fbpx

Cəmiyyət

Cəmiyyət

Dağlıq Qarabağın siyasi statusu belə vacibdirmi?

Read this article on other language
Download article
image_pdf
image_pdf

Dağlıq Qarabağın siyasi statusu məsələsi 1988-ci ildə yaranandan bəri münaqişənin mərkəzində durur. Amma münaqişə konturları aydın olmayan yeni bir mərhələyə qədəm qoyduqca, həm hadisələrin mövcud inkişafına keçmiş anlayışlarla yanaşmaq, həm də keçmişi bu günə qədər zəngin imkanları və alternativləri olmayan xətti inkişaf kimi analiz etmək təhlükəlidir. Bu, qətiyyən belə deyil; 2020-ci il Qarabağ müharibəsinin yaratdığı yeni mühiti anlamaq istəyiriksə, bu münaqişənin təbiət və kontekst etibarilə böyük dəyişikliklərdən keçdiyini nəzərə almalıyıq.

Dağlıq Qarabağın statusu niyə vacibdir? Bəlkə də vacib deyil; ən azından Azərbaycan Prezidenti İlham Əliyev belə deyir. O, son aylarda bir neçə dəfə təkcə status məsələsinin “həll olunduğunu” deyil, həm də münaqişənin öz-özlüyündə sona çatdığını təkrarlayıb. Bundan əlavə, Əliyev xəbərdarlıq edir ki, status məsələsini qaldırmaq üçün edilən istənilən cəhd sülhü pozmağa bərabərdir.

Dağlıq Qarabağ münaqişəsində birbaşa iştirak edən daha iki aktor isə bu mövqeni bölüşmür. Nə Ermənistanın baş naziri Nikol Paşinyan, nə də Rusiya rəhbərliyi bu fikri bölüşür. Onlar  nə münaqişəni həll olunmuş hesab edir, nə də Dağlıq Qarabağın statusunu əhəmiyyətsiz sayır. 9 Noyabr razılaşmasının imzalanmasından bir həftə sonra Rusiya prezidenti Vladimir Putin uzun bir müsahibəsində Dağlıq Qarabağın statusu ilə bağlı sualı belə cavablandırırdı: “Bəli, bu problem var, çünki [Dağlıq Qarabağın] yekun statusu həll olunmayıb. Status-kvonu qorumaq barədə razılığa gəldik.” Eyni cavabda o, 2008-ci il Gürcüstanda baş verən müharibəni də xəbərdarlıq edərək xatırladır: “Cənubi Osetiyadakı sülhməramlılarımıza qarşı hücumlardan [sonra], Rusiya Cənubi Osetiya və Abxaziyanın müstəqilliyini tanıdı.”[i]

Dağlıq Qarabağın statusunun həll olunmamış qaldığına və bunun münaqişənin həllində vacib olduğuna razılaşsaq, biz həm də qeyd etməliyik ki, statusun əhəmiyyətinə aktorların münasibəti fərqlidir.

Bu yaxınlarda Samir İsayevin[ii] yazdığı məqalədə Azərbaycan prezidentinin mövqeyi ilə ziddiyyət təşkil edən bu incə sual – status məsələsi qaldırılıb və belə bir nəticəyə gəlinib: “müharibə bitməyib və status məsələsi həll olunana kimi də bitməyəcək.” Müəllif daha sonra yazır ki, “amma kompromissiz də status məsələsinin həlli yoxdur. Nə ola bilər bu kompromislər? Bunun bir yolu var: Ermənilərin Dağlıq Qarabağın müstəqilliyi ideyasından imtinası və problemin Azərbaycanın formal ərazi bütövlüyü çərçivəsində həlli. Azərbaycanın isə vaxtilə söz verdiyi ən yüksək muxtariyyət statusunu yenidən masa üstünə qaytarması. Məlumdur ki, hər iki tərəfin ictimaiyyəti mənim bu dediyimi qətiyyətlə rədd edəcək. Fəqət, status məsələsinin həllinin yeganə variantı kimi də elə bu yol görünür. Bu qəbul edilmirsə, yalnız müharibə ehtimalı qalır.”

