fbpx

iqtisadiyyat

iqtisadiyyat

Kapitalizmin yeddi ziddiyyəti: bugünün prizmasından

Read this article on other language
Download article
image_pdf
image_pdf

Kapitalizm müasir dünyada hakim iqtisadi paradiqması kimi iqtisadi artıma və innovasiyaya öncülük etməsindəki mühüm roluna görə yüksək qiymətləndirilsə də, həlli çətin olan ziddiyyətlər və dilemmalar da ondan yan keçməyib. Bu paradoksların ictimai strukturlar və şəxsi həyat üçün ciddi nəticələrə səbəb olan geniş təsirləri var. Bu yazıda məqsədimiz kapitalizmin incəliklərini ortaya qoyan yeddi belə kritik ziddiyyəti təhlil etməkdən ibarətdir. Araşdırmamızda sürətlə inkişaf edən sosial-iqtisadi mühitdə onların mənşəyini və nəticələrini anlamağa çalışacağıq.

1. İstehlak dəyəri və mübadilə dəyəri: İstehlak dəyəri və mübadilə dəyəri dilemması

Kapitalizmin əsas ziddiyyətlərindən biri istehlak dəyərinin və mübadilə dəyərinin ikililiyidir. İstehlak dəyəri bir məhsulun praktiki faydalılığına, hər hansı məhsul və ya xidmətin fərd və ya cəmiyyət üçün nə qədər faydalı və ya zəruri olduğuna aiddir. Mübadilə dəyəri, digər tərəfdən, həmin məhsulun bazar qiymətidir, yəni bazarda neçəyə satıla bilər.

Kapitalizmdə biznesin məqsədi mənfəəti maksimum dərəcədə artırmaqdır və buna görə də əmtəə istehsalı ilk növbədə həmin malların mübadilə dəyəri ilə müəyyən edilir (Appeal, 2014). Bu o deməkdir ki, yüksək mübadilə dəyəri olan mal və xidmətlərin istehlak dəyərindən asılı olmayaraq, daha çox miqdarda istehsal olunma ehtimalı daha yüksəkdir. Əksinə, daha aşağı mübadilə dəyəri olan mal və xidmətlər, yüksək istehlak dəyəri olmasına baxmayaraq, daha az miqdarda istehsal edilə bilər və ya ümumiyyətlə istehsal edilməz.

Bu uyğunsuzluq, Marks tərəfindən nəzəriyyələşdirilən  əmtəə fetişizminə, yəni insanlar arasındakı sosial münasibətlərin əşyalar və mallar arasındakı münasibət kimi ifadə edildiyi və ya vasitəçilik edildiyi vəziyyətə gətirib çıxara bilər (Purdue.edu, 2019). Bu kontekstdə əmtəə insan ehtiyaclarının (onların istehlak dəyərinin) ödənilməsi ilə deyil, mübadilə dəyəri ilə qiymətləndirilir. Bu, əsas insan ehtiyaclarını və cəmiyyətin rifahını təmin edən məhsullardan çox, yüksək gəlirli mal və xidmətlərin istehsalına daha çox maraq göstərilməsinə də gətirib çıxara bilir.

Üstəlik, kapitalist istehsal üsulu tez-tez bazar uğursuzluğuna səbəb olur. Yüksək istehlak, lakin aşağı mübadilə dəyəri olan əmtəələr  — məsələn, ictimai əmtəələr və ya xidmətlər özəl şirkətləri cəlb edəcək qədər qazanclı olmadığından tez-tez onların qıtlığı müşahidə olunur.Bunun əhəmiyyətli sosial nəticələri var, çünki bu, xüsusən də cəmiyyətin  imkansız təbəqələri üçün bərabərsizliklərə, ictimai əmtəələrin və ya xidmətlərin təminatı ilə bağlı əlçatımlılıq problemlərinə gətirib çıxara bilir.

Bu ziddiyyətin bariz nümunəsi qlobal əczaçılıq sənayesində müşahidə olunur. Burada əsas dərmanlar, əhalinin prioritet sağlamlıq ehtiyaclarını qarşılayanlar, xüsusilə daha az təmin edilmiş bazarlarda çox vaxt yüksək istehlak dəyərinə, lakin nisbətən aşağı mübadilə dəyərinə malikdirlər (Brock and Wikler, 2010). Bu uyğunsuzluq bu cür dərmanların istehsalında və yayılmasında çatışmazlıqlara səbəb ola bilir.

Access to Medicine Foundation beynəlxalq qeyri-kommersiya təşkilatının 2022-ci il hesabatı bu problemin miqyasını ortaya qoyur. Hesabatda bildirilir ki, dünyada bir milyarddan çox insanın lazımi dərmanlara çıxışı yoxdur (Access to Medicine Index 2022 2, n.d.). Bu, ictimai fayda potensialından çox mənfəət potensialının tədqiqat, inkişaf və paylanma məsələləri ilə bağlı qərarları idarə edən əczaçılıq sənayesinin bazar dinamikasını göstərir. Antimalarial dərmanları xüsusi hal kimi nəzərdən keçirək. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, 2019-cu ildə aşağı gəlirli Sahara Afrikası başda olmaqla, bütün dünyada təqribən 229 milyon malyariya hadisəsi qeydə alınıb (Ümumdünya Səhiyyə Təşkilatı, 2019). Antimalarial dərmanların yüksək istehlak dəyərinə baxmayaraq, bu ölkələrin vətəndaşlarının ödəmə imkanlarının məhdud olması səbəbindən onların mübadilə dəyəri çox vaxt aşağı olur. Nəticədə, bu cür dərmanlar tələbatı ödəyəcək miqdarda istehsal olunmadığından, əksi halda qarşısı alına bilinən xəstələliklərə və ölüm hallarına səbəb ola bilir.

Beləliklə, kapitalizmdə istehlak dəyəri ilə mübadilə dəyəri arasındakı ziddiyyət əhəmiyyətli dərəcədə sosial və səhiyyə problemlərinə səbəb ola bilər. Bu ziddiyyətin həlli və ya yumşaldılması vacib, lakin rəqabətsiz malların istehsalını necə dəyərləndirdiyimizə və təşviq etməyimizə yenidən baxmağı zəruri edir.

