fbpx

iqtisadiyyat

iqtisadiyyat

2008 və COVID-19 böhranları müasir kapitalizmin uğursuzluğunu necə şiddətləndirdi

Read this article on other language
Download article
image_pdf
image_pdf

İqtisadçılar arasında iqtisadi böhranları müqayisə etmək və qarşılaşdırmaq, əsas səbəblərini müəyyənləşdirməyə və əvvəlki böhranlarla oxşarlıqları müəyyən etməyə çalışmaq geniş yayılıb. Buna görə də adətən iqtisadçılarla mütəxəssislər dünya iqtisadiyyatını dayandıran son COVID-19 böhranını 2008-ci ilin Böyük Tənəzzülü ilə müqayisə edirlər. Məncə, bu qüsurlu yanaşmadır, çünki sonuncu böhran sadəcə olaraq 2008 böhranının şiddətli inkişafıdır. Bunun üçün hal-hazırda yaşadığımız neoliberal dövrü, yaxud da digər adı ilə maliyyələşmə dövrünü başa düşməliyik. 1973-cü ildə Bretton Vuds Sazişinin tənəzzülündən bəri tənzimlənməmiş maliyyə bazarları kimi neoliberal siyasətlər qlobal iqtisadiyyatda məhdudiyyətsiz maliyyə kapital axınlarına səbəb oldu. Makroiqtisadi performansı qiymətləndirməyin müasir üsulu – yəni maliyyə məlumatlarını müqayisə etmək və ticarət axınlarını digər ölkələrə nisbətən analiz etmək – ilə əsas məsələ artıq uyğun deyil; indi makroiqtisadi performans daha çox maliyyə, kapital axınlarına fokuslanmalıdır. Maliyyələşmə dövrü kapitalizmi dəyişdirdi və məncə bu dəyişikliklə onu pisləşdirdi. Müasir kapitalizmin pisləşən vəziyyəti 2008 maliyyə böhranından sonra daha da kəskinləşdi.

Neoliberal dövrünün yaranmasından əvvəl maliyyə axınları qismən sadə idi və adətən ticarəti maliyyələşdirmək üçün bir ölkədən digərinə axırdı. Əksər ölkələrin istehlakı yerli istehsalçılarla əlaqəliydi, ABŞ və Birləşmiş Krallıq kimi ölkələr indiki dövrə nisbətən istehlak etdikləri məhsulların daha çoxunu özləri istehsal edirdi. Bu səbəbdən bir ölkənin iqtisadi olaraq güclü və zəif cəhətlərini qiymətləndirmək o zaman qismən sadə idi. Amma işlər kəskin şəkildə dəyişdi. Bəs niyə?

Kapitalizm tarixinin ən əlamətdar məqamlarından biri maliyyə sektorunun məhdudlaşdırıldığı sistemdən qlobal iqtisadiyyatın uzaqlaşmağa qərar verməsi idi, bu da real iqtisadiyyatla pul axınları arasında birbaşa əlaqəni yaratdı. Bu dövr tez-tez kapitalizmin qızıl dövrü olaraq adlandırılan Bretton Vuds dövrü də adlandırılır. Bretton Vuds Sazişi dünyanın qlobal pul vahidi kimi qızıl standartını ABŞ dolları ilə əvəz edərək ABŞ-ı dollar çap edə bilən yeganə ölkə halına gətirdi. Razılaşmaya əsasən, digər ölkələr öz mərkəzi banklarının milli məzənnəni ABŞ dollarına nisbətdə sabitlədiklərinə söz verdilər. Dollar da öz növbəsində qızılın qiymətinə sabitləndi. Bretton Vuds sisteminə imza atan ölkələr texniki olaraq ticarət müharibələrindən, yəni daha rəqabətli olmaq və ticarəti artırmaq üçün valyutalarını ucuzlaşdırmaqdan imtina etdiklərini qəbul etdilər. Lakin birbaşa xarici investisiyalar iqtisadiyyatı sabitləşdirə bilmədiyi və ya müəyyən konfliktdən sonra ölkələrin yenidənqurmaya başladığı hallarda, bu ölkələrə daha çox elastiklik imkanı verən xüsusi müddəalar da razılaşmaya əlavə edildi. Bəs qızıl standartı niyə dəyişdirildi?

