fbpx

DİN

DİN

Duxobor təriqətinin yaranma tarixi və 19-cu əsrin sonlarında Zaqafqaziyada transformasiyası

Read this article on other language
Download article
image_pdf
image_pdf

18-ci əsrin ikinci yarısı Çar Rusiyasının ərazisində yeni dini məzhəblərin və icmaların formalaşması ilə yadda qaldı. Bunlar arasında tez-tez təqiblərə məruz qalan duxobor dini icmasını xüsusi qeyd etmək olar. Duxobor icması formalaşdığı dövrdən başlayaraq Çar Rusiyası ərazisində dini inanclarına görə, Zaqafqaziya da daxil olmaqla, dəfələrlə bir yerdən başqa yerə sürgün edilmiş və nəticədə onların bir qismi könüllü olaraq 19-cu əsrin sonu Kanadaya köç etmişdir.

Bu məqalənin əsas məqsədi duxobor icmasının Zaqafqaziyaya köçürülməsi, transformasiyası, o cümlədən Kanadaya mühacirətini təhlil etməkdir. Çox zaman qaynaqlarda duxobor icmasının əvvəldən pasifist olduğu[i] və bu səbəbdən 1895-ci ildə etiraz olaraq silahlarını yandırdıqları barədə məlumatlara rast gəlirik. Bu, həqiqətən də belə idimi? Məqalədə həm də bu suala cavab verməyə  çalışılacaq. Eyni zamanda diqqətimizi əslən Yelizavetpol qəzasının Slavyanka kəndindən (Azərbaycan ərazisində yerləşən indiki Gədəbəy rayonu) olan və Arxangelskdə sürgündə ikən icmaya ciddi təsir göstərə bilmiş Pyotr Veriginin şəxsiyyətinə yönəldəcəyik.

Məqalənin birinci hissəsində duxobor icmasının yaranması barədə qısa məlumat veriləcək. İkinci hissədə duxoborların Zaqafqaziyaya sürgün olunması və onların yeni yaşayış mühitindəki həyat tərzindən bəhs ediləcək. Son iki hissədə isə XIX əsrin sonu Verigin və tolstoyçuluğun təsiri ilə icmanın transformasiyası, çar hakimiyyətinə qarşı duxobor etirazlarının baş qaldırması və Kanadaya kütləvi mühacirət kimi əsas məqamlara xüsusi yer ayrılacaq.

Məqaləni yazmaq üçün Rusiya Dövlət Tarix Arxivi, eləcə də Gürcüstan Milli Arxivində Rusiya İmperiyasının Dövlət Əmlakı Nazirliyi, Rus Pravoslav Kilsəsinin Müqəddəs Sinodu, Tiflis Məhkəmə Palatasının prokuroru, Rusiya İmperiyasının Xarici İşlər Nazirliyi ilə Müqəddəs Sinod arasında, o cümlədən Dövlət Əmlakı Nazirliyi ilə yazışma sənədləri istifafadə edilmiçdir. Dövlət əmlakı  materiallarından istifadə edilmişdir. Bundan başqa, yuxarıda adıçəkilən  qurumların nəzdindəki kitabxanaların ixtiyarında olan əlyazmalar, eləcə də ədəbiyyat və dini jurnallar da bu işdə əhəmiyyətli rol oynamışdır.

Duxoborlar, yoxsa ruh uğrunda mübarizlər?

Dini təriqətlərin adları ilə bağlı hər zaman müxtəlif fikirlər mövcud olmuşdur. Duxoborların adı da akademik dairələrdə mübahisəli məsələlərdəndir. Духоборцы birləşməsi iki sözdən ibarətdir: дух (ruh) və борцы (döyüşçülər). Belə bir ad nə mənaya gəlir? Bu ad özünütəyinetmə idi, yoxsa başqa bir qrup insan tərəfindən bu cür adlandırılmışdılar? Hazırda biz hər biri tam şəkildə əsaslandırılmış müxtəlif yanaşmalarla qarşı-qarşıyayıq.

İnikova hesab edir ki, duxoborların adı onlara 1785-ci ildə pravoslav arxiyepiskopu Nikifor tərəfindən verilmişdir.[ii] Ancaq bu tarixlə bağlı kiçik qeyri-müəyyənliklər var və bəzi mənbələrdə 1786-cı il adın verildiyi il kimi göstərilir. 18-ci əsr duxoborlarının müasiri olan Lopuxin isə əlyazmalarında bu tarixi 1788-ci il və qurucusunun yepiskop Ambroz olduğunu hesab edir.[iii]

Rusiya İmperiyasının Dövlət Əmlakı Nazirliyi ilə Xarici İşlər Nazirliyi arasında yazışmasında əks olunan məlumata görə, duxoborlar pravoslav kilsəsinin bütün dini ayinlərini (həmçinin ruhanilərini) rədd edirdilər[iv] və buna görə də kilsəyə qarşı mübarizə aparırdılar. Başqa sözlə desək, belə bir fərziyyədən çıxış edə bilərik ki, duxoborlar kilsənin dini ayinlərinə qarşı olduqları üçün sadə pravoslav kilsəsinin nümayəndələri, xüsusən də keşişlər onları sadəcə olaraq kilsəyə qarşı, əsasən mənəvi şəkildə, mübarizə aparan döyüşçülər adlandırmağa qərar verdilər. Bu da qısa olaraq духоборцы şəklində səslənirdi.[v] Духоборцы və ya духоборы termini yaranmazdan əvvəl bu dini icmanın davamçıları dövlət və kilsə nümayəndələri tərəfindən də fərqli adlanırdı: məsələn, onları ilk zamanlarda ikonobortsı, abrahamşiitlər, çex deistləri və ya protestantlar adlandırırdılar.[vi] Bu vəziyyətlə bağlı belə bir ağlabatan açıqlama mövcuddur: sözügedən icmanın nümayəndələri əvvəldən ikonalar və bir çox digər kilsə ayinlərini tanımırdılar, bu səbəbdən də onları tez-tez protestantlarla səhv salırdılar və ya xarici missionerlərin təsiri altında formalaşdıqlarına inanırdılar.[vii]

Duxoborların özünüdərki isə tamamilə fərqli idi; belə ki, onlar müqəddəs ruh uğrunda mübarizə apardıqlarını vurğulamaq üçün özlərini belə adlandırır və eyni zamanda Allahın oğulları olduqlarını düşünürdülər.[viii] Dini icmanın mənəvi mərkəzi Yekaterinoslav quberniyasının Nikolskoye kəndində yalnız 1791-ci ildə, yeni dini nəzəriyyə haqqında sənəd Kaxovski qubernatoruna[ix] təhvil verildikdən sonra yaradılmışdır. Bu mərhələdə qeyd etmək lazımdır ki, icma ardıcılları lap əvvəldən, Böyük Yekaterina və I Pavelin dövründən təqiblərə məruz qalmış, hətta Sibir və Finlandiyaya belə sürgün edilmişdilər.[x]

Elmi ədəbiyyatda bu hərəkatın mənşəyi ilə bağlı müxtəlif fikirlər səslənir. Habelə onun yaradıcılarının adları barədə də vahid bir fikir mövcud deyil. Qeyd edək ki, Kolesnikov Yekaterinoslav quberniyasında, Pobiroxin isə Tambov vilayətində yaşayırdı. Dövlət Əmlakı Nazirliyinin sənədləri, o cümlədən 19-cu əsrdə yaşamış Kiyev Universitetinin ilk fəlsəfə professoru, həmçinin ilahiyyatçı, tarixçi və Kiyev Senzura Komitəsinin sədri Orest Novitskinin məlumatında[xi] icmanın Kolesnikov tərəfindən qurulduğu dəqiq görünür. Daha sonra Kolesnikov Tambovdan olan varlı tacir Pobiroxin ilə rastlaşır və onu Tambovda yeni bir təlim yaratmağa və yaymağa həvəsləndirir.[xii]

