Azərbaycanın qədim və erkən orta əsrləri üzrə yerli yazılı mənbələrinin olmaması uzaq keçmişin bərpası zamanı alternativ mənbələrə müraciəti zəruri edir. Lakin məlumdur ki, qədim zamanlarda müəlliflər yalnız şahidi olduqları və ya etibar etdikləri insanların şahidlik etdiyi hadisələri əsərlərinə daxil edirdilər. Tarixi hadisələrə bu cür yanaşma qədim tarixi əsərlərin həm zaman, həm də məkan çərçivəsini olduqca daraldırdı. Məhz bu səbəbdən qədim müəlliflər əsasən öz xalqlarının və yaşadıqları ərazi və ya bölgənin tarixini tədqiqat obyektinə çevirirdilər. Yadlar və qonşu xalqlar yalnız müəllifin təmsil etdiyi xalqla hər-hansı təmasda olduqda, məsələn, müharibələr və ya müttəfiqlik, ticari, mədəni və digər intensiv əlaqələr mövcud olduqda mənbələrdə peyda olurdular. Məsələn, Herodotun[1] məşhur Tarixlər əsərinə yunanlarla yanaşı farslar haqqında geniş məlumatın daxil edilməsi bu iki xalqın uzun müddət müharibə vəziyyətində olması, müəllifin farslar haqqında kifayət qədər bilik toplaması ilə izah edilir. Bu səbəbdən də Azərbaycanın qədim və erkən orta əsrlər dövrünə aid məlumatları ya Yunan-Roma, ya da qonşu erməni və gürcü yazılı mənbələrindən əldə etmək mümkündür.
Yunan-Roma mənbələrinin Qafqaz və müasir Azərbaycan ərazisinin qədim dövrü haqqında yazdıqları geniş ictimaiyyətə tarix dərsliklərindən, tarixi araşdırmalardan məlumdur. Lakin müəyyən səbəblərə görə bizim cəmiyyət nə gürcü, nə də erməni mənbələrinin qonşu Azərbaycan haqqında yazdıqları ilə yaxından tanış ola bilməyib. Təqdim edilən silsilə yazılarda erkən orta əsr erməni mənbələrindən biri Azərbaycan dilində təqdim ediləcək. Bu mənbələr Cənubi Qafqazın siyasi və sosial tarixini əks etdirən əsərlərdir. Bu mənbələrdə əks olunan məlumatlar erməni xalqının həm özü, həm də qonşuları haqqında nə düşündüyünü anlamaq, Cənubi Qafqazda baş verən sosial-siyasi prosesləri izləmək imkanı verəcək. Bu məlumatlar eyni zamanda müasir Azərbaycan tarixşünaslığının erkən orta əsr dövrü üzrə şərhini erməni mənbələrinin məlumatları ilə qarşılaşdırmaq və müqayisə etmək imkanı verəcək. Bu məlumatlar müasir Ermənistanın qonşu xalqlara ərazi iddialarının hansı şərtlər və əsaslarla formalaşdığına da aydınlıq gətirməyə yardımçı olacaq.
Erməni yazılı mənbələrinin tarixi bizim eranın 5-ci əsrindən başlayır. Erməni tarixi məktəbinin formalaşması isə üç faktorla, ermənilərin yaşadığı ərazidə xristianlığın yayılması və dini ədəbiyyatın yayılması üçün erməni əlifbasının yaradılması, İranda Sasanilər sülaləsinin hakimiyyətə gəlməsi və Еrməni dövlətinin süqutu ilə izah olunur. Bu mənbələrin müəlliflərinin əksəriyyəti din xadimləri olub. Onlar siyasi və mülki tarixi əsasən dini kontеksdə təqdim еtməyə çalışıblar. Bu mənbələrdə qonşu xalqların, yəni alban və gürcülərin, tarixinə müraciət müstəqil xaraktеr daşımasa da, onlar qonşu ərazilərin sosial-siyasi həyatı haqqında məlumatlarla zəngindir. İlk yazıda erməni tarixinin atası sayılan Moisey/Movses Xorenatsinin «Ərməniyə tarixi» adlı əsərinə müraciət edəcəyik. Erməni naxararı (knyazı) Saak Baqratuninin sifarişi ilə yazılmış bu əsərdə qədim Albaniyanın və Gürcüstanın siyasi və mülkü tarixinə kifayət qədər yеr ayrılmış, onların ən böyük şəhərləri gеniş təsvir еdilmişdir.
Xorenatsinin özünün hansı dövrə aid olması bir əsrdən də çoxdur ki, tədqiqatçılar tərəfindən mübahisələndirilir. 19-cu əsrə qədər əsərin 5-ci əsrdə yazıldığı iddia edilirdi, lakin əsərə daxil edilmiş bəzi məlumatların 7-ci və hətta 9-cu əsrə aid olması ona başqa müəlliflər tərəfindən müdaxilələrin edilməsi ehtimallarını formalaşdırıb. Lakin mənbəni təhlil edən heç bir tədqiqatçı əsərin erkən orta əsr dövrü üzrə qiymətli məlumatları əks etdirdiyini inkar etmir. Movses Xorenatsi qədim dövr üzrə əsasən yunan mənbələrinin məlumatlarından faydalanıb, lakin hər zaman onların adını dəqiq qeyd etməyib. Bu yazı Movses Xorenatsinin rus və ingilis dillərində müvafiq olaraq, 1809 və 1978-ci illərdə nəşr edilmiş əsərinin müqayisəli təhlili əsasında hazırlanıb. Onu da qeyd edim ki, Xorenatsinin ən ciddi tənqidçisi onun əsərini ingilis dilinə tərcümə etmiş, uzun illər Harvard Universitetində Ermənişünaslıq kafedrasının rəhbəri olmuş Robert Tomson (Robert Thomson) olub. Tomson Xorenatsini mənbələri haqqında dəqiq məlumatlar verməməkdə ittiham edib ki, bu da erkən orta əsr müəllifləri üçün ciddi irad sayıla bilməz.
Movses Xorenatsinin Ermənilərin tarixi adlı əsəri üç kitabdan ibarətdir. Birinci kitab ermənilərin şəcərəsinə həsr olunmuş əfsanəvi tarixi rəvayətlərdən başlayır və real tarixi hadisələrdən ibarət olan Makedoniyalı İsgəndərin dövrünə qədər davam edir. İkinci kitab Makedoniyalı İsgəndərin dövründən başlayaraq bizim eranın 330-cu ilinə qədər olan hadisələri əks etdirir. Üçüncü kitab isə 5-ci əsrin siyasi hadisələrindən bəhs edir. Mən ermənilərin şəcərəsinə həsr olnmuş əfsanəvi tarixi buraxaraq, kitabın 2-ci və 3-cü hissələrindən edilən tərcümələri təqdim etməyi məqsədəuyğun hesab etdim.
Şəlalə Məmmədova
Fəsil 30. Həvari Faddey Edesdə beş ismarışdan ibarət siyahını təbliğ edir
Xilaskarımız göyə ucaldıqdan sonra həvari Foma xilaskara söz verdiyi kimi, Avqarı sağaltmaq və İncili təbliğ etmək üçün 70 şagirdindən Faddey adlı birini Edes şəhərinə göndərir. O gəlir, deyilənə görə, Baqratın nəslindən olan yəhudi Tovinin evində məskunlaşır. Tovi Arsamın təhriki ilə digər bütpərəstlər kimi iudey adətlərindən imtina etməmişdi, Məsihə dönənə qədər bu ayinləri davam etdirmişdi.
Həvari Faddey haqqında söz-söhbətlər bütün şəhərə yayılanda Avqara da çatdı və o dedi: “Bu adam İsanın dediyi adamdır.” Buna görə də onu o saat yanına çağırdı. Avqarın yanına daxil olanda onun üzü o qədər gözəl görünürdü ki, onu görən kimi Avqar yerindən qalxıb onun ayaqlarına doğru əyilərək təzim etdi və ona hörmət göstərdi. Orada olanlar bunu görüb çox təəccübləndilər, çünki indiyə qədər belə bir şeyin şahidi olmamışdılar. Bundan sonra Avqar Faddeydən soruşdu: “Sən mömin İsanın məni sağaltmaq üçün göndərəcəyini vəd etdiyi şagirdisən?” Bu suala həvarinin cavabı belə oldu: “Əgər sən Allahın övladı İsa Məsihə inanırsansa, bütün arzuların yerinə yetəcək.” Avqar buna belə cavab verdi: “Mən ona və Atasına artıq iman gətirmişəm və buna görə də onu çarmıxa çəkmiş iudeyləri məhv etmək üçün qoşun yığmışam, amma Roma imperiyası buna əngəl yaradır.” Bundan sonra Faddey həm onun özünə, həm də bütün şəhər əhlinə İncili təbliğ etməyə başlayır. Əlini üzərinə çəkməklə Avqarı, şəhərdə və sarayda ən birinci və nüfuzlu adam olan Avdinin oğlu Pataqranı sağaldır. Bundan başqa, o, şəhərdə xəstə olanların hamısını sağaldır və onlar da dini qəbul edirlər, Avqar da bütün təəbələri ilə xaç çəkir. O vaxtdan bütlərə həsr olunmuş ehramların qapısı bağlanır, qurbangahlara və sütunlara qoyulmuş bütlərin özlərini isə qamışlarla süpürüb atırlar, heç bir məcburiyyət olmadığına baxmayaraq, inananların sayı hər gün artır.
Bundan sonra həvari Faddey ipək parça rəssamı olan Hoqararı xaç suyuna saldı, ona Addey adını verdi və öz əli ilə onu Edesdə öz yerinə təyin etdi və hamının Məsihin müjdəsini eşitməsi üçün yazılı göstəriş aldıqdan sonra Sanatrukun, qoşuna və vilayətə rəhbərlik edən Avqarın bacısının oğlunun yanına getdi. Avqar isə Tiberiyə belə bir məktub göndərdi:
Avqarın Tiberiyə məktubu
“Erməni çarı Avqar Roma Sezarı, qüdrətli hökmdar Tiberiyə can sağlığı diləyir. Bilirəm ki, imperiyanda baş verən hər bir şeydən xəbərin var, lakin bir dost kimi sənə bildirmək istəyirəm ki, Fələstində yaşayan iudeylər öz aralarında razılığa gələrək, onlara göstərdiyi böyük xeyirxahlıqlara baxmayaraq, günahsız Məsihi çarmıxa çəkiblər. O, elə bir möcüzələr yaradırdı ki, hətta ölüləri dirildirdi. Bil ki, belə bir qabiliyyət adi insanlara deyil, yalnız Allahın özünə xas ola bilər. Belə ki, onu çarmıxa çəkəndə günəş tutuldu, yer üzü titrədi. Lakin o, üç gün keçəndən sonra dirildi və çoxlarına zühur etdi. Onun adı ilə dünyanın hər yanında şagirdləri böyük möcüzələr yaradırlar, mən bunu öz təcrübəmdən gördüm. İndi siz, hökmdar, bu cür cinayət törətmiş İudeya xalqı ilə nə etmək lazım olduğunu bilirsiniz. Üstəlik, bütün kainatda Məsihə Allahın oğlu kimi hörmət edilməsini əmr etməyiniz ümidverici olar. Əlvida.”
Tiberinin Avqarın məktubuna cavabı
“Roma Sezarı Tiberi hökmdar Avqara can sağlığı diləyir. Sənin göndərdiyin məktub hüzurumda oxundu, buna görə sənə təşəkkür edirəm, mən bu haqda çoxlarından eşitmişəm, onun möcüzələri haqqında mənə Pilat da məlumat verib, onun dirilməsindən sonra çoxları tərəfindən Allah adlandırılmasından da xəbərim var. Buna görə mən də sənin düşündüyün kimi, onu Allah kimi tanımaq istədim. Ancaq Roma adətlərinə görə, heç kim Senat tərəfindən sınanmadan və təsdiqlənmədən Tanrılar sırasına daxil edilmir. Mən bu işi Senata təklif etdim, lakin Senat bundan imtina etdi, çünki bu günə qədər Məsihlə bağlı Senatda heç bir dinləmə olmamışdı. Ancaq mən bildirdim ki, kim istəyirsə, Məsihi Allah hesab edə bilər və xristianları ittiham edən hər kəsin öldürülməyini əmr etdim. Çarmıxa deyil, səcdəyə və ibadətə layiq olan birini çarmıxa çəkdikləri üçün isə iudeylərə ədalətli cavabı mənə qarşı qalxmış Qiştanlarla[1] müharibəni bitirən kimi verəcəyəm.”
Avqar Tiberiyə başqa bir məktub yollayır
“Erməni çarı Avqar Roma Sezarı, qüdrətli hökmdar Tiberiyə can sağlığı diləyir. Mənə çatan məktubunu oxudum və sənin verdiyin əmrlər məni çox sevindirdi. Lakin icazənlə bildirməliyəm ki, Senatın rəftarı gülüncdür. Çünki Romada Allahlıq insanların istəyi ilə verilir, belə ki, Allah insanlara uyğun olmadıqda insanlar onu Allah hesab etmirlər, insanlar Allaha mərhəmətli yanaşmalıdırlar. Bununla belə, ey qüdrətli hökmdar, haqq işi gör və Pilatın yerinə başqa birisini göndər, onu isə hakimiyyətdən uzaqlaşdır, çünki sənin həvalə etdiyin işi ləyaqətsizliklə icra edib, iudeylərin iradəsinə tabe olaraq sənin xəbərin olmadan İsanı çarmıxa çəkdirib. Sənə xoşbəxtlik arzulayıram.” Bunu Avqar yazıb və digər məktubları siyahısı ilə birgə Edes kitabxanasına qoyub. O həmçinin Babildəki gənc Nersə, Assuriyanın hökmdarına məktub göndərib.
Avqarın Nersə məktubu
“Erməni şahı Avqar oğlu Nersə can sağlığı arzulayır. Sənin təbrik məktubunu aldım, Perozu da törətdiyi cinayətə görə bağışladım və azad etdim. Əgər sənə də uyğundursa, Nineviyada onu rəis təyin et. Sənin görmək və eşitmək istədiyin, möcüzələr yaradan, oddan və sudan üstün olan Allahı təbliğ edən həkimə gəlincə, demək istəyirəm ki, bu həkim insan qabiliyyəti ilə öyrənmiş həkim deyil, o, od və suyu yaradan Allahın oğlunun şagirdidir və püşklə Erməni ölkəsinə göndərilib. Onun Simon adlı ilk işçilərindən biri isə oradan Farsa göndərilib. Onu axtarıb tapın və atan Artasla birgə ona qulaq asın, o, sənin bütün xəstəliklərini sağaldacaq və həyata yolunu açacaq.”
Bundan başqa, o, Fars şahı Artasa da məktub yazır.
Avqarın Artasa məktubu
“Erməni şahı Avqar qardaşı, Şahlar Şahı Artasa can sağlığı arzulayır. Düşünürəm ki, sən artıq Allahın oğlu, iudeylər tərəfindən çarmıxa çəkilmiş İsa Məsih haqqında eşitmisən, eşitmisən ki, o, öldükdən sonra dirilib və öz şagirdlərini dünyanın hər tərəfinə xalqları maarifləndirmək üçün göndərib. Onlardan Simon adlı biri sənin hökmdarlığında olan ölkələrdən birindədir. İstəsən, onu tapa bilərsən. O, sənin bütün xəstəliklərini və narahatlıqlarını sağaldar və sənə həyatın yolunu göstərər. Öz qardaşların və sənə könüllü tabe olanlarla birgə onun sözlərinə etibar et. Mən istəyirəm ki, qan qohumlarım olan sizlər həm də mənim etibarlı və həqiqi dostlarım olasınız.”
Məktuba cavab gələnə qədər Avqar 38 illlik hökmdarlıqdan sonra dünyasını dəyişdi.
Fəsil 31. Həvarilərin iztirabları haqqında
Avqarın ölümündən sonra erməni şahlığı iki yerə parçalandı: oğlu Anan[2] Edesdə başına tac qoydu və hökmranlığa başladı, bacısının oğlu Sanatruk isə Ərməniyəyə sahib oldu. Onların hakimiyyəti dövründə baş verənlər haqqında, yəni həvari Faddeyin Ərməniyəyə gəlməsi, Sanatrukun əvvəl dini qəbul etməsi, sonra isə erməni əsilzadələrdən qorxaraq dindən dönməsi, həvarinin ətrafındakılarla birgə indi Artaz adlandırılan Savarsan[3] vilayətində öldürülməsi, qayanın yerindən tərpənməsi və həvarinin cəsədinin onun üzərinə düşməsi, cəsədin şagirdlər tərəfindən götürülərək düzdə dəfn edilməsi, Sanatruk şahın Sanduxta adlı qızının yolda işgəncələrə məruz qalması, onların hər ikisinin cəsədinin qalıqlarının oradan tapılması və dağlıq ölkəyə aparılması haqqında bizə qədər çoxları yazdığı üçün onların təkrarlanmasına ehtiyac hiss etmədik. Ona görə də Avqarın oğlu tərəfindən Edesdə öldürülən həvarinin şagirdi Addey haqqında heç nə yazmırıq, çünki onun iztirablarını başqaları təsvir edib. Avqardan sonra oğlu onun şahlıq taxtının varisi olsa da, atasının fəzilətli əməllərinin davamçısı olmadı; bütlərin məbədini açdı və bütpərəstliyi bərpa etdi, sonra da Addeyin yanına adam göndərdi ki, atası kimi onun üçün də nazik qızıldan hörülmüş tac düzəltsin və belə bir cavab aldı: “Məsihi diri Allah hesab etməyən adam üçün tac düzəltməyə mənim əlim qalxmaz.” Buna görə o, silah daşıyanına əmr etdi ki, Addeyin ayaqlarını kəssin, silahdaşıyanı Addeyin tədris binasında oturduğunu görüb qılıncını sıyırdı və onun ayaqlarını dizlərindən kəsdi və Addey öldü. Biz bu məsələyə yüngül toxunduq, çünki bunun haqqında başqaları nəql edib. Ərməniyədə Varfolemey də dini təbliğ edib və bizim Apezbanda əzablı ölümlə üzləşib. Dini Farsda təbliğ edən Simon haqqında, onun nə etdiyi, harada iztirab çəkdiyi haqqında isə etibarlı bir şey deyə bilmərəm. Çünki bəziləri deyir ki, Simon İberiya Bosforunda dünyasını dəyişib, bunun həqiqət olduğunu deyə bilmərəm. Onun nə üçün ora getdiyi də mənə məlum deyil, bu hekayəni ona görə bura yazıram ki, tarix haqqında nə bilirəmsə, yazdığımı görəsən.
Fəsil 32. Sanatrukun hakimiyyəti haqqında, Avqarın oğullarının öldürülməsi və şahzadə Yelena haqqında
Tərbiyəçiləri olan cəsur Baqratidlər və Arznuntslar vasitəsilə şahlığı qəbul edən Sanatruk bütün Ərməniyə üzərində hakimiyyətə sahib olmaq üçün qoşun topladı və bu məqsədlə Avqarın oğulları ilə müharibə niyyətinə düşdü. Amma qoşun toplamaqla məşğul olarkən Allah Addeyin qisasını Avqarın oğlundan aldı. Belə ki, o, sarayının damına mərmər sütun qoymağı əmr edir, özü də aşağıda durub sütunu necə qoymaq lazım gəldiyi haqqında göstəriş verir və daşı qoyanların birinin əlindən daş onun üzərinə düşərək ayağını qırır və onun ömrünə son qoyur. Şəhərin sakinləri o saat Sanatrukun yanına elçi göndərirlər ki, sülh imzalasınlar və onları Məsihin dinindən döndərməsinlər, əvəzində isə ona şəhəri və şah xəzinəsini vəd edirlər. Sanatruk əvvəl bu şərtlərlə razılaşsa da, sonra sözündən çəkilir və Avqarın kiçik qızları çıxmaq şərtilə bütün nəslini məhv edir, qızları isə şəhərdən köçürərək Hasten vilayətinə[4] göndərir. Avqarın birinci xanımı Yelenanı isə özünün Harran şəhərinə[5] göndərir və Avqarın ona etdiyi yaxşılıqların əvəzi olaraq bütün Mesopotamiya üzərində hökmranlığı ona verir. Yelena da əri kimi bütpərəstlərin arasında yaşamaq istəmədi və Aqavın[6] peyğəmbərcəsinə xəbərdarlıq etdiyi aclıq başlayanda Yerusəlimə, Klavdinin çarlığına köçdü, özünün bütün xəzinəsini Misirə daşıyaraq çoxlu miqdarda buğda aldı və İosifin nəql etdiyi kimi yoxsullara payladı. İndiyə qədər Yerusəlimin darvazaları önündə onun heykəli ucalır.
Fəsil 33. Nizibi şəhərinin bərpası, Sanatruk haqqında və onun adının haradan alınması haqqında və sonra da onun ölümü haqqında
Nizibi şəhərini bərpa etməkdən başqa Sanatrukun hər hansı bir xeyirxah iş gördüyünü tapa bilmədik. Bu şəhər zəlzələdən zərər gördüyü üçün o, şəhəri dağıtdı və yenidən, əvvəlkindən də gözəl tikdi, onun ətrafına ikiqat daş hördürdü, şəhərin ortasına isə heykəlini qoydurdu. Heykəlinin əlində isə bir sikkə var idi, onunla Sanatruk demək istəyirdi ki, bütün xəzinəsini şəhərin bərpasına xərcləyib, yalnız bir sikkəsi qalıb.
İndi isə Sanatrukun adının mənşəyi haqqında deməliyik. Avqarın bacısı Ogiya qışda Ərməniyəyə gedərkən elə bir çovğun başladı ki, hamını pərən-pərən saldı, kimin hara getdiyi məlum olmadı. Sanatrukun Sanota adlı dayəsi var idi. Dayə Baqrati Biratiyanın bacısı, Xoren Arzrunskinin xanımı idi. Çovğun düşəndə Sanota Sanatruku qucağına götürür və sinəsinə sıxaraq üç gün üç gecə qarın altında qalır. Buradan belə bir rəvayət yaranır ki, Allahlar körpəni qorumaq üçün yerə ağ rəngli bir heyvan göndəriblər. Amma bu iş bizim anladığımıza görə, belə olub: ağ it itənləri axtaranların arasında olub və dayə ilə körpə onun yoluna çıxıb. Ona görə də o, Sanatruk, yəni Sanot turk, Sanotun hədiyyəsi adlanıb. Fars Şahı Artasın hakimiyyətinin 12-ci ilində Sanatruk taxta çıxıb və otuz il yaşadıqdan sonra ovda ölüb. Ox onun qarnını deşir və bu sanki işgəncələrə təslim etdiyi müqəddəs qızı Sanduxtun ölümünə görə cəza idi. Katib Apsadarın oğlu Lerubna həm Avqarın, həm də Sanatrukun bütün əməllərini təsvir edib və bu təsvir Edes kitabxanasında saxlanılır.
Fəsil 34. Yeruand hakimiyyətə gəlir və Sanatrukun uşaqlarını öldürür, Artas qaçaraq canını qurtarır
Sanatruk öldükdən sonra onun şahlığında qiyamlar başladı, çünki sonuncu Fars şahı Daranın hakimiyyətinin 8-ci ilində Arsatsidin Yeruand adlı oğlu taxta çıxdı.Yeruand haqqında bunları deyirlər: Arsatsidlər nəslindən güclü, lakin zahirən gözəl olmayan bir qadın var idi, gözəl olmadığı üçün heç kim onunla evlənmək istəmirdi və o, yaxın olduğu Pasif Minotavr adlı birindən dünyaya iki oğlan gətirir. Yetkinlik yaşına çatanda onlara Yeruand və Yeruaz adı verilir. Yeruand böyüdükcə cəsur və güclü oldu, Sanatruk tərəfindən müxtəlif vəzifələrə təyin edildiyindən böyük şöhrət qazandı və ad-sanı ilə Ərməniyə sərkərdələrinin hamısını geridə qoydu. O həmçinin həlim və səxavətli olduğu üçün çoxlarının qəlbinə yol tapdı. Beləliklə, Sanatruk öldükdən sonra ümumi razılaşmaya əsasən o, taxta sahib oldu, lakin Baqratilərdən heç kim onun başına tac qoymadı. Taxta sahib olduqdan sonra rəqabətdən qorxan Yeruand Sanatrukun bütün övladlarını (ola bilsin ki, Avqarın öldürülən övladlarının qisasını alaraq), bir körpəni çıxmaq şərtilə öldürdü. Artas adlı o körpəni dayə özü ilə Ger[7] vilayətində çobanların çadırlarına aparır və baş verənlər haqqında Birati Baqratinin oğlu Sembata xəbər verir. Həmin vaxt Birati Sper[8] vilayətinin Sembatavan şəhərində idi. Sembat Sanatrukun ölümü, övladlarının isə öldürülməsi xəbərini aldıqdan sonra Sembatanuziya və Sembatiya adlı iki qızını Baberdəyə[9] göndərir, qalanın qarşısına cəsur döyüşçülər düzür, özü isə xanımı və kiçik qoşunla Artası axtarmağa gedir. Bunu eşidən Yeruand onu təqib etməyi tapşırır. Sembat dağları gəzərək çoban çadırlarında körpəni əmizdirərək təsadüfən fars şahı Dara[10] ilə rastlaşır. Şah Sembatın cəsur və mərd olduğunu bilirdi, onun farslar arasında böyük hörməti var idi. Onu və körpəni layiqincə qarşılayırlar, onlara Basiya və Oziya[11] adlı iki vilayət verilir.
Fəsil 35. Yeruand gənc Artası tutmağa çalışır, o isə Mesopotamiyanı tərk edir
Yeruand hər zaman özü-özünə midiyalıların onun şahlığına hansı pisliklər edəcəyini düşündüyündən və ürəyində düşmənçilik olduğundan heç bir zaman rahat yata bilmirdi, ayıq olanda isə həmişə bu haqda düşünür və dəhşətli xülyalar görürdü. O, səfirləri və hədiyyələri ilə Fars şahını öz tərəfinə çəkməyə çalışırdı ki, Artası ondan alsın. O, ona deyirdi: “sən mənim qan qohumum ola-ola nə üçün Midiyalı Artasa, mənim şahlığımın düşməninə lütf edirsən, quldur Sembatın sözlərinə inanırsan? Sembat çobanın oğlunu Sanatrukun oğlu kimi qələmə verərək onu sənin qan qohumun olan Arsatsidin yerində oturtmağa çalışır.” Özü isə hər yerdə uşağın Sanatrukun oğlu olmadığı haqqında şayiələr yayır, deyirdi ki, Sembat hansısa midiyalı bir körpəni taparaq hamını aldatmağa çalışır. Bu səbəbdən də bir neçə dəfə Sembatın yanına belə bir təkliflə adam göndərir: “Nə üçün nahaq yerə əziyyət çəkirsən, dayə tərəfindən aldadılaraq mənə qarşı hansısa midiyalı uşağı tərbiyə edirsən?” Bu təkliflərinə xoşagəlməz cavab aldıqda isə onun üzərinə qoşun göndərdi və Beberde cəsur kişiləri öldürdü, Sembatın əsir götürülmüş qızlarını isə Ani qalasına saldırdı. Yeruand Mesopotamiyanı romalılara verərək onlarla ittifaqa girdi, Vespasian və Titin dövründə hökmranlıq etdi. O vaxtdan ermənilər Mesopotamiya mülkünü itirdilər, Yeruand Ərməniyədən daha çox xərac ödədi.
Romalılar isə Edes şəhərini yenidən qurdular, orada Ərməniyə, Mesopotamiya və Assuriyadan xərac kimi yığılan pulların toplanması üçün xəzinə yaratdılar və bütün kitabxanalardan kitabları toplayaraq iki məktəb inşa etdilər, onların birində aysor yazıları, digərində isə yunan yazıları tədris olunurdu. Ora həmçinin Sinop Pontundan vergilərin ödənilməsinin səbəbləri və məbədlər haqqında ictimai əsərlər də köçürüldü.
Fəsil 36. Yeruandasat[12] şəhərinin inşası haqqında
Həmin dövrdə şahın taxtı Armavirdən köçürüldü. Bu şəhər Yeraşes[13] çayından uzaqda yerləşirdi, uzun qış və sərt şimal küləkləri onun buzla örtülməsinə səbəb olurdu və bu səbəbdən də şahın ehtiyaclarını ödəmək mümkün olmurdu. Yeruand bu narahatlığı aradan qaldırmaq və yaxşı bir yer seçmək məqsədi ilə taxtını qərbdə bir daşlı təpəyə köçürür. Orada müxtəlif yollarda qıvrılan Yeraşes, nəhayət ki, əks istiqamətdə axan Akuriya[14] çayına tökülür. O, bu təpənin ətrafını divarla hördürdü, onun ortasında müxtəlif yerlərdə axırıncı daş layına qədər kanallar qazdırdı, bu kanallar çayın dərinliyi ilə eyni səviyyədə idi və suya olan müxtəlif ehtiyacları təmin edirdi. Şəhərin mərkəzində yerləşən qalanı hündür divarlarla möhkəmləndirdi, orta hüldürlükdə olan divarlara isə mis darvazalar qoydurdu, onların içərisində isə təpənin ən aşağı hissəsindən darvazalara qədər dəmir pilləkənlər qoydurdu. Pilləkənlərin üzərində şaha xələl gətirmək məqsədi ilə gizli gələnləri tutmaq üçün ilmələr düzdürdü. Deyilənə görə, bu qala iki üzlü idi, onun iki girişi var idi, biri məmurların iclasına gələnlər üçün idi və ona gündüz yolu deyirdilər. O biri isə gecə yolu idi və pis niyyətlə gələnləri tutmaq üçün əlverişli idi.
Fəsil 37. Bütlərin şəhəri olan Baqaranı necə inşa etməsi haqqında
Yeruand şəhəri tikdikdən sonra bütlərdən başqa hər bi şeyi Armavirdən ora köçürdü, xalq qurban vermək üçün toplaşanda şəhəri təhlükəyə atmamaq üçün bütləri özü ilə götürməyi mənasız hesab etdi. Bu şəhərdən uzaqda, şimaldan 40 stadi məsafədə, Akuriya çayının yuxarısında öz şəhərinə oxşar kiçik şəhər inşa etdi, o, şəhərə Baqaran adını verdi, bəzədilmiş möhtəşəm qurbangah tikdi və Armavirdə olan bütün bütləri ora gətirdi. Orada məbəd tikərək qardaşı Yeruazı baş kahin təyin etdi.
Fəsil 38. Çoxalma qoruğu adlanan qoruğun salınması haqqında
Yeruand divarlarla hördürdüyü çayın şimal sahilində qoruq saldırdı və onun içərisinə sürətlə qaçan keçiləri, maralları, onaqrlar və qabanları buraxdı. Bu heyvanlar çoxalaraq bütün qoruğu bürüdülər. Şah burada ov edərək əylənirdi, qoruğu isə çoxalan qoruğu adlandırdı.
Fəsil 39. Yeruandın öz əsəri olan Yeruandakert şəhəri haqqında
Onun parlaq və məşhur tikililərlə bəzədiyi şəhəri Yeruandakert haqqında yazmasaq, yaxşı olmaz. Bu şəhərin ortasında parıltısı ilə göz bəbəyini xatırladan dərə insanlarla məskunlaşdırıldı və möhtəşəm tikililərlə bəzədildi. Xoşətirli güllərin əkildiyi çöllər isə göz bəbəyini əhatə edən dairə şəklində salındı. İnsanları əhatə edən bağlar sıx və gözəl kiprikləri xatırladırdı. Şimal tərəfdən çoxlu sayda bağlarla əhatə olunmuş hissə gözəl qızların qaşlarına bənzəyirdi. Çöllərin hamar üzü günorta vaxtı hamar yanaqları xatırladırdı. Aralıq sahillər boyu axan çayın açıq mənsəbi isə açılmış ağıza bənzəyirdi. Bu gözəl mənzərə şahın sarayına açılırdı, şəhərə zənginlik və həqiqi şahlıq görkəmi verirdi.
[1] İspanlar nəzərdə tutulur.
[2] Anan/Ananun sözü erməni dilində adsız deməkdir.
[3] Şavarşan/Şavarşakan Van gölünün şimal-şərqində vilayət.
[4] Erməni dilində Haşteank, yunan-roma mənbələrində Astianen, hazırda Bingöl düzü.
[5] Müasir Türkiyədə Şanlıurfa vilayətində eyni adlı şəhər.
[6] Aqav və ya Aqabus katolik kilsəsinin 70 müqəddəslərindən biri.
[7] Ger, Her/Hir İranın Ərdəbil vilayətində bölgə.
[8] Baqratilərin irsi mülkü, Çorox çayının (müasir dövrdə Türkiyə və Gürcüstan ərazilərindən axan Çermelidere)
yuxarı sağ sahili ərazisi.
[9] Müasir Türkiyənin şimal-şərqində Bayburt.
[10] Müəllifin yazdığı Dara İran deyil, Parfiya şahı idi.
[11] Vilayətləri lokalizə etmək mümkün olmayıb.
[12] Digər tələffüzdə Yervandaşat.
[13] Yeraşes/Yerasx- Araz çayı nəzərdə tutulur.
[14] Araz çayının sol qolu, hazırda Türkiyə ilə Ermənistan Respublikasının sərhədi həmin ərazidən keçir.
Tərcümənin birinci hissəsi:
Tərcümənin ikinci hissəsi:
Tərcümənin üçüncü hissəsi:

