fbpx

Cəmiyyət

Cəmiyyət

Azərbaycanda internet senzurası: giriş, istifadə və məhdudiyyət

Read this article on other language
Download article
image_pdf
image_pdf

Azərbaycanda internet ən azı ənənəvi mətbuat vasitələri kimi strateji əhəmiyyətə malikdir. İnternet istifadəsi son illərdə sürətlə artıb, belə ki, 2021-ci ildə artıq ümumi əhalinin təxminən 80%-i internet istifadəçisidir (Economist Intelligence Group 2020) və onların təxmini 42%-i sosial mediadan istifadə edir. Lakin ötən ildən bəri 600 mindən çox insan sosial mediaya qoşulub (DataReportal 2021). Bu 16%-lik artım əsasən COVID-19 böhranı və karantinlərlə bağlıdır, çünki daha çox insan internetdən istifadə vərdişlərini bu dövrdə dəyişməyə başladı. Ona görə də, hökumətin sürətlə artan bu məlumat mənbəyinə nəzarət etməkdə maraqlı olması təəccüblü deyil. Pandemiyanın başlanmasından bəri və 44 günlük müharibə dövründə bu cür nəzarətin başqa faydaları da oldu. Hökumət müəyyən hadisələrə arzuolunmaz diqqətin və panikanın yaranmaması məqsədilə sosial media və internetə çıxışa məhdudiyyətlər gətirdi.

Bu məqalə Azərbaycan hökumətinin istənilən tənqidi susdurmaq üçün interneti necə məhdudlaşdırdığına diqqət çəkməyi hədəfləyir. Problem iki tərəflidir. İnternet vətəndaşlar, jurnalistlər və həmçinin fəallar üçün həm bahalı, həm də bəzən əlçatmazdır. Eyni zamanda, onlayn fəaliyyətlərə görə insanların dövlət tərəfindən təqib olunması geniş yayıldığından insanların özlərinə senzura tətbiq etməsi adi hal alıb. Hökumətin mətbuat azadlığına təzyiqləri illər keçdikcə gücləndiyindən, xüsusilə də jurnalistlər daim təhdid altındadır. 

İnternetə çıxış

Dünyanın əksər yerlərində olduğu kimi, internet həm gənc, həm də yaşlı nəsillər üçün məlumat mənbəyinə çevrilib. Azərbaycan Cənubi Qafqazda internetə çıxış nisbətinin ən yüksək olduğu ölkədir, belə ki, evlərin 78%-dən çoxunun internetə çıxışı var. Eyni şey mobil internetə də aiddir. Mobil internet abunəçiləri son bir neçə ildə LTE (Long Term Evolution- uzunmüddətli təkamül) əhatə dairəsi yaxşılaşdıqca artdı. 2019-cu il göstəricisinə görə, Azercell LTE texnologiyası ölkənin 70%-dən çoxunu əhatə edir. Beynəlxalq Telekommunikasiya İttifaqında o vaxtkı Azərbaycan Respublikasının nümayəndəsi Ramin Quluzadənin sözlərinə görə, 2020-ci il üçün ölkə ərazisinin 97%-dən çoxu 3G, 90%-dən çoxu isə 4G texnologiyası ilə əhatə olunub. Ancaq bu bir qədər yüksək göstəricilər internetə bərabər çıxışın sübutu olaraq qəbul edilməməlidir. Reallıq budur ki, internetə çıxış bölgədən asılıdır və hətta paytaxtda da internet sürəti yavaş və qiymətlər yüksəkdir. Məsələn, internet idarəçiliyinin regional təşkilatı olan Azərbaycan İnternet Forumuna görə, 5 və 6 Mbit/s arasında dəyişən zəif internet çıxışı Azərbaycanda Gürcüstan və Rusiya ilə müqayisədə 20 dəfə bahadır.

2016-cı il Telekommunikasiya və İnformasiya Texnologiyalarının İnkişafına dair Strateji Yol Xəritəsi keçid və telekommunikasiya infrastrukturuna sərmayə qoyaraq, internetə çıxışı və istifadəni artırmağı hədəfləyirdi. Məqsədlərdən biri 2020-ci ilə qədər ortalama sabit genişzolaqlı internet sürətini 20 Mbit/s-ə çatdırmaq idi. Lakin Britaniyanın bir telekommunikasiya şirkətinin araşdırması göstərir ki, Azərbaycanda 2020-ci ildə orta yükləmə sürəti cəmi 4.89 Mbit/s olub, bu da Gürcüstanla müqayisədə iki dəfə azdır (Cable 2020).