İkinci Dünya Müharibəsi bitdikdən sonra dünya qızıl ehtiyatlarının ¾-ü ABŞ-ın payına düşürdü, yəni başqa heç bir valyutanın arxasında dolları əvəzləmək üçün yetərincə qızıl yox idi. Nəticə dünyanın ehtiyat valyutası olaraq qızıl standartından ABŞ dollarına keçid oldu. Birinci Dünya Müharibəsindən əvvəl əksər ölkələr qızıl standartında idilər, lakin bu, tezliklə müharibə xərclərini ödəmək üçün sərf edildi; Qızıl standartının ləğv edilməsi ölkələrin daha çox valyuta çap edərək müharibə üçün zəruri xərcləri ödəmələrinə imkan yaratdı. Müharibədən sonra bir çox ölkədə tələbə nisbətən artıq pul təklifi səbəbindən hiper-inflyasiya baş verdi, bu da bir çox ölkənin təhlükəsizlik üçün qızıl standartına qayıtması demək idi. 1929-cu ildəki böhrana qədər hər şeyin yaxşı getdiyi görünürdü, bu da qızılın qiymətini artırdı və insanlar qızıl üçün dollarlarını geri almağa tələsdilər.

Bretton Vuds Sazişi ölkələrə qızıl standartına ciddi riayət etmək əvəzinə daha çox elastiklik verdi. Həmçinin, bu, heç bir standart olmayan valyuta sistemindən daha sabit idi; üzv ölkələr cari hesablarındakı balansları düzəldə bilərdilər. Başlanğıcda Bretton Vuds sistemi davamlı böyüməyə, çox aşağı inflyasiyaya və aşağı işsizliyə gətirib çıxardı; ABŞ İkinci Dünya Müharibəsindən izafi dəyərlə çıxıb, Yaponiya və Avropada bu izafi dəyəri təkrar emal etməyə başladığından sistem yaxşı işlədi. Maliyyə kapitalını məhdudlaşdırmaq üçün çox sayda struktur quruldu; bu səbəbdən bir çox bankirin sistemdən qətiyyən xoşu gəlmirdi; banklar ehtiyat nəzarətlərinə riayət etmək və transmilli kapitalla bağlı sərt qaydalara əməl etmək məcburiyyətində qaldılar. Lakin 1960-cı illərin sonlarına yaxın ABŞ-ın Yaponiya, Avropa və Çin ilə ticarətində defisit yarandığı üçün sistem müəyyən dayanıqsızlıq əlamətləri göstərməyə başladı.

Əlavə olaraq, Vol Stritdəki maliyyə sektoru maliyyə tənzimləməsinin azlığı səbəbindən dünya miqyasında çox miqdarda mənfəət əldə edə bildiyindən bu vəziyyət daha da pisləşdi. Nəhayət, ABŞ zəif iqtisadi böyüməyə və yüksək işsizlik səviyyəsinə səbəb olan staqflyasiya ilə üzləşdikdə sistem çökməyə başladı. ABŞ dolların qızıldakı dəyərini endirdi, lakin bunun mənfi təsiri oldu və investorlar dəyərsizləşən dollarlarını qızıla dəyişdirdiyindən qızıl çatışmazlığı yarandı. Bu, sonradan ABŞ-ın dollar dəyərini qızıldan ayırmasına gətirib çıxardı və bu da Bretton Vuds sisteminin çökməsi ilə nəticələndi.

Bretton Vudsun sonu niyə qeyri-sabitlik yaratdı?

Bretton Vuds Razılaşmasının çökməsi neoliberal dövrün doğuşuna, derequlyasiyaya, borclanmanın böyütdüyü köpüklərə və sərbəst spekulyativ davranışa səbəb oldu. Maliyyəçilərin önündəki əngəllər qaldırıldı və artıq gördükləri işlərdə onlara məhdudiyyətlər yaradılmadı. Yeni iqtisadi sistem özəl sektorun mürəkkəb maliyyə mühəndisliyi ilə yaradılan daha da əhəmiyyətli miqdarda pulla davamlı olaraq maliyyələşdirilən məhdudiyyətsiz kapital axınlarına və kütləvi ticarət tarazlığına səbəb oldu.

