Mansur Olson (1932–1998) tanınmış amerikalı iqtisadçı və sosioloqdur. O, əsasən “kollektiv fəaliyyət problemi” yanaşması ilə məşhurlaşmış və bu istiqamətdəki tədqiqatları iqtisadiyyat və siyasi elmlərin inkişafına mühüm təsir göstərmişdir. Onun ölümündən sonra, 2000-ci ildə nəşr edilmiş son əsəri olan İqtidar və Firavanlıq (Power and Prosperity) kitabında müxtəlif idarəetmə formalarının — xüsusilə tiranlıq, anarxiya və demokratiyanın iqtisadi nəticələri müqayisəli şəkildə təhlil olunur. Aşağıda həmin kitabın birinci fəslinin ilk hissəsini təqdim edirik.
Bu gün, demək olar, bütün iqtisadçılar (və yəqin, digər sahələrdə çalışanların da əksəriyyəti) razılaşar ki, cəmiyyətlər o zaman daha çox inkişaf edir ki, ixtisaslaşma və ticarət (mübadilə) yolu ilə istehsal etmək və ictimai əməkdaşlıqdan yaranan faydanı əldə etmək üçün aydın stimullar mövcud olsun. Bir cəmiyyət ən yüksək mümkün gəlir səviyyəsinə çatmaq istəyirsə, bu stimullar təkcə aydın olmamalı, həm də firmaları və fərdləri sosial baxımdan səmərəli şəkildə qarşılıqlı fəaliyyətə təşviq etməlidir. Yəni bu stimullar tam rəqabətli bazarlardakı stimullara bənzəməlidir. Belə bazarlarda bazar ya çox böyükdür, ya da firmalar o qədər kiçikdir ki, heç bir firma qiymətə ciddi təsir göstərə və ya qiymət üzərində inhisar gücü əldə edə bilmir.
Əgər rifah üçün ən yaxşı şəraitdən ən pis şəraitə keçsək, yəqin ki, ümumi razılaşma belə olar: istehsal etməkdənsə, talan etməyin daha sərfəli olduğu (yəni istehsal və qarşılıqlı faydalı fəaliyyətlərdən əldə olunan qazancın talandan əldə olunan qazancdan daha az olduğu) cəmiyyətlər ən aşağı səviyyəyə düşür. Hobbsun təsvir etdiyi anarxiyada, yəni fərdlərin bir-birinin əlindən nəsə almaq üçün heç bir məhdudiyyətinin olmadığı mühitdə, yaxud kleptokratiyada, yəni iqtidarda olanların mövcud sərvətlərin böyük hissəsini özləri üçün ələ keçirdiyi sistemdə istehsal, yaxud da ixtisaslaşma və ticarət yolu ilə sosial əməkdaşlıqdan əldə edilən qazanc az olur.
Bəs cəmiyyətin bu iki ifrat nöqtə arasında harada yerləşəcəyini nə müəyyən edir? Bir tərəfdə elə bir vəziyyət var ki, hər bir firma və fərd cəmiyyətin ümumi rifahına uyğun davranmağa təşviq olunur. Digər tərəfdə isə talan investisiyanı, ixtisaslaşmanı və ticarəti sıradan çıxarır. Hansı şəraitdə istehsalı və sosial əməkdaşlığı təşviq edən stimullar yaranır? Hansı şəraitdə isə cəmiyyət yalnız dolanışıq səviyyəsində qalır? Bu suallara cavab tapmaq üçün iqtidarda olanların hansı stimullarla üzləşdiyini və onların bu iqtidarı necə əldə etdiyini anlamalıyıq. İqtidarda olanlar nə zaman öz güclərindən istehsalı və sosial əməkdaşlığı təşviq etmək üçün istifadədə maraqlı olurlar? Nə zaman isə onlar istehsal və ticarətdən yaranan qazancın böyük hissəsini özləri üçün götürürlər? Və nə üçün məhz bu insanlar iqtidarı ələ keçiriblər? Bu suallara cavab vermək üçün əvvəlcə iqtidarın məntiqini başa düşməliyik.
