fbpx

TƏRCÜMƏ

TƏRCÜMƏ

Qarabağ sınma xətti

Read this article on other language
Download article
image_pdf
image_pdf

Rusiyanın Ukraynaya təcavüzü Ermənistanla Azərbaycan arasında münaqişənin dinamikasına necə təsir edib? Ermənistan rəhbərliyi hansı seçim qarşısında qaldı?

 

2020-ci ilin payızında İkinci Dağlıq Qarabağ müharibəsinin (44 günlük müharibənin) başa çatmasından sonra Ermənistan-Azərbaycan münaqişəsi sırasında ən ciddi hərbi toqquşmadan iki aya yaxın[i] vaxt keçir. Nensi Pelozinin Yerevana səfəri fonunda ictimai rəy və Qərb siyasətçilərinin konfliktin qiymətləndirilməsində mövqeləri parçalanmışdı. Trampın prezidentliyi dövründə ABŞ-ın xarici siyasətinə “stabilləşdirici” təsiri ilə tanınan milli təhlükəsizlik məsələləri üzrə aparıcı ekspert Ceyms Cey Karafano Ermənistanı Qarabağı “Karfagenin qalıqlarına” çevirməkdə ittiham etdi və ABŞ rəhbərliyini də Azərbaycana dəstəyi artırmağa çağırdı. Kaliforniya ştatından Konqresin üzvü Adam Şiff isə əksinə Azərbaycana qarşı ittihamlar səsləndirdi və bununla bağlı bəyanatla çıxış etdi. Britaniya Parlamentinin mühafizəkar deputatı Bob Blekman “Ermənistanın Azərbaycanın suveren ərazisinə hücumunu” pislədi. Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi isə Ermənistan silahlı qüvvələrinin azərbaycanlı hərbi əsirlərə qarşı hərbi cinayətlərini, ardınca da Azərbaycan silahlı qüvvələrinin erməni hərbi əsirlərə qarşı cinayətlərini pisləyən bəyənatlarla çıxış etdi. Bu arada, bir tərəfdən Azərbaycan, digər tərəfdən Rusiya və İran arasında alovlanan informasiya müharibəsi simvolik olaraq Frensis Fukuyamanın böyük təəccübünə səbəb olub. Sözsüz ki, keçmiş optimist tarixin sonunu belə təsəvvür etmirmiş.

Bütün bu illər ərzində Qərb mətbuatında Qarabağ probleminin işıqlandırılması müxtəlif, bəzən bir-birini inkar edən yanaşmalar palitrası ilə xarakterizə olunub. Lakin Rusiya tərəfində bu münaqişənin anlaşılması erməni tərəfinə olduqca birmənalı şəkildə rəğbət sərgilənməklə, ağ-qara mənzərə çərçivəsində formalaşıb. SSRİ-nin dağılmasından sonrakı otuz il ərzində – ultramillətçilər Potkin (Belov) və İqor Qirkindən (Strelkov)dən, Putinin təbliğatçısı Vladimir Solovyovdan tutmuş artıq dünyasını dəyişmiş Vladimir Jirinovskiyə, Qalina Starovoytovaya və ya Aleksandr Soljenitsınə qədər (Aleksey Venediktov kimi ayrı-ayrı liberalların bu problemə dair fikirlərinin transformasiyası ayrıca məqalənin mövzusudur) tamamilə fərqli siyasi baxışlara malik şəxslərin bu qədər yekdil olduğu hər hansı digər postsovet münaqişəsini təsəvvür etmək çətindir. Dmitri Furmanın fikrincə, bu münasibət azərbaycanlılar arasında “bizə qulaq asmırlar, eşitmirlər” təəssüratı yaradırdı, çünki ictimai rəy əsasən onları “kiçik xristian xalqına qarşı mübarizə aparan vəhşi müsəlmanlar” kimi qələmə verirdi.  Oxşar ağ-qara, lakin bu dəfə Azərbaycana rəğbətlə müşayiət olunan yanaşmanı Rusiya ilə münaqişədə olan ölkələrin KİV-lərinə baxanda da müşahidə etmək olar. Buna misal kimi Ukrayna mətbuatının Bakının Şuşanı azad etməsi xəbərlərinə reaksiyasını, Aleksey Arestoviç və digər ukraynalı şərhçilərin Şuşa əməliyyatını israillilərin Ağlama Divarına çatması ilə heyranlıqla müqayisə etmələrini xatırlatmaq olar.

Dağlıq-Qarabağ münaqişəsi uzun müddətdir ki, zorakı hekayə üzərində qurulub və başlanğıc nöqtəsinin seçilməsi tərəflərin ideoloji prinsip və niyyətlərini üzə çıxarmağa imkan verir. Belə ki, məsələn, Rusiyada Qarabağ münaqişəsinin yenidənqurma-postsovet mərhələsi adətən Sumqayıt qırğınlarından “hesablanır”, bundan əvvəl Ermənistanda baş vermiş etnik təmizləmə azərbaycanlı qaçqınların Sumqayıt şəhərinə və ondan 10 km məsafədə yerləşən Saray qəsəbəsinə axını gözardına vurulur. Azərbaycanın rəsmi təbliğatı isə 1987-ci ilin noyabrından Ermənistanda etnik təmizləməni başlanğıc kimi götürür, amma həmin ilin sentyabr-oktyabr aylarında ermənilərin məskunlaşdığı Çardaxlıda baş vermiş etnik münaqişənin üstündən sükutla keçir.

Münaqişənin kökləri isə 1905-1907-ci illərdə baş vermiş Rus inqilabına gedib çıxır, o zaman çar rejimi sənaye şəhəri olan Bakıda geniş vüsət alan fəhlə hərəkatının qarşısını almaq üçün iki xalqı savaşdırmaqdan daha təsirli bir şey tapa bilməmişdi (bu milli qırğınlar rejissor Stepan Kevorkovun 1957-ci ildə çəkdiyi “Şəxsən tanınıb” sovet filmində parlaq şəkildə nümayiş etdirilib). İngilis əsilli amerikalı sosioloq Maykl Mann belə bir tezis irəli sürür ki, millətin və siyasi institutların paralel formalaşması olduqca təhlükəli ola bilər. 1918-1920-ci illərdə milli respublikaların yaranma tarixi bu tezisi əyani olaraq təsdiqləyir. Həmin iki il ərzində etnik kimliklər müxtəlifliyi ilə seçilən Qafqazda bu cür münaqişələr yenidən alovlanmışdı. Digər məsələlərlə yanaşı, ermənilərlə azərbaycanlıların başı bir birini qırmağa və Naxçıvana, Zəngəzura (indiki Ermənistanın Sünik rayonu), Dağlıq Qarabağa nəzarət uğrunda silahlı toqquşmalara qarışmışdı. O zaman, regionu nəzarətə götürdükdən sonra bolşeviklər etnik münaqişəni müvəqqəti olaraq boğmağa nail olsalar da, hər iki tərəf Sovet hökumətinin həll variantından narazı qalmışdı. Azərbaycan Zəngəzuru “itirmiş” və bölgə azərbaycanlıları Dağlıq Qarabağ ermənilərinə verilən muxtariyyət statusu ala bilməmişdi. Dağlıq Qarabağ ermənilərini isə muxtar statusla Azərbaycanın tərkibində saxlamaq qərara alınmışdı. Aydındır ki, ingilislərin azərbaycanpərəst mövqeyi və hələ bolşeviklər gəlməmişdən əvvəl Azərbaycanın Qarabağa faktiki nəzarəti fonunda Bakıda Dağlıq Qarabağın Azərbaycan SSR tərkibində saxlanılması qərarı təbii qarşılanırdı. Ermənistan isə belə bir qərardan məmnun deyildi: Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistan SSR-ə verilməsi ilə bağlı Moskvaya edilən müraciətlər 80-ci illərin sonuna qədər müntəzəm davam etmiş, sonra isə yeni qarşılıqlı zorakılıq eskalasiyası baş vermiş, 90-cı illərdə tam miqyaslı müharibə fazasına keçmiş və 1994-cü ildə Azərbaycanın məğlubiyyəti ilə başa çatmışdı.

Nəticədə Dağlıq Qarabağın beş rayonu ilə yanaşı, 2020-ci ildə İkinci Qarabağ müharibəsi zamanı Azərbaycanın geri qaytardığı Aran Qarabağın yeddi rayonu da Ermənistanın nəzarətinə keçmişdi. 2020-ci ildəki müharibədə Şuşaya nəzarəti təmin etdikdən sonra Azərbaycan ordusu  Stepanakerti/Xankəndini də tutmağa çox yaxınlaşmış və şəhərin bir addımlığına çatmışdı. Lakin  Rusiyaya məxsus helikopterlə bağlı qaranlıq hadisə  və rus “İsgəndər” raketləri ilə Azərbaycanın vurulması Bakıya “hücum davam edərsə, Rusiya birbaşa müdaxiləyə hazırdır” kimi aydın mesaj göndərdi və hərbi əməliyyatlar Rusiyanın müdaxiləsi ilə durdu. Lakin Rusiyanın hazırkı vəziyyətdə Ukraynada düşdüyü tarixi tələ Azərbaycanın əlinə Qarabağda “Rusiya sülhməramlı qüvvələrinin məsuliyyət zonası” üzərində (2020-ci ilin payızında Rusiyanın münaqişəyə müdaxiləsi səbəbi ilə bərpa edə bilmədiyi) nəzarəti ölkə rəhbərliyinin istədiyi formada bütünlüklə təmin etmək fürsətini verib.

Nə baş verdi?

Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin vasitəçiliyi ilə bu ilin avqustun 31-də Brüsseldə Azərbaycan və Ermənistan dövlət başçıları arasında növbəti görüş oldu. Mişel optimistcəsinə bəyan etdi ki, sülh sazişinin mətni üzərində işə başlamaq barədə tərəflər arasında razılıq əldə olunub. İlham Əliyev də yekun sülh sazişinin tezliklə imzalanacağını bəyan etdi. Ermənistanın isə bu hadisələrə reaksiyası çox ehtiyatlı oldu. Belə ki, Nikol Paşinyan sentyabrın 7-də Vladivostokda çıxışı zamanı Brüsseldə hər hansı bir razılaşmanın əldə olunmadığını dedi.  Bakı da gözlənildiyi kimi, Paşinyanı danışıqları pozmaqda ittiham etdi, eyni zamanda sərhədyanı ərazilərdə təxribatların davam etdiyini bildirdi.

Sentyabrın 12-dən 13-nə keçən gecə Ermənistan ərazisi intensiv atəşə tutuldu və Paşinyan ölkənin on kvadrat kilometr ərazisinin Azərbaycan silahlı qüvvələri tərəfindən işğal edildiyini bəyan etdi. Azərbaycan bu ittihamları rəsmi şəkildə rədd etsə də, eyni zamanda rəsmi KİV-lər və hərbi şərhçilər iddia edirdilər ki, Ermənistan Azərbaycanın sərhədini tanımırsa, Azərbaycan da Ermənistanın sərhədini tanımamalıdır. Döyüşlər başlanandan 10 gün sonra bu yanaşmanı əslində İlham Əliyevin özü də “Sərhədimizin delimitasiyası keçirilmədən heç kim deyə bilməz ki, sərhəd haradan keçir” deməklə təsdiqlədi.

Azərbaycanın Rusiyanın Ukraynadakı məğlubiyyətindən istifadə etməsi heç kimə sirr deyil. Başqa məsələ odur ki, Zəngəzurun/Syunikin işğalı Bakının əsl məqsədi də deyil. Sentyabrın 15-də Paşinyan özü baş verənləri belə şərh edib: “Biz elə bir kağıza imza atmağa hazırıq ki, ona görə bir çoxları bizi lənətləyəcək, satqın adlandıracaq, hətta bəlkə xalq bizi hakimiyyətdən qovmaq qərarına da gələcək, amma nəticədə, Ermənistan sülh əldə edəcək. Məni öz başıma nə gələcəyi maraqlandırmır, məni maraqlandıran Ermənistan Respublikasının sonrakı taleyidir”. Bu çıxışdan sonra İrəvanda parlament binası qarşısında kütləvi etiraz aksiyaları başladı. Görünür, Paşinyan eyni vaxtda həm Bakıya, həm də beynəlxalq ictimaiyyətə siqnal verirdi ki, o, çox guman ermənilərə xoş olmayacaq qərarlar verə biləcək bir vəziyyətdədir. Digər tərəfdən, Azərbaycanın tutduğu ərazilər avtomatik olaraq al-ver vasitəsinə çevrilərək, Dağlıq Qarabağ məsələsini Paşinyanın ritorikasından tədricən əvəz etməyə başladı. Ermənistan müxalifəti isə Paşinyanı o, Azərbaycanın ərazi bütövlüyünü tanıyarsa, Qarabağı təslim etməkdə ittiham edəcəkləri ilə hədələdi. Oktyabrın 6-da Praqada keçirilən danışıqlar nəticəsində Paşinyanla Əliyev BMT Nizamnaməsi və 1991-ci il Alma-Ata Bəyannaməsi bazasında iki dövlətin ərazi bütövlüyünü tanıdılar.

Yeni geosiyasi və daxili siyasi reallıq

Əliyevin qərarları necə qəbul etməsini başa düşmək üçün (zorakı üsullara əl atmaq hazırda yalnız onun təşəbbüsü ilə olur) həm Qərb, həm də regional güclərin maraqlarının konfiqurasiyasını da anlamaq lazımdır.

Azərbaycanı regionda əsas strateji tərəfdaş hesab edən ABŞ öz marağını təkcə enerji sektoru ilə məhdudlaşdırmır. Həm Rusiya, həm İran ilə sərhədi olan yeganə dövlət kimi Azərbaycan Vaşinqton və Avropa İttifaqı (Aİ) ölkələri üçün geosiyasi baxımdan da əhəmiyyətlidir. Nümunə olaraq Avropaya Trans-Xəzər marşrutu çəkməklə Mərkəzi Asiyanı Rusiyadan uzaqlaşdırmağa yönəlmiş TRACECA proqramını və oxşar layihələri qeyd etmək olar. Cəmi bir ay əvvəl ABŞ dövlət katibinin köməkçisi Donald Lu qazaxıstanlı həmkarlarını Azərbaycan və Gürcüstan ərazisi vasitəsilə dünya bazarına daxil olmağa çağırıb.  Əliyevlə Ərdoğanın postsovet Asiya ölkələrinə son səfərlərinin məqsədi də ABŞ-ın dəstəyi ilə və mümkün qədər Rusiyanın iştirakı olmadan yeni regionlararası nəqliyyat, enerji konfiqurasiyasını formalaşdırmağa nail olmaqdır. Xüsusən də Çindən başlayıb Mərkəzi Asiya və Qafqazdan keçən dəhlizin (“Yeni İpək Yolunun orta dəhlizi”  adlandırılan) əhəmiyyətini nəzərə alaraq, Avropa İttifaqı da eyni dərəcədə maraq nümayiş etdirir. Aİ ilə Azərbaycan arasında, hərbi sahə də daxil olmaqla (baxmayaraq ki, bu sahədə Azərbaycanın əsas müttəfiqinin ilk növbədə İsrail olduğu bəllidir), qarşılıqlı əlaqələrin siyahısı kifayət qədər genişdir. Ermənistanla 44 günlük müharibədə Azərbaycanın kosmik proqramı əhəmiyyətli rol oynayıb və maraqlıdır ki, bu proqramı dəstəkləməklə Fransa Bakının mühüm tərəfdaşı olub. Eyni zamanda, Rusiya faktorunun Ermənistan iqtisadiyyatının demək olar ki, bütün sahələrindəki dominant mövqeyi, eləcə də Azərbaycanın bu ölkəyə qarşı iqtisadi təcrid siyasəti Yerevanın xarici siyasət oriyentasiyasında manevr imkanlarını məhdudlaşdırır. ABŞ-ın bəzi erməni şirkətlərinə qarşı sanksiya tətbiq etməsi isə Ermənistanın Rusiyayönümlü olmasının bədəlinin və nəticələrinin daha da ağırlaşacağına işarədir.

Türkiyənin də Qərblə oxşar maraqları var: quru sərhədlərinin açılması, sərnişin və yük daşımanın birbaşa hava nəqliyyatı ilə bərpası da daxil olmaqla, Ermənistanla sərhədlərin yenidən açılması bu ilin yayından başlayaraq Paşinyan hökuməti ilə müzakirə edilir. Bu addımlar rəsmi Ankaranın Rusiyadan yan keçməklə Çindən Avropaya dəhliz açmaq və Mərkəzi Asiya ölkələri ilə vahid enerji məkanı yaratmaq ambisiyaları ilə tam olaraq üst-üstə düşür.

Bu kontekstdə regiondakı geosiyasi dəyişiklikləri öz təhlükəsizliyi və iqtisadi maraqlarına təhdid kimi qəbul edən İranın qıcıqlanmasını da nəzərə almaq lazımdır və bu, əsassız da deyil. Ermənistan İran üçün həm Avrasiya Gömrük İttifaqı bazarlarına daxil olmaq üçün Şimal “pəncərəsi”, həm də Qara dənizlə mühüm əlaqə rolunu oynayır. Ermənistanın Azərbaycan və Türkiyə ilə sərhədlərinin qapalı olması, eləcə də Gürcüstanla Rusiya arasında münasibətlərin kəskinləşməsi halında ziyan görə biləcəyi ehtimalı, üstəgəl son onilliklərdə İranla kifayət qədər sıx əlaqələrinin qurulması fonunda, Ermənistanın qonşu ölkələr içərisində İranla münasibətləri daha rahat proqnoz edilə biləcək və asılı olduğu ölkədir. Ermənistanla Azərbaycan arasında sərhədin bağlı olması İranı Azərbaycan üçün Ermənistan, Türkiyə və İranla həmsərhəd olan anklavı Naxçıvanla əvəzsiz tranzit dəhlizinə çevirir (Gürcüstan və Türkiyədən keçən alternativ yol şimal hissədə çox uzundur). Çindən Avropaya və Türkiyədən Mərkəzi Asiyaya ən qısa (və Qərb üçün siyasi baxımdan ən əlverişli) marşrut sayəsində ticarət dəhlizlərini diversifikasiya edəcəyi səbəbindən münaqişə tərəfləri arasında nəqliyyat əlaqələrinin bərpası perspektivləri də İranı təhdid edir. Nəticə etibarı ilə, İran münaqişənin öz maraqlarını nəzərə almayan həllində qətiyyən maraqlı deyil. Bu baxımdan, sentyabrda münaqişənin kəskinləşdiyi zaman məhz İranın Bakını hədələməsi təəccüblü deyil (Bakı və Tehran arasında münaqişənin iqtisadi aspektləri haqqında daha ətraflı burada oxuya bilərsiniz).

Rusiya da qətiyyən unudulmamalıdır. Bu ölkənin açıq-aydın zəifləməsi Ermənistanda çox vaxt ermənilərin maraqlarının gözardına vurulması, hətta müttəfiqliyə xəyanət kimi qiymətləndirilsə də, bu belə deyil. Ukrayna ilə bağlı kobud səhvlər və yanlış hesablamalar Rusiyanı təkcə Azərbaycanın deyil, Qazaxıstanın və regionun digər ölkələrinin gözündə də əldən düşmüş, gücsüz pələngə çevirib. Küncə sıxılmış Rusiyanın bu, vurub çıxarılacağı bölgədəki sürətli dəyişiklikləri kənardan izləməkdən başqa seçimi yoxdur. Təəccüblü deyil ki, belə bir vəziyyətdə Qərb platformalarında “Rusiyanın sülhməramlı missiyası”na opponentlik edən yeni səylərin aktivləşdiyini müşahidə edirik. Oktyabrın 7-də Emmanuel Makron, daha sonra isə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu qeyd ediblər ki, tərəflər bir-birlərinin ərazi bütövlüyünü rəsmən tanıyıblar və rəsmi Bakı bunu diplomatik qələbə kimi qiymətləndirib. Qərbin fikrincə, son 220 ildə ilk dəfə olaraq elə bir vəziyyət yaranıb ki, Rusiya faktiki olaraq Cənubi Qafqazı tamamilə itirmək perspektivi ilə üzləşib. Çünki Azərbaycanla istənilən yekun sülh sazişinin bağlanması və Türkiyə ilə sərhədlərin açılması avtomatik olaraq Rusiyanın hərbi bazasını Ermənistan üçün gərəksiz edəcək. Avropa İttifaqı Azərbaycan-Ermənistan sərhədinə iki aylıq mülki monitorinq missiyası təyin edib. Bu müddətdən sonra Qərb dövlətlərinin köməyi ilə Ermənistanla Azərbaycan arasında yekