heç bir natamamlığı, əksi və əlavə inkişafa ehtiyacı olmayan Mütləq İdeyaya çatana qədər irəliləyir. Deməli, Mütləq İdeya Mütləq Gerçəkliyi təsvir etmək üçün adekvatdır; lakin bütün aşağı fikirlər gerçəkliyi Bütövü öyrənənin onu bir dəfəyə dərk etməsi kimi deyil, yalnız natamam baxışa göründüyü kimi təsvir edir. Beləliklə, Hegel belə nəticəyə gəlir ki, Mütləq Gerçəklik tamamilə rasional və ruhi olaraq vahid harmonik sistem təşkil edir; o, məkanda və zamanda olmur, heç bir dərəcədə də şər deyil. Bu səbəbdən Hegel inanır ki, bildiyimiz dünyada bunun əksi olan hər hansı bir təzahür haqqında məntiqi olaraq sübut edilə bilər ki, o, tamamilə kainata fraqmentar baxışımızdan qaynaqlanır. Əgər biz kainatı, Allahın onu necə gördüyünü güman edə biləcəyimiz kimi bütöv görsək, məkan və zaman, materiya, şər, bütün cəhdlər və mübarizələr yox olardı və biz əvəzində əbədi mükəmməl dəyişməz ruhi vəhdət görmüş olardıq.

Bu konsepsiyada şübhəsiz əzəmətli bir şey var ki, onunla razılaşmaq istəyə bilərik. Lakin onun lehinə olan arqumentlər diqqətlə araşdırıldıqda, onların çox qarışıq olduğu və bir çox əsassız fərziyyələri ehtiva etdiyi ortaya çıxır. Bu sistemin əsas prinsipi ondan ibarətdir ki, natamam olan şey öz-özünə mövcud olmamalı, mövcud ola bilməsi üçün başqa şeylərin dəstəyinə ehtiyacı olmalıdır. Hesab edilir ki, özündən kənarda olan şeylərlə əlaqəsi olan hər bir şey öz təbiətində xarici şeylərə müəyyən işarətlər ehtiva etməlidir və buna görə də həmin xarici şeylər olmasaydı, o, olduğu kimi ola bilməzdi. Məsələn, insanın təbiətini onun xatirələri və digər bilikləri, sevgiləri və nifrətləri və s. təşkil edir; deməli, bildiyi, sevdiyi və ya nifrət etdiyi obyektlər olmadan o olduğu kimi ola bilməz. İnsan mahiyyət və açıq-aşkar olaraq bir fraqmentdir: gerçəkliyin məcmusu kimi qəbul edilsə, o özünə ziddiyyətli olar.

