TƏRCÜMƏ

TƏRCÜMƏ

Movses Xorenatsi və Ermənilərin tarixi (davamı)

Read this article on other language
Download article
image_pdf
image_pdf

Azərbaycanın qədim və erkən orta əsrləri üzrə yerli yazılı mənbələrinin olmaması uzaq keçmişin bərpası zamanı alternativ mənbələrə müraciəti zəruri edir. Lakin məlumdur ki, qədim zamanlarda müəlliflər yalnız şahidi olduqları və ya etibar etdikləri insanların şahidlik etdiyi hadisələri əsərlərinə daxil edirdilər. Tarixi hadisələrə bu cür yanaşma qədim tarixi əsərlərin həm zaman, həm də məkan çərçivəsini olduqca daraldırdı. Məhz bu səbəbdən qədim müəlliflər əsasən öz xalqlarının və yaşadıqları ərazi və ya bölgənin tarixini tədqiqat obyektinə çevirirdilər. Yadlar və qonşu xalqlar yalnız müəllifin təmsil etdiyi xalqla hər-hansı təmasda olduqda, məsələn, müharibələr və ya müttəfiqlik, ticari, mədəni və digər intensiv əlaqələr mövcud olduqda mənbələrdə peyda olurdular. Məsələn, Herodotun məşhur Tarixlər əsərinə yunanlarla yanaşı farslar haqqında geniş məlumatın daxil edilməsi bu iki xalqın uzun müddət müharibə vəziyyətində olması, müəllifin farslar haqqında  kifayət qədər bilik toplaması ilə izah edilir. Bu səbəbdən də Azərbaycanın qədim və erkən orta əsrlər dövrünə aid məlumatları ya Yunan-Roma, ya da qonşu erməni və gürcü yazılı mənbələrindən əldə etmək mümkündür.

Yunan-Roma mənbələrinin Qafqaz və müasir Azərbaycan ərazisinin qədim dövrü haqqında yazdıqları geniş ictimaiyyətə tarix dərsliklərindən, tarixi araşdırmalardan məlumdur. Lakin müəyyən səbəblərə görə bizim cəmiyyət nə gürcü, nə də erməni mənbələrinin qonşu Azərbaycan haqqında yazdıqları ilə yaxından tanış ola bilməyib. Təqdim edilən silsilə yazılarda erkən orta əsr erməni mənbələrindən biri Azərbaycan dilində təqdim ediləcək. Bu mənbələr Cənubi Qafqazın siyasi və sosial tarixini əks etdirən əsərlərdir.  Bu mənbələrdə əks olunan məlumatlar erməni xalqının həm özü, həm də qonşuları haqqında nə düşündüyünü anlamaq, Cənubi Qafqazda baş verən sosial-siyasi prosesləri izləmək imkanı verəcək. Bu məlumatlar eyni zamanda müasir Azərbaycan tarixşünaslığının erkən orta əsr dövrü üzrə şərhini erməni mənbələrinin məlumatları ilə qarşılaşdırmaq və müqayisə etmək imkanı verəcək. Bu məlumatlar müasir Ermənistanın qonşu xalqlara ərazi iddialarının hansı şərtlər və əsaslarla formalaşdığına da aydınlıq gətirməyə yardımçı olacaq.  

Erməni yazılı mənbələrinin tarixi bizim eranın 5-ci əsrindən başlayır. Erməni tarixi məktəbinin formalaşması isə üç faktorla, ermənilərin yaşadığı ərazidə xristianlığın yayılması və dini ədəbiyyatın yayılması üçün erməni əlifbasının yaradılması, İranda Sasanilər sülaləsinin hakimiyyətə gəlməsi və Еrməni dövlətinin süqutu ilə izah olunur. Bu mənbələrin müəlliflərinin əksəriyyəti din xadimləri olub. Onlar siyasi və mülki tarixi əsasən dini kontеksdə təqdim еtməyə çalışıblar. Bu mənbələrdə qonşu xalqların, yəni alban və gürcülərin, tarixinə müraciət müstəqil xaraktеr daşıma­sa da, onlar qonşu ərazilərin sosial-siyasi həyatı haqqında məlumatlarla zəngindir. İlk yazıda erməni tarixinin atası sayılan Moisey/Movses Xorenatsinin «Ərməniyə tarixi» adlı əsərinə müraciət edəcəyik. Erməni naxararı (knyazı) Saak Baqratuninin sifarişi ilə yazılmış bu əsərdə qədim Albaniyanın və Gürcüstanın siyasi və mül­kü tarixinə kifayət qədər yеr ayrılmış, onların ən böyük şəhərləri gеniş təsvir еdilmişdir.