1793-cü ildə Xarkov məhkəməsi duxoborlara qarşı sorğu-sual apararkən kilsə və hökumət əleyhinə ifadələr səslənmişdi. Bu prosedurlarda dindirilənlər xaçı, kilsəni və mərkəzi hökuməti tanımırdılar.[xiii] Duxoborlar hesab edirdilər ki, kilsə sadəcə maddi bir tikilidir və Allah tərəfindən yaradılmayıb. Xaç və ikonalar müqəddəs deyil; bu simvollara sitayiş edərlərsə, xilas mümkün olmaz. Çünki doğulduqdan sonra hər kəs bərabərdir, yeganə lider və hökmdar yalnız Tanrıdır. Bu səbəbdən də onlar kilsəyə vergi ödəməli deyillər.[xiv]

Duxoborların təliminə görə, insan ruhu əbədidir və bir bədəndən digərinə keçə bilər. Bu icmanın nümayəndələri İsa Məsihin də adi bir insan olduğunu iddia edirdilər, ona görə də onu xilaskar və ya peyğəmbər deyil, yalnız tarixi şəxsiyyət hesab edirdilər. Yalnız apardığı düzgün mübarizə nəticəsində müqəddəs ruh onda zühur etmişdi. İsa öldükdən sonra isə onun ruhu duxoborları seçib və buna görə də bu icmanın rəhbərlərinin bədənlərinə köçüb.[xv]

Duxoborların dini təlimlərinin əsas cəhətlərindən biri İncilin müqəddəs kitab kimi tanınmamasıdır; onların 1909-cu ildə V.D. Bonç-Bruyeviç tərəfindən nəşr edilən Животная книга духоборцев[xvi] və ya Живая книга adlı öz müqəddəs kitabı var. Bu kitabın əhəmiyyəti burada sözügedən cəmiyyətin məzmurlar və dualar toplusunun (Davudun məzmurlarından bəzi parçalar) yer alması ilə bağlıdır.

Bu təriqətin başqa bir maraqlı cəhəti də o idi ki, icma rəhbərləri özlərini Xristos elan edib, sadiq şagirdləri arasından on iki həvari və on iki ölüm mələyi təyin etmişdilər. Birincilərin vəzifəsi dini yaymaq, ikincilərinki isə təlimi qəbul etdikdən sonra ondan üz döndərərək icmadan uzaqlaşmağa qərar verənləri təqib etmək idi.[xvii] Bu səbəbdən yeni duxobor icması yaratmaq istəyən İllarion Pobiroxin xristianlığı qəbul edərək özünə həvarilər təyin etdi. Pobiroxin daha sonra həbs edilərək Sibirə sürgün edilmişdi. Ondan sonra rəhbər vəzifə onun oğlu, həmçinin Məsih kimi tanınan Saveliy Kapustin tərəfindən icra olundu. 1801-1802-ci illər arasında I Aleksandr duxobor icmasının Yekaterinoslav və Xerson quberniyalarından Tavriya quberniyası, Melitopol qəzasının Moloçnıye Vodı ərazisinə köçürülməsi haqqında fərmanlar verdi.[xviii] Bunun ardınca 1804-cü ildə Tambov və Voronej quberniyalarından, eləcə də Rusiyanın digər bölgələrindən olan duxoborların həmin ərazidə məskunlaşmasına icazə verən başqa bir fərman çıxdı.[xix]

Yeni torpaqlarda hər duxobora 37 desyatin torpaq, hər ailəyə 100  rubl pul verildi  və onlar 5 il müddətinə vergidən azad edildilər. Ümumilikdə Moloçnıye Vodı ərazisində 800 ailədən ibarət 3985 insanın yaşadığı 9 koloniya formalaşmışdı.[xx] Semyonov öz kitabında qeyd edir ki, bu fərman üç mühüm məqsəd güdürdü:

1.Çar Rusiyasının cənubda “yenidən fəth” etdiyi ərazilərə xristian əhali köçürməklə orada möhkəmlənmək;

2.Bu icmanın nümayəndələrinin pravoslav kilsəsindən təcrid edilməsi və uzaqlaşdırılması;

3.Bu təriqətçilər üzərində nəzarətin asanlaşdırılması.[xxi]

Bundan başqa qeyd etmək lazımdır ki, Tavriya quberniyasında digər dini təriqətlər, əsasən molokanlar və mennoitlər də məskunlaşmışdılar ki, bu da Semyonovun yuxarıda qeyd olunan fərziyyəsini təsdiq edir. Duxoborlar və eyni zamanda molokanlar üçün növbəti mühüm hadisə 1805-ci ildə duxobor inancını dini cərəyan kimi tanıyan fərmanın I Aleksandr tərəfindən rəsmən elan olunması ilə baş verdi.[xxii] 1818-ci ildə isə I Aleksandr Melitopol qəzasının yeni Terpenye yaşayış məntəqəsindəki duxobor icmasını ziyarət etdi.[xxiii] Sadalanan hadisələr göstərir ki, I Aleksandrın hakimiyyəti dövründə məzhəblərə, o cümlədən, duxoborlara qarşı mülayim və liberal siyasət yeridilirdi. Yeni yaşayış məntəqələrində icmaya daha çox azadlıq verilmişdi. Onlar öz idarəetmə sistemlərinə sahib idilər.

Duxobor icmasının Zaqafqaziyaya köçürülməsi

I Aleksandrı əvəz edən I Nikolay dövründə qısa müddətdə Rusiya imperiyasında dini təriqətlərə qarşı münasibət yenidən dəyişdi. Onun hakimiyyəti dövründə duxobor icmasının Zaqafqaziyaya sürgün olunması barədə fərman verildi. Duxoborların Zaqafqaziyaya sürgün edilməsinə səbəb icmada başçıların özbaşınalığı, xüsusən də öz dindaşlarına qarşı törətdikləri qətllər və zorakılıqlarla bağlı aparılan istintaq göstərildi. Komissiya həmçinin iddia edirdi ki, icmanın bəzi üzvləri öldürülərək, bədənləri Moloçnıye Vodı çayına atılmışdı.[xxiv] Lakin nəzərə alsaq ki, həmin dövrdə molokanlar və digər təriqətlərin nümayəndələrinin Zaqafqaziyaya sürgünü başlanmışdı, o zaman deyə bilərik ki, bu, sadəcə olaraq sürgün üçün bir bəhanə idi. Çarın məqsədi Zaqafqaziyada yeni işğal olunmuş ərazilərdə möhkəmlənmək idi və duxoborlar bu siyasətin bir parçası oldular.

Hərçənd, Duxoborların Melitopol qəzasından Zaqafqaziyaya sürgün edilməsi barədə I Nikolayın 1839-cu ildə fərman verməsinə[xxv] baxmayaraq, köçürülmə prosesi torpaq çatışmazlığı səbəbindən bir müddət təxirə salınmışdı. Fərmana əsasən, öz dinindən dönmək istəmədiyinə dair məhkəmədə ifadə verən şəxslər sürgün olunmalı idi. Pravoslavlığı qəbul edənlərə həmin yerdə qalmağa icazə verildi. Daxili İşlər Nazirliyinin məlumatına görə, 217 duxobor öz dinindən imtina edərək pravoslavlığa keçmək üçün müraciət etmişdi. [xxvi]

Duxoborların sürgün olunaraq Zaqafqaziyaya köçürülməyi 3 mərhələdə təşkil olunmuşdu. 1841-ci ildən başlanan birinci mərhələdə məskunlaşma yeri kimi indiki Gürcüstan ərazisindəki Gürcü-İmereti quberniyasının Axalkalaki qəzası seçilmişdi. Hər il dörd minə qədər insanın köçürülməsi nəzərdə tutulurdu. Duxoborların ilk 795 nəfərdən ibarət qrupun yalnız 773 nəfəri Tbilisiyə 1841-ci il sentyabrın 1-də çata bildi. [xxvii] Bütün köçürmə prosesi 1845-ci ilə qədər davam etdi.