2. Kapital və işçi qüvvəsi: əmək haqqı bərabərsizliyini alovlandıran ziddiyyət

Kapitalist sistemin əsasını kapital və işçi qüvvəsi arasındakı dinamik münasibətlər təşkil edir. Adətən pul formalarında və ya istehsalat aktivlərində əks olunan kapital kapitalistlərin və ya biznes sahiblərinin mülkiyyətinə və idarəçiliyinə keçir (Majumdar, 2018). Digər tərəfdən isə əmək işçi qüvvəsinin həyati töhfəsidir. İstehsalın bu ikili sütunu sərvət yaratmaqda və müəssisələrin fasiləsiz işləməsində əvəzolunmazdır. Bununla belə, onlar kapitalist sistemin daxilindəki əsas ziddiyyəti göstərir: onların əksərən üst-üstə düşməyən maraqları əmək haqqı bərabərsizliyi kimi problemlərə gətirib çıxardır.

Kapital sahibləri bu dixotomiyadakı tərəflərdən biridir: onların əsas məqsədi investisiyalarının gəlirliyini artırmaqdır. Bu hədəf adətən əmək məsrəfləri də daxil olmaqla xərclərin minimuma endirilməsinə yönəlir. Xərclərin azaldılmasına bu cür diqqət daha ucuz işçi qüvvəsi olan bölgələrə köçürülməsi (autsorsinq), insan əməyindən asılılığı azaltmaq üçün avtomatlaşdırmanın tətbiqi və ya əmək haqqı artımının qəsdən məhdudlaşdırılması kimi taktikaların istifadəsinə gətirib çıxara bilir (Korinek, Schindler and Stiglitz, 2021).

Dixotomiyanın digər tərəfində isə fəhlə və işçilər dayanır. Onların arzusu qazanclarını artırmaq və iş şəraitlərini daha da yaxşılaşdırmaqdır. Baxmayaraq ki, bu hədəf tez-tez kapital sahiblərinin mənfəəti artırmaq istəyi ilə ziddiyyət təşkil edir. Mənfəət dalınca getməklə ədalətli əmək haqqı və yaxşılaşdırılmış iş şəraiti axtarmaq arasındakı bu gərginlik kapitalizmin əsasını təşkil edən, əksər hallarda əmək haqqı bərabərsizliyinə və sosial narazılığa səbəb olan mübarizə və ziddiyyətləri təcəssüm etdirir. Bu struktural dixotomiya nəzarət olunmadıqda, iqtisadi bərabərsizlikləri gücləndirə və kapitalist cəmiyyəti daxilində sosial gərginliyi artıra bilər.

Bu ziddiyyət əmək haqqı bərabərsizliyini düşündüyümüz zaman xüsusilə nəzərə çarpır. Forbesin 2020-ci il üzrə məlumatları göstərir ki, ən varlı amerikalıların 1% – i ən kasıb 50 faizindən 15 dəfə çox qazanıb (Beer, 2020). Bu tendensiya yalnız ABŞ üçün xarakterik deyil. İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) hesabatına görə, ən varlı insanların 10% – inin orta gəliri, OECD ölkələrindəki ən kasıb 10%- in gəlirindən təxminən doqquz dəfə, 25 il əvvəl ilə müqayisədə isə yeddi dəfə çox olub (Oecd.org , 2011).

Daha konkret bir nümunə olaraq pərakəndə satış sahəsini nəzərdən keçirək. Siyasət Araşdırmaları İnstitutunun məlumatına görə, Amazon şirkətinin qurucusu və baş icraçı direktoru Cef Bezosun sərvəti 2021-ci ildə təxminən 65 milyard dollar artıb (Picchi, 2021). Bu arada, öz əməyi ilə birbaşa şirkətin uğuruna töhfə verən  anbar işçilərinin əmək haqqı, xüsusilə pik alış-veriş vaxtlarında və son pandemiya dövründəki risklərə və işin mürəkkəb xarakterinə baxmayaraq, saatda təxminən 15 dollar təşkil edib (About Amazon, 2021).

Texnologiya sənayesində də oxşar  bölgü var. 2021-ci ildə Vaşinqton Post qəzetinin verdiyi məlumata görə, GoogleFacebook kimi texnologiya nəhənglərinin top menecerləri və proqram mühəndisləri yüksək maaş alıb, rahat iş şəraitindən yararlanarkən, onların bir çox müqaviləli işçiləri, məsələn, məzmun moderatorları və ya məlumat mərkəzi əməkdaşları aşağı əmək haqqı və çətin iş şəraiti ilə mübarizə aparmalı olurlar (Daniel, 2019).

Beləliklə, kapitalizmdə Marksın müəyyən etdiyi əsas ziddiyyətlərdən biri hesab olunan kapital və işçi qüvvəsi arasındakı ziddiyyət bu gün də çox aktual olaraq qalır. Bu, gəlir bərabərsizliyinin hərəkətverici qüvvəsidir və kapitalist cəmiyyətlərdə sərvətin ədalətli bölüşdürülməsi ilə bağlı vacib sualları ortaya qoyur. Problem daha ədalətli iqtisadi sistem yaratmaq üçün bu ziddiyyəti həll etməkdən və ya heç olmasa azaltmaqdan ibarətdir.

3. Xüsusi mülkiyyət və kapitalist dövləti: ictimai faydaya təsir edən ziddiyyət

Xüsusi mülkiyyət hüququ kapitalizmin təməl sütunudur. Bu, fiziki və ya hüquqi şəxslərin müxtəlif mülkiyyət növlərinə sahib olmaq, onlara nəzarət etmək və onlardan faydalanmaq səlahiyyətinə sahib olmasını təmin edən sistemin əsasını təşkil edir (Smith, 2009). Bu əmlak – torpaq, bina və ya avadanlıq kimi maddi və ya patentlər, müəllif hüquqları və ya ticarət nişanları kimi əqli mülkiyyəti təşkil edən qeyri-maddi aktivlər şəklində ola bilər. Kapitalist dövləti idarəetmə orqanı kimi bu hüquqların qorunmasına cavabdehdir (Meckstroth, 2000). Dövlət bunu mülkiyyət hüquqlarına hörmət edilməsini, əmlakın təhlükəsiz alqı-satqısını və mübahisələrin ədalətli şəkildə həllini təmin edən hərtərəfli hüquqi çərçivə vasitəsilə həyata keçirir. Lakin bu kapitalist quruluş, xüsusən də ictimai fayda prizmasından baxıldıqda, daxili bir ziddiyyət daşıyır (Harvey, 2014). Xüsusi mülkiyyət hüquqlarının qorunması və təmin edilməsi kapitalist sisteminin rəvan işləməsi üçün zəruri olsa da, daha genişləndirilmiş ictimai fayda konsepti ilə ziddiyyət təşkil edə bilir və əslində çox vaxt belə olur.

