Cəmiyyət

Cəmiyyət

Könüllülük şərtləri

Read this article on other language
Download article
image_pdf
image_pdf

Könüllülük anlayışı miqrasiya ilə bağlı normativ məsələləri müzakirə etmək baxımından mühüm əhəmiyyət kəsb edir. Bir tərəfdən, qeyri-könüllü miqrantların getdikləri ölkəyə qarşı daha ciddi iddialar irəli sürməyə, ölkəyə gəlmək və ölkədə qalmaq üçün icazə verilməsini tələb etməyə haqlarının olduğu söylənilir. Çünki, məsələn, bu şəxslər dözülməz təqiblərin və ya təbii fəlakətlərin qurbanı olan qaçqınlardır. Bir şəxsin qeyri-könüllü miqrant olduğunu söyləmək onun miqrasiya seçiminin məcburi olduğunu göstərir. Bu səbəbdən miqrasiya həmin şəxsin iradə azadlığının təzahürü kimi qəbul edilə bilməz. Bu fikir problemlidir, çünki bu, o deməkdir ki, qeyri-könüllü miqrantın ehtiyacları ən ideal şəkildə miqrant qəbul edən ölkədə deyil, həmin şəxsin öz ölkəsində qarşılanmalıdır (məsələn, onun ölkəsinin iqtisadi və siyasi vəziyyətinin inkişafına kömək etmək yolu ilə). Digər tərəfdən, könüllü miqrasiya adicə seçim kimi qəbul edilir və buna görə də könüllü miqrantların getdikləri ölkəyə qarşı minimum tələblər irəli sürə biləcəkləri iddia edilir. Bu sonuncu fikir də problemlidir, çünki burada miqrant qəbul edən ölkələrin könüllü miqrantların həyat planlarına hörmət etmək və daha liberal miqrasiya siyasəti qəbul etməklə onların ehtiyaclarını qarşılamaq öhdəliyi olmadığı güman edilir.[1] Miqrantların hüquqları ilə bağlı bu cür mühüm nəticələrin yalnız onların könüllü və ya məcburi olması əsasında əldə edilə bilməyəcəyini düşünsək də, könüllülük anlayışını təhlil etməliyik.

Hərəkət nə zaman könüllü hesab olunur? Belə bir ssenari nəzərdən keçirək: evə gedərkən yolda rastlaşdığın soyğunçu deyir: “Ya pulun, ya da həyatın!” Bu vəziyyətdə sənin qarşında iki yol olacaq. Ya təhdidə boyun əyib pulunu ona verəcəksən, ya da müqavimət göstərərək ölüm riskini alacaqsan. Vəziyyəti qısaca nəzərdən keçirdikdən sonra sən təhdidə boyun əyməyə qərar verirsən. Pulunu təslim etmək hərəkətini könüllü hesab edə bilərikmi? Soyğunçu zorakılıq göstərərək gəlib pulu əlindən almayıb; pulun və həyatınla bağlı qərar verməyini istəyib. Sən iradəni bəyan edib, pulunu soyğunçuya verməyi seçdin. Bu hərəkətini sənin iradə azadlığının təzahürü kimi qəbul edərək pulu soyğunçuya könüllü verdiyini deyə bilərikmi?

Başqa bir misalı nəzərdən keçirək: Cozef Gebbelsin belə bir məşhur  deyimi var: “həbs düşərgəsindən qorxmadığı təqdirdə, hər kəs istədiyini yaza bilər.”[2] Həqiqətən də, nasist Almaniyasının vətəndaşları hər şeyi yazmaqda azad idilər, çünki heç kim onların öz fikirlərini yazmağına mane olmurdu. Heç kim kağız-qələmi onların əlindən almırdı. Lakin onların əksəriyyəti həbs olunmaq qorxusundan səssiz qalmağa üstünlük verirdi. Yəni hakimiyyətə qarşı olan fikirlərini açıq şəkildə ifadə etməmək qərarına gələndə nasist Almaniyasının vətəndaşları öz iradələrini sərgiləyirdilər. Öz iradələri nəticəsində səssiz qalmaqları onların səssizliyini könüllü edirdimi?

Hər iki nümunə barədə də biz intuitiv olaraq, gündəlik başa düşdüyümüz könüllülük anlayışına əsasən, demək istəyirik ki, nə sən pulunu soyğunçuya könüllü vermişdin, nə də nasist rejiminin tabeliyindəki almanlar könüllü olaraq səssiz qalmışdılar. Bu intuisiyanı daha dərindən duymaq üçün gəlin aşağıdakı misallara baxaq.