Xorenatsinin özünün hansı dövrə aid olması bir əsrdən də çoxdur ki, tədqiqatçılar tərəfindən mübahisələndirilir. 19-cu əsrə qədər əsərin 5-ci əsrdə yazıldığı iddia edilirdi, lakin əsərə daxil edilmiş bəzi məlumatların 7-ci və hətta 9-cu əsrə aid olması ona başqa müəlliflər tərəfindən müdaxilələrin edilməsi ehtimallarını formalaşdırıb. Lakin mənbəni təhlil edən heç bir tədqiqatçı əsərin erkən orta əsr dövrü üzrə qiymətli məlumatları əks etdirdiyini inkar etmir. Movses Xorenatsi qədim dövr üzrə əsasən yunan mənbələrinin məlumatlarından faydalanıb, lakin hər zaman onların adını dəqiq qeyd etməyib. Bu yazı Movses Xorenatsinin rus və ingilis dillərində müvafiq olaraq, 1809 və 1978-ci illərdə nəşr edilmiş əsərinin müqayisəli təhlili əsasında hazırlanıb. Onu da qeyd edim ki, Xorenatsinin ən ciddi tənqidçisi onun əsərini ingilis dilinə tərcümə etmiş, uzun illər Harvard Universitetində Ermənişünaslıq kafedrasının rəhbəri olmuş Robert Tomson (Robert Thomson) olub. Tomson Xorenatsini mənbələri haqqında dəqiq məlumatlar verməməkdə ittiham edib ki, bu da erkən orta əsr müəllifləri üçün ciddi irad sayıla bilməz.

Movses Xorenatsinin Ermənilərin tarixi adlı əsəri üç kitabdan ibarətdir. Birinci kitab ermənilərin şəcərəsinə həsr olunmuş əfsanəvi tarixi rəvayətlərdən başlayır və real tarixi hadisələrdən ibarət olan Makedoniyalı İsgəndərin dövrünə qədər davam edir. İkinci kitab Makedoniyalı İsgəndərin dövründən başlayaraq bizim eranın 330-cu ilinə qədər olan hadisələri əks etdirir. Üçüncü kitab isə 5-ci əsrin siyasi hadisələrindən bəhs edir. Mən ermənilərin şəcərəsinə həsr olnmuş əfsanəvi tarixi buraxaraq, kitabın 2-ci və 3-cü hissələrindən edilən tərcümələri təqdim etməyi məqsədəuyğun hesab etdim.  

Şəlalə Məmmədova

Kitab 2.

Fəsil 56. Artas[1] dövründə hansı sənət növləri məlum idi

Artasın hakimiyyəti dövründə  bir çox şey yaradılmışdı, lakin biz oxucunu darıxdırmamaq üçün onların yalnız bir hissəsindən bəhs edəcəyik. Onun dövründə baş vermişlər haqqında ona həsr olunmuş tarixin sonunda nəql etmək qərarına gəldik, çünki bizim yuxarıda bəhs etdiyimiz bütün yaradılan qurumlar və məşhur qaydalar Valarsakın və əvvəlki şahların adı ilə bağlıdır. Lakin ədəbiyyat və elm onların dövründə bizim xalqımıza məlum deyildi, çünki onlar yalnız quldurluq və basqınlarla məşğul idilər. Ola bilsin ki, onlar ya biliyə əhəmiyyət vermirdilər, ya da bilik onlar üçün əlçatan deyildi. Mən burada həftələrin, ayların və ilin necə dəyişməsindən bəhs edirəm. Bütün bunlar onlara məlum deyildi, onlar başqa xalqların hesablama sistemindən istifadə edirdilər. Bizim göllərdə gəmiçilik də yox idi, körpü olmadığından çayı keçmək mümkün deyildi, balıq tutmaq üçün tor yox idi, torpaqları da hər yerdə əkib-becərə bilmirdilər, özləri də şimal xalqları kimi ət və oxşar şeylərlə qidalanırdılar. Bütün bunların hamısı Artasın dövründə yaradıldı.

Fəsil 57. Artasın ölümü haqqında.

Artasın ölümü haqqında Ariton Pelley[2] çox gözəl nəql edir. Həmin dövrdə İudeya Roma imperatoru Adrianın hakimiyyəti altından çıxmışdı və Varfolomey adlı bir quldurun başçılığı altında Ruf Hipparxa qarşı silahlanmışdı. Cani və qatil olmasına baxmayaraq o, ulduzun oğlu adını daşıyırdı və göydən göndərilmiş Xilaskar olduğunu iddia edirdi.[3] O, bu müharibəni Suriya, Fələstin və ümumiyyətlə bütün Farsın əhalisinin Romaya xərac ödəməsini dayandırması üçün başlatmışdı. O, Adrianın cüzam xəstəliyindən əziyyət çəkdiyini bilirdi. Lakin bu hadisə Artasa üsyan etmək üçün bir səbəb vermədi. Həmin dövrdə Adrian Fələstində idi. O, Yerusəlim yaxınlığındakı kiçik şəhərdə üsyançıları mühasirəyə aldı, onları qırdı və İudeya xalqını öz vətənlərinin paytaxtından qovmaq əmrini verdi. Onlar elə qovuldu ki, Yerusəlimdən uzaqda belə görünə bilmədilər. Vespasian, Tit və onun özü tərəfindən dağıdılan Yerusəlim isə bərpa olundu və öz adı ilə Eli adlandırıldı, çünki Adrian günəş adlandırılırdı. O, bu şəhərə bütpərəstləri və xristianları köçürdü, Markı isə onların yepiskopu təyin etdi. Həmin dövrdə o, Assuriya sərhədlərinə çoxlu sayda qoşun göndərdi, Artasa isə kuratorları[4] ilə birgə Farsa getmək əmrini verdi. Bu haqda bizə məlumat verən salnaməçi Midiyanın Soqund[5] adlanan ərazisində  Artasla görüşür.  Artas Mərənddə[6] Bakurakert şəhərində xəstələnir, naxarar Avel nəslindən olan olduqca ayıq, igid Aveli Yetselen vilayətindəki Yeriz Dian məbədinə göndərir ki, Allahlardan ona can sağlığı və uzun ömür istəsin. Lakin o qayıdana qədər Artas ölür. Həmin salnaməçi Artasla birlikdə onun ölən çoxlu sayda sevimli xanımlarından, kənizlərindən, sədaqətli məmurlarından və ölənlərin şərəfinə barbar üsulla deyil, siyasi qaydalara uyğun təntənəli dəfnin təşkil edilməsindən bəhs edir. Ölüm yatağı qızıldan idi, taxt, çarpayı və yorğan isə nazik kətandan tikilmişdi. Yuxarıda qızıl iplərlə toxunmuş tac və şaha məxsus nişanlar qoyulmuşdu. Onun ətrafında övladları və qohumları, sonra isə məmurları, əyanları, satrapları, və nəhayət, tam silahlanmış hərbi dəstələri durmuşdu. Qabaqda mis borularda çalırdılar, arxada isə matəm geyimində qızlar həzin səslə oxuyurdular. Beləliklə, onu torpağa tapşırdılar. Xalqımıza çox əziz olan Artas 41 il hökmranlıq etmişdi. 

Fəsil 58. Artavazd taxta çıxır və qardaş və bacılarını qovur. Artavazdın ölümü və onun haqqında rəvayətlər.

Artasdan sonra taxta oğlu Artavazd çıxdı və bütün qardaşlarını Araratdan qovub Aluot və Arberani vilayətlərinə göndərdi ki, Araratda və şah mülklərində yaşamasınlar. O, yanında yalnız taxtın vəliəhdi Tiranı saxladı, ondan başqa onun uşağı yox idi. Taxta çıxandan bir neçə gün sonra o, Gin bulaqları ətrafındakı onaqrları və qabanları ovlamaq üçün Artaks körpüsündən keçərkən dəli oldu, atı körpüdən yıxıldı və dərin sulara qərq olaraq boğulub öldü. Qoltan falçıları onun haqqında belə rəvayət edirlər: “Artasın ödürülməsi üçün bütpərəstlik adətlərinə uyğun olaraq çoxlu sayda ölümlər icra edirdilər.” Buna qəzəblənən Artavazd atasına deyirdi: “Sən viran olmuş ölkənin bütün xalqını özünlə aparanda mən kimə hökmranlıq edəcəyəm?” Onu lənətləyən Artas isə deyirdi: “Sən Azildə Mazisin yanına ova gedərkən cəngavərlər səni tutacaq və Azildə Mazisin hüzuruna gətirəcəklər, sən orada qalacaq və gün üzü görməyəcəksən.” Rəvayətlərə görə, o, bir mağarada zəncirlənib və  qaçıb canını qurtarmaq, saxlanıldığı vilayəti dağıtmaq üçün bu zəncirləri çeynəyir, lakin o zəncirlər dəmirçinin vurduğu zərbələr nəticəsində çox möhkəmlənib. Dəmirçilər bu rəvayətə əsasən, bu günə qədər həftənin ilk günü dəfələrlə örsü[7] döyəcləyirlər ki, “Artavazdın zəncirləri möhkəm olsun.” Bu bir rəvayətdir, həqiqət isə bizim yuxarıda söylədiyimizdən ibarətdir.  Digərləri isə nəql edir ki, o, anadan olanda Astiaq tayfası xanımlarının əlinə düşüb və onlar onu heyran ediblər. Buna görə Artavazd onların çoxunu cəzalandırıb. Bu haqda salnaməçilər belə nəql edirlər: “Əjdahanın nəsli gənc Artavazdı oğurlayır və onun yerinə cini qoyur.” Mənim fikrimcə isə o, ağıldan kəm doğulmuşdu və ölənə qədər də elə qalmışdı. Ondan sonra şahlıq qardaşı Tiranın əlinə keçdi. 

Fəsil 59. Tiran haqqında.