Şəxsi mülkiyyət hüquqları sərvət və resursların bir neçə nəfərin əlində cəmləşməsinə gətirib çıxara bilir ki, bu da gəlir bərabərsizliyini daha da artırır. Şəxsi və ya korporativ mənfəət əldə etmək üçün mülkiyyət sahibləri bütövlükdə cəmiyyətə zərər verən tədbirlər görə bilirlər. Məsələn, fabrik sahibi ətraf mühitin mühafizəsi qaydalarına məhəl qoymayaraq, yerli əhalinin sağlamlığına və rifahına təsir edən çirklənməyə səbəb ola bilər. Və ya ev sahibi kirayə haqqını istədiyi qədər yüksək məbləğdə artıra və ya spekulyativ formada əmlak alqı-satqısı ilə məşğul ola bilər və bununla da əmlakın əlçatmazlığına və sakinlərin köçməsinə şərait yarada bilər.

Bu ssenarilərdə kapitalist dövlətin rolu ziddiyyəti daha da dərinləşdirməkdən ibarət olur. Bir tərəfdən dövlətin üzərinə xüsusi mülkiyyət hüquqlarını təmin etmək, bununla da kapitalist fəaliyyətinin davam etdirilməsinə şərait yaratmaq vəzifəsi qoyulur. Digər tərəfdən, dövlət həm də ictimai malları təşviq etmək və vətəndaşlarının rifahını təmin etmək üçün məsuliyyət daşıyır. Bu ikisi arasında tarazlığa nail olmaq çətin ola bilir və çox vaxt gərginliklə nəticələnir.

Dövlət yollar, kommunal xidmətlər və hüquq sistemləri kimi özəl sahibkarlıq üçün lazım olan infrastrukturu saxlamaq və xüsusi mülkiyyət hüquqlarını qoruyan qanunları tətbiq etmək üçün dövlət vəsaitlərindən, yəni ictimai vəsaitlərdən istifadə edir. Bununla belə, bu hərəkətlər çox vaxt kapitalist sisteminə xas olan paradoksu gücləndirərək ictimai faydanın qarşısını alan fəaliyyətləri dolayı yolla dəstəkləyir (Harvey, 2014). Beləliklə, özəl mülkiyyət, kapitalist dövləti və ictimai fayda arasındakı həssas qarşılıqlı əlaqə kapitalist sistemində davam edən ziddiyyəti əks etdirir.

Əmlak bazarı bu ziddiyyətin parlaq nümunəsidir. ABŞ-da milyonlarla boş evin olmasına baxmayaraq, bir çox insan evsizdir və ya əlverişsiz mənzil şəraitində yaşayır. ABŞ Mənzil və Şəhərsalma Nazirliyi 2022-ci ildə bir gecədə yarım milyondan çox insanın evsiz qaldığını bildirir (US Department of Housing and Urban Development, 2022). Leeds Building Society  hökumət məlumatlarını təhlil edərək hazırda İngiltərədə 676.452 boş evin olduğunu aşkara çıxarıb (www.mpamag.com, n.d). Bu cür bərabərsizlik qismən özəl mülkiyyət hüquqlarının ictimai sərvətdən – mənzil təminatından üstün tutulması ilə əlaqədardır. Kapitalist sistemində ev sadəcə yaşayış yeri olmayıb, alına, satıla və qazanc əldə edilə bilən bir əmtəədir.  Beləliklə, boş evlərin bolluğu şəraitində belə əmlak bazarı mənzil almağa imkanı olmayanları adekvat mənzillə təmin etməyə bilər.

Bugünün prizmasından yanaşsaq, digər bir nümunə COVID-19 pandemiyası zamanı peyvəndin qlobal paylanmasıdır. Peyvəndlərin inkişafına sərmayə qoyan peyvənd istehsalçıları təbii olaraq öz sərmayələrini qorumaq və onlardan qazanc əldə etmək üçün patentlərə sahibdirlər. Bu hüquqlar kapitalist sistemində qorunsa da, peyvəndlərə qlobal girişi məhdudlaşdırdıqları üçün tənqid olunublar. Ümumdünya Səhiyyə Təşkilatının 2023-cü ilin fevral ayında yaydığı məlumatda deyilir ki, yüksək gəlirli ölkələrdə insanların 70% – dən çoxunun ən azı bir doza COVID-19 peyvəndi qəbul etdiyi halda, aşağı gəlirli ölkələrdə bu nisbət yalnız 10% təşkil edib (Duroseau, Kipshidze and Limaye, 2023). Tənqidçilər iddia edirlər ki, Əqli mülkiyyətin ticarətyönümlü aspektlərinə dair Sazişin (TRİPS Sazişi) ləğv edilməsi çərçivəsində bəzi patent hüquqlarından imtina peyvəndlərin daha geniş istehsalına və paylanmasına imkan verməklə bu vəziyyəti yaxşılaşdıra bilər.

Təbii sərvətlər sahəsində də xüsusi mülkiyyət və ictimai fayda arasındakı ziddiyyət göz qabağındadır. Özəl korporasiyalar çox vaxt təbii ehtiyatları çıxarmaq (hasil etmək) hüququna malik olur, ancaq onların fəaliyyətləri ətraf mühitin korlanmasına səbəb ola bilir ki, bu da əhalinin sağlamlığına və rifahına təsir edir. Məsələn, ABŞ-da frakinq işləri aparan özəl şirkətlərin fəaliyyəti nəticəsində havanın və su ehtiyatlarının çirklənməsi yerli icmaların sağlamlığına təsir göstərir (NRDC, 2014).

Ümumilikdə, özəl mülkiyyətin qorunması kapitalist iqtisadiyyatlarının fəaliyyəti üçün həlledici olsa da, vacib sosial və ekoloji problemlərə səbəb ola bilir. Bu ziddiyyətin həlli və ya azaldılması mülkiyyət hüquqlarının qorunması ilə ictimai malların yaradılmasının təmin olunması arasında tarazlığı təmin edən innovativ siyasət yanaşmalarını tələb edir.