İsayevin münaqişəyə son qoymaq üçün hələ də siyasi razılığa ehtiyac olduğu fikrini və bu gələcək razılaşmada Dağlıq Qarabağın yekun statusunun müəyyənləşdirilməsinə dair narahatlığını bölüşsəm də, müzakirə edilməli olan bəzi suallarım var. Məqalənin nəticəsi – “yeganə variant”ın Azərbaycan daxilində ən yüksək muxtariyyət forması olduğu və bunun praktikada nə demək ola biləcəyi – mənə inandırıcı gəlmir. Lakin yekun statusdan əvvəl, “yalnız” mümkün nəticəyə gətirib çıxaran, məqalədəki keçmişə xətti yanaşmadan da narahatam. Belə hesab edirəm ki, 9 noyabr razılaşması 1994-2020-ci illərdə Dağlıq Qarabağ münaqişəsinin inkişaf etdiyi mühiti köklü şəkildə dəyişdirdi. Bu dəyişikliyi anlamaq və oyunun yeni qaydalarını qiymətləndirmək üçün keçmişin və indinin istənilən təfsiri kontekst məsələsinə həssas yanaşmalıdır. Yeni və ortaya çıxmaqda olan bu vəziyyətə toxunmazdan əvvəl Dağlıq Qarabağ münaqişəsinin kontekstinin əvvəllər bir neçə dəfə dəyişdiyini və bu müddətdə Ermənistan və Azərbaycanın status məsələsinə fərqli yanaşdığını iddia edəcəyəm. Bu dəyişikliklərin əhəmiyyətini anlamaq üçün xətti yanaşmadan imtina etməli və keçmişin zəngin toxumasını oxuyarkən dəyişiklik, səhv və yan təsirlər kimi elementləri də təfsirimizdə nəzərə almalıyıq.

Dağlıq Qarabağ münaqişəsinin mərkəzində status problemi dayanır.[iii] Bu isə 1920-ci illərdən bəri bu ərazinin ikili kimliyi ilə bağlıdır: SSRİ üçün Dağlıq Qarabağ həm erməni, həm də azərbaycanlı idi. Erməni idi, çünki Dağlıq Qarabağ Muxtar Vilayəti (DQMV) – Sovetlərin başa düşdüyü dərəcədə yerli muxtariyyət – məhz əhalinin əksərinin etnik ermənilərdən ibarət olduğuna görə yaradılmışdı.[iv] Azərbaycanlı idi, çünki bu ərazi vaxtilə qüdrətli Sovet İttifaqının bir hissəsi olan Azərbaycan Sovet Sosialist Respublikasının tərkibində yerləşdirildi. Hansısa bir səbəbdən (bu məsələ məqalənin əhatə dairəsi xaricindədir) həm erməni əhali, həm də DQMV-nin yerli erməni partiya elitası bu tənzimləmədən narazı idi və ayrı-seçkilik hiss edirdilər. Problemlərinin həllini Sovet Azərbaycanından ayrılaraq, qonşu Sovet Ermənistanına qoşulmaqda görürdülər. Sovet hakimiyyətinin məntiqi daxilində Dağlıq Qarabağın statusunun dəyişdirilməsi məsələsini qaldırırdılar. İndi baxanda bunun böyük bir qarşıdurmaya səbəb olduğunu, nəticədə minlərlə insanın öldüyünü, yüz minlərlə insanın didərgin düşdüyünü, bütöv icmaların məhv olduğunu və bu günə qədər münaqişənin həll olunmadığını bilirik. Bütün bu olanlardan sonra, bu gün 1988-ci ildə ilk dəfə Dağlıq Qarabağ probleminin yarandığı mühiti təsəvvür etmək çətindir. Qarabağ erməniləri öz əməllərinin nə ilə nəticələnə biləcəyini təsəvvür etmirdilər, eyni zamanda islahatçı Moskva rəhbərliyinin problemi asanlıqla onların xeyrinə həll edə biləcəyini düşünürdülər.

Onlar sadəlövh idilər? Əlbəttə! Amma onlar dar hakim dairədən kənarda siyasətin qadağan olunduğu Sovet İttifaqında yaşayırdılar. Yalnız suveren, yeganə qərar vermə strukturu Politbüro idi. Qarabağ erməniləri Mərkəzin Yenidənqurma ruhuna uyğun olaraq asanlıqla onların xeyrinə qərar verə biləcəyinə inanırdılar. Həmin vaxt Bakıda hansı reaksiyanın meydana gələcəyini nəzərə almadılar. Lakin Sovet İttifaqında ilk dəfə baş verən bu növ xalq səfərbərliyi ilə ikinci suverenə çevrildiklərini və Politbüronun nüfuzuna xələl gətirdiklərini anlamadılar. Səfərbərliklərinin Azərbaycanda simmetrik bir səfərbərlik yaradacağını və Dağlıq Qarabağ probleminin müasir Azərbaycan milli kimliyinin təməl daşı olacağını da təsəvvür edə bilmədilər. Tezliklə Azərbaycandan reaksiya təkcə Sumqayıt poqromları şəklində gəlmədi, həm də üçüncü bir suveren meydana çıxdı, bu dəfə Azərbaycan xalqının səfərbərliyi. Qarabağ ermənilərinin ikitərəfli siyasi məsələ kimi gördüyü hadisə bir neçə həftə içərisində üçtərəfli mübarizəyə çevrildi.

1988-1991-ci illər mövcud vəziyyətlə bir çox oxşarlıqlara sahib olduğu üçün vacibdir. Burada bizi maraqlandıran məqam status məsələsinin dəfələrlə dəyişməsidir: əvvəlcə həm Qarabağ erməniləri, həm də Ermənistanda Qarabağ Komitəsi Dağlıq Qarabağın Ermənistana birləşməsi üçün birləşmə şüarı altında səfərbər oldu. Tezliklə bu dəyişdi; hələ 1991-ci ildə Yerevanın mövqeyi daha nüanslı idi və Ermənistanla birləşmək əvəzinə Dağlıq Qarabağın öz müqəddəratını təyin etməsini müdafiə edirdi. 1991-ci ilin sentyabrında birləşmək məsələsində israr etmək əvəzinə, DQMV müstəqillik lehinə referendum təşkil etdi. Kontekst dəyişirdi, eləcə də siyasi mövqelər: 1988-ci ildə Ermənistanın dəyişiklik tələbi suverenliyin sərhədlərini aşmadı, çünki DQMV-nin statusunun dəyişdirilməsi Sovet sərhədləri daxilində inzibati dəyişiklik olmalı idi. Sovet İttifaqının dağılması münaqişənin kontekstini dəyişdirdi. 1991-ci ildə eyni tələb suveren bir dövlətə çevrilən müstəqil Azərbaycanın sərhədlərini sual altına qoya bilərdi. Birləşməklə bağlı əvvəlki tələblərdən imtina etməklə, Yerevanın münaqişə ilə bağlı mövqeyi SSRİ-nin süqutu ilə meydana gələn yeni reallıqlara uyğunlaşmaqla yanaşı, həm də Bakı ilə güzəştə getməyə hazır olduğunun nişanəsi idi.

Kontekst dəyişdikcə Azərbaycan da mövqelərini bir dəfədən çox dəyişdi. Müharibələrarası dövrdə (1994-2020) Azərbaycanın mövqeyi Qarabağ ermənilərinə “dünyada mövcud olan ən yüksək muxtariyyət”i vermək idi.[v] İlham Əliyevin bu əvvəlki mövqeyi müharibə zamanı vəd etdiyi “mədəni muxtariyyət”ə çevrildi,[vi] müharibədən sonra isə statusun olmayacağını dedi.[vii] Rəsmi sənədlər hələ açıqlanmasa da, belə bir fikir geniş yayılıb ki, Ki Vest danışıqlarında (2001 aprel) o zamankı Azərbaycan lideri Heydər Əliyev Ermənistanla hərtərəfli bir sülh sazişinin tərkib hissəsi kimi Dağlıq Qarabağın statusu ilə bağlı yerli referendum təşkilinə icazə verilməsini qəbul etməyə hazır idi. Nəticədə isə Əliyev və Köçəryan arasında uzun müddət davam edən danışıqlardan sonra heç bir sülh əldə olunmadı. Başqa sözlə desək, həm Bakı, həm də Yerevan dəyişkən kontekstə əsaslanaraq Dağlıq Qarabağın siyasi statusu ilə bağlı mövqelərini dəyişirdilər.

