fbpx

Cəmiyyət

Cəmiyyət

İntellektuallar, Milliyyətçilik və Siyasət

Read this article on other language
Download article
image_pdf
image_pdf

Bu gün intellektuallar bu və ya digər şəkildə siyasətdə iştirak edirlər. Onlar ya birbaşa siyasi mübarizəyə qoşulurlar, ya da hansısa siyasi qrupa açıq şəkildə dəstəklərini bildirməklə və ya məsələlərə ümumi baxışlarını açıqlamaqla cəmiyyətdəki siyasi müzakirələrə az və ya çox təsir etmiş, yön vermiş olurlar. Burada məsələ bir tərəfdən onların bunun üçün istəkli olmaqlarıdırsa, o biri tərəfdən də cəmiyyətin onlardan hər hansı bir şəkildə münasibət və ya mövqe gözləməyindədir.

İntellektual deyəndə bu yazıda cəmiyyətin və/və ya dünyanın problemləri barəsində düşünən, tədqiqat aparan və münasibət formalaşdıran insanlar nəzərdə tutulur. İntellektuallar biliyin ictimai formalaşmasında iştirak edirlər. İctimai bilik formalaşması prosesində olduqları üçün intellektuallar və siyasət arasındakı əlaqənin olmaması qeyri-mümkündür.

İntellektualların siyasətdə iştirakının mütləq müsbət bir nəticəyə töhfə verdiyini düşünmək həm çox sadəlövhlük olardı, həm də iyirminci əsrə haqsızlıq olardı. Çünki, iyirminci əsr intellektualların siyasətdə iştirakının birmənalı müsbət nəticəyə xidmət etmədiyini çox yaxşı xatırladır. Keçən əsrdən çıxaracağımız, bəlkə də, ən böyük dərs bu olmalıdır.

Amerikalı siyasət alimi Mark Lila Pərvazsız Ağıl: İntellektuallar Siyasətdə (2002) intellektualların siyasətdə iştirakının heç də hər zaman müsbət nəticələnmədiyini çox yaxşı bir şəkildə bizə təqdim edir. “Pərvazsız” sözü burada hərəkətlərinin mənfi nəticələrinin çox da qeydinə qalmayanlar mənasında nəzərdə tutulur. Mark Lilanın bu kitabına hədsiz sayda tənqidlər edilib. Əslində, bu kitab tənqidləri sayəsində məhşurlaşıb. Kitab iyirminci əsrin ən böyük ağıllarının (Martin Haydegger, Karl Şmit, Volter Benyamin, Alexandr Kojev, Mişel Fuko və Jak Derida) praktikaya qarışmaqlarından, keçən əsrin Avropasında onların necə həm sol, həm də sağda tiranlığa dəstək olmaqlarından danışır.

Kitabın sonunda, “Sirakuz Cazibəsi” (“The Lure of Syracuse”) kimi tərcümə edə biləcəyimiz hissədə Platonun Sirakuza filosof-kral Gənc Dionisiusu öyrətməyə getməsindən danışılır. O, Platonun bunu – yəni, kralın filosoflaşmasını siyasi islahatlara aparan yol nümunəsi kimi deyil, ehtiyatlı olmalı olduğumuz məsələ kimi qoyduğunu iddia edir. Kitabın ən önəmli məqamını, yəni kitabda haqlarında bəhs etdiyi intellektualların tiranlığa xidmət etməklərinin (onları “filotiranlar” adlandırır) səbəbini “eros”da, yəni onların “istək gücü”ndə, ehtirasında görür. Filosofları həqiqət axtarışlarında tiranlığa xidmət etməyə yönəldən, siyasətçiləri isə əməli tiran edən, müəllifə görə, bu erosdur. Eros müsbəti istəyir, ancaq düşüncəsizcəsinə mənfiyə də xidmət edir.

Mark Lila filotiranlığı yuxarıda sadalanın filosofların tiranlığa xidmət etməsində görür. Halbuki, tiranlıq hakimiyyətdən kənar insanların, o cümlədən intellektualların düşüncəsində də ola bilər. Yəni, intellektuallar hansısa tiran hakimiyyətə ən azı birbaşa xidmət etmədən də tiranlığı düşüncələrində, ideyalarında yaşada və bu cür ideyaları cəmiyyətdə yaya bilərlər. Məhz hansısa konkret tiran hakimiyyətə deyil, ümumiyyətlə tiranlıq, yəni qəddarlıq və basqıya xidmət etmiş ola bilərlər. Nəticədə, daxili tiranlara çevrilə bilərlər. Bəs intellektualların pərvazsızlaşması necə baş verir?