4. İnhisarçılıq və rəqabət: innovasiyanı sıxışdıran (boğan) və bərabərsizliyi təşviq edən paradoks

Kapitalizmin əsas dayaqlarından biri rəqabət prinsipidir. Bu konsepsiya əksər hallarda kapitalizmin innovasiyalara təkan verən, qiymətləri azaldan və istehlakçının seçimlərini genişləndirən hərəkətverici qüvvəsi kimi qəbul edilir. Ancaq sistemin içindəki daxili paradoks öz yerində qalmaqdadır. Belə ki, kapitalizmi gücləndirən həmin rəqabət mexanizmləri eyni zamanda bazar konsentrasiyasını da əmələ gətirərək inhisarların yaranmasına səbəb olurlar. Bu inhisarlar öz növbəsində innovasiyanı sıxışdıra, qiymətləri yüksəldə, əmək haqqı fərqlərini dərinləşdirə  və bununla da rəqabətli kapitalizmin təməl ideallarına meydan oxuya bilərlər (Harvey, 2014).

Azad bazar rəqabəti şəraitində müəssisələr istehlakçıları cəlb etmək üçün yeniliklər etməyə, səmərəliliyi artırmağa və qiymətləri aşağı salmağa həvəsli olurlar. Bu cür rəqabət iqtisadi inkişafa təkan verə və istehlakçılara geniş çeşidli mal və xidmətlər təklif edə bilər. Şirkət daha uğurlu olduqda, təbii olaraq, genişlənir və daha çox bazar payı qazanır. Bu böyümə fərdi bir müəssisənin qazandığı uğurun əlaməti olsa da, bütövlükdə bazar üçün daha geniş təsirlərə malik ola bilər. Bu prosesin davam etməsi bir ovuc şirkətin sənayenin böyük bir hissəsinə nəzarət etdiyi bazar konsentrasiyası ilə nəticələnə bilər. Ekstrim hallarda, bir şirkət güclü dominant mövqe qazanaraq, rəqabəti heçə endirə və özü inhisarçıya çevrilə bilər (McWhinney, 2021).

Bu bazar konsentrasiyası bir sıra mənfi təsirlərə səbəb ola bilər. Ən çox diqqət çəkən məsələlərdən biri qiymət artımı potensialıdır. Bazarda əhəmiyyətli dərəcədə üstünlük qazanmış şirkətlər rəqabət qarşısında müştərilərini itirmək qorxusu olmadan qiymətləri qaldıra bilərlər. Bu rəqabət gərginliyinin olmaması istehlakçılar üçün qiymətlərin artmasına səbəb ola bilər.

Digər bir kritik məsələ, innovasiyaların qarşısının alınması ehtimalıdır. Bir neçə dominant şirkət bazara nəzarət etdikdə, tədqiqat və inkişafa sərmayə qoymaq üçün motivasiya azalır.  Rəqabətin az olması və ya heç olmaması ilə bu şirkətlər məhsul və ya xidmətlərini yeniləmək və ya təkmilləşdirmək üçün daha az təzyiq hiss edirlər.

Bundan başqa, bazar gücünün bu cür konsentrasiyası əmək haqqı bərabərsizliyini daha da gücləndirə bilər (Eeckhout and Barcelona, n.d.). Bazar az sayda şirkət tərəfindən idarə edildikdə, işçilər üçün rəqabət halqası daralır, bu da əmək haqqının azaldılmasına və gəlir bərabərsizliyinin artmasına səbəb ola bilir.  Bununla kapitalizm daxilindəki ziddiyyətin başqa bir tərəfi vurğulanır: yeniliyə və qiymətlərin daha da aşağı düşməsinə səbəb ola bilən eyni qüvvələr həmçinin müəyyən şərtlər altında iqtisadi bərabərsizliyi təşviq edə və gələcək innovasiyaları boğa bilərlər.

Əmək İqtisadiyyatı İnstitutunun (Institute of Labor Economics) hesabatında bazar konsentrasiyasının başqa bir kritik təsiri göstərilir: əmək haqqının azaldılması. Hesabatda artan bazar konsentrasiyasının 1980-ci illərdən bəri əmək haqqı bərabərsizliyində artıma səbəb ola biləcəyi irəli sürülür (Cortes and Tschopp, 2020). Konsentrat bazarlarda daha az işəgötürən işçilər üçün rəqabət aparır ki, bu da işçilərin sövdələşmə imkanlarını azaltmaqla yanaşı, maaşların durğunluğuna və bərabərsizliyin artmasına gətirib çıxarır.

Bu paradoksun konkret nümunəsi olaraq texnologiya sənayesini nəzərdən keçirək. Google, AmazonFacebook kimi nəhənglər öz bazarlarına dominantlıq etməyə başladılar. Bu şirkətlər innovativ məhsul və xidmətlər təqdim ediblər və iqtisadi artıma əhəmiyyətli dərəcədə töhfələr veriblər. Bununla birlikdə, onların dominant mövqeyi – rəqabətin sıxışdırılması, məlumatların məxfiliyi və bazar gücü kimi məsələlər ilə bağlı narahatlıqları da artırır. 2021-ci ildə ABŞ Nümayəndələr Palatasının Qanunvericilik və hüquqi məsələlər üzrə Komitəsi Big Tech (Böyük Texnologiya) şirkətlərinin gücünü məhdudlaşdırmaq və rəqabəti təşviq etmək üçün bir sıra antiinhisar qanun layihələri təklif edib (Clifford Chance, n.d.).

Eynilə, telekommunikasiya sənayesində, xüsusən də ABŞ-da AT&T, VerizonComcast kimi az sayda böyük şirkət dominant mövqeyə malikdirlər. Bu konsentrasiya qiymətlərin artmasına və istehlakçılar üçün seçimin məhdudlaşdırılmasına səbəb oldu. İqtisadi Siyasət İnstitutunun (Economic Policy Institute) 2019-cu il üzrə hesabatına görə, kabel, peyk televiziyası və radio xidmətlərinin qiymətləri 1996-cı ildən bəri inflyasiya tempindən iki dəfə çox artmışdır (Bivens, 2022).