İnternet provayderlərinin qiymət təyin etməsinə də məhdudiyyətlər gətirilib. Genişzolaqlı şəbəkə üçün bazarda 40 şirkət var, lakin evlərə olan bütün simli girişə nəzarəti AzerTelecom ilə Baktelecom edir. İnternet təmin etmək üçün heç bir xüsusi lisenziya tələb olunmasa da və əksər provayderlər özəl olsa da, bazara giriş qiyməti yüksəkdir. Şəxsi telekom provayderləri ümumi kommunikasiya infrastrukturundan istifadə etmək üçün yüksək tariflər ödəməlidir (Strategic Roadmap 2016). Bu şərtlər bazarda rəqabətin olmadığını göstərir.

Nəhayət, beynəlxalq bant genişliyi olduqca məhdud və yavaşdır. 2016-cı il etibarilə bazarı yalnız iki şirkət idarə edir: Delta Telecom MMC (90%) və AzerTelecom MMC (10%). Əlavə olaraq, ölkə dənizə çıxışı olmadığı, regional və qitələrarası fiber optik sualtı kabel sistemlərindən uzaq olduğu üçün beynəlxalq internet tutumu 2016-cı il göstəricilərinə görə, saniyədə 34 Kbit olaraq aşağıdır. Bu rəqəm Türkiyədə 68 və Gürcüstanda isə 92-dir (ADB 2020).

Bir neçə ildir ki, fiber internetlə bağlı müzakirələr aparılır. Əsas layihə Xəzər dənizinin altından Avropanı Asiyaya birləşdirən fiber kabel çəkməkdir. Birincisi AzerTelecom və Qazaxıstanın TranstelecomKazTransCom şirkətləri tərəfindən birgə çəkilir. Orijinal planda çəkilişin 2021-ci ilin sonunadək başa çatdırılması nəzərdə tutulurdu. Oxşar birgə layihə AzerTelecom və TurkmenTelecom arasında müzakirə olunur (Trend 2020). Azərbaycan Bakını Qlobal İnternet Xəritəsinə əlavə etməklə, bəzi beynəlxalq məzmun təminatçılarını cəlb edə və uzunmüddətli perspektivdə bu bazarda rəqabəti artıra bilər (TeleGeography Maps 2021). Lakin bu, fiber sürət problemini həll etməyəcək. Strateji yol xəritəsində qeyd edildiyi kimi, genişzolaqlı internetin orta sürətini artırmaqda əsas problem mövcud mis infrastrukturunu fiberlə əvəz etməkdir. Əksər genişzolaqlı kabellər misdən hazırlanıb, mis isə siqnal ötürmək üçün heç də ən səmərəli material deyil. Ancaq onu əvəz etmək çoxlu xərc tələb edir. Buna görə də, 2016-cı il Strateji Yol Xəritəsində mobil genişzolaqlı infrastruktura, xüsusən kənd yerlərində, üstünlük verildi, çünki bu metod daha asan və daha ucuzdur.

İnternet istifadəsi

Bölgələr arasında internetdən istifadə dərəcələri çox fərqlidir. Gözlənildiyi kimi, kənd yerləri mobil və ya sabit genişzolaqlı internetdən daha az istifadə edir. Bu bölgünün iki əsas səbəbi əhatə dairəsinin geniş olmaması və kənd yerlərində internet savadlılığının aşağı olmasıdır.

