fbpx

TƏRCÜMƏ

TƏRCÜMƏ

Fətəli xan Xoyskinin Nuru Paşaya məktubu

Read this article on other language
Download article
image_pdf
image_pdf

Məxfi

 

Zat-aliləri Qafqaz Müsəlman Ordusunun Komandanı general-leytenant Nuru Paşa cənablarına,

Zat-aliləriniz çox gözəl bilirsiniz ki, Azərbaycan müstəqilliyi elan edilməmişdən əvvəl – müsəlman azərbaycanlılarının bütün ictimai-siyasi xadimləri yekdilliklə belə bir sarsılmaz mövqeyə malik idilər ki, Azərbaycanın ümumi siyasi həyatı türk tayfalarının və ümumiyyətlə, müsəlman aləminin yeganə dayağı və ümidi olan Osmanlının geniş dünya siyasəti ilə tam razılıq şəraitində olmalıdır.[i] Osmanlı imperiyasının dövlət siyasətinə tam uyğun olaraq həm Türkiyənin, həm də onun kiçik qardaşı Azərbaycanın rifahı naminə Azərbaycan Respublikasının asılı olmayan və müstəqil dövlət kimi mövcudiyyəti elan edilmişdir.

Bundan sonra mənim rəhbərliyim altında formalaşmış Azərbaycan hökuməti də, həmçinin özünün qərarlarının və siyası addımlarının Osmanlı imperiyasındakı siyasi tendensiyalara tam şəkildə uyğunlaşdırmaq ideyasını səbatlı şəkildə həyata keçirmiş və keçirəcəkdir.

Bununla belə, instənilən dövlət idarəçiliyi yalnız o halda dövlətin və xalqın səadətinə xidmət edə bilər ki, o, təkhakimiyyətliliyə əsaslansın. Zat-aliləri! Sözsüz, siz mənimlə bu fikri bölüşürsünüz ki, hər zaman bütün ölkələrdə, çoxhakimiyyətliliyi qoyaq qırağa, ikihakimiyyətlilik belə hakimiyyətin nüfuzunu sarsıdaraq, dövlət və ictimai həyatın bütün sahələrində anarxiya yaradaraq ən acınacaqlı və fəlakətli nəticələrə gətirib çıxramışdır. Buna görə də mən bəzi fakt və hadisələri zat-alilərinizin nəzərinə çatdırmağı özümə borc bilirəm, çünki Azərbaycan hüdudlarında normal həyatın və qayda-qanunun bərqərar olması üçün onların aradan qaldırılması son dərəcə vacibdir. Son zamanlar biz getdikcə daha çox Osmanlı ordusu hərbçilərinin Azərbaycanın daxili idarəçiliyinə qarışması, hətta bəzən Azərbaycan hakimiyyət orqanlarına tamamilə məhəl qoymaması hallarının artdığının şahidi oluruq; yaranmış vəziyyəti təsvir etmək üçün bir neçə bariz misal gətirəcəyəm: Türkiyə hərbçiləri Ərzaq naziriliyinin yetkililərinə heç bir məlumat verməyərək və mövcud dəmiryolu üzrə yükdaşınması qaydalarına riayət etmədən Yelizavetpol stansiyasından Türkiyə ərazisinə bir neçə vaqon pambıq, bir vaqon un və manufaktura[ii] aparmışlar. Ərzaq və Nəqliyyat nazirliklərinin əməkdaşlarının etirazları isə heç bir nəticə verməmişdir. Mahiyyəti üzrə bu malların aparılmasına etiraz etməsəm də, hər halda düşünürəm ki, bu ixrac ölkədə mövcud olan qanunlara və hökumət qərarlarına riayət edilərək həyata keçirilməlidir; Ağdamda türk hərbçilərinin tapşırığı ilə Ərzaq nazirliyinin orqanlarının xəbəri olmadan ərzaq anbarı möhürlənmişdir; Poylu stansiyasında türk hərbçiləri Ərzaq nazirliyi tərəfindən müsadirə olunmuş ərzağın aparılmasına imkan verməmişlər; Ucar stansiyasında Ərzaq nazirliyinin razılığının olmasına baxmayaraq, türk hərbçiləri kürü aparılmasına imkan verməmişlər; Qazax şəhərində Ərzaq nazirliyinin məlumatı olmadan hərbçilər tərəfindən Ərzaq idarəsinin nağd vəsaitləri və ərzaq ehtiyatları müsadirə olunmuşdur; Zabit Ramazanov Salyandan özbaşına olaraq bütün ərzaq ehtiyatını və Dövlət Xəzinəsindən bir neçə milyon məbləğində pul vəsaitlərini müsadirə etmiş, bundan əlavə, əhali üzərinə ağır, qeyri-qanuni vergilər qoymuşdur; Azərbaycan hakimiyyət orqanlarının bu qeyri-qanuni əməlləri aradan qaldırmaq və dayandırmaq məqsədilə atdığı addımlar isə heç bir nəticə verməmişdir; yenə də Salyanda həmin Ramazanov özbaşına olaraq Dövlət xəzinədarlığının xəzinədarını vəzifəsindən uzaqlaşdırmış, onun yerinə maliyyə işindən tamamilə başı çıxmayan hansısa 18-20 yaşında bir gənci təyin etmişdir.