Sonda qeyd etmək lazımdır ki, kapitalizmdə rəqabətin təşviqi ilə inhisarçılıq meyli arasındakı paradoks ciddi ziddiyyətdir. Bu, innovasiyanın sıxışdırılmasının qarşısını almaq, istehlakçıları qorumaq və maaş artımını təmin etmək məqsədilə bazar konsentrasiyasını tənzimləmək üçün optimal rəqabət səviyyəsi və ən effektiv üsullarla bağlı suallar doğurur.Bu ziddiyyətin aradan qaldırılması sağlam və ədalətli kapitalist sisteminin təmin edilməsi üçün çox vacibdir.

5. Əmək bölgüsü: kapitalizmdə səmərəlilik və yadlaşma paradoksu

Əmək bölgüsü kapitalist iqtisadiyyatının mərkəzi sütunu olub, istehsal prosesinin hər birinin fərdlərə və ya komandalara həvalə olunan ayrı-ayrı vəzifələrə bölünməsinə yönəlib.Vəzifələrin bu cür bölgüsü fərdi ixtisaslaşmaya imkan verməsi səbəbindən səmərəliliyi, məhsuldarlığı və nəzəriyyədə mənfəəti artırmağa kömək edir. Bununla belə, bu iqtisadi mexanizmin özü eyni zamanda kapitalizmin əsas paradoksunu ortaya qoyur: əmək bölgüsü iqtisadi cəhətdən faydalı olsa da, işçilər arasında yadlaşma və narazılıq hissləri yarada bilər (Appeal, 2014).

Həqiqətən də əmək bölgüsü iqtisadi inkişafa təkan verməkdə mühüm rol oynadığını sübut edib. Bu, xüsusi bacarıqları artıraraq, iş prosesini sürətləndirərək, eləcə də bölünmüş və koordinasiya olunmuş işçi qüvvəsi olmadan istehsalı, demək olar ki, mümkün olmayan malların istehsalını asanlaşdıraraq ixtisaslaşmaya imkan yaradır.Avtomobil sənayesi bu fenomenin bariz nümunəsidir: Ford Motor Company kimi şirkətlər əmək bölgüsü paradiqması olan konveyer xəttində istehsal modelindən əldə edilə bilən böyük məhsuldarlıq artımı nümayiş etdirirlər (Ford Motor Company, 2020).

Bununla belə, vəzifələrin bu cür bölgüsü, xüsusən də onlar kiçildikdə və getdikcə təkrarlananda, Karl Marks tərəfindən dərindən araşdırılmış anlayış olan işçinin dərin yadlaşma hissinə səbəb ola bilər (www.marxists.org, n.d.). Bu yadlaşma işçi öz əməyi ilə son məhsul arasındakı maddi  əlaqəni qavraya bilmədikdə kök sala bilir. Nəticə işçilərin böyük bir dəzgahın sadəcə olaraq vintlərinə çevrildikcə, son məhsula verdiyi töhfəni dərk etmədən və öz əməyini qiymətləndirmədən verilmiş tapşırıqları mexaniki şəkildə yerinə yetirərkən onlarda yaranan qopuqluq və qeyri-məmnunluq hissidir.

Marksın yadlaşma konsepsiyası işçilərin öz əməyi ilə ortaya çıxan məhsula yadlaşmağını vurğulayır, çünki onun üzərində heç bir mülkiyyət iddiası yoxdur – onların əməyinin bəhrələri onları işə götürən kapitalistə məxsusdur (Guy-Evans, 2023). Bu yadlaşma təkrarlanan və monoton tapşırıqlar hesabına kreativlik və ya şəxsi inkişaf imkanlarını məhdudlaşdıran istehsal prosesinin özünü əhatə etməklə, gücsüzlük və peşmançılıq hissini gücləndirir.

Bu paradoksun – eyni zamanda əmək bölgüsü yolu ilə səmərəliliyə meyl və bunun nəticəsində işçilərdə yaranan yadlaşma – təzahürü kapitalizm daxilində dərin ziddiyyət yaradır. Bu məsələ işçilərin əhval-ruhiyyəsinə, məhsuldarlığına və sosial harmoniyaya önəmli təsir göstərir, eləcə də tarazlığa ehtiyac olduğunu ön plana çəkir və kapitalist sistemdə əməyin ən yaxşı şəkildə necə daha humanistləşdirilməsinə dair davam etməkdə olan müzakirələri təşviq edir.

Müasir qlobal iqtisadiyyatda bu ziddiyyət həmişəkindən daha aydın görünür. Gallupın 2017-ci ildə apardığı sorğu göstərdi ki, bütün dünyada işçilərin 85% – i işə cəlb olunmur və ya işdən fəal şəkildə kənarlaşdırılır (Inc, 2017). Bu statistika göstərir ki, bölünmüş əmək nəticəsində əldə edilən rifah və sərvətə baxmayaraq, işçilərin əksəriyyəti işlərində özlərini reallaşdıra bilmir və ya işlərindən zövq almırlar.

Bu məsələnin konkret nümunəsini fastfud sənayesində görmək olar. McDonald’s kimi fastfud şirkətləri yemək hazırlamaqda öz istehsal tərzi ilə tanınır – maksimum səmərəlilik üçün bölünmüş əməyin aydın şəkildə tətbiqi. Bununla belə, eyni işlərin monoton olması və kreativlik və ya bacarıqların inkişafı üçün məhdud imkanların olması səbəbindən tez-tez tənqid olunur. İqtisadi Siyasət Araşdırmaları Mərkəzinin (CEPR) 2013-cü il üzrə hesabatında qeyd olunur ki, fastfud sənayesindəki işlərin yalnız 2,2%-i “idarəetmə, peşəkar və ya texniki peşələrdir” (Nolan, 2013)  və bu, karyera yüksəlişi və ixtisasartırma üçün imkanlarının olmadığını göstərir. Bu cür inkişaf imkanının olmaması yüksək işçi axını dövriyyəsinə səbəb ola bilir. Hour Work və Restaurant Diveın birgə hesabatına görə, 2022-ci ildə ABŞ-ın Quick Service Restaurants (QSR) şəbəkəsində işçilərinin yalnız 54%-nin işdən ayrılmazdan öncə ən azı 90 gün işdə qala bildikləri müşahidə edilib. Bu məlumatlar 8000-dən çox QSR tipli qurumda aparılan sorğulardan əldə edilib. Maraqlıdır ki, pandemiyanın başlamasından əvvəl eyni 90 günlük müddət üçün işdə qalma  əmsalı bir qədər yüksək – 58% təşkil edib (Restaurant Dive, 2022).