Tiran Fars şahı I Perozun hakimiyyətinin üçüncü ilində taxta çıxdı. Onun haqqında layiqli bir şey söylənilmir. Deyirlər ki, o, tamamilə Romalılara tabe olaraq sakit yaşayıb və həyatını ov və əyləncələrdə keçirib. Tiranın Peqasdan[8] sürətli çapan iki atı var idi, deyirdilər ki, onlar elə bil torpaq üzərində qaçmır, göy üzərində uçurlar. Beznun naxararlarından olan Datax adlı biri o atların üzərinə oturmaq istəyir və özünü şahdan varlı elan edir. Bir müddət keçdikdən sonra Artsasidlərdən olan və Qastendə yaşayan xalq  onun yanına gələrək deyir: “Bizə ayrılmış irsi torpaqların sərhədlərini genişləndir, biz çoxaldığımız üçün bu sərhədlər bizə dar gəlir.” O,  onların Aluot və Arberani vilayətlərinə köçməsinə icazə verir. Lakin onlar yenə şaha yerlərinin darlığından şikayət edirlər. Lakin Tiran onların bu istəyinə cavab vermir və başqa torpaqlar verməyəcəyini bəyan edərək, artıq verilənləri öz aralarında bölüşdürməyi tövsiyyə edir. Beləliklə, Qasten vilayəti orada yaşayan insanlar arasında bölüşdürüldükdən sonra orada yaşayan insanların çoxuna torpaq çatmır və onlar Aluot və Arberan vilayətlərinə köçürlər. Bir müddət keçdikdən sonra Anzaven nəslindən olan Yeraxnav adlı bir gənc gəlir. Bu gənc Artavazdın Yunanıstandan gətirilmiş sonuncu xanımı ilə evlənmişdi. Artavazdın övladı olmadığı üçün şah Artavazdın bütün evini Yeraxnava vermişdi, çünki o, fəzilətli və xeyirxah əməllər sahibi olduğu, cismani həzlərə meyilli olmadığı üçün hörmətli biri idi. Şah onu sevdiyi üçün ona özündən sonra Artavazda məxsus olan ikinci yeri vermiş və şərq qoşunlarını ona həvalə etmişdi. Şah dostu Fars Druastı da onun yanına göndərmişdi. Druast Vaspuratsen[9] satrapları ilə qohum olmuşdu, şah ətrafındakı çölləri, əsasını Liki gölündən götürən Arom çayının suları ilə becərilən üzümlüklərlə birlikdə Tatsi şəhərini də ona vermişdi. Özü isə Etselen vilayətində Zərmən[10] şəhərinə gedir, orada özünə saray tikdirir və sülh içərisində 21 il hökmranlıq etdikdən sonra qar uçqunu altında qalaraq ölür. 

Fəsil 60. Tiridat Baqratid və onun nəslindən olan digərləri haqqında.

Cəsur Sembatın qızı Sembatiyanın dünyaya gətirdiyi Baqratid nəslindən olan Tiridat boyu kiçik, zahiri çirkin olsa da, çox səxavətli və güclü ər idi. Tiran qızı Yeransaxı ona ərə vermişdi. Yeransax həyat yoldaşına nifrət edirdi, istədiyi kimi yaşayır, daima öz vəziyyətindən şikayət edir və deyirdi ki, gözəl olmağına baxmayaraq, çirkin biri ilə, nəcib olmasına baxmayaraq, yoxsul biri ilə yaşayır. Bu sözlərdən məyus olan Tiridat hərdən onu qəddarcasına cəzalandırırdı. Və nəhayət, bir gün onun hörüklərini kəsib, saçlarını qopardıb yataq otağından qovur. Özü isə Midiyada möhkəmləndirilmiş yerlərdən birinə köçür. O, Siniy[11] vilayətinə çatanda Tiranın ölüm xəbərini alır və elə orada da qalır. Bir gün o, Siniy knyazı[12] Bakurinin yanında qonaqlıqda olarkən onun kənizləri içərisində Nazinik adlı gözəl üzlü, ağ əlləri olan bir qadın görür, ona aşiq olur və Bakuriyə deyir: “Onu mənə hədiyyə et.” Tiridatın həyasız hərəkətindən qəzəblənən Bakuri təklifi rədd edir və Tiridatı kənizindən uzaqlaşdırmağa çalışır. Yerindən sıçrayan Tiridat içərisində güllər olan qabı götürərək qonaqların hamısını özündən kənarlaşdırmağa başlayır. Bu vaxt o, Penelopa ilə evlənmək istəyənləri qovan Ullisa[13] və ya Piritoy[14] ilə evlənmək üstündə dalaşan Lapit və Tsentavra bənzəyirdi. Beləliklə, geri qayıdan Tiridat kənizi ilə Sper vilayətinə gedir. Şəhvətlə dolu bir adamın əməllərindən danışmaq yersiz olar, lakin qeyd etməliyik ki, Baqrat xalqı dədə-baba qaydalarından imtina etdikdən sonra o, barbar adı götürmüş ilk adam olub. Birat, Simbat və bunu bənzər adlar da bura daxildir. Əvvəllər onlara qoyulan Baqasri, Tovi, Elianan, Sariya, Senexiya, Azoda, Safatiya, Vazariya, Ennan kimi adlar isə artıq unudulub. Mən düşünürəm ki, onlar Baqati əvəzinə Baqarat, Asotta əvəzinə Azod[15], Azari əvəzinə Vazariya, Semba əvəzinə Sembat işlədirlər. 

Fəsil 61. Sonuncu Tiqran və onun əməlləri haqqında.

