fbpx

Cəmiyyət

Cəmiyyət

Ermənistanla Azərbaycan arasında qalmış İran

Read this article on other language
Download article
image_pdf
image_pdf

2020-ci il 27 sentyabr tarixində Dağlıq Qarabağ münaqişəsinin canlanması təbii olaraq böyük qonşu dövlətlərin reaksiyasına səbəb oldu. Ərdoğanın Türkiyəsi açıq şəkildə Azərbaycanı dəstəkləyir, çünki hər iki ölkənin mühüm mədəni və dil bağlılığı, həmçinin ermənilərlə tarixi münaqişəsi var. Rusiya da öz növbəsində Ermənistanla imzaladığı hərbi əməkdaşlıq sazişinə əməl edərək, eyni zamanda Minsk Qrupunun (1994-cü ildə Azərbaycan ilə Ermənistan arasında sülh danışıqlarına rəhbərlik etmək üçün yaradılan Rusiya, Fransa və Amerika Birləşmiş Ştatlarının həmsədri olduğu qrup) həmsədrlərindən biri kimi vasitəçi qismində çıxış etmək niyyətindədir. Bu iki dövlətin liderlərinin bəyanatları münaqişənin başlanğıcından bəri müntəzəm olaraq manşetlərə çevrilsə də, üçüncü böyük qonşu İran daha təmkinli görünür və onun mövqeyi daha az şərh olunur. Ümumiyyətlə, Sovet İmperiyasının süqut etdiyi dövrdə başlayan bu münaqişə qarşısında İranın mövqeyinə dair nisbətən az araşdırma aparılıb. Lakin İran öz sərhəddində baş verən və öz təhlükəsizliyinə təhdid təşkil edən bu münaqişəyə tamamilə yad hesab edilə bilməz. Münaqişənin başlanğıcından bəri İran sərhədinə yaxın yerdə xarici qüvvələrin mövcud ola biləcəyindən, həmçinin münaqişə zonası ilə həmsərhəd olan infrastrukturun və əhalisinin təhlükəsizliyindən narahatdır.[1] Əlavə olaraq, İran böyük bir azərbaycanlı icmasının, eyni zamanda böyük olmasa da, dinamik və təsirli olan erməni icmasının (100,000-150,000) vətənidir. Bu səbəbdən də münaqişənin İranın daxili nizamını pozmasının qarşısının alınması vacibdir (məsələn, 1 oktyabr tarixində İran Azərbaycanının şəhərlərində, o cümlədən Tehranda Azərbaycan Respublikasına dəstək nümayişləri başladı). Son 30 ildə Azərbaycanla münasibətləri olduqca problemli olduğu halda, İranın Ermənistanın yaxın dostu olduğu tez-tez vurğulanır. Buna baxmayaraq, İran Xarici İşlər Nazirliyinin son bəyanatlarını nəzərə almalıyıq: 6 oktyabrda, döyüşlərin başlamasından təxmini on gün sonra İran əslində bitərəfliyini və Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini elan etdi (bu isə faktiki olaraq Azərbaycanın lehinə verilmiş bir qərardır).[2] İran-Azərbaycan münasibətlərində bir dəyişikliyin baş verməkdə olduğu qənaətinə gələ bilərikmi?

Ermənistanın müttəfiqi İran

İndiyə qədər İranın mövqeyi paradoksal olsa da aydın görünürdü. Əhalisinin əksəriyyəti şiə olan lakin ABŞ ilə müttəfiqliyi seçən müsəlman Azərbaycana yardım təklif etmək əvəzinə, İran 1992-cı ildən bəri ənənəvi olaraq özünü Ermənistanın böyük müttəfiqi kimi təqdim edib, məsələn, müharibə dövründə və daha sonra dənizə çıxışı olmayan Ermənistan üçün İran tədarük dəhlizi rolunu oynayıb. Analitiklər tez-tez bu imtiyazlı tərəfdaşlığı İran hakimiyyətinin öz milli mənafeyini İslam həmrəyliyindən üstün tutmağa hazır olmasına nümunə kimi təqdim edirlər. İndiyə qədər Fələstin, Kəşmir və ya Rohingiyadan söhbət düşdükdə İranın məzlum müsəlmanları müdafiə etmək ritorikası, ümumiyyətlə, Qarabağ məsələsində yoxdur. İranın Ermənistanla tərəfdaşlığı seçməsi İran hakimiyyətinin müstəqil Azərbaycan dövlətinin varlığını özünün şimal-qərb bölgələrində sabitliyi pozmağa qadir bir təhlükə kimi qəbul etməsi ilə izah edilə bilər.

İran-Azərbaycan münasibətlərinin istiləşməsinə doğru

Olduqca məhdud təsirli olsa da İran-Ermənistan dostluğu danılmaz reallıqdırsa, qeyd etmək lazımdır ki, İran bir neçə ildir Azərbaycanla əlaqələrini yaxşılaşdırmağa çalışır (demək olar iki ölkə arasındakı münasibət 1991-ci ildən bəri gərgindir).[3] İslamçı qrupların İran tərəfindən istifadə edilməsi, İrandakı azərbaycanlı azlıq məsələsi, Xəzər dənizinin sərhədlərinin delimitasiyası ilə bağlı mübahisə, çoxmənalı hərbi nümayişlər (hər iki tərəfdə) və ya İranın 2012-ci ildə Bakıdakı Eurovision Mahnı Müsabiqəsinin (mollalar onu “gey parad” ilə eyniləşdirirdi) ləğvini tələb etməsi kimi bir çox hadisə iki tərəf arasındakı sürtüşmənin səbəbi idi. Nəhayət gərginlik 2010-cu illər ərzində heç bir ciddi münaqişəyə gətirib çıxarmadan aradan qalxmağa başladı. Əhmədinecad və Ruhaninin prezidentliyi dövründə Azərbaycanla isti münasibət qurmaq üçün addımlar atıldı. Balanslaşdırılmış və müstəqil xarici siyasət həyata keçirməyə çalışan Azərbaycan Prezidenti İlham Əliyev bölgədəki ABŞ (atası Heydər Əliyevin dövründə ölkənin əsas müttəfiqi) nüfuzunun müəyyən dərəcədə itməsi kontekstində qonşu ölkələrlə əlaqələrini çoxaltmağa çalışır. Buna görə də İlham Əliyev təhlükəsizlik, enerji və ticarət sahələrində Azərbaycan-İran əməkdaşlığını genişləndirməyi öhdəsinə götürdü. Şübhəsiz ki, İran iki ölkə arasındakı münasibətləri istiləşdirmək üçün hər iki tərəfin səylərini təhlükə altına qoymamağa çalışır.[4]

İrana yayılan münaqişə

Beləliklə, əksəriyyəti şiə olan iki ölkə arasında yeni, amma kövrək olan, İran-Ermənistan dostluğundan daha az təmtəraqla qeyd olunan bir dostluqdan danışmaq olar. 2020-ci il münaqişəsində İran açıq şəkildə bitərəflik kartını oynayır və özünü vasitəçi kimi təqdim etdi, hətta böhrana son qoymaq üçün bir plan üzərində işlədiyini iddia etdi; lakin yenə də İran Ermənistanın sadiq müttəfiqi kimi qəbul edilir və bu, öz sərhədləri daxilində İran üçün problemlər yaradır.[5]  Doğrudan da, milli şüuru və muxtariyyət istəyi heç vaxt bu qədər kəskin olmayan İran Azərbaycanı əhalisi Qarabağ münaqişəsinə getdikcə daha çox həvəs göstərir.[6] Bunu 1 oktyabrda İran Azərbaycanının əsas şəhərlərində və Tehranda çox minlik etiraz nümayişləri də sübut edir. Etirazçılar silah və hərbi texnika üçün keçid məntəqəsi hesab edilən Ermənistanla sərhədin bağlanmasını tələb edirdilər. Bu kontekstdə Azərbaycanın İranın düşməni kimi görülməsi İran azərbaycanlılarının ayrılma hisslərini oyada biləcək daxili, hətta millətlərarası zərərli gərginlik mənbəyidir (Türkiyə mətbuatının İrandakı 1 oktyabr nümayişlərindən yayımladığı bəzi görüntülərdə nümayişçilərin Ermənistan bayrağını yandırdığı görünür). Buna görə də 80 İran şirkətinin Dağlıq Qarabağ iqtisadiyyatına sərmayə qoyması iddiaları və ya 2020-ci ilin aprel ayında İran yük maşınlarının Qarabağa keçdiyini göstərən videolar İran hakimiyyətini məmnun etmir və bu kimi hallar rəsmilər tərəfindən təkzib edilir.[7] Son günlərdə İran Azərbaycanında etirazları alovlandıran şey İran-Ermənistan sərhədindəki Norduz keçidində üstü örtülü hərbi yük maşınlarının Ermənistana keçməsini göstərən videolardır; İran isə öz ərazisindən Ermənistana hərbi yardım göndərilməsini inkar edir.

Gücün nüvəsində ahəngsiz səslər

Yuxarıda bəhs edilən nümayişlərin təyin olunduğu gün, yəni 1 oktyabr tarixində Ayətullah Xameneinin İran Azərbaycanının dörd vilayətindən (Qərbi Azərbaycan, Şərqi Azərbaycan, Ərdəbil və Zəncan) olan nümayəndələri Qarabağın Azərbaycana qaytarılmasının zəruriliyini ifadə edən birgə bəyanatla çıxış etdilər. Bu bəyanat həm beynəlxalq hüquqa, həm də İslam əxlaqına və qardaşlığına xitab edirdi. Bəyanatda vurğulanırdı ki, Quranın prinsipləri və İslam Respublikasının məzlumları müdafiə fəlsəfəsinə əsasən, onlar bu mübarizədə Azərbaycanı dəstəkləməyə və ona kömək etməyə borcludur. Bu cür açıqlamalar yeni deyil. Son illərdə bir neçə tanınmış şəxs – ruhanilər (Ərdəbildən Ayətullah Ameli), İnqilab Keşikçiləri Korpusunun liderləri (Pasdaranın keçmiş baş komandanı Mohsen Rezai; iddia edilir ki, Rezai 2013-cü ildə Azərbaycan döyüşçülərinin İran ərazisində təlim keçməsinə icazə verib, həmçinin Azərbaycana döyüşçü və hərbi texnika göndərib)[8] və millət vəkilləri (məsələn, 2018-ci ildə Qarabağ ərazisinin “İslami” olduğunu vurğulayan Təbriz təmsilçisi Mahmud Pezeşkiyan) – Azərbaycanla həmrəylik ifadə edib. Lakin burada Azərbaycan Respublikası ifadəsindən istifadə edilməməsi təəccüblüdür, çünki müəlliflər İranın şimal qonşusuna Azərbaycan adı ilə müraciət ediblər. Amma İran rəsmiləri qarışıqlıq yaratmamaq və regionlar arasındakı siyasi, institusional (və ya hətta mədəni) sərhəddi vurğulamaq üçün Azərbaycan Respublikasını adında Azərbaycan sözü olan İran vilayətlərindən adətən açıq şəkildə ayırırlar. Bakıdan idarə olunan ölkəyə istinad etmək üçün ümumi Azərbaycan ifadəsini istifadə etməkdə iranlı rəsmilərin məqsədi getdikcə daha çox münaqişə ilə maraqlanan azərbaycanlı əhaliyə xoş görünməkdir.

Bu səbəbdən də görünür İran rəsmiləri ehtiyatlı olmalıdırlar. Bir tərəfdən, Ermənistanla strateji ortaqlıqları təhdid edilməməlidir; digər tərəfdən, Azərbaycanla əməkdaşlığı artırmaq və İrandakı azərbaycanlıların milli həmrəylik hissini qorumaq üçün ən uyğun şərait yaradılmalıdır. Mülayim və barışığa meyilli münasibətə üstünlük verilir və Azərbaycanla həmrəylik çıxışlarına mərkəzi gücün kənarlarında icazə verilir. Bu növ çıxışlar Azərbaycan milliyyətçi diskursunu pozmağa, yəni İranın konseptual çərçivəsi ilə uyğunlaşdıraraq onu mənimsəməyə çalışır: şimallı azərbaycanlılarla həmrəylik şiəliyi etnik mənsubiyyətdən üstün tutur (yuxarıda qeyd olunan ifadə Azərbaycanın Əhli-beyt ölkəsi olduğunu təsdiqləyir; ərəbcə əhli-beyt “ev əhli” deməkdir və Şiə teologiyasında əhli-beyt dedikdə Peyğəmbər və onun nəslindən olan imamlar nəzərdə tutulur).

Beləliklə, Qarabağ münaqişəsi İran üçün həm bir qədər problemlidir, həm də etik məsələlərdə öz imicini dəyişdirmək üçün bir fürsəti təmsil edir. Hər şeydən əvvəl bu məsələ İranın təhlükəsizliyi üçün təhdiddir və daxili qarışıqlığa da səbəb ola bilər. İran buna görə də rəsmi olaraq bitərəfliyini və Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini açıqladı,[9] həmçinin İran özünü ortaq mədəniyyətə sahib ölkələr üçün mümkün vasitəçi kimi göstərməyə və bununla da Ermənistanın təməl müttəfiqi imicini silməyə çalışır, bu isə görünür İranın öhdəsindən gələ biləcəyi iş deyil. Vasitəçilik təklifi həm də İranın özünü sabitlik istəyən mötədil ölkə kimi təqdim etməsinə imkan verir. Beləliklə, hökumət, güman ki, azərbaycanlılar arasında rəğbət qazanmaq üçün Azərbaycan tərəfdarı çıxışlarını kənarlarda ifadə olunmasına icazə verir. Bu fenomen son illərdə İrana xasdır, belə ki, İran hökuməti dini (Kürdüstan, yaxud Bəlucistan sünniləri),[10] etnik (azərbaycanlılar) mövzularla bağlı dissident çıxışlarını mənimsəməklə və hökumətin öz konseptual və ideoloji çərçivəsinə uyğunlaşdırmaqla onlara istiqamət verməyə çalışır.

Münaqişədə mümkün vasitəçilik rolu məsələsində ehtiyatlı olmaq lazımdır. Bu münaqişədə imtiyazlı vasitəçilər Minsk Qrupunun həmsədrləri olan Rusiya, Fransa və ABŞ-dır. İranın isə danışıqlara müdaxilə etmə şansı az da olsa var: 2020-ci il iyul hadisələrindən sonra Prezident Əliyev erməni təcavüzü hesab etdiyi hadisə qarşısında Minsk Qrupunu hərəkətsizlikdə ittiham etdi. Ermənistanla imtiyazlı münasibətlərinə görə İran münaqişəyə son qoya biləcək Azərbaycanın nəzərində imtiyazlı vasitəçi kimi görünə bilər. Əlavə olaraq, İran heç vaxt Minsk Qrupunun təsirsizliyini tənqid etməkdən çəkinmir və məsələn, İran Ali Rəhbərinin xarici işlər üzrə müşaviri Əli Vilayəti hər iki tərəfə coğrafi və mədəni yaxınlığına görə İranın Fransadan daha legitim vasitəçi olduğunu vurğulamaqdan çəkinmir.[11]

 

 

[1] 6 oktyabrda İran Daxili İşlər və Müdafiə Nazirlərinin bəyanatlarını xatırlayın: İran ərazisinə mərmilər düşdükdən sonra İran sakinlərinin təhlükəsizliyindən narahat olduqlarını dilə gətirdilər. Hər iki tərəfə xəbərdarlıq edərək onları təmkinli olmağa çağırdılar. Münaqişə zonası ilə həmsərhəd olan Xudafərin rayonunun nümayəndəsi də əhalini Araz sərhədindəki təpələrdən münaqişəni izləməməyə çağırdı. Bax: Keyhan qəzeti, 6 oktyabr 2020-ci il.

[2] Yenə orada.

[3] Məsələn, Ermənistanın keçmiş Xarici İşlər naziri Vahad Papaziyanın belə dediyi bildirilir: “İranla münasibətdə qətiyyən kompleksimiz yoxdur”; bax: Maroussia Edouard, « Arménie-Iran. Quelles perspectives pour les relations arméno-iraniennes après la « révolution de velours ? », Diploweb.com : la revue géopolitique, 19 février 2020, disponible à l’adresse suivante : https://www.diploweb.com/Armenie-Iran-Quelles-perspectives-pour-les-relations-armeno-iraniennes-apres-la-revolution-de.html

Bu dostluq ABŞ-ın İrana tətbiq etdiyi sanksiyalara Ermənistanın əməl etməyəcəyini bildirən Nikol Paşinyan tərəfindən də qeyd edilir: https://www.tehrantimes.com/news/433538/PM-Pashinyan-Long-Live-Iran-Armenia-Friendship/ ; https://tradingeconomics.com/iran/exports-by-country/ 2017-ci ildə Ermənistan İran ixracatının yalnız 0.45% -ni alırdı. İranla Azərbaycan arasında ticarət bir qədər dinamikdir, lakin rekord həddə çatmayıb: 2017-ci ildə İran ixracatının 0,70% -i Azərbaycanın payına düşürdü.

[4] İran Prezidentinin saytında yerləşdirilən məlumata görə, məhz Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev bunları qeyd edib: “Hər iki ölkənin yüksək vəzifəli şəxsləri Tehran-Bakı əlaqələrini inkişaf etdirmək və dərinləşdirmək üçün çox çalışdılar”: http://www.president.ir/fa/117581/printable/

[5] Bax: Ruhaninin bəyannamələri, Tehran Times, 1 oktyabr, 2020.

[6] Emil Aslan Suleimanov and Joseph Kraus, Iran’s Azerbaijan Question in Evolution Identity, Society, and Regional Security, Silk Road Papers, Washington DC, September 2017.

[7] https://eurasianet.org/iranian-trucks-in-karabakh-spark-protest-in-azerbaijan/

https://en.trend.az/azerbaijan/karabakh/1758949.html

[8] Bu yardımı heç vaxt Azərbaycan hökuməti təsdiqləmədi və hətta Rezainin çıxışları Azərbaycan rəsmiləri tərəfindən təkzib edildi: https://gulustan.info/2013/03/11/false-assertions/

[9] Bu, 2020-ci il 7 sentyabr tarixində İranın Bakıdakı yeni səfiri Seyid Abbas Musəvinin Prezident Əliyev tərəfindən qəbulunda da təsdiqləndi. https://azerbaijan.az/en/news/3328/

[10] Bax: Stéphane Dudoignon, The Baluch, Sunnism and the State in Iran, Hurst, Oxford University Press, London, 2017.

[11] Keyhan, 6 oktyabr.

 

 

11 noyabr 2020

Paylaş
FacebookTwitter

Facebook Comment

abunə olun

BRI yerli və beynəlxalq auditoriyaya Azərbaycanla bağlı təhlil, rəy və araşdırmalar təqdim etmək məqsədi daşıyan müstəqil ekspertlər tərəfindən yaradılmış beyin mərkəzidir.

bg
For the full operation of the site you need to enable JavaScript in your browser settings.