İqtidar nəzəriyyəsi uzun müddətdir ki, siyasi elmin Müqəddəs Qədəhi sayılır. Lakin bu Qədəh hələ tapılmayıb. Bəzi iqtisadçılar iqtidarı bazar modeli əsasında izah etməyə çalışıblar. Onlar könüllü mübadilədən (yəni Koaz tipli razılaşmadan) başlayır və ticarətə mane olan tranzaksiya xərclərini dövlət və siyasət nəzəriyyəsinin əsası kimi götürürlər. Bu iqtisadçıların bir qismi Koaz teoremini (yəni tranzaksiya xərcləri çox yüksək olmadıqda fərdlərin birgə qazancı maksimumlaşdırana qədər razılaşmağa meylli olması fikrini) siyasətə və hökumətə də tətbiq edir. Bu yanaşma həmin iqtisadçıları belə bir nəticəyə gətirir ki, iqtidar adətən sosial baxımdan səmərəli şəkildə istifadə olunur. Bu fikir maraqlıdır, lakin məntiqi bir səhvə əsaslanır. Bu səhv isə indiyə qədər yetərincə nəzərə alınmayıb və mən onu kitabın üçüncü fəslində izah edəcəyəm. Amma indidən aydın olmalıdır ki, iqtidarın məntiqini könüllü mübadilə ilə izah etmək mümkün deyil. İqtidar, ələlxüsus da dövlət iqtidarı, icbari itaət yaratmaq qabiliyyətidir. Bu isə zor tətbiq etmək səlahiyyəti və məcburetmə gücü deməkdir. Ona görə də təkcə könüllü mübadilə nəzəriyyəsini bilmək kifayət etmir. Biz həm də gücün məntiqini anlamalıyıq.
Cinayət Metaforası
İqtidar insanlar tərəfindən həyata keçirilir və insanlar, məlum olduğu kimi, son dərəcə mürəkkəb varlıqlardır. Məncə, insanlar nadir hallarda tamamilə tək motivlə hərəkət edirlər. İnsan təbiətində təkcə şəxsi maraq deyil, həm də xeyirxah elementlər və hətta bədxah meyllər mövcuddur. Tarixi nəticələr, şübhəsiz ki, yalnız iqtidarda olanların stimulları və şəxsi maraqlarından deyil, eyni zamanda onların əxlaqından və xasiyyətlərindən də asılı olur. Bu kitabın sonrakı hissələrində cəmiyyətlərin inkişafında şəxsi maraqlara əsaslanmayan prinsipial qərarların həlledici rol oynadığı bəzi kontekstləri təhlil edəcəyəm, lakin əvvəlcə diqqətimi iqtidarda olanların üzləşdiyi rasional və şəxsi marağa əsaslanan davranış stimullarına yönəldirirəm.
Məcburetməyə əsaslanan iqtidara diqqət yetirmək və şəxsi marağa söykənən davranışı təhlil etmək üçün mən cinayət metaforasından istifadə edirəm. Aydındır ki, quldurluğu nə könüllü mübadilə, nə də əxlaqi bir davranış kimi izah etmək mümkündür və məhz bu səbəbdən cinayət metaforası məcburetməyə əsaslanan iqtidarın şəxsi maraq naminə istifadəsinə fokuslanmağa kömək edir. Bu metaforanın köməyi ilə biz lazım olan nəzəriyyəni qura biləcəyik. Cinayət davranışı uğurlu cəmiyyətlərdə istisna hal olduğu üçün bu metafora eyni zamanda insan təbiətinin mürəkkəbliyindən nə dərəcədə uzaqlaşdığımızı – abstraksiya etdiyimizi də bizə xatırladacaq.
İndi isə əhalisi çox olan bir cəmiyyətdə fərdi cinayətkarın qarşılaşdığı stimulları nəzərdən keçirək. Digər şərtlər eyni olduqda, cinayətkar zəngin cəmiyyətdə kasıb cəmiyyətə nisbətən daha yaxşı vəziyyətdə olur, çünki zəngin cəmiyyətdə oğurlanacaq daha çox şey var. Bununla yanaşı, oğurluq cəmiyyətləri ola biləcəklərindən daha az zəngin edir: belə ki, oğurluğa sərf olunan vaxt heç nə istehsal etmir, üstəlik istehsal ilə investisiyadan əldə edilən mükafatları azaldır və resursların istehsaldan mühafizəçilərə, qıfıllara, polisə, həbsxanalara, inventar nəzarət sistemlərinə və oxşar sahələrə yönəlməsinə səbəb olur. Bu səbəbdən hər bir cinayətkarın törətdiyi cinayət cəmiyyətin ümumi sərvətini azaldır və nəticədə oğurlana biləcək məbləği də kiçildir. Bəs bu fakt fərdi cinayətkarı cinayətdən çəkindirirmi?