  1. Sən ölümdən qorxduğun üçün pulunu quldura verirsən.
  2. Nasist Almaniyasının əksər vətəndaşları həbsxanaya düşməkdən və ya öldürülməkdən qorxduqlarına görə öz düşüncələrini açıq ifadə etməkdən çəkinirdilər.

Bu misalları birləşdirən ümumi xüsusiyyət nədir? Hər iki misalda insanlar ona görə belə hərəkət edirdilər ki, bunu etməli olduqlarını hesab edirdilər – seçdikləri hərəkətə heç bir məqbul alternativ görmürdülər.

Bu düşüncə Serena Olsarettinin könüllülük anlayışında öz əksini tapmışdır. Bu anlayışa görə, bir şəxs bir hərəkəti bütün alternativlərin qəbuledilməz (qeyri-məqbul) olduğuna inandığı üçün icra etdiyi zaman qeyri-könüllü hərəkət edir. Burada məqbulluq meyarı obyektiv rifah meyarından asılıdır.[3] Könüllülük bivalent anlayışdır: yəni bütün hərəkətlər ya könüllüdür, ya da könüllü deyil. İnsan qeyri-könüllü hərəkət etmədikdə, könüllü hərəkət edir. Beləliklə, Olsarettinin təklif etdiyi könüllülük anlayışı aşağıdakı kimidir:

Könüllü hərəkət insanın bütün alternativlərin qəbuledilməz olduğuna inanmağı nəticəsində icra etmədiyi hərəkətdir.

    Könüllülüyün həm obyektiv, həm də subyektiv şərtləri mövcuddur.

    Birincisi, könüllülük ona görə obyektivdir ki, bir seçim variantının (yəni bir hərəkətə olan alternativin) məqbul olmadığını söyləmək insanın onu bəyənməməsi və ya onu qeyri-məqbul kimi dəyərləndirməsi mənasına gəlmir, əksinə bu, o deməkdir ki, həmin seçim təməl insani ehtiyacları qarşılamır. Belə bir ssenari təsəvvür et ki, bir insanın obyektiv baxımdan iki məqbul seçimi var: ab. Əgər insan b variantının mövcud olmasına baxmayaraq, yanlışlıqla onun təməl insani ehtiyaclarını qarşılamadığını hesab edərsə və nəticədə a variantını seçərsə, obyektiv nöqteyi-nəzərdən onun bu seçimi könüllü seçimdir.  Hətta o, özü seçiminin qeyri-könüllü olduğunu hiss etsə belə, bu seçim könüllüdür. Məsələn, təsəvvür et ki, qarşımda iki karyera seçimi var: mühəndis olmaq və dülgər olmaq. Obyektiv olaraq hər iki variant da məqbuldur. Düzdür, mühəndis olsam, daha çox pul qazanacağam, amma hər iki peşə də mənə təməl insani ehtiyaclarımı qarşılamağa imkan verəcək. Lakin səhvən hesab edirəm ki, dülgər olmaq məqbul seçim deyil, çünki bazarda dülgərə ehtiyac yoxdur deyə, dülgər olsam, işsiz qalıb təməl ehtiyaclarımı qarşılaya bilməyəcəyəm. Bu inamım yalnışdır, çünki bazarda dülgərə ehtiyac var. Amma mən bu yalnış inamıma əsaslanaraq mühəndisliyi seçirəm. Bu seçimim könüllüdürmü? Olsarettinin könüllülük anlayışına görə, mənim mühəndislik seçimim könüllüdür, çünki qarşımdakı hər iki karyera seçimim məqbul idi. Hətta mən mühəndisliyi məcbur seçdiyimi hesab etsəm belə, bu fakt dəyişmir.

    İkincisi, könüllülük subyektivdir, çünki hərəkətin könüllü olub-olmaması insanın öz qarşısında məqbul seçimlərin olub-olmadığına dair inamından (yanlış və ya doğru) asılıdır. Bir insanın qarşısında obyektiv baxımdan məqbul ola biləcək iki seçimin – xy-in olduğu oxşar ssenarini təsəvvür et. Əgər o, yanlışlıqla y variantının mövcud olmadığına inanırsa və nəticədə x variantını seçirsə, onun bu seçimi qeyri-könüllüdür. Y variantının mövcud olmasına baxmayaraq, onun bu variantın mövcudluğundan bixəbər olması və bu yanlış inama əsaslanaraq x variantını seçməsi onun x seçimini qeyri-könüllü edir. Məsələn, yuxarıdakı misala qayıdaq. Təsəvvür et ki, qarşımda məqbul iki karyera seçimim var: mühəndis olmaq və dülgər olmaq. Bu seçimlərin məqbul olduğunu bilirəm, amma səhvən inanıram ki, dülgər ola bilmərəm, çünki yaşadığım şəhərdə dülgərliyi öyrənə biləcəyim bir adam və ya qurum yoxdur. Halbuki bu inamım səhvdir, çünki şəhərimdə dülgərliyi öyrənə biləcəyim texnikum var. Amma bu yanlış inamıma – dülgərlik seçimimin olmadığını düşündüyümə görə mən mühəndisliyi seçirəm. Olsarettinin könüllülük anlayışına görə, mənim bu seçimim qeyri-könüllüdür, çünki bu seçimi məqbul alternativimin olmadığına inandığım üçün etmişəm.

