Azərbaycanın demokratikləşməsini həqiqətən istəyən və bu yolda çalışan bütün həmvətənlərə çağırış
İlham Əliyev tiraniyası 2023-cü ildə yenidən başlatdığı repressiya dalğasını növbəti üç il ərzində pik həddə çatdırdı. Nəticədə, ölkədəki müstəqil ictimai-siyasi fəaliyyəti iflic vəziyyətə düşdü. Bu səbəbdən hazırda daxili ictimai rəyin bu prosesi dayandırmaq imkanı sıfıra bərabərdir.
Regional münaqişələr və geopolitik çəkişmələr iqtidar üzərində beynəlxalq ictimai rəyin də təsir imkanlarını xeyli azaldıb. Daha doğrusu, bu çəkişmələr sülh və təhlükəsizliyi, o cümlədən qlobal iqtisadi problemi beynəlxalq gündəmdə əsas yerə çıxarıb. Ona görə də avtoritar Əliyev iqtidarının əli-qolu xeyli güclənib və dissident ictimai-siyasi qrup və şəxsləri sıradan çıxarmaq üçün mövcud vəziyyəti münbit şərait hesab edir. Rejim bu vəziyyətdən istifadə edərək politisid (siyasi genosid) siyasətini davam etdirməkdədir.
Avtoritar rejim politisidin təsiri ilə xaricdə məskunlaşmış qrup və şəxsləri də yaddan çıxarmır. Həm ölkə daxilində qalan yaxınları vasitəsilə, həm də birbaşa həmin şəxslərin özlərinə qarşı təqibləri davam etdirir. Onlara qarşı da yumşaq gücündən istifadə edir. Həbsdə olan şəxslərə qarşı da eyni siyasəti tətbiq edir. Burada iki əsas metoddan istifadə etməyə çalışır: 1) intriqa yaratmaq; 2) yalançı vədlər vermək. Bu da nəticə etibarilə təqibə məruz qalmış şəxslərin bir yerə gəlməsinə və fəaliyyətin əlaqələndirilməsinə maneə yaradır.
Ölkə daxilində prosesə real siyasi təsir gücünə malik vahid liderin və ya təşkilatın olmaması, həmçinin xaricdə də vahid lider və ya təşkilatın mövcud olmaması nəticə etibarilə rejimin qeyd etdiyim iki metoddan (intriqa və yalançı vədlərdən) istifadə etməsinə imkan verir.
Məsələn, Belarus nümunəsinə nəzər salsaq, legitim liderin (Svetlana Tixanovskayanın) mövcudluğu xaricdə belarusların fəaliyyətini əlaqələndirməyə və istiqamətləndirməyə imkan verir və bu fəaliyyət daha uğurlu şəkildə həyata keçirilir. Venesuela nümunəsində də həm ölkə daxilində, həm də xaricdə siyasi təsir gücünə malik qrup və lider mövcuddur. Lakin Rusiya nümunəsinə baxdıqda bizim vəziyyətimizə oxşar mənzərə ilə qarşılaşırıq.
Məsələ kimisə və ya hansısa qrupu qınamaq deyil. Mövcud şərtlər belə bir vəziyyət yaradıb. Ona görə də legitim və vahid lider və ya təşkilat ətrafında birləşmək mümkün deyilsə, vahid prinsiplər əsasında əməkdaşlıq modelinin qurulması, birgə koordinasiyanın təmin edilməsi və ya ümumi platforma çərçivəsində səylərimizin birləşdirilməsi mümkün ola bilər.
Unutmayaq ki, avtoritar rejimlər elə şərtlər diktə edirlər ki, ictimai-siyasi fəaliyyət göstərən şəxslərin jurnalist, vətəndaş cəmiyyəti üzvü, bloqer, siyasətçi, fəal və s. kimi fərqləndirilməsi onlar üçün əhəmiyyət daşımır. Rejim üçün əsas məsələ həmin şəxsin və ya qrupun onun nəzarətində olub-olmamasıdır. Nəzarətində olmayan və siyasi istəklərini yerinə yetirməyən hər bir şəxs və ya qrup sıradan çıxarılmalıdır.
