Cəmiyyət

Cəmiyyət

Mədəniyyətlərarası mübadilə təcrübəsi: mühacir almanlar və yerli azərbaycanlılar

Read this article on other language
Download article
image_pdf
image_pdf

Çikaqo Universitetinin siyasi elmlər üzrə professoru David Laitin məqalələrinin birində uşaqlıq xatirələrindən bir epizodu təsvir edir. Laitin yazır ki, Nyu-Yorkun Flatbuş məhəlləsindən olan  yəhudi uşaqlar hər gün məktəbə gedərkən qonşu məhəllədən olan və Müqəddəs Brennan məktəbində təhsil alan italyan şagirdlər tərəfindən təhqirə, bəzən isə hücuma məruz qalırdılar. Yəhudi məktəbin direktoru italyan uşaqların təhsil aldığı məktəb direktoruna bu haqda tez-tez məlumat verər və tədbirlər görülməsini xahiş edərdi, lakin nə yəhudi, nə də italyan direktor milliyyətcə irland olan polis rəisinə bu haqda məlumat verməyi lazım bilərdilər. Laitinin bu təsviri ABŞ hakimiyyəti altında yaşayan iki millətin, yəhudi və italyanların münasibətlərinin necə tənzimlənməsi haqqında maraqlı bir nümunədir. Bu nümunə bəzi fərqliliklər nəzərə alınmazsa, bəlkə də, 19-cu əsrin əvvəllərində Almaniyanın Vürtenberq vilayətindən Cənubi Qafqaza köçmüş xristian almanlarla yerli müsəlman türklər (bundan sonra azərbaycanlı kimi qeyd olunacaq)[1] arasında münasibətlərin necə qurulmasını da izah edə bilər. ABŞ təcrübəsi ölkə vətəndaşları olduqları halda, dövlət strukturlarına müraciət etmək istəməyən italyan və yəhudilərin  gündəlik problemlərini xalq diplomatiyası ilə həll etməyin bir nümunəsidir. Azərbaycan təcrübəsi isə imperiya təbəəsi olmayan azərbaycanlı və almanların (onlar təbəə statusunu yarım əsr sonra ala bilmişdilər) sosial münasibətlərini danışıqlar yolu ilə həll etmək cəhdidir.

Mən bu yazıda 19-cu əsrin ortalarından başlayaraq 20-ci əsrin əvvəllərinə qədər üç fərqli tarixi mənbələrdə (yazılı, şifahi və vizual) mühacir almanlarla yerli azərbaycanlılar arasında münasibətlərin necə təsvir olunduğunu göstərməyə çalışacağam. Bu təsvir fərqli mədəniyyətlərə, dəyərlərə malik, lakin eyni coğrafi məkanı bölüşən iki icmanın həm ətraf mühitə, həm də bir-birlərinə münasibətinə siyasi hakimiyyətin necə təsir etdiyini, müstəmləkə rejimi altında millətlərarası münasibətlərin necə tənzimləndiyini anlamağa yardım edəcək.

Yazılı mənbələr Rusiya imperiyasının Qafqaz inzibati idarə aparatının hazırladığı müxtəlif statistik-təsviri sənədləri, hesabatları, şifahi narrativlər alman mühacirlərin, Cənubi Qafqaza səyahət etmiş, bölgədə işləmiş və yaşamış almanların və yerli azərbaycanlıların xatirələrini, vizual mənbələr isə Şamxor (indiki Şəmkir) və Xanların (indiki Göygöl) arxitekturası və memarlıq abidələrini əhatə edir.  

Almanların Rusiya İmperiyasına köçürülməsi  

Alman mühacirlərin Cənubi Qafqaza ilk gəlişi 19-cu əsrdə birinci Rusiya-Fars müharibəsi (1804-1813) bitdikdən cəmi beş il sonraya təsadüf edir. 1818-ci ildə almanlar sonradan Cənubi Qafqazda yaradılmış iki quberniyada, Tiflis və Yelizavetpol quberniyalarında yerləşdiriliblər.[2]  Yelizavetpol quberniyasına – daha dəqiq desək, müasir Göygöl və Şəmkir bölgələrinin ərazisinə həmin il 194 alman ailəsi köç etmişdi. Yeni işğal edilmiş ərazilərdə hələ tamamilə möhkəmlənə bilməyən və yerli əhali ilə münasibətləri necə tənzimləyəcəyini tam müəyyənləşdirməyən Rusiya imperiyası özü ilə bu əraziyə həm də yad icmanı köçürmüşdü. Köçürmənin ilk dövründə Rusiya mühacirlərə vəd etdiyi təhlükəsizliyi təmin edə bilməmiş, yerli əhali ilə gəlmələr arasında toqquşmalar baş vermiş, İkinci Rusiya-Fars müharibəsi (1826-1828) dövründə isə alman mühacirlər həm yerlilərin, həm də farsların hücumlarından əziyyət çəkmişdilər.

Müharibələr bitdikdən, bölgədə sabitlik bərpa olunduqdan sonra Rusiya imperiyası əsas diqqəti müstəmləkə orqanlarının yaradılması və bölgənin müstəmləkələşdirilməsinə yönəldir. İlk mərhələdə müstəmləkələşdirilənlər köçürülən almanlar deyil, yerli əhali idi. Bunu imperiya orqanlarının köçürülən almanlar və yerli əhali ilə bağlı sosial siyasəti təsdiq edir. İmperiya orqanları almanlara vergi imtiyazları vermiş, onların özünüidarə hüququnu tanımışdır. Bu vəziyyət yerli azərbaycanlı əhali ilə gəlmə almanlar arasında münasibətlərə mənfi təsir göstərmişdi. 

