fbpx

TƏRCÜMƏ

TƏRCÜMƏ

Qafqaz birliyi

Read this article on other language
Download article
image_pdf
image_pdf

Məhəmməd Əmin Rəsulzadənin bu yazısı Parisdə rusca çap olunan “Qafqaz dağlıları” jurnalının 8-9-cu nömrəsindən (1929-cu il sentyabr-oktyabr) götürülmüş və BAİ əməkdaşları tərəfindən Azərbaycan dilinə tərcümə edilmişdir.

 

Qafqaz Birliyi

Qafqaz xalqlarının, o cümlədən Azərbaycanın azadlıq uğrunda mübarizəsinin ruhlandırıcı stimullarından biri Qafqazın birliyi ideyasıdır. Qara və Xəzər dənizləri arasında, Qafqaz dağlarının hər iki tərəfində yaşayan xalqlara təkan verən faktor ümumi düşmənə qarşı uğurlu mübarizə məqsədilə vahid cəbhənin yaradılması ideyasıdır. Uğurlu siyasi mübarizə fikrindən doğan birliyə parlaq nümunə müasir İsveçrədir. “Qafqaz Birliyi” anlayışında şərtləndirici an Qafqaz xalqlarının artıq qəbul etdiyi Qafqaz Konfederasiyası ideyasıdır.

Özünün coğrafi vəziyyətinə görə Qafqaz bir coğrafi vahiddir. Bu birlik özünün siyasi müstəqilliyini təmin edən gün dünya əlaqələrində mühüm yer tutacaqdır. Rusiya təsərrüfat metodlarından əziyyət çəkən bu bölgə mədəni bir dünya sistemində bolluq diyarına çevrilə bilər.

Bu fikir “Odlu Yurd”un müdafiə etdiyi prinsiplər içərisində mühüm yer tutur ki, onun mənfəətlərini bir məqalədə sadalamaq olduqca çətindir. Lakin gələcəkdə bu məsələni müxtəlif tərəflərdən işıqlandıra bilmək üçün bir sıra məqalələr çıxacaq. İndi isə biz bu məsələyə günümüzün siyasəti nöqteyi-nəzərindən yanaşacağıq.

Rusiya dərin böhran keçirir. Bolşevik sistemi özü öz ayağının altını qazır. Sovet birliyinin parçası sökülür. Kommunist inqilabını yaratmış sosial səbəblər meydandan yoxa çıxır və bolşevik rejimini ərsəyə gətirmək üçün şəraitdən istifadə edənlər də səhnədən gedir.

Leninin ikinci, ya üçüncü apostolu olan diktator Stalin fəhlə sinfinin Trotski, Zinovyev, Radek, Buxarin və digərləri kimi iri liderlərini uzaqlaşdıraraq, özü hər tərəfdən “Fəhlə hökumətinə” düşmən fəhlələr tərəfindən əhatə olunur və öz yaxın ətrafı ilə birgə ölkəni çətinliklə idarə edir.

Stalin partiyanın sağ qanadı, yəni kəndli sinfinə böyük güzəştlər etmək tərəfdarları ilə birləşib, permanent inqilab tərəfdarları olan trotskiçiləri darmadağın etdi, eyni zamanda Trotskinin bir sıra prinsiplərini həyata keçirərək Rıkov və Buxarin tərəfdarlarını vurur. Ölkənin fantastik beşillik sənayeləşmə planı və  1 avqustdakı bütün dünya proletariatının gözünə kül üfürən çıxışı ilə ictimai rəyi aldatmağa çalışır. Bu “gözə kül üfürmələrə“ baxmayaraq, Rusiyadakı həqiqi vəziyyətdən agah olanlar başa düşürlər ki, sövet rejimi çöküşə məhkumdur. Yalnız Qırmızı bürokratiyaya arxalanaraq hökmranlıq edən Stalin hər tərəfdən rejimə düşmən elementlərlə əhatə olunmuşdur. Bu mühasirənin daxili və xarici faktorları vardır.

Daxili cəbhənin vəziyyəti artıq məlumdur: Partiya daxilində müxtəlif müxalif qruplar, müxalif ziyalılar, kəndlilərin hakimiyyətə müxalifliyi və bütün bunların nəticəsi olan iqtisadi böhran, kəndli üsyanları, sui-qəsdlər, nəhayət qırmızı rejimin ölümcül böhranı.

