Cəmiyyət

Cəmiyyət

Ortabablıq Barədə

Read this article on other language
Download article
image_pdf
image_pdf

Bir ilə yaxındır, əvvəllər etmədiyim bir şeyi edirəm – gündəlik tuturam. Gündəliyə baxanda gördüm ki, yazdıqlarım şəxsi həyatdan çox sosial həyatla bağlıdır. Gündəliyin müxtəlif yerlərində ortabablıqdan şikayət etdiyimin fərqinə vardım. Ətrafımdakı insanların demək olar hamısı öz işində ortababdır. Gördükləri işdən pul qazanırlar, başlarını dolandırırlar, amma heç biri öz işini mükəmməl görmür. Və bu fakt ürəyimi sıxır, çünki ortabablıq insanı maraqsız edir. Adam nə qədər Zirənin, Qarabağın, Neftçinin oyununa baxar? Mən Real Madridə, Mançester Sitiyə, Çelsiyə baxmaq istəyirəm. Həmçinin özüm də işimdə ortabab olmaqdan qorxuram.

Ortabablıq anlayışı iki cür başa düşülə bilər. Bir mənasında ortabablıq aza qane olmaqdır. Yəni insan öz işini əlindən gəldiyi qədər yaxşı görmək əvəzinə özünə əziyyət verməyib qənaətbəxş iş ortaya qoyur. Bu insanın işi qənaətbəxşdir, amma daha yaxşısını edə bilmədiyi üçün yox, özünü təkmilləşdirmədiyi üçün. O, bacarıqlarını təkmilləşdirmir, öz potensialından tam istifadə etmir və nəticədə öz potensialı ilə müqayisədə ortabab iş çıxardır. Bu mənada, ortabablıq insanın müqayisə edildiyi statistik orta göstərici deyil, prinsip etibarilə hər kəs öz potensialını tam istifadə edib işində mükəmməl ola bilər. İkinci mənasında isə ortabablıq öz sahəndə ən yaxşı ola bilməməkdir. Belə statistik mənada başa düşüləndə, hamının öz işində mükəmməl olması mümkün deyil: az insan öz işində ən yaxşı olur, əksəriyyət isə ortabab və ya ortadan aşağı olur. Bu yazıda mən ortabablıq anlayışını birinci mənasında istifadə edirəm. Ətrafımdakı insanların əksəriyyəti birinci mənada ortababdır, çünki aza qane olurlar və bacarıqlarını təkmilləşdirərək öz potensiallarından tam istifadə etmirlər. (Təəccüblü deyil ki, onlar ikinci mənada da ortababdırlar, çünki nə qabiliyyətlərini inkişaf etdirirlər, nə də öz sahələrində ən yaxşılardan olmağa can atırlar.)

Burada deyəndə istənilən bir işi nəzərdə tuturam. Məsələn, istəyərdim ki, saytyığan dostlarımın heç olmasa biri IT (informasiya texnologiyaları) sahəsində mükəmməl olsun. Digər IT mütəxəssisləri onu adla tanısınlar. Yaxud da fotoqraf olan tanışım mükəmməl fotoqraflardan olsun. Bu işdən başı çıxanlar onun məhsulunu görəndə desinlər, “bu filankəsin işidir, bax filan şeyi filan cürə tutub.” Hüquqşünas dostlarım çoxdur, istəyərdim onlar hüquq sahəsində at oynatsın. Hə, AİHM-də iş udurlar, lap yaxşı. Amma hüquq oxusaydım, Azərbaycana qarşı işi mən də udardım, çətin bir şey deyil o. AİHM-də belə növ iş udan mükəmməl olmur.

Sadaladığım sahələrdə mükəmməl olmaq nə deməkdir dəqiq bilmirəm. Onu gərək həmin sahənin mütəxəssisi özü mənə izah etsin. Desin ki, sən rəsmdən qanmırsan. Bax, mənim rəsmlərimdə filan xüsusiyyət var, nə bilim fırçanı belə vururam və s. Ola bilər mənim rəsmə yenə də marağım yaranmayacaq, amma belə bir adamı tanımaq məni sevindirəcək və ən əsası da ilhamlandıracaq. Öz sahəsində mükəmməl olan adamlarla söhbət etmək qədər mənə həzz verən şey yoxdur. Həmsöhbətlərim həm də öz sahələrinin ən yaxşılarındandırlarsa, onda lap gözəl.

