fbpx

Cəmiyyət

Cəmiyyət

Qazaxıstan: Avtoritar rejimdə hakimiyyət dəyişikliyinin qanla nəticələnməsi

Read this article on other language
Download article
image_pdf
image_pdf

Avtoritar və korrupsioner rejimlərdə hakimiyyət dəyişikliyi heç vaxt asan olmur. Bir nəfər bütün sistemin bel sütunudur və əvəzolunmaz görünür. Onun ailəsindən başlayaraq ətrafı çəkinir ki, birbaşa öz yaxın çevrələrindən olmayan kimsə hakimiyyətə gələcəyi təqdirdə onların bien mal acquisini, yəni çirkli yollarla əldə etdiyi varidatı təhlükə altına qoya bilər. Hakim klanın rəqib gördüklərini iqtisadi, siyasi cəhətdən bəzən qəddar üsullarla, rejimin ədalətsiz gücü ilə əzdiyinə görə düşməni çoxdur. Qazaxıstanda son baş verən və artıq 227 adamın (rəsmi rəqəmlərə görə) öldüyünə görə tez-tez Qanlı yanvar adlandırılan hadisələr belə təbii qanunun qorxulu bir nümunəsidir.

Qazaxıstanda 2022-ci ilin tarixi yanvarı ayın 2-də dinc və həqiqi sosial-iqtisadi etirazlarla başladı. Səbəb hökumətin maye qaz üçün yeni elektronik qiymət sistemini tətbiq etməsi və bu addımın nəticəsində bir gecədə avtomobillər üçün həmin qazdan olan yanacağın qiymətinin iki dəfə artması idi. Artıq ayın 3-ü və 4-də etirazlar əvvəl siyasi islahatlar tələb edən hərəkata və sonra, ayın 5-i və 6-sı isə əsasən Almatıda, qismən də böyük ərazisi olan respublikanın onlarla digər şəhərində qanlı iğtişaşlara çevrildi. Almatıda hakimiyyətin tamamilə itirilməsi təhlükəsi ilə qarşılaşan Prezident Kasım-Jomart Tokayev ayın 5-də elan etdi ki, o, Qazaxıstan Təhlükəsizlik Şurasının rəhbəri vəzifəsini öz üzərinə götürür. Bu vəzifəni 2019-cu ilin martından sabiq Prezident Nursultan Nazarbayev tuturdu və bu, Qazaxıstanda hakimiyyətin təmərküzləşdiyi vəzifə idi.

Məhz bu bəyanat ölkədə 30 illik Nazarbayev hakimiyyətinə son qoydu. Beləliklə, Qazaxıstanda üç ildir tamamlanması uzanan hakimiyyət dəyişikliyi nəhayət ki, baş verdi. Kasım-Jomart Tokayev özünü ağasından azad edərək, Qazaxıstan Respublikasının həqiqi prezidentinə çevrildi.

Tokayevi varis olaraq əvvəl, 2019-cu ilin martında müvəqqəti prezident kimi təyin etmək, arxasınca iyul ayında saxtalaşdırılmış seçkilərdə seçdirmək avtokrat Nazarbayev üçün çətin bir qərar idi. Tokayev heç bir regional klana və biznes qrupuna bağlı olmadığı üçün həm daxili siyasət, həm də Rusiyanın məşhur Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutunu bitirmiş, uzun illər Çində (Tokayev Çin dilində yüksək səviyyədə danışır) və Qərbdə işləmiş təcrübəli diplomat kimi xarici siyasət nöqteyi-nəzərindən məqbul namizəd idi. O, Nazarbayevin yeritdiyi multivektoral xarici siyasətin əsas arxitektorlarından sayılır. Lakin bu, guya nümunəvi tərcümeyi-halına və Nazarbayevə sadiqliyinə baxmayaraq, Tokayev Qazaxıstanın ilk Prezidentinin klanının üzvü sayılmırdı.