Sonda, kapitalizmdə əmək bölgüsü məhsuldarlıq və iqtisadi artım üçün əlverişli olsa da, çox mühüm çatışmayan cəhətləri var. İrəli getmək baxımından problem balansı – işçinin məmnuniyyətini və məşğulluğunu qurban vermədən əməyin səmərəli ola biləcəyi bir sistemi tapmaqdır.

6. İnhisarçılıq və rəqabət: qeyri-bərabər coğrafi inkişaf və bunun nəticədə yaranan fərqlər

Kapitalizm nəzəri olaraq resursların və sərvətlərin səmərəli bölüşdürülməsinə gətirib çıxarmalı olan rəqabəti təşviq etsə də, istər-istəməz sərvətin qeyri-bərabər coğrafi bölgüsünə səbəb olur. Bu daxili ziddiyyət qlobal miqyasda sosial və iqtisadi bərabərsizliyə səbəb olan böyük regional  fərqlərə gətirib çıxara bilir (Harvey, 2014).

BVF-nin 2022-ci il hesabatına görə, bu gün qazanılan pulun (bütün gəlirlərin) 52 faizi dünya əhalisinin ən varlı 10 faizinin, cəmi 8,5 faizi isə ən kasıb 50 faizinin cibinə gedib (Stanley, 2022). Bu qlobal sərvət bərabərsizliyi, əksər hallarda başqalarının zərərinə olmaqla, sərvətin və iqtisadi inkişafın müəyyən bölgələrdə cəmləşməsilə coğrafi səviyyədə əks olunur.

Məsələn, ABŞ-ın Silikon Vadisi və Çinin Şençjen kimi bölgələrinin sərvətinə böyük töhfələr verən texnologiya sənayesini götürək. Bu ərazilər əhəmiyyətli investisiyalar və yüksək ixtisaslı işçi qüvvəsi cəlb edir ki, bu da  iqtisadi böyümənin daha da artmasına səbəb olur. Lakin  sərvətin və imkanların bu cür cəmlənməsi əksər hallarda digər bölgələrin geridə qalmasına, infrastruktura, təhsilə və digər ictimai əmtəələrə daha az sərmayə qoyulmasına, eləcə də iqtisadi bərabərsizlik dövrünün davam etməsinə gətirib çıxarıb.

Bu qeyri-bərabər coğrafi inkişafın bariz təzahürü Qlobal Şimal-Cənub bölgüsüdür. Birləşmiş Millətlər Təşkilatının Ticarət və İnkişaf Konfransının (UNCTAD) 2023-cü il hesabatına görə, əsasən inkişaf etmiş ölkələri əhatə edən Qlobal Şimal qlobal sərvət və resursların qeyri-mütənasib olaraq böyük hissəsinə nəzarət edərkən, inkişaf etməkdə olan ölkələrdən ibarət Qlobal Cənub yoxsulluq, yetərli infrastrukturun mövcud olmaması, təhsil və səhiyyəyə məhdud çıxış kimi problemlərlə mübarizə aparır (BMT‐nin Ticarət və İnkişaf üzrə Konfransı, 2023).

Üstəlik, bu qeyri-bərabər coğrafi inkişaf təkcə qlobal bərabərsizliklərlə məhdudlaşmır;həmçinin ölkələr daxilində də baş verir. Məsələn, ABŞ-da Rust Belt kimi bölgələrdə istehsalat işləri xaricə və ya daha ucuz işçi qüvvəsi olan bölgələrə köçürüldükcə istehsalatda azalma müşahidə olundu (admin, 2022). Digər tərəfdən, San-Fransisko və Nyu-York kimi sahil şəhərləri texnologiya və maliyyə sahələrinin inkişafı səbəbilə çiçəkləndi.

Sərvət və inkişafdakı bu coğrafi fərqlər sosial iğtişaşlar, iqtisadi qeyri-sabitlik və kütləvi miqrasiya da daxil olmaqla bir sıra problemlərə səbəb ola bilər. Qeyri-bərabər coğrafi inkişafa gətirib çıxaran rəqabət və inhisar arasındakı kapitalizmə xas olan ziddiyyət öz təsirini azaltmaq və daha balanslı və inkluziv böyüməni stimullaşdırmaq üçün əsaslı idarəetmə və siyasi müdaxiləni tələb edir (Harvey, 2014).

7. Texnologiya və insani meyillilik: iş yerlərinin bağlanmasına və bərabərsizliyə aparan ziddiyyət

Kapitalist iqtisadiyyatlar innovasiya və texnologiya sahəsindəki tərəqqi sayəsində çiçəklənir. Bu amillər məhsuldarlığın artmasına təkan verir, yeni bazarlar yaradır və artan istehlakçı rahatlığından tutmuş  insanları qlobal miqyasda birləşdirməyin yeni yollarına qədər müxtəlif üstünlüklər təklif edir. Bununla birlikdə, texnoloji tərəqqi uğrunda bu aramsız  mübarizədə  ziddiyyətlər də açıq-aydın gözə çarpır: texnologiya iş yerləri və yeni imkanlar yaratsa da, bəzi işləri lazımsız hala gətirə, işçilərin ixtisarına və bərabərsizliyə səbəb ola bilər (Harvey, 2014).

Bu ziddiyyət xüsusilə avtomatlaşdırma və süni intellekt (AI) sahəsində özünü açıq şəkildə göstərir. Oxford Economics 2019-cu ildə apardığı araşdırmada robotların 2030-cu ilə qədər dünyada istehsalatla bağlı (qlobal istehsalat sahəsində) 20 milyona qədər iş yerini əvəz edə biləcəyini proqnozlaşdır (Cellan-Jones, 2019). Avtomatlaşdırma riskinə ən çox məruz qalan sahələr – istehsal, nəqliyyat və anbar kimi müntəzəm və təkrarlanan tapşırıqlarla xarakterizə olunan sektorlardır.

