fbpx

Cəmiyyət

Cəmiyyət

Laçınçılığın vəhşi iri qızılquşların mühafizəsinə təsiri

Read this article on other language
Download article
image_pdf
image_pdf

Laçınçılıq yırtıcı quşlardan istifadə edərək müxtəlif heyvanları ovlama üsuludur. Səfəvilər dönəmində bazdari adlandırılan bu sənət xüsusən əsilzadələr nəsli arasında geniş yayılmış məşğuliyyət idi. Əsilzadələrin hobbisi olmaqla yanaşı, laçınçılıq həm də qida təminatında vasitə kimi də istifadə olunmuşdur. Məsələn, 1474-cü ildə Təbrizdə olan italyan tacir Barbaronun qeydlərinə görə, Ağqoyunlu ordusu saraydan çıxarkən ovda istifadə etmək üçün özü ilə 250 yırtıcı quş, 100 hepard, 4000 tazı və digər itləri aparırdı (Allsen 2006). 19-cu əsrdə Cənubi Qafqaza səfər etmiş alman zooloq Qustav Radde bugünkü Azərbaycan ərazisində laçınçılığın hələ də geniş yayıldığını qeyd edir (Radde 1884).

Laçınçılıqda əsasən müxtəlif qırğıkimilərdən (qartallar, qırğılar) və iri qızılquşlardan istifadə olunur. Azərbaycanda 3 iri qızılquş növü qeydə alınıb: Şahin (Falco peregrinus), Ütəlgi (Falco cherrug) və Aralıq dənizi qızılquşu (Falco biarmicus). Ütəlgi Azərbaycandakı iri qızılquşlar arasında ölçücə ən böyüyü olub, həm də ən nadiridir. O, ölkə ərazisindən köç vaxtı müntəzəm keçir və burada qışlayır (Patrikiyev 2004). Azərbaycanda hər il qeydə alınan ütəlgilərin sayı 15-30 fərd arasında dəyişir (ETSN 2023). Laçınçılıq üçün ən yararlı ütəlgilər təbiətdən tutulmuş yetişkin quşlar hesab olunur (Allsen 2006). Bu da onların sayının azalmasında başlıca səbəblərdəndir. Belə ki, dünyada təqribən 12,200-29,800 baş ütəlgi var və ütəlgi nəsli tükənmək təhlükəsində olan növ kimi təsnif edilir (Birdlife International 2024).

Bəzi alimlər fərziyyə irəli sürmüşdülər ki, Qafqazda qışlayan ütəlgiləri yaz aylarında Aralıq dənizi qızılquşu əvəz edir, buna görə də ütəlgilər çoxalmır (Дементьев & Гладков 1951, 117). Lakin ütəlgilərin qonşu Türkiyə, İran, Ermənistan və bəzən Gürcüstanda çoxaldığını və Azərbaycanda çoxalma dönəmində olan müşahidələrini nəzərə alsaq, onların burda da çoxalması ehtimal olunurdu. Bu ehtimal ilk dəfə 2022-ci ildə bir qrup xarici quş müşahidəçiləri tərəfindən təsdiq olundu. Müşahidəçilər qeyd edirlər ki, dişi ütəlginin hər iki ayağında qayışlar olub, bu isə onun laçınçılıqda istifadə olunan bir quş olub sonradan təbiətə qaçmış olması ehtimalını göstərir. Müşahidəçilər əlavə edirlər ki, quş heç bir vəhşi yırtıcı quşdan fərqli davranmayıb. Məlumdur ki, yırtıcı quşlar sahibləri tərəfindən ovçuluqda istifadə üçün öyrədildiyindən, digər eqzotiklərdən fərqli olaraq təbiətə uyğunlaşa bilirlər (Rivas-Salvador et al. 2021). Lakin bunun əksini göstərən hesabatlar da mövcuddur. Birləşmiş Ərəb Əmirliyindən olan laçınçıların təşəbbüsü ilə BƏƏ-də laçınçılıqda istifadə olunmuş və digər məqsədlərlə tutulmuş 1545 qızılquş (726 ütəlgi, 819 şahin) 1995-2013-cü illər arasında Qazaxıstan, Qırğızıstan, Pakistan və İranda təbiətə buraxılıb. Quşların 10%-də olan GPS ötürücülərdən əldə olunan məlumata əsasən, onların heç biri vəhşi təbiətə adaptasiya olaraq nəsil artıra bilməyiblər (Kovács et al.) . Hətta bu quşların 12-sinin insanlar tərəfindən yenidən tutulduğu ehtimal olunur (Muller 2013).