Sonrakı dövrdə duxobor icmasının bir hissəsi indiki Azərbaycan ərazisində yerləşən Yelizavetpol quberniyasının eyniadlı qəzasına köçürüldü. 1878-ci ildə vilayəti işğal edilərək inşa olunduqdan sonra duxoborlar da bu ərazidə məskunlaşdılar. 1887-ci ilin statistikasına görə, Zaqafqaziyada ümumilikdə 1400 evdə məskunlaşan 12500 duxobor var idi. Bunlardan 6600 duxobor Axalkalaki qəzasında, 700 nəfər Borçalı qəzasında, 2400 nəfər Yelizavetpol qəzasında, 2800 duxobor isə Qars vilayətində yaşayırdı. [xxviii]

Zaqafqaziyadakı duxobor icmasına diqqət yetirsək, görərik ki, bu icmanı uzun illər əsasən Kalmıkovlar ailəsi idarə edib. Zaqafqaziyada ilk olaraq 1840-cı illərdə İllarion Kalmıkov (1803-1841) icmanın başçısı təyin edildi, sonra isə 1854-cü ilə qədər  icmaya onun həyat yoldaşı Melaniya rəhbərlik etdi; 1854-cü ildən, 18 yaşından etibarən Zaqafqaziyada duxoborlara başçılıq edən Pyotr Kalmıkov (1838-1864) 1864-cü ildə vəfat etdikdən sonra həyat yoldaşı Lukerya Kalmıkova (1841-1886) onu əvəz etdi. [xxix] Lukerya 18-ci əsrdə yaşamış İllarion Pobiroxinin törəmələri olan Kalmıkovlar sülaləsinin sonuncusu idi. Buna görə də Zaqafqaziyadakı duxoborları, heç şübhəsiz, kommuna şəklində yaşayan sülalələr tərəfindən idadə olunan cəmiyyət kimi xarakterizə etmək olar.

Bununla belə, duxobor icmasına nəzarət etmək üçün vacib bir vasitəni qeyd etməmək olmaz. Duxoborlar Ukraynanın Sloboda quberniyasına köçürüldükdən sonra bu icmanın nümayəndələri Yetimlər evi və ya Sion adlanan bir dini mərkəz yaradırlar. Moloçnıye Vodı ərazisində belə bir mərkəz Terpenye kəndi idi, duxoborlar Zaqafqaziyaya sürgün olunduqdan sonra isə bənzər ev Axalkalaki rayonu ərazisindəki Qorelovka kəndində tikildi.[xxx] Terpenye kəndindəki Yetimlər evində yaşayan və buradan öz icmasını qəddarlıqla idarə edən Saveliy Kapustin (1743-1820) həmin evin ilk rəhbəri olmuşdu. Kapustin adətən Sionun eyvanına çıxar və buradan öz icmasına müraciət edərdi. Çıxışı zamanı o belə deyirdi: “Mən həqiqətən Məsihəm, sizin tanrınızam. Necə ki səma başımın üzərindədir, necə ki ayağımla yeri tapdalayıram, bu da o qədər doğrudur. İndi isə qarşımda səcdə edin və məni çox sevin!” [xxxi] Bu evin əsas işi ilk növbədə camaatdan ərzaq toplamaq və onu yoxsul əhali arasında bölüşdürmək idi, xüsusən də qocalar bu evin hesabına qidalanırdılar. Yetimlər evinin ixtiyarında qızlardan ibarət xor, həvarilər, ağsaqqallardan təşkil olunan hakimlər və əlbəttə ki, Məsih adlandırdıqları rəhbər var idi.

İcma nümunəsində İllarion Pobiroxindən başlayaraq, bir əsr ərzində qeyri-məhdud hakimiyyətin bir ailənin – Kalmıkovların əlində necə təmərküzləşdiyinin şahidi oluruq. Təbii olaraq sual yaranır ki, nə üçün Pobiroxinin davamçılarının soyadları bir-biri ilə uyğun deyildi? Məsələ burasındadır ki, əvvəllər uşaqlar analarının soyadını götürürdülər, Zaqafqaziyaya köçdükdən sonra isə Kalmıkov soyadını saxladılar. Duxobor icmasının rəhbərləri öz qohumlarını seçilmiş olduqlarına, eləcə də müqəddəs ruhların onların bədəninə girdiyinə inandıra bilmişdilər.

Sirr deyil ki, duxoborlar lap əvvəldən mərkəzi hökumətə qarşı idilər və buna görə də vergi vermək və hərbi xidmət keçmək istəmirdilər. Ancaq duxoborlar Zaqafqaziyaya köçürüldükdən sonra, xüsusən Lukerya Kalmıkovanın rəhbərliyi altında olarkən vəziyyət dəyişdi. 1877-1878-ci illər Rusiya-Türkiyə müharibəsi zamanı rus ordusu Qafqaz duxoborlarının köməyindən də yararlanmışdı. Duxoborlar Kalmıkovanın rəhbərliyi altında əlavə ödəniş müqabilində çar ordusunu silah-sursat daşımaq üçün 4000 yaxın araba,  yem və ərzaq məhsulları ilə təmin etdilər. Bundan əlavə, yaralı əsgərlərə tibbi yardım göstərə bilmək üçün kəndlərdə xəstəxanalar qurdular.[xxxii]

Slavyanka kəndində duxoborların həyatı və Vereşaginin müşahidələri

Məşhur hərbi rəssam Vasili Vasilyeviç Vereşagin 1865-ci ildə Qafqaza səfəri zamanı Yelizavetpol qəzasında duxoborların məskunlaşdığı Slavyanka kəndini (indiki Gədəbəy rayonu ərazisi) ziyarət etmiş və müasir Azərbaycanda icmanın yeni şəraitə uyğunlaşması və məişəti ilə bağlı müşahidələr aparmışdı. Qeyd edək ki, rəssam öz müşahidələrini kifayət qədər tənqidi formada ifadə etdiyi qeydlər şəklində təqdim etmişdir. Bundan əlavə, xatırladaq ki, duxoborların yeni şəraitə uyğunlaşması, istər Yelizavetpol, istərsə də Axalkalaki rayonlarında o qədər də asan bir proses deyildi.

Vereşagin qeydlərinin əvvəlində bizə duxoborların geyimi, məskunlaşma yeri və səbəbləri, həmçinin Rusiyadakı qədim vətənlərindən bəhs etmiş, onlar haqqında ümumi məlumatlar vermişdir. Vereşagin duxoborlar tərəfindən oxunan məzmurlarda kifayət qədər səhvlər olduğuna diqqət çəkir. Məsələ ondadır ki, bu məzmurlar nəsildən-nəslə şifahi şəkildə ötürülmüş və bu da bəzi məzmurların dəyişilməsinə səbəb olmuşdur. Lakin duxoborlar əmin idilər ki, onların məclislərdə oxuduqları məzmurları bir vaxtlar əcdadlarının oxuduqları kimi ideal vəziyyətdə qorunub saxlanmışdır. Müəllifin sözlərinə görə, kilsə təmiz, böyük, lakin tavanı alçaq idi, ora rus sobası qoyulmuşdu, pəncərələri parça ilə örtülmüş, içəridə çoxlu iştirakçılar var idi. Kişilər qadınlardan ayrı oturmuşdular, cavanlar dayanır və qocalar öz yerlərinə keçirdilər. Hər kəs bir-birinin ardınca dualar oxuyur, onlardan biri səhv edərsə, dərhal düzəliş olunurdu.[xxxiii] Dualar təkcə bazar günləri deyil, həm də həftə boyunca axşamlar, hətta şənbə günü də oxunurdu.[xxxiv]

Xatırladaq ki, Slavyanka yaşayış məntəqəsindən bir qədər aralıda molokan yaşayış məntəqələri yerləşirdi. Molokanlar da buraya duxoborlar kimi dini inanclarına görə köçürülmüşdülər. Vereşagin öz hesabatında bu iki qrup arasında maraqlı müqayisə aparır: “Məsələn, molokanlarda şərab və tütün qadağandır, zahirdə içmirlər, siqaret çəkmirlər, lakin xəlvətdə qadağan olunmuş meyvəyə yox deməzlər. Duxoborlarda isə bu yoxdur: onlar açıq şəkildə içir, siqaret çəkir, hətta maxorka da yetişdirirlər. Molokanlar bəzən kələk gəlməkdən, hətta oğurluqdan da çəkinməzlər, duxoborlar arasında isə hər iki hal o qədər nadir baş verir ki, onları yox saymaq olar. Maraqlıdır ki, duxoborlar hesab edirlər ki, molokanlar öz inanclarından üz döndəriblər, molokanlar isə duxoborların onlardan geri qaldıqlarına inanırlar və bu ehtimal həqiqətə daha yaxındır.”[xxxv] Vereşagin həm də yazırdı ki, indi molokanlar və duxoborlar bir-birlərinə nifrət edirlər. Bu hekayədən öyrəndiyimizə əsasən, duxoborlar yeni yaşayış məskənində 20 ildən çox vaxt keçirdikdən sonra belə öz dini qaydalarını qoruyub saxlamışdılar. Kiçik fərqliliklər olsa da, özlərini əvvəl yaşadıqları Ukraynadakı kimi aparırdılar.

