fbpx

Cəmiyyət

Cəmiyyət

Pis şey etmək azadlığı

Read this article on other language
Download article
image_pdf
image_pdf

İcra edildiyi zaman müsbət nəticə hasil edən azadlıqlar bizim üçün dəyərlidir. Məsələn, oxumaq azadlığımız olmasa, cahil qalarıq; qida qəbul etmək azadlığımız olmasa, ölərik; hərəkət azadlığımız olmasa, istədiyimiz yerlərə gedib əylənə bilmərik. Bu kimi azadlıqlarımız icra edildiyi təqdirdə – yəni biz oxuyanda, yeyəndə və gəzəndə müsbət nəticələr əldə edirik. Buna görə də bu hərəkətlərimiz üçün zəruri olan azadlıqlar bizim üçün dəyərlidir. Bəs azadlığın dəyəri onun hasil etdiyi nəticənin dəyərinə bərabərdirmi? Nəticə bizim üçün dəyərsizdirsə, onun hasil edilməsi üçün zəruri olan azadlıq da dəyərsizdirmi? Məsələn, siqaretdən zəhləm gedirsə, onda siqaret çəkmək azadlığı da dəyərsizdirmi?

Bu suala cavab verməzdən əvvəl gəl azadlığa tərif verək. Azadlıq qeyri-azadlığın antonimidir. Qeyri-azadlıq isə başqası tərəfindən məhdudlaşdırılmadır. İnsan o zaman qeyri-azad olur ki, başqa birinin müdaxiləsi nəticəsində onun hansısa hərəkəti icra etməsi fiziki olaraq qeyri-mümkün olur. Mənim azadlığım yalnız və yalnız o halda məhdudlaşır ki, sən mənim hansısa bir hərəkəti icra etməyimi bilərəkdən və ya bilməyərəkdən, xoş və ya pis niyyətlə, birbaşa və ya dolayı yolla qeyri-mümkün edirsən. Başqa sözlə ifadə etsək, insan yalnız və yalnız başqasının müdaxiləsi nəticəsində qeyri-azad ola bilər.[1]

Təsəvvür et ki, sən siqaret çəkmirsən və siqaret çəkməyi pis davranış kimi qiymətləndirirsən. Belə olan təqdirdə, sənin siqaret çəkmək azadlığının hansısa bir dəyəri varmı? Məsələn, hökumət siqaret istehsalını və idxalını qadağan edib sənin siqaret çəkməyinə imkan vermirsə, o zaman siqaret çəkmək baxımından qeyri-azad olursan. Sənin siqareti sevməməyin qeyri-azad olmağın faktını dəyişdirmir. Hökumətin bu qadağasından əvvəl istəsən, siqaret çəkə bilərdin, amma qadağadan sonra bu istəyi reallaşdırmağın qeyri-mümkündür. Bu qadağa ilə sən nəsə itirdinmi? Başqa sözlə desək, pis şeylər etmək azadlığının dəyəri varmı?

Azadlığın dəyəri onun icrasının hasil etdiyi nəticənin dəyərinə bərabər deyil. Belə ki, biz gələcəkdə nə baş verəcəyini bilmirik və buna görə də azadlığımızın mümkün qədər çox olması bizim üçün instrumental olaraq dəyərlidir. Hazırda bizə dəyərsiz görünən bir şey gələcəkdə bizim üçün dəyərli ola bilər, çünki həmin şey barədə yeni məlumat əldə edə bilərik, yaxud da istəklərimiz (zövqlərimiz) dəyişə bilər. Məsələn, 1990-cı illərdə ilahiyyat oxuyan bir qohumum hesab edirdi ki, onun üçün əsas olan ingilis yox, ərəb dilini öyrənməkdir; yəni ingilis dilini öyrənməyin onun üçün faydası yoxdur, deməli, bu ingilis dilini öyrənmək azadlığının onun üçün dəyəri də yoxdur. Lakin başqa qohumumun təkidi ilə o ingilis dili öyrəndi. Hazırda özü ateistdir və məhz vaxtında ingilis dili öyrəndiyinə görə neft sektorunda işləyir. İlahiyyatdan olan qalan tək şey molla ləqəbi oldu. Gələcəyin bizə hansı imkanlar açacağını bilmirik, ona görə də bu gün dəyərsiz hesab etdiyimiz hər bir azadlıq gələcəkdə bizə faydalı ola bilər. Yaxud da təsəvvür et ki, sən bu gün siqaret çəkmək istəmirsən, amma gələcəkdə hansısa səbəbə görə siqaret arzulaya bilərsən. Ona görə də siqaret çəkmək azadlığının mövcudluğu sənin gələcək arzularını reallaşdırmaq üçün zəruridir, deməli, bu azadlıq instrumental olaraq dəyərlidir. Yaxud da mən maşın sürməyi sevmirəm, amma maşın sürmək azadlığım mənim üçün dəyərlidir, çünki gələcəkdə hansısa ehtiyacımı ödəmək üçün maşın sürmək zəruri ola bilər. Deməli, gələcək qeyri-müəyyən olduğuna görə hazırda xoşumuza gəlməyən hərəkətlər gələcəkdə bizim hansısa məqsədə çatmağımız üçün zəruri ola bilər. Bu səbəbdən də xoşumuza gəlməyən həmin hərəkətlər icra etməyə azad olmağımız bizim üçün instrumental olaraq dəyərlidir.