Hazırda Azərbaycanda laçınçılığı tənzimləyən xüsusi icazə mövcud deyil. Az sayda olsa da, qeyri-qanuni formada bu hobbi ilə məşğul olan şəxslər var. Belə ki, ütəlgilər laçınçılar arasında olduqca dəyərli hesab olunur və Asiyada onların yuvasından bala quşları laçınçılara satmaq üçün götürülməsi növün mühafizəsini çətinləşdirən amillərdəndir. Azərbaycanda da növün ərəb ölkələrindən olan laçınçılara satmaq üçün qeyri-qanuni tutulduğunu nəzərə alsaq (Kovács et al.), laçınçılar və saxladıqları quşlara nəzarət vacibdir.

Beləliklə, nəzarətsiz təbiətdən götürülməyə əsaslanan laçınçılıq fəaliyyəti iri qızılquşların mühafizəsində ciddi problemlər yaradır. Siyeliçki laçınçılığın növlərin mühafizəsi üçün faydalı vasitə ola biləcəyini iddia edərək, laçınçı şəxs və qurumların təşəbbüskarlıq etdiyi bir neçə layihədən misal gətirir (Sielicki 2016). Qeyd olunur ki, 2014-cü ildə Monqolustanda 5000 süni yuva qurlaşdırılmış, 3000-dən çox bala dünyaya gəlmiş və buna qarşılıq olaraq 2014-cü ildən bəri hər il vəhşi ütəlgilərin tutulması üçün 300 lisenziya verilmişdir (Sielicki 2016). Bir hesablamaya görə, 1997-2010-cu illər arasında Monqolustanda tutulmuş 3141 ütəlgi quşu (dünya populyasiyasının 10-26%-i) başda Körfəz ölkələri olmaqla 7 ölkəyə ixrac edilmiş və təkcə 2010-cu ildə bu ticarətdən Monqolustan iqtisadiyyatına təqribən 3 milyon dollar gəlir əldə olunmuşdur (Dixon et al. 2011). Bu isə növün çoxalması üçün süni yuvaların qurlaşdırılmasına qarşılıq olaraq ciddi miqdarda vəhşi ütəlginin tutulduğunu göstərir.

Laçınçılıqda istifadə olunan quşların təbiətə buraxılmasında ən böyük problem onların yerli qızılquşların gen hovuzunu pozaraq hibridlərin (iki və daha çox növün qarışığı) yaranmasına səbəb ola bilməsidir (Rivas-Salvador et al. 2021). 1975-2020-ci illər arasında xüsusən laçınçılıqda istifadə olunmaq məqsədiylə qanuni ticarəti təşkil olunmuş yırtıcı quşların (ümumilkdə  188 min 149 quş) 26.8%-ni müxtəlif hibridlər təşkil edir (Connor et al. 2023). Bu da laçınçılıqda istifadə olunan quşlarda hibridlərin yüksək payı olduğunu göstərir. Qafqazda laçınçılıqdan qaçan qızılquşların sayının artması ütəlgi və digər iri qızılquşların çoxalma populyasiyalarının genetik bütövlüyü ilə bağlı narahatlıq doğurur və təcili mühafizə tədbirlərinə ehtiyac yaradır. Azərbaycanda qeydə alınmış dişi ütəlginin laçınçılıq fəaliyyətindən olan mənşəyini nəzərə alsaq, onun da naməlum hibrid genləri daşıması və nəticədə təbiətə ötürməsi ehtimalı var.