    Olsarettinin də xülasə etdiyi kimi, alternativlərimizin mövcudluğuna dair yanlış faktual inanclarımız seçimlərimizi qeyri-könüllü edə bilər, fəqət bu alternativlərin təbiəti ilə bağlı yanlış mülahizələrimiz seçimlərimizi qeyri-könüllü edə bilməz.[4]

    Bəs miqrasiya nə zaman könüllüdür? Bu suala cavab verməzdən əvvəl icazə ver, iki məsələni dəqiqləşdirim. Birincisi, miqrasiyanın mövcud ədəbiyyatda dəqiq tərifi yoxdur, onun konkret nə zaman başlayıb, nə zaman bitdiyinə dair fikir ayrılığı var. Lakin miqrasiya deyiləndə yalnız qısa bir müddət – yəni bir məkandan digərinə köç etmək, yaxud da bir ölkədən çıxıb digərinə girmək nəzərdə tutulmur. Miqrasiyanı uzun bir dövrü əhatə edən proses kimi başa düşməliyik. Miqrasiya həm bir məkandan digərinə köçərkən olan qısa köç prosesini, həm də miqrantın getdiyi ölkədəki müəyyən bir  zaman kəsimini əhatə edir. Bu zaman kəsimi kontekstdən asılıdır, çünki hər ölkənin miqrantlarla bağlı qanunvericiliyi fərqlidir. İnsan miqrant statusunu daşıdığı müddətcə onun miqrasiyası davam edir. Başqa sözlə desək, sən Azərbaycanı tərk edib Almaniyaya köçsən, sənin miqrasiyan Almaniyaya daxil olduğun anda bitmir, sən Azərbaycana qayıdana, yaxud Almaniyada daimi yaşayış icazəsi alana, yaxud da Almaniya vətəndaşı olana qədər – yəni bir neçə il davam edir.

    İkincisi, mən miqrasiya deyəndə beynəlxalq miqrasiyanı, yəni bir insanın bir ölkədən digərinə mühacirət etməsini nəzərdə tuturam. Belə ki, yuxarıda da dediyim kimi, miqrasiyaya alimlər dəqiq tərif vermirlər. Belə olan halda, daxili miqrasiyadan danışmaq olduqca qəlizləşir, çünki ölkə daxilindəki hansı köçlərin daxili miqrasiya hesab edildiyini demək çətindir. Məsələn, Naxçıvandan Bakıya köçən adam daxili miqrantdırmı? Bəli. Bəs Biləcəridən Yasamala köçən adam necə – o da daxili miqrantdırmı? Buna cavab vermək çətindir. Bəs Yasamal daxilində evini dəyişdirən – məsələn, 20 Yanvar dairəsi yaxınlığından Elmlər Akademiyası tərəfə köçən adam da daxili miqrantdırmı? Buna da cavab vermək çətindir. Halbuki bir ölkədən digərinə köçən adamın miqrant olduğuna heç kəs şübhə etmir. Buna görə də mən miqrasiya deyəndə beynəlxalq miqrasiyanı nəzərdə tuturam, lakin könüllülüklə bağlı dediklərim daxili miqrasiyaya da şamil edilə bilər.

    Miqrasiya sahəsində əsas mütəxəssislərdən olan Valeriya Ottonelli və Titziana Torrezi iddia edir ki, könüllü miqrasiya üçün dörd zəruri şərt mövcuddur. Onların fikrincə, əgər bu dörd şərtdən – qeyri-zorakılıq, kafilik, informasiyaçıxış imkanı – hər hansı biri yerinə yetirilərsə, miqrasiya məcburi köçə çevrilir, yəni qeyri-könüllü hesab edilir. Mən hesab edirəm ki, bu dörd şərt Olsaretti tərəfindən daha öncə müəyyən edilmiş könüllülük anlayışının təfsilatlı izahı kimi təfsir olunmalıdır.[5] Yəni Ottonelli və Torrezi yeni və ya daha təkmil könüllülük anlayışı təklif etmirlər. Onlar açıq şəkildə bunu qeyd etməsələr və ya fərqində olmasalar da, əslində Olsarettinin inkişaf etdirdiyi könüllülük anlayışını miqrasiya kontekstində təfsilatlı izah edirlər.