Belə bir şəraitdə Azərbaycan adına fəaliyyət göstərən qrup və şəxslər də bundan nəticə çıxarmalıdırlar. Əliyev rejiminin nəzarəti altında fəaliyyət göstərməklə razı olmayan hər kəs, heç bir bu cür fərqləndirməyə əhəmiyyət vermədən, ölkənin demokratikləşməsinə töhfə vermək naminə müxtəlif qrup və şəxslərlə bəlli prinsiplər əsasında əməkdaşlığa, fəaliyyətlərin və səylərin əlaqələndirilməsinə açıq olmalıdır.
Advokasi (hüquq müdafiəçiliyi), əməkdaşlıq və tərəfdaşlıq məsələlərində beynəlxalq (xarici) və yerli tərəfdaşların yanaşmasında da belə fərqləndirmələrə yol verilməməlidir. Azərbaycanın demokratikləşməsi əsas hədəfdirsə (və belə də olmalıdır), bu prosesin əsas meyarı həmin şəxsin və ya qrupun bu hədəfdən yana olub-olmaması, avtoritarizmə qarşı duruş gətirməsi və məhz buna görə təqibə məruz qalması olmalıdır.
Necə olur ki, Venesuelada Maçadoya, Belarusda Tixanovskayaya, əvvəllər isə Rusiyada Navalniyə münasibətdə onların siyasətçi, jurnalist, QHT nümayəndəsi və ya başqa ictimai-siyasi fəaliyyətçi olmasından asılı olmayaraq müxtəlif formalarda dəstək göstərilir, Azərbaycana münasibətdə isə eyni yanaşma sərgilənmir? Söhbət heç də kiminsə seçkidə konkret namizədin namizədliyini dəstəkləməyə çağırılmasından getmir. Sadaladığım digər nümunələrdə hətta belə dəstək də göstərilib. Ukrayna, Gürcüstan və Ermənistan nümunələrini də xatırlamaq olar. Burada söhbət demokratikləşmə prosesində xalqın müxtəlif təmsilçilərinə və ictimai qruplarına verilən siyasi və ictimai dəstəkdən gedir.
Bizim jurnalist, bloqer, QHT nümayəndəsi və digər ictimai-siyasi fəaliyyətlə məşğul olan şəxslərimiz də anlamalıdırlar ki, demokratikləşmə daxil olmaqla, qarşılaşdığımız problemlərin əhəmiyyətli hissəsinin kökü siyasidir. Bu problemlərin həlli isə siyasi dəyişiklik tələb edir. Bunun mütləq hakimiyyət dəyişikliyi ilə nəticələnməsi şərt deyil.
Beləliklə, demokratikləşmə prosesində maraqlı olan bütün qüvvələr (onların yerli və ya xarici olmasından asılı olmayaraq) bir-birindən fərqləndirmədən, müəyyən ortaq prinsiplər əsasında əməkdaşlıqda və fəaliyyətlərini əlaqələndirməkdə maraqlı olmalıdırlar.
Həqiqətən də, təqib səbəbilə xaricdə müvəqqəti məskunlaşmağa məcbur olan şəxslər və qruplar, o cümlədən mühacirət edənlər, onları ölkəni tərk etməyə vadar edən səbəbi unutmamalıdırlar. Həmin səbəbin aradan qaldırılması üçün əllərindən gələni etməli və olduqları yerdən Azərbaycanın demokratikləşməsinə töhfə verməyə davam etməlidirlər. Bunu etmədikdə isə keçmişdə gördükləri işlərin, eləcə də onları ölkəni tərk etməyə məcbur edən səbəblərin üstündən xətt çəkmiş olurlar.
Digər tərəfdən, ictimai-siyasi fəaliyyətini dayandıraraq həyatında yeni səhifə açmağa qərar verənlər də şəxsi həyatlarını qurmaqla və yaşadıqları ölkəyə inteqrasiya etməklə Azərbaycana töhfə verə bilərlər. Bunun üçün daşıdıqları dəyərlərdə səmimi olmaları və ölkələri ilə bağlı məsuliyyət hissini qoruyub saxlamaları kifayətdir.
Bilməliyik ki, biz tiraniya ilə assimetrik savaşdayıq. Hakimiyyət özünü qorumaq üçün istənilən metodu məqbul sayır və hər cəbhədə əlindən gələni əsirgəmir. Ona görə də obrazlı ifadə etsək, ölkə daxilində olanlar və xaricdəkilər informasiya savaşında, ictimai rəyin formalaşdırılmasında, eləcə də sursat və logistik dəstəyin təmin edilməsində mühüm rola malikdirlər.