Azərbaycanda son illərdə əvvəllər laçınçılıqda istifadə edilən quşların “genetik müxtəlifliyi artırmaq” adı altında vəhşi təbiətə buraxılması üzrə lahiyələr icra olunur (Azərtac 2023). Laçınçılarda olan qızılquşlar, xüsusən də festivallarda istifadə olunan quşlar arasında müxtəlif hibridlərdən geniş istifadə edildiyini nəzərə alsaq, təbiətə buraxılan quşların bəzilərinin hibridləşməyə töhfə verməsi və yerli genofonda mənfi təsir göstərməsi riski var. Azərbaycanda laçınçılıqda istifadə olunmuş şahinlərin təbiətə buraxılması barədə ilk təklif 2017-ci ildə Azərbaycan ilə Qətər Dövləti arasında imzalanmış, kökü kəsilmək təhlükəsi qarşısında olan vəhşi təbiətin qorunması və onun təbii mühitinin mühafizəsi sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumuna əsaslanır. Bu layihəni icra edən tərəflər isə  Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə Qətər Şahinlər Assosiasiyası kimi tanınan Əl-Qannas cəmiyyətidir (Qatar News Agency 2023). 2020-2023-cü illər arasında bu kampaniyalar çərçivəsində 250-ə yaxın şahin quşu Azərbaycan təbiətinə buraxılmışdır (Abdullayeva 2022, Seymurqızı, 2024).

Nə etməli? Buraxılmış quşların hibrid olmadığını təsdiqləmək üçün lazımi genetik testlər aparılmadığı müddətcə bu xarakterli kampaniyalar dayandırılmalıdır. Buraxılan fərdlər hibrid olmasa belə, Azərbaycanda çoxalan Qafqaz şahini yarımnövünün (lat. Falco peregrinus brookei) gen hovuzunun qorunması məqsədiylə bu tədbirlərin çoxalma dönəmi ilə üst-üstə düşməməsinə diqqət yetirmək lazımdır. Çünki yerli olmayan şahin yarımnövlərinin yuvalayan yerli şahinlərin gen hovuzunu pozduğu və yarımnövlər arasında da hibridləşməni artırdığı məlumdur (Lindberg and Nesje 2002). Davamlı monitorinq və mühafizə təşəbbüsləri Azərbaycanda nəsli kəsilməkdə olan bu növün çoxalma mühitini və populyasiyasını qorumaq üçün çox vacibdir. Xüsusən də iri qızılquşların laçınçılıqda istifadə olunmaq üçün qanunsuz ticarətini nəzərə alsaq, Azərbaycanda çoxalan iri qızılquşların yuvaların mühafizəsi böyük əhəmiyyət kəsb edir. Əlavə olaraq, yerli iri qızılquşların genefondunu qorumaq məqsədi ilə laçınçılıqda istifadə olunmuş qızılquşların təbiətə buraxılmasının qarşısı alınmalır.

 

Ədəbiyyat:

Abdullayeva Samirə. 2022. Azərbaycan təbiətinə buraxılan şahin quşlarının sayı açıqlanıb. report.az üçün. Baxılıb 08.03.2024 (https://report.az/ekologiya/azerbaycan-tebietine-buraxilan-sahin-quslarinin-sayi-aciqlanib/)

Allsen, T. (2006). The Royal Hunt in Eurasian History. Philadelphia: University of Pennsylvania Press.

Azərtac (2023). Şahin quşlarını Qətərdən gətirib təbiətə buraxmaqla dünya faunasını da dəstəkləyirik. 01.04. 2023, Bakı. Baxılıb 15.03.2024 (https://azertag.az/xeber/sahin_quslarini_qeterden_getirib_tebiete_buraxmaqla_dunya_faunasini_da_destekleyirik-2553839)

BirdLife International (2024) Species factsheet: Falco cherrug. Downloaded from https://datazone.birdlife.org/species/factsheet/saker-falcon-falco-cherrug on 06/03/2024.

Connor T. Panter, Georgia C.A. Jones, Rachel L. White (2023). Trends in the global trade of live CITES-listed raptors: Trade volumes, spatiotemporal dynamics and conservation implications, Biological Conservation, Volume 284, 110216.

Dixon, A., N. Batbayar, G. Purev-ochir, and N. Fox. (2011). Developing a sustainable harvest of saker Falcons (Falco cherrug) for falconry in Mongolia. In r. t. Watson, t. J. Cade, M. Fuller, G. hunt, and E. Potapov (Eds). Gyrfalcons and Ptarmigan in a changing World. The Peregrine Fund, Boise, Idaho, USA.

Дементьев Г. П. & Н. А. Гладков. (1951) Птицы Советского Союза. Москва: Советская наукa.

ETSN, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Zoologiya İnstitutu, Milli Elmlər Akedemiyası. 2023. Azərbaycan Respublikasinin Qırmızı Kitabı – Fauna. III cild.

Kovács, A, NP Williams, & KA Galbraith. 2014. Saker Falcon Falco cherrug Global Action Plan. CMS RaptorsMOU Technical Publication No 2 CMS Technical Series No 31.

Lindberg P, Nesje M (2002) Lost falconers birds and hybridfalcons – Do they have an impact on European peregrinefalcon (Falco peregrinus) populations ? — A case study oflost falconers birds breeding in Sweden. In: Yosef R,Miller ML, Pepler D (eds) Raptors in the new millen-nium — world conference on birds of prey & owls, Raptor2000. International Birding & Research Center, Eilat, Israil.

Muller, M.G. (2013) H.H. The Late Sheikh Zayed Falcon Release Program (SZFR). Saker Falcon Task Force – Stakeholders’ Action Planning Workshop. 10 September 2013. Abu Dhabi Falcon Hospital.

Patrikiyev M. (2004). Azərbaycanın quşları [The Birds of Azerbaijan]. Pensoft Series Faunistica No 38, Sofia/Moscow.

Qatar News Agency (2023). Al-Gannas Releases 55 Falcons in Azerbaijan. Achieved on 08.03.2024 via  https://www.qna.org.qa/en/News%20Area/News/2023-04/08/0014-al-gannas-releases-55-falcons-in-azerbaijan

Radde, G. 1884. Ornis Caucasica: die Vogelwelt des Kaukasus. Verlag von Theodor Fischer, Kassel.

Rivas-Salvador, Javier & Aguilera-Alcalá, Natividad & Tella, José & Carrete, Martina (2021). Assessing the introduction of exotic raptors into the wild from falconry. Biological Invasions. 23. 1-10.

Sielicki, Janusz. (2016). Falconry as a biodiversity conservation tool. Conference Material: Falconry – its influence on biodiversity and cultural heritage. At: Suprasl, Poland.

Seymurqızı Gülər (2024). Ötən il 16 ceyran, 66 şahin quşu təbiətə buraxılıb/report.az üçün. Baxılın 08.03.2024 (https://report.az/ekologiya/oten-il-16-ceyran-66-sahin-qusu-tebiete-buraxilib/)

 

Paylaş
FacebookTwitter

Facebook Comment

abunə olun

BRI yerli və beynəlxalq auditoriyaya Azərbaycanla bağlı təhlil, rəy və araşdırmalar təqdim etmək məqsədi daşıyan müstəqil ekspertlər tərəfindən yaradılmış beyin mərkəzidir.

bg
For the full operation of the site you need to enable JavaScript in your browser settings.