1980-ci illərin əvvəllərində qlobal iqtisadiyyatın maliyyələşdirilməsinə gətirib çıxardan yeni bir kapitalist üslubü – məhdudlaşdırılmamış maliyyə axınlarının neoliberal növü ortaya çıxdı. Maliyyələşdirmə maliyyə sektorunun iqtisadiyyatda həcmini artırdığı və iqtisadi siyasət, qanunvericilik və iqtisadi nəticələrə daha çox təsir göstərdiyi bir prosesdir. Son 40 il ərzində maliyyə qurumlarının, maliyyə bazarlarının və maliyyə motivləri daxili və beynəlxalq iqtisadiyyatların işləməsində əhəmiyyətli rol oynayıb. Maliyyə neoliberalizmi dünya miqyasında inkişaf etmiş bir çox iqtisadiyyatda, xüsusən Birləşmiş Krallıq və ABŞ-da əhəmiyyətli rol oynayır. Neoliberalizm derequlyasiya edilmiş bazar iqtisadiyyatlarının vacibliyini vurğulayır; əksər inkişaf etmiş iqtisadiyyatlarda real sektor ilə müqayisədə maliyyə sektoruna daha çox diqqət ayrılıb. Bu xüsusi siyasi / iqtisadi fəlsəfə hesab edir ki, maliyyə bazarlarının derequlyasiya edilməsi, ticarət maneələrinin azaldılması və qiymət nəzarətinin ləğvi kimi bazar yönümlü islahatlar iqtisadiyyatı idarə etməyin ən səmərəli yoludur. Neoliberallar məhdud dövlət müdaxiləsinə, özəlləşdirmənin təşviqinə, fiskal qənaət tədbirləri və hökumət xərclərinin azaldılmasına inanırlar. Nəzəriyyəyə əsasən, bu mexanizmlər azad bazar sistemi vasitəsilə resursların səmərəli bölgüsü sayəsində daha çox iqtisadi səmərəliliyə və iqtisadi rifaha səbəb olur. Siyasi və iqtisadi nəzəriyyənin bu nisbətən yeni forması hökumətin müdaxiləsinə xüsusi vurğu edən və 1945-1980-ci illərdə geniş tətbiq olunan Keynesçi yanaşmadan kəskin şəkildə fərqlənir. Lakin dövlət məmurları, siyasətçilər və mətbuat tarixin dərslərini gözardına vurmağa qərar verdilər; tarixin dərsləri siyasi və ideoloji baxımdan əlverişli qərəzlərlə əvəz edildi. Yeni iqtisadi sistemin əsas oyunçusu olan ABŞ öz hegemonluğunun artan ticarət kəsiri ilə eyni vaxtda böyüdüyünü gördü, bu isə o dövrdə nadir və görülməmiş bir şey idi.

Bəs ABŞ İkinci Dünya Müharibəsindən dərhal sonra hegemonluğunu artırdığı halda ticarət profisiti olan ölkədən ticarət defisiti olan ölkəyə necə çevrildi? Cavab bir qədər mürəkkəbdir, amma gəlin başlayaq. ABŞ ticarət profisiti olan ölkədən ticarət defisiti olan ölkəyə çevriləndə Vol Strit Almaniya və Yaponiya başda olmaqla bütün profisit ölkələrinin mənfəətini təkrar emal edirdi. Bu balanssız dinamika ABŞ-ı digər xalqların mənfəət və mallarının ən böyük idxalçısına çevirdi. Digər ölkələrin mənfəətinin Vol Stritə böyük axını təkrar emal edildi və dünya miqyasında paylandı və bu da maliyyələşmə problemini daha da artırdı. 2008-ci ildə olduğu kimi, yeni maliyyə sisteminin də çökməsi yalnız zaman məsələsi idi. Bunun səbəbi maliyyələşmənin uzun müddətə davamlı olmayan çox sayda özəl pul və nəticədə isə partlayışa səbəb olan borc köpükləri yaratması idi. Vol Stritin dünyadakı profisiti təkrar emal edə bilməməsi və çoxsaylı məhsuldar iş yerləri yaradan səmərəli investisiyalar yatıra bilməməsi izahedici bir amildir. 2008-ci ildə maliyyə böhranı baş verdikdə böyük iqtisadiyyatlar ağır yaralandı və hələ də tam bərpa olunmadılar. Həqiqətən də bu, sistemin işləmədiyinə işarə idi və belə görünürdü ki, maliyyə sektoru ehtiyatsız spekulyativ davranışlarına görə cavab verəcək. Lakin bunun əksi baş verdi. ABŞ Federal Ehtiyat Bankı kimi böyük ölkələrin mərkəzi bankları maliyyə sistemini yenidən inkişaf etdirməyə qərar verərək böhrana görə məsuliyyət daşımalı olanların ucuz kreditə məhdudiyyətsiz giriş imkanını təmin etdilər.

2008-ci il böhranının nəticələri maliyyə elitası ilə real iqtisadiyyat arasında ayrılığa səbəb oldu. Defisiti olan ölkələrə baxsanız, onların çox oxşar cəhətləri var; onlar, əslində, borc balonları yaratmağa məhkumdurlar. Eyni zamanda, bu ölkələrdəki işçi sinifləri çarəsiz şəkildə sənaye sahələrinin dağılmasını izləyirlər; bu, ABŞ və Birləşmiş Krallıq kimi böyük iqtisadiyyatlarla yanaşı Yunanıstan kimi kiçik ölkələrdə də baş verdi. Çünki borc köpükləri xarici defisiti maliyyələşdirməyə davam etməyin yeganə yoludur, amma onlar bir dəfəyə partladıqda bu ölkələrin işçi sinifləri idarəolunmaz borc və pisləşən yaşayış standartları ilə qarşılaşırlar. Profisit olan ölkələrə baxsaq, onların bir-birindən əhəmiyyətli dərəcədə fərqləndiyini görərik; Almaniya və Çinin digər böyük iqtisadiyyatlarla ticarətlərində əhəmiyyətli ticarət profisiti var. Bu iki ölkəyə baxanda işçi siniflərinin iqtisadi istismara məruz qaldığı açıq görünür. Çində rəqəmlər narahatedicidir: istehlak ÜDM-in yarısından aşağıdır, işçi sinifinin sosial dövlətə çıxışı çox azdır. Çindəki işçilərin maaşları çox aşağı olduğundan onlar maaşlarından qənaət edə bilmirlər və qənaət etsələr belə, faiz dərəcələri çox aşağıdır, beləliklə Çində işçi sinfinin gəlirləri və sərvətləri istismar edilir. Almaniyaya baxanda da oxşar vəziyyətlə qarşılaşırıq, lakin əhəmiyyətli fərq budur ki, Çində investisiyalar olduqca yüksək olduğu halda Almaniyada bu çox azdır; Alman şirkətləri daha az sərmayə qoyurlar. Almaniya ixracat sektorunu daha rəqabətli etmək üçün daxili devalvasiyalara arxalanır, beləliklə daha aşağı əmək haqqı işçi siniflərinin boynuna yüklənir. Ümumiyyətlə, Almaniyada ümumi tələb ölkədən xaricdə, yəni Yunanıstan, İspaniya və İrlandiya kimi Avrozonanın digər hissəsində yaradılan kredit köpüklərinə əsaslanır. Buna görə də problem mütləq şəkildə xalqların bir-birinə qarşı çıxması ilə əlaqəli deyil; daha çox hər ölkə daxilində sinfi müharibə ilə əlaqədardır. Bu sinif müharibəsini anlamaq üçün balanssız ticarət və balanssız maliyyə axınları arasında balanssız bir tarazlığı təmin edən və qoruyan beynəlxalq maliyyə axınları kontekstində baxmalıyıq. Bu toqquşma və balanssızlıqları tam olaraq anlamaq iqtisadiyyat, maliyyə və siyasəti başa düşmək üçün çox vacibdir. Əslində, hazırda böyüyən balanssızlığı tarazlıqla birləşdirən ziddiyyətli bir maliyyələşmiş kapitalizm sistemində yaşayırıq. Bu balanssızlıqlar maliyyələşdirmə yolu ilə yaradılıb.

2008-ci ildə maliyyə sektoru çökdükdə dünya təminatlı borc və digər mürəkkəb maliyyə alətləri vasitəsi ilə hazırlanan nəhəng özəl pulları saxlamaq və davam etdirmək üçün kifayət qədər böyük olmadığını tamamilə başa düşürdü. Dünya maliyyə sisteminin bu əhəmiyyətli çöküşündən sonra Federal Ehtiyat Bankı və digər mərkəzi banklar maliyyə sistemini yenidən inkişaf etdirməyə başladılar; bunu maliyyə elitaları üçün sosializm adlandıra bilərik. Lazım olan istənilən sərvətin insanlardan maliyyə elitasına, real iqtisadiyyatdan maliyyə sektoruna köçürülməsini təmin etmək üçün bu addımlar atıldı. Metaforla desək, maliyyə sənayesi maliyyə böhranından əziyyət çəkən xəstə idi və xəstəyə təyin olunan müalicə isə sistemə likvidlik vurmaq idi. Nəhayət, maliyyə sistemi işə başladı; maliyyə bazarları o vaxtdan bəri yaxşı fəaliyyət göstərir. Həmin yardımlar fiskal qənaətə əsaslanaraq edilmişdi. Fiskal qənaət əsas iki şeyi kiçildir: investisiya və insanların alıcılıq qabiliyyəti. İnvestisiya çatışmazlığı və çoxluğun istehlakının azalması səbəbindən çoxlarına fiskal qənaət siyasəti tətbiq edirsinizsə və məcmu tələb azalıbsa, sistemi dəstəkləməyin yeganə yolu ona daha çox likvidlik vurmağa davam etməkdir. Sistem dirildiləndən sonra artıq qalan likvidlik harasa yönəldilməli idi, amma hara?

