Azərbaycanın qədim və erkən orta əsrləri üzrə yerli yazılı mənbələrinin olmaması uzaq keçmişin bərpası zamanı alternativ mənbələrə müraciəti zəruri edir. Lakin məlumdur ki, qədim zamanlarda müəlliflər yalnız şahidi olduqları və ya etibar etdikləri insanların şahidlik etdiyi hadisələri əsərlərinə daxil edirdilər. Tarixi hadisələrə bu cür yanaşma qədim tarixi əsərlərin həm zaman, həm də məkan çərçivəsini olduqca daraldırdı. Məhz bu səbəbdən qədim müəlliflər əsasən öz xalqlarının və yaşadıqları ərazi və ya bölgənin tarixini tədqiqat obyektinə çevirirdilər. Yadlar və qonşu xalqlar yalnız müəllifin təmsil etdiyi xalqla hər-hansı təmasda olduqda, məsələn, müharibələr və ya müttəfiqlik, ticari, mədəni və digər intensiv əlaqələr mövcud olduqda mənbələrdə peyda olurdular. Məsələn, Herodotun məşhur Tarixlər əsərinə yunanlarla yanaşı farslar haqqında geniş məlumatın daxil edilməsi bu iki xalqın uzun müddət müharibə vəziyyətində olması, müəllifin farslar haqqında kifayət qədər bilik toplaması ilə izah edilir. Bu səbəbdən də Azərbaycanın qədim və erkən orta əsrlər dövrünə aid məlumatları ya Yunan-Roma, ya da qonşu erməni və gürcü yazılı mənbələrindən əldə etmək mümkündür.
Yunan-Roma mənbələrinin Qafqaz və müasir Azərbaycan ərazisinin qədim dövrü haqqında yazdıqları geniş ictimaiyyətə tarix dərsliklərindən, tarixi araşdırmalardan məlumdur. Lakin müəyyən səbəblərə görə bizim cəmiyyət nə gürcü, nə də erməni mənbələrinin qonşu Azərbaycan haqqında yazdıqları ilə yaxından tanış ola bilməyib. Təqdim edilən silsilə yazılarda erkən orta əsr erməni mənbələrindən biri Azərbaycan dilində təqdim ediləcək. Bu mənbələr Cənubi Qafqazın siyasi və sosial tarixini əks etdirən əsərlərdir. Bu mənbələrdə əks olunan məlumatlar erməni xalqının həm özü, həm də qonşuları haqqında nə düşündüyünü anlamaq, Cənubi Qafqazda baş verən sosial-siyasi prosesləri izləmək imkanı verəcək. Bu məlumatlar eyni zamanda müasir Azərbaycan tarixşünaslığının erkən orta əsr dövrü üzrə şərhini erməni mənbələrinin məlumatları ilə qarşılaşdırmaq və müqayisə etmək imkanı verəcək. Bu məlumatlar müasir Ermənistanın qonşu xalqlara ərazi iddialarının hansı şərtlər və əsaslarla formalaşdığına da aydınlıq gətirməyə yardımçı olacaq.
Erməni yazılı mənbələrinin tarixi bizim eranın 5-ci əsrindən başlayır. Erməni tarixi məktəbinin formalaşması isə üç faktorla, ermənilərin yaşadığı ərazidə xristianlığın yayılması və dini ədəbiyyatın yayılması üçün erməni əlifbasının yaradılması, İranda Sasanilər sülaləsinin hakimiyyətə gəlməsi və Еrməni dövlətinin süqutu ilə izah olunur. Bu mənbələrin müəlliflərinin əksəriyyəti din xadimləri olub. Onlar siyasi və mülki tarixi əsasən dini kontеksdə təqdim еtməyə çalışıblar. Bu mənbələrdə qonşu xalqların, yəni alban və gürcülərin, tarixinə müraciət müstəqil xaraktеr daşımasa da, onlar qonşu ərazilərin sosial-siyasi həyatı haqqında məlumatlarla zəngindir. İlk yazıda erməni tarixinin atası sayılan Moisey/Movses Xorenatsinin «Ərməniyə tarixi» adlı əsərinə müraciət edəcəyik. Erməni naxararı (knyazı) Saak Baqratuninin sifarişi ilə yazılmış bu əsərdə qədim Albaniyanın və Gürcüstanın siyasi və mülkü tarixinə kifayət qədər yеr ayrılmış, onların ən böyük şəhərləri gеniş təsvir еdilmişdir.
Xorenatsinin özünün hansı dövrə aid olması bir əsrdən də çoxdur ki, tədqiqatçılar tərəfindən mübahisələndirilir. 19-cu əsrə qədər əsərin 5-ci əsrdə yazıldığı iddia edilirdi, lakin əsərə daxil edilmiş bəzi məlumatların 7-ci və hətta 9-cu əsrə aid olması ona başqa müəlliflər tərəfindən müdaxilələrin edilməsi ehtimallarını formalaşdırıb. Lakin mənbəni təhlil edən heç bir tədqiqatçı əsərin erkən orta əsr dövrü üzrə qiymətli məlumatları əks etdirdiyini inkar etmir. Movses Xorenatsi qədim dövr üzrə əsasən yunan mənbələrinin məlumatlarından faydalanıb, lakin hər zaman onların adını dəqiq qeyd etməyib. Bu yazı Movses Xorenatsinin rus və ingilis dillərində müvafiq olaraq, 1809 və 1978-ci illərdə nəşr edilmiş əsərinin müqayisəli təhlili əsasında hazırlanıb. Onu da qeyd edim ki, Xorenatsinin ən ciddi tənqidçisi onun əsərini ingilis dilinə tərcümə etmiş, uzun illər Harvard Universitetində Ermənişünaslıq kafedrasının rəhbəri olmuş Robert Tomson (Robert Thomson) olub. Tomson Xorenatsini mənbələri haqqında dəqiq məlumatlar verməməkdə ittiham edib ki, bu da erkən orta əsr müəllifləri üçün ciddi irad sayıla bilməz.
Movses Xorenatsinin Ermənilərin tarixi adlı əsəri üç kitabdan ibarətdir. Birinci kitab ermənilərin şəcərəsinə həsr olunmuş əfsanəvi tarixi rəvayətlərdən başlayır və real tarixi hadisələrdən ibarət olan Makedoniyalı İsgəndərin dövrünə qədər davam edir. İkinci kitab Makedoniyalı İsgəndərin dövründən başlayaraq bizim eranın 330-cu ilinə qədər olan hadisələri əks etdirir. Üçüncü kitab isə 5-ci əsrin siyasi hadisələrindən bəhs edir. Mən ermənilərin şəcərəsinə həsr olnmuş əfsanəvi tarixi buraxaraq, kitabın 2-ci və 3-cü hissələrindən edilən tərcümələri təqdim etməyi məqsədəuyğun hesab etdim.
Şəlalə Məmmədova
Fəsil 40. Fars satraplarından sevgi görən Sembat Artası şah etmək istəyir
Artas yetkinlik yaşına çatdıqdan, onun tərbiyəçisi Sembat isə çoxlu şərəfli əməllər törətdikdən sonra bütün Ari satrapları bundan çox məmnun oldular və Şahdan onun istədiklərini yerinə yetirməsini xahiş etdilər. Şah satrapların xahişlərinə boyun əyərək onlara belə dedi: “O cəsur kişidən nə istədiyini soruşun.” Satraplar buna cavab olaraq belə dedilər: “Sembat sənin lütfündən başqa bir şey diləmir və yalnız sənin qanından olan Sanatrukun oğlu, öz şahlığından qovulmuş Artasın layiq olduğu yerə qaytarılmasından başqa bir şey istəmir.” Şah bu xahişlə razılaşır və Artasın ata taxtına oturması üçün Sembata Assuriya və Atropatena qoşunlarının bir hissəsini verir.
Fəsil 41. Artasın onun sərhədlərinə yaxınlaşması xəbərini eşidən Yeruand qoşun toplayır və müharibəyə hazırlaşır
Beləliklə, Uti vilayətində[1] olan Yeruanda xəbər çatır ki, Fars şahı böyük bir qoşun toplayıb və onu Sembata həvalə edib ki, onun üzərinə hücum edərək şahlığı Artasa qaytarsın. Bu xəbəri alan kimi Yeruand çoxlu sayda satrapları vilayəti qorumaq üçün toplayır, özü isə Ərməniyə, İberiya, Qeysəriyyə vilayətləri və Mesopotamiya ordusunu yalvarışlar və hədiyyələrlə inandırmaq və öz tərəfinə çəkmək üçün öz şəhərinə[2] yollanır. Bu hadisə yaz aylarında baş vermişdi, ona görə də alaylar o saat toplanmışdı, hətta Astiaqın nəslindən olan Murasisk naxararı[3] Arqam da az sayda süvari dəstəsi ilə gəlmişdi, çünki Yeruand Tiqranın əlindən alaraq bacısının əri Mitridata verdiyi səlahiyyətləri Arqama qaytarmışdı. Mitridat öldükdən sonra bu səlahiyyətlərdən Yeruand onları Arqama qaytarana qədər heç kim istifadə etməmişdi. Yeruand təkcə Arqamı deyil, bütün satrapları fəxri adlarla təltif etmiş, döyüşçüləri isə səxavətlə mükafatlandırmışdı.
Fəsil 42. Ölkəsinə qədəm qoyan Artasın işlərinin uğurlu olması haqqında
Sembat gənc Artasla Uti vilayətinin sərhədlərinə doğru tələsir, həmin vilayətin qoşunları və Yeruandın ora qoyduğu satraplar ona müqavimət göstərirlər. Bu haqda eşidərək qorxuya düşən və Roma qoşunlarının da köməyə gəlmədiyini görən Ərməniyə satrapları Yeruanddan üz döndərmək haqqında düşünməyə başlayırlar. Bunu görən Yeruand hər kəsə ayrılıqda hədiyyələr və xəzinəsindən pay verməyə başlayır. Lakin nə qədər çox verirdisə, bir o qədər də çox nifrət qazanırdı, çünki hamı bilirdi ki, o, hədiyyələri səxavətindən deyil, qorxudan verir. O, səxavətlə bəxşiş verdiyi insanları öz tərəfinə çəkməklə onları dostuna çevirmirdi, səxavətlə bəxşiş vermədiyi insanları düşməninə çevirirdi.
Fəsil 43. Artasla döyüşə girən Yeruand qaçır, şəhəri ələ keçirilir, özü isə ölür
Sembat gənc Artasla Araqaz dağ silsiləsi yaxınlığındakı Gelam gölünün[4] sahilinə yaxınlaşır və oradan Yeruandın düşərgəsinə doğru gedir. Yeruandın qoşunları nə qədər çoxsaylı olsa da, bu, Sembatı qorxutmur, onu cəsur və saysız-hesabsız nizəçilərə rəhbərlik edən Arqam qorxudurdu. Yeruandın düşərgəsi şəhərin şimalından 300 stadi uzaqda Akuri çayı sahillərində yerləşmişdi. Yeruanda xəbər çatanda o, çoxlu sayda alaylarını hərəkətə gətirərək düşərgənin ətrafında sıraya düzdü. Artas isə Murasın zadəganı Arqamın yanına elçi göndərib ona əvvəlki vəzifəsini və Yeruanddan aldığı hər bir şeyi saxlayacağını vəd edərək Yeruanddan uzaqlaşmağı xahiş edir. Beləliklə, Artasın qoşunları Yeruandın qoşunları qarşısına çıxanda Arqam öz qoşunlarını geri çəkdi. Sembat mis borularda çalmağı əmr edərək ilk dəstəni Yeruandın üzərinə apardı və qartal kəklik sürüsünə hücum edər kimi Yeruandın qoşunlarının üzərinə hücuma keçdi. Bu zaman sağ və sol cinahda dayanan və Sembatın yardımına gələn erməni satrapları bir alayda birləşdilər; başda çar Faramzanın[5] durduğu İberiya ordusu isə ağır döyüşdə geriyə çəkilərək başqa ölkəyə qaçdı. Çox güman ki, bu döyüşdə həm Yeruandın, həm də Mesopotamiya qoşunlarının tərəfindən çoxlu itkilər verildi. Döyüş zamanı Yeruanda Artası öldürəcəklərini vəd edən bir neçə cəsur Torenli Artasın üzərinə hücum etdi. Lakin elə ilk toqquşmada Artasın dayəsinin oğlu Qisak gəldi və onların hamısını öldürdü. Lakin qalib gəldiyi zaman onun üzünü qılıncla iki yerə böldülər və o, bu yaradan öldü. Qoşunun qalan hissəsi isə qaçdı. Yeruand at üstündə bir neçə stadi irəli getdikdən sonra, nəhayət ki, şəhərin yaxınlığında yerləşən düşərgəyə çatır və başqa bir at götürərək bir qədər sakitləşir. Lakin cəsur Sembat gecə vaxtı onun üzərinə hücum edərək onu şəhər darvazalarına qədər qovur. Yeruandın qoşununu əvəzləyən Midiya qoşunları isə öldürülmüş əsgərlərin cəsədi üzərində düşərgə salır. Artas isə Yeruandın dəri və kətandan hazırlanmış çadırına daxil olur və gecəni orada keçirir. Səhər bir qalib kimi ölənlərin dəfn edilməsini əmr edir. Ölülərin üzərində düşərgə qurulmuş vadini Midiya çölü, Yeruandın məğlub olduğu yeri isə onun adı ilə Yeruand adlandırır. Artasın özü günorta Yeruandın şəhərinə daxil olur, Yeruandın yaşadığı yerə gəlir və hamıya “Mar amat!”- “Rədd ol, Midiyalı!” qışqırmağı əmr edir. Bununla o, Yeruandın Fars şahı və Sembatın yanında onu Midiyalı adlandıraraq təhqir etdiyini xatırladır. Bu səbəbdən də həmin yer Marmeta adlandırılır. Çünki Artas həmin yerdən Yeruandın adını silmək istəyirdi. Bax, həmin yerin adı buradan gəlir. Yeruandı gecə qovmuş Sembat Artas qoşunları ilə şəhərə daxil olana qədər darvazaların yanında duraraq şəhəri qorumuşdu. İgid döyüşçülər döyüşə girəndə qalanı qoruyan hərbi dəstə təslim oldu və şəhər darvazalarını açdı. Döyüşçülərdən biri şəhərə daxil olaraq balta ilə Yeruandın başını iki yerə böldü, onun beyni həmin məkanın döşəməsinə dağıldı. İyirmi il hökmranlıq etmiş Yeruand öldü, Artas isə Yeruandın qeyri-qanuni doğulmuş Artsasid olduğunu xatırlayaraq şaha layiq dəfn olunmasını əmr etdi.
Fəsil 44. Artas hökmranlıq edir və xidmətləri ilə fərqlənənləri mükafatlandırır
Yeruand öldükdən sonra Sembat xəzinəni axtarır, Sanatrukun tacını taparaq Artasın başına qoyur və Fars şahı Daranın[6] hakimiyyətinin 29-cu ilində onu bütün Ərməniyənin şahı elan edir. Hakimiyyətə sahib olduqdan sonra Artas Fars və Midiya sərkərdələrinə bəxşişlər verərək onları öz məmləkətlərinə yollayır. Sonra isə verdiyi vədinə uyğun olaraq Arqamı şahlığında ikinci adam edir, onun başına sünbül çiçəyi ilə bəzədilmiş tac qoyur, hər iki qulağı üçün sırğa və biri bənövşəyi olan ayaqqabı verir, ona həmçinin qızıl qaşıq və çəngəldən istifadə etməyə, qızıl qədəhdən içməyə icazə verilir. Sırğa və bənöşəyi ayaqqabını çıxmaq şərtilə, tərbiyəçisi Sembata da eynilərini verir. Bundan başqa, Sembata dədə-baba adətinə uyğun olaraq şahın başına tac qoymaq hüququ və bütün Erməni alaylarının qərb qoşunlarına, bütün Ərməniyə şahlarına və şah sarayına rəhbərlik səlahiyyəti verilir. Nəhayət, Qisakın, dayənin oğlu Nersəsə atasının məşhur işləri şərəfinə Dimakisiyan (erməni dilindən tərcümədə bu, üzün yarısı mənasını verir) adını verdi və bu adı onun bütün nəslinə şamil etdi. Çünki Artasın üzərinə hücum edənlərin yarısı onun qılıncı gücünə öldürülmüşdü. Beləliklə də, bu nəslin adı buradan gəlir. On beş nəfərdən ibarət Turun oğullarını isə atalarının adı ilə Teurni[7] adlandırdı. Bunu onların hər hansı cəsur əməllərinə görə deyil, atalarının xəbərçi olması üçün etdi. Çünki o, Yeruandın qohumu idi və saraydan Sembata xəbər ötürürdü və elə buna görə də Yeruand tərəfindən öldürülmüşdü.
Fəsil 45. Yeruazın öldürülməsi, başqa bir Baqaranın tikilməsi. Artas Romalılara xərac ödəyir
Nəhayət, şahın əmri ilə Sembat Yeruandın qardaşı Yeruazı öldürmək üçün Kürün sahilində yerləşən və Yeruand şəhərinə yaxın olan Baqaran qalasına gəlir. Yeruazı tutan Sembat onun boğazına dəyirman daşı bağlayıb çayın dərinliyinə atmağı əmr edir, onun yerinə isə Artasın qohumu, bir sehrbazın şagirdi olan, yuxuları yozmağı bacaran və buna görə də Moqapaet adlandırılan birini təyin edir. O, Yeruazın xəzinəsini və 500 qulunu, məbəddəki bütün cəvahirləri götürərək Artasa apardı. Artas Yeruazın bütün qullarını Sembata verdi, xəzinəni isə öz cəvahirləri ilə zənginləşdirərək təşəkkür və hörmət əlaməti olaraq atası və himayədarı hesab etdiyi Fars şahı Daraya göndərdi. Sembat Baqarandan[8] gətirilən qulları Mazis dağının arxasında yerləşən, özünün inşa etdirdiyi və Baqaran adlandırılan şəhərə gətirdi. Bundan sonra o, hədiyyələri Fars şahı Daraya aparmaq üçün hazırlaşır. O zaman o, Roma imperiyası haqqında düşünmürdü. Amma o, Fars şahının hüzuruna gedəndə Qeysəriyyədən böyük qoşunla xərac toplayanlar gəlir. Artas onlarla danışır və ikiqat xərac ödəməyə razı olur. Bu haqda məlumatı bizə Ani kahini, bütpərəst Olip verir. O, bizə bir çox başqa məlumatlar da verir ki, o məlumatları sizinlə sonra bölüşəcəyəm. Bu haqda həmçinin Fars kitabları və Ərməniyənin tarixi nəğmələri də xəbər verir.
Fəsil 46. Artaksatа şəhərinin salınması haqqında
Artasın fəaliyyəti haqqında məlumat bizə ümumən Qoltandan[9] gəlib. Bunlara şəhərin tikilməsi, Alanlarla ittifaq, Artasın uşaqlarının dünyaya gəlməsi, Satinikin əfsanələrdə qeyd edildiyi kimi Astiaqın nəslinə aid Əjdahalar[10] qolundan olana ehtirası, Mazis dağının ətəyində olan bütün torpaqların onlara aid olması, onlara qarşı müharibə və hakimiyyətlərinin əllərindən alınması və məğlub edilmələri, binaların yandırılması, Artasın xanımları arasında olan nifrət və düşmənçiliyin övladlarına keçərək onlar arasında nifrət və çəkişmələrə səbəb olması kimi məlumatlar daxildir. Bütün bunların hamısı qeyd edildiyi kimi bizə tarixi nəğmələrdən bəllidir. Biz bunlara qısa şəkildə toxunacaq və bu təsvirlərin altında gizlənən əsl niyyətin nədən ibarət olduğundan yazacağıq. Artas Yeraşes və böyük gölün birləşdiyi əraziyə gəlir və bu yerin gözəlliyinə heyran olaraq orada öz adına uyğun olan Artaksata şəhərini salır. Yeraşesdən ora asanlıqla tikinti materialları gətirildiyindən şəhər qısa zamanda tikilir, orada məbəd inşa edilir, Baqarandan Diananın və Apollondan başqa bütün yerli Allahların bütləri gətirilir. Apollonun heykəlini isə o, şəhərdən kənarda yol üstündə qoydurur. Armavirdən Yeruandın şəhərinə köçürülmüş və onun şəxsi himayəsində olan əsir yəhudiləri də Artaksataya gətizdirir. Şəhərə şahın yaşayışını təmin etmək üçün digər şeylər də köçürülür.
Fəsil 47. Alanların Ərməniyəyə hücumu və məğlubiyyəti, Artasın onlarla qohum olması
Elə həmin vaxt bütün dağ sakinləri ilə ittifaq bağlayan, İberiyanın yarısını öz tərəfinə çəkməyi bacaran alanlar çoxlu sayda bizim çöllərdə gəzməyə başlayırlar. Bu səbəbdən Artas da böyük sayda qoşun toplayır, beləliklə, cəsur və ox atmaqda məşhur olan bu iki xalq arasında döyüş başlayır. Alanlar bir qədər geri çəkilərək böyük Kür çayını keçirlər və onun sağ sahilində öz düşərgələrini salırlar. Artas onları təqib edir və günorta Kürün o biri sahilində düşərgə qurur. Amma erməni ordusu Alan şahının oğlunu əsir götürdükdən və Artasın yanına gətirdikdən sonra Alan şahı sülh istəməyə başlayır və Artasa istədiyi hər şeyi verəcəyini vəd edir. Alan şahı həmçinin vəd edir ki, onlar arasındakı sülh daimi olacaq və bir daha alanlar heç bir zaman öz hücumları ilə Ərməniyəni narahat etməyəcəklər. Lakin Artas gənc oğlanı qaytarmağa razı olmur. Belə olduqda gəncin bacısı çayın sahilində hündür bir yerə çıxdı və dilmanc vasitəsilə üzünü Artasın düşərgəsinə tutub dedi: “Səsimi sənə eşitdirirəm, cəsur Alan xalqını məğlubiyyətə uğradan cəsur Artas! Bura yaxınlaş və gözəl alan qızının o gənci buraxmaq üçün sənə dua etməsinə icazə ver. Müqəddəs nəsildən olan birinə başqasından qisas almaq üçün bir başqasını öldürmək və ya qula çevirmək yaraşmaz, çünki bu, cəsur xalqlar arasında daimi düşmənçiliyə səbəb olar.” Bu ağıllı sözləri eşidən Artas çayın sahilinə yaxınlaşır, qızın gözəlliyini görür, onun sözlərinin müdrikliyini anlayır və qıza qarşı sevgisi yaranır. O, tərbiyəçisi Sembatı yanına çağırır və hissləri haqqında ona deyir, onunla evlənmək istədiyini, bu igid xalqla ittifaq bağlamaq və ödəliklər götürmək, gənci isə buraxmaq istədiyini deyir. Sembat bu fikri bəyənir və Alan şahının yanına elçi göndərir ki, Alan şahzadəsi Satiniki Artasa ərə versin. Alan şahı buna cavab olaraq soruşur ki, cəsur gənc Artasın Alan şahzadəsini almaq üçün böyük məbləğdə xərac ödəməyə gücü yetəcəkmi? Bu haqda salnaməçilər uydurduqları şerlərdə belə yazırlar: “İgid gənc Artas qara gözəl ata mindi, qırmızı ipli qızıl sırğanı götürüb qartal kimi süzərək çayı keçdi, qızıl sırğanın bağlandığı oxu ataraq Alan qızını ram etdi, o, incə, heyran olmuş qızı düşərgəsinə gətirdi.” Bu hekayənin həqiqəti isə bundan ibarətdir: Alanlar qırmızı dəriyə hörmət etdiklərindən Artas Alan şahzadəsi Satiniklə evlənmək üçün böyük miqdarda bahalı şeylər və qızıl ödəmişdi, onların içərisində qızıl sırğa və qırmızı iplər də var idi. Nikahın özünü də bu cür dəbdəbəli təsvir edirlər: “Artas bəy Satiniklə evlənərkən qızıl, marqarit[11] yağışı yağdırırdı.” Bizim şahlarda belə bir adət var idi, nikah zamanı onlar məbədə girəndə Roma konsulları kimi xalqa pul atırdılar, gəlinin yatağını isə marqarit ilə bəzəyirdilər. Ona görə də bu hekayə həqiqətə uyğun görünür. Artasın ilk xanımı olan Satinik dünyaya Artavazd adlı oğlan və çoxlu sayda uşaq gətirir. Biz burada onların adlarını sadalamağı lazım bilmədik. Onları etdikləri əməllərə çatanda xatırlayacağıq.
Fəsil 48. Arqam və övladlarının öldürülməsi
Yetkinlik yaşına çatmış Artavazd cəsarətli, özünü sevən və qürurlu bir insan idi. Qocalmış Arqama paxıllıq edən Artavazd atasını ona qarşı qəzəbləndirir. Artavazd atasını inandırır ki, Arqam bütün hakimiyyəti ələ keçirmək istəyir. Beləliklə, o, Arqamın səlahiyyətlərini əlindən alaraq onun yerinə keçməyi bacarır. Bir müddət sonra nahar süfrəsinə Arqamla birgə oturmuş Artas onun məkirli niyyətinin olmasından şübhələnir. Onun uşaqları səs-küy yaradırlar və qocalmış Arqamı stolun arxasından tutub çəkirlər. Qəzəblənmiş Artas Artaksata şəhərinə qayıdır və oradan oğlu Mazanı çoxsaylı ordu ilə Muraseylər nəslindən olanları qırmağa, Arqamın evini yandırmağa göndərir, onun kənizi, gözəl üzlü və ləyaqətli Mandunu isə yanına gətirməyi əmr edir. İki il keçdikdən sonra o, kənizdən başqa hər şeyi Arqama geri qaytarır. Artavazd isə Arqamdan yalnız səlahiyyətlərinin alınmasından narazı qaldığı üçün Naxçıvanı və şimal tərəfdə yerləşən Yeramesin bütün mülklərini, sarayları və qalaları ilə birgə ələ keçirir. Bütün bunlara dözməyən Arqamın övladları onun üzərinə qoşunla yürüyürlər. Lakin şah Artasın oğlu onlara qalib gəlir və Arqamın bütün övladları, ozü və Muraseylərin bütün zadəganları öldürülür. Onların şəhərləri ələ keçirilir, bu şəhərlərdə Artasın sarayına pənah gətirmiş sadə təbəqədən olan gənclərdən başqa bir kimsə qalmır. Nağıllarda Arqavan adlandırılan həmin bu Arqamdır, onun Artavazdla müharibəsinin səbəbi də məhz budur.
Fəsil 49. Sembatın nə cür adam olması haqqında, Alanlarla onun nə etməsi haqqında, Artazanın əhalisi haqqında
Mən igid Sembat haqqında da bir neçə kəlmə demək istəyirəm. Onun haqqında və əməlləri haqqında deyilənlər həqiqətdən o qədər də uzaq deyil. Onun bədən quruluşu igidliyinə uyğun idi. O, mənəvi cəhətdən kamilliyə çatmışdı və başı ağ saçlarla örtülmüşdü. Gözlərində krakondikona[12] bənzər kiçik və qanlı ləkələr var idi və bu ləkələr onun çevik bədəninə parıltı verirdi. O, çox ehtiyatlı idi və müharibələrdə heç kimin olmadığı qədər uğurlu idi. Bu qədər böyük igidliklər göstərən Sembat Artasın əmrinə əsasən qoşunu ilə Satinikin qardaşına kömək etməyə Alan vilayətinə getdi. Çünki Satinikin atası öldükdən sonra bir nəfər onun qardaşını zorla hakimiyyətdən uzaqlaşdıraraq hakimiyyəti ələ keçirmişdi. Sembat onu məğlub edərək hakimiyyəti Satinikin qardaşına qaytardı. Bundan sonra düşmənin çöllərini qarət edərək orada yaşayanların hamısını Artasa əsir gətirdi. Artas onları Mazisin şərqindəki vilayətdə yerləşdirmək əmri verdi, bu ərazi Savarsiyen[13] adlanırdı. Əvvəllər oranın adı Artaza idi, çünki onların gətirildiyi yer hələ də Artaza adlandırılır.
Fəsil 50. Xəzər sakinlərinin talan edilməsi haqqında, Artasın övladları Sembatla və öz aralarında düşmənçilik edirlər
Sonuncu Fars şahı Arsak öldükdən sonra Artas onun oğlu, adaşı olan Artası onun yerinə Fars taxtına otuzdurur. Lakin Runa dağının sakinləri[14] ona tabe olmaq istəmirlər. Nəticədə Artas Sembatın başçılığı ilə bütün erməni qoşunlarını onların üzərinə göndərir, elə özü də onları yeddi gün müşayiət edir. Ora gələn Sembat onları məğlub etdi, Artazadan sonra yerləşən Fars vilayətinin ərazilərini talan etdi, əsirləri Ərməniyəyə gətirdi. Onların arasında şahları Zarmana da var idi. Artas Sembatı mükafatlandırmaq üçün Qoltan şəhərlərindən yığılan dövlət xəracını və dəvə gözləri də daxil olmaqla, əldə edilən bütün qənimətləri ona verdi. Bundan qəzəblənən Artavazd Sembatı öldürmək haqqında düşünməyə başladı, onun fikirləri hamıya məlum olduqda isə atasını da öz tərəfinə çəkməyə başladı. Lakin Sembat hər şeydən imtina edərək Assuriya ölkəsinə getdi. Artavazd ona paxıllıq etdiyi üçün Sembat erməni qoşunlarına rəhbərlikdən də imtina etdi. Sembat Artasın əmri ilə indi Kodriko adlandırılan Tmora[15] yerləşdi, əsir götürülmüşləri isə Altsiyə[16] gətirdi. Çünki o, yaşlı vaxtlarında bu ərazilərə yaxın Assuriya ölkəsindən olan biri ilə evlənmişdi. O, xanımını çox sevdiyi üçün bu ölkədə məskunlaşdı. Sembatı uzaqlaşdırdıqdan sonra Artavazd atasından bütün erməni qoşunları üzərində istədiyi hakimiyyəti aldı. Lakin arvadları tərəfindən qızışdırılan qardaşlarının ona qarşı nifrəti alovlandı. Bu səbəbdən Artas ağıllı və hiyləgər Vereri tribun təyin etdi və şah sarayının idarəçiliyini ona həvalə etdi. Mazanı isə Anidə Ahura Mazda Allahının baş kahini təyin etdi. Bundan sonra o, qoşunları dörd hissəyə böldü. Şərq alaylarını Artavazda, qərb alaylarını Tirana, cənub alayları Sembata, şimal alayları isə Zarxiyə həvalə etdi. Zarxiy qürurlu insan idi, ov zamanı yorulmaz, lakin müharibə zamanı ləng və diqqətsiz idi. İberiya çarı Xarzam[17] bunu öyrənəndə xalqı üsyana (xəyanətə) təhrik etdi, Zarxini Qafqaz dağlarında tutaraq həbsə atdırdı. Lakin Artavazd, Tiran və Sembat silahlanaraq qardaşlarını əsirlikdən xilas etdilər.
Fəsil 51. Bazeniyada Domisianın[18] qoşunları ilə döyüş
İxtilaf və qiyamlar qərbi çalxaladığı üçün Artas bu vəziyyətdən istifadə edərək Roma imperiyasının hakimiyyəti altından çıxdı və onlara xərac verməyi dayandırdı. Lakin bununla razılaşmayan Domisian Artasın üzərinə qoşun göndərdi. Onun qoşunları Qeysəriyyənin sərhədlərinə çataraq Tiranın qərb alayını dağıdıb onu məşhur və geniş Bazin vadisinin sərhədlərinə qədər qovdu, amma özü də ağır itkilər verdi. Artavazd onun qarşısını almaq üçün şərq və şimal ölkələrinin qoşunları ilə, şahın bütün oğulları ilə onun qarşısına çıxdı, lakin böyük bir təhlükə ilə üzləşdi. Nəhayət, Sembat cənub alayları ilə onun köməyinə gəldi, şahın oğullarını xilas etdi, hücumun qarşısını alaraq müharibəyə son qoydu. Sembat yaşlı olsa da, orduya gənc adam kimi rəhbərlik edirdi. O, Roma qoşunlarının üzərinə hücum edərək onları Qeysəriyyə sərhədlərinə qədər qovdu. Nağıllarda bu haqda danışanda deyirlər ki, hansısa bir Domet gəldi (bu, əslində Roma imperatoru Domisiniandır), amma əslində onun özü gəlməmişdi, onun adı qoşunu gəldiyi üçün yad edilir. Lakin Artasın bəxti gətirir və həmin vaxt Domisinian ölür, ondan sonra hakimiyyətə gələn Neron isə taxtda cəmi bir il oturur. Bu hadisədən cuşa gələn erməni və fars qoşunları hətta Yunanıstana hücum edirlər. Bunu görən Misir və Fələstin xalqı da romalılara xərac verməkdən imtina edir.
Fəsil 52. Trayan və onun əməlləri haqqında, Mazan qardaşları tərəfindən öldürülür
Həmin dövrdə Romada Trayan hökmranlıq edirdi, o, Misir və Fələstinlilərin üzərinə hücum edərək bütün qərbi tabe etdi, onlar üzərində hakimiyyətini möhkəmləndirdikdən sonra şərqə, Fars üzərinə yürüdü. Artas onun önünə böyük hədiyyələrlə çıxdı, günahını boynuna aldı, ödəmədiyi illərin xəracını ödədi, ondan üzr istəyərək Ərməniyəyə qayıtdı. Trayan Farsa gəlir, niyyətini reallaşdırır. O, Suriyadan keçərək geriyə dönür və yolda qardaşlarına xəyanət etməyi düşünən Mazanla qarşılaşır. O deyir: “Ey hökmdar, bil ki, Artavazd və Tiranı sürgünə göndərməsən, erməni alaylarını Zarxiyə təslim etməsən, sənə mütəmadi olaraq xərac ödənilməyəcək.” Mazan bunu onu tərbiyə edən Sembata olan nifrətinə görə edir, Tiranın ölümünü isə ona görə istəyir ki, onun yerinə baş kahin və qərb alaylarının başçısı olsun. Lakin Trayan bu təklifin mahiyyətini anlayır, onu axıra qədər dinləməyib yoluna davam edir. Artavazd və Tiran Mazanın məqsədini öyrənən kimi məkirli planla onu öldürürlər, cəsədini baş kahinin şəhərindəki məbəddə dəfn edirlər. Bundan sonra Artas daima Trayana, ömrünün sonuna qədər isə Adriana xərac ödəyib.
Fəsil 53. Artasın ölkəmizdə əhalinin sayını artırması və sərhədlərinin müəyyənləşdirilməsi haqqında.
Artasın məşhur işləri içərisində şəhər və çöllərin sərhədlərinin müəyyənləşdirməsi də var. Çünki o, ölkəmizdə yad xalqlardan sakinlər məskunlaşdırmışdı və onlara vadilərdə və dağlıq ərazilərdə yaşamaq üçün yer vermişdi. Bu ərazilərin sərhədlərini isə belə müəyyənləşdirmişdi: O, böyük daşları dördbucaq halına salmağı, onlara yumru forma verməyi, oranı torpaqla dolduraraq bağlamağı əmr edir. Torpağın üzərindən bir qədər hündür yerdə isə dördbucaq bəndlər inşa etdirir. Sasanın oğlu Artazir buna paxıllıq edir, ona görə də Farsda da eyni tikililərin quraşdırılmasını və öz adı ilə adlandırılmasını əmr edir ki, bu tikililərlə bağlı Artasın adı yad edilməsin. Deyirlər ki, Artasın hakimiyyəti dövründə nə dağlıq, nə də atılmış ərazilərdə əkilməmiş torpaq qalmamışdı.
Fəsil 54. Amatunların hökmranlığı haqqında
Nəql edirlər ki, həmin dövrdə şərqi Ari ölkəsindən Amatun xalqı gəlmişdi. Bu xalq İudeylərdən, Manuy adlı çox cüssəli və həddən artıq güclü olan birisindən törəmişdi. Onu Sampson adlandırırdılar, çünki İudeylərdə (oxşarlığa) ümid əlaməti olaraq adların əcdadların adlarından götürülməsi kimi bir adət var. Bunu elə indi də Amatun nəslinə baxanda görmək olur, onların hamısı nəcib, gözəl, güclü və möhkəmdirlər. Onları İudeyadan Arsak, Parfiyanın ilk şahı gətirtmişdi. Onlar Ari əyalətində, Armanun[19] vilayətində böyük şöhrət qazanmışdılar, lakin bu ərazilərə hansı məqsədlə gəldikləri məlum deyil. Artas onlara kəndlər və şəhərlər vermiş, onları Amatunlar[20], yəni gəlmələr adlandırmışdı. Farsların bəziləri onları nəslin əsasını qoyanın adı ilə Manuad adlandırır.
Fəsil 55. Aravelanlar[21] və onların nəsli haqqında
Həmin dövrdə Aravelanlar, irsən Alaniyadan olan çoxly sayda insanlar Ərməniyədə naxararlıq aldılar. Çünki onlar şahın xanımı Satinikin qohumları idilər. Lakin Tiridatın atası Xosroyun hakimiyyəti dövründə Baziliandan[22] olan bir cəsur kişi ilə qohumluq əlaqəsi qurduqdan sonra başqa bir əraziyə köçdülər.
[1] Uti və ya Utik Kürün sol sahilindəki ərazi, Uti vilayətinin böyük hissəsi hazırda müasir Azərbaycana daxildir.
[2] Yervandaşat şəhəri nəzərdə tutulur.
[3] Midiyalı.
[4] Sevan gölü.
[5] Farazman/Farsman İberiya çarı.
[6] Xorenatsi burada Əhəməni Daranı deyil, Parfiya şahını nəzərdə tutur.
[7] Truni kimi də işlədilir.
[8] Axuryan çayının sağ sahilində yerləşən tarixi şəhər, Baqaran “Allahların yuvası” kimi tərcümə olunur.
[9] Qoltan və ya Qoxtan Böyük Ərməniyənin 9-cu vilayəti hesab edilən Sünikin ərazisində yerləşib.
[10] Əjdaha Xorenatsidə midiyalılardır.
[11] Çox güman ki, beril və marqansdan ibarət morqanit nəzərdə tutulur. Berilin növlərindən biri zümrüddür.
[12] Krakondikon bahalı əşyalar üzərində qızıl və digər qiymətli daşlardan bəzək deməkdir.
[13] Şimali Qafqazda vilayət, bu vilayət Xorenatsiyə görə Artaz, VII əsr “Ərməniyə coğrafiyası”na görə isə Ardoz adlanırdı.
[14] Yerli əhalinin dilində Paticahar, Strabonun əsərində Paraxoatr, Xəzər dənizinin Elbrus dağına yaxın cənub-qərb sahili, müasir Gilan ərazisi.
[15] Tmorik-Kodrik Van gölünün cənubu.
[16] Altsi Tmorik-Kondrikin Assuriya sərhədinə yaxın yaşayış məntəqəsidir.
[17] Gürcü çarı Kardam.
[18] Roma imperatoru.
[19] Armanun və ya Ahmatan, qədin fars dilində Hamqmatana-müasir Həmədan.
[20] Xorenatsi nəslin adını “amat” sözü ilə əlaqələndirir, qədim fars dilində “amat”, yəni “gəlmə” mənasını verir.
[21] Alanlar
[22] Basil və ya Barsillər bulqar və xəzərlərə qohum tayfa olaraq qeyd olunurlar, 12-ci əsrin müəllifi Suriyalı Mixayıl isə Barsil ölkəsi dedikdə Alaniyanı nəzərdə tutur.

