TƏRCÜMƏ

TƏRCÜMƏ

Movses Xorenatsi və Ermənilərin tarixi (davamı)

Read this article on other language
Download article
image_pdf
image_pdf

Azərbaycanın qədim və erkən orta əsrləri üzrə yerli yazılı mənbələrinin olmaması uzaq keçmişin bərpası zamanı alternativ mənbələrə müraciəti zəruri edir. Lakin məlumdur ki, qədim zamanlarda müəlliflər yalnız şahidi olduqları və ya etibar etdikləri insanların şahidlik etdiyi hadisələri əsərlərinə daxil edirdilər. Tarixi hadisələrə bu cür yanaşma qədim tarixi əsərlərin həm zaman, həm də məkan çərçivəsini olduqca daraldırdı. Məhz bu səbəbdən qədim müəlliflər əsasən öz xalqlarının və yaşadıqları ərazi və ya bölgənin tarixini tədqiqat obyektinə çevirirdilər. Yadlar və qonşu xalqlar yalnız müəllifin təmsil etdiyi xalqla hər-hansı təmasda olduqda, məsələn, müharibələr və ya müttəfiqlik, ticari, mədəni və digər intensiv əlaqələr mövcud olduqda mənbələrdə peyda olurdular. Məsələn, Herodotun[1] məşhur Tarixlər əsərinə yunanlarla yanaşı farslar haqqında geniş məlumatın daxil edilməsi bu iki xalqın uzun müddət müharibə vəziyyətində olması, müəllifin farslar haqqında  kifayət qədər bilik toplaması ilə izah edilir. Bu səbəbdən də Azərbaycanın qədim və erkən orta əsrlər dövrünə aid məlumatları ya Yunan-Roma, ya da qonşu erməni və gürcü yazılı mənbələrindən əldə etmək mümkündür.

Yunan-Roma mənbələrinin Qafqaz və müasir Azərbaycan ərazisinin qədim dövrü haqqında yazdıqları geniş ictimaiyyətə tarix dərsliklərindən, tarixi araşdırmalardan məlumdur. Lakin müəyyən səbəblərə görə bizim cəmiyyət nə gürcü, nə də erməni mənbələrinin qonşu Azərbaycan haqqında yazdıqları ilə yaxından tanış ola bilməyib. Təqdim edilən silsilə yazılarda erkən orta əsr erməni mənbələrindən biri Azərbaycan dilində təqdim ediləcək. Bu mənbələr Cənubi Qafqazın siyasi və sosial tarixini əks etdirən əsərlərdir.  Bu mənbələrdə əks olunan məlumatlar erməni xalqının həm özü, həm də qonşuları haqqında nə düşündüyünü anlamaq, Cənubi Qafqazda baş verən sosial-siyasi prosesləri izləmək imkanı verəcək. Bu məlumatlar eyni zamanda müasir Azərbaycan tarixşünaslığının erkən orta əsr dövrü üzrə şərhini erməni mənbələrinin məlumatları ilə qarşılaşdırmaq və müqayisə etmək imkanı verəcək. Bu məlumatlar müasir Ermənistanın qonşu xalqlara ərazi iddialarının hansı şərtlər və əsaslarla formalaşdığına da aydınlıq gətirməyə yardımçı olacaq.  

Erməni yazılı mənbələrinin tarixi bizim eranın 5-ci əsrindən başlayır. Erməni tarixi məktəbinin formalaşması isə üç faktorla, ermənilərin yaşadığı ərazidə xristianlığın yayılması və dini ədəbiyyatın yayılması üçün erməni əlifbasının yaradılması, İranda Sasanilər sülaləsinin hakimiyyətə gəlməsi və Еrməni dövlətinin süqutu ilə izah olunur. Bu mənbələrin müəlliflərinin əksəriyyəti din xadimləri olub. Onlar siyasi və mülki tarixi əsasən dini kontеksdə təqdim еtməyə çalışıblar. Bu mənbələrdə qonşu xalqların, yəni alban və gürcülərin, tarixinə müraciət müstəqil xaraktеr daşıma­sa da, onlar qonşu ərazilərin sosial-siyasi həyatı haqqında məlumatlarla zəngindir. İlk yazıda erməni tarixinin atası sayılan Moisey/Movses Xorenatsinin «Ərməniyə tarixi» adlı əsərinə müraciət edəcəyik. Erməni naxararı (knyazı) Saak Baqratuninin sifarişi ilə yazılmış bu əsərdə qədim Albaniyanın və Gürcüstanın siyasi və mül­kü tarixinə kifayət qədər yеr ayrılmış, onların ən böyük şəhərləri gеniş təsvir еdilmişdir.

Xorenatsinin özünün hansı dövrə aid olması bir əsrdən də çoxdur ki, tədqiqatçılar tərəfindən mübahisələndirilir. 19-cu əsrə qədər əsərin 5-ci əsrdə yazıldığı iddia edilirdi, lakin əsərə daxil edilmiş bəzi məlumatların 7-ci və hətta 9-cu əsrə aid olması ona başqa müəlliflər tərəfindən müdaxilələrin edilməsi ehtimallarını formalaşdırıb. Lakin mənbəni təhlil edən heç bir tədqiqatçı əsərin erkən orta əsr dövrü üzrə qiymətli məlumatları əks etdirdiyini inkar etmir. Movses Xorenatsi qədim dövr üzrə əsasən yunan mənbələrinin məlumatlarından faydalanıb, lakin hər zaman onların adını dəqiq qeyd etməyib. Bu yazı Movses Xorenatsinin rus və ingilis dillərində müvafiq olaraq, 1809 və 1978-ci illərdə nəşr edilmiş əsərinin müqayisəli təhlili əsasında hazırlanıb.[2] Onu da qeyd edim ki, Xorenatsinin ən ciddi tənqidçisi onun əsərini ingilis dilinə tərcümə etmiş, uzun illər Harvard Universitetində Ermənişünaslıq kafedrasının rəhbəri olmuş Robert Tomson (Robert Thomson) olub. Tomson Xorenatsini mənbələri haqqında dəqiq məlumatlar verməməkdə ittiham edib ki, bu da erkən orta əsr müəllifləri üçün ciddi irad sayıla bilməz.

Movses Xorenatsinin Ermənilərin tarixi adlı əsəri üç kitabdan ibarətdir. Birinci kitab ermənilərin şəcərəsinə həsr olunmuş əfsanəvi tarixi rəvayətlərdən başlayır və real tarixi hadisələrdən ibarət olan Makedoniyalı İsgəndərin dövrünə qədər davam edir. İkinci kitab Makedoniyalı İsgəndərin dövründən başlayaraq bizim eranın 330-cu ilinə qədər olan hadisələri əks etdirir. Üçüncü kitab isə 5-ci əsrin siyasi hadisələrindən bəhs edir. Mən ermənilərin şəcərəsinə həsr olnmuş əfsanəvi tarixi buraxaraq, kitabın 2-ci və 3-cü hissələrindən edilən tərcümələri təqdim etməyi məqsədəuyğun hesab etdim.  

Şəlalə Məmmədova

Fəsil 8. I Arsak və onun işləri haqqında

Valarsakın oğlu Arsak Ərməniyədə 30 il atası kimi xeyirxahlıqla şahlıq etmişdir. O, çoxlu layiqli işlər gördü, Pontlularla müharibə apardı, bu işlərinin izlərini o böyük dənizin sahillərində qoydu. Deyilənə görə, o, ucu biz nizəsini ilan qanına boyanmış və sahilə qoyulmuş, möhkəm daşdan düzəldilmiş sütunun ən dərinliklərinə sancdı. Pontlular o sütunu uzun illər ilahilərin yaratdığını qəbul edib ona səcdə etdilər. Lakin bir müddət sonra Artas və Pontlular arasında narazılıqlar yarandı və həmin sütunu da dənizə atdılar. Onun hakimiyyəti dövründə Böyük Qafqaz dağları diyarında, Bulqarların ölkəsində qiyam qalxdı, nəticədə o ərazilərin insanlarının çoxu bizim ölkənin ərazilərinə köçdü və uzun illər Kolun aşağısındakı məhsuldar və bolluq yerlərdə yaşadılar. Nəhayət, bir gün Arsak Baqratın nəslindən olanları öz ilahilərinə səcdə qılmağa məcbur edərək sərt təhqir etdi. Onlardan ikisi qılıncla öldürüldü və öz dinləri yolunda qəhrəmancasına həlak oldular. Mən onları Ananiya və Azariyanın[1] pərəstişkarları adlandırmaqdan çəkinmirəm. Qalanları isə şənbə günü ova və döyüşə getməyə və uşaqları olduğu təqdirdə onları sünnət etməməyə  razılaşdılar. O zaman onların arvadları yox idi və Arsak övladlarını sünnət etdirəcəkləri təqdirdə onlara öz ölkəsinin qadınları ilə evlənməyi qadağan etmişdi. Onlar bu iki məsələdə razılığa gəldilər, lakin bütpərəstliyə razı olmadılar. Bununla da Katinenli Maribin[2] tarixi başa çatmış olur.

Fəsil 9. Katinenli Maribin öldükdən sonra tarix haqqında biliklərimi haradan əldə etmişəm?

İndi isə mən öz tariximi İosif, İppolit[3] və çoxlu sayda digər yunan mənbələrinin şahidlik etdiyi Afrikanlı salnaməçinin[4] 5-ci kitabından əldə edərək yazacağam. Onun bizim şahlar haqqında yazdıqlarının hamısı Urxa[5] adlandırılan Edeslinin siyahısından götürülüb. Onun bütpərəst dinlər haqqında kitabı Nizibindən və Sinopdan gətirilib. Bu yazdıqlarım başqalarına qeyri-adi görünməsin deyə biz özümüz o kitabxanada olduq. Bu yazılanların həqiqi olduğunu Qeysəriyəli Yevsevinin[6] Kilsə tarixi təsdiqləyir ki, onu da erməni dilinə bizim müəllim Mastozi[7] tərcümə edib. Onu Sinikan[8] vilayətində Qelakunidə görə bilərsən. Edeslinin 1-ci kitabında, 30-cu səhifədə bizim bütün qədim şahlarımızın, deyilənə görə, Avqara qədər, sonra isə Yeruanda qədər fəaliyyəti təsvir edilib. Bildiyimə görə, o siyahı hələ də həmin şəhərdə saxlanılır.

Fəsil 10. Birinciliyi oğurlamış I Artaz haqqında

Fars Şahı Arsakın hökmdarlığının 24-cü ilində Ərməniyədə Arsakın oğlu Artaz[9] hökmranlığa başladı. O, həddən artıq iddialı olduğundan ikinci yerlə kifayətlənməyib, birinciliyi əldə etməyə cəhd göstərdi. Arsakan ona güzəştə getməyə məcbur oldu. Çox qürurlu və döyüşkən olan bu insan Farsda özünə şah sarayı tikdirdi və üzərində şəkli olan sikkələr kəsdirməyi əmr etdi, Arsakanı isə Farsda özündən asılı şaha çevirdi. Oğlu Tiqranı isə Ərməniyədə taxta çıxardı və bu gəncin təhsilini Varaz adlı birisinə tapşırdı. Ox atmaqda öz yaşıdları içərisində tayı-bərabəri olmayan, Harnik Gelamitdən törəyən Datın oğluna isə şah ovuna nəzarət etməyi tapşırdı. Razdan[10] ətrafındakı şəhəri onun idarəsinə verdi. Bu şəhərin sakinləri də onun adı ilə Varaznuni adlanırlar. Qızı Artazamiyanı isə İberli konsul Mitridata ərə verdi. O, Daranın satrapı Mitridatın nəslindən idi. İsgəndər onu əsir götürülmüş İberlərin hökmdarı təyin etmişdi. İsgəndər ona Şimal dağlarının və Pont dənizinin idarəsini də tapşırmışdı.

Fəsil 11. Artaz qərbə gələrək Kirsi[11] əsir götürür və əldə etdiyi qənimətdən Bütləri Ermənilərə verir

Artas Şərq və Şimal vilayətlərdən çoxlu sayda qoşun topladı. Qoşunun sayı o qədər çox idi ki, Artasın özünün onun sayından xəbəri yox idi və bunun üçün də hər döyüşçüyə  yollara və yol ayrıcına bir daş qoymağı tapşırdı ki, qoşununun çoxluğu məlum olsun. Beləliklə, o, qərb sahilinə gedərək Kirsi, Liviya hökmdarını əsir götürdü, Asiyadan bir neçə mis və qızıla salınmış heykəlləri, məsələn, Diananın, Herkulesin, Appolonun heykəllərini götürərək bizim ölkəmizə göndərdi və onları Armavirdə yerləşdirməyi tapşırdı. Vaquşun nəslindən olan bizim  kahinlər bu heykəlləri aldıqdan sonra Appolonla Diananın heykəlini Armavirdə saxladılar, mərd Kritli Stsil və Dipenin hazırladığı Herkulesin cəsur heykəlini isə Vaqaqenin nəslinə hörmət əlaməti olaraq Artazın ölümündən sonra Taronen vilayətində özlərinin Astizat kəndində qoydular. Artaz iki dəniz arasında yerləşən torpaqları işğal etdikdən sonra bütün qərb torpaqlarını hakimiyyəti altına keçirmək məqsədi ilə dənizləri gəmilərlə doldurdu. Çünki Romada böyük ixtişaşlar başlayanda ona müqavimət göstərəcək kimsə qalmamışdı. Lakin bu zaman onun ordusunda dəhşətli narazılıq və qiyam qalxdı, mən bunun səbəbini göstərə bilmirəm, amma qiyam zamanı döyüşçülər bir-birini öldürürdülər. Artaz qaçarkən döyüşçülərinin biri tərəfindən hakimiyyətinin 25-ci ilində öldürüldü. Artazın Yunanıstandan[12] Ərməniyəyə göndərmək istədiyi Yupiter, Diana, Minerva, Vulkan və Veneranın heykəlləri onun kədərli ölüm xəbərindən sonra yarı yolda atıldı. Heykəlləri gətirənlər onları Ani qalasının yanına qoydular, bizim kahinlər onların arasında yaşayır.

Fəsil 12. Başqa yazıçıların Artazın dünya hökmdarlığı və Krezi zəncirləməsi haqqında şahidliyi

Bu hadisə haqında bir-iki deyil, bir çox yunan yazıçıları məlumat verib, lakin bu hekayə mənə şübhəli göründüyündən onu dərindən təhlil etmək qərarına gəldim. Çünki bəzi hekayələrdə yazırlar ki, Krezi Kir[13] öldürüb və Lidiya şahlığını işğal edib. Bundan sonra isə Kridimey və Nektanebin işlərindən bəhs edilir. Bəzilərinin İsgəndərin atası adlandırdığı Manevonun[14] təsvirinə görə, Nektaneb Misirin son hökmdarı olub. Amma məlum olur ki, Kir Nektanebdən 200 il əvvəl yaşayıb, Nektaneb də Erməni şahı olan I Artazdan 200 il əvvəl yaşayıb. Amma çoxları yazır ki, Krez Artaz tərəfindən əsir alınıb və buna şahidlik də gətirirlər, mən də  buna etiraz etmirəm. Polikrat belə deyir: “Mənə görə, I Artaz Makedoniyalı İsgəndərdən daha şöhrətlidir, çünki o, öz vilayətindən çıxmadan Teben[15] və Babili istila etdi, əvvəl isə dalğalanan çayı keçərək Lidiya qoşunlarını darmadağın etdi və Krezin özünü əsir götürdü və Asiyaya gəlməmişdən qabaq Attika qalasında onun şərəfinə       təriflər səsləndirildi. O qaçarkən deyil, hökmranlıq etdiyi zaman ölsə idi, daha xoşbəxt olardı.” Yevaqar da bu haqda belə deyir: “İsgəndərin Dara ilə döyüşü Artazın döyüşləri ilə müqayisədə kiçikdir. Belə ki, onun müharibəsindən qalxan toz günün gündüz çağı hər tərəfi qaranlığa bürüdü, atılan oxlar isə gün işığının qarşısını aldı, gündüzü gecəyə çevirdi və Lidiya qoşunundan bu məğlubiyyət haqqında xəbər verəcək heç kim qalmadı. Lidiya hökmdarı Krezi isə dəmir üzərində oturtmağı əmr etdi. Çayların mənsəbi düzlərə su vermirdi, qış vaxtında onlar[16] bütün suyu canlarına çəkmişdilər. Qoşun o qədər böyük idi ki, onu sayla deyil, ölçü ilə müəyyən etmək mümkün idi. Onun özü bununla fəxr etmirdi, amma təəssüflə qeyd edirdi ki, bu şöhrət tezliklə yox olacaq.” Nəhayət, Kamadr deyir ki, “Təkəbbürlü Krez aldadıldı. Pifiyadan olan orakul[17] ona deyəndə ki, dalğalanan çaydan keçən Krez şahlığı dağıdacaq, o, bu sözlərin başqasına aid olduğunu düşündü və öz şahlığını itirdi. Çünki Parfiyalı Artaz onu əsir götürərək dəmir üzərində oturtmağı əmr etdi. Krez Afinalı Solonun sözlərini xatırlayanda öz dilində: ‘Ah, Solon! Solon! Sən deyəndə ki, ‘ölümdən əvvəl heç kim özünə mübarək və xoşbəxt deməsin’ haqlı idin’. Bu vaxt Krezin yaxınlığında olanlar Artaza dedilər ki, Krez hansısa ilahini çağırır. Artazın ona yazığı gəlir və onu hüzuruna gətirməyi əmr edir. Krezin nə dediyini öyrəndikdən sonra isə onu cəzadan azad edir.” Həmçinin Fiqoniy yazır ki, “Artaz bütün şahlardan güclü idi, o, təkcə Lidiyalıları darmadağın etmədi və Kirsi zəncirləmədi. O, torpaq üzərində gəmidəki kimi üzərək, dənizlərdə isə torpaq üzərindəki kimi gəzərək Hellespont[18] və Frakiyalıları da sakitləşdirdi. Fessaliyanı müharibə ilə hədələdi, öz adı ilə bütün Yunanıstanı dəhşətə gətirdi, Lakedoniyanı dağıtdı, Fokenləri qovdu, Lokrlar ona tabe oldu, Beotiyalılar onun hakimiyyətini qəbul etdilər. Bütün Yunanıstanı qorxu bürüdü, lakin tezliklə ona bədbəxtlik üz verdi. Kir Massagetlərlə vuruşunda bu cür məğlub olmamışdı, Skiflərdən qaçan Dara bu cür uğursuzluğa düçar olmamışdı,  kiçik Efiopiyada Kambiz bu cür vəziyyətə düşməmişdi, Yunanıstan üzərinə qoşun yeridən, xəzinə və düşərgəni ataraq canını qaçmaqla qurtaran Kserksin də taleyi bu qədər acı olmamışdı. Onların hamısını qələbələri ilə arxada qoyan Artaz döyüşçüləri tərəfindən öldürülmüşdü.” Ancaq mən bu hekayələri həqiqi hesab etmirəm. Kir və Nektanebin dövründə yaşayan Krezi də uydurulmuş və ya yalan hesab edirəm, ya da düşünürəm ki, eyni adla bir neçə hökmdar adlandırılıb və bu da adi bir şeydir.  

Fəsil 13. Yunanlarla müharibə edən, məbədlər tikən və Fələstin üzərinə hücum edən ortancıl Tiqran haqqında

Fars hökmdarı Arsakanın hakimiyyətinin 51-ci ilində Artazın oğlu Tiqran hakimiyyətə gəldi. O, qoşun toplayaraq yunanların üzərinə yürüdü. Onun atası öldürüldükdən sonra yunanlar onun dağılmış ordusunu qovaraq bizim ölkəmizə qədər gəlib çıxmışdılar. Tiqran onların qarşısına çıxaraq özünü müdafiə edir. O, Mazak[19] və Mediterran[20] ölkələrində bacısını Mitridata[21] tapşırır və orada çoxlu sayda qoşun yerləşdirir və bizim ölkəmizə qayıdır, ilk növbədə o, məbədlər tikməyi əmr edir. Lakin Yunanıstandan gələn kahinlər Ərməniyənin uzaq torpaqlarına getməmək üçün yalandan deyirlər ki, ilahilər onların özlərinə burada yaşamağı tövsiyə edir. Onlara inanan Tiqran Olimpiyalı Yupiterin heykəlini Ani qalasına, Minervanı Fileyə, Diananı Erizə, Vulkanı Baqarinzə, Veneranı isə Herkulesin heykəlinin yanına Astizat şəhərinə  qoymağı tapşırdı. Atasının göndərdiyi Herkulesin heykəlini öz şəhərlərində saxlamağa cəsarət etdiklərinə görə Vaqunlara qəzəbləndi və onları məbəddə ibadətdən və şəhərdən məhrum etdi, heykəlləri isə müsadirə edərək xəzinəyə verdi. Beləliklə, o, məbədlər tikdirərək onların qarşısında qurbangahlar düzəltdirdi və bütün zadəganlara qurban kəsməyi və onlara səcdə etməyi əmr etdi. Baqratilər bundan imtina etdikdə isə onlardan Azudu adlı birisinin dilini kəsdi. Lakin bundan başqa bütlərə nifrətə görə heç bir cəza vermədi, çünki onlar qurban verməkdən və ibadətdən imtina etsələr də, şahın qurbanlarını yeməkdəm imtina etmədilər. Onların hakimiyyəti müharibələr nəticəsində məhv edilsə də, tacqoyma hüquqları və zadəganlıq titulu saxlanılırdı. Bundan sonra o, Mesopotamiyaya[22] gedir və orada Barzamın fil sümüyündən və berildən düzəldilmiş  heykəlini tapır. O, heykəli gümüşlə bəzədərək onu Tordan[23] şəhərinə qoymağı əmr edir. Bundan sonra isə Ptolemey adlı[24] Kleopatranı oğlu Dionisini atasına qarşı törətdiyi cinayətə görə cəzalandırmaq üçün Fələstin üzərinə hücum edir. O, şəhəri mühasirəyə alır və çoxlu sayda əsir götürür. Messalina adlandırılan, İoanın oğlu, Simonun nəvəsi və İud Makkaveyin qardaşı Aleksandrın həyat yoldaşı olan İudeya çarı Aleksandra isə bahalı hədiyyələrlə özünü ondan qoruya bildi. Həmin vaxt ona xəbər gəldi ki, Vaykon adlı bir quldur Ərməniyə torpaqlarını narahat edir və möhkəmləndirilmiş dağların birini ələ keçirib. O dağ indi də o quldurun adı ilə Vakun[25] adlanır.

Fəsil 14. Romalı sərkərdə Pompey üzərimizə hücum edərək Mazakı ələ keçirir, Mitridatın ölümü

Bu vaxt Romanın sərkərdəsi Pompey çoxsaylı qoşunla Mediterranın üzərinə gəlir, öz rəisi Skavrı isə Tiqranla müharibə etmək üçün Suriyaya göndərir. Lakin Skavr ora gedəndə Tiqranı orada tapa bilmir, çünki sonuncu quldurun hərəkətlərindən qəzəblənərək geriyə, vətəninə dönmüşdü. Bu səbəbdən də Skavr Dəməşqə gedir və görür ki, şəhər Metel və Lukkul tərəfindən tutulub. Onları şəhərdən qovan Skavr İudeyaya, Aristobula qarşı vuruşmaq üçün yollanır. Skavr Aristobulun böyük qardaşı Hirkana, baş kahin olan Aleksandrın oğluna yardım edirdi. Pompey isə Mitridatla döyüşə girdi, Mitridatın inadla ona müqavimət göstərməsinə və Pompeyin dəhşətli döyüşdən sonra dərin məyusluğa düçar olmasına baxmayaraq, Mitridat böyük ordu qarşısında  geri çəkilməyə, Ponta qaçmağa məcbur oldu. Mitridatdan yaxasını qurtaran Pompey Mazakı ələ keçirdi və Mitridatın oğlunu əsir götürdü və şəhərə hərbi dəstə yerləşdirdi. O, Mitridatı təqib etməkdən əl çəkdi və Suriya vasitəsilə təcili İudeyaya yollandı və Pontlu Pilatın atası vasitəsilə Mitridatı zəhərlədi. Bu haqda Apersamdan bəhs edən İosif belə yazır: “İeroxonun yaxınlığında olan Pompeyə Mitridatın ölümü haqqında şad xəbər çatdırılır.”

Fəsil 15. Tiqran Roma ordusunun üzərinə hücum edir, Qabiniy geri çəkilir, gənc Mitridat geri qayıdır

Əsir götürülmüş yəhudiləri Armavir və Xazaldan yuxarıdakı Varqda yerləşdirən erməni hökmdarı quldurları məhv etdikdən sonra Mitridatın yasını tutdu və qisas məqsədi ilə şəxsən Suriyaya Roma ordusu üzərinə yeridi. Orada o, Roma sərkərdəsi Qabini ilə rastlaşdı. Qabinini orada Romaya gedən Pompey yerləşdirmişdi. Lakin Tiqranla döyüşə girməkdən çəkinən Qabini Ptolemey[26] tərəfindən çağırıldığını bəhanə edərək Fərata doğru geri çəkildi. Lakin o, gizlicə Tiqranla razılığa gəlir və Tiqranın bacısının və Mitridatın oğlu olan gənc Mitridatı ona verir. Gənc Mitridatı Pompey Mazakda əsir götürmüşdü. Bundan sonra Qabini guya Mitridatın gizlicə Mazakdan qaçması haqqında şayiə yayır.

Fəsil 16. Krassiya[27] ilə müharibə və onun Tiqran tərəfindən məğlub edilməsi

Qabininin hərəkətlərindən şübhələnən Romalılar onun yerinə Krassı göndərirlər. Krass Yerusəlim[28] məbədinin bütün xəzinəsini oğurlayaraq Tiqranın üzərinə yürüyür. Lakin Fərat çayını keçib Tiqranla döyüşdə ölür. Beləliklə, Tiqran onun bütün xəzinəsini ələ keçirir və Ərməniyəyə dönür.

Fəsil 17. Kassi Tiqranı mühasirəyə alır, Mitridat qiyam qaldırır və Qeysəriyə inşa edilir

Bu hadisədən qəzəblənən Romalılar çoxlu sayda qoşun ilə Kassini göndərirlər. O, erməni qoşunlarına Fəratı keçmək və Suriya üzərinə hücum etmək imkanı vermir. Bu zaman Tiqranın bacısı oğlu Mitridatla bağlı şübhələri yaranır, o, Mitridatı bacısı oğlu hesab etmir, ona görə də ona heç bir mülk vermir, hətta ona məxsus olan Ferroru da ona həvalə etmir. Dayısının ona belə münasibət bəsləməsindən qəzəblənən Mitridat Sezarın[29] tərəfinə keçir. Sezar onu Perqa[30] şəhərinin hakimi təyin edir və onun xahişi ilə İrodun[31] atası Antipatra yardım edir. Sonuncu Mazakı genişləndirmiş, böyütmüş və Sezarın şərəfinə onu Sezariya (Kesariya/Qeysəriyə) adlandırmışdı. O vaxtdan ermənilər bu şəhərdə heç bir hakimiyyətə malik olmayıblar.