Millətlərarası münasibətlərə aid akademik araşdırmaların əksəriyyəti fərqli mədəni və dini təcrübəyə malik millətlər arasında baş vermiş münaqişə və qarşıdurmalara, yəni neqativ təcrübəyə  həsr olunub. Halbuki bir çox dövlətlərin tarixi sübut edir ki, güclü siyasi hakimiyyətin olmadığı ərazilərdə millətlərarası əməkdaşlıq millətlərarası münaqişələrdən daha çox yayılmış təcrübədir, əməkdaşlıq deyil, məhz münaqişə normadan kənara çıxmaqdır.[3] Müxtəlif etnik qrupları koalisiya kimi dəyərləndirən rasionalist nəzəriyyələr millətlər arasındakı əməkdaşlığın maddi gəlir əldə etmək və ya əldə edilmiş nailiyyətləri qorumaq məqsədi ilə yaradıldığını iddia edir.[4] Etnik qrupların yaradılmasını şərtləndirən amilləri təhlil edən psixoloji nəzəriyyələr bunu millətlərin daxili ehtiyacları, hansısa bir etnik qrupa aid olmaq tələbatı ilə izah edirlər. Bu psixoloji rahatlıq pozulduqda və yaxud hansısa qrup tərəfindən təhdid edildikdə millətlərarası münaqişə yaranır.[5] 

Etnik müxtəlifliyi millətlərin bir-birindən bəhrələnməsi, bilik, qabiliyyət və təcrübə mübadiləsi nəticəsində iqtisadi məhsuldarlığın və inkişaf stimulunun artırılması baxımından təhlil edən tədqiqatlarda mədəni və sosial fərqliliklər müsbət faktorlar kimi təqdim olunur.[6] Tədqiqatçılar iddia edir ki, bu fərqliliklər münaqişə və qarşıdurmalar deyil, əməkdaşlıq, yeni imkanlar, qarşılıqlı faydalanma üçün zəmin yaradaraq, sülhü və sabitliyi təşviq və təmin edir. Keçmiş Rusiya imperiyasının müstəmləkə idarəçiliyində millətlərarası münasibətlərin tənzimlənməsində həm qarşılıqlı bəhrələnmə, həm də təhdid və münaqişələrin qızışdırılması siyasəti tətbiq olunub. 19-cu əsrin əvvəllərində Cənubi Qafqaza köçürülən almanlar Rusiya müstəmləkə orqanlarının yerli əhaliyə nümayiş etdirə biləcəyi iqtisadi uğur nümunəsi olmalı idi, avropalı xristian kəndlilər yerli müsəlmanlara təsərrüfat həyatında mütəşəkkilliyi, zəhmətsevərliyi, qanunlara tabe olmağı öyrətməli idi. Bu nümunə müstəmləkə orqanlarının fikrincə, geridə qalmış müsəlman icmalarına Avropanın mütərəqqi sosial həyatının əldə etdiyi nailiyyətlərlə tanış olmaq imkanı verəcək, yeni işğal olunmuş ərazilərin imperiyaya inteqrasiyası ilə bağlı müstəmləkə orqanlarının işini yüngülləşdirəcəkdi.

İmperiya hakimiyyətinin yerli əhaliyə münasibəti işğal bitdikdən təqribən yarım əsr sonra, Cənubi Qafqazın imperiyaya inteqrasiyası ilə bağlı başlanan islahatlarla dəyişib. Bu islahatlar nəticəsində yerli azərbaycanlılar hüquqi cəhətdən Rusiya İmperiyasının təbəələrinə çevrilirlər. Elə bu dövrdən başlayaraq alman mühacirlərlə bağlı siyasət də dəyişir. 20-ci əsrin əvvəllərində yeni ərazilərdə möhkəmlənmiş və sosial uğurlar qazanmış almanlar artıq vergi imtiyazlarından bəhrələnə bilmirdilər. Varlı təsərrüfatlara malik almanlar imperiya xəzinəsinə daha çox vergi ödəyirdilər. Sosial aktivlik və mütəşəkkillik, iqtisadi gücün artması isə müstəmləkə orqanlarını adaptasiya dövründə almanlara verilmiş özünüidarə hüquqlarını  məhdudlaşdırmağa vadar edir, Birinci Dünya müharibəsi başlanandan sonra isə Rusiya hökuməti almanların torpaqlarının məcburi müsadirəsi, alman məktəbləri və qəzetlərinin bağlanması, özlərinin isə məhkəmə müdafiəsindən məhrum edilməsi haqqında qərarlar qəbul edir.

Alman mühacirlər Cənubi Qafqazda: Yazılı mənbələr nə deyir?

Rusiya İmperiyasının rəsmi sənədlərinin verdiyi məlumata görə, alman mühacirlərin müasir Azərbaycan Respublikası ərazisinə köçürülməsi 1819-cu ildə başlamış, almanlar bu ərazilərdə 122 il yaşadıqdan sonra 1941-ci ildə İosif Stalinin xüsusi sərəncamı ilə Qazaxıstana sürgün edilmişdilər. Müasirlər həmin il Xanlar və Şəmkirdə yaşayan “göy gözlü, sarışın alman qonşuları”nın birdən-birə yoxa çıxmasını yaxşı xatırlayırlar: “Almanları daşıyan yük vaqonlarının təkərlərinin tıqqıltısı” uzun müddət azərbaycanlıların qulaqlarında səslənmiş, almanların çaşqın üzləri yaddaşlardan silinməmişdir.[7]

