fbpx

TƏRCÜMƏ

TƏRCÜMƏ

Əli bəy Hüseynzadənin Əli Mərdan bəy Topçubaşova məktubu

Read this article on other language
Download article
image_pdf
image_pdf

Bu, Əli bəy Hüseynzadənin Əli Mərdan bəy Topçubaşova 1920-ci ilin əvvəlində yazdığı məktubdur. Məktub rus dilində yazılmışdır və surəti Əli Mərdan bəyin Parisdəki arxivində çıxarılmışdır. Tərcümə və qeydlər Altay Göyüşovundur.

 

27 yanvar 1920, İstanbul

Əziz Əli-Mərdan bəy!

Dünən mənim üçün tamamilə gözlənilməz olaraq Qafqazdan qardaşım İsmayılın oğlu Bəhram Hüseynzadə gəlib, hansı ki, İtaliyadan keçərək[i], bir çox digərləri kimi yeni, azad Azərbaycan dövlətinin hesabına təhsilini davam etdirmək üçün Fransaya gedəcək. O, elektro-texnik olmaq istəyir. Sən, yaxud orada sənin doğru tapşırığınla əziz Rəşid[ii], əlbəttə ki, ona orada yerləşmək və rahatlanmaq üçün və ilk növbədə hansısa pansionda fransız dilini öyrənməsi üçün kömək edəcəksiniz. Mən əminəm ki, sən onun qeydinə öz oğlunun qeydinə qaldığın kimi qalacaqsan, ona görə də bu barədə əlavə nə isə deməyəcəm. Sadəcə yeri düşmüşkən, bu imkandan istifadə edərək sevimli yurd, vətən – şübhəsiz ki, öz azadlığı və müstəqilliyi üçün əsrlər boyu sənə minnətdar olacaq Azərbaycanın taleyinin həlli uğrunda uğurlu və yorulmaz fəaliyyətinə görə səni təbrik etmək istəyirəm!…

Bəli, əlbəttə ki, onun bütün gələcək tarixi, Azərbaycan türklərinin bütün gələcək nəsilləri Ə.M.Topçubaşovun vətənin istiqlalının elan olunmasında necə gözəl və şərəfli bir rol oynadığını heç vaxt unutmayacaqdır.

Sən təsəvvür edə bilərsən, burada hamı, o cümlədən mənim ailəmdəkilər bu böyük hadisə münasibətilə necə sevinirdilər: xanımım və baldızım[iii] məni sübh tezdən təbrikləri ilə yuxudan oyatdılar!

Bütün bunlara, həmçinin bizim ailə sevincini, qızımın anadan olmasını da (30 dekabr 1919) əlavə etmək istəyirəm. Biz onun adını Fatimə Feyzavər[iv] qoyduq. Feyzavər hərfən xoşbəxtlik gətirmiş deməkdir.

Şəxsən özümə gəlincə, artıq iki aydır ki, Bəkirağa Bölüyündən[v] çıxmışam və indi azadam. Lakonik olaraq, Yuli Sezarın, yaxud Firdovsinin tərzi[vi] ilə ifadə edəcəm: iki dəfə ora “daxil oldum, oturdum və çıxdım”!… Bununla demək istəyirəm ki, heç nə ilə mühakimə etmədilər, heç nədə ittiham etmədilər və heç vaxt heç nə soruşmadılar. Güman ki, nədə isə ittiham etmək istəyirdilər, fiaskoya uğradılar…

Hazırda Portuqaliya şairi Kamoesin Lusiadasının və italyan şair Tassonun Jérusalem délivréesinin təhlili ilə məşğulam və artıq bəzi şeyləri yazmışam, hansını ki, yaxın zamanlarda “Qərb Şah-namələrində türklər”[vii] başlığı altında çapa verməyi fikirləşirəm. Müxtəlif boş söhbətlərlə zəhləni tökmək istəmirəm. Bəhram sənə lazım olan məlumatları verəcək: Qafqazda səninkilər hamısı sağ-salamatdırlar, yalnız Səfvət[viii] burada, özün də ehtimal edə bilərsən ki, bir balaca çətin vəziyyətdədir (pul məsələsini nəzərdə tuturam). Əhməd[ix] tez-tez öz ailəsinə Maltadan yazır. Onun azadlığa buraxılması üçün lazım olan adamlar qarşısında məsələ qaldıraraq kömək etmək olarmı?  Axı o yazıq heç bir şeydə günahı olmaya-olmaya müxtəlif intriqaların qurbanıdır.

Yoldaşım və bütün ailəm sənin qarşında baş əyir və övladlarım Səidə və Mehmet Rəşidin əllərini öpürlər və onun haqqında danışmaqdan usanmırlar və səni də məhz Rəşidin atası kimi yad edirlər, “Rəşidin babası amca”[x].  Sağ ol Əli Mərdan bəy, bütün dostlara təzimlərimi çatdır!

Əli bəy Hüseynzadə

Göndərdiyin “Revue du Monde Musulman” kitabına[xi]  görə çox sağ ol. Bəzi məqalələrə, “La Premiere Republique Musulman”[xii] və bəzi digərlərinə baxdım.

 

Qeydlər:

[i] Ifadəni Əli bəy fransızca “via Italia” yazıb.

[ii] Əli Mərdan bəyin oğlu Rəşid nəzərdə tutulur.

[iii] Əli bəy burada fransızca belle soeur ifadəsindən istifadə edir.

[iv] Əli bəy adın əski əlifba ilə transkripsiyasını da əlavə edir.

[v] Osmanlı dönəmində İstanbulda həbsxana binası olmuşdur. Cümhuriyyət dönəmində bir müddət İstanbul Tibb Fakültəsinin binası kimi istifadə edilmişdir. 1950-ci ildə sökülmüşdür.

[vi] Əli bəy fransızca a la maniere ifadəsini işlədir.

[vii] Bunu Əli bəy əski əlifba ilə türk dilində yazıb.

[viii] Burada Əli bəy, güman ki, H.Zərdabinin oğlu, Ə.M. Topçubaşovun qaynı Səfvət bəy Məlikzadəni nəzərdə tutur.

[ix] O vaxt Maltada həbsdə olan Əhməd bəy Ağayev nəzərdə tutulur.

[x] Dırnaq arasında olanı da Əli bəy əski əlifba ilə türkcə yazıb.

[xi] “Revue du Monde Musulman” Fransada 1906-1926-cı illərdə çıxan jurnaldır.

[xii] “İlk müsəlman respublikası”

Paylaş
FacebookTwitter

Facebook Comment

abunə olun

BRI yerli və beynəlxalq auditoriyaya Azərbaycanla bağlı təhlil, rəy və araşdırmalar təqdim etmək məqsədi daşıyan müstəqil ekspertlər tərəfindən yaradılmış beyin mərkəzidir.

bg
For the full operation of the site you need to enable JavaScript in your browser settings.