XX əsrin sonlarınadək Gəncə müxtəlif etnik, dini və mədəni icmaların birgə yaşadığı rəngarəng bir şəhər idi. Şəhər üzrə 1979-cu il Sovet siyahıyaalmasına əsasən, əhalinin 72%-i etnik azərbaycanlılardan ibarət idi. Bununla yanaşı, ermənilər və ruslar da əhalinin müvafiq olaraq 17% və 8%-ni təşkil edərək nəzərəçarpan paya malik idilər. Şəhərin xristian erməni əhalisi əsasən Gəncə çayının sağ sahilində və şəhərin digər yüksək ərazilərində yaşayırdı. Vtoroy çast (rus. İkinci hissə) adlanan məhəllə şəhər sakinləri tərəfindən erməni icmasının əsas mərkəzi hesab olunurdu. Bu məhəllə hazırda N. Nərimanov, H.Z. Tağıyev, L. Tolstoy kimi çoxlu sayda küçələrdən ibarətdir və şəhərin əhəmiyyətli hissəsini təşkil edir. Təmiz havası, eləcə də həyət evlərinin özünəməxsus memarlıq üslubu ilə seçilən keçmiş İkinci hissə məhəlləsi şəhərin qismən hündür hissəsində yerləşir. Evlərin önünü isə səliqə ilə əkilmiş, əsasən ağ tut ağacları bəzəyir. Lakin 1980-ci illərin sonlarında Ermənistan və Azərbaycan arasında ölümcül münaqişə başlandıqdan sonra Azərbaycanda yaşayan etnik ermənilər və Ermənistanda yaşayan etnik azərbaycanlılar təzyiq altında doğma yurdlarını tərk etməyə məcbur oldular. Əvvəllər Gəncədə ermənilərin məskunlaşdığı məhəllələrdə hazırda əsasən Ermənistandan gəlmiş etnik azərbaycanlı qaçqınlar, eləcə də şəhərin digər hissələrindən və ətraf rayonlardan olan insanlar yaşayırlar.
Bu gün Gəncə, demək olar ki, monoetnik və təkmədəniyyətli bir şəhərə çevrilmişdir. Ermənilərlə yanaşı, rusların da əksəriyyəti SSRİ-nin dağılmasından sonra şəhərdən köçmüş və sayları tamamilə azalmışdır. Buna baxmayaraq, bir çox sakinlər keçmiş erməni qonşularını, eləcə də gündəlik ünsiyyət qurduqları, alış-veriş etdikləri, birlikdə işlədikləri və söhbət etdikləri məkanları hələ də xatırlayırlar. Xüsusilə vurğulanan yerlər arasında ermənilərin öz məhsullarını satdıqları Erməni bazarı, İkinci hissə məhəlləsində yerləşən hamam və kinoteatr, erməni şagirdlərin bir çoxunun təhsil aldığı və erməni müəllimlərin işlədiyi 11 nömrəli məktəb və digər memarlıq nümunələri vurğulanır.
Son otuz ildə əhali tərkibi, bir çox küçə adları və binalar dəyişsə də, şəhər müxtəlif etnik və dini icmaların dinc şəkildə birgə yaşadığı keçmiş dövrləri xatırladan bəzi diqqətçəkən izləri hələ də qoruyub saxlayır. Onların arasında ən rəmzi olanı şəhərin İkinci hissə adlanan ərazisinin əsas küçələrindən biri olan Tağıyev küçəsində yerləşən Müqəddəs Qriqor kilsəsidir. Kilsə XIX əsrin ortalarında yerli qırmızı daşdan inşa edilmiş və şəhəri tərk edənə qədər erməni icması tərəfindən işlədilmişdir. Hündür mövqedə yerləşməsi və ətrafında uca binaların olmaması səbəbindən kilsə şəhərin müxtəlif nöqtələrindən görünür və bu ona özünəməxsus bir cazibə verir. Uzaqdan baxdıqda kilsənin istifadəsiz və tərk edilmiş olduğu sezilmir. Lakin yaxınlaşdıqca mənzərə dəyişir: birbaşa girişin olmadığı, qapıların bağlı saxlandığı, ərazinin hasara alındığı və binanın baxımsız vəziyyətdə qaldığı aydın görünür.
Gənc nəsil şəhərdə əvvəlki birgəyaşayışla bağlı bu kilsənin hekayəsindən və ya digər simvollardan xəbərdar olmaya bilər. Çünki məlumat üçün mənbələri məhduddur və şəhərdə mövcud olan indiki təkmədəniyyətli mühit bu biliklərin ötürülməsini çətinləşdirir. Bu səbəbdən həmin məkanlar gənc sakinlər üçün xüsusi məna kəsb etməyə də bilər. Lakin yaşlı nəsil üçün kilsə daha dərin məna daşıyır; belə ki, onların keçmiş erməni qonşularını, həmkarlarını, sinif yoldaşlarını və dostlarını xatırladan bir simvol kimi qalır.