Azərbaycan tarixşünaslığı alman mühacirlərlə bağlı Rusiya müstəmləkə hakimiyyətinin formalaşdırdığı konsepsiyanı qəbul edir və iddia edir ki, alman mühacirlərin köç etdikləri ərazilərdə uğurlu sosial hekayəsi çar administrasiyası siyasətinin nəticəsidir. Bu uğur bilavasitə çar Rusiyasının avropalı mühacirlərə göstərdiyi dəstək nəticəsində mümkün olub.[8] Əks təqdirdə, almanlar Cənubi Qafqazda iqtisadi uğur qazana bilməzdilər. Bu fikirlər Rusiya müstəmləkə orqanlarının hazırladığı rəsmi yazılı narrativlərdə əks olunub.[9]

Alman mühacirlərin sosial həyatı haqqında yazılı materialların əksəriyyəti hazırda Azərbaycan Respublikası Dövlət Tarix Arxivinin (ARDTA) fondlarında saxlanılır. Bunlara 2000-dən çox saxlanma vahidinin daxil olduğu fondların (508, 963, 406, 905, 415, 416 və s.) materialları daxildir. Bu materiallar alman koloniyalarının necə idarə olunması, vergi sistemi, alman mühacirlərin mədəni və gündəlik həyatı haqqında məlumat verir. Arxiv fondları mühacirlərin iqtisadi fəaliyyətinin mühüm aspektlərini, aqrar və sənaye layihələrini təhlil etmək üçün əhəmiyyətlidir.

Rəsmi sənədlərin və digər yazılı mənbələrin təhlili göstərir ki, alman mühacirlər ilə yerli azərbaycanlılar arasında ilk dövrdə münasibətlər gərgin olub. Bunun əsas səbəbi yerlilərə məxsus torpaqların (əsasən varlı təbəqənin) müstəmləkə orqanları tərəfindən ilk vaxtlar müsadirə edilərək, sonralar isə satın alınaraq və ya xüsusi razılıq əsasında icarəyə götürülərək mühacirlərə verilməsi, onlara xüsusi vergi imtiyazlarının tanınması və özünüidarə hüququnun verilməsi idi. Alman mühacirlərin özünüidarə hüququ onların təsərrüfat və mədəni həyatı ilə bağlı qərarlarının öz yığıncaqlarında qəbul edilməsini nəzərdə tuturdu. Bu muxtariyyət isə onların dini təriqətçiliyi ilə bağlı idi. Mühacirlər Cənubi Qafqaza köç edərkən Rusiya hakimiyyəti ilə istədikləri vaxt bu əraziləri tərk etmək hüququnu razılaşdırmışdılar.[10] Həmin dövrdə yerli əhali ikiqat vergi yükü altında əzilir, həm Rusiya müstəmləkə hakimiyyətinə, həm də yerli mülkədarlara vergi ödəyirdilər. Yerli mülkədarlarla müstəmləkə orqanları arasında razılaşmalar yerlilərin iqtisadi maraqlarına zərbə vururdu.

1866-cı ildə alman əhalinin artımı yeni torpaqlara ehtiyac yaradır, bu ehtiyacı təmin etmək üçün yerli feodallarla müstəmləkə hakimiyyəti arasında Seyfəli (Şəmkir bölgəsi) bağlarının bölüşdürülməsi haqqında razılıq əldə edilir. Alman mühacirlərə torpaq verilməsi üçün həmin ərazidə yaşayan azərbaycanlıların Maytar kəndinə köçürülməsi qərara alınır.[11] Hökumət hər bir alman ailəsinə 22,5 akr (11,25 hektar) torpaq sahəsi ayrılmasını nəzərdə tutur. Bu razılığa qədər Seyfəli ərazisindəki torpaqlar mülkədarlar tərəfindən yerli kəndlilərə icarəyə verilirdi. Torpaqların bir hissəsində çəltik əkilir, digər hissəsi isə otlaq kimi istifadə olunurdu. Azərbaycan kəndlilərinin məcburən tərk etdiyi ərazilərdən biri də Morul dərəsi (Şəmkir bölgəsi) olub. 19-cu əsrin ortalarından etibarən, almanlar üzümlüklər salmağa və şərabçılıq təsərrüfatı yaratmağa başlayırlar. Yeni torpaqlar əldə etmək üçün yerli azərbaycanlılara Çardaxlı (Şəmkir bölgəsi) yaylağından istifadə etmək tapşırılır, onların istifadə etdiyi Morul dərəsi isə alman mühacirlərə verilir. Bu yerdəyişmədən başqa, müstəmləkə orqanları almanlara yeni ərazilərdə möhkəmlənmək üçün 1500 ağac və 6000 rubl vəsait ayırır.[12]

Tarixən əkin üçün əlverişli torpaq çatışmazlığından əziyyət çəkən azərbaycanlı kəndlilər üçün torpağın itirilməsi onsuz da asan olmayan sosial həyatı daha da ağırlaşdırırdı. Almanlarla azərbaycanlılar arasında gərginlik yaradan digər bir səbəb azərbaycanlı kəndlilərin nümayəndəsizliyi idi. Yerli mülkədarlar mütəşəkkil şəkildə öz hüquqlarını qorumağa çalışır və müstəmləkə orqanları ilə danışıqlar aparır, torpaq iddialarını məhkəmələrə daşıyırdılar. Məsələn, Seyfəli bağlarından mühacirlərə ayrılan torpaqlarla bağlı şamxorlu mülkədarlardan Həsən bəy və Rüstəm bəy 1750 desyatin[13] torpaqla bağlı məhkəmədə iddia qaldırmışdılar.[14]  Lakin azərbaycanlı kəndlisini təmsil edən heç bir orqan yox idi. İşğal edilmiş torpaqların alman mühacirlərə verildiyi ərazilərdə bu səbəbdən gəlmələrlə yerlilər arasında münaqişəli vəziyyət yaranırdı. Torpaq sahibi olan mülkədarlar alman mühacirlərin istifadə etdiyi suvarma kanallarını zəbt edir, təsərrüfat işlərinə maneələr yaradırdılar.[15] Bu problemləri aradan qaldırmaq üçün müsəlman mülkədarlarla alman mühacirlərin nümayəndəliyi arasında xüsusi razılaşmalar əldə edilirdi. Razılaşmaların yerinə yetirilməsinə isə imperiya orqanı olan Xüsusi Suvarma Şurası nəzarət edirdi.[16] Buna baxmayaraq, həm yerli mülkədarlar, həm də əvvəllər həmin torpaqları icarəyə götürmüş kəndlilər alman mühacirlərə problemlər yaradır, almanların üzüm bağlarına gedən yolları kəsir, üzümlükləri dağıdır, almanlara müxtəlif maneələr yaradırdılar.[17]