Hamı bilir ki, çəkindirmir, lakin bunun səbəbini anlamaq vacibdir. Məsələn, əhalisi bir milyon olan bir cəmiyyətdə tipik bir oğrunun törətdiyi cinayət nəticəsində cəmiyyətin ümumi istehsalının azalmasından yaranan itkinin təxminən milyonda biri oğrunun öz payına düşür. Halbuki, oğurluq fürsətindən imtina etdikdə, bu imtinanın yaratdığı itkinin hamısını özü daşıyır. Buna görə də cinayətin cəmiyyətin rifahını azaltması faktı, zəngin cəmiyyətin cinayətkar üçün yaratdığı əlavə imkanlarla birlikdə, cinayəti sərfəsiz etmir. (Əks nəticə yalnız o halda mümkün olardı ki, bir oğurluğun cəmiyyətə vurduğu zərər oğurlanan məbləğdən azı milyon dəfə dəyərli olsun; bu isə olduqca qəribə bir vəziyyət olardı.) Cinayətin sərfəli olmamasını təmin edən yeganə mexanizm cəmiyyətin cinayətkarları cəzalandırmasıdır və bu da hər zaman yetərli olmur. Hər bir cinayətkar cəmiyyətin rifahında maraqlı olsa da, bu maraq o qədər kiçikdir ki, cinayətkar onu nəzərə almır və adətən əlinə keçən pulqabılardakı hər şeyi götürür. Bir qədər sonra görəcəyimiz kimi, məcburetmə qabiliyyətinə malik olan şəxslərin cəmiyyətdə dar (kiçik), yoxsa əhatəli marağa sahib olmaları olduqca böyük fərq yaradır.
Əhatəli maraqlara keçməzdən əvvəl onu xatırlatmaq lazımdır ki, fərdi cinayətkarı oğurluğa sövq edən eyni şəxsi maraq bazarda könüllü mübadilə mövcud olduqda tamamilə fərqli nəticələr yaradır. Əgər, məsələn, cinayətin qarşısının daha effektiv alınması nəticəsində həmin şəxs öz maraqlarını əmək bazarında könüllü mübadilə yolu ilə reallaşdırmağa başlasa, o adətən ən yüksək maaş təklif olunan işi seçər. Mənfəətini maksimumlaşdırmaq istəyən heç bir işəgötürən ona xərclədiyindən daha az gəlir gətirən adamı işə götürməz. Beləliklə, keçmiş cinayətkar ən yüksək maaşı axtararkən, onun cəmiyyət üçün marjinal məhsuldarlığının və ya istehsala verdiyi töhfənin ən yüksək olduğu işlərdə çalışması ehtimalı artır.[1]
İndi isə əhalisi çox olan bir cəmiyyətdə fərdi cinayətkarı müəyyən bir icmada və ya ərazidə cinayəti inhisara ala bilən bir Mafiya ailəsinin başçısı, yaxud başqa cinayətkar dəstə ilə müqayisə edək. Tutaq ki, konkret bir ərazidə cinayətkar dəstə təkcə istədiyi qədər oğurluq edə bilmir, eyni zamanda həmin ərazidə başqalarının cinayət törətməsinin də qarşısını ala bilir. Aydındır ki, belə bir vəziyyətdə Mafiya ailəsinin öz nəzarətində olan ərazidə digər oğruları kənarda saxlamaq üçün stimulu var. Bəs o, öz ərazisində bacardığı qədər çox talan etməkdən qazanc götürərmi? Qətiyyən yox.
Əgər oğurluq səbəbindən həmin ərazidə biznes gəlirsiz hala gələrsə və ya cinayət nəticəsində insanlar icmanı tərk etməyə başlayarsa, bu ərazi artıq əvvəlki qədər sərvət yaratmaz və nəticədə oğurlana biləcək sərvət də azalar. Əslində, müəyyən bir icmada cinayəti real və davamlı şəkildə inhisara alan Mafiya ailəsi ümumiyyətlə heç bir oğurluq törətməz. Əgər ailə həmin ərazidə cinayət üzərində inhisar qurubsa, onun üçün biznesin gəlirliliyini və təhlükəsiz yaşayış mühitini təşviq etmək daha sərfəlidir. Beləliklə, həmin Mafiya ailəsi öz qazancını həm özünün törədə biləcəyi cinayətlərdən (əgər ödəniş edilməsəydi), həm də başqalarının törədə biləcəyi cinayətlərdən (əgər ailə digər cinayətkarları kənarda saxlamasaydı) qoruma təklif edərək maksimumlaşdırır. Digər şərtlər eyni olduqda, bir icma biznes aparmaq və yaşamaq üçün nə qədər əlverişlidirsə, mühafizə haqqından əldə olunan gəlir də bir o qədər yüksək olur. Buna görə də əgər bir Mafiya ailəsi müəyyən bir ərazidə cinayəti inhisara ala bilirsə, orada (mühafizə haqqından başqa) oğurluq halları ya çox az olur, ya da ümumiyyətlə baş vermir. Cinayətin inhisarlaşması ilə bağlı mövcud ədəbiyyat açıq şəkildə göstərir ki, cinayətin etibarlı şəkildə inhisara alınması, adətən, adi oğurluqdan daha çox mühafizə haqqının yaranmasına gətirib çıxarır. Mafiya tipli mühitlərdə oğurluq və zorakılıq hallarının baş verməsi isə əksər hallarda nəzarəti əlində saxlayan dəstənin öz inhisar mövqeyini itirməyə başladığının göstəricisidir.[2]
Bu cinayət metaforası mənim Millətlərin Yüksəlişi və Tənəzzülü kitabımda irəli sürdüyüm dar və əhatəli maraqlar nəzəriyyəsini izah edir.[3] Əhalisi çox olan bir cəmiyyətdə fərdi quldur cəmiyyətin itki və ya qazancının o qədər kiçik bir hissəsini əldə edir ki, o, öz oğurluğunun cəmiyyətə vurduğu zərəri nəzərə almır. Bunun əksinə olaraq, bir icmada cinayəti inhisara alan Mafiya ailəsi bu inhisar sayəsində həmin icmanın gəlirində müəyyən dərəcədə əhatəli marağa malik olur və buna görə də məcburetmə gücündən istifadə edərkən icmanın maraqlarını da nəzərə alır. Əhalisi çox olan cəmiyyətdə fərdi cinayətkar öz cinayətinin yaratdığı sosial itkinin yalnız cüzi bir hissəsini daşıdığı halda, müəyyən bir ərazidə cinayət üzərində etibarlı inhisara malik olan cinayətkar dəstə mühafizə haqqı (yəni vergi oğurluğu) yolu ilə icmanın ümumi gəlirinin əhəmiyyətli bir hissəsini əldə edir. Bu inhisar nəticəsində cinayətkar dəstənin cəmiyyətin gəliri üzərində əhatəli marağı formalaşır deyə sosial itkilərin, o cümlədən dəstənin tətbiq etdiyi mühafizə haqqının yaratdığı itkilərin, əhəmiyyətli bir hissəsi dəstənin öz payına düşür. Buna görə də fərdi cinayətkar adətən oğurladığı pulqabında nə varsa, hamısını götürdüyü halda, mövqeyi möhkəm və rasional olan Mafiya başçısı heç vaxt mühafizə haqqının dərəcəsini 100 faizə yaxın müəyyən etmir. Çünki belə yüksək vergi oğurluğu icmanın gəlirini o qədər azaldar ki, nəticədə Mafiya ailəsinin özü xalis zərərə düşər.
Oturuşmuş Quldur
Çinli bir hərbi rəhbər haqqındakı hekayə göstərir ki, bu məntiqi daha da irəli aparmaq lazımdır.[4] 1920-ci illərdə Çin böyük ölçüdə müxtəlif hərbi rəhbərlərin nəzarəti altında idi. Bunlar silahlı dəstələrə rəhbərlik edən, müəyyən ərazini ələ keçirən və sonra özlərini işğal etdikləri ərazilərin hakimi elan edən şəxslər idi. Onlar tabeliklərində olan əhalidən ağır vergilər toplayır və bu gəlirləri öz maraqlarına xidmət etmək üçün istifadə edirdilər. Haqqında oxuduğum hərbi rəhbər Fenq Yu-syan oğurluğun qarşısını almaq üçün ordusundan geniş istifadə etməsi və Ağ Qurd ləqəbli məşhur köçəri quldurun nisbətən böyük ordusunu məğlub etməsi ilə seçilirdi. Görünür, Fenqin nəzarətində olan ərazidə yaşayan insanların əksəriyyəti onun hərbi rəhbər kimi qalmasını istəyir və onu köçəri quldurlardan açıq şəkildə üstün tuturdu.
Əvvəlcə, bu vəziyyət çaşdırıcı görünür: oturuşmuş quldurlar müəyyən bir qrup insanı davamlı şəkildə talayır, köçəri quldurlar isə həmin insanları bir dəfə talayıb çıxıb gedir. Bəs bu talanan qurbanlar niyə oturuşmuş quldurları köçəri quldurlardan daha üstün tuturdu? Hərbi rəhbərlərin legitimlik iddiası yox idi və onların talanı köçəri quldurlarınkından yalnız onunla fərqlənirdi ki, bu talan arabir qarət formasında deyil, fasiləsiz vergi oğurluğu formasında həyata keçirilirdi.
Qurbanların oturuşmuş quldurları köçəri quldurlardan daha üstün tutmasının yaxşı bir səbəbi var. Gördüyümüz kimi, anarxiya şəraitində istehsal az olur və buna görə də oğurlanacaq şey də çox olmur. Əgər az qənimət tapan köçəri quldur dəstəsinin başçısı müəyyən bir ərazini ələ keçirəcək və digər quldurları kənarda saxlayacaq qədər güclüdürsə, o, həmin ərazidə cinayəti inhisara ala bilər – yəni oturuşmuş quldura çevrilər. Cinayət üzərində bu inhisarın üstünlüyü əsasən başqalarının oğurlaya biləcəklərini ələ keçirməkdə deyil. Əsas üstünlük ondan ibarətdir ki, bu inhisar ona əvvəlki bölmədə nəzərdən keçirdiyimiz Mafiya ailəsinə bənzər şəkildə tutduğu əraziyə münasibətdə əhatəli maraq qazandırır. Hətta onun marağı Mafiya ailəsininkindən də daha əhatəlidir, çünki anarxik ərazini ələ keçirən quldur başçısı hansısa dövlətin vergi yığanları ilə rəqabət aparmır; həmin ərazidə vergi yığmaq və ya oğurlamaq imkanına malik yeganə qüvvə məhz özü olur.
Bu oğurluq inhisar stimullarını köklü şəkildə dəyişir. Gördük ki, əhalisi çox olan bir cəmiyyətdə fərdi cinayətkarın cəmiyyətə münasibətdə marağı o qədər dar, yaxud cüzidir ki, rasional olduğu üçün vurduğu zərəri nəzərə almır; eyni şey ərazidən keçib gedən quldur dəstəsinə də aiddir. Bu cür sosial zərərli stimullar anarxiyaların pis işləməsinə səbəb olur. Digər cinayətkarları, eləcə də qıraqdan gələn vergi yığanları davamlı şəkildə kənarda saxlaya bilən oturuşmuş quldur başçısının əhatəli marağı isə onu tamamilə fərqli davranmağa sövq edir.
Birincisi, bu, onun hər qurbanından aldığı payı azaltmasına gətirib çıxarır. Gördüyümüz kimi, çoxsaylı cinayətkarlardan sadəcə biri olan oğru qarət etdiyi hər pulqabındakı pulun 100 faizini götürür. Bunun əksinə olaraq, müəyyən bir ərazi üzərində davamlı nəzarətə malik oturuşmuş quldur isə istəyir ki, qurbanların istehsal etmək və qarşılıqlı faydalı ticarətlə məşğul olmaq motivasiyası qalsın. Oğurluq qurbanları nə qədər çox gəlir yaratsa, götürüləcək məbləğ də bir o qədər çox olar. Mövqeyi möhkəm olan oturuşmuş quldur öz talanını yalnız qurbanların məhsulunun bir hissəsini alan və proqnozlaşdırıla bilən vergi formasına salmaqla qurbanlarda gəlir yaratmaq stimulunu qoruyub saxlayır. Əgər oturuşmuş quldur vergi talanının dərəcəsini 95 faizdən 90 faizə endirərsə, tabeliyində olanların vergidən sonrakı istehsal və ticarət gəlirlərini iki dəfə artırmış olar; bu isə öz növbəsində istehsalın və vergi gəlirlərinin dəfələrlə artmasına səbəb ola bilər.[5]
Oturuşmuş quldur vergi talanının dərəcəsini azaltdıqca, qazanc əldə etməyə davam edir. Bu proses o nöqtəyə qədər davam edir ki, artan istehsal hesabına topladığı əlavə vergi, istehsalın daha kiçik hissəsini götürdüyünə görə itirdiyi gəliri tam kompensasiya etmiş olur. Beləliklə, o, gəliri maksimumlaşdıran vergi talanı dərəcəsində qərarlaşır.[6] Əgər oturuşmuş quldur vergi dərəcəsini 51 faizdən 50 faizə endirsə və bunun nəticəsində icmanın istehsalını ərazinin potensialının 98 faizindən 100 faizinə yüksəltsə, o, faktiki olaraq vergi yığımlarını maksimumlaşdırmış olar: istehsaldakı artımın yarısını əldə edər və bu məbləğ ümumi istehsaldan aldığı payın azalması nəticəsində itirdiyi gəliri təxminən kompensasiya edər. Yəni oturuşmuş quldur cinayət və vergitutma[7] üzərindəki inhisarı sayəsində öz ərazisində əhatəli marağa malik olur. Bu əhatəli maraq onu öz talanını məhdudlaşdırmağa vadar edir, çünki tətbiq etdiyi talanın yaratdığı sosial itkilərin əhəmiyyətli bir hissəsini özü daşımalı olur. Yuxarıdakı nümunədə oturuşmuş quldur vergi dərəcəsini 50 faizdən yuxarı qaldırarsa, bu daha yüksək talan səviyyəsinin yaratdığı stimulların təhrifindən yaranan sosial, yəni ölü yük itkisinin təxminən yarısını özü daşıyacaq. Bu fakt onun vergi dərəcəsini artırmasının qarşısını almağa kifayətdir. Ümumiyyətlə desək, hər hansı vergi dərəcəsində vergitutmanın istehsalda yaratdığı itki nə qədər böyükdürsə, oturuşmuş quldurun gəlirini maksimumlaşdıran vergi talanı dərəcəsi bir o qədər aşağı olur.[8] Ölü yük itkiləri və onların vergi dərəcəsindən asılı olaraq necə dəyişməsi – yəni oturuşmuş quldurun optimal vergi dərəcəsi – hallara görə fərqlənsə də, hər bir oturuşmuş quldurun gəlirini maksimumlaşdıran vergi talanı dərəcəsi həmişə 100 faizdən aşağı olur (adətən xeyli daha aşağı olur).
Qarət etdiklərinə xeyir verən
Oturuşmuş quldurun əhatəli marağının onun stimullarını dəyişdirməsinin ikinci yolu ondan ibarətdir ki, bu maraq ona öz ərazisinə və vergi talanı tətbiq etdiyi insanlara fayda verən ictimai nemətləri təmin etmək üçün stimul yaradır (tərcüməçi qeydi: İctimai nemətlər o məhsul və xidmətlərdir ki, onlar həm hamı üçün əlçatandır, həm də bir nəfərin onları istifadə etməsi digərlərinin istifadəsinə mane olmur). Paradoks ondadır ki, oturuşmuş quldur bu ictimai nemətləri tam nəzarətində olan və istəsə tamamilə öz şəxsi ehtiyaclarına sərf edə biləcəyi vəsait hesabına təmin edir. Bilirik ki, ictimai nemət müəyyən bir ərazi və ya qrup daxilində hamıya fayda verir və daşqınlardan qoruyan bəndlər, cinayətin qarşısını alan polis və yoluxucu xəstəlikləri məhdudlaşdıran karantin kimi bir çox ictimai nemətlər cəmiyyəti daha məhsuldar edir.
Oturuşmuş quldur öz ərazisindəki istehsalın artımından vergi talanının optimal dərəcəsi ilə müəyyən olunan sabit pay əldə etdiyinə görə,[9] məhsuldarlığı artıran bütün ictimai nemətlərə resurs sərf etmək üçün stimul qazanır. Bu sərmayə qoyuluşu o nöqtəyə qədər davam edir ki, ictimai nemətlərə xərclədiyi son dolların gətirdiyi əlavə istehsaldan onun payına düşən məbləğ həmin bir dollara bərabər olsun.[10] Beləliklə, əgər oturuşmuş quldurun optimal vergi talanı dərəcəsi 50 faizdirsə, o, ictimai nemətlərə xərcləri o həddə qədər artıracaq ki, bu nemətlərə xərclənən son dollar ərazinin istehsalını 2 dollar artırsın. Çünki bu artımın 1 dolları onun özünə çatacaq. Daha ümumi şəkildə desək, əgər oturuşmuş quldurun istehsaldakı hər artımdan əldə etdiyi pay P-dirsə, o zaman o, nəzarət etdiyi resursları ictimai nemətlərə o həddə qədər yönəldəcək ki, ərazinin ümumi istehsalı 1/P qədər artsın. Bu arqumentin formal sübutlarını, eləcə də riyazi və həndəsi izahını görmək istəyən oxucular Martin Makquayr ilə birlikdə yazdığımız “Avtokratiyanın və Çoxluq İdarəetməsinin İqtisadiyyatı” adlı məqaləyə müraciət edə bilərlər.[11]
Avtokratiyanın Mənşəyi
Qısaca desək, quldur başçısı bir ərazini təhlükəsiz şəkildə nəzarətdə saxlaya və orada oğurluğu inhisara ala biləcək qədər güclüdürsə, o, həmin əraziyə münasibətdə əhatəli maraq əldə edir. Bu əhatəli maraq onu talanının dərəcəsini məhdudlaşdırmağa və sabitləşdirməyə, eləcə də nəzarətində olan resursların bir hissəsini həm özünə, həm də qurbanlarına fayda verən ictimai nemətlərə sərf etməyə sövq edir. Məskunlaşmış quldur üçün tabeliyində olanlar vergi ödəyiciləridir; buna görə də o, öz təbəələrinin öldürülməsinə və ya şikəst edilməsinə yol vermir. Başqalarının oğurluq etməsi və bunun doğurduğu qorunma xərcləri ümumi gəliri azaltdığı üçün, quldur özü istisna olmaqla başqalarının oğurluq etməsinə icazə də vermir. O, nəzarət etdiyi resursların bir hissəsini təbəələri arasında cinayətin qarşısını almağa və digər ictimai nemətləri təmin etməyə sərf etməklə öz maraqlarına xidmət edir. Kifayət qədər gücə malik olan quldur başçısının bir yerdə oturuşmaq, tac geyinmək və ictimai nemətlər təmin edən avtokrata çevrilmək üçün stimulu var.
Beləliklə, böyük insan qrupları üçün hökumətlər adətən zorakılıq tətbiq etmək qabiliyyətini ən yüksək səviyyədə təşkil edə bilənlərin rasional şəxsi marağı nəticəsində yaranır. Bu zorakı təşəbbüskarlar, təbii ki, özlərini quldur adlandırmırlar; əksinə, özlərinə və nəsillərinə uca titullar verirlər. Bəzən hətta ilahi hüquqla hökmranlıq etdiklərini iddia edirlər. Tarixi qaliblər yazdığı üçün hakim sülalələrin mənşəyi, əlbəttə ki, adətən şəxsi maraqla deyil, ali niyyətlərlə izah olunur. Müxtəlif növ avtokratlar adətən iddia edirlər ki, təbəələri onların hökmranlığını istəyir və bununla da hökumətlərinin guya könüllü seçim nəticəsində yarandığı barədə çox vaxt yanlış olan fərziyyəni gücləndirirlər.
Bir quldur dəstəsinin müəyyən bir ərazidə məskunlaşıb onu təhlükəsiz şəkildə nəzarətdə saxladıqda stimullarının necə dəyişdiyini başa düşdükdə, aydın olur ki, hərbi rəhbərin tabeliyində olanlar hər il onlardan vergi talanı alınmasına baxmayaraq, niyə oturuşmuş qulduru onları arabir talan edib gedən köçəri quldurlardan üstün tuturlar. Köçəri quldurluq anarxiya deməkdir və anarxiyanın hökumətlə əvəz olunması istehsalda əhəmiyyətli artım yaradır. Oturuşmuş quldurun təbəələri gəlirdə baş verən artımın vergilər şəklində alınmayan hissəsini əldə edirlər. Məsələnin məntiqi – həmçinin tarixi məlumatlar və müasir müşahidələr – göstərir ki, oturuşmuş quldurun davamlı talanı anarxiyadan qat-qat yaxşıdır.
Buradan belə nəticə çıxır ki, məşhur yırtıcı dövlət metaforası hətta tamamilə şəxsi maraqla hərəkət edən avtokratiyalar üçün belə tam doğru deyil. Daha əvvəl gördüyümüz kimi, oturuşmuş quldur nəzarət etdiyi əraziyə münasibətdə əhatəli marağa malikdir və buna uyğun olaraq daxili asayişi və digər ictimai nemətləri təmin edir. Buna görə də o, maralı parçalayan canavara yox, daha çox mal-qarasını qoruyan və su ilə təmin edən çobana bənzəyir. Deməli, hətta avtokratik dövləti izah edən heç bir metafora və ya model də oturuşmuş quldurun vergi talanı dərəcəsini maksimumlaşdırarkən eyni zamanda ictimai nemətlər təmin etmək stimulunu nəzərə almadan doğru hesab edilə bilməz.
[1] Məlum olduğu kimi, əgər inhisar və ya monopsoniya kimi bazar qüsurları əmək haqqının marjinal ictimai məhsula bərabər olmamasına gətirib çıxarırsa, bu nəticə doğru olmaya bilər. Belə qüsurlar o deməkdir ki, bazar keçmiş cinayətkarın vaxtını tam və ya Pareto-səmərəli şəkildə bölüşdürmür. Lakin bu, fərdlərin və firmaların şəxsi marağa əsaslanan seçimləri ilə cəmiyyət üçün əldə olunan faydalar arasında çox yüksək korrelyasiyanın mövcud ola biləcəyini qətiyyən istisna etmir.
[2] Məsələn, bax: Diego Gambetta, The Sicilian Mafia. Cambridge, MA: Harvard University Press, 1993.
[3] Olson, Mancur, The Rise and Decline of Nations. New Haven and London: Yale University Press, 1982.
[4] James E. Sheridan, Chinese Warlord: The Career of Feng Yuhsiang. Stanford: Stanford University Press, 1966.
[5] Səliqəli və müqayisə oluna bilən nəticələr əldə etmək məqsədilə mən həm avtokratiyanın təhlilində, həm də çoxluq demokratiyasının izahında bütün vergilərin xətti, yəni vahid dərəcəli vergilər olduğunu fərz edirəm; bu vergilər bütün gəlirin müəyyən faizini tutur. Daha sonra Stalin və onun əlaltılarının qurduqları mürəkkəb və dolayı vergitutma sistemini müzakirə edərkən, vergitutma növü dəyişdikcə nəticələrin necə dəyişdiyini nəzərdən keçirirəm.
[6] Onlar əhatəli maraq anlayışını irəli sürməsələr və burada təqdim olunan arqumenti formalaşdırmasalar da, İbn Xəldun (XIV əsrdə) və Cozef Şumpeter (Birinci Dünya müharibəsi dövründə ağır vergilərlə yüklənmiş Avstriya-Macarıstanda) qeyd etmişdilər ki, müəyyən həddən sonra vergi dərəcələrinin artırılması vergi daxilolmalarını azaldır. Bax: Ibn Kalduhn, The Muqaddimah, An Introduction to History, Franz Rosenthal, trans. Princeton, NJ: Princeton University Press, 1989; və Joseph A. Schumpeter, “The Crisis of the Tax State.” In Richard Swedberg (ed.), The Economics and Sociology of Capitalism. Princeton, NJ: Princeton University Press, 1991.
[7] Oturuşmuş quldurun vergi talanı dərəcəsi həm Mafiya ailəsi, həm də oturuşmuş quldur olduqda ikisinin ümumi talan dərəcəsi ilə müqayisədə necə görünür? Əgər eyni ərazidəki resursları həm Mafiya ailəsi, həm də gəlirini maksimumlaşdırmağa çalışan bir avtokrat yığırsa, onların birlikdə tətbiq etdiyi mühafizə haqqı vergisi ilə avtokratın vergisinin cəmi yalnız ikisindən birinin vergi topladığı haldan daha yüksək olacaq. Məsələn, Mafiya lideri tələb edəcəyi mühafizə haqqını müəyyənləşdirərkən bu ödənişin icmadakı iqtisadi fəaliyyəti azaltdığını nəzərə alır, lakin yaranan itkinin bir hissəsinin dövlətin vergi yığımlarının azalması formasında ortaya çıxdığını gördükdə, Mafiya ailəsinin bu itkini öz qərarında nəzərə almaq üçün heç bir stimulu qalmır. Əgər Mafiya ailəsi oturuşmuş quldur dəstəmiz kimi kifayət qədər güclü olsaydı və onun mühafizə haqqı yeganə vergi olsaydı, vətəndaşlara tətbiq edilən ümumi vergi dərəcəsi daha aşağı, icmanın gəliri isə daha yüksək olardı. Yəni eyni ərazi üzərində hakimiyyət uğrunda avtokratiya tipli hökmdarlar arasında rəqabət təbəələr üçün zərərlidir, tək bir hökmdarın monopoliyası isə onlar üçün daha yaxşıdır.
[8] Vergi talanından yaranan ölü yük itkiləri vergi dərəcəsi artdıqca (çox güman ki, proporsionaldan daha sürətlə) artır. Buna görə də ölü yük itkiləri vergi dərəcəsi artdıqca nə qədər sürətlə (və ya yavaş) yüksəlirsə, oturuşmuş quldur üçün optimal vergi dərəcəsi bir o qədər aşağı (və ya yüksək) olmalıdır. Bununla belə, ölü yük itkisi funksiyasının qeyri-müntəzəm forması ola bilər ki, bu da yuxarıdakı müddəanın həmişə qüvvədə qalmasına mane ola bilər. Mən ən ehtimal olunan hallara diqqət yetirmək və maksimum sadəlik əldə etmək üçün bütün təhlil boyunca fərz edirəm ki, vergitutmanın yaratdığı ölü yük itkiləri vergi dərəcəsi artdıqca sabit şəkildə və proporsionaldan daha sürətlə yüksəlir. Bax: Martin C. McGuire and Mancur Olson, “The Economics of Autocracy and Majority Rule: The Invisible Hand and the Use of Force.” Journal of Economic Literature 34:72 (March 1996).
[9] Hər bir vergi talanı dərəcəsində vergi daxilolmaları ictimai nemətlərin təmin səviyyəsindən asılı olaraq dəyişsə də, optimal, yəni gəliri maksimumlaşdıran vergi dərəcəsi dəyişməməlidir; və mən də bunu belə fərz edirəm. Deməli, oturuşmuş quldur əvvəlcə öz optimal vergi talanı dərəcəsini seçir və bununla ictimai nemətlərdən əldə etdiyi faydanın payını müəyyənləşdirir; bundan sonra isə onun üçün optimal olan ictimai nemət təmin səviyyəsini seçir.
[10] Nəticə o halda fərqli olur ki, ictimai nemət həyat keyfiyyətini artırır, lakin istehsalın həcmini və vergi tutulan gəliri artırmır. Məsələn, hava çirkliliyinin azaldılması həyatı yaxşılaşdırıb, işçilərin sağlamlığı vasitəsilə vergi tutulan istehsala heç bir təsir göstərməsəydi, oturuşmuş quldur buna resurs xərcləməzdi (istisna o halda mümkündür ki, o, tabeliyində olanlarla eyni hava məkanını paylaşsın). Lazımsız mürəkkəblikdən yayınmaq üçün bu kitabda fərz edirəm ki, bütün ictimai nemətlər istehsalçıların ictimai nemətləridir. Başqa sözlə, bunlar bütün gəlir növlərinin istehsalında eyni dərəcədə zəruri olan istehsal amilləridir.
[11] Martin C. McGuire and Mancur Olson, “The Economics of Autocracy and Majority Rule: The Invisible Hand and the Use of Force.” Journal of Economic Literature 34:72 (March 1996).