Slavyanka kəndindəki duxoborlarla bağlı ikinci bir məqam isə onların qonşularla yaşayışıdır. Vereşagin öz qeydlərində həmçinin yerli əhali və yeni gələn duxoborlar arasında kiçik toqquşmalara diqqət çəkir. Lakin duxoborlarla yerlilər arasında iqtisadi əlaqələr qurulduqdan sonra bu çəkişmələrə son qoyuldu.[xxxvi]

Pyotr Verigin və duxoborların transformasiyası

Duxoborlar Zaqafqaziyaya sürgün edildikdən sonra icmada transofrmasiya baş verdi. Yuxarıda qeyd edildiyi kimi, icmanın mərkəzi Axalkalaki qəzasının Qorelovka kəndindəki Yetimlər evi olmuşdur. Kalmıkovlar ailəsindən sonuncu başçı övladı olmayan, lakin Mixail Qubanov adlı bir qardaşı olan Lukerya idi. İcmaya rəhbərlik ona mərhum ərindən keçmişdi. Beləliklə, vəziyyətin bu cür olmağı Lukeryadan sonra gələcək varisin kimliyini sual altında qoyurdu. Lukerya Kalmıkova Pyotr Verigini öz varisi kimi görsə də, icmanın bir hissəsi, əsasən zəngin duxoborlar və rəhbərlərinin təyin olunmasına öyrəşməyən ağsaqqallar Veriginin əleyhinə idilər. Lukerya Kalmıkovanın yeganə varisi qardaşı Qubnov olduğundan, ağsaqqallar sonuncunun xeyrinə qərar verdilər. Üstəlik, Kalmıkovanın ölümündən sonra hüquqi varislik məsələsi də gündəmə gəldi. Belə ki, Mixail Qubadov və Aleksey Zubkov Tiflisin rayon məhkəməsinə müraciət edir və işdə qalib gəlirlər. Beləliklə Qubanov Lukerya Kalmıkovanın qanuni varisi olur.[xxxvii]

1882-ci ildə Lukerya duxoborların yaşadığı Slavyanka kəndini ziyarət edir və burada varlı ailədən olan gənc Pyotr Veriginlə tanış olur. O zaman Veriginin cəmi 25 yaşı var idi və o, evli idi. Lakin buna baxmayaraq, Lukerya ona öz katibi olmağı və Qorelovka kəndinin icma mərkəzinə köçməyi təklif edir.[xxxviii] Pyotr razılaşır və qısa müddətdə Kalmıkovanın sağ əlinə çevrilir. Lukerya özü icmada kifayət qədər güclü nüfuza sahib olub, hökmran xarakterə malik idi və Yetimlər evinin heç də kiçik olmayan büdcəsinə nəzarət edirdi.[xxxix]

Duxoborlar əsasən 1878-1879-cu illərdə Rusiya-Türkiyə müharibəsi zamanı rus hərbçilərinə yardım edərkən varlandılar, bu zaman əsasən öz arabalarında silah daşıyır və xüsusi lazaretlərdə yaralıları qəbul edirdilər. Eyni zamanda duxoborlar özləri də əllərində silahla müharibədə iştirak edirdilər. [xl] Bəzi mənbələr qeyd edir ki, duxoborlara qalib gələcəkləri təqdirdə Qars bölgəsindən torpaqlar ayrılacağına dair söz verilmişdi.[xli] Həqiqətən də müharibə zəfərlə başa çatdıqdan sonra Zaqafqaziya duxoborlarının bir hissəsi yeni yaranmış Qars vilayətinə köçdü.

1886-cı ildə məcburi hərbi xidmət haqqında fərman verildi və qərar 1887-ci ilin fevralından etibarən Zaqafqaziyada duxoborların yaşadığı ərazilərə də şamil edildi.[xlii] 19-cu əsrin 80-ci illərində duxoborlar arasında xidmətdən imtina halları çox da müşahidə edilmirdi. İnikova qeyd edir ki, bu təriqət yarandığı ilk vaxtlarda duxobor kişilər hərbi xidmət keçirdi, onlar hətta Rusiya imperiyasının bəzi hərbi əməliyyatlarında da iştirak etmişdilər. Bununla belə, elə hallar da olub ki, duxoborlar döyüşməkdən imtina ediblər və döyüş meydanında silahlarını atıblar.[xliii] 19-cu əsrin 90-cı illərinin əvvəllərindən isə artıq sakit etirazlar başlamaqda idi.

Etirazlardan bir neçə il əvvəl isə prosesləri sürətləndirən mühüm icmadaxili hadisələr baş verdi ki, onlara nəzər salmaq etirazları anlamaq baxımından mühümdür. Belə ki, 1886-cı ildə 46 yaşlı Lukeryanın qəfil vəfatı icmadaxili çəkişmələrə səbəb oldu və iki düşmən partiya yarandı. Böyük partiya Veriginin tərəfində, kənd ağsaqqalı Aleksey Zubkovun dəstəklədiyi kiçik partiya isə Lukeryanın qardaşı Mixayil Qubanovun tərəfində idi.[xliv] Qeyd etmək lazımdır ki, Verigin və Zubkov lap əvvəldən bir-birilərini sevmirdilər və bu hadisə də mübahisənin son damlası oldu.

Bu zaman Zaqafqaziya duxoborlarının əksəriyyəti Pyotr Veriginin icma başçısı təyin edilməsi üçün yerli qubernatora və eyni zamanda Qafqaz canişinliyi qubernatoruna müraciət etdilər. 1887-ci ilin yanvarında Veriginin duxoborların taxtına çıxması gözlənilirdi. [xlv] Lakin Veriginin pasportu yox idi, o, Qorelovka kəndindən deyildi və Kalmıkovanın ölümündən sonra onun bu kənddə qalması qanunsuz idi. Bundan başqa, bir çox mənbələr də Veriginin qanuna riayət etmədiyini təsdiqləyir. Fürsətdən istifadə edən Aleksey Zubkov yerli polisə Veriginin Qorelovka kəndində qanunsuz yaşaması barədə şikayət etdi. Bu şikayətdən sonra Pyotr qovuldu və yenidən doğma kəndi Slavyankaya göndərildi. 1887-ci il iyun ayının sonunda Axalkalaki qəzasının başçısı Tiflis qubernatoruna bildirdi ki, Verigin gözlənilmədən pasportsuz Axalkalaki şəhərinə qayıdıb və polisdən duxoborları ziyarət etmək üçün icazə istəyib. Onu yenidən Slavyankaya göndərdilər. Heç nəyə baxmayaraq, Verigin daha sonra başqa vasitəçilərin yardımı, habelə teleqraf vasitəsilə Qorelovka kəndinin duxoborları ilə əlaqə saxlayaraq, onları yerli hökumətə tabe olmamağa və Kalmıkovanın əmlakına nəzarət etməyə çağırdı. Nəticə olaraq, bu, 27 yaşlı Veriginin 1889-cu ildə Arxangelsk qubernatorluğunda yerləşən Şenqura, daha sonra isə 1895-ci ilə qədər Sibirə sürgün edilməsinə səbəb oldu. [xlvi]