Azərbaycan tarixşünaslığında almanların yeni işğal olunmuş Cənubi Qafqaza köçürülməsi iki səbəblə izah olunur. Birinci səbəb kimi müstəmləkə hakimiyyətinin yeni işğal olunmuş ərazilərdə özünə daha yaxın hiss etdiyi avropalılardan sosial dayaq yaratmaq cəhdi göstərilir. İkinci səbəb isə alman mühacirlərə daha əlverişli şərait təqdim edən Rusiya müstəmləkə aparatının yerlilərlə gəlmələr arasında nifaq salıb idarəetməni asanlaşdırmaq, işğal edilmiş əraziləri daha yaxşı nəzarətdə saxlamaq cəhdidir. Ümumən, yazılı mənbələr 19-cu əsrdə torpaq, su məsələsi və müstəmləkə orqanlarının sosial siyasəti nəticəsində yerli azərbaycanlılarla gəlmə almanlar arasında münaqişəli vəziyyətin mövcudluğundan xəbər verir.[18] Nəzərə almaq lazımdır ki, yazılı mənbələr rəsmidir və hakimiyyət nümayəndələri tərəfindən hazırlanırdı, bu səbəbdən də hakimiyyətin rəsmi siyasətini əks etdirirdi. Bəs millətlərarası münasibətlər hər iki icmanın yaddaşında necə qalıb?

Qonşular bir-birlərini necə xatırlayırlar?

Yazılı mənbələrin mürəkkəb kimi təqdim etdiyi azərbaycanlı-alman münasibətləri  şifahi mənbələrin, alman mühacirləri və yerli azərbaycanlıların xatirə və memuarlarında da ziddiyyətlidir. Bu münasibətlərin necə inkişaf etdiyini anlamaq üçün mən dörd müxtəlif nəslin nümayəndələrinin yazılarını təhlil etmişəm. Eyni dövrə aid memuar və xatirələri təhlil etməməyimin səbəbi mənbələrin qıtlığından irəli gəlir. Xronoloji olaraq, ilk mənbələrdən biri məşhur alman alimi, sənayeçi və siyasi xadim Verner fon Simensə (Werner von Siemens) məxsusdur.[19]

Simens 19-cu əsrdə iki dəfə Cənubi Qafqaza səyahət etmiş, Yelizavetpol quberniyasında alman koloniyalarını ziyarət etmiş, xatirələrində alman mühacirlərin və qonşuları azərbaycanlıların həyat tərzini və münasibətlərini təsvir etmişdi. Simens alman mühacirləri şvablar, onların qonşularını isə tatarlar adlandırıb. Ətraf mühitin, təbiətin gözəlliyini, yerli əhalinin isə zəhmətkeşliyi və etibarlılığını mədh edən Simens, eyni zamanda qeyd edir ki, tatarlar quldurluğa meyillidirlər.[20] Müasir tatarları orta əsr alman cəngavərləri ilə müqayisə edən Simens yazır ki, yerli əhalinin “tələblərinin məhdud olması onları müasir mədəni tendensiyalardan uzaqlaşdırır.”  Simens həmçinin ona məlum olmayan dialektdə danışan (Simensin həyat yoldaşı şvab idi, bu səbəbdən də şvab dialekti ona yad olmamalı idi) şvabların ənənəvi sosial normalarını təsvir edir. Simens yazır ki, mühacirlərin danışdığı dialekt 19-cu əsrin əvvələrinə aid idi və müasir Almaniya üçün yaddır. Simens Helenendorfu (müasir Göygöl) Cənubi Qafqazın alman koloniyaları içərisində ən uğurlusu hesab edir və bunu əlverişli coğrafi mövqe və əlverişli iqlim şəraiti ilə əlaqələndirir. Simensin xatirələrində alman koloniyalar və tatarların yaşayış məntəqələri bir-birləri ilə təmasda olmayan, aralarında ciddi fərqlərin olduğu iki müxtəlif dünyadır. Simensin Cənubi Qafqaza qısa müddətli səfəri və xarici müşahidəçi olması onun müqayisəsinin obyektivliyinə xələl gətirsə də,  bu təsvir yazılı mənbələrin məlumatlarını təkzib etmir.

2012-ci ildə mənşəcə alman olan rusiyalı cərrah Vladimir Baytinger nənə-babalarının xatirələri əsasında Annenfeld (müasir Şəmkir) almanlarının həyatı, üzlləşdikləri çətinlikləri, sosial uğurları haqqında Tale adlı memuarlarını dərc etdirir.[21] İlk alman mühacirlərin nəsildən-nəslə ötürdüyü xatirələrdə 19-cu əsrin əvvəllərində baş vermiş hadisələr də əks olunub. Müəllif 1826-cı ildə Rusiya-Fars müharibəsi dövründə alman koloniyası Annenfeldin farslar tərəfindən dağıdıldığını, bunun ardınca isə yerli müsəlmanların da mühacirləri qarət etdiyini yazır.[22] Baytinger əcdadlarının ötürdüyü məlumatlar əsasında alman icması ilə yerli müsəlman icması arasında 19-cu əsr boyu hər hansı ciddi təmasın olmadığını, almanların kifayət qədər qapalı həyat sürdüklərini qeyd edir. Almanlarla azərbaycanlıların təcrid olunmuş halda yaşamasını qarışıq nikahların sayı da təsdiq edir. İki icmanın nümayəndələri arasında nikahlar nadir hadisə idi. Rəsmi sənədlər 90 il ərzində (1819-1909) almanlarla yerli müsəlmanlar arasında cəmi 9 nikahın rəsmiləşdirildiyi haqqında məlumat verir.