    Miqrasiyanın bir proses olduğunu nəzərə alsaq, insanın miqrasiyada könüllülüyündən danışmaq onun uzun müddət ərzində könüllülüyündən danışmaq deməkdir. Gəlin yuxarıda adları çəkilmiş dörd zəruri şərt əsasında Gürcüstandakı bir rus miqrantının hipotetik vəziyyətinə nəzər salaq:

    Nikita Rusiyanın Ukraynaya hücumundan dərhal sonra müharibə əleyhinə nümayişlərə qoşuldu. Rusiyada qalsaydı, həbs oluna bilərdi. Bu, o deməkdir ki, Rusiyada yaşamaq onun üçün məqbul seçim deyildi. Həbsdən yayınmaq üçün o, Gürcüstana mühacirət etdi. Gürcüstandan Rusiyaya qayıtsa da, həbs oluna bilər. Bu, o deməkdir ki, Rusiyaya qayıtmaq da məqbul seçim deyil. Rusiyada potensial həbs təhlükəsindən yayınmaq üçün o, Gürcüstanda qalıb.

    Könüllülüyün birinci şərti qeyri-zorakılıqdır: miqrasiya zorakılıqdan irəli gəlirsə, qeyri-könüllü – yəni məcburi sayılır. Nikita əvvəlki siyasi fəaliyyətinə görə həbs olunacağı ilə bağlı üstüörtülü hədələrə məruz qalıb və o, potensial həbs təhlükəsindən yayınmaq üçün Gürcüstana mühacirət edib. Nikita kimi müharibəyə etiraz edənlər həbs edilirdilər və ya zorakılığa məruz qalırdılar. Bu taledən yayınmaq üçün Nikita bir çox rusiyalı kimi ölkəsini tərk etdi. Beləliklə, Nikitanın Gürcüstana mühacirət etməsi onun Rusiya hökuməti tərəfindən məcbur edildiyinə dair inancından irəli gəlir. Ona görə də bu miqrasiya qeyri-könüllüdür.

    İkinci şərt kafilikdir: İnsan öz təməl ehtiyaclarını qarşılaya bilmədiyini düşündüyü üçün yəni miqrasiyaya məqbul alternativlərinin olmadığı inamına əsaslanaraq miqrasiya edirsə, onun miqrasiyası qeyri-könüllüdür. Nikitanın mühacirətə alternativi, çox güman ki, həbsxana idi, bu da məqbul bir seçim deyil. Beləliklə, Nikitanın Gürcüstana köçməsinə onun Rusiyada həbs olunacağına dair inamının səbəb olduğunu nəzərə alsaq, bu köç qeyri-könüllü sayılmalıdır.

    Üçüncü şərt informasiyadır: Miqrasiya səhv məlumata əsaslanırsa, yəni miqrantın doğru məlumata çıxışı olsa, ölkəsini tərk etməyəcəkdisə, amma səhv məlumat əsasında başqa ölkəyə köçürsə, onda onun miqrasiyası qeyri-könüllüdür.[6] Miqrasiya kontekstində informasiya şərti miqrasiyaya məqbul alternativlər haqqında fərdləri məlumatlandıran hər hansı bilik və ya məlumatları əhatə edir. Nikitanın işində informasiya şərti qənaətbəxşdir. Verilmiş nümunədə Nikitanın köçməsinin hər hansı yanlış məlumata əsaslanmasına dair heç bir ehtimal yoxdur. Lakin bu misalda informasiya şərtinin təmin olunması Nikitanın köçünün könüllü olduğunu göstərmir. Çünki miqrasiyanın qeyri-könüllü olması üçün dörd şərtin hamısının yerinə yetirilməsi vacib deyildir. Əksinə, bunlar miqrasiyanın könüllü olması üçün dörd zəruri şərtdir: onlardan hər hansı birinə əməl etməmək köçü qeyri-könüllü edir. Nəticə etibarilə, digər üç şərtdən ən azı birinə cavab verilməzsə, yenə də köç qeyri-könüllü hesab edilir. Nikitanın miqrasiyası ilə bağlı vəziyyət məhz belədir.