Məsələn, akademik sahədə mükəmməl olmaq nə deməkdir təxmini bilirəm. Öz sahən üzrə ən yaxşı jurnal və nəşriyyatlarda məqalə və kitabın çıxırsa, deməli, sən mükəmməl akademiksən və bəlkə də sahən üzrə ən yaxşılardansan. Belə bir azərbaycanlı tanışım yoxdur. Lakin bir neçə belə əcnəbi filosof tanıyıram. Onların məqalələri top jurnallarda, kitabları isə Oksford və Kembric universitetlərinin nəşriyyatları kimi ən nüfuzlu yerlərdə dərc edilir. Onlarla hər dəfə söhbət edəndə nəsə öyrənirsən. Ən əsası isə, onlarla istənilən mövzudan, havadan-sudan da danışmaq insanı ilhamlandırır. Görürsən ki, qarşındakı adam kinolarda təsvir edilən dəli dahi deyil. Adi adamdır. Onun da digərləri kimi adi maraqları var. Fikirləşirsən ki, sən də bir gün mükəmməl filosof və bəlkə öz sahəndə ən yaxşılardan ola bilərsən.

Burada məqsədim akademik fetişizm etmək deyil. Sadəcə fəlsəfədə mükəmməl olmağın mənasını bildiyim üçün onu nümunə verdim. Amma nəzərdə tutulan iş istənilən bir iş ola bilər. Məsələn, bir qohumumuz parket ustasıdır və onu həmişə tərifləyib deyirdilər ki, filankəs qədər zərgər dəqiqliyi ilə parket vura bilən adam yoxdur. Azərbaycanda parket ustalarının hansı daha prestijlidir bilmirəm, bəlkə də o adam qohum olduğuna görə digər qohumlar onun bacarığını şişirdirdi. Amma mən uşaq olanda onun ən yaxşı parket ustalarından biri olduğuna inanırdım. Öz evi böyük idi və parketi özü vurmuşdu. Yerdə sürünüb hər bir detala baxırdım. Taxtalar o qədər gözəl düzülmüşdü ki, sanki bütün döşəmə yüzlərlə ayrı-ayrı hissələrdən ibarət deyil, zavoddan otaq boyda hazır parket çıxıb, damdan kranla endirib yapışdırıblar evə. Parketin lakına heç bir saç, kağız yapışmamışdı, haphamar idi. O parketin gözəlləyindən çox onu hazırlayan adamı tanımaq, onunla söhbət etmək mənə həzz verirdi.

Bir az qeyri-adekvat adam olsa da, türkiyəli intellektual Sevan Nişanyana qulaq asmağı sevirəm. Ona bir nəfər sual verdi ki, bir yeri şəhər edən nədir? Sevan isə cavabında dedi ki, bir yeri şəhər edən şey həmin yerin dünyanın hər tərəfindən öz sahəsindəki ən yaxşı adamları cəlb etməsidir. Radikal bir misal verdi. Dedi, məsələn, Nyu Yorkda olanda özü bunu müşahidə edib. Nə axtarırsan? Aşpaz? Dünyanın ən yaxşı aşpazlarının azı üçü Nyu Yorkdadır. Rəssam axtarırsan? Eyni şey. Riyaziyyatçı? Eyni şey. Bir tədbirə gedirsən, deyirlər, bu filankəsdir, ən yaxşı aşpazlardandır. Gözəl hissdir. Mən aşpaz deyiləm, mənə heç maraqlı da deyil yaxşı aşpaz nə deməkdir. Amma ən yaxşı aşpazla tanış olmaq istəyərəm. Ən əsası, Sevanın da dediyi kimi, söhbət təkcə həmin üç adamla bitmir. Həmin üç aşpaz yüzlərlə adamı mükəmməl olmağa ilhamlandırır, hər biri özünə n qədər şəyird yığır, şəhərdə aşpazların icmasını və bir-biri ilə rəqabətini yaradır. Adam özü heç vaxt ən yaxşılardan olmasa da, çox güman mükəmməl iş ortaya çıxardar və belə bir mühitdə olmaqdan həzz alar.