20-ci əsrin əvvəllərinə aid xatirə və memuarlarda alman mühacirlərlə yerli azərbaycanlılar arasında münasibətlərin yeni müstəviyə keçdiyini iddia etmək olar. Bu xatirələrin müəlliflərindən biri Azərbaycan Cümhuriyyəti qurucularından olan, əslən gəncəli Nağı Şeyxzamanlıdır. O, Cümhuriyyətin xüsusi xidmət orqanlarının rəisi vəzifəsində çalışmış, 1920-ci ilin aprelində Azərbaycanda kommunist çevrilişindən sonra Türkiyəyə mühacir etmiş dövlət xadimlərindəndir. 1964-cü ildə onun İstanbulda Azərbaycan istiqlal mücadiləsi xatirələri adlı əsəri dərc edilmişdir. Xatirələrində Şeyxzamanlı Birinci Dünya müharibəsi dövründə Rusiya hakimiyyətinin alman mənşəli Rusiya təbəələrinin təsərrüfatının cüzi məbləğə satın alınması, özlərinin isə  Sibirə  sürgün edilməsi haqqında sərəncamından bəhs edir. Birinci Dünya müharibəsi ərəfəsində və dövründə Rusiyada almanofobiya geniş yayılmışdı və almanların xəyanətkarlığı ilə bağlı Rusiya mediasında, siyasi dairələrdə müxtəlif şayiələr yayılır, ordu və dövlət idarələrində yüksək vəzifə tutan almanlara qarşı dövlətə xəyanət ittihamları səsləndirilirdi.[23] Şeyxzamanlı yazır ki, “ədalətsiz olan bu hadisə Gəncə xalqını çox üzdü.” Dövrünün tanınmış siyasətçisi, Gəncə Şəhər Dumasının üzvü olmuş Ələkbər Rəfibəyli xatirələrində yazır ki, Yelizavetpol qubernatoru Georgiy Kovalyov ilə görüşdə almanlar sürgün ediləcəyi təqdirdə azərbaycanlıların qiyam edəcəyini bildirmişdi. Rəfibəyli qeyd edir ki, bu görüşdən sonra çar sərəncamı icra olunmadı.[24] Şeyxzamanlı, eyni zamanda, qeyd edir ki, Çar administrasiyasının almanlarla bağlı təsərrüfatlarının cüzi məbləğ ödəməklə müsadirə olunması və özlərinin isə deportasiya qərarı müsəlmanları ciddi narahat etmiş, gələcəkdə belə bir qərarın onlara da şamil edilə biləcəyi ehtimalını gücləndirmişdi. Müsəlman mülkədarların çarın qərarına sərt reaksiyasının səbəbi yəqin bu ehtimalla bağlı idi.

Sovet dövründə almanlarla azərbaycanlıların münasibətləri sıxlaşır. Mənşəcə yarı-alman olan tarixçi Kamal Əliyev xatirələri əsasında alman mühacirlərin Cənubi Qafqazda, xüsusilə də Azərbaycandakı həyatı haqqında iki kitab yazıb.[25] Əliyev mədəni fərqliliklərin 19-cu əsrdə təcrid etdiyi iki icmanın nümayəndələrinin sovet dövründə bu səddləri necə aşdıqlarından bəhs edir. Təhsildə, sosial həyatda eyni məkanı bölüşən alman və azərbaycanlılar qohumluq əlaqələri yaradır, fərqli mədəniyyətlər bir-biri ilə sıx təmasda olur, fərqliliklər təcridedici səbəbə deyil, qarşılıqlı bəhrələnmə imkanına çevrilirdi. Mədəniyyətlərarası münasibətlərdə davamlı ünsiyyət, qarşı tərəfin sosial-mənəvi dəyərlərinə hörmət mühüm əhəmiyyət kəsb edirdi. 

Uşaqlığı azərbaycanlı qohumlarının əhatəsində keçmiş Əliyev alman dilində danışmırdı, lakin onun kimi qarışıq ailədə doğulmuş digər Annenfeld sakini Yunis Hacıyev alman dilində səlis danışır, alman nəğmələri oxuyurdu.[26] Əliyevdən fərqli olaraq, Hacıyev əslən Təbrizdən olan atasını erkən yaşda itirmiş, bu səbəbdən də anası övladları ilə ata yurduna, Andreas Bexin (Andreas Bech) evinə qayıtmalı olmuşdu. Uşaqlığını almanların içərisində keçirmiş Hacıyev almanlarla azərbaycanlıları fərqləndirən xüsusiyyətləri, almanların gündəlik həyatdakı rəftarını yaxşı xatırladığını deyir. Anası ilə Lüteran kilsəsinə gedən, dini mahnılar oxuyan Yunis hətta sovet dövründə də almanların azərbaycanlılarla təmaslarının minimal olduğunu vurğulayır, bunu iki icmanın dünyagörüşü, sosial dəyərlərinin müxtəlifliyi ilə izah edirdi.