Bununla belə, texnologiyaya görə iş yerdəyişməsi bu sektorlarla məhdudlaşmır. Maşın öyrənməsi də daxil olmaqla süni intellektin inkişafı da ağ-yaxalı işçilər üçün potensial problemlər yaradır. Məlumatların təhlili, mühasibat uçotu və hətta məlumatların əhəmiyyətli dərəcədə işlənməsini əhatə edən hüquq və tibb kimi sahələrdə rollar getdikcə avtomatlaşdırıla bilər. McKinsey & Companynin 2023-cü il üzrə hesabatına görə, 2030-cu ilə qədər iş yerlərinin 30% – ə qədəri avtomatlaşdırıla bilər ki, bu da bütün dünyada yüz milyonlarla işçiyə təsir edəcəkdir (Manyika et al., 2017).

Bu texnoloji yerdəyişmə gəlir və sərvət bərabərsizliyinin artmasına səbəb ola bilər. Qabaqcıl texnologiya ilə işləyə bilən yüksək ixtisaslı işçi qüvvəsinə tələbat artdıqca, işləri avtomatlaşdırma ilə əvəzlənən aşağı ixtisaslı işçilər işsizliklə üzləşə və ya aşağı maaşlı işlərə keçmək məcburiyyətində qala bilərlər.

Məsələn, Amazon şirkətinin öz anbarlarında robotlardan istifadə etməsi bu tendensiyanın bariz nümunəsidir (əyani təsviridir). Bu robotlar səmərəliliyi əhəmiyyətli dərəcədə artırsa da, onların tətbiqi iş yerlərinin itirilməsinə səbəb oldu və maşınlarla ayaqlaşmağa məcbur  qalan işçilərin iş şəraiti ilə bağlı narahatlıqlarını artırdı (Rushe, 2022).

Ancaq bu çətinliklərə baxmayaraq, texnoloji tərəqqi hesabına həm də yeni iş yerləri və sənaye sahələri yaradıla bilər. Məsələn, yaşıl enerji sektoru iş yerlərinin yaradılması üçün artıq mühüm mənbə hesab olunur. Beynəlxalq Bərpa Olunan Enerji Agentliyinin (IRENA) məlumatına görə, 2021-ci ildə qlobal bərpa olunan enerji sənayesində 12 milyon insan işlə təmin olunub və 2050-ci ilə qədər bu sahədə 43 milyondan çox insan işlə təmin oluna bilər (www.irena.org, n.d.).

Beləliklə, problem texnoloji tərəqqi və onun əmək bazarlarına təsiri arasındakı ziddiyyətin idarə edilməsindən ibarətdir. Bu, texnologiyanın inkişafı ilə ixtisara salınmış işçilərə dəstək verilməsi üçün təkmilləşdirmə proqramları və maddi yardım kimi siyasətləri əhatə edə, eləcə də texnoloji inkişafı insan əməyini əvəz etmək əvəzinə onu tamamlayan yollarla formalaşdırmaq səylərini əhatə edə bilər. Nəhayət, gələcək nəsilləri getdikcə avtomatlaşan dünyada tərəqqi üçün lazım olan bacarıqlara uyğunlaşdıracaq və onlarla təmin edəcək təhsil sistemlərinə ehtiyac var.

 

İstinadlar:

  1. About Amazon. (2021). Study shows Amazon’s wage increase to $15 an hour also upped pay for non-Amazon workers. [online] Available at: https://www.aboutamazon.com/news/job-creation-and-investment/study-shows-amazons-wage-increase-to-15-an-hour-also-upped-pay-for-non-amazon-workers.
  2. Access to Medicine Index 2022 2. (n.d.). Available at: https://accesstomedicinefoundation.org/medialibrary/2022-access-to-medicine-index-1668514482.pdf
  3. admin (2022). A History of the Rust Belt and Why it’s Important. [online] Rust Belt Recruiting. Available at: https://rustbeltrecruiting.com/a-history-of-the-rust-belt-and-why-its-important/.
  4. Appeal, S. (2014). Marx’s Capital: Chapters 4-8 – Surplus Value. [online] Socialist Appeal. Available at: https://socialist.net/marx-s-capital-chapters-4-8-surplus-value/.
  5. Appeal, S. (2014). Marx’s Capital: Chapters 12-14 – Productivity, Co-operation, and Division of Labour. [online] Socialist Appeal. Available at: https://socialist.net/marx-s-capital-chapters-12-14-productivity-co-operation-and-division-of-labour/.
  6. Beer, T. (2020). Top 1% Of U.S. Households Hold 15 Times More Wealth Than Bottom 50% Combined. [online] Forbes. Available at: https://www.forbes.com/sites/tommybeer/2020/10/08/top-1-of-us-households-hold-15-times-more-wealth-than-bottom-50-combined/.
  7. Bivens, J. (2022). Corporate profits have contributed disproportionately to inflation. How should policymakers respond? [online] Economic Policy Institute. Available at: https://www.epi.org/blog/corporate-profits-have-contributed-disproportionately-to-inflation-how-should-policymakers-respond/.
  8. Brock, D.W. and Wikler, D. (2010). Ethical Issues in Resource Allocation, Research, and New Product Development. [online] Nih.gov. Available at: https://www.ncbi.nlm.nih.gov/books/NBK11739/.
  9. Cellan-Jones, R. (2019). Robots ‘to replace up to 20 million factory jobs’ by 2030. BBC News. [online] 26 Jun. Available at: https://www.bbc.co.uk/news/business-48760799.
  10. Clifford Chance. (n.d.). Clifford Chance | House Judiciary Committee Passes Six Antitrust Bills Targeting Tech Platforms and Large Transactions, Setting Up Vote Before House of Representatives. [online] Available at: https://www.cliffordchance.com/briefings/2021/06/house-judiciary-committee-passes-six-antitrust-bills-targeting-t.html
  11. Cortes, G.M. and Tschopp, J. (2020). Rising Concentration and Wage Inequality. SSRN Electronic Journal. doi:https://doi.org/10.2139/ssrn.3665117.
  12. Daniel, E. (2019). 56% of tech workers think they are underpaid. [online] Verdict. Available at: https://www.verdict.co.uk/tech-salaries-underpaid/
  13. Duroseau, B., Kipshidze, N. and Limaye, R.J. (2023). The impact of delayed access to COVID-19 vaccines in low- and lower-middle-income countries. Frontiers in Public Health, 10. doi:https://doi.org/10.3389/fpubh.2022.1087138.
  14. Eeckhout, J. and Barcelona, U. (n.d.). Market power and labour market inequality Market power and labour market inequality. [online] Available at: https://ifs.org.uk/inequality/wp-content/uploads/2022/03/Market-power-labour-market-inequality-IFS-Deaton-Review-Inequality.pdf.
  15. Ford Motor Company (2020). The Moving Assembly Line. [online] Ford Corporate. Available at: https://corporate.ford.com/articles/history/moving-assembly-line.html
  16. Guy-Evans, O. (2023). Marx’s Theory of Alienation – Simply Sociology. [online] simplysociology.com. Available at: https://simplysociology.com/marx-alienation.html
  17. Harvey, D. (2014). Seventeen Contradictions and the End of Capitalism. Profile Books.
  18. Inc, G. (2017). Dismal Employee Engagement Is a Sign of Global Mismanagement. [online] Gallup.com. Available at: https://news.gallup.com/opinion/gallup/224012/dismal-employee-engagement-sign-global-mismanagement.aspx.
  19. (n.d.). Technological Progress, Artificial Intelligence, and Inclusive Growth. [online] Available at: https://www.imf.org/en/Publications/WP/Issues/2021/06/11/Technological-Progress-Artificial-Intelligence-and-Inclusive-Growth-460695.
  20. Majumdar, S.R. (2018). Capital and Capitalism. [online] https://doi.org/10.1093/oso/9780199641994.003.0002.
  21. Manyika, J., Lund, S., Chui, M., Bughin, J., Woetzel, J., Batra, P., Ko, R. and Sanghvi, S. (2017). Jobs lost, jobs gained: What the future of work will mean for jobs, skills, and wages. [online] McKinsey & Company. Available at: https://www.mckinsey.com/featured-insights/future-of-work/jobs-lost-jobs-gained-what-the-future-of-work-will-mean-for-jobs-skills-and-wages.
  22. McWhinney, J. (2021). How and Why Companies Become Monopolies. [online] Investopedia. Available at: https://www.investopedia.com/articles/investing/071515/how-why-companies-become-monopolies.asp.
  23. Meckstroth, T.W. (2000). Marx and the Logic of Social Theory: The Capitalist State. Science & Society, [online] 64(1), pp.55–86. Available at: https://www.jstor.org/stable/40403825.
  24. Nolan, H. (2013). The Fast Food Industry Is the Deadest of Dead Ends. [online] Gawker. Available at: https://www.gawker.com/the-fast-food-industry-is-the-deadest-of-dead-ends-914260542#:~:text=A%20new%20study%20quantifies%20just%20how%20unrealistic%20this%20idea%20is.&text=8.7%25%20of%20
  25. NRDC (2014). Fracking Fumes: Air Pollution from Hydraulic Fracturing Threatens Public Health and Communities NRDC ISSuE BRIEF. [online] Available at: https://www.nrdc.org/sites/default/files/fracking-air-pollution-IB.pdf.
  26. org. (2011). Divided we Stand: Why Inequality Keeps Rising (Speech) – OECD. [online] Available at: https://www.oecd.org/els/soc/dividedwestandwhyinequalitykeepsrisingspeech.htm.
  27. Ozawa, S., Shankar, R., Leopold, C. and Orubu, S. (2019). Access to medicines through health systems in low- and middle-income countries. Health Policy and Planning, [online] 34(Supplement_3), pp.iii1–iii3. Doi :https://doi.org/10.1093/heapol/czz119.
  28. Picchi, A. (2021). Billionaires got 54% richer during pandemic, sparking calls for ‘wealth tax’. [online] cbsnews.com. Available at: https://www.cbsnews.com/news/billionaire-wealth-covid-pandemic-12-trillion-jeff-bezos-wealth-tax/.
  29. edu. (2019). Introduction to Karl Marx, Module on Fetishism. [online] Available at: https://www.cla.purdue.edu/academic/english/theory/marxism/modules/marxfetishism.html.
  30. Restaurant Dive. (n.d.). Study: Only 54% of QSR employees worked 90 days before quitting in 2022. [online] Available at: https://www.restaurantdive.com/news/most-qsr-employees-worked-90-days-before-quitting-202/640826/#:~:text=Only%2054%25%20of%20QSR%20employees%20reached%2090%20days%20of%20working.
  31. Rushe, D. (2022). Amazon enters the age of robots. What does that mean for its workers? [online] the Guardian. Available at: https://www.theguardian.com/technology/2022/nov/11/amazon-robots-jobs.
  32. Smith, A. (2009). The Wealth of Nations. Lexington, Ky.: Seven Treasures Publications.
  33. Stanley, A. (2022). Global Inequalities. [online] International Monetary Fund. Available at: https://www.imf.org/en/Publications/fandd/issues/2022/03/Global-inequalities-Stanley.
  34. S. Department of Housing and Urban Development (2022). HUD Releases 2022 Annual Homeless Assessment Report. [online] HUD.gov / U.S. Department of Housing and Urban Development (HUD). Available at: https://www.hud.gov/press/press_releases_media_advisories/HUD_No_22_253.
  35. United Nations Conference on Trade and Development (2023). Trade and Development Report Update (April 2023). [online] Available at: https://unctad.org/publication/trade-and-development-report-update-april-2023.
  36. World Health Organisation (2019). World malaria report 2019. [online] Who.int. Available at: https://www.who.int/news-room/feature-stories/detail/world-malaria-report-2019.
  37. irena.org. (n.d.). Renewable Energy Jobs Reach 12 Million Globally. [online] Available at: https://www.irena.org/news/pressreleases/2021/Oct/Renewable-Energy-Jobs-Reach-12-Million-Globally.
  38. marxists.org. (n.d.). The Alienation of Modern Man by Fritz Pappenheim. [online] Available at: https://www.marxists.org/subject/alienation/pappenheim.htm.
  39. mpamag.com. (n.d.). How many empty homes are there in England? [online] Available at: https://www.mpamag.com/uk/mortgage-types/residential/how-many-empty-homes-are-there-in-england/437584.
Paylaş
FacebookTwitter

Facebook Comment

abunə olun

BRI yerli və beynəlxalq auditoriyaya Azərbaycanla bağlı təhlil, rəy və araşdırmalar təqdim etmək məqsədi daşıyan müstəqil ekspertlər tərəfindən yaradılmış beyin mərkəzidir.

bg
For the full operation of the site you need to enable JavaScript in your browser settings.