    Dördüncü şərt çıxış imkanıdır. Miqrasiyanı könüllü edən şey təkcə insanın ölkədən çıxarkən məqbul alternativlərinin olması deyil, insanın miqrasiya davam etdiyi müddətdə, yəni ölkə xaricində də miqrasiyanı dayandırmaq – ölkəsinə qayıtmaq imkanının olmasından asılıdır. Başqa sözlə desək, miqrasiya o zaman könüllüdür ki, miqrantın yaşadığı əcnəbi ölkədən çıxış imkanı var – onun öz ölkəsinə qayıtmaq imkanı məqbul alternativdir.[7] Çıxış imkanı şərti kafilik şərtinin davamı kimidir. Kafilik şərti insanın yerdəyişmə ilə bağlı ilkin qərarına, çıxış imkanı şərti isə qaldığı ölkədəki bütün miqrasiya prosesinə şamil edilir. Kafilik şərtində insanın məqbul imkanları ilə bağlı motivasiyasının nəzərə alındığını düşünsək, çıxış imkanı şərtində də könüllülüyü qiymətləndirərkən insanın motivasiyası nəzərə alınmalıdır. Beləliklə, çıxış imkanı şərtinin daha uyğun təfsiri bu şəkildə olardı: bir insanın olduğu ölkədə qalmaq qərarı çıxış imkanının olmadığına inanmasından qaynaqlanırsa, o, məcburi miqrant hesab olunur.

    Nikitanın Rusiyaya qayıdanda həbs olunma ehtimalı yüksək olduğu üçün onun çıxış imkanının olmadığını görürük. O, Gürcüstanda ona görə qalmağa davam edib ki, öz ölkəsinə qayıtmaq imkanı məqbul deyil, yəni çıxış imkanı yoxdur. Lakin Nikita Gürcüstanda yaşamaqdan zövq aldığı üçün orada qalmağı seçsəydi, hətta çıxış imkanı olmasa da, onun miqrasiyası könüllü olacaqdı. Çıxış imkanlarının bu cür təfsiri könüllülük haqqında təsəvvürlə üst-üstə düşür: belə ki, miqrasiyanın könüllülüyünün müəyyən edilməsində həm məqbul imkanların obyektiv reallığı, həm də miqrantın bu imkanlarla bağlı motivasiyasının zəruriliyi əhəmiyyətlidir.

    Beləliklə, gördüyümüz kimi, yuxarıdakı dörd şərt məhz Olsarettinin könüllülük anlayışının miqrasiya kontekstində təfsilatlı izahından başqa bir şey deyil. Hər bir şərt insanın obyektiv olaraq miqrasiyaya məqbul seçiminin olub-olmaması və insanın subyektiv olaraq bu faktlara əsaslanaraq hərəkət edib-etməməsi barədədir.


    [1] Ottonelli, Valeria, and Tiziana Torresi. The Right Not to Stay: Justice in Migration, the Liberal Democratic State, and the Case of Temporary Migration Projects. Oxford: Oxford University Press, 2022, 65-9; Bartram, David. “Forced Migration and ‘Rejected Alternatives’: A Conceptual Refinement.” Journal of Immigrant & Refugee Studies, 2015, 439-41.

    [2] Sitat üçün bax: Gabor, Denis, and André Gabor. “An Essay on the Mathematical Theory of Freedom.” Journal of the Royal Statistical Society. Series A (General) 117, no. 1 (1954): 31–72, 42.

    [3] Olsaretti, Serena. Liberty, Desert and the Market: A Philosophical Study. Cambridge University Press, 2004,139-140; Olsaretti, Serena. “Debate: The Concept of Voluntariness—A Reply.” Journal of Political Philosophy 16, no. 1 (2008): 112–21, 112.

    [4] Olsaretti. “Debate,” 113.

    [5] Ottonelli and Torresi, The Right Not to Stay, 75-82.

    [6] Ottonelli, Valeria, and Tiziana Torresi. “Voluntariness and Migration: A Restatement.” Ethics & International Affairs 37, no. 4 (2023): 406–26, 408.

    [7] Ottonelli, Valeria, and Tiziana Torresi. “When Is Migration Voluntary?” The International Migration Review 47, no. 4 (2013): 783–813, 801.

    Paylaş
    FacebookTwitter

    Facebook Comment

    abunə olun

    BRI yerli və beynəlxalq auditoriyaya Azərbaycanla bağlı təhlil, rəy və araşdırmalar təqdim etmək məqsədi daşıyan müstəqil ekspertlər tərəfindən yaradılmış beyin mərkəzidir.

    bg
    For the full operation of the site you need to enable JavaScript in your browser settings.