Yuxarıda ətrafımdakı insanların mütləq əksəriyyətinin öz işində ortabab olmasından şikayətləndim və özümün də ortabab olmaqdan qorxduğumu etiraf etdim. Yuxarıda məqsədim insanları günahlandırmaq deyil, ətrafımı təsvir etmək idi. Günahkarın kim olmasından asılı olmayaraq bu vəziyyət – ətrafımdakı insanların ortabab olması dəhşət ürəyimi sıxır. Məsələn, bir müddət evdən çıxmayanda masa arxasında oturuşumun dəyişdiyini hiss edirəm. Belim bükülür, paltarlarımı ütüləmədən geyinirəm, qoxu verməyən zibil (kağız və plastik) qabları dolsa da, onları evin yaxınlığındakı zibilxanaya aparmağa ərinirəm. Belə olanda, istənilən şeyə həvəsim və məhsuldarlığım azalır. Az oxuyub az yazıram. Fikirləşirəm ki, axşam olsaydı, yatardım. Azərbaycanda da dostlarım arasında təəssüf ki, əksərən özümü belə hiss edirəm. Çünki ortababdırlar.

Nəysə. İndi ortabablığın səbəblərindən danışmaq istəyirəm. Çünki bir neçə dostum öz ortabablıqlarında özlərindən çox başqalarının – daha dəqiq desək, siyasi sistemin səbəbkar olduğunu dedi. Məncə qismən düz deyirlər. Belə ki, siyasi sistem hər şeyə, o cümlədən insanların öz işlərinə olan sevgisinə də təsir edir. Azərbaycan SSR himnində deyilirdi ki, “qəhrəmanlıq, bir də hünər azad insan həvəsidir.” Oxşar şeyi insanın öz işinə olan münasibəti barədə də deyə bilərik. İnsan özü azad olmayanda, hər gün dövlət və ya başqaları tərəfindən təhqir ediləndə, qorxu içində yaşayanda və gələcəyə dair ümidi olmayanda onda onun öz işində mükəmməl olmaq kimi bir qayğısının olmaması başa düşüləndir. İnsanları motivasiya edən şeylərdən biri, bəlkə də birincisi qabağa getmək – yəni daha çox pul və ya yüksək sosial status qazanmaqdır. Azərbaycanda ya bir çox insan üçün qabağa getməyin yolları siyasi səbəblərdən bağlıdır, ya da qabağa getmək üçün tələb olunan şey sənin öz işində mükəmməl olmağın yox, siyasi loyallığın və əlaqələrindir. Belə bir vəziyyətdə siyasi sistem insanları mükəmməlliyə can atmağa təşviq edən faktorlardan birinin qarşısını kəsir. Beləliklə, siyasi sistem insanları ortabablığa təşviq edir.

Amma ortabablığın səbəblərindən biri də məhz ortabab insanlar özləridir. Belə ki, qabağa getmək insanları mükəmməlliyə can atmağa təşviq edən şeylərdən biridir. Bəli, siyasi sistem ortababların yolunu açaraq ortabablığı təşviq edir. Lakin insanların mükəmməlliyə can atmamasının səbəblərindən biri də onların öz işlərində qeyri-instrumental dəyər görməmələri – işə yalnız pul qazanmaq üçün alət kimi baxmalarıdır.

İnstrumental dəyər nədir? X-ın instrumental dəyəri var demək o mənaya gəlir ki, x hansısa başqa bir dəyərli fenomen olan y üçün zəruridir və burada söhbət səbəb-nəticə əlaqəsindən gedir. Yəni x o zaman instrumental olaraq dəyərlidir ki, x y-ın səbəblərindən biri olsun. Məsələn, pulun instrumental dəyəri var, çünki pul bizə imkan verir ki, bizim üçün dəyərli olan digər şeyləri (ev, yemək, paltar, səhayət, sığorta və s.) əldə edək.