Maliyyəçilər qlobal mərkəzi banklardan əldə etdiyi hədsiz pulları çox aşağı, bəzənsə sıfır səviyyəli dərəcələrlə alır; sonra bu əlavə likvidliyi götürüb borc verirlər, çünki maliyyəçinin ən qorxunc kabusu əlavə likvidliyi başqasına ötürə bilməməkdir. Aydındır ki, bu vəziyyətdə maliyyəçilər bu pulu orta istehlakçıya və ya müəssisəyə borc verməyəcəklər, çünki sonuncuların gəlirləri fiskal qənaət siyasətinə görə azalır; beləliklə, defolt qorxusu artır. Buna görə də maliyyəçilər bu pulları BMW kimi böyük şirkətlərə borc verirlər; bəs BMW kimi iri şirkətlərin icraçı direktorları bu ucuz pulla nə edirlər? Yeni iş yerləri, maşınlar və infrastruktur yaratmağa investisiya qoyurlar? Yox. BMW kimi korporasiyalar görürlər ki, ümumi əhali fiskal qənaət ucbatından nəqliyyat vasitələrini bu cür şirkətlər üçün sərfəli qiymətlərlə ala bilmir. Buna görə də şirkətlər daha asan iş tutur, ucuz krediti maliyyə bazarlarına yönləndirirlər və öz səhmlərini geri alırlar, nəticədə səhmlərin qiymətləri artır. Bonusları səhmlərin qiymətlərindən asılı olduğu üçün ucuz maliyyəyə çıxışı olan icraçı direktorlar və idarə heyəti bu vəziyyətdən çox yaxşı çıxırlar. Maliyyə bazarları sürətlə inkişaf edir, həqiqi iqtisadiyyat isə olduqca pisləşir. Nəticə çoxsaylı əmanətlərlə likvidlik və sabitlənmiş kapitaldakı aşağı investisiya səviyyələri arasında əlaqə yaradan kapitalist sistemdir. Sonradan qlobal iqtisadiyyat deflyasiya qüvvələri ilə qarışan mənfi gəlirli ərazidə trilyonlarla dollar borcla qarşılaşdı; bu cür diabolik iqtisadi şərtlərin nəticəsi dünya miqyasında sağçı siyasətin yüksələn nüfuzudur.

Müasir kapitalizm niyə uğursuz oldu?

Kapitalizm anlayışı dramatik şəkildə dəyişdi, Adam Smitin qəssab, çörəkçi və pivə istehsalçısının kapitalizmi haqqında fikri Ford, General ElectricApple kimi çoxmillətli şirkətlər və konglomeratlarla əvəz olundu. Sonradan, rəqabətli bazardan inhisar bazarı olan qlobal iqtisadiyyata keçdik. Bu nəhəng qurumların fəaliyyət göstərməsi üçün onları maliyyələşdirməyə böyük miqdarda kapital tələb olunur. Neoliberal dövrün başlanğıcından bəri ticarət banklarının investisiya bankları ilə birləşərək nəhəng bank qurumları yaratdıqlarını gördük. Lakin kommersiya banklarından fərqli olaraq, investisiya bankları bacarıq və maddi işlərə investisiya qoymurlar; bunun əvəzinə, mürəkkəb maliyyə alətləri yaradaraq maliyyə mühəndisliyi ilə məşğul olurlar. Bəs bu mürəkkəb maliyyə alətləri kimlər üçündür, küçədəki orta statistik bir adam üçün? Tam olaraq yox, onlar adətən pensiya fondları kimi kütləvi institusional investorlar üçün yaradılır; pensiya töhfəsi verən işçilərin məcmu gücündən istifadə edilərək borc alınır. Təqaüd fondları bu cür borcları aldıqda, bir çox spekulyantlar bu kompleks alətlərin dəyərinin artıb-artmadığına dair mərcə girərək bazara daxil olurlar. İnvestisiya bankları bu cür mürəkkəb borc alətlərinin satışından böyük qazanc əldə edirlər; bu satışlardan əldə olunan mənfəət daha sonra səhm qiymətlərini artırmaq üçün bu maliyyə kapitalından istifadə edən şirkətlərə borc verilir. Buradakı problem odur ki, həqiqi əmək dünyası ilə maliyyə sektoru arasındakı əlaqəsizlik artır və nəticədə maliyyə sektorundakı bir neçə super fond dünyanın böyük hissəsinə sahib olur.