Mənbələr deyir ki, Nazarbayevin 2019-cu ildə bu qərarı verməsinə qonşu Özbəkistanın sabiq Prezidenti Kərimovun 2016-cı ildə ölümündən sonra onun ailəsinin başına gətirilənlər və varidatlarının böyük hissəsinin əllərindən alınması təsir etmişdi. 1940-cı ilin iyul ayında anadan olmuş Nazarbayev bu qərara gəlmişdi ki, o, nümunə kimi baxdığı sabiq Sinqapur rəhbəri Li Kuan Yu kimi hakimiyyət dəyişikliyini özü təşkil etməlidir. Sözsüz ki, Nazarbayevdə də onun kimi varis olaraq öz ailəsindən kimisə təyin etmək niyyəti var idi. Görünür, məhz bu səbəbdən o, 2019-cu ilin mart ayında qızı Dariqanı da Senatın rəhbəri təyin etmişdi. Bu addımın riskləri də vardır. Hamının yadındadır ki, sabiq Misir Prezidenti Hüsnü Mübarəkin oğlu Camalı özünün varisi elan etmək istəyini ictimai şəkildə dilə gətirməsi sonunun başlanğıcı oldu.

Nazarbayev tam hakimiyyət dəyişikliyi ssenarisini düşünməmişdi, sadəcə neqativ Özbəkistan təcrübəsi onu dəyişiklik əməliyyatına başlamağa vadar etmişdi. 2019-cu ilin martında o, 30 ildir əyləşdiyi Prezident kürsüsünü sadiq Tokayevə ötürdü.  Lakin eyni zamanda Tokayevi bir çox səlahiyyətlərindən məhrum edib, həmin səlahiyyətləri yeniləndirilmiş Təhlükəsizlik Şurasının rəhbəri kimi özünə götürdü. Qazaxıstanda balanslaşdırılmamış ikihakimiyyətlilik hökm sürürdü, bir tərəfdən zəif Ağ Orda (Prezident Administrasiyası) və digər tərəfdən isə güclü Kitabxana (Qazaxıstan Respublikasının ilk Prezidentinin kitabxanasında Təhlükəsizlik Şurasının ofisi yerləşirdi). Üç il ərzində Qazaxıstanın sanki ikibaşlı hakimiyyəti var idi. Rusiyalı siyasi elmlər mütəxəssisi  Tatyana Stanovayanın dediyinə görə, Vladimir Putin Nazarbayevə bunu etməməyi məsləhət görmüşdü, çünki ikibaşlı dövlət qaçılmaz olaraq qeyri-stabilliyə aparır. (Qeyd etmək lazımdır ki, Putin özü də 2008-ci ildə oxşar eksperiment həyaya keçirmişdi. Medvedyevi prezident seçdirmiş, özü isə baş nazir olmuş, lakin dörd il sonra yenidən prezident kürsüsünə qayıtmışdı.)

Sonda qeyri-stabillik hardansa zühur etdi. Onun birinci səbəbi Janaozendə 2011-ci ildə sonu qanla bitmiş, aylarla davam edən tətillərə baxmayaraq,  xalqın tələblərinin dərinliyini başa düşməyən Qazax avtoritar sisteminin xarakterik zəifliyi idi. Həmin vaxt da Janaozendə etirazlara təkan verən maye qaz qiymətinin gecə ikən bir litr üçün 60 təngədən ($0.14) 120 təngəyə ($0.28) qaldırılması olmuşdu. Qazaxlar maye qaz qiymətinin ikiqat qaldırılmasını hakim klanın acgözlüyünün nəticəsi kimi qiymətləndirirdilər.

2022-ci ilin yanvar ayının 2-dən başlayan nümayişçilər tezliklə hər yerdə “Şal ket!” (“Ay qoca, get!”) şüarları səsləndirməyə başladılar. Şüarlar Nazarbayevi hədəf alırdı. Demək olar ki, heç bir etirazda Tokayevə qarşı nəsə deyilmirdi. Məhz sabiq Qazaxıstan Prezidenti və onun klanı inflyasiyanı manipulyasiya etməkdə, korrupsioner kimi 18,75 milyon qazaxıstanlını qarət etməklə varlanmaqda, ölkəni Avrasiya İttifaqına soxmaqda (bu İttifaq xüsusilə də vergi rüsumları vasitəsilə sadə qazaxıstanlıların rifahına mənfi təsir edirdi)  ittiham edilirdi.