Bununla belə, böyük partiya ilə kiçik partiya arasında hakimiyyət uğrunda mübarizə davam edirdi. Hətta yerli məhkəməyə iddia da verilmişdi. Məhkəmə 1893-cü ildə böyük partiyanın məğlubiyyəti ilə başa çatdı və beləliklə, mülk və ya hər iki Yetimlər evi, habelə icmanın ailə büdcəsinə keçmiş icma rəhbərinin qardaşı M. Qubanov nəzarət etməli oldu.[xlvii] Veriginin Arxangelskə sürgün edilməsindən və məhkəmədəki məğlubiyyətindən sonra icmada bütün istiqamətlərdə tənəzzül başladı: icma üzvləri getdikcə daha da radikallaşdılar. Sürgündə olarkən Verigin Lev Tolstoyun yaradıcılığı ilə tanış olur.[xlviii] O, eyni zamanda Zaqafqaziya icması ilə də əlaqə saxlayır, elçilər vasitəsilə Tolstoyun təlimindən öyrəndiyi yeni qaydalar və təklifləri göndərirdi.

Veriginin öz icmasına müraciətləri getdikcə daha radikal xarakter alırdı və bu yerli hökumətin bir çox üzvlərinin xoşuna gəlmirdi.  Zaqafqaziya duxoborları bir-biri ilə sıx əlaqə saxladıqları üçün Veriginin ideyaları Qars vilayəti və Yelizavetpol quberniyalarının üzvləri arasında da geniş yayılmışdı. Verigin öz ideyalarını Aleksey Vorobyov vasitəsilə Zaqafqaziya duxoborları arasında yayırdı. Vorobyov bir neçə dəfə Veriginə baş çəkir və Qafqaza qayıtdıqdan sonra Veriginin göstərişlərini digər şəxslərlə paylaşırdı. Lakin səfərlərinin birində Vorobyov Pyotr Veriginin tolstoyçuluq təlimlərinə qoşulduğundan şübhələndi və buna görə də onun dininə xəyanət etdiyini düşündü.[xlix] Bütün bunlar sonda icmanın ikinci dəfə parçalanmasına səbəb oldu. 1893-cü ildən etibarən Vorobyovun ardıcılları ilə Verigin ardıcıllarını (onlar oruc tutanlar da adlandırılırlar) fərqləndirmək mümkün idi.[l]

Tolstoyçuluğun Verigin və duxoborlara təsiri

Tolstoyçuluğun duxoborlara təsiri, xüsusən də Lev Tolstoyun duxobor icmasına təsiri barədə ilk dəfə Müqəddəs Sinodun Baş Prokuroru Pobedonotsevin 1886-cı il tarixli hesabatında bəhs olunur. Bu hesabatda Tolstoyun təlimləri ilə bağlı digər elmi ekspertlərin mövqeləri də qiymətləndirilir və qeyd olunur ki, bu təlim nəinki pravoslav və digər kilsələrin əsasında duran fikirlərə kölgə salır, həm də dövlət nizamını məhv edir.[li] O vaxtdan sonra dövlət orqanları Tolstoyu təqib etməyə başlayır; onu yaxından müşahidə edir və mütəmadi olaraq yuxarılara onun haqqında məlumat göndərirlər.

Tolstoya görə, dövlət və xristianlığın birgə mövcudluğu uğurlu ola bilməzdi, belə ki, sonuncu özlüyündə dağıdıcı qüvvədir. İkisindən yalnız biri mövcud ola bilərdi.[lii] Tolstoy hesab edirdi ki, dövlət və kilsə müxtəlif vasitələrlə zorakılıqlar etdiyi üçün korrupsiyaya qurşanmışdır. Belə ki, o, zorakılığın bütün formalarına qarşı idi və buna görə də özlüyündə dövlətə və ya hökumətə də qarşı idi. O, həmçinin hesab edirdi ki, xüsusi mülkiyyətdən uzaqlaşmaq və ya onu ləğv etmək lazımdır, əvəzində isə hər şeyin paylaşıldığı yeni bir cəmiyyət yaradılmalıdır. Tolstoyun yeni cəmiyyət haqqında ideyaları daha çox anarxik idi, nəinki  institusional. Sevgi, dostluq, yardımsevərlik kimi təməl dəyərlər və hisslər, yəni dində mövcud olan bütün müsbət çağırışlar yeni cəmiyyətin özülünü təşkil etməlidir. [liii] Bununla belə, Tolstoy institutlaşmış dinə qarşı idi, çünki həmin dövrdə onu saxtakarlıq ehtiva edən bir insan ixtirası olaraq görürdü. [liv]

Tostoyçuluqdan təsirlənən yeni təlimin təbliğçiləri duxoborları imperatoru tanımamağa, hökumətə tabe olmamağa, vergiləri ödəməməyə və orduda xidmət etməməyə çağırırdılar.[lv] 1890-cı illərin Müqəddəs Sinodun hesabatında iddia olunur ki, Tolstoyun yeni təlimi artıq Xarkov, Voronej, Kursk, Poltava, Yekaterinoslav və Kiyev quberniyalarında, eləcə də Zaqafqaziya duxoborları arasında bir təriqət kimi geniş yayılıb.[lvi] Müqəddəs Sinodun ilk prokuroruna görə, bu təlimin Zaqafqaziya duxoborları arasında yayıldığı dövr 1894-1895-ci illəri əhatə etmişdir.[lvii]

Tolstoyçuluğun möhkəm etiqadlı tərəfdarı, hərbi xidmətini Qafqazda keçmiş knyaz Xilkov 19-cu əsrin 90-cı illərində duxoborlar və onların təlimi ilə tanış olur. Qafqazı tərk etdikdən sonra o, Aleksandr Bodyanski ilə birlikdə Исповедная песнь христианина adlı dini kitab yazaraq bu icmanın katexizisini düzəltməyə başladı. Bu zaman Tolstoy təlimi ilə bağlı müəyyən məqamlar da bura daxil edilmişdi.[lviii]

Zaqafqaziya 1894-cü ildə hərbi dairəsinin rəhbərlərindən biri olan general-mayor Surovçev Vladimir Dmitriyeviçin sözlərinə görə, duxoborlar yeni təlimi Verigin vasitəsilə qəbul etmişdilər. Yeni təlimi qəbul etməklə aşağıdakı qaydaların əsası qoyuldu:

Ali hakimiyyətin tam inkarı; ümumiyyətlə, qanunun tələblərini yerinə yetirməkdən imtina etməklə, hər hansı bir gücün inkarı; təbii və pul rüsumlarını ödəməkdən imtina; hərbi xidmətdən imtina; nikahın, nikahda birgə yaşayışın və ailənin inkarı; yeməkdə ətdən istifadə etmək, araq içmək, tütün çəkmək, çay içməyin qadağan olunması; mülki bərabərlik, varlılardan alınaraq yoxsulların təmin edilməsi; hər kəsin pul vəsaitinin yarısı hesabına ümumi kassanın formalaşdırılması; torpağın birgə becərilməsi; emalatxanaların təşkil olunması; çarvadarlığın ləğvi; qadınlar və qızların işə girməməsi; at və mal-qaranı satıb qurtarmaq; digər əhalidən və duxobor partiyalarından ayrılmaq.[lix]

Zaqafqaziya icmasının əksər duxoborları arasında getdikcə daha çox yayılan yeni qaydalar toplusu və yeni doktrina anarxist motivli siyası çalarlarla rənglənmişdi. Tolstoyun təlimi ilə formalaşan duxobor icmasını hətta çox vaxt  kommunist cəmiyyəti ilə də müqayisə edirlər.[lx]