Maliyyə elitaları nə qədər varlı olsalar, davamlı olmayan pullar yaratmaq üçün bir o qədər çox stimulları olur. Belə bir sistemin təhlükəsi ondan ibarətdir ki, banklar bu proses nəticəsində istehsal olunan mal və xidmətlərin dəyərindən dəfələrlə çox pul yaradırlar. Bankirlər ortaya çıxan dəyərlərdən daha çox pul istehsal edir və bu, real iqtisadiyyatla maliyyə sektoru arasındakı əlaqəsizliyi daha da artırır. Maliyyə kapitalı nə qədər çox şirkətlərə emal edilirsə, səhmlər o qədər bahalaşır və beləliklə investisiya banklarının daima böyüyən mürəkkəb borc alətlərini satmaq üçün daha çox müştərisi olur. Nəticə bankların və şirkətlərin nəhəng qurumlara çevrildiyi bir iqtisadiyyatdır; yenə də maliyyə elitası üçün sosializm, əksəriyyət üçün qeyri-sabit və tənzimlənməmiş bazarlar. Belə dəyişkən və qeyri-sabit bir sistemin nəticələri işlər yaxşı getdikdə maliyyə elitası üçün böyük qazanclardır. Lakin, spekulyativ köpük partladıqda, cəmiyyət maliyyə sektorunu xilas etməli olur. Sistem dağılır; məhdudiyyətsiz maliyyə axınları səbəbindən əsasən maliyyə cəhətdən hazırlanmış trilyonlarla dollar dəyərindəki borc indi mənfi faiz dərəcələrinə düşür. Bu məhdudiyyətsiz axınlar sonda partlayan köpüklərə səbəb olur; beləliklə, hər növbəti böhran daha da şiddətlənir və ortaq məxrəc həmişə eyni olur – məhdudiyyətsiz maliyyə axınları. COVID-19 böhranını daxil edin!

İki paradoks: COVID-19 böhranı gələcəyi necə formalaşdırır?

Kapitalizmin səmərəli işləməsi üçün real faiz dərəcəsi ilə uyğun gələn tarazlıq lazımdır ki, investisiya və əmanətlər arasında balans olsun. Sadə dillə desək, əmanətlər pul təklifini, investisiya tələbi isə pula olan tələbi təmsil edir (burada  pulun qiyməti faiz dərəcəsidir). İqtisadiyyatın tarazlığa çatması üçün əmanətlər və investisiyanı tarazlaşdıran faiz dərəcəsi olmalıdır. Hesab edək ki, əmanətlər iqtisadiyyata yatırılan investisiyanı üstələyir. Bu vəziyyətdə istehlakçıları daha çox qənaət etməyə təşviq edən deflyasiya qüvvələri meydana çıxacaq, bu da ümumi tələbə və fond bazarlarına mənfi təsir göstərir. 2008 ilə COVID-19 böhranı arasında əhəmiyyətli bir problem iqtisadiyyatları tarazlaşdırmaq üçün lazım olan real faiz nisbətinin olmamasıdır.

Nəticə etibarı ilə mənfi faiz dərəcələri və kəmiyyət asanlaşdırma proqramları geniş tətbiq edilir, bunun da bir çox iqtisadiyyatda ciddi əks-təsiri oldu. Əsas məqam ondan ibarətdir ki, faiz dərəcəsi əmanətləri və investisiyaları tarazlaşdırmaq üçün yetərli olmadı. Buna görə faiz dərəcələri sıfırın altına düşsə, pensiya fondları məhv olar; belə bir hal baş verərsə, maliyyə bazarlarının dalğalanma təsiri dağıdıcı olar. Bir çox iqtisadçı iddia edir ki, əmanətlərlə sərmayəni tarazlaşdırmaq üçün lazım olan faiz nisbəti mövcud olsaydı, əmanətlər sərmayəyə çevrilə və maliyyə böhranının qarşısı alına bilərdi.

Nəzərə alınmalı əsas məqam odur ki, 2008-ci ildə bank köpüyü yox, korporativ borc köpüyü partlayandı. Mərkəzi banklardan alınan ucuz kreditə əlçatanlıq şirkətləri hədsiz dərəcədə ucuz kredit almağa təşviq etdi. Bu növ əlçatanlıq şirkətlərin borclarını yeniləri ilə əvəzləməsinə, aşağı və hətta mənfi gəlirlilik səviyyələrinə dözməsinə imkan verir. Ucuz kredit firmalara səhmlərini geri almağa, səhmlərinin dəyərini artırmağa və mərkəzi bankların mətbəələri sayəsində bu proses ərzində sərvət qazanmağa imkan verir. Korporasiyalar üçün ucuz likvidliyin bolluğu maliyyə sektoru üzərində nəhəng bir köpük yaranmasına səbəb oldu. 2008 və 2020 arasındakı fərq odur ki, 2008-ci ildə köpük üzərində oturan bank sektoru idi, lakin bu köpük indi bütün korporativ sektora yayılıb. Hazırki COVID-19 böhranı bu problemi daha da artırdı; köpük nəhayət partladıqda, onun təsiri 2008-ci illə müqayisədə daha böyük olacaq. Maliyyə sektorunun mərkəzi banklar tərəfindən davamlı yenidən maliyyələşdirilməsi bütün korporativ sektoru dağıda biləcək bir likvidlik tufanı yaradacaq.