Şəkil 1: Müqəddəs Qriqor kilsəsinin giriş qapılarından biri

Şəhərdə etnik qrupların keçmiş birgəyaşayışı barədə xatirələri öyrənmək məqsədilə mən İkinci hissə məhəlləsinin yaşlı sakinlərindən biri ilə söhbət etdim və ondan həmin illər, xüsusilə də kilsənin əvvəlki vəziyyəti barədə danışmasını xahiş etdim. 55 yaşlı sakin uşaqlığını qeyd olunan məhəllədə icmaların dinc birgəyaşayışı kimi xatırlayır. O bildirir ki, ermənilərlə yanaşı yaşamış, uşaq bağçasına və məktəbə birlikdə getmiş, sevinclərini və kədərlərini bir-biriləri ilə bölüşmüşlər. O həmçinin kilsənin baxımlı və fəaliyyət göstərdiyi günləri də xatırlayır. Sovet dövründə ateizmə əsaslanan siyasətin kilsənin istifadəsinə necə təsir etdiyini isə belə izah edir:
Erməni sinif yoldaşlarımla tez-tez kilsənin yanından keçirdik və mən həmişə maraqla baxırdım. Amma o vaxtı məktəblərdə ateizm var idi, ciddi idi, ona görə də bizə içəri girmək olmazdı. Amma yaşlılar üçün getmək rahat olardı… Biz girsəydik, direktor komsomol znaçokumuzu [Sovet dövründə gənclərin komsomol təşkilatına üzv olduğunu göstərən nişan] çıxarardı. Amma bir dəfə sözləşib girdik… Bax kilsə belə yadımdadı..
O həmçinin icmaların dini və milli bayramları birlikdə necə qeyd etdiklərini vurğulayır:
Hər Novruz bayramında mamam bütün erməni qonşularımıza yemək, şirniyyat göndərirdi… Pasxa bayramında da [onlar bizə yemək və şirniyyat göndərirdi] … Qonşular millətindən asılı olmayaraq evdə yığılır, Pasxa tortu və kofeylə bayramı bir yerdə keçirirdilər… Biz belə bayramları həmişə heç bir fərq qoymadan bir yerdə keçirirdik.
O əlavə edir ki, hətta dini ayinləri də birgə icra edirdilər:
Bəzi ermənilər İmamzadəyə [məscidə] gəlir, mamamla bir yerdə dua edirdilər. Onlar bunu dininə baxmadan, tolerantlıqla edirdilər … O vaxtı bizə görə dinindən asılı olmayaraq, Allah bir idi.
Bu gün haqqında danışdığımız kilsə baxımsız və istifadəsiz vəziyyətdədir. Qapıları bağlı olan, ətrafı zibilə bürünmüş köhnə bir binadır. Lakin kim bilir, bəlkə də, bu kilsə və onunla bağlı sakinlərin xatirələri yalnız tarixi keçmişin bir nişanəsi deyil, həm də keçmişlə gələcək arasında ümidverici bir körpüyə çevrilə bilər. Ədalətin bərqərar olduğu, etnik təmizləmələrin nəticələrinin aradan qaldırılması üçün ciddi addımlar atıldığı və icmaların yenidən dinc şəraitdə birlikdə yaşadığı bir gələcəkdə insanlar yenə birlikdə ticarət edə, işləyə, oxuya, yarada və hətta birlikdə dua edə bilərlər.
Şəkil 2: Müqəddəs Qriqor kilsəsinin baxımsız və çirkli həyəti

İndi isə Azərbaycanla Ermənistan arasında normallaşma üçün razılaşdırılmış sülh sazişi mətnində və indiyə qədərki razılaşmalarda, hər iki ölkədəki tarixi, dini abidələrin taleyi və bu uzunmüddətli münaqişə tarixi ərzində Azərbaycanın fərqli bölgələrindən məcburi şəkildə Ermənistana köçürülmüş və Ermənistanın fərqli bölgələrindən məcburi şəkildə Azərbaycana köçürülmüş yüzminlərlə insanın qayıdış və mülkiyyət kimi təməl hüquqlarının bərpası ilə bağlı heç bir fikir, öhdəlik əksini tapmayıb, heç bu istiqamətdə niyyət də göstərilməyib. Bu çətin tapşırıq olsa da, yerinə yetirilməlidir. Heç bir ölkə və ya cəmiyyət xoşuna gəlməyən etnik qrupları qovub, sonra da bu əməli 5-10 nəfərin imzası ilə legitimləşdirə bilməməlidir.
Qeyd: Bu hekayənin ilkin versiyası ilk dəfə Caucasus Edition: Journal for Conflict Transformation tərəfindən ingilis dilində dərc edilib.