Daha sonra, türk hərbçilərinin və stansiya komendantlarının Dəmir Yolları idarəsinin məsələn, parovozların verilməsi, qatarların hara və nə vaxt yola çıxması, su, mazut tədarükü və sairə  kimi texniki və təsərrüfat işlərinə, qərarlarına sistematik müdaxiləsi baş verir. Bundan əlavə, stansiya komendantları tez-tez dəmir yolu işçilərini, tamamilə işin ziyanına olaraq, boş yükdaşıma vaqonlarını günlərlə hərəkətsiz saxlamağa məcbur edirlər ki, həmin vaqonlarda əsgərlərin daşınmasına ehtiyac yarana bilər.  Bu cür hərəkətlər dəmir yollarının gəlirlərinə böyük maddi ziyan vurur, çünki malların hərəkəti dayanır. Halbuki əgər hərbi hissələrin daşınmasından ən azı bir gün qabaq komendant dəmir yolları idarəsi rəisinə filan vaxt, filan stansiyada, nəzərdə tutulan qədər vaqona ehtiyac var məlumatını versə, belə bir tələb, sözsüz ki, həyata keçirilər və bu işi  hərbi hissələrin maraqlarına heç bir xələl gətirmədən tənzimləmək mümkün olar.

Türk hərbi çinləri tərəfindən oxşar müdaxilə Daxili İşlər Nazirliyinin fəaliyyəti sferasında da müşahidə olunur, misal üçün, tez-tez hərbi hissələr idarəçilik barədə qəza rəislərinin xəbəri olmadan və bəzən hətta onların qərarlarının əksinə olan tapşırıqlar verirlər, yenə də qəza rəsilərinin xəbəri olmadan əhalidən bu və yaxud digər əşyaların müsadirəsini həyata keçirirlər, polis pristavlarının təyinatı işinə qarışırlar, nəhayət, hökumətdən tamamilə xəbərsiz olaraq,  hərbçi çinlər Yelizavetpol şəhərini dəmir yolu ilə tərk edən hər bir şəxsin pullu icazə alması zərurəti haqqında qayda tətbiq ediblər ki, bu da hamı üçün təsəvvürəgəlməz narahatlıq yaratmış və xeyli şikayətlərə, iradlara səbəb olmuşdur. Mənim müdaxiləmdən sonra bu qayda ləğv olunmuşdur. Bir dəfə isə hərbi çinlər məhkəmə müstəntiqi Qritsayı xidməti ezamiyyətə getdiyi Ağdaşa buraxmamışlar və orada həmin hərbi səlahiyyətlilər Ədliyyə nazirliyinə xəbər vermədən məhkəmə binasını müsadirə etmişlər.

Mən bu cür hadisələri sadalamağa davam etməklə zat-alilərinizin diqqətini daha çox yayındırmaq istəmirəm, lakin guman edirəm ki, artıq sadaladığım hallar aydın şəkildə ölkədə bütün arzuolunmaz nəticələri ilə birgə ikihakimiyyətliliyin formalaşdığını göstərir. Halbuki əgər zat-aliləriniz bütün hərbi hissələrə ümumi təmimi sərəncam göndərməyi məqbul saysa ki, onlar bütün qərarlarını və ehtiyaclarının təmin olunmasını yerli hakimiyyət orqanları vasitəsilə, onları məlumtalandırmaqla və iştirakı ilə həyata keçirsinlər, [iii] belə olan təqdirdə nə Osmanlı ordusunun, nə də ölkə əhalisinin maraqlarına heç bir xələl gətirmədən bu cür hallardan yayınmaq mümkündür. Zat-alilərinizi əmin edirəm ki, Azərbaycanın bütün hakimiyyət orqanları Azərbaycanı görünməmiş anarxiyadan və darmadağın olmaqdan xilas etmək uğrunda Azərbaycan türklərinin namusunu, həyatını, mülkünü xilas etmək üçün hər cür əziyyətlərə dözən, qan tökən, öz həyatını qurban verən türk hərbi hissələrinin ehtiyac və tələbatını qarşılamaq məqsədilə heç bir ləngiməyə yol vermədən birinci növbədə bütün tədbirləri görəcəklər.

Zat-alilərinizin mənim ifadə etdiyim fikirlərlə razılığına qəti əmin olaraq, tam hörmət və sədaqətimə inanmağınızı rica edirəm!

 

Nazirlər Şurasının Sədri                                                               Fətəli xan Xoyskinin imzası[iv]

 

Qeydlər:

[i] Bu məktubun surəti Əli Mərdan bəy Topçubaşovun Parisdəki arxivindən götürülmüşdür.

[ii] Parça

[iii] Buraya vərəqin kənarına yazılmış belə bir hissə də əlavə edilmişdir: “həmçinin Azərbaycan hökumətinin və onun orqanlarının verdiyi sərəncamların icra edilməsinə köməklik göstərilsin”.

[iv] Məktub mətninə tarix qoyulmamışdır.

Paylaş
FacebookTwitter

Facebook Comment

abunə olun

BRI yerli və beynəlxalq auditoriyaya Azərbaycanla bağlı təhlil, rəy və araşdırmalar təqdim etmək məqsədi daşıyan müstəqil ekspertlər tərəfindən yaradılmış beyin mərkəzidir.

bg
For the full operation of the site you need to enable JavaScript in your browser settings.