2025-ci ilin yekun iqtisadi göstəriciləri hazır olmasa da, 11 ayın nəticələrinə əsasən, ilin makroiqtisadi mənzərəsini görmək artıq mümkündür. 2025-ci il staqnasiya meyllərinin tədricən möhkəmləndiyini nümayiş etdirdi. Nəzəri olaraq staqnasiya uzun müddət (orta hesabla 3-5 il) zəif və ya yerində sayan (0-2% intervalında) iqtisadi artımın hökm sürdüyü şərait üçün işlədilir. 2018-ci ildən sonra Azərbaycan iqtisadiyyatı əsasən ya staqnasiya zonasının daxilində oldu, ya da onun sərhədlərindən elə də çox uzaqlaşa bilmədi. Aşağıdakı diaqramdan bu nəticəni aydın görmək olur[1]:

Göründüyü kimi, aşağı iqtisadi artımı qlobal pandemiyanın təsirləri ilə əlaqələndirmək çətindir. Çünki 2019-cu ildə də Azərbaycan iqtisadiyyatı, demək olar ki, staqnasiya zonasında olub. 2020-ci ildə qlobal pandemiya bütün dünyada olduğu kimi, Azərbaycan iqtisadiyyatını da neqativ artım zonasına tulladı. Sonrakı 2 ildə nisbətən yüksək görünən artıq rəqəmləri əslində bərpa rəqəmləri idi. Məsələn, 2021-ci ildə 5,6%-lik iqtisadi artım, demək olar ki, 2020-ci ildəki geriləməni kompensasiya etməyə və 2019-cu ildəki real ÜDM göstəricisinə çatmağa kifayət etdi. 2020-2022-ci illər üzrə kumulyativ iqtisadi artım 5,9% təşkil edir ki, bu orta illik iqtisadi böyümənin hətta 2%-dən də az olduğunu göstərir. Həm də nəzərə almaq lazımdır ki, bu artım pandemiyanın nəticələrinə qarşı kəskin monetar və fiskal genişlənmənin təsiri nəticəsində baş verdi. Yəni, iqtisadi artım pul gücünə böyümə idi və aşağıdakı diaqramdan bu mənzərəni görmək olur:

Təqdim edilən rəqəmlərdən göründüyü kimi, pandemiya ilində kreditləşmədə 4% daralma olsa da, sonrakı 3 ildə (2021-2024-cü illər) sıçrayışlı artım davam elədi. Həmin dövrdə orta hesabla hər il iqtisadiyyata buraxılan kreditlərin həcmi 20% ətrafında artdı. Mütləq ifadədə məcmu kreditlərin həcmi 2024-cü ildə 29 mlrd. manatı ötmüşdü ki, bu pandemiyadan öncəki dövrlə müqayisədə az qala 2 dəfə çox idi.
Büdcə xərclərinin sürətli artımı əsasən 2 ili (2022-2023-cü illər) əhatə etdi. Bu dövrdə fiskal genişlənmənin orta illik artım tempi təxminən 14%-ə yaxın oldu və mütləq ifadədə büdcə xərclərinin məbləği pandemiyadan öncəki illə müqayisədə 50%-dən çox artaraq, 36 mlrd. manata çatdı.
Fiskal və monetar genişlənmənin yaratdığı pul ehtiyaclarını qarşılamaq üçün Mərkəzi Bank davamlı olaraq pul bazasını genişləndirib və 6 il ərzində manatla pul bazası 12,1 mlrd. manatdan 22,2 mlrd. manata yüksəlib. Ən mühüm məqamlardan biri budur ki, hökumət hər nə qədər gizli iqtisadiyyatın ağardılması ilə bağlı rəsmi təbliğata güc versə də, dövriyyədə nağd pul kütləsi (M0) sürətlə artmaqda davam edib. Belə ki, 2019-2025-ci illərdə nağd pul kütləsinin həcmi 9,5 mlrd. manatdan 17,2 mlrd. manata yüksəlib. Hazırda dövriyyədə manatla ümumi pul kütləsinin (M2) 47%-ni məhz nağd pullar təşkil edir. Azərbaycanın bu göstəricisinin səviyyəsi nəinki inkişaf etmiş, hətta bir sıra region (Ermənistan, Qazaxıstan, Gürcüstan) ölkələri ilə müqayisədə orta hesabla 3,5- 4 dəfə yüksəkdir. Dövriyyədə nağd pul kütləsinin bu qədər çox olması bir tərəfdən qara iqtisadiyyatın miqyasının böyüklüyünün əlamətidirsə, digər tərəfdən həm biznesin, həm də əhalinin maksimum ehtiyatlı olmağa, mümkün qədər əllərində daha çox pul saxlamağa çalışmasının nəticəsidir.
Əhali hesabına sürətlə genişlənən kreditləşmə
Ən mühüm məqam odur ki, kreditləşmənin sürətlə artmasında əsas rolu iqtisadi böyümənin əsas drayveri kimi çıxış etməli olan biznes sektoru deyil, ev təsərrüfatları oynayıb və aşağıda təqdim edilən rəqəmlərdən bunu görmək mümkündür:

2019-2025-ci illərdə mütləq rəqəmlə ümumi kreditləşmə həcmi 2,4 dəfə artaraq, 31 mlrd. manata çatıb. Həmin dövrdə əhalinin götürdüyü kreditlər 3,6 dəfə artaraq, 18,7 mlrd. manata, biznesə aid kreditlər isə 50%-dən bir qədər çox artaraq, 12,3 mlrd. manata çatıb. Kreditlərin ümumi artımının 75%-i məhz ev təsərrüfatları hesabına təmin edilib və bu seqmentin məcmu kreditləşmədə payı 40%-dən 60%-ə yüksəlib.
Bu mənzərədən çıxarıla biləcək ən real nəticə budur: ölkədə istehlak yönümlü iqtisadi model investisiya yönümlü modeli sıradan çıxarıb.
Biznesin ehtiyatlı davranışı
Biznes sektorunun, xüsusən də real sektorunun zəif kreditləşməsini ölkədə biznes mühitinin riskli olması ilə bağlı təəssüratların əlamətlərindən biri kimi qiymətləndirməyə bilərdik. Amma başqa bir statistikaya – biznes depozitlərinin artım dinamikasına baxdıqda, bu təəssürat daha da güclənir. Aşağıda təqdim edilən diaqramdan görünür ki, 2019-2025-ci illərdə biznesin maliyyə strukturlarında saxladığı depozitlərin həcmi 2 dəfə artaraq 23,6 mlrd. manata çatıb:

Bir tərəfdən biznes zəif kreditləşir, o biri tərəfdən isə əlindəki özünə məxsus sərbəst vəsaitləri ölü kapital kimi banklarda saxlayır, sərmayə qoymağa təşəbbüs göstərmir. Bu, məcburi bir seçimdir: mümkün qədər ehtiyatlı davranmaq, maksimum az risk etmək, gələcəyin dumanlı qeyri-müəyyənliyi içərisində gözləmə mövqeyi tutmaq.
2025 – ci il: iqtisadiyyatı pulla basdırmaq cəhdlərinin son ili
İnsanların gündəlik danışıqda işlətdiyi belə bir ifadə var: “Filankəs hamını pulla basdırar.” Yəni istədiyi adamın üstünü pulla örtə biləcək qədər zəngindir. Böyük əksəriyyət neft-qaz ölkələrinin hökumətlərinin davranışı məhz belədir, zəhmət çəkib qazanmadıqları resurs pulları ilə iqtisadiyyatı “pulla basdırırlar”. Amma, deyəsən, artıq 2025-ci il Azərbaycan üçün bu mərhələnin bitməsinin başlanğıc ili oldu.
Postpandemiya dövründə, xüsusən Rusiya-Ukrayna müharibəsi səbəbindən yüksək enerji qiymətləri hökumətin pulkəsən maşınının sürətini daha da artırdı. Maliyyə Nazirliyinin büdcə hesabatlarından aydın olur ki, 2020-ci ildə dövlət büdcəsinə vergi və transfertlər vasitəsilə cəlb olunan neft-qaz gəlirlərinin məbləği 14 mlrd. manat idisə, 2025-ci ilin tam təsdiqlənməmiş məlumatına görə, həmin məbləğ 18,5 mlrd. manata yaxın olacaq. Nəzərə alaq ki, 6 ildə büdcənin neft gəlirlərinin 4,5 mlrd. manat artması neft hasilatının azalmağa davam etdiyi dövrdə baş verib və bunun səbəbi əlverişli qiymət konyukturu olub.
Amma 2025-ci ildə neft və təbii qazın qiymətlərinin xeyli düşməsi Azərbaycan iqtisadiyyatına öz təsirlərini aşkar göstərdi və bu təsir hökumətin davranışlarına da sirayət etdi. Mərkəzi Bankın dövri olaraq açıqladığı pul siyasəti icmallarından aydın olur ki, 2023-cü ilin əvvəli ilə müqayisədə xam neft və təbii qazın qiyməti 2 dəfəyə yaxın azalıb.
Beləliklə, tam dəqiqləşdirilməmiş rəqəmlərə görə, 2025-ci il sonunda görünən iqtisadi mənzərə belədir: aşağı səviyyədə (1,6%) iqtisadi artım və biznesin kreditləşməsində “0” artım qeydə alınır, ev təsərrüfatlarının kreditləşməsində əvvəlki 5 ildə müşahidə edilir, 25-30%-lik artım tempi 10%-ə enir, büdcə xərclərinin əvvəlki 3 ildə orta hesabla 10-15%-lik artımı faktiki yoxa çıxır.
Əgər qarşıdakı dövrdə hansısa gözlənilməz geopolitik çaxnaşmalar enerji bazarında qiymətlərin artımına səbəb olmasa, 2026-ci il Azərbaycan üçün postneft və kəmərsıxma erasının rəsmi başlandığı il kimi tarixə düşəcək.
[1] 2025-ci üzrə məlumatı ilin 11 ayının yekunlarını əks etdirir və bu mənbədən götürülüb: https://www.stat.gov.az/news/source/doklad_2025-11.pdf