Yuxarıda qeyd etdiyimiz kimi, ölkə daxilində olanlar da anlamalıdırlar ki, bizi mühasirəyə alıblar. Bu vəziyyətdə yeganə çıxış yolumuz mübarizəni davam etdirməkdir. Rejimin intriqa və yalançı vədlərinə inanaraq silahı yerə qoymaq olmaz. Şərtlər dəyişmədiyi halda, heç kəsin azad buraxılacağına ümid etmək olmaz. Hətta azad buraxılanların belə ictimai-siyasi nüfuzlarını və fəaliyyət imkanlarını aradan qaldırmağa çalışacaqlar. Bunun nümunələri ortadadır.
Deməli, yalnız mübarizəni davam etdirməklə mövcud status-kvonu dəyişə bilərik. Təbii ki, ölkə daxilində olanların, xüsusən də xaricdəkilərin bu prosesə töhfəsi mühüm rol oynaya bilər. Bu isə əsasən advokasi fəaliyyətindən asılıdır.
Advokasi fəaliyyətimizdə beynəlxalq ictimai rəyin gündəminə, ilk növbədə, Azərbaycanın demokratikləşməsi məsələsini gətirməliyik. Eyni zamanda, daxili ictimai rəyi də bu istiqamətdə formalaşdırmağa çalışa, siyasi məsələləri gündəmdə saxlamaq üçün siyasi müzakirələr və diskurslar təşkil edə bilərik. Unutmayaq ki, ictimai rəyin idarə olunması Əliyev rejiminin zəif nöqtələrindən biridir.
Buna görə də demokratikləşmə məsələsində içəridəkilər və xaricdəkilər də aktiv olmalı, səylərini birləşdirməlidir. Bunun ortaq hədəflərini və prinsiplərini müəyyənləşdirmək olar. Əsas məsələ funksional əməkdaşlıq qurmaqdır, hər hansı təşkilat və struktural birlikdən söhbət getmir. Həmçinin içəridəkilər həbslərini dividendə, ictimai-siyasi kapitala çevirməlidirlər. Xaricdəkilər də mühacirəti.
Azərbaycan hökuməti ilə əməkdaşlıq edən demokratik dünyanın hökumətləri, parlamentləri və beynəlxalq qurumlarına çatdırmalıyıq ki, əməkdaşlıq gündəliyində demokratikləşmə, insan hüquqları, hüququn aliliyi, şəffaflıq və digər bu kimi məsələlərə yer vermək onların da məsuliyyətidir. Onlar Azərbaycan hökuməti ilə əməkdaşlığı yalnız hökumətlə məhdudlaşdırmamalı, eyni zamanda Azərbaycan xalqının müstəqil vətəndaş cəmiyyəti və media nümayəndələri, eləcə də siyasi qruplarla əməkdaşlıq etməlidirlər.
Cəmiyyətin müstəqil təmsilçiləri ilə tərəfdaşlıq qurulmadan və ölkənin demokratikləşməsinə töhfə verilmədən formalaşdırılan münasibətlər və qurulan əməkdaşlıq keyfiyyətli, qalıcı və dayanıqlı ola bilməz. Demokratik dünyanın Azərbaycanla münasibətlərində əsas məqsəd yalnız hökumətlə əməkdaşlıq etmək deyil, həm də Azərbaycan cəmiyyətinin demokratik inkişafına və müstəqil ictimai-siyasi qüvvələrin güclənməsinə töhfə vermək olmalıdır.
Beləliklə, fəaliyyətimizin əsas hədəfi Azərbaycanın demokratikləşməsi olmalıdır. Bunu həqiqətən istəyənlər əməkdaşlıq etməyə məcburdurlar. Nəticəyə nail olmağımız isə əməkdaşlığı nə dərəcədə sağlam (açıq, səmimi və dayanıqlı) qurmağımızdan asılıdır.
Ona görə də özünü Əliyev rejiminin dostu hesab etməyən, ölkəmizin demokratikləşməsinin həqiqi tərəfdarı olan hər kəsi “funksional əməkdaşlıq” və “demokratikləşmə hərəkatı” məsələlərini ictimai müzakirəyə çıxarmağa və bu məsələlər üzrə ilkin mövqelərini ifadə etməyə çağırıram.
Fikirdə, hədəfdə və əməldə birlik vaxtıdır!