19-cu əsrin 90-cı illərində duxoborlar bütün mal-qaralarını Zaqafqaziyada satdılar və üzvlərin pulları ümumi büdcəyə daxil olmağa başladı, daha sonra isə həmin kapital bütün təriqətçilər arasında bərabər hissədə paylanırdı. Bundan əlavə, yeni təlimin nümayəndələri vegetarian oldular, buna görə də bəzi mənbələrdə onları oruc tutanlar (постники) və ya veriginçilər də adlandırırlar.[lxi]

Zaqafqaziya duxoborları öz yaşayış məskənlərində yerli hakimiyyəti qəbul etmədikləri üçün 1894-cü ildə  onlarla hökümət nümayəndələri arasında münaqişələr başladı. Pyotr Verigin öz silahı ilə birlikdə Zaqafqaziya duxoborlarına göndərdiyi kiçik məktubda yazırdı ki, icma üzvləri bütün tüfəngləri məhv etməli, insanları öldürməməyə söz verməli və gələcəkdə hərbi əməliyyatlarda iştirak etməkdən çəkinməlidirlər.[lxii] Duxoborların ağsaqqalları onları silahlarını təhvil verməyə və daha sonra özlərini hər hansı məcburedici qüvvədən qorumaq istədikləri üçün daha orduda xidmət etməyəcəklərini elan etməyə çağırdılar. Bu arada böyük partiya duxoborlar Çarı tanımaqdan da imtina edirdi.[lxiii]

1895-ci il aprelin 5-də Yelizavetpol quberniyasından olan on bir muzdlu duxobor Pasxa bayramında silahlarını təhvil verdi və kilsə paradında iştirak etməkdən imtina etdi.[lxiv] Daha sonra bu aksiyaya çoxlu sayda digər duxoborlar da qoşuldular. Bu hadisələr kulminasiya nöqtəsinə 1895-ci ildə bütün Zaqafqaziya duxoborlarının qiyam edərək, öz silahlarını nümayişkaranə şəkildə yandırdığı zaman çatdı.[lxv]

Duxobor etirazı kazaklar tərəfindən amansızca yatırıldı və bunun nəticəsi olaraq duxoborlar Kaxetiyaya (indiki Gürcüstan ərazisinə) sürgün edildi. Bundan əlavə olaraq, Tiflis Rayon Məhkəməsi Prokurorluğunun mənbələrində duxobor qadınlara qarşı zorakılıqlar törədildiyini, eləcə də Qorelovka kəndində bəzi icma üzvlərinin qətlə yetirildiyini istisna olunmur.[lxvi]

1895-ci il etirazı 4000-ə yaxın duxoborun Axalkalaki rayonundan Gürcüstanın digər bölgələrinə sürgün edilməsi ilə nəticələndi. Hətta ən fəal ardıcıllar Sibirə belə sürgün edilmişdilər, lakin bundan sonra onlara müəyyən şərtlərə əməl etməklə öz əvvəlki yaşayış yerlərinə qayıtmağa icazə verdilər.[lxvii]

Zaqafqaziyada baş verən hadisələr Tolstoyu və onun ardıcıllarını narahat edirdi, bu səbəbdən onlar Verigin tərəfdarlarının köçürülməsi üçün yeni yerlər axtarırdılar. Qorelovkada keçirilən etirazlara qarşı hərbçilərin amansız hərəkətləri və duxoborların itaətsizliyi bu prosesi sürətləndirdi.

Tolstoy və onun həmfikirləri əvvəlcə icmanın Çində yerləşən Türküstana köçürülməsi barədə düşünürdülər. Köçürülmə üçün əvvəlki yaşayış məntəqələri ilə müqayisədə Rusiyaya yaxınlıq və iqlim fərqlərinə görə Tolstoy daha çox Kanadaya köçmə tərəfdarı idi. Bu dəfə yeni məskəni seçərkən əsas amil məcburi olmayan hərbi xidmət olmalı idi.

Təxminən 1139 nəfərdən ibarət veriginçi duxoborların ilk qrupu 1898-ci il avqustun 14-də o zaman Britaniya hökumətinin tabeliyində olan Kipr adasında yerləşdirildi. İqlim şəraiti yeni gələnlərə mənfi təsir göstərdi, buna görə onlar dəstək üçün Tolstoya müraciət etdilər. Xilkov və Tolstoy duxoborların Amerikaya mümkün köçürülməsi üzərində işləməyə davam edirdilər. Xilkov, nəhayət, xüsusi vasitələrlə Amerika kvakerləri ilə əlaqə yaratdı və sonrakı köçürülmə üçün maliyyə dəstəyi ala bildi. Əməkdaşlıq tezliklə öz bəhrəsini verdi, çünki Kanada hökuməti duxoborların Manitobaya (Kanada) köçürülməsini müsbət qarşıladı.[lxviii]

Qeyd etdiyimiz kimi, amerikalı kvakerlər köçürülməni maliyyə baxımından dəstəkləmişdilər. Lev Tolstoyun özü də bu işə böyük töhfə verərək, təxminən 60 000 rubl məbləğində yardım etmişdi. O, əsərlərindən bəzilərini əlavə ödəniş qarşılığında çap etdirə bildi. Məsələn, Воскресенье əsərinə görə o, 12.000 rubl aldı və bununla icmaya dəstək olmağı təklif etdi. Bundan əlavə, o, dostları ilə əlaqə saxladı və ianə çağırışına başlamaq üçün müxtəlif qəzet və jurnallarda elanlar yerləşdirdi.[lxix]

Qeyd etmək yerinə düşər ki, çar hökuməti gələcəkdə duxoborların Rusiyaya qaytarılmaması barədə yazılı sənəd aldı.

Duxoborların ümumi sayı 2070 nəfər olan ikinci qrupu 1898-ci ilin dekabrında Batumi limanından Kanadaya göndərildi; onların ardınca, 2 yanvar 1899-cu ildə Lev Tolstoyun oğlu Sergey Tolstoyun müşayiəti ilə 1973 nəfərdən ibarət üçüncü qrup göndərildi. 30 aprel 1899-cu ildə 2309 duxobor Qars bölgəsini tərk edərək Kanadaya yola düşdü. 23 iyun 1899-cu ildə Batumiyə 550 duxobor gəldi, ertəsi gün daha 542 duxobor gəldi və onlar da Kanadaya köçə bildilər.[lxx]

Verigin hərəkatına qoşulmayan ənənəvi duxoborlar öz yerlərində qaldılar. Veriginin yeni təlimlərinə uyğun həyat tərzi seçən təxminən 8500 duxobor isə Kanadaya mühacirət etmişdi. 1899-cu ilin məlumatlarına görə, köçürülmə Zaqafqaziyadakı duxobor əhalisinə ciddi təsir göstərdi: Yelizavetpol qəzasında, Novo-Qorelovka, Novo-Spasskoye, Novo-Troitskoye və Slavyanka kəndlərində artıq cəmi 1492 nəfər duxobor yaşayırdı. Axalkalaki qəzasında, Boqdanovka, Spasskoye, Orlovka, Yefremovka, Troitskoye, Rodionovka, Tambovka və Qorelovka kəndlərində cəmi 3213 duxobor qalmışdı. Borçalı qəzasında duxoborların sayı ümumilikdə 770 nəfər, Qars vilayətində isə 675 nəfər təşkil edirdi. Zaqafqaziyada qalmış duxoborların ümumi sayı isə 6000 nəfərdən bir qədər çox idi.[lxxi]

Nəticə

Bu məqalədə duxobor dini təriqətinin yaranma tarixi, onların Zaqafqaziyaya sürgün edilməsi və bunun nəticəsində icma daxilində baş verən transformasiya təhlil edildi. Məqalədə söylənilənlər bizə aşağıdakı nəticələri çıxarmağa imkan verir:

İcma yarandığı ilk gündən duxoborlar həqiqətən də pasifist əhvala sahib olmuşlar və bu səbəbdən tez-tez müharibələr aparan Rusiya dövlətini özününkü hesab etmirdilər. Duxoborlar üçün əsl hökmdar Tanrı idi. Onların icma quruluşu daha çox dini motivlər əsasında qurulmuşdur. 19-cu əsrin sonlarında Zaqafqaziya duxoborlarının pasifist hərəkatı da hökumət əleyhinə narazılıqdan irəli gəlirdi.