Tiqrandan sonra taxta onun qardaşı sonuncu Tiqran çıxdı. Tiqranın hökmranlığı Fars şahı Perozun hakimiyyətinin iyirmi dördüncü ilində başladı, o, qırx iki il hakimiyyətdə qaldıqdan sonra dünyasını dəyişdi. Onunla bağlı hansısa bir yunan qızı tərəfindən əsir götürülməsindən başqa yadda qalan bir hadisə olmayıb. Həmin dövrdə Avqust Antoni adlanan Roma imperatoru II Tit ölür və Fars şahı Peroz Roma imperiyası üzərinə hücum edir. Məhz buna görə o, Peroz, yəni qalib adlandırılıb. Yunanlar bu hadisəyə qədər onu Voloqes[16] adlandırıblar. Lakin farsların özlərinin onu necə adlandırdıqları məlum deyil. Beləliklə, Peroz Suriya vasitəsilə Fələstin torpaqlarına hücum edəndə bizim Tiqran onun əmri ilə Aralıq dənizi torpaqlarına soxuldu və həmin dövrdə o vilayətləri idarə edən bir qız tərəfindən əsir götürüldü. Bu, o dövr idi ki, Lutsian Kesar Afinada məbəd tikdirirdi. Perozun ölümündən sonra o, Aralıq dənizi torpaqlarına gəlir, Ərməniyəni işğal edir, Tiqranı azad edir və öz yaxınlarından olan Rufa adlı qızı ona ərə verir. Tiqran Ərməniyəyə çatan kimi o qızla boşanır, ondan olan dörd oğluna isə xüsusi status verir, onları analarının adına uyğun olaraq Rufilər adlandırırlar. Oğlanların böyüyünü bir vilayətə naxarar (knyaz) təyin edir, bu nəslə digər naxararlarla eyni səlahiyyətlər verir ki, onlar Arsanid[17] adlandırılmasınlar. Tiqran həm burada, həm də Korzi vilayətində  nəcib və yaraşıqlı döyüşçülərdən bu cür kiçik xalqlar yaratmış, onları müdafiə etmək üçün Korzi[18] və bizim vilayətimizlə müharibə etmişdi. Mən burada zenenlərdən və onlarla qarışmış xalqlardan bəhs edirəm, onların bir hissəsi Hayklardan, bir hissəsi isə bu ərazilərə köçmüş xalqlardan ibarətdir. Biz bu xalqların adlarını izah edə bilmirik, çünki onlar bizə məlum deyil, ümumiyyətlə, bu haqda məlumat əldə etmək çətindir və onların hamısının adının sadalanması fikirləri qarışdıracaqdır. Bu səbəblərdən biz sonuncu Tiqranın yaratdığı xalqlar haqqında heç nə yazmayacağıq. Və yalnız əmin olduğumuz məlumatlar haqqında yazacağıq, çünki bacardığımız qədər bəzəkli sözlərdən qaçmağa çalışmışıq, məlum olmayan şeyləri buraxmışıq, həm yadlardan, həm də həmvətənlərimizdən eşitdiyimiz ədalətli və  həqiqətə uyğun olanları yazmağa çalışmışıq. 

Fəsil 62. Bazen[19] şəhərini tikmiş və onu divarlarla hörmüş Valarsakın hökmranlığı; Xazir[20] ilə müharibə və Valarsakın ölümü.

Tiqran öldükdən sonra hakimiyyət onun oğlu Valarsa keçdi, bu, eyni adlı Fars hökmdarının[21] hakimiyyətinin 30-cu ilində baş vermişdi. O, doğulduğu yerdə möhtəşəm bir şəhər tikdi. Anası qış vaxtı Ararata çıxan zaman naməlum xəstəlik ucbatından onu Bazen vilayətinə gedən yol üstündə dünyaya gətirmişdi. Bazen vilayəti Mursi[22] və Yeraşes çaylarının birləşdiyi ərazidə yerləşir. O, bu şəhəri adına uyğun olaraq Valarsavan adlandırdı. O, eyni zamanda Xazal çayı mənsəbində yerləşən möhkəm Vardgem şəhərini divarlarla hördürdü. Bu haqda rəvayətlərdə belə deyilir: “Gənc Vardqes Muri vilayətindən çıxdı, Sres təpəsində Dianın şəhərinə gəldi, Yeruand şahının sarayını darmadağın etmək üçün Xazal çayı sahilində məskən saldı.” Bu birinci və uzunömürlü Yeruand Hayk nəslindən idi, Vardqes onun bacısı ilə evlənmiş və orada şəhər salmışdı. Arsatsidlər nəslindən olan ortancıl Tiqran orada İudeyadan olan ilk əsirləri yerləşdirmişdi. Orada da məşhur sövdələşmə həyata keçirilmişdi. Valarsak həmin şəhəri möhkəm divarlarla hörmüş və Valarsapat adlandırmışdı. Onu yeni şəhər də adlandırırlar. O, iyirmi il hökmranlıq etdikdən sonra dünyasını dəyişdi. Onun dövründə şimal Xəzər və Bazil[23] xalqları Venasek Surqak adlı şahlarının başçılığı altında Zur darvazalarına hücum təşkil etdilər. Onlar Kür çayını keçərkən Valars çoxlu sayda cəsur ərləri ilə onların qabağını kəsdi, ordularını darmadağın edərək düzlərdə təqib etdi, onları qovmaq üçün Zur qalasını keçdi. Burada düşmənlər yenidən birləşə bildilər və döyüş üçün səfərbər oldular. Cəsur ermənilər onları məğlub edərək qaçmağa məcbur etsələr də, döyüşdə Valars oxatanlar tərəfindən öldürüldü. Bu hadisədən sonra taxt oğlu Xosroyun əlinə keçdi. Bu, Fars şahı Artabanın hakimiyyətinin 2-ci ilində baş verdi. Xosroy erməni qoşunlarını toplayaraq atasının qisasını almaq məqsədi ilə qüdrətli dağı aşdı, qılınc və nizə ilə o, güclü xalqları məğlub edərək hər yüz nəfərdən bir bacarıqlı adamı girov götürdü və öz hökmranlığını təsdiq etmək üçün oraya üstündə yunan yazısı olan sütun qoydu ki, Roma hökmranlığına sadiq olduğunu görsünlər. 