Eros və ya başqa adla güclü ehtiras intellektualı böyük hekayə, böyük ideal axtarışına, siyasi lideri isə hakimiyyətin mütləqiyyətinə can atmağa sövq edir. Bu elə güclü ehtirasdır ki, intellektualı yoldan azdırır, onu daxili tirana çevirir. Erosun təsiri altında həqiqət ilə böyük hekayədə buluşmağa doğru gedən intellektualın daxili tiranlaşması, zənnimcə, iki mərhələdən keçir.

Birinci mərhələdə, o, siyasətin məhşur “mümkün olan sənəti” anlayışını qəbul edir. Yəni, “Nə haqqlıdır?”, “Nə doğrudur?” sualları əvəzinə “Nə mümkündür?” və ya “Ən yaxşısı nədir?” suallarını verir. Bunu qəbul etməyə eros, “istək gücü”, güclü ehtiras səbəb olur. Yəni, bu gün mümkün ola biləni axtarır. “Nə doğrudur”dan “nə mümkündür”ə keçid tədrici baş verir. Bu prosesin sonun gəldikdə ikinci mərhələ başlayır.

İkinci mərhələdə intellectual ümumbəşərilikdən iki səbəbə görə əl çəkir. Birincisi ona görə ki, siyasətin “mümkün olan sənəti” anlayışını qəbul etməklə ümumbəşəriliyin tərk edilməsinə yol açılır. Çünki bu günkü dünyada ümumbəşəri “böyük hekayə” qurmaq, bu uğurda universal həmrəylik yaratmaq çox çətin, qeyri mümkün görünür. İkincisi ona görə ki, ümumbəşərilikdə tiranlıq özünü itirir. Eros insanı ümumbəşərilikdən həmişə uzaqlaşdırır. Böyük ideal, böyük hekayə hamının ola bilməz. Hamının olduğu halda o ideal, o hekayə “böyük” olmur. Ona görə də daxilən tiranlaşmaqda, yəni böyük ideal-hekayə axtarmaqda olan bir intellektual insanlar arasında ümumbəşəri həmrəylikdən başqa, daha aşağı səviyyədə həmrəylik axtarmalı olur.

Beləliklə də, başqa sözlə desək, intellektual siyasətə giriş edərkən iki transformasiyadan keçir, siyasətin “mümkün olan sənəti” anlayışını qəbul edir və ümumbəşərilikdən əl çəkir.  Bütün insanlığı və bütün insanlıq üçün düşünməkdən əl çəkən, praktikaya siyasətin “mümkün olan sənəti” anlayışı ilə daxil olan intellektualın milliyyətçiliyə yuvarlanmasına, beləliklə də, yol açılır.

Ümumbəşəriliyi itirmiş intellektualın böyük hekayəsi üçün həmrəyliyi tapdığı yerlərdən biri də milli sərhədlər və ya etnik məsubiyyət daxilindədir. Milli sərhədlər və ya etnik mənsubiyyət daxilində həmrəylik daha gerçək görünür, bu da erosun yüksəlişini daha çox ümidlə yemləyir. Nə qədər çox yemləyirsə, bir o qədər də çox daxili tirana çevrilir. Bu sözsüz ki, ən ideal, uc haldır. Ancaq real həyatda bu və ya başqa şəkildə siyasətə daxil olan intellektualların fərqli dərəcədə bunu yaşayırlar, yəni fərqli dərəcədə pərvazsızlaşır.

Əslində, bəlkə, məsələni bir az daha fərqli də qoymaq olar. Tiranlıq və ümumbəşərilik. Tiranlıq ümumbəşəriliyin olmadığı halda meydana çıxır. Ümumbəşəriliyi mənimsəyə bilməyən hər bir insanın daxilində tiranlıq var. Daha dəqiq desək, hər kəs nə qədərsə ümumbəşəri, nə qədərsə də tirandır. İntellektuallar sadə fərdlərin daxilindəki bu tiranlığı ictimai sferaya daşıyır. Bu gün bunun özünü ifadə etməsinin bir halı da milliyyətçilikdir. Milliyyətçilik tiranlığın ictimai şüurda ifadəsinin bir növüdür, pərvazsız ağılın məhsuludur. Qısası, intellektualların siyasətdə iştirakı heç də birmənalı müsbət nəticəyə xidmət etmir.