Bu narazılıq duxoborlar arasında nüfuza sahib şəxslərin yeni tolstoyçuluq təlimini yayması nəticəsində yeni xüsusiyyətlər əldə etməyə başladı. Duxoborlar arasında Tolstoyun ideyalarının yayılmasına səbəb olan əsas şəxs Arxangelskdə sürgündə olan Pyotr Verigin idi. Verigin sürgün edildikdən sonra duxobor icmasının doqmalarında  onun təsiri ilə sistematik dəyişikliklər baş verdi. Bir çox duxoborun dini baxışları tolstoyçuluğun daha anarxist-siyasi ideyaları ilə əvəz olundu. Duxoborlar öz başçılarına lap əvvəldən itaət etdiklərinə görə tolstoyçuluq ideyalarının Verigin vasitəsilə yayılması mümkün oldu. Onlar Verigini o hələ sürgün olunmamışdan əvvəl özlərinə rəhbər seçmişdilər. Duxoborlar arasında transformasiya həm də ona görə nisbətən rahat mümkün oldu ki, icmanın əksəriyyəti savadsız idi və aralarındakı nüfuz sahibi olan savadlı şəxslər onlara ciddi təsir edirdi. Bu fenomen zəngin ailələrdən olan, yaxşı təhsil almış və tolstoyçuluq tərəfdarı olan şəxslər tərəfindən ətraflı öyrənilmişdi. Bunun nəticəsində onlar  Veriginlə yaxınlaşmış və onun vasitəsilə təlimlərini yaya bilmişdilər.

Duxoborların  transformasiyası və Kanadaya könüllü mühacirəti çar Rusiyasının Zaqafqaziyadakı köçürmə siyasətinə zərbə vurmuş oldu. Rəsmi sənədlərdə qeyd olunduğu kimi, yeni fəth edilmiş ərazilərdə rus elementi yerləşdirmək cəhdləri uğursuzluqla nəticələndi.

Ədəbiyyat

Беженцева, Алла. Страна Духобория. — Тбилиси. Международный культурно-просветительский Союз «Русский клуб», 2007. S. 51. İnternetdə dəqiq ünvanı: http://dukhobors.narod.ru/duxobori.pdf, son keçid: 27.02.2022.

Бонч-Бруевич В. Д. «Разъяснение жизни христиан: и Был у насхристиансиротский дом». Материалы к изучению русского сектанства. Выпуск второй. Нр. 51. Хунтс. 1901.

Бонч-Бруевич В.Д. Изложение миросозерцания духоборцев. Животная книга духоборцев. С-Петербург. 1909.

Бонч-Бруевич В.Д. Избранные сочинения. Т. 1. О религиирелигиозном сектантстве и церкви. Москва. 1959.

Духоборы и Толстовцы. Журнал «Полтавские Епархиальные Ведомости». Нр. 7. 1 Марта 1903 г.

Иникова С.А. История пацифистского движения в секте духоборов (XVIII-XX вв.). В: Павлова Т. А.: Долгий путь российского пацифизма. Российская Академия Наук. 1997.

Иникова С.А. «Духовные истоки и начальный период истории духоборчества». İnternetdə dəqiq ünvanı: http://www.doukhobor.ru/literatura/inikova/Istoki/Duhistoki.doc, son keçid: 15.04.2020.

Кушнерёв И.Н. Духоборы и Молокане в Закавказье. Рассказы Художника В.В. Верещагина. С рисунками. Москва. 1990. İnternetdə dəqiq ünvanı: http://molokanin.ru/old/kn/pdf/Верещагин%20-%20Духоборы%20и%20молокане.pdf, son keçid: 19.02.2022.

Лебедева А. Духоборцы в Слободской Украине. Харьков. 1890.

Лопухин И. В. Некоторые черты в обществе духоборцев, рукопись. Москва. 1843. İnternetdə dəqiq ünvanı: http://www.doukhobor.ru/literatura/Lopuhinrukopis.pdf, son keçid: 18.02.2022.

(НАГ) Национальный Архив Грузии.

Новицкий О. Духоборы: их история и вероучение. Киев, 1882.

(РГИА) Российский Государственный Исторический Архив.

Указ Государя Императора Александра I. Журнал «Слово Веры». 2006.

Семенов И. История Закавказских молокан и духоборов. Еревань. 2001.

Терлецкий В. Н. Очерки, исследования и статьи по сектантству. Вып. 1. Общие понятия о сектанстве. Духоборы и толстовцы. Павловское “страшное дело”. Секта “иоаннитов” / В.Н. Терлицкий. – Полтава : электр. тип. Г.И. Маркевича, 1911.

Arndt, Augustin. Die Sekten Der Russischen Kirche.” Zeitschrift Für Katholische Theologie, vol. 39, no. 1, [Schriftleitung (General Editor), Echter Verlag, Katholisch-Theologischen Fakultät der Universität Innsbruck], 1915, S. 65–97. İntetnetdə dəqiq ünvanı: http://www.jstor.org/stable/24192192, son keçid: 19.02.202

Brenton Breyfogle, Nicholas. Heretics and Colonizers: Forging Russia’s Empire in the South Caucasus. Cornell University Press. New York. 2005.

Camfield, Graham. Among Russian Sects and Revolutionist. The extraordinary life of Price D. A. Khilkov. Bern. 2015. S. 135.

Diedrich, Hans-Christian. Siedler, Sektiere und Stundisten. Die Entstehung des russischen Freikirchenturms. Leipzig. 1997.

Herlth, Jens. Staat und Gesellschaft. George, Martin/ Herlth, Jens/ Münch, Christian, Schmid, Ulrich (Hg.): Tolstoj als theologischer Denker und Kirchenkritiker. Göttingen. 2015.

Qeyd və İstinadlar

[i]Bax: Иникова С.А: История пацифистского движения в секте духоборцев (XVIII-XX вв.). В: Павлова Т.А.. Долгий путь российского пацифизма: идеал международного и внутреннего мира в религиозно-философской и общественно-политической мысли России. ИВИ РАН. 1997.

[ii]Bax: Иникова  С.А.  “Духовные  истоки  и  начальный  период  истории  духоборчества”. İnternetdə dəqiq ünvanı: http://www.doukhobor.ru/literatura/inikova/Istoki/Duhistoki.doc, son keçid: 01.02.2022.

[iii] Лопухин И. В. Некоторые черты в обществе духоборцев, рукопись. Москва. 1843. S. 1. İnternetdə dəqiq ünvanı: http://www.doukhobor.ru/literatura/Lopuhinrukopis.pdf, son keçid: 18.02.2022.

[iv] Российский Государственный Исторический Архив (sonra РГИА), фонд 1291, опись 50, дело 23, лист 7.

[v] Masimov, Asif. Ein kurzer Überblick über die Geschichte von Duchoborzen und deren Verbannung nach Transkaukasien.İnternetdə dəqiq ünvanı: https://masimovasif.net/ein-kurzer-ueberblick-ueber-die-geschichte-von-duchoborzen-und-deren-verbannung-nach-transkaukasien/. Son keçid: 14.02.2022.

[vi]Bax: Arndt, Augustin. “Die Sekten Der Russischen Kirche.” Zeitschrift Für Katholische Theologie, vol. 39, no. 1, [Schriftleitung (General Editor), Echter Verlag, Katholisch-Theologischen Fakultät der Universität Innsbruck], 1915, S.66. İnternetdə dəqiq ünvanı: http://www.jstor.org/stable/24192192, son keçid: 19.02.2022.

[vii] Bax: Новицкий О. Духоборы: их история и вероучение. Киев. 1882. S. 5-7.

[viii] Yenə orada. S. 26.