Əgər iş də instrumental olaraq dəyərlidirsə, onda işin dəyəri, məsələn, pul və ya status qazanmaqdır. Öz işimizi daha yaxşı görərək daha çox pul və ya status qazanmayacağıqsa, onda özümüzə əziyyət verib daha yaxşı işləmək irrasionaldır. (Belə ki, bir akt o zaman irrasionaldır ki, o, bizim məqsədlərimizə xidmət etmir.) Mənə elə gəlir ki, siyasi vəziyyəti əsas gətirərək öz ortabablığına haqq qazandırmağa çalışan insanlar işlərində yalnız instrumental dəyər görürlər. Buna görə də ortabablıqla kifayətlənirlər. Çünki Azərbaycandakı iş mühiti onlardan mükəmməllik tələb etmir. Daha yaxşı işləsələr də, eyni maaşı alırlar, ortabab işləsələr də. Onda özlərinə niyə əziyyət versinlər ki?

Amma həyatda qeyri-instrumental dəyərlər də var. Məsələn, bu dəyərlərdən biri konstitutiv və ya təsisedici dəyərdir. X-ın konstitutiv dəyəri var demək o mənaya gəlir ki, x hansısa başqa bir dəyərli fenomen olan y üçün zəruridir, çünki x olmasa y tərif etibarilə mövcud ola bilməz. Başqa sözlə desək, x y-ın tərifində var. Məsələn, təsəvvür elə ki, vətəndaşlıq dəyərli bir statusdur. Bir insanın təbəə və ya rəiyyət yox, “vətəndaş” hesab edilməsi üçün, onun mülki və iqtisadi azadlıqları olmalıdır. Əgər onun ifadə azadlığı, sərbəst toplaşma azadlığı, seçmə və seçilmə hüququ, dini etiqad azadlığı, biznes qurmaq azadlığı və s. yoxdursa, o vətəndaş deyil, hansısa bir ağanın təbəəsidir. Fikir ver ki, mülki və iqtisadi azadlıqlar insanın vətəndaş olmasına səbəb olmur – yəni bu azadlıqlarla vətəndaşlıq arasındakı əlaqə səbəb-nəticə əlaqəsi deyil. Bu azadlıqlar vətəndaşlığın tərkib hissəsidir. Necə ki uşaq sahibi olmadan bir qadın ana ola bilməz, bu azadlıqlar da olmadan tərif etibarilə bir insan vətəndaş ola bilməz.

Əgər iş də konstitutiv olaraq dəyərlidirsə, onda onun dəyəri puldan və statusdan tam asılı olmayacaq. Məsələn, bizim kimliyimizi təşkil edən çoxlu xüsusiyyətlər var. Onların bəzilərini seçmirik (məs., filankəsin oğlu olmaq, ağdamlı olmaq), bəzilərini isə seçirik (məs., filan universitetin məzunu olmaq, filan partiyanın üzvü olmaq). Ətrafdakılar onları dəyərsiz hesab etsə belə, biz o xüsusiyyətləri vacib hesab edə, onların biri necəsə əlimizdən alınsa, kimliyimizin zədələndiyini, yarım qaldığımızı düşünə bilərik.

İnsanın peşəsi də onun kimliyini təşkil edən xüsusiyyətlərdən biri ola bilər. Öz işini dəyərli görən, amma işindən qovulan müəllim təkcə gəlir mənbəyini itirdiyinə və ya haqsızlığa məruz qaldığına görə yox, eyni zamanda kimliyinin bir hissəsinin əlindən alındığına görə məyus ola bilər. Əli iflic olduğu üçün rəsm çəkə bilməyən rəssam təkcə gəlir mənbəyini və ya sağlamlığını itirdiyinə görə yox, eyni zamanda kimliyinin bir hissəsini itirdiyinə görə təəssüflənə bilər. İş insanın kimliyinin tərkib hissəsidirsə, onda insanın öz işini mükəmməl görməyə çalışması da öz kimliyini gücləndirməsi kimi başa düşülə bilər. Əgər filankəsin oğlu olmaq kimliyimin tərkib hissəsidirsə, mən yaxşı oğul olmağa can atacağam. Müəllim olmaq da kimliyimin tərkib hissəsidirsə, onda yaxşı müəllim olmağa çalışacağam. Əlavə olaraq, iş insanın xoşbəxtliyi – yəni həyatından razı qalması üçün də konstitutiv olaraq dəyərli ola bilər. Mən öz həyatımdan o zaman razı qalıram ki, digər şeylərlə yanaşı həm də işimi mükəmməl yerinə yetirirəm – məsələn, mükəmməl müəllim oluram.

Başqa qeyri-instrumental dəyər də var: bir şeyin özlüyündə dəyərli olması. X-ın özlüyündə dəyərli olduğunu demək o mənaya gəlir ki, x-ın dəyəri hansısa başqa bir fenomendən asılı deyil. Məsələn, dostluq, sevgi münasibəti, sədaqət, dürüst insan olmaq özlüyündə dəyərlidir. Dürüst insan olmaq ona görə dəyərli deyil ki, dürüst olanda biz hörmət qazanacağıq və ya dürüst olmaq bizim kimliyimizin tərkib hissəsidir. Ola bilər, insan dürüst olduğu üçün hörmət qazansın və dürüstlük onun kimliyinin tərkib hissəsi olsun. Hətta bu vəziyyətdə belə biz deyə bilərik ki, dürüstlük özlüyündə dəyərlidir. Yəni dürüst olduğu üçün insan hörmət qazanmasa və dürüstlük insanın kimliyinin tərkib hissəsi olmasa belə, dürüstlük yenə də dəyərsiz bir xüsusiyyət olmaz.

İnsanın öz peşəsində mükəmməl olması da özlüyündə dəyərli ola bilər. Məsələn, təsəvvür et ki, sən Ələtdə maşın ustasısan. Ətraf qəsəbələrdəki ustalar ortababdırlar və sən onlarla eyni keyfiyyətdə iş görürsən. Keyfiyyətini artırıb qiymətləri eyni saxlasan, müştərilərin artmayacaq, çünki ya heç kim keyfiyyətin artdığını başa düşməyəcək, ya da başa düşsələr belə şan-söhrətin qəsəbədən kənara yayılmayacaq deyə kənar adamlar maşınlarını sənin yanına gətirməyəcəklər. Əlavə olaraq təsəvvür et ki, keyfiyyəti artırsan, Ələtdə hörmətin də artmayacaq. Camaat deyəcək ki, sən axmaqsan, çünki boş yerə özünə əlavə əziyyət verirsən. Belə bir vəziyyətdə, öz işini özlüyündə dəyərli görürsənsə, maşın ustası olaraq işinin keyfiyyətini artırmaqda maraqlı ola bilərsən.

Müşahidə etdiyim qədərilə, ortabablıqda ittiham etdiyim insanlar işlərində heç bir qeyri-instrumental dəyər görmürlər. Ona görə də əlavə pul və ya status qazanmayacaqları üçün, öz işlərində də mükəmməlliyə can atmırlar. Yaxud işlərində qeyri-instrumental dəyər görürlər, amma iqtisadi/psixoloji vəziyyətləri o qədər pisdir və işə biçdikləri qeyri-instrumental dəyər o qədər azdır ki, bu dəyər onları öz işlərində mükəmməlliyə can atmağa sövq etmir. Ortabab qalıb başlarını girləyirlər. Bəs onlar niyə öz işlərində niyə qeyri-instrumental dəyər görmürlər? Bu suala dəqiq cavabım yoxdur.

Paylaş
FacebookTwitter

Facebook Comment

abunə olun

BRI yerli və beynəlxalq auditoriyaya Azərbaycanla bağlı təhlil, rəy və araşdırmalar təqdim etmək məqsədi daşıyan müstəqil ekspertlər tərəfindən yaradılmış beyin mərkəzidir.

bg
For the full operation of the site you need to enable JavaScript in your browser settings.