Fəsil 63. Bu hekayə haradan əldə edilib.

Bu haqda bizə Edesli Bardesan[24] məlumat verib. Tarixçi və Valentin təriqətinin şagirdi olan Bardesanın yaradıcılığı sonuncu Antonin dövründə çiçəklənmişdi. Sonradan o, Valentin təriqətindən[25] imtina etmiş, lakin həqiqi dinə də dönməmiş, başqa bir təriqətə birləşərək yeni bidətçilik[26] təsis etmişdi. Lakin o, tarixlə bağlı yalan bir şey yazmayıb, çünki o, çox ağıllı insan idi və Antoninin özünə müraciət ünvanlayacaq qədər cəsarətli idi. O, bizim ölkəmizdə də mövcud olan Marsian və bütpərəstlərin dini mərasimləri haqqında çoxlu yazılar yazıb. O, bura barbar insanları maarifləndirmək üçün gəlmişdi, lakin onlar tərəfindən qəbul olunmadıqda Ani qalasına çəkildi. Orada bütpərəstlərin tarixini oxudu, öz dövrünün şahlarının və özünün xidmət etdiyi şahın[27] tarixini də ora əlavə edib siryani dildə əsər yazdı. Bu əsər sonradan yunan dilinə tərcümə olundu. Məbədlər haqqındakı hissədə o, erməni şahı sonuncu Tiqranın qardaşı, baş kahin Mazanın Baqrevand vilayətinin şəhər məbədində yerləşən məqbərəsinin möhtəşəm bəzənməsi haqqında məlumat verir. O yazır ki, Tiqran məqbərənin yuxarısında qurbangah inşa etdirmişdi ki, hər bir ziyarətçi qurbanvermə mərasimində iştirak edə və orada 3 gün qala bilsin. Sonralar Valars həmin o yerdə hər ilin əvvəlində, Navasard ayı girəndə şənliklər keçirməyə başlayır. Bizim Artavazdın hakimiyyətindən başlayaraq Xosroya qədərki hekayəmiz bu yazıdan əldə edilib. 

Fəsil 64. Bu haqda Aqafangel[28] nə yazır.

Nəql etdiyimiz kimi, Valarsdan sonra taxta böyük və müqəddəs Tiridatın atası  Xosroy çıxdı. O və onun qohumları haqqında Tiridatın salnaməçisi Aqafangel qısa məlumat verir və səthi olaraq Fars şahı Artabanın ölümü haqqında yazır. Bundan başqa, Aqafangel farsları tabe etmiş Sasanın oğlu Artasarın[29] sahib olduğu Parfiya şahlığı, Tiridatın atası Xosroyun o ölümlə bağlı qisası, hücumları ilə Fars və Assuriyanı dağıtması haqqında da yazır. O, sonra yazır ki, Xosroy öz vətəni Quzey vilayətinin[30] şəhərinə, öz  qohumlarının yanına yardım üçün elçi göndərir. Lakin kuşanlar ondan imtina etmiş və Xosroya yardım etməkdənsə, Artasa yaxın olmağı seçmişdilər. Beləliklə, tək qalmış Xosroy özünü müdafiə etmək üçün on il Fars üzərinə hücumlar etmiş, o torpaqları dağıtmışdı. Nəhayət, Anak haqqında yazılır. Artasir tərəfindən yalanlarla bəslənmiş Anak əvvəllər mənsub olduğu şöhrət və səlahiyyətlərinin ona qaytarılacağı, başına tac qoyulacağı vədlərinə inanır və Xosroyu öldürməyi üzərinə götürür. Aqafangel bu məsələyə səthi toxunsa da, mənə məlumdur ki, o, bu məsələlər haqqında əvvəldən axıra qədər səlist və dəqiq məlumatlar verir. 

Fəsil 65. Müxtəlif Parfiya nəsillərinin törəndiyi Şahlar tayfası haqqında.

Müqəddəs Yazıda qeyd olunur ki, Patriarx İbrahim Adəmdən sonra 21-ci hesab edilir və deyilir ki, Parfiya xalqı ondan törənib. Belə ki, Sarra öldükdən sonra İbrahim Xetura ilə evlənir və ondan Yemran və qardaşları dünyaya gəlir. İbrahim hələ sağ ikən onları İshaqdan ayırır və şərqə göndərir. Onlardan da Parfiya xalqı əmələ gəlir və çoxalır. Onlardan biri də cəsur Artas[31] idi. O, makedoniyalılardan ayrılaraq, Xusey[32] torpağında 31 il hökmranlıq edir. Ondan sonra oğlu Artas 26 il hökmranlıq etmişdi. Sonra Artasların oğlu Arsak hökmranlıq edib. Onu böyük Arsak adlandırırlar, o, Antioxu öldürərək qardaşı Valarsakı erməni şahı təyin etmiş, özündən sonra onu ikinci adam etmişdi. Özü isə Bəlxə gələrək orada padşahlıq yaratmışdı. Bu nəsil Balqavenlər adlandırılır, çünki qardaşı Valarsakın nəsli Arsatsid[33] adlandırılırdı. Balqaven şahlarının mənşəyi isə belə izah olunur: Artasdan sonra erməni şahı Valarsakın hakimiyyətinin 13-cü ilində hakimiyyət Arsakana keçdi. O, 30 il hökmranlıq etmişdi. Ondan sonra gələn Arsak da 31 il hökmranlıq etmişdi. Ondan sonra 20 il Ars, 46 il isə Arsavir taxtda oturmuşdu. Arsavirin yuxarıda qeyd etdiyimiz kimi, üç oğlu və 1 qızı var idi. Onlardan böyük oğlu  Artas, ortancılı Karen, kiçiyi Suren idi,  qızının adı isə Kozma idi. Artas atasının ölümündən sonra bütpərəst dininin adətlərinə uyğun olaraq bütün qardaşları üzərində hakimiyyət istəyir. O, bu hakimiyyəti xahiş və inandırmaq yolu ilə deyil, təhdidlə əldə etməyə çalışır. Bu səbəbdən də Avqar onlar arasında aşağıdakı şərtlə müqavilə imzalatdırır və ittifaq  yaradır: hakimiyyət yalnız Artasa və onun nəslindən olanlara keçəcək, əgər onun nəsli tükənərsə, böyüklük prinsipi əsas götürülərək qardaşları taxta çıxacaqdı. Beləliklə, Artas taxta çıxdıqdan sonra qardaşlarına vilayətlər bəxş edir və onların hərəsini bir nəslin başçısı təyin edir. Bu nəsillər onların adları ilə adlandırılır. Həmçinin onların hamısına əvvəlki adlarını saxlamaq şərtilə bir knyazlıq verir. Beləliklə, Balqavenli[34] Kareniya, Balqavenli Sureniya yaranır, bacılarının nəsli isə həyat yoldaşı ordu başçısı olduğu üçün Balqavenli Cəngavər adlandırılır. Bu qayda onların hakimiyyətinə son qoyulana qədər davam edib. Yuxarıda yazdıqlarımı təkrarladığım üçün məni qınamayın. Biz bu məsələlərə ona görə qayıtdıq ki, bizim nəslin əsasını qoyanın kim olduğundan bəhs edəcəyik. 

Fəsil 66. Fars şahı Artasın nəsli və bu nəslə son qoyulması haqqında.

İndi isə hakimiyyəti itirdikləri dövrə qədərki Artasın nəslindən olan şahları sadalayaq. Yuxarıda da qeyd etdiyimiz kimi, Artasdan sonra Arsavir 31 il hökmdarlıq edib, ondan sonra 30 il Dara, 19 il Arsak, 20 il Artas, 33 il Peroz, 50 il Valarsak və 31 il Artaban  hökmdarlıq edib. Artabanı Stahrdan[35] olan Sasanın oğlu Artasir öldürür. Artasir ondan həm Parfiya padşahlığını, həm də taxtı alır. Bu hadisələr haqqında çoxlu sayda fars, Assuriya və hətta yunan salnaməçiləri yazıb. Belə ki, Parfiya padşahlığı yarandığı gündən süqutuna qədər ya Romalılara tabe olub, ya da onlara qarşı vuruşub. Bu haqda Palefat[36], Porfiriy[37], Filimon[38] və digərləri yazır. Lakin biz Xorobut tərəfindən bizə çatdırılmış Barsumun[39] tarixinə istinad edəcəyik.


Qeydlər və istinadlar:

[1] Yunan mənbələrində Artaksas, erməni tarixi ədəbiyyatında isə Artaşes kimi qeyd olunub. Artaşeslər sülaləsinə mənsubdur.

[2] B.e.-nın II əsrində yaşamış Pelledən olan yəhudi-xristian mənşəli tarixçi Ariston nəzərdə tutulur. Pelle müasir İordaniyanın şimal-qərb hissəsində yerləşir.

[3] Müəllif 132-135-ci il Romaya qarşı İudeya üsyanına rəhbərlik etmiş Simondan bəhs edir. Simonun ləqəbi Barkoba/ Barkoxba idi və “ulduzun oğlu” mənasını verirdi.