[ix]Записка поданная духоборцами Екатеринославской губернии в 1791 году губернатору Каховскому. İnternetdə dəqiq ünvanı: http://www.doukhobor.ru/literatura/zapiska/index.html#1/z, son dəfə keçid: 11.04.2020.

[x] Bax: Новицкий О. S. 46.

[xi] Yenə orada. S. 22.

[xii] РГИА.Оп. 50. Д. 23.Л. 7.

[xiii] Bax: Лебедев А. Духоборцы в Слободской Украине. Харьков. 1890. S. 6.

[xiv] Yenə orada. S. 5-6.

[xv] Bax: Духоборы и Толстовцы. Журнал «Полтавские Епархиальные Ведомости». Нр. 7. 1 Марта 1903 г. S. 311-342.

[xvi] Бонч-Бруевич В.Д. Изложение миросозерцания духоборцев. Животная книга духоборцев. С-Петербург. 1909.

[xvii] Bax: Arndt, Augustin. S. 69.

[xviii] РГИА. Ф. 1291. О. 50. Д. 23. Л. 8.

[xix] Yenə orada.

[xx] Bax: Arndt, Augustin. S. 68.

[xxi] Семенов И. История Закавказских молокан и духоборов. Еревань. 2001. S. 61.

[xxii] Указ Государя Императора Александра I. Журнал «Слово Веры». 2006. S. 2.

[xxiii] РГИА. Ф. 1291. О. 50. Д. 23. Л. 10.

[xxiv] Bax: Терлецкий, В.Н. Очерки, исследования и статьи по сектантству. Вып. 1. Общие понятия о сектанстве. Духоборы и толстовцы. Павловское “страшное дело”. Секта “иоаннитов” / В.Н. Терлицкий. – Полтава : электр. тип. Г.И. Маркевича, 1911. S. 46-47.

[xxv] РГИА. Ф. 384. Оп. 2. Д. 977. Л. 10.

[xxvi]РГИА. Ф. 384. Оп. 2. Д. 977. Л. 2-5.

[xxvii] Yenə orada. Л. 24.

[xxviii] РГИА. Ф. 1291. О. 50. Д. 23. Л. 10.

[xxix] Yenə orada. Л. 10.

[xxx] Bax: Терлецкий, В.Н. S. 48.

[xxxi] Yenə orada. S. 44.

[xxxii] Беженцева, Алла. Страна Духобория. — Тбилиси. Международный культурно-просветительский Союз «Русский клуб», 2007. S. 51. İnternetdə dəqiq ünvanı: http://dukhobors.narod.ru/duxobori.pdf, son keçid: 27.02.2022.

[xxxiii] Bax: Кушнерёв И.Н. Духоборы и Молокане в Закавказье. Рассказы Художника В.В. Верещагина. С рисунками. Москва. 1990. С. 7. İnternetdə dəqiq ünvanı: http://molokanin.ru/old/kn/pdf/Верещагин%20-%20Духоборы%20и%20молокане.pdf, son keçid: 19.02.2022.

[xxxiii]Bax: Новицкий О. Духоборы: их история и вероучение. Киев. 1882.

[xxxiv]Bax: Masimov, Asif. Ein kurzer Überblick über die Geschichte von Duchoborzen und deren Verbannung nach Transkaukasien.İnternetdə dəqiq ünvanı: https://masimovasif.net/ein-kurzer-ueberblick-ueber-die-geschichte-von-duchoborzen-und-deren-verbannung-nach-transkaukasien/. Son keçid: 14.02.2022.

[xxxv] Yenə orada. S. 16.

[xxxvi]Bax: Inikova С.А. Взаимоотношение и хозяйственно-культурные контакты закавказских духоборцев с местным населением. S. 6. İnternetdə dəqiq ünvan: http://www.doukhobor.ru/literatura/inikova/kontakt/files/assets/basic-html/page-1.html#, son keçid: 19.02.2022.

[xxxvii] Национальный Архив Грузии (hereinafter “НАГ”). Ф. 115. Д. 193. Обр. 7, Л. 8.

[xxxviii] РГИА. Ф. 1291. Оп. 50. Д. 23. Л. 12.

[xxxix] НАГ. Ф. 115. Д. 193. Л. 7 обр.

[xl] Иникова С.А. История пацифистского движения в секте духоборов  (XVIII-XX вв.). Российская Академия Наук. 1997. S. 127.

[xli] Yenə orada. S. 127.

[xlii] Bax:Yenə orada. S. 128.

[xliii] Иникова С.А. История пацифистского движения в секте духоборов  (XVIII-XX вв.). В: Павлова Т. А.: Долгий путь российского пацифизма. Российская Академия Наук. 1997. S. 122-125.

[xliv] Bax: Бонч-Бруевич В. Д. «Разъяснение жизни христиан: и Был у насхристиансиротский дом». Материалы к изучению  русского сектанства. Выпуск второй. Нр. 51. Хунтс. 1901. S. 7.

[xlv] РГИА. Ф. 1291. Оп. 50. Д. 23. Л. 14.

[xlvi] Yenə orada. Л. 14-16.

[xlvii] Терлецкий В. Н. S. 54.

[xlviii] Verigin sürgündə olarkən Lev Tolstoyun dini etiqadlarına böyük təsir göstərən “Царство божие внутри вас” kitabını alır. Bax: Palmieri, Aurelio. “The Russian Doukhobors and Their Religious Teachings.” The Harvard Theological Review 8, no. 1 (1915): 62–81. İnternetdə dəqiq ünvanı: http://www.jstor.org/stable/1507313, son keçid: 15.02.2022.

[xlix] Терлецкий В. Н. S. 61.

[l] Yenə orada. S. 58.

[li] Пругавин А.С. О Льве Толстом и о толстовцах: Очерки, воспоминания, материалы. 1911. Москва. S. 179-181.

[lii] Bax: Herlth, Jens: Staat und Gesellschaft, in: George, Martin/ Herlth, Jens/ Münch, Christian, Schmid, Ulrich (Hg.): Tolstoj als theologischer Denker und Kirchenkritiker, Göttingen, 2015, S. 450.

[liii] Yenə orada. S. 447-460.

[liv] РГИА. Ф. 1405. Оп. 542. Д. 851. Л. 5.

[lv]Yenə orada. S.203-204.

[lvi]Yenə orada. S.193.

[lvii]Yenə orada. 203-204.

[lviii] Терлецкий В. Н. S. 57.

[lix]РГИА. Ф. 1405. Оп. 542. Д. 851. Л. 6.

[lx]Пругавин А.С. О Льве Толстом и о толстовцах: Очерки, воспоминания, материалы. 1911. Москва; Бонч-Бруевич В.Д. Избранные сочинения. Т. 1. О религии, религиозном сектанстве и церkви. Мосвка. 1959.

[lxi] Пругавин А. С. S.206.

[lxii] Терлецкий В. Н. S.68.

[lxiii] РГИА. Ф. 1291. Оп. 50. Д. 23. Л. 23-24.

[lxiv]Yenə orada. Л. 24.

[lxv]Bax: Camfield, Graham. Amoung Russian Sects and Revolutionist, The extraordinary life of Price D. A. Khilkov. Bern. 2015. S.135.

[lxvi] НАГ. Ф. 115. Д. 193. Л. 6.

[lxvii] Yenə orada. S. 131.

[lxviii] РГИА. Ф. 1291. Оп. 50. Д. 23. Л. 41-43.

[lxix]Yenə orada. Л. 44-45.

[lxx] Yenə orada. Л. 43-44.

[lxxi] РГИА. Ф. 796. Оп. 180. Д. 5029. Л. 1-2.

 

Paylaş
FacebookTwitter

Facebook Comment

abunə olun

BRI yerli və beynəlxalq auditoriyaya Azərbaycanla bağlı təhlil, rəy və araşdırmalar təqdim etmək məqsədi daşıyan müstəqil ekspertlər tərəfindən yaradılmış beyin mərkəzidir.

bg
For the full operation of the site you need to enable JavaScript in your browser settings.