Muxtariyyət və demokratiya

İsayevin təklif etdiyi həll yolunun – mümkün olan ən yüksək muxtariyyət – digər bir problemi onun tərəflərin 26 ildir müzakirə etdiyi modelə çox yaxın olmasıdır. Əgər bu model əvvəllər münaqişə tərəflərini razı sala bilməyibsə, onda bunun ideal və yeganə mümkün həll variantı olduğuna dair arqumentlər nələrdir? Əlavə olaraq, Bakının təklif etdiyi mümkün olan ən yüksək muxtariyyət məsələsi şübhəli qalmaqdadır, çünki onun detalları məlum deyil. Başqa bir yerdə irəli sürülən arqumentdə deyilir ki, “hökumətlərin siyasi dissidentlərə göstərdiyi münasibət ilə azlıqlara göstərdiyi münasibət fərqlidir.”[viii] Azlıqları siyasi cəhətdən passiv və yalnız rəsmi xəttlə razılaşmağa icazə verilən ikinci sinif vətəndaşlar kimi görmürüksə, bu arqument inandırıcı deyil. Başqa sözlə desək, etnik, dini, linqvistik, qəbilə və azlıqlarla bağlı digər məsələlərin həlli prosesi müəyyən bir siyasi sistemdə hüquqşünasların, jurnalistlərin, QHT-lərin, siyasi partiyaların, dissident ziyalıların, həmkarlar ittifaqlarının və digər bu kimi ictimai qrupların öz siyasi hüquqlarından istifadə edə bilmək dərəcəsi ilə daxilən əlaqəlidir.  Sual yaranır: Bakı, Gəncə, Lənkəran və s. kimi yerlərdə Azərbaycan vətəndaşlarının adi konstitusional hüquqlarından istifadə edə bilmədikləri bir halda, Azərbaycanın siyasi sistemi ölkənin iki şiddətli etnik-ərazi müharibəsi apardığı bir bölgədə mümkün olan ən yüksək muxtariyyətə necə dözə bilər?

Ermənistan tərəfinin xoşagəlməz razılaşmanı imzaladığı 9 noyabr ərəfəsində bir çoxumuz Paşinyan hökumətinin yaxın günlərdə yıxılacağını və Paşinyanın siyasi karyerasının sona çatdığını düşünürdük. İndi dörd ay keçib və Paşinyan hələ də Ermənistanın Baş naziridir. Ermənistanda müharibədən sonrakı siyasi böhran davam etsə də, müharibə və ermənilərin məğlubiyyətinin 2018-ci il xalq səfərbərliyindən sonra yaranan daxili siyasi dinamikanı alt-üst etmədiyini söyləmək olar. Müharibə zamanı erməni ictimaiyyəti millətçilikdən həyəcanlanırdı, lakin müharibədən sonra ictimai rəyin diqqəti daxili islahatlar, iqtisadi inkişaf və sosial ədalət məsələlərinə qayıdıb. Ermənistandakı Beynəlxalq Respublikaçılar İnstitutunun (Fevral 2021) yayımladığı son rəy sorğusu göstərir ki, ictimaiyyəti ən çox narahat edən məsələ iqtisadi vəziyyətdir, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı sual isə dördüncü yerdə gəlir.[ix] Ermənistan postmillətçilik dövrünə girirmi? Təsdiqləmək üçün yəqin hələ tezdir, lakin Ermənistandakı ictimai rəyin radikal olması və Dağlıq Qarabağla bağlı istənilən kompromis həll yoluna mane olması ilə bağlı  mövcud stereotipin faktual əsası yoxdur.