Azadlığın instrumental dəyəri təkcə onun məzmunundan asılı deyil. Hazırda hansısa bir azadlığının (x etmək azadlığı) dəyərli olub-olmadığını müəyyən etmək üçün onun gələcəkdə konkret hansı məqsədə nail olmaq üçün zəruri olacağını müəyyən etmək şərt deyil. Gələcəyin qeyri-müəyyən olması bizim dəqiq proqnoz verməyimizi qeyri-mümkün edir. Buna görə də x etmək azadlığının gələcəkdə məhz y üçün zəruri olacağını tam əminliklə deyə bilmirik. Azadlığın məzmunundan asılı olmayaraq, instrumental dəyərli olduğunu daha rahat görmək üçün gəl onu pul ilə müqayisə edək. Təsəvvür et ki, hazırda 500 manat pulun var, amma pul xərcləmək – nəsə almaq istəmirsən. Lakin bu o demək deyil ki, sənin 500 manatının heç bir instrumental dəyəri yoxdur. Gələcəkdə fikrini dəyişdirə və nəsə almaq istəyə bilərsən. Hazırda məhz nə almaq istədiyini bilməyin şərt deyil, əsas odur ki, 500 manat sənə gələcəkdə bəzi əmtəələri almaq üçün zəruridir. Yəni pulun dəyərli olduğunu bilmək üçün onun gələcəkdə konkret olaraq hansı əmtəəni almaq üçün zəruri olacağını bilmək şərt deyil. Eyni şeyi azadlıq üçün də deyə bilərik. Hazırda x etmək azadlığı onun məzmunundan asılı olmayaraq dəyərlidir, çünki gələcəkdə bu azadlıq hansısa məqsədə nail olmaq üçün zəruri ola bilər.

Beləliklə, müəyyən etdik ki, konkret azadlıqların (məsələn, x etmək azadlığı) instrumental dəyəri onların məzmunundan (məsələn, y-a nail olmaq) asılı deyil. Güman etsək ki, azadlığı ölçmək mümkündür, onda azadlıq özlüyündə də – daha dəqiq desək, müəyyən miqdarda azadlıq – instrumental olaraq dəyərlidir. Məsələn, azadlığın yüksək olduğu cəmiyyətlər daha çox inkişaf edir, çünki belə cəmiyyətlər insanlara daha az əngəllər yaradaraq onların sərbəst fəaliyyətinə şərait yaradır. Yaxud da yüksək miqdarda olan azadlıq insanları daha xoşbəxt edə bilər, çünki insanlar öz istəklərini reallaşdırmaq istədikdə başqaları tərəfindən müdaxiləyə məruz qalmırlar. Burada da azadlığı pul ilə müqayisə etmək olar. Daha çox pul instrumental olaraq dəyərlidir, çünki bizə gələcəkdə daha çox arzularımızı reallaşdırmaq üçün şərait yaradır. Azadlığın məhdudlaşdırılması nəticəsində itirilən dəyəri təsəvvür etmək çətindirsə, hər dəfə azadlığın məhdudlaşdırılanda təsəvvür et ki, azadlığını məhdudaşdıran şəxs və ya qurum sənin pulunu alır.[2]

Azadlığın dəyərli olması o demək deyil ki, azadlığı heç bir zaman məhdudlaşdırmaq olmaz. Azadlıq yeganə dəyər deyil, təhlükəsizlik də dəyərlidir. Yuxarıda müzakirənin məqsədi onu göstərməkdir ki, xoşumuza gəlməyən və ya sağlamlığımız üçün pis olan hərəkətləri icra etmək azadlığımız belə dəyərlidir. Bəzən digər dəyərlərimizi müdafiə etmək üçün azadlıqdan qurban verməli olduruq, lakin unutmamalıyıq ki, hər dəfə azadlığımız azalanda biz dəyərli bir şeyi itiririk.