Bir sorğuda 40 Azərbaycan vətəndaşının yerli media mühiti haqqında fikirləri öyrənilib (Seyidov 2020). Bütün iştirakçıların internetə çıxışı var və müntəzəm olaraq sosial mediadan istifadə edirlər. Nəticələr göstərdi ki, iştirakçılardan 35-i əsas xəbər mənbəyi olaraq televiziyanı qeyd etsə də, 32-si özlərinin xəbər mənbəyi kimi sosial medianı qeyd etdi. Milli televiziyada xəbərlər şişirdilmiş hesab olunur, internet isə daha etibarlı məlumat mənbəyi kimi görülür. Bundan əlavə, iştirakçıların 20%-i televiziyada “şübhəli” hesab etdikləri xəbərlərini təsdiqləmək və ya təkzib etmək üçün sosial mediadan istifadə etdiklərini bildirdilər. Beləliklə, tədqiqat belə nəticəyə gəlir ki, internet və ya sosial media vasitəsi ilə verilən məlumatlar televiziya xəbərləri üçün təsdiqləyici və ya dəqiqləşdirici vasitə olaraq görülür.

Pandemiya dövründə internet bütün ölkədə təhsil üzrə əsas vasitəyə çevrildi. Lakin əksər kənd yerlərində internetə çıxış hələ də köhnə ADSL ilə mümkündür. Bu problemlə yanaşı kompüterlərin sayının azlığı və aşağı internet savadlılığı internetin ənənəvi, oflayn təhsil üçün etibarlı əvəzedici olmadığını göstərir (Xeberler 2021). Bundan əlavə, tələbənin etibarlı və daha yüksək sürətli internetə qoşulma imkanı olsa belə, tələbatın artması səbəbindən mövcud infrastruktur həddən artıq yüklənir. 2020-ci ilin aprel ayında internetin yavaş olması və şəbəkədəki fasilələr barədə ölkədə çoxsaylı xəbərlər sənayenin artan tələbata hazır olmadığını göstərdi.

İnternet məhdudiyyətləri və mətbuata olan təzyiqlər

11 noyabr 2020-ci il tarixində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi 27 sentyabrdan başlayaraq 44 günlük müharibə ərzində tətbiq olunan internetə giriş məhdudiyyətlərinin sona çatdığını elan etdi. Dünyada internet senzurası üzrə monitorinq aparan Open Observatory of Network Interference bildirir ki, 2020-ci ilin sentyabrından noyabr ayına qədər Azərbaycanda bir çox sosial media platformaları əlçatan deyildi (Azerbaijan Internet Watch 2021a). Eyni məhdudiyyətlər 2016-cı il aprel hadisələri zamanı da tətbiq edilmişdi. Bu cür məhdudiyyətlər müharibə şəraitində başa düşülən olsa da, internet üzərindəki digər məhdudiyyətlər heç də müharibə dövrü ilə məhdudlaşmır.

Rəqəmsal müşahidə və qısnama bütün dünyada avtoritar hökumətlər tərəfindən onlayn məkanda qorxu aşılamaq üçün istifadə edilir. Vətəndaşların müxalif mənbələrə çıxışını məhdudlaşdırmaq üçün illər ərzində bir neçə müstəqil onlayn xəbər saytı DDoS hücumuna məruz qalıb (Geybullayeva 2018). Dəlillər göstərir ki, Azərbaycan hökuməti külli miqdarda pul xərcləyərək müəyyən saytlara girişi məhdudlaşdırmaq üçün avadanlıq əldə edib (Qurium 2018). QuriumAzerbaijan Internet Watch 2020 və 2021-ci illərdə baş vermiş bir sıra onlayn fişinq hücumların Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə aid bir IP ünvanından edildiyini göstərə bilib. Bu fişinq elektron poçtların məqsədi jurnalistlərin kompüterlərinə casus və zərərli proqramlar quraşdırmaq idi. Zərərli proqramlar hakerin veb kameradan video qeyd etməsinə, Windows əmrlərini yerinə yetirməsinə və kompüterdən faylları çıxarmasına və yükləməsinə imkan yaradır (Azerbaijan Internet Watch 2021b).

Hökumət öz tənqidçilərini susdurmaq üçün mətbuatdan tez-tez istifadə edir. Bu xüsusiyyət xüsusilə COVID-19 böhranının ilk aylarında görünürdü. Böhranın bütün ölkələrdə geniş miqyaslı təsirləri olduğu üçün Prezident Əliyev 19 Mart 2020-ci il tarixli nitqində bəzi mətbuat nümayəndələrini “beşinci kolon” və  “içimizdə oturan düşmənlər” adlandıraraq, onları təxribatda günahlandırdı və vurğuladı ki, onların “təcrid edilməsi artıq tarixi zərurət olacaq” (Azərtag 2020).

O vaxtdan etibarən, bir neçə müxalif şəxs karantin qaydalarını pozmaq, hətta başqalarına hücum etmək kimi müxtəlif ittihamlarla həbs edildi. Məsələn, Kanal24 jurnalisti İbrahim Vəzirov 13 aprel 2020-ci il tarixində Şirvan şəhərində koronavirusun yaratdığı problemlər haqqında yazdıqdan sonra polis əməkdaşlarına itaətsizlik etməkdə günahlandırılaraq həbs edildi (OC-Media 2020). Milli Məclis qadağan edilmiş məlumatlar anlayışında da dəyişiklik etdi. Bölgədəki (məsələn, Rusiya) digər hadisələrdə olduğu kimi bu dəyişiklik də hökumətin istənilən şəxs üzərində daha çox gücə sahib olmasını təmin edir. Jurnalistlərin təhlükəsizliyinə qarşı edilən bu hərəkətlər Avropa Şurasında (AŞ) dəfələrlə qeyd edilib. AŞ platformasında mövcud olan məlumatlara görə, hazırda Azərbaycanla bağlı 41 aktiv xəbərdarlıq həll edilməmiş olaraq qalır. Bu işlərin çoxu jurnalistlərin və ya yerli müstəqil internet qəzetlərinin təsisçilərinin qanunsuz olaraq saxlanılması ilə bağlıdır.

Azərbaycan hökuməti vətəndaşının internetə çıxışına və istifadəsinə nəzarət etmək üçün bir çox vasitədən istifadə edir. Veb səhifəyə girişi məhdudlaşdırmağın iki əsas yolu var. Hər ikisi ölkə sərhədləri daxilində qanunidir. Hökumət ölkədə hamının hansısa veb səhifəyə girişini həmin səhifənin IP ünvanını blok edərək, DNS-ə (Domain Name System) müdaxilə edərək və ya proksi vasitəsilə veb səhifənin URL linkini blok edərək məhdudlaşdırır. Bu üsullar xarici serverdə yerləşdirilən və əlçatmaz olan saytlara məhdudiyyət gətirmək üçün xüsusilə faydalıdır. Bu hallarda veb səhifələr internetdən çıxarılmır, sadəcə onlara ölkə daxilindən giriş qadağan edilir. IP-si bloklanmış veb səhifəyə girməyin yeganə yolu VPN yükləməkdir. URL bloklamaq veb səhifələrin URL-lərinin və URL ünvanına daxil olan açar sözlərin müəyyənləşdirilməsinə yönəlmiş başqa bir üsuldur. Bu, əvvəlkindən daha mürəkkəb üsul hesab edilsə də, getdikcə daha çox populyarlaşır. Digər bir üsul bir veb səhifəni tamamilə silməkdir. İstənilən bir Azərbaycan domenli saytı silmək o qədər də böyük bir problem olmasa da, xarici domeni olan veb səhifələri silmək olduqca çətindir. Xaricdə istənilən veb səhifəni silmək cəhdi əksər ölkələrdə cinayət hesab edilir.

Məzmun məhdudiyyəti ümumilikdə geniş yayılmışdır, çünki Azərbaycan hökuməti özünə təhlükə hesab etdiyi istənilən məzmunu qadağan etdiyindən veb səhifələr senzuraya məruz qalır. İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında qanunun 13.3.6-cı maddəsinə dəyişiklik edildiyindən bəri Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi heç bir məhkəmə qərarı olmadan problemli hesab etdiyi veb səhifəyə girişi sərbəst və qanuni olaraq məhdudlaşdıra bilər (Azerbaijan Internet Watch 2020). Bu, hökumətin müəyyən açar sözlərin qeyd edildiyi istənilən veb səhifəni dərhal bloklamağına imkan verən təkmil üsullardan istifadə etməsini daha da asanlaşdırır.