İkinci paradoks 2008-ci ildən bəri aktivlərin qiymətinin həddən artıq şişməsi; Böyük Tənəzzüldən bəri olan sağalma ən azı anemiya idi. COVID-19 pandemiyası tələb və təklifin kəskin azalması ilə nəticələndi, lakin maliyyə bazarları olduqca yaxşı fəaliyyət göstərir. Bu, necə mümkündür? Cavab ilk paradoksa verilən cavabdan elə də fərqlənmir: kəmiyyət asanlaşması yolu ilə maliyyə sektoruna çox miqdarda likvidlik vurulub. Əslində, aktiv qiymətlərini həddən artıq şişirtmiş maliyyə sektorunu yenidən inkişaf etdirmək üçün insanların pulundan istifadə olunur. Bu kimi hallar bir çox inkişaf etmiş ölkələrdə həmişə real iqtisadiyyatın və vətəndaşların hesabına həyata keçirilir. Kəmiyyət asanlaşması tədbirləri dövlət borcunu artırır və tez-tez iş yerlərinin ixtisarına, bərabərsizliyə, yoxsulluğa və sosial mobillik şansının azalmasına səbəb olan fiskal qənaət tədbirlərinə gətirib çıxardır. Maliyyə sektoru ilə real iqtisadiyyat arasındakı əlaqəsizlik getdikcə artır və bu, cəmiyyətin hesabına baş verir. İş yerləri yaratmaq, kapitalın artırılması və bərabərsizliyin azaldılması üçün bu ədalətsiz kapitalizm formasını aradan qaldırmaq üçün nə etmək olar?

Yaşıl Yeni Xəttə investisiya kimi çox sayda yeni xəttlər və ya iqtisadi modellər var; bu cür investisiya əmanətləri sabit şəkildə investisiya qoyuluşuna yönəldəcək, bu isə keyfiyyətli iş yerləri yarada və cəmiyyətin arzuladığı davamlı iqtisadi mühiti təmin edə bilər. Lakin ABŞ stilində Yeni Xətt tətbiq etmək aktiv qiymətlərini digər qiymətlərlə müqayisədə azaldacaq, çünki maliyyə bazarlarında davamlı dəyişkənlik yolu ilə aktivlərin qiyməti süni olaraq aşağı səviyyədə saxlanılır. Bir çox müasir şirkət təkcə ucuz kreditə əlçatanlıq sayəsində sağ qala bilir, yəni götürdükləri kreditləri az hallarda ödəyirlər. Ucuz mərkəzi bank kreditinin davamlı mövcudluğu şirkətlərə yüksək aktiv qiymətlərini qorumağa imkan verir; bu yüksək aktiv qiymətləri şirkətlərin girov dəyərini qoruya bilməsi üçün vacibdir. Beləliklə, həddindən artıq kredit axınının korporativ sektora daima yönləndirilməsinə imkan verilir. Buna görə, aktiv qiymətlərin şişirdilmədiyi hallarda vəziyyət ürəkaçan görünmür. Yüksək keyfiyyətli iş yerləri və davamlı mühit həddən artıq şişirdilmiş korporativ sektor hesabına unudulacaq. Digər tərəfdən, aktiv qiymətləri şişirdilərsə, şirkətlər çökəcək; beləliklə, bu iki paradoks qloballaşan kapitalizmə ziddir. Bəs neoliberal kapitalizmdən sonra nə gəlir?

Post neoliberal sistem nəyə oxşayır?