Lakin qeyri-stabillik və hətta yanvarın 5-i və 6-sında baş verən xaosun mənbəyi əsasən hakim ailə idi. Yanvarın 7-də Nazarbayev klanının üzvlərinin Almatıda və təxminən ölkənin digər on rayonunda baş verən qanlı hadisələrdə rolu haqqında məlumatlar üzə çıxmağa başladı. Məşhur Fergana.ru saytı Terrorçu tranziti adlı yazı dərc etdi. Nazarbayev klanının bəzi üzvləri, başda yaxın qohumu Kayrat Satıbaldı Almatıda xaos yaratdılar. Satıbaldı digər sahələrlə yanaşı, həmçinin bank və telekom sektorlarında fəal olan varlı sahibkardır. Amma həm də Qazaxıstanın hüquq-mühafizə orqanlarında, mühafizəkar (hətta radikal da demək olar) islamçı dairələrdə, həmçinin Mərkəzi Asiyanın kriminal aləmində müəyyən nüfuz sahibidir.

Fergana.ru ilə yanaşı bizim özümüzün Qazaxıstanda olan mənbələrimizə əsasən, Satıbaldı və onun o vaxt ölkənin Milli Təhlükəsizlik Komitəsində ikinci şəxs olan qardaşı Səməd Abış özlərinin Almatıdakı mərkəzlərindən başlayaraq bütün ölkədə xaos yaymaq istəyirdilər ki, Tokayevi istefaya məcbur etsinlər. Almatı, xüsusən polisin küçələrdən və şəhərin beynəlxalq aeroportundan yoxa çıxmasından sonra, tamamilə nəzarətdən çıxmışdı. Bu vəziyyət açıq şəkildə onu nümayiş etdirirdi ki, ölkənin təhlükəsizliyi üçün məsul olan əsas şəxslər sosial-iqtisadi tələblərlə başlayan nümayişlərdən öz siyasi məqsədlərini həyata keçirmək üçün istifadə etməyə cəhd göstərirdilər. Satıbaldının hadisələrdəki iştirakı artıq Tokayevin nəzarətində olan hakimiyyət strukturlarının qeyri-stabillik törətmək istəyən daxili qüvvələr barədə danışmasının səbəbi ola bilərdi.

Bizim Qazaxıstanın hakim dairələrindən olan iki mənbəmizin verdiyi məlumata görə, yanvar ayının 5-də 2016-cı ildən ölkənin Milli Təhlükəsizlik Komitəsinin rəhbəri vəzifəsində oturan  Kərim Məsimov Ağ Ordaya gedərək Tokayevlə görüşmüş və ondan istefa verməyi tələb etmişdi. Bir gün sonra isə o, xəyanətdə ittiham edilərək həbs edildi. Onun bir neçə yaxını da həbsə atıldı. Səməd Abışın taleyi naməlumdur. Əvvəl dedilər həbs olunub, sonra bu xəbər təkzib olundu, ardınca tətildə olduğu xəbəri yayıldı, nəhayət işdən çıxarılması, yaxud istefası xəbəri təsdiq edildi.

Böhranın başlanmasından sonra ilk dəfə yanvarın 9-da, şənbə günü Nazarbayev hadisələr barədə sözçüsü tərəfindən edilmiş bəyanatla mövqe bildirdi. O, hamını Prezident Tokayev ətrafında birləşməyə çağırdı. Nazarbayev özünü elə apardı ki, sanki bu bir həftədən çox çəkən böhran zamanı Tokayevin yanında olub. Əgər həqiqətən də belə olubsa, onda nəyə görə Nazarbayev elə dərhal camaatı iğtişaşlara yol verməməyə çağırmırdı? Niyə dərhal camaatı indiki prezidentin arxasında birləşməyə dəvət etmirdi? Onun və Tokayevin inkar etməsinə baxmayaraq, görünür, Nazarbayevin Tokayevə qarşı olmamasının, həmçinin Tokayev və onun komandasının Nazarbayevə qarşı düşmənçilik nümayiş etdirməməsinin səbəbi böhranlı yanvar günlərində pərdə arxasında onlar arasında gedən alver xarakterli danışıqlar idi.