Bununla belə, bütövlükdə bu baxış şeyin təbiəti anlayışı üzərində bərqərar olur ki, bu da, görünür, “şey haqqında bütün həqiqətlər” mənasını verir. Şübhəsiz, doğrudur ki, bir şeyi digər bir şeylə birləşdirən həqiqət, həmin digər şey mövcud olmasaydı, mövcud ola bilməzdi. Lakin bir şey haqqında həqiqət onun özünün bir hissəsi deyil, baxmayaraq ki, yuxarıda istifadə olunan mənada o, şeyin təbiətinin bir hissəsi olmalıdır. Əgər biz şeyin təbiəti dedikdə, o şeyə aid bütün həqiqətləri (doğruları) nəzərdə tuturuqsa, onda aydındır ki, bir şeyin kainatdakı bütün digər şeylərlə əlaqəsini bilməsək, onun təbiətini bilə bilmərik. Amma təbiət sözü bu mənada işlədilirsə, belə düşünməli olacağıq ki, şeyin təbiəti bilinməyəndə və ya hər halda tam bilinməyəndə bilinə bilər. Təbiət sözü bu şəkildə işlədildiyi zaman şeylər haqqında biliklə doğrular haqqında bilik arasında qarışıqlıq yaranır. Bir şey haqqında çox az propozisiya bilsək belə, tanışlıq yolu ilə biliyə malik ola bilərik – onun haqqında nəzəri olaraq heç bir propozisiyanı bilməyə ehtiyac yoxdur. Beləliklə, bir şeylə tanışlıq onun yuxarıdakı mənada təbiətini bilməyi ehtiva etmir. Və bir şeylə tanışlıq şey haqqında hər hansı bir müddəanı bilməyimizə daxil olsa da, onun (yuxarıdakı mənada) təbiəti haqqında bilik bura daxil olmur. Beləliklə, (1) bir şeylə tanışlıq məntiqi olaraq onun əlaqələri haqqında bilikləri əhatə etmir və (2) onun bəzi əlaqələri haqqında bilik onun bütün əlaqələri haqqında bilikləri və ya onun təbiəti haqqında – yuxarıdakı mənada – bilikləri əhatə etmir. Mən, məsələn, diş ağrısı ilə tanış ola bilərəm və bu bilik, (onunla tanış olmayan) diş həkiminin onun səbəbi haqqında mənə deyə biləcəyi hər şeyi bilmədən və buna görə də, yuxarıdakı mənada onun təbiətini bilmədən, tanışlıqdan əldə edilən biliyin ola biləcəyi qədər tam ola bilər. Beləliklə, bir şeyin əlaqələrə malik olması onun əlaqələrinin məntiqi zəruri olduğunu sübut etmir. Yəni, sadəcə olaraq onun olduğu şey olması faktından belə nəticə çıxara bilmərik ki, o, əslində malik olduğu müxtəlif əlaqələrə malik olmalıdır. Buradan belə nəticənin çıxdığı, sadəcə olaraq belə görünür, çünki biz bunu artıq bilirik.

Belə çıxır ki, Hegelin inandığı kimi kainatın tam olaraq vahid harmonik sistem təşkil etdiyini biz sübut edə bilmərik. Və bunu sübut edə bilmiriksə, zaman və məkanın, materiya və şərin qeyri-reallığını da sübut edə bilmərik, çünki Hegel bunu həmin şeylərin fraqmentar və nisbi xarakterindən nəticə çıxarır. Beləliklə, bizə dünyanı hissələrdən çıxış edərək araşdırmaq qalır; biz kainatın təcrübəmizdən kənar qalan hissəsini bilə bilmərik. Bu nəticə filosofların sistemlərdən ümidlənənlər üçün hər nə qədər məyusedici olsa da, yaşadığımız əsrin induktiv və elmi temperamentinə uyğun gəlir. Və bu nəticə əvvəlki fəsillərdə bəhs etdiyimiz insan idrakının bütöv araşdırılması ilə təsdiq olunur.

Metafiziklərin böyük ambisiyalı iddialarının əksəriyyəti aktual dünyanın aşkar olan filan-filan xüsusiyyətlərinin özlüyündə ziddiyyətli olması və bu səbəbdən gerçək ola bilməməsini sübut etmək cəhdi ilə davam etdirilirdi. Hərçənd müasir düşüncə getdikcə daha çox onu göstərməyə istiqamətli olur ki, nəzərdə tutulan həmin ziddiyyətlər illuziyor olub və nəyin olmalı olması düşüncələrindən apriori çox az şey sübut oluna bilər. Zaman və məkan buna yaxşı misaldır. Zaman və məkan ölçüsünə və bölünərliyinə görə sonsuz görünür. İstənilən istiqamətdə düz xətt boyunca hərəkət etsək, ötəsində heç nə, hətta boş məkan belə olmayan son nöqtəyə çatacağımıza inanmaq çətindir. Oxşar olaraq, əgər təxəyyülümüzdə zamanla geriyə və irəliyə hərəkət etsək, ötəsində boş zaman belə olmayan ilk və ya son ana çatacağımıza inanmaq çətindir. Beləliklə, məkan və zaman ölçüsünə görə sonsuz görünür.

Düz xətt üzərində istənilən iki nöqtə götürsək, yenə də aşkar görünər ki, aralarındakı məsafənin nə qədər kiçik olmasına baxmayaraq, onların arasında digər nöqtələr də olmalıdır: hər bir məsafə yarıya bölünə bilər, həmçinin həmin yarı məsafələr də yenidən yarıya bölünə bilər; və bu, sonsuza qədər gedir. Oxşar olaraq, iki an arasında zaman nə qədər kiçik olsa da, aşkar görünür ki, onlar arasında başqa anlar da olacaq. Beləliklə, məkan və zamanın sonsuza qədər bolünə bilən olduğu görünür. Lakin bu aşkar – sonsuz ölçü və sonsuz bölünərlik – faktlarının əleyhinə olaraq, filosoflar arqumentlər irəli sürüblər, göstərsinlər ki, şeylərin sonsuz sayda kolleksiyası ola bilməz və bu səbəbdən məkandakı nöqtələrin və zamandakı anların sayı sonlu olmalıdır. Beləliklə, məkan və zamanın aşkar təbiəti və sonsuz kolleksiyaların güman edilən qeyri-mümkünlüyü arasında ziddiyyət üzə çıxmış oldu.

Bu ziddiyyəti ilk olaraq vurğulamış Kant məkan və zamanın qeyri-mümkün olması nəticəsinə gəldi və onların sadəcə subyektiv olduqlarını elan etdi. Onun dövründən bəri bir çox filosof inanırdı ki, məkan və zaman gerçək dünyaya aid xüsusiyyət deyil, yalnız təzahürdür. Lakin indi riyaziyatçıların, xüsusilə Georq Kantorun, əməyi sayəsində məlum oldu ki, sonsuz kolleksiyaların qeyri-mümkünlüyü səhv olub. Onlar özlüyündə, əslində, ziddiyyətli deyil, yalnız müəyyən qalıcı önmühakimələrlə ziddiyyətdədir. Beləliklə, məkan və zamanı qeyri-real hesab etmək üçün səbəblər işləkliyini itirdi və metafizik konstruksiyalar üçün böyük mənbələr qurumuş oldu. 

 
 
Tərcümənin birinci hissəsi: 
https://bakuresearchinstitute.org/tezahur-ve-gerceklik/
Tərcümənin ikinci hissəsi: 
https://bakuresearchinstitute.org/materiyanin-movcudlugu-2/

Tərcümənin üçüncü hissəsi:

https://bakuresearchinstitute.org/materiyanin-tebieti-2/

Tərcümənin dördüncü hissəsi: 

https://bakuresearchinstitute.org/idealizm-2/

Tərcümənin beşinci hissəsi:

https://bakuresearchinstitute.org/en/tanisliq-biliyi-ve-tesviri-bilik/

Tərcümənin altıncı hissəsi: 

https://bakuresearchinstitute.org/en/induksiya-haqqinda/

Tərcümənin yeddinci hissəsi: 

https://bakuresearchinstitute.org/en/umumi-prinsipler-haqqindaki-biliklerimiz-barede/

Tərcümənin səkkizinci hissəsi:

https://bakuresearchinstitute.org/apriori-bilik-nece-mumkundur/

Tərcümənin doqquzuncu hissəsi: 

https://bakuresearchinstitute.org/universaliler-dunyasi/

Tərcümənin onuncu hissəsi: 

https://bakuresearchinstitute.org/universaliler-haqqindaki-biliklerimiz-barede/

Tərcümənin on birinci hissəsi: 

https://bakuresearchinstitute.org/intuitiv-bilik-barede/

Tərcümənin on ikinci hissəsi: 

https://bakuresearchinstitute.org/dogruluq-heqiqet-ve-yanlisliq/

Tərcümənin on üçüncü hissəsi:

https://bakuresearchinstitute.org/bilik-sehv-ve-ehtimali-rey/
Paylaş
FacebookTwitter

Facebook Comment

abunə olun

BRI yerli və beynəlxalq auditoriyaya Azərbaycanla bağlı təhlil, rəy və araşdırmalar təqdim etmək məqsədi daşıyan müstəqil ekspertlər tərəfindən yaradılmış beyin mərkəzidir.

bg
For the full operation of the site you need to enable JavaScript in your browser settings.