Xarici cəbhənin də vəziyyəti məlumdur.

Bütün kapitalist dünyasını alovlandıracağı ilə hədələyən Rusiya siyasi acizliyi üzündən Uzaq Şərqdə şilləyə tuş gəldi. Bu ibrətamiz deyilmi?

Sovet rejimini daxildən laxladan faktorlardan biri milli hərəkatlardır. Kommunist kollektivçiliyinə qarşı kəndli fərdiyyəçiliyinə əsaslanan hərəkatla yanaşı, qırmızı imperialist mərkəziyyətçiliyə qarşı qeyri-rus elementlərin separatçı hərəkatları da inkişaf edib, dərinləşir.

Bu iki faktor hər gün daha da inkişaf edir və bolşevizmin yıxılmasında çox böyük rol oynayacaqdır. Separatçılar bolşeviklərdən sonra hakimiyyətə gələcək yeni rusların aqressiv təşəbbüskarlığına sinə gərə bilmək üçün kəndli müqavimətini və kəndli müxalifətini istifadə edərək təşəbbüsü ələ götürə bilərlərmi, yoxsa məhz bu antibolşevik yeni ruslar qırmızı hökumətə qarşı kəndli hərəkatının rəhbərliyini ələ alıb Rusiyadakı milli hərəkatları boğacaqlar? Bu ikincinin baş verməsinin qarşısını almaq separatçıların müqəddəs borcudur. Öz müqəddəs borclarını yerinə yetirmək üçün Qafqaz xalqları öz aralarındakı bütün ziddiyyətləri aradan qaldırıb, ümumi cəbhə yaratmalıdırlar. Bu birlik ancaq o vaxt fakta çevriləcək ki, Qafqazda yaşayan xalqlar konfederasiya ideyasını səmimi olaraq qəbul edəcəklər. Qafqaz Konfederasiyası daxilində bu xalqlar öz müstəqilliklərini və öz xüsusiyyətlərini tamamilə qoruyaraq, bu birliklə müstəqilliklərini qorumaq üçün güclərini artıracaqlar. Qafqaz xalqlarının bu birliyi qonşu Türkiyə və İran tərəfindən simpatiya ilə qarşılanacaqdır. Müstəqil Qafqazın bu iki müsəlman dövləti üçün zəruri olduğunu uzun-uzadı izah etməyə ehtiyac varmı? Bütün digər baxışları kənara qoyaraq, sadəcə baş qərargahın istənilən zabitinə müraciət etsəniz, o, sizə hərtərəfli şəkildə Qafqaz kimi bufer dövlətinin mövcudluğunun faydalılığını izah edə bilər. Keçmişin acı səhvlərindən gələcək üçün ibrətamiz dərslər alan birlik ideyası Qafqaz xalqları arasında güclənməkdədir və demək ki, bu təbii reallıqdan möhkəm yapışmaq və onu hakim ideala çevirmək üçün hər şey etmək lazımdır, əks təqdirdə onu nəzərə almaq lazımdır ki, Qafqazın siyasi birliyindən kənar istənilən gələcək təcrübənin ancaq Rusiya üçün xeyri olacaqdır. Biz əminik ki, Qafqaz xalqları birlik naminə bütün güzəşt və qurbanlara hazırdırlar. Rusiya ilə ümumi sərhədlərinin olmasını istəyən ölkələr bu ideyaya rəğbətlə yanaşmalıdırlar.  Müharibədən sonrakı[1] qoca Avropanı Avropa Konfederasiyası yaratmaq fikri məşğul edərkən, Qafqaz xalqlarını konfederasiyada birləşdirmək fikri də təbii və həyata keçirilə biləcək bir məsələdir.

M.Ə. Rəsulzadə

[1] Birinci Dünya Müharibəsi nəzərdə tutulur.

Paylaş
FacebookTwitter

Facebook Comment

abunə olun

BRI yerli və beynəlxalq auditoriyaya Azərbaycanla bağlı təhlil, rəy və araşdırmalar təqdim etmək məqsədi daşıyan müstəqil ekspertlər tərəfindən yaradılmış beyin mərkəzidir.

bg
For the full operation of the site you need to enable JavaScript in your browser settings.