Müharibədən sonrakı Azərbaycan ictimai rəyinin necə inkişaf edəcəyi isə daha mürəkkəb məsələdir. Doğrudur ki, keçmişdə və xüsusən də hərbi qarşıdurmalar şəraitində Azərbaycanda cəmiyyət səfərbər olaraq müharibə çağırışları edib. 2016-cı ilin aprel döyüşlərində vəziyyət belə idi,[x] amma ələlxüsus da 2020-ci ilin yayındakı qarşıdurmalardan sonra bütün Azərbaycandakı spontan etirazlar Birinci Qarabağ müharibəsində itirilən əraziləri geri almaq üçün müharibəyə səsləyirdi.[xi] Gələcəklə bağlı fərziyyə irəli sürmək həmişə çətindir, çünki tarix bizi təəccübləndirməyə meyillidir. Yenə də orta müddətdə bir vacib element dəyişəcək: 1994 və 2020-ci illər arasında azərbaycanlıların kollektiv kimliyi əsasən mükəmməl özgənin – “erməni düşmənin” mənfi imicinə əsaslanırdı.[xii] 1991-94 müharibəsindəki məğlubiyyət, ərazi itkiləri, yüz minlərlə məcburi köçkün, mərkəzləşmiş və avtoritar idarəçiliyin ortaya çıxmasına töhfə verərək qurban narrativi yaratmışdı. 2020-ci il müharibəsindən və Azərbaycanın hərbi qələbəsindən sonra isə səfərbərlik üçün erməni düşmənə edilən müraciət öz funksionallığını itirəcək. Müharibədən sonra Azərbaycanın kollektiv kimliyinə hansı amillərin təsir edəcəyi vacib və açıq sualdır. Yenə də bu, 2020-ci il müharibəsinin açıq şəkildə dəyişdiyi kontekstdən asılı olacaq. Bir çox müşahidəçi müharibənin Əliyev rejimini gücləndirməsi ilə Azərbaycanın uzunmüddətli avtoritar bir dövrə qədəm qoyduğunu və ənənəvi Azərbaycan müxalifətinin müharibə tərəfdarı mövqelərinə görə demək olar yoxa çıxdığını düşünür.[xiii] Lakin 2020-ci il hadisələri Azərbaycan siyasi səhnəsinə 1990-cı illərdən bəri mövcud olmayan yeni bir müstəvi əlavə etdi: səfərbər olunmuş ictimai rəy.

Birinci və İkinci Qarabağ müharibələri arasında Dağlıq Qarabağın gələcək statusu məsələsi Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması yolunda əsas maneə idi. Dağlıq Qarabağın statusu məsələsi bu gün Yerevanın təsir dairəsindən kənarda qalır. Bu, əsasən geridə qalan üç aktorun həll edəcəyi bir sualdır: təbii ki, Azərbaycan, Qarabağ ermənilərinin təhlükəsizliyinin qarantı kimi Yerevanı əvəzləyən Rusiya və əlbəttə ki, tanınmamış Dağlıq Qarabağ Respublikası. Status məsələsi mövcud Azərbaycan siyasətini özünə təhlükə kimi görən Qarabağ erməniləri üçün böyük əhəmiyyət kəsb etməyə davam edəcək. İndi Bakının qarşısında bir seçim var: ya Xankəndinə təzyiq göstərməyə davam etmək (bu halda Qarabağ erməniləri son dil qanunu təklifində göründüyü kimi Rusiya ilə daha sıx inteqrasiyaya can atacaq),[xiv] və ya təzyiqi azaltmağa, Qarabağ erməniləri ilə gündəlik münasibətləri normallaşdırmağa çalışmaq, bununla da yumşaq güc alətlərini inkişaf etdirmək. Müharibədən bir neçə ay keçsə də, Bakının hansı siyasəti izləmək istədiyi hələ aydın deyil.

Növbədə nə var?

2008-ci ildən bəri İkinci Qarabağ müharibəsinin baş verməyəcəyinə getdikcə daha çox inanırdım. Ona görə yox ki, Bakı və Yerevan nəhayət münaqişələrin həllinə doğru irəliləyirdi, ona görə ki, yenidən müharibənin baş verməsi döyüşən hər iki tərəfin öhdəsindən gəlməyəcək dərəcədə ağır nəticələrə gətirib çıxara bilərdi. 2008-ci ildə Qafqazda başqa bir müharibə başladı – bu dəfə Gürcüstan və Rusiya arasında. Bu, təkcə Rusiyanın Cənubi Qafqazdakı irəliləyişinin deyil, həm də beynəlxalq arenaya güclü qayıdışının nişanəsi idi. Rus tankları Roki tunelindən aşağıya doğru irəlilədikdə Amerika silahlı qüvvələri gürcü müttəfiqini qorumaq üçün müdaxilə etmədi. 2015-ci il Lavrov Planı və 2016-cı il Aprel döyüşləri bunu daha da aydınlaşdırdı: yeni bir Ermənistan-Azərbaycan müharibəsi Rusiya qoşunlarının Qarabağ münaqişəsi zonasına girməsi ilə sona çatacaqdı. Həm Bakı, həm də Yerevanın öz suverenliklərinin bir hissəsini qurban verməmək üçün ortaq bir marağı var idi. Ancaq bunun üçün Dağlıq Qarabağ münaqişəsi üzərindəki təzyiqləri azaltmaq, yeni bir ictimai diskurs başlatmaq və bu uzunmüddətli münaqişəni nəhayət həll etmək üçün yollar axtarmaq vacib idi. Bunun əvəzinə həm Bakı, həm də Yerevan liderləri 27 sentyabrda müharibə başlayana qədər təxribat xarakterli hərəkətləri və bəyanatları artırdılar.[xv] İki kiçik dövlət aramsız dalaşdıqda, onlar müdaxilə edib məsələləri həll edəcək Deus ex-machinaya ehtiyac duyurlar. Tarix boyu imperiyalar belə qurulub və yaşayıb.

Bu gün Dağlıq Qarabağın gələcək statusu məsələsi artıq Yerevanın birbaşa təsir edə biləcəyi bir məsələ deyil. Hətta Yerevandan bir rəsmi şəxs belə Xankəndinə getmək üçün Rusiya hərbi nəzarət məntəqəsindən keçməlidir. Bu, Ermənistanın 2020-ci il müharibəsindəki hərbi məğlubiyyətinin qiymətidir. Azərbaycanın hərbi qələbəsinin qiyməti isə fərqli oldu: rus qoşunlarının Qarabağ səhnəsinə qayıtması. Bu, DQMV-nin siyasi statusunun başqa bir versiyasını xatırladır, 1990-cı ilin yanvarına qədər bir il davam edən Arkadi Volskinin rəhbərliyi ilə Moskvadan birbaşa idarə. Dağlıq Qarabağın bu günkü de fatko statusu buna oxşardır; amma Sovet Politbürosunun nümayəndəsi olan Volskini indi Rusiya hərbisinin nümayəndəsi Rüstəm Muradov əvəz edir. 1994-cü ilin mayından 2020-ci ilin sentyabrınadək Bakı həll olunmamış Dağlıq Qarabağ problemi ilə bağlı Yerevanla danışmaq məcburiyyətində idisə, indi o, Kremllə danışıqlar aparmaq məcburiyyətində qaldı.

Xatırlayıram ki, Vəfa Quluzadə kimi azərbaycanlı siyasi liderlər Dağlıq Qarabağ münaqişəsinin əslində müstəqilliyini qazanmağa çalışan Azərbaycan və onu öz hegemonluğu altında saxlamağa çalışan köhnə Rusiya imperiya quruluşu arasında olduğunu israrla qeyd edirdilər.[xvi] Bu zehni xəritədə Ermənistan və Qarabağ erməniləri yox idi, onlar imperiya quruluşunda sadəcə bir alət kimi təsəvvür edilirdi. İkinci Qarabağ müharibəsi ilə bu fikir özünü təsdiq edən kəhanətə çevrildi. Məxməri İnqilabdan sonrakı Ermənistan indi dəqiq Rusiyanın təsir dairəsinə qayıtdı və Yerevandakı istənilən iqtidar üçün manevr hüdudları aydın şəkildə azaldı. Bəs Azərbaycan? Bakı strateqləri Azərbaycan ordusunda artan Türkiyə nüfuzunu, İsrailin aşkar təsirini, Rusiya hərbi varlığını və artan İran qorxusunu necə idarə edəcək? 9 noyabrdan sonrakı Qafqazın geosiyasi konteksti 27 sentyabrdan əvvəlki dövrdəki çərçivə ilə başa düşülə bilməz.

Dağlıq Qarabağın statusu, şübhəsiz ki, həll olunmayıb. Lakin müharibədən sonrakı geosiyasi vəziyyətdə o, əvvəlki kimi əhəmiyyətli olmaya bilər.

İstinadlar

[i] http://en.kremlin.ru/events/president/news/64431

[ii] https://bakuresearchinstitute.org/en/the-riddle-of-karabakhs-status/

[iii] Bax: Arsène Saparov, “Why Autonomy? The Making of Nagorno-Karabakh Autonomous Region 1918-1925”, Europe-Asia Studies, Vol. 64, Issue 2, 2012, pp. 281-323: https://www.tandfonline.com/doi/full/10.1080/09668136.2011.642583

[iv] Həmin vaxt Dağlıq Qarabağın statusu müəyyən edilmişdi, etnik ermənilər əhalinin mütləq əksəriyyətini təşkil edirdi. Bax: https://en.wikipedia.org/wiki/Demographics_of_the_Republic_of_Artsakh

[v] https://www.euronews.com/2011/06/24/azerbaijan-president-s-perspective-on-nagorno-karabakh-impasse-resolution

[vi] https://www.reuters.com/article/armenia-azerbaijan-karabakh-peacekeepers-idUSKBN2771HK

[vii] https://jam-news.net/ilham-aliyev-fizuli-jebrail-nagorno-karabakh-status-new-road-azerbaijan-news/

[viii] https://www.aljazeera.com/opinions/2020/11/26/can-president-aliyev-be-trusted-on-nagorno-karabakh

[ix] https://www.iri.org/sites/default/files/final_for_publication_armenia_electoral_reform_march_8_2021.pdf

[x]https://www.crisisgroup.org/europe-central-asia/caucasus/nagorno-karabakh-azerbaijan/244-nagorno-karabakhs-gathering-war-clouds

[xi] https://www.bbc.com/news/world-europe-53415693

[xii] Erməni imicinin Azərbaycan kollektiv kimliyinə mənfi təsirləri barədə bax: Ceylan Tokluoglu, “The Political Discourse of the Azerbaijani Elite on the Nagorno-Karabakh conflict (1991-2009)”, Europe-Asia Studies, Vol. 63, Issue 7, 2011, pp. 1223-1252 : https://www.tandfonline.com/doi/full/10.1080/09668136.2011.592272 ;

həmçinin bax: Vicken Cheterian, “The Uses ad Abuses of History: Genocide and the Making of the Karabakh Conflict”, Europe-Asia Studies, Vol. 70, Issue 6, 2018, pp. 884-903: https://www.tandfonline.com/doi/full/10.1080/09668136.2018.1489634

[xiii] https://oc-media.org/opinions/opinion-azerbaijans-new-reality/

[xiv] https://www.azatutyun.am/a/31107635.html

[xv] Həm müharibədən əvvəl (http://www.agos.com.tr/en/article/23320/khojaly-genocide-and-other-taboos)

həm də sonra (https://mediamax.am/en/column/121166/) Yerevanın siyasətini tənqid edən bir neçə məqalə yazmışam.

[xvi] https://www.academia.edu/44598125/Six_Days_In_Baku_Cheterian

Paylaş
FacebookTwitter

Facebook Comment

abunə olun

BRI yerli və beynəlxalq auditoriyaya Azərbaycanla bağlı təhlil, rəy və araşdırmalar təqdim etmək məqsədi daşıyan müstəqil ekspertlər tərəfindən yaradılmış beyin mərkəzidir.

bg
For the full operation of the site you need to enable JavaScript in your browser settings.