Almatının tamamən nəzarətdən çıxacağı anda Tokayev Rusiyanın rəhbəri olduğu hərbi koalisiyaya – Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına – müraciət etdi. Tokayev hakimiyyəti götürdüyü elə ilk gündəcə qazax elitasının bəzi üzvlərinin çirkli oyunları nəticəsində Rusiyaya borclu düşdü. Tokayevin qələbəsi aydın olan kimi (mənim fikrimcə bu qələbə Tokayevin hakimiyyəti ələ götürmək cəhdindən daha çox hadisələrin doğurduğu zərurətin və sabiq hakim klandan olan bəzilərinin çirkli vasitələrə əl atmasının nəticəsi idi) Nazarbayevlərin rəsmi vəzifələrindən uzaqlaşdırılmasına start verildi. Məsələn, yanvarın 15-də Nazarbayevin üç kürəkənindən ikisi – Kayrat Şaripbayev (Dariqanın qeyi-rəsmi nikahda olduğu adam) və Dimaş Dosanov (Aliyənin əri) bir-birinin arxasınca KazakhGazKaztransoilin rəhbər şuralarından istefa verdilər. Bir neçə digər ailə üzvü də vəzifələrini itirdilər, Dariqa özünün Senatdakı kürsüsündə görünmədi və hakim Nur Otan partiyasının Siyasi Şurasından uzaqlaşdırıldı.

Nazarbayevin komandası parçalanıb və Qanlı yanvarda çirkli rollarına baxmayaraq mövqelərini qoruya bilərlər. Klanın ən güclü üzvü ikinci kürəkən Timur Kulibayev (Dinara ilə evlidir və cütlük birlikdə 6 milyard ABŞ dolları məbləğində var-dövlətə sahibdirlər) öz mövqelərini deyəsən qorudu. Cənab Neft ləqəbli Kulibayev öz adamlarından biri olan Bolat Akşulakovu Enerji naziri vəzifəsinə təyin etdirə bilib. Yenə də Kulibayevin yaxınlarından olan əvvəlki Enerji naziri Maqzum Mirzaqaliyev isə maye qazın qiyməti məsələsini idarə edə bilməməsinə baxmayaraq Tokayevin müşaviri təyin olunub. Tokayevin ətrafındakı mənbələrimizin dediyinə görə, özünü illərdir neytral kimi qələmə verməyi bacaran Kulibayev toxunulmaz görünür, çünki o, həddən artıq böyük əhəmiyyət daşıyır. Məsələn, onun Halyk adlı bankı Qazaxıstan bazarının 40%-nə nəzarət edir, o, ölkənin qərbindəki neft ailələri arasında nüfuz sahibidir və Rusiya rəhbərliyinə yaxındır (O, yanvarın 25-də 2011-ci ildən bəri Qazpromun Direktorlar Şurasındakı üzvlüyünə yenidən seçilib).

Tokayev ölkənin regional və biznes qrupları içindəki zəif mövqeyini qazaxların könlünü almaqla kompensasiya etmək istəyir. Nazarbayev klanından olan “varlı oliqarxları” sərt tənqidə məruz qoyandan sonra o, dərhal əlavə etdi ki, “qazax xalqına layiq olduğunu verməyin vaxtı çatıb.” Bunun ardınca o, varlı qazaxların ölkənin sosial rifahına maddi töhfə vermələri üçün yeni respublika fondunun yaradılmasını bəyan etdi. Çoxları bunu pozitiv addım kimi dəyərləndirir. Lakin bu, çox guman, tam əksinə Tokayevin sistemdə köklü dəyişiklik etmək istəmədiyini göstərir. Çünki o, əks halda sadəcə vergi məcəlləsində islahat aparar, daha oliqarxları siyasi motivlərlə bac verməyə məcbur edəcək alət yaratmazdı.

Qazaxıstanda 2022-ci ilin yanvarı Nazarbayev sisteminin bu vaxta qədər böyük zəifliklərini sadəcə ört-basdır etdiyini göstərdi. Məşhur qazax siyasi elmlər mütəxəssisi Dosim Satpayevin Facebook yazısında göstərdiyi kimi “illərlə qazax səlahiyyətlərinin güman etdiyinə rəğmən ölkənin stabilliyinə elitadaxili konfliktlər hər hansı dinc demokratik müxalifətdən daha böyük təhlükədir.”

 

 

Paylaş
FacebookTwitter

Facebook Comment

abunə olun

BRI yerli və beynəlxalq auditoriyaya Azərbaycanla bağlı təhlil, rəy və araşdırmalar təqdim etmək məqsədi daşıyan müstəqil ekspertlər tərəfindən yaradılmış beyin mərkəzidir.

bg
For the full operation of the site you need to enable JavaScript in your browser settings.