Fəsil 18. Tiqran Arsla ittifaqa girir, Fələstin üzərinə hücum, Baş kahin Hirkanus və digər əsir götürülmüş iudeylər

Bütün bunlar baş verdikdən sonra xəstələnən Tiqran Fars şahı Arsdan dost olmağı xahiş edir. Onun atası təkəbbüründən birinciliyi oğurlamışdı. Lakin Ars ikincilikdən razı olduğu üçün birinciliyi Tiqrana verir və beləliklə də, Tiqran həm Arsın dostluğunu qazanır, həm də ondan müharibə üçün ordu ala bilir. Tiqran erməni və fars qoşunlarının başına Restuni naxararı Bazafranı keçirir, onu Romalılarla müharibəyə göndərir və ona Suriya və Fələstin əhalisi ilə sülh razılığına gəlməyi həvalə edir. O, yolda Paqaron ilə rastlaşır. Paqaronun atası Suriyada hökmranlıq edirdi, onun özü isə Aristobul və ya Ptolemeyin oğlu Antiqon ilə dost idi. Beləliklə, Paqoron Bazafranın yanına gəlir və ondan 500 gözəl qız və min talant qızıl əvəzində Hirkanusu İudeya çarlığından qovmağa və Antiqonu taxta oturtmağa yardım etməsini xahiş edir. Bu zaman İudeyanın baş kahini və hökmdarı və  İrodun qardaşı görürlər ki, Bazafran qismən dənizdə, qismən də şəhərlərdə Romalıları məğlub edib, sakitcə onların ölkəsində gəzir. Belə olduqda onlar da Bazafranla sülh danışıqlarına başlayırlar. Bazafran isə sülh bağlamaq adı ilə erməni şahının Genun nəslindən olan şərab tökəni, Gnel adlı birini atlı dəstə ilə Yerusəlimə göndərir. Əslində isə Gnel Antiqona yardım etmək üçün göndərilmişdi. Hirkanus şərab tökəni Yerusəlimdə bütün qoşunu ilə deyil, beş yüz döyüşçü ilə qarşılayır. Gnel Hirkanusa xain bir məsləhət verərək, ona Bazafranla ölkəni dağıtmamaq haqqında danışmaq üçün görüşməyi təklif edir və söz verir ki, özü də buna nail olmağa çalışacaq. Hirkanus Bazafrandan and içməyi tələb edir və o da Günəşə və Aya və bütün yerdəki və göydəki ilahilər, Ars və Tiqranın canına and içir. Hirkanus da bu anda arxalanaraq Yerusəlim şahlığını İroda həvalə edir, İrodun böyük qardaşı Fazeli özü ilə götürərək Bazafranın yanına, dəniz sahilində yerləşən Yekdipon şəhərinə gedir. Bazafran xain niyyətini gizlədərək onu ləyaqətlə qarşılayır, lakin kənara çəkildikdən sonra onunla gələn hərbiçiləri tutaraq Antiqona təhvil verməyi əmr edir. Antiqon isə Hirkanusu görən kimi onun üzərinə cumub qulağını dişləyir ki, vəziyyət dəyişəndə yenidən baş kahin ola bilməsin. İudey qanunlarına görə, bütün bədən əzaları yerində olan adam kahin seçilə bilərdi. Antiqon başını könüllü olaraq daşla yaran İrodun qardaşı Fazeli isə  həkimlərin yanına göndərir. Onlar isə müalicə adı ilə onun yarasını zəhərli maddələrlə dərinləşdirərək ölümünə səbəb oldular. Bazafran Gnelə Yerusəlimdə olan İrodu əsir götürməyi tapşırır. Gnel İrodu şəhər kənarında tutmağa çalışır. Lakin İrod onu görmək istəmir, Antiqondan qorxduğu üçün şəhərdə də qalmaq istəmir. Ona görə də gecə qohumları ilə İudeyaya, Mazand qalasına qaçır. Qohumlarını orada qoyub Romaya yola düşür. Antiqonun niyyəti bəlli olduqdan sonra erməni qoşunları Yerusəlimə daxil oldu. Onlar Hirkanusun mülkündən başqa heç kimin mülkünə toxunmadılar.  Onun 30 talantını və onun hakimiyyəti altında yaşayanların tarlalarını dağıtdılar. Mari[32] şəhərini ələ keçirib Antiqonu şah elan etdilər. Hirkanusu zəncirlənmiş halda Tiqranın hüzuruna gətirdilər. Tiqran Samariyadan olan əsir yəhudiləri Semiramisin[33] şəhərində yerləşdirməyi əmr edir.


[1] Ananiya və Azariya (Yeleazar) Navuxodonosorun əsir götürdüyü yəhudi tayfalarının üzvləri idi.

[2]Suriyadan olan Katinli Mar Abas Movses Xorenatsinin əsas mənbələrindəndir.

[3] B.e. 3-cü əsrində yaşamış kilsə salnaməçisi güman edilir.

[4] B.e.-nın 2-3-cü əsrlərində Misirdə, İsgəndəriyyədə yaşamış Sekst Yuliy Afrikan nəzərdə tutulur.

[5] Edes şəhərinin başqa bir adı.

[6] 4-cü əsr Xronika kitabının müəllifi.

[7] 5-ci əsrdə erməni əlifbasının yaradıcısı Mesrop Maştots nəzərdə tutulur.

[8] Hazırda Ermənistanın cənubunda yerləşən Sünik vilayəti.

[9] Söhbət Artaşesdən gedir.

[10] Erməni dilində Hrazdan, Avestadakı Frasdanu-dan əldə edildiyi ehtimal olunur.

[11] Kirs/Krez b.e.ə. 6-cı əsrdə Kiçik Asiyanın qərbində yerləşmiş Lidiya dövlətinin hökmdarı.

[12] Mənbədə Yunanıstanın adı Gretsiya kimi qeyd edilib. Yunanlar öz ölkələrini Ellada adlandırırlar, Yunanıstanı Gretsiya olaraq romalılar adlandırıb və Gretsiya sözü latın mənbələrindən əldə edilib.

[13] Əhəmənilər sülaləsinin əsasını qoyan Kir nəzərdə tutulur. Lidiya hökmdarı Krezi məhz Kir öldürüb.

[14] İsgəndərin atası haqqında qədim dövrdə belə bir əfsanə mövcud olub.

[15] Yuxarı Misirn  paytaxtı.

[16] Döyüşçülər nəzərdə tutulur.

[17]Antik dövrdə fala baxan kahin.

[18] Dardanel boğazının qədim adı.

[19] Mazak və ya Majak müasir Kayseri şəhəridir.

[20] Mediterran (müasir Aralıq dənizi) termini ilk dəfə 3-cü əsrdən Roma mənbələrində istifadə edilməyə başlayıb.

[21] Mitridat və ya Mihrdat Pontun şahı Mitridat VI Yevpatordur, o, Tiqranın bacısının həyat yoldaşı idi.

[22] Müasir İraqın ərazisi yunan mənbələrində bu cür adlanırdı.

[23] Fərat çayına yaxın ərazidə şəhər.

[24] Aralıq dənizinin şərq sahilində Tirdən cənubda yerləşən şəhər. Misirli Ptolemey şahlarından biri tərəfindən salınmışdı.

[25] Sevanın cənub-şərqində vilayət.

[26] XII Ptolemey Avlet b.e.ə. 1-ci əsrdə Misir hökmdarı.

[27] Roma sərkərdəsi və siyasi xadim Mark Listini Krass nəzərdə tutulur.

[28] Bibliyada Yeruşalayim.

[29] Qay Yuliy Sezar nəzərdə tutulur.

[30] Müasir Antalyanın şərqindən 15 km. aralıda yerləşən qədim şəhər.

[31] İudeyanın gələcək hökmdarı I Böyük İrod.

[32] Suriyada müasir Tel Hariri şəhəri.

[33] Siryani dildə Şamirrəm, erməni dilində Şamiram əfsanəvi Assuriya kraliçası. Tədqiqatçılar Van şəhərinin oldğunu ehtimal edirlər. Van Urartu çarlığının ilk paytaxtı kimi mənbələrdə Puşpa kimi qeyd olunub.


Tərcümənin birinci hissəsi:

Paylaş
FacebookTwitter

Facebook Comment

abunə olun

BRI yerli və beynəlxalq auditoriyaya Azərbaycanla bağlı təhlil, rəy və araşdırmalar təqdim etmək məqsədi daşıyan müstəqil ekspertlər tərəfindən yaradılmış beyin mərkəzidir.

bg
For the full operation of the site you need to enable JavaScript in your browser settings.