Bütün bunlar onlayn mətbuat azadlığını təhdid edir, lakin məsələ bununla da bitmir, çünki digər vətəndaşlar da bu təqiblərin qurbanlarıdır. İnternet yerli polisin ciddiyə almadığı mövzulara diqqət çəkməyə kömək etməklə sosial ədalət üçün bir vasitə kimi çıxış edə bilsə də, istənilən bir vətəndaşı feysbukda bir postu bəyəndiyinə görə hədəfə də çevirə bilər. Məsələn, bir neçə feysbuk istifadəçisi Azərbaycandakı COVID-19 və karantin məhdudiyyətləri ilə bağlı yazılarına görə sorğu-sual məqsədilə polis bölməsinə gətirilib (JAMNews 2020). Bu cür xırda şeylərə görə həbs olunmaq qorxusu əhalidə aşılanır və insanların özlərini senzura etmələrinə səbəb olur.

Mənbələr

1. (2020) Azerbaijan: moving toward more diversified, resilient, and inclusive development. https://www.adb.org/sites/default/files/publication/624476/aze-diversified-resilient-inclusive-development.pdf
2. Azerbaijan Internet Watch. (2021a) Media censorship in Azerbaijan through the lens of network measurement – July 2021 report. https://www.az-netwatch.org/news/media-censorship-in-azerbaijan-through-the-lens-of-network-measurement-july-2021-report/
3. Azerbaijan Internet Watch. (2021b) New report documents a decade of censorship in Azerbaijan. https://www.az-netwatch.org/news/new-report-documents-a-decade-of-censorship-in-azerbaijan/
4. AzerCell. (2020) Azercell expanded the coverage of the LTE network to more than 85% of the country’s territory last year. https://www.azercell.com/en/about-us/press-releases/news/azercell-expanded-the-coverage-of-the-lte-network.html
5. (2020) Worldwide broadband speed league 2020. https://www.cable.co.uk/broadband/speed/worldwide-speed-league/
6. (2021) Digital 2021: Azerbaijan. https://datareportal.com/reports/digital-2021-azerbaijan
7. Economist Intelligence Group. (2021) “Azerbaijan: Availability: Usage: Internet users,” 2021 Inclusive Internet Index. https://theinclusiveinternet.eiu.com/explore/countries/performance/availability/usage/internet-users?highlighted=AZ
8. Geybullayeva, A. (2018) Match made in heaven: authoritarian states and digital surveillance; a case study from Azerbaijan. https://www.opentech.fund/news/match-made-heaven-authoritarian-states-and-digital-surveillance-case-study-azerbaijan/
9. TeleGeography Maps. (2021) Global Internet Map. https://global-internet-map-2021.telegeography.com
10. Strategic Roadmap. (2016) Strategic Roadmap for Telecommunication and Information Technology Development. https://monitoring.az/assets/upload/files/6683729684f8895c1668803607932190.pdf
11. (2020) Azerbaijanis called in for questioning over coronavirus posts on social media. https://jam-news.net/azerbaijanis-called-in-for-questioning-over-coronavirus-posts-on-social-media/
12. OC-Media. (2020) Azerbaijan arrests journalists for ‘violating quarantine’. https://oc-media.org/azerbaijan-arrests-journalists-for-violating-guarantine/
13. (2018) Corruption, censorship and a deep packet inspection vendor. https://www.qurium.org/alerts/azerbaijan/corruption_censorship_and_a_dpi_vendor/
14. Seyidov, I. (2020) “As quiet as a mouse”: Media use in Azerbaijan. Communications, vol. 45, no. s1, pp. 893-911.
15. (2020) TransCaspian Fiber Optic cables to turn Azerbaijan into digital center between Europe and Asia. https://en.trend.az/azerbaijan/business/3178558.html
16. (2021) İnternet problemi niyə həllini tapmır – Ekspertdən Açıqlama. https://xeberler.az/new/details/internet-problemi-niye-hellini-tapmir-ekspertden-aciqlama–26505.htm

Paylaş
FacebookTwitter

Facebook Comment

abunə olun

BRI yerli və beynəlxalq auditoriyaya Azərbaycanla bağlı təhlil, rəy və araşdırmalar təqdim etmək məqsədi daşıyan müstəqil ekspertlər tərəfindən yaradılmış beyin mərkəzidir.

bg
For the full operation of the site you need to enable JavaScript in your browser settings.