Sovet dövrünə aid memuarlardan birinin müəllifi əslən Gəncədən olan mühəndis Nazim İbrahimovdur. Xatirələrində İbrahimov azərbaycanlıların Annenfeld və Helenendorfdan olan alman dostları və tanışlarının yüksək mədəniyyəti, dürüstlüyü, təhsilə olan marağını təqdir edir, bölgədə baş verən pozitiv sosial-iqtisadi dəyişikliklərdə alman mühacirlərin böyük xidməti olduğunu vurğulayır.[27] İbrahimov alman arxitektor Ferdinand Lemkulun Gəncə, Şəmkir və Gədəbəydə müvafiq olaraq, Forer qardaşları, Simens qardaşları və Qummel qardaşları üçün inşa etdiyi yaşayış binalarını; Gəncədə Zinger mağazasını, Şəmkirdəki kirxanı Azərbaycan arxitekturasında alman irsinin gözəl nümunələri kimi xatırlayır.[28] İbrahimov xatirələrində Azərbaycan elminin və təhsilinin inkişafına töhfələr vermiş alman alimlərindən German Abixin, Azərbaycan Dövlət Pedaqoji İnstitutun alman dili şöbəsində çalışan müəllimlərdən İoann Raxxın, Pavel Krommun, Vilhelm Hannelfeldin adlarını çəkir. İbrahimovun kitabında Azərbaycanın şərqşünas alimi, alman və ərəb dilləri üzrə mütəxəssis, Nürenberq Beynəlxalq Cinayət Məhkəməsində tərcüməçi işləmiş Ələsgər Məmmədovun alman müəllimləri ilə bağlı xatirələri yer alıb. Məmmədov xatirələrində institutda oxuduğu dövrdə ona dərs demiş alman ziyalılarının görkəmli nümayəndələri ilə bağlı xatirələrini bölüşüb. Məmmədov deyir ki, rus dili biliklərini təkmilləşdirmək üçün o zaman İnstitutun Xarici Dillər fakültəsinin dekanı və Alman dili kafedrasının müdiri olan İoann Raxxdan onu azərbaycan bölməsindən rus bölməsinə keçirməyi xahiş edir. Roxx Məmmədovu rus bölməsinə keçirməyə razılaşır, lakin ona bir şərt qoyur:  ilk sessiyanı müvəffəqiyyətlə verməyəcəyi təqdirdə institutdan xaric olunacaq. Məmmədov deyir ki, “adamı gözündən oxuyan” Raxxın “təhdidləri” səmərəli oldu və o, sessiyanı müvəffəqiyyətlə başa vurdu. İmtahanlar bitdikdən sonra isə Raxx Məmmədovu dekanlığa çağıraraq oğluna Azərbaycan dilini öyrətməyi xahiş etdi.[29]

Alman mühacirlərlə yerli azərbaycanlılar arasında əməkdaşlıq təkcə elm-təhsil sahəsində deyil, sosial həyatın müxtəlif sahələrində də inkişaf edib. 19-cu əsrdə qonşularından təcrid olunmuş vəziyyətdə yaşayan alman mühacirlərlə yerli azərbaycanlılar arasında sıx münasibətlərə mane olan ciddi səbəblər dini-mədəni fərqliliklərlə əlaqədar idi. Lakin eyni coğrafi məkanı bölüşən iki fərqli qonşuları sosial ehtiyaclar tədricən bir-birinə yaxınlaşdırır. 19-cu əsrdə Şamxor və Xanlar ərazisində yaşayan kəndlilər təkcə torpaq çatışmazlığından deyil, eyni zamanda su qıtlığından da əziyyət çəkirdilər. Alman mühacirlərin torpaq problemləri yerli feodalların və kəndlilərə icarəyə verilən torpaqların hesabına həll olunurdu. Su resurslarından isə ilk vaxtlar yerlilərlə gəlmələr birgə istifadə etməli idilər. Tədricən alman mühacirlərin təsərrüfatı böyüyür, əkib-becərdikləri torpaq sahələri genişlənir və suya olan tələbat da artırdı. Bu tələbatı ödəmək üçün almanlar Avropadan sifariş etdikləri müasir texnologiyanın yardımı ilə kəhrizlər və quyular qazırdılar. Sonralar bu texnologiyaları yerli azərbaycanlılar da tətbiq etməyə başlayırlar.

Torpaq və su qıtlığını həll etmək üçün ünsiyyət qurmağa məcbur olan iki qonşu xalqı yaxınlaşdıran digər səbəb alman mühacirlərin işçi qüvvəsinə, yerli azərbaycanlıların isə işə olan ehtiyacı idi. Alman mühacirlər yerli sakinləri işə götürdükləri, yerli ustalara əmək alətləri sifariş etdikləri üçün Azərbaycan dilini öyrənməyə məcbur olurdular. Mühacirlərin məktəblərində bu səbəbdən Azərbaycan dili də tədris olunurdu. Almanların təsərrüfatında çalışan azərbaycanlılar onların həyat tərzi, evləri, təsərrüfatları ilə tanış olduqca düzgün hesab etdikləri vərdiş və qaydaları mənimsəyir, imkanlılar evlərini almanlar kimi tikməyə, geniş xiyabanlar salmağa çalışırdılar. Tədricən alman arxitekturası yerli azərbaycan məhəllələrinə də sirayət edir, azərbaycanlıların ətraf mühitə, təbiətə münasibəti dəyişir. Almanların tikililəri Şamxorda şəhərsalmanın bir nümunəsinə çevrilir. Almanların uşaqlara qayğısı, təhsili təşviq etmələri yerli azərbaycanlıların təhsilə və məktəbə olan yanaşmasını dəyişir.