Erosun təsiri ilə daxili tirana çevrilmiş ilk müasir növ intellektual Jan Jak Russo olmuşdur. Məlumdur ki, Fransız inqilabı dönəmində “ortaq fayda” üçün terror əsdirən Ropespyer Russonun “volonté générale”, yəni “ümumi iradə”sindən bəhrələnmişdir. On doqquzuncu əsr siyasi baxımdan nisbətən sakit keçir və biz intellektualların siyasətdə daxili tiranlaşmasının böyük nümunələrini görmürük.

Yalnız, iyirminci əsrin əvvəllərində Bolşevik hərəkatındakı Lenin və Trotski kimi intellektuallar ilə yenidən siyasətdə daxilən tiranlaşan intellektualları görürük. Bunlar o intellektuallardır ki, 1917-ci il Bolşevik inqilabından sonra “Qırmızı Terror” kampaniyası aparmışdır. Onlar həm sonra iyirminci əsrdə görəcəyimiz tiran hakimiyyətlərə xidmət edən intellektuallar kimi “daxilən tiran”lara çevrilmiş, həm də iyirminci əsrdə sonra görəcəklərimizdən fərqli olaraq hakimiyyət sahibi siyasi tiran kimi öz rəqiblərini, ideologiya düşmənlərini məhv etmişlər.

On doqquzuncu əsrin sonu-iyirminci əsrin əvvəllərində Osmanlıdakı intellektualların milliyyətçi-pan-Türkist hərəkatda iştirakını görürük. Ümumiyyətlə isə, iyirminci əsrdə müstəqillik qazanmış xalqların hamısında müstəqillik hərəkatında milliyyətçi intellektualların öndə olduqlarını görürük. Ancaq, bəlkə də, bu bir az fərqli kateqoriyadır və bəlkə də, onları fərqli bir nəzəri çərçivədə dəyərləndirmək lazımdır. Mark Lilanın kitabında topladığı altı nəfər isə (Martin Haydeger, Karl Şmit, Volter Benyamin, Alexandr Kojev, Mişel Fuko və Jak Derida) iyirminci əsrdə daxilən tiranlaşmış, tiran rejimlərə xidmət etmiş ən böyük ağıllardır.

Onların arasında bu baxımdan xüsusilə diqqət çəkən Martin Haydegerdir. Onun həyatına qısaca nəzər salmaq yerinə düşərdi. Hitler 30 yanvar 1933-cü ildə Almaniyanın kansleri olur, 21 apreldə isə Haydeger Frayburq universitetinin rektoru seçilir və 1 mayda Nasist partiyasına üzv olur. Bu o zaman baş verir ki, həmkarı və dostu professor Edmund Husserl yəhudi əsilli olduğuna görə universitetdən və sonra da ümumiyyətlə, akademiyadan atılır. Hanna Arendt isə Haydegeri Husserlin ölümünə səbəb olmaqda günahlandırır (sonradan bu fikrindən daşınır və ömür boyu Haydegeri təmizə çıxarmağa çalışır). Haydeger özü isə sonralar bir əsərində Husserlin yəhudi olduğu üçün fəlsəfəsinin heç bir zaman zirvə nöqtəsinə çata bilməyəcəyinə ehyam vurur.

Ancaq çox da qəbul edilmədiyinə görə Haydegerin rektorluğu çox uzun sürmür və bir il sonra istefa verir. Lakin, yenə də Nasist partiya üzvlüyünə davam edir. Ölümündən sonra dərc edilməsi şərti ilə 1966-cı ildə Der Spiegel jurnalına müsahibə verir. 1976-cı ildə çap olunan bu müsahibədə iki arqument gətirir. Birincisi, partiyaya üzv olmaqdan başqa seçim yox idi və bununla universiteti siyasiləşməkdən xilas etməyə çalışdığını deyir. İkincisi isə, o zaman həqiqətən də, yeni bir “milli və sosal yanaşma” tapmağa kömək edəcək bir “oyanış” və ya “sıçrayış” (“aufbruch”) gördüyünü, sonralar isə fikrini dəyişdiyini deyir. (Onun həyatı barəsində daha ətraflı: Hans Sluga, 1993. Heidegger’s Crisis: Philosophy and Politics in Nazi Germany. Cambridge, Massachusetts, & London: Harvard University Press).

“Mussolinin intellektualları. Faşist Sosial və Siyasi Düşüncə” kitabında Antoni Ceyms Qreqor Mussolini dövründə faşist rejimə xidmət etmiş intellektuallardan və onların düşüncələrindən bəhs edir. Haydegerdən fərqli olaraq bu intellektuallar həm də öz nəzəri işləri ilə faşizm ideologiyasının möhkəmlənməsinə xidmət etmişlər və bəziləri də müharibədən sonra fəlsəfələrini dəyişiməklə fəaliyyətlərinə davam etmişlər.

Yazının başlığında qeyd olunan fikri bir daha təkrarlamaq istəyirəm. İyirminci əsrdən çıxarmalı olduğumuz ən vacib dərslərdən biri intellektualların siyasətdə iştirakı ilə bağlıdır. Biz iyirminci əsrdə bir çox intellektualların ya birbaşa siyasi tiranlığa, ya da daxilən tiranlaşaraq ictimai fikirdə tiranlığa xidmət etdiyini görürük. Çıxaracağımız bir dərs odur ki, intellektualların siyasətdə iştirakını birmənalı müsbət nəticəyə xidmət edirmiş kimi qəbul etməməli, onların siyasətdəki iştirakına ehtiyatla və tənqidi yanaşmalıyıq.

Ancaq bu o demək deyil ki, biz intellektualları siyasətdən kənar tutmağa çalışmalıyıq. İctimai bilik formalaşdıran aktorları kimi onları siyasətdən uzaqlaşdırma heç mümkün də deyil. Hətta siyasi tiranların belə intellektualların siyasətdə iştirakına ehtiyacı vardır. Bu o da demək deyil ki, bütün intellektualların siyasətdə iştirakı (yazının başlığında qeyd edildiyi kimi müxtəlif şəkildə ola bilər) mənfi nəticələrə xidmət edir. İyirminci əsrdən çıxaracağımız bir dərs də odur ki, erosun təsiri altından daxili tiranlaşmanın, yəni böyük hekayələrin, böyük idealların təhlükəsinin fərqinə varmalıyıq.

Milliyyətçilik bu cür böyük hekayə, böyük ideallardan biridir. Ümumbəşərilikdən uzaqlaşdığı üçün geniş fəlsəfi mənada içində tiranlıq daşıyır. Tiranlaşmanın ictimai fikirdə ifadəsinin sadəcə bir növü olduğu halda milliyyətçiliyi bu yazıda xüsusilə vurğulamağımın səbəbi odur ki, milliyyətçilik bugün bütün dünyada və Azərbaycan cəmiyyətində real təhdidlər sırasındadır. Onu iki cür təhdid kimi başa düşmək olar. Birincisi, ümumbəşəriliyə təhdiddir. İkincisi isə, hər “böyük hekayə”, hər “böyük ideal” kimi dağıdıcı güc daşıyır. Bütün dünyada hər zaman olduğu kimi indi bizdə də intellektualların milliyyətçi meylini görmək mümkündür. Təəccübli deyil ki, bu meyl Mark Lilanın iyirminci əsrdən verdiyi nümunələrdə gördüyümüz kimi ən parlaq beyinlərdə ola bilər. Çünki, onların beyinlərini parlaqlığa aparan eros, həm də eyni zamanda tiranlığa apara bilər. Qədim Yunanıstanda düşünüldüyü kimi eros müsbətə xidmət edir, ancaq düşüncəsizcəsinə mənfiyə də xidmət edir.

Paylaş
FacebookTwitter

Facebook Comment

abunə olun

BRI yerli və beynəlxalq auditoriyaya Azərbaycanla bağlı təhlil, rəy və araşdırmalar təqdim etmək məqsədi daşıyan müstəqil ekspertlər tərəfindən yaradılmış beyin mərkəzidir.

bg
For the full operation of the site you need to enable JavaScript in your browser settings.