Başqalarına zərər vermək – əxlaqsızlıq etmək azadlığımız da dəyərlidirmi? Məsələn, körpələrə işgəncə vermək əxlaqsız və buna görə də dəyərsiz bir hərəkətdir, bəs körpələrə işgəncə vermək azadlığı da dəyərsizdirmi? Təsəvvür et ki, Milli Məclis Körpələrə işgəncə vermək haqqında qanun qəbul edir. Bu qanuna əsasən, hər bir körpəyə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən mühafizəçi robot təyin edilir. Bu robotlar daima körpələrin yanında olur və kimsə uşaqlara xəsarət yetirməyə çalışsa, onun qarşısını alır. Beləliklə, ölkədəki hər kəsin körpələrə işgəncə vermək azadlığı əlindən alınır. Bu zaman insanlar dəyərli nəsə itirirlərmi?

Dövlət robot təyin etməklə körpələrin sağlamlığını düşünə bilər, lakin dövlətin bu addımı atması bütün yetkin insanlara qarşı edilmiş bir hörmətsizlikdir. Çünki dövlət ölkədəki yetkin insanların ən azından bir qisminin əxlaqsızlıq edərək körpələrə işgəncə verəcəyini düşünür. Dövlət hesab edir ki, insanların ən azından bir qismi əxlaqlı qərar verməyə qadir deyillər. Başqa sözlə desək, dövlət bütün yetkin insanlara potensial cinayətkar kimi baxır. Bu isə insanların əxlaqlı olmalarını şübhə altına almaq, beləliklə, onlara hörmətsizlik etmək deməkdir. Eyni zamanda bu robot körpə öz valideynləri ilə olanda, yəni ətrafda yad adam olmayanda da uşağı qorumağa davam edir. Yəni robot, dolayısıyla dövlət, valideynlərə də potensial qatil gözü ilə baxaraq onların öz uşaqlarına işgəncə verməyəcəyinə inanmır. Bu vəziyyətdə dövlətin valideynlərə qarşı etdiyi hörmətsizlik daha aydındır. Uşağın təhlükəsizliyi 100% təmin edilir, lakin bu təhlükəsizlik üçün azadlıqlar qurban verilir və hər kəsə qarşı hörmətsizlik edilir.

Pis şeylər etmək azadlığı bizim əxlaqlı olmağımız, əxlaqi keyfiyyətlərimizi inkişaf etdirməyimiz üçün zəruridir. Belə ki, əxlaqlı insan başqalarına zərər vermək azadlığı olub bu azadlıqdan istifadə etməyən insandır. Məsələn, mən hazırda hesab edirəm ki, əxlaqlı insanam və heç vaxt rüşvət almaram. Amma bu vaxta kimi tutduğum ən yüksək vəzifə bir universitetə dekan müavinliyi olub, oradan da akademik azadlığım məhdudlaşdırıldığına görə bir semestr sonra istefa vermişəm. Yəni mənim əlimdə rüşvət almaq, başqalarının haqqına girmək imkanı elə də olmayıb. Bəlkə də, hansısa rayonun icra başçısı olsam, hamı məndən əvvəlkinə rəhmət oxuyacaq. Mənim əlimdə başqalarına pislik etmək, onlara zülm etmək üçün kifayət qədər fürsət – azadlıq olmayıb. Ona görə də özümün əxlaqlı olub-olmadığımı tam bilmirəm, təxmin edirəm. Gərək insanların pislik etmək azadlığı olsun ki, o azadlıqdan imtina edərək öz əxlaqi keyfiyyətlərini inkişaf etdirsinlər, əxlaqlı olduqlarından əmin ola bilsinlər. Sınanmadığın günahın mömini ola bilməzsən.

Yuxarıdakı fikri təkrarlamaqda fayda var. Bu müzakirənin məqsədi o deyil ki, cinayət əleyhinə bütün məhdudiyyətlər ləğv edilməlidir. Məqsəd onu göstərməkdir ki, hətta ən əxlaqsız, ən vəhşi hərəkətləri belə məhdudlaşdırılanda biz azadlığımızı – dəyərli bir şeyi itiririk.

İstinadlar:

[1] Carter, Ian, and Hillel Steiner. “Freedom Without Trimmings: The Perils of Trivalence.” In Without Trimmings. The Legal, Moral and Political Philosophy of Matthew Kramer, edited by Visa A. J. Kurki and Mark McBride, 239–67. Oxford: Oxford University Press, 2022.

[2] Carter, Ian. A Measure of Freedom. Oxford: Oxford University Press, 1999, chapter 2; Kramer, Matthew H. The Quality of Freedom. Oxford: Oxford University Press, 2003, 240-5.

Paylaş
FacebookTwitter

Facebook Comment

abunə olun

BRI yerli və beynəlxalq auditoriyaya Azərbaycanla bağlı təhlil, rəy və araşdırmalar təqdim etmək məqsədi daşıyan müstəqil ekspertlər tərəfindən yaradılmış beyin mərkəzidir.

bg
For the full operation of the site you need to enable JavaScript in your browser settings.