Xüsusən Avropada mövcud kapitalizm sistemi maliyyə qurumlarının, maliyyə bazarlarının və maliyyə motivlərinin rolunun görünməmiş dərəcələrdə artdığı bir sistemdir. Bu cür iqtisadiyyatların maliyyələşdirilməsi bir çox inkişaf etmiş ölkələrdə kütləvi işsizliyə səbəb olan struktur dəyişikliklərilə nəticələndi. İnkişaf etmiş bir çox ölkədə maliyyə sektorunun real iqtisadiyyata nisbətən miqyası və əhatə dairəsi kəskin artdı. Birləşmiş Krallıq kimi bir çox inkişaf etmiş dövlətin bank sektorunun balansları sənayesizləşdirilmiş sahələr hesabına xeyli yüksəldi. Bir çox inkişaf etmiş ölkədə maliyyə sektoruna olan diqqət məhsuldar iş yerlərinin maliyyə sektorunun xeyrinə azalmasına səbəb oldu. Qlobal iqtisadiyyatda maliyyəni uzun müddətdə davamlı olacaq məhsuldar sahələrə yönəldə bilən sistemə ehtiyac var. Hazırda sistem uzunmüddətli davamlı iqtisadi inkişafdan daha çox qısa müddətli mənfəət əldə etməyə yönəlmiş spekulyativ davranışlara fokuslanıb. İqtisadiyyatın daha demokratikləşdiyi, daha demokratikləşmiş mülkiyyətə doğru irəlilədiyi sistemə – şirkətlərin işində işçilərin daha çox söz sahibi olduqları bir sistemə ehtiyac var. İşçilərin və istehlakçıların gücləndirilməsi məhsuldarlığı və sərmayəni artırmağa kömək edə bilər.

Belə sistemdə əmək kapitalın önünə qoyularaq məqbul maaş verən məhsuldar və maddi işlər təmin ediləcək. Bu mühit həm də o deməkdir ki, işçilər idarə heyətinə seçilərək işçi direktor olacaq və səhmdarlarla birgə otura biləcəklər. Belə bir sistem işçilərin öz şirkətlərinin işində etibarlı məlumat sahibi olmasına və işçi qüvvəsini təmsil etməsinə imkan verərək şirkətlərin demokratikləşməsinə kömək edəcək. İşçilərin şirkətdə maraqlarının olmasına imkan vermək onları həvəsləndirəcək və məhsuldarlığı artıracaq. Əlavə olaraq, işçiləri və istehlakçıları eyni şəkildə təmsil edən idarə heyəti şirkətləri bütün maraqlı tərəflər qarşısında hesabatlı olacaq. Belə bir sistem şirkətləri uzunmüddətli düşünməyə və sərmayə qoymağa təşviq edə bilər və beləliklə iqtisadiyyatı uzun müddətə inkişaf etdirə bilər. Daha hesabatlı idarə heyətləri adətən işçilərin vəziyyətini pisləşdirən qısamüddətli mənfəətdənsə, şirkətlərin uzunmüddətli strategiyaya yönəlməsinə səbəb ola bilər. İşçilərin idarə heyətlərində təmsil olunduğu bu cür demokratik korporasiya modelləri Almaniya və İsveçdə mövcuddur; daha məhsuldar və davamlı mühit yaratmaq üçün bu şirkətləşmə modeli daha çox yerdə həyata keçirilməlidir.

Digər bir vacib sahə əmək haqqı üçün kollektiv müqavilədir; əksər Avropa Birliyi ölkələrində, ümumi AB işçilərinin təxmini 60%-i üçün bu təmin edilib. Lakin neoliberal ideologiyanın qurucularından biri olan Birləşmiş Krallıqda kollektiv müqavilə səviyyəsi son dərəcə aşağıdır: təxminən 28%. Və daha da narahatlıq doğuran məsələ budur ki, dünya ölkələrinin 75% -dən çoxu bəzi və ya bütün kollektiv müqavilələri qadağan edir. Məhdudlaşdırılmayan və tənzimlənməmiş maliyyə kapital axınları artdığı halda işçilərin hüquqlarının azaldılması onların istismarına səbəb oldu. Bu, tez-tez sosiallaşma ilə nəticələnən borc köpüklərinin yaranmasına gətirib çıxarır, nəticədə cəmiyyətdəki bərabərsizlik səviyyəsini artırıb həyat səviyyəsini azaldır. Mövcud maliyyələşdirmə sistemi işləmir və sual budur ki, öz dövrünü başa vurandan sonra onu nə əvəz edəcək? Daha demokratik iqtisadiyyata keçəcəyik, yoxsa davamlı distopiya vəziyyətinə düşəcəyik?

Paylaş
FacebookTwitter

Facebook Comment

abunə olun

BRI yerli və beynəlxalq auditoriyaya Azərbaycanla bağlı təhlil, rəy və araşdırmalar təqdim etmək məqsədi daşıyan müstəqil ekspertlər tərəfindən yaradılmış beyin mərkəzidir.

bg
For the full operation of the site you need to enable JavaScript in your browser settings.