[4] Güman etmək olar ki, müəllif döyüş arabalarını nəzərdə tutur.

[5] Urmiya gölündən şərqdəki ərazi nəzərdə tutulur.

[6] Mərənd Urmiya gölünün şimal-qərbində vilayət.

[7] Dəmirçi aləti, zindan da deyilir.

[8]Peqas qədim yunan mifologiyasında qanadlı at.

[9] Vaspurakan-Van gölünün şimal-şərq hissəsindəki vilayət.

[10] Fəratın yuxarı hissəsində yerləşən şəhər.

[11] Sünik nəzərdə tutulur, müasir Ermənistan Respublikasının cənubunda eyni adlı vilayət.

[12] Qədim dövrlərdə Erməni zadəganları naxarar, orta əsrlərdə isə knyaz adlandırılırdılar.

[13] Müəllif Homerin əsərindəki Odisseyi nəzərdə tutur. Odissey uzun müddət qürbət ellərdə qaldıqdan sonra evə dönərkən xanımı Penelopanın ətrafında onunla evlənmək niyyətində olan çoxlu sayda kişilər görür və onların hamısını oxla öldürür.

[14] Müəllif yunan əfsanəsindən nümunə gətirir. Piritoy və ya Pirifoy, əfsanəyə görə, lapitlərin Fessaliya tayfasından olan çarı idi və onun toy məclisində lapitlərlə kentavrların (at bədənli insan) savaşı baş verir. Bu hadisə iki xalq arasında uzun sürən müharibələrin səbəbinə çevrilir.

[15] Müəllif qədim yəhudi adlarının erməni dilinə necə uyğunlaşdırılmasından bəhs edir və bu adlardan nümunələr gətirir: Asud əvəzinə Aşot, Vazariya əvəzinə Varaz, Şambat əvəzinə Sembat və s.

[16] Parfiya çarı III Voloqes nəzərdə tutulur.

[17] Arşakunilər nəzərdə tutulur.

[18] Van gölünün cənub hissəsində vilayət.

[19]Bazen və ya Basean Arazın yuxarı şimal axarında yerləşən vilayət.

[20] Xəzərlər nəzərdə tutulur.

[21] Parfiya çarı IV Voloqes nəzərdə tutulur.

[22] Araz çayının sol qolu.

[23]Türkdilli xəzərlər və basillər nəzərdə tutulur.

[24] Ərəb dilində İbn Daysan kimi tanınan Bardaysan b.e.-nın II-III əsrlərində yaşamış Suriyalı alim.

[25] Qnostik xristian teologiyası nəzərdə tutulur.

[26] Bardesan qnostisizmin bir qolu olan Bardaysanilər sektasının əsasını qoyub, onun dini fəlsəfəsi sonralar Manixeyizm və Şiə müsəlmanlıqda Batini təriqəti üçün əsas olub.

[27] Bardesan Yuxarı Mesopotamiya şahlığı Osroen şahı IX Abqarın sarayında yaşamış, ona xidmət etmişdi.

[28] Aqafangel və ya Aqatanqelos V əsr tarixçisidir, milli mənsubiyyəti ziddiyyətlidir, bəzilər onun erməni, bəziləri yunan olduğunu iddia edir. Bax: Məmmədova Ş., Məmədli Ş. Qafqaz xalqları tarixinin mənbəşünaslığı. Bakı: ADPU, 2017, s.213, https://ebooks.az/az/book/surgtma

[29] Sasani hökmdarı I Ərdəşir Papakan nəzərdə tutulur.

[30] Qədim Kuşan padşahlığı nəzərdə tutulur. Kuşan müasir Mərkəzi Asiya, Əfqanıstan, Pakistan və Hindistanın şimal əyalətlərini əhatə edirdi, irandilli toxar xalqı ilə məskunlaşdığı ehtimal edilir.

[31] Artaşes nəzərdə tutulur.

[32] Xusey, Quzey adı altında müəllif, çox güman ki, kuşanları nəzərdə tutur.

[33] Tarixi ədəbiyyatda Arşakidlər kimi məlumdur.

[34] Başqa tələffüzdə Pəhləv.

[35] İranın qədim paytaxtı Persepoldan 5 km. şimalda yerləşən İstəhr şəhəri nəzərdə tutulur.

[36] B.e.ə. IV əsrdə yaşadığı ehtimal olunan yunan yazıçısı.

[37] B.e. III əsrdə yaşamış Finikiyalı filosof.

[38] Yunan coğrafiyaşünası.

[39] Xorenatsi bu mənbəyə istinad edən yeganə müəllifdir.

Paylaş
FacebookTwitter

Facebook Comment

abunə olun

BRI yerli və beynəlxalq auditoriyaya Azərbaycanla bağlı təhlil, rəy və araşdırmalar təqdim etmək məqsədi daşıyan müstəqil ekspertlər tərəfindən yaradılmış beyin mərkəzidir.

bg
For the full operation of the site you need to enable JavaScript in your browser settings.