Mühacir almanlarla yerli azərbaycanlıların əməkdaşlığını təsdiq edən mənbələrdən biri də  arxitektura və şəhərsalma nümunələridir. 19-cu əsrin sonlarına aid hesabatlarda alman mühacirlərin yarım əsrdən də az bir müddətdə yaşadıqları əraziləri mükəmməl infrastruktura malik kiçik Avropa şəhərinə çevirdikləri yazılır. Bunlara yaxşı inşa edilmiş, hər iki tərəfdən qovaq və söyüd ağacları ilə əhatə olunmuş geniş xiyabanlar, kirəmit örtüklü, zirzəmisi və çardağı olan bir və iki mərtəbəli səliqəli evlər, gözəl arxitekturaya malik kilsələr, daş tratuarlar daxil idi. Müstəmləkə orqanları yazırdılar ki, alman məhəllələri azərbaycanlıların yastı torpaq damı olan və əyri, dar küçələrdə yerləşən evlərindən kəskin fərqlənir.[30] Alman koloniyalarını təftiş edən İmperiyanın Dövlət Mülkiyyəti Ekspedisiyasının hesabatlarından aydın olur ki, 1850-ci illərə qədər alman mühacirlərin yaşadığı evlər və bu evlərin yerləşdiyi küçələr yerli azərbaycanlılarınkından heç nə ilə fərqlənmirdi. Hesabatda deyilir ki, almanların yaşadığı ərazilərdə köklü dəyişikliklər Ekspedisiyanın gizli məsləhətçisi[31] Andrey Fadeyevin fəaliyyətinin nəticəsi idi. Fadeyev tez-tez alman koloniyalarını ziyarət edir, mühacirləri geniş xiyabanlar salmağa, Avropa tipli evlər tikməyə sövq edir,  hətta bu işləri tez və daha zövqlü görənlərə mükafat da verirdi. Lakin yerli əhali arasında belə işləri təşviq edən yox idi. Rusiya hakimiyyət orqanları Cənubi Qafqazda alman mühacirlərin uğur hekayəsini onların zəhmətkeşliyi və səliqəli həyata meyilli olması ilə deyil, hökumətin göstərdiyi qayğının nəticəsi olduğunu hesab edirdi.

Hazırda Şəmkirdə, keçmiş Annenfelddə alman irsinə malik dörd küçə və kilsə mövcuddur. Bölgədə alman evlərinə bənzəyən kirəmit örtüklü, zirzəmili evlər, insanların asudə vaxtlarını keçirə biləcəyi parklar var. İlk belə park Annenfelddə alman mühacirlər tərəfindən salınmışdı. Yerli azərbaycanlılar tədricən özlərinə alman tikililərinə bənzər evlər tikir, küçələr planlaşdırır və bu küçələrin ətrafını yaşıllıqlarla bəzəyirdilər. Arxitektura və memarlıq abidələri Azərbaycana köçmüş alman mühacirlərlə yerli azərbaycanlılar arasında qarşılıqlı hörmət və anlaşmanın hökm sürdüyünü, fərqliliklərin isə mənfəətə çevrildiyini sübut edən informasiya mənbəyidir. Bu mənbələr eyni zamanda Rusiya imperiyasının alman mühacirlər hesabına Asiya hesab etdiyi Qafqazı avropalaşdırmaq niyyətinin qismən reallaşdığını söyləməyə imkan verir.

Nəticə

Son əsrdə Qafqaz əsasən etnik zəmində baş verən davamlı münaqişələr, qarşıdurmalar və ziddiyyətlər bölgəsi kimi xatırlanır. Bu vəziyyətin səbəbləri bir çox faktorlarla, məsələn, bölgənin sosial icmalarının müxtəlifliyi, coğrafi sərhədlərin kəsişməsi və ətraf aləmin bölgəyə olan marağının artması ilə izah oluna bilər. Buna baxmayaraq, ən çətin dövrlərdə belə Qafqaz ibarət olduğu müxtəlif komponentlərin qarşılıqlı əlaqə və asılılığını nümayiş etdirib. Mədəni-mənəvi tendensiyalar və dini dəyərlər  bu bölgədə daima davamlı təmas və qarşılıqlı əlaqələrdən bəhrələnib. Bunu tamamilə fərqli sivilizasiyalara malik, lakin eyni coğrafi məkanı bölüşmüş müsəlman azərbaycanlıların xristian almanlarla yüz ildən bir qədər çox davam etmiş  münasibətləri də sübut edir. Mədəni, sosial və ya institusional əlaqələrin prizmasından baxdıqda yerli azərbaycanlıların alman mühacirlərlə  münasibəti millətlərarası münasibətlərin rasional və psixoloji nəzəriyyələri çərçivəsinə uyğun gəlir. Dil və mədəni normaların müxtəlifliyinə, müstəmləkə hökumətinin himayəsi və sosial həyatın ətraf mühitdən ciddi şəkildə təcrid olunmasına rəğmən, ilk dövrləri çıxmaq şərtilə, ümumən azərbaycanlılarla almanlar arasında münasibətlər dinc və mehriban şəraitdə inkişaf edib. Bu qonşuluq münasibətləri, ehtimal ki, etnik müxtəlifliklərdən bəhrələnən iqtisadi opportunizm nəticəsində mümkün olmuşdur. Özünü bir-birini tamamlayan bacarıq və biliklər şəklində biruzə verən bu müxtəliflik iki icma arasında əməkdaşlığa stimul yaratmış, insanları zorakılıqdan qaçmağa, bir-birlərinin qabiliyyət və imkanlarından bəhrələnməyə sövq etmişdi. Müstəmləkə hakimiyyətinin kifayət qədər güclü olduğu dövrlərdə bu münasibətlərdə ziddiyyətlər artmış, bu ziddiyyətlər həm yazılı, həm də şifahi narrativlərdə əks olunmuşdu. Müstəmləkə hakimiyyətinin və dövlətin nəzarətinin zəiflədiyi dövrlərdə isə münasibətlər sabitlik və qarşılıqlı bəhrələnmə fazasına keçmişdi. Bu münasibətləri daha çox şəxsi mənşəli narrativlər və vizual mənbələr əks etdirmişdi. 


[1]Bu dövrün yazılı sənədlərində azərbaycanlı termini işlədilməyib, mənbələrdə türk-müsəlman əhali tatar kimi qeyd olunub.

[2] Евгений, Вейденбаум. Путеводитель по Кавказу, составленный по поручению командующего войсками округа. Тифлисъ, Типографія Канцелярии Главноначальствующаго гражданской частью на Кавказѣ.1888 г., 127.

[3]James, Faeron and David, Laitin. “Explaining Interethnic Cooperation”, The American Political Science Review, Vol. 90, No. 4, December 1996, 715.

[4] Bates, Robert. “Modernization, Ethnic Competition, and the Rationality of Politics in Contemporary Africa”, In State Versus Ethnic Claims: African Policy Dilemmas, ed. Donald Rothchild and Victor A. Olorunsola. Boulder, CO: Westview, 1983; Gellner, Ernest. “Trust. Cohesion. and the Social Order.” In Trust: Making and Breaking Cooperative Relations. ed. Diego Gambetta. Blackwell, 1988; Olzak, Susan. The Dynamics of Ethnic Competition and Conflict. Stanford University Press, 1992.

[5] Horowitz. Donald. Ethnic Groups in Conflict.  University of California Press, 1985; Tajfel. Henri, ed. Social Identity and İntergroup Relations. Cambridge University Press, 1982.

[6] Ashraf, Quamrul and Oded Galor. 2013. The “Out of Africa” Hypothesis, Human Genetic Diversity, and Comparative Economic Development.” American Economic Review 103(1):1-46; Hong, Lu and Scott E. Page. 2004. “Groups of Diverse Problem Solvers Can Outperform Groups of High-Ability Problem Solvers.” Proceedings of the National Academy of Sciences, 2004. 101(46):16385-16389.

[7] Назим Ибрагимов. Немецкие страницы истории Азербайджана. Азербайджан: 1995. 5.

[8]Туран. Ахундова. Немцы-колонисты Азербайджана 19-го-начала 20-го века. Шуша: 1999.

[9]Rəsmi yazılı mənbələr üçün bax: Известия Кавказского отдела Императорского Русского географического общества, Свод статистических данных о населении Закавказскаго края, извлеченных из посемейных списков, Акты, собранные Кавказской археографической комиссией, Материалы для изучения экономического быта государственных крестьян Закавказского края.  

[10] Общие просьбы колонистов. Акты Кавказской Археографической Комиссии. Типография Наместника Каспийского, 1874, Т.7, №184, с. 237–38.

[11] Известия Кавказского отдела Императорского русского географического общества (ИКОИРГО), T.XVI11. 1905–1906. Тифлис, 1906, 23.

[12] Материалы для изучения экономического быта государственных крестьян Закавказского края. Т. 1, Тифлис: тип. А. А. Михельсона, 1885–1887, 1885. XXV, 102.

[13] Rusiya imperiyası dövründə torpaq sahəsi üçün istifadə olunan ölçü vahidi, 1 desyatina təqribən 1.09 hektar torpağa bərabər idi.

[14] Yenə orada, 113. 

[15] Yenə orada, 108-10.

[16] Yenə orada, 111.

[17] Yenə orada, 113.

[18] Свод статистических данных о населении Закавказскаго края, извлеченных из посемейных списков 1886 г. Тифлис: Тип. И. Мартиросиянца, 1893, 223–27.

[19]Вернер фонъ Сименс. Мои воспоминанıя. Пвреводъ съ нѣмѳцкаго подъ редакцıею М. Б. Паппе Петровские Линıи: 1893.

[20]Сименс, 204.

[21] Владимир Байтингер. Судьба. Дельтаплан 2012.

[22] Yenə orada, 14.

[23] Məmmədova, Şəlalə. “Dreyfus, Myasoyedov, Əbilov, Səmədov və yaxud dövlətə ‘xəyanət’ etmək.” Bakı Araşdırmalar İnstitutu, 8 Dekabr, 2025. https://bakuresearchinstitute.org/dreyfus-myasoyedov-ebilov-semedov-ve-yaxud-dovlete-xeyanet-etmek/

[24] Nağı Şeyxzamanlı. Azərbaycan istiqlal mücadiləsi xatirələri. Azərbaycan: 1997, 31-32.

[25] Камал Алиев. Немцы на Южном Кавказе или моя жизнь в Анненфельде. Росток: 2002, Швабы и Азербайджан. Çönk, 2003.

[26] Yunis Haciyevin müsahibəsi üçün bax: Annenfeldli. Şəmkirin sonuncu almanı. https://www.youtube.com/watch?v=RlFig-P90vA, Əldə edilib 1 Noyabr 2025.

[27]Назим Ибрагимов. Немецкие страницы истории Азербайджана. Verlag, 1995.

[28] Ибрагимов, 148.

[29] Ибрагимов,175-76.

[30]Материалы, 123.

[31]Gizli məsləhətçi Rusiya imperiyasında dövlət rütbəsi idi, orduda general-leytenant rütbəsinə bərabər idi.

Paylaş
FacebookTwitter

Facebook Comment

abunə olun

BRI yerli və beynəlxalq auditoriyaya Azərbaycanla bağlı təhlil, rəy və araşdırmalar təqdim etmək məqsədi daşıyan müstəqil ekspertlər tərəfindən yaradılmış beyin mərkəzidir.

bg
For the full operation of the site you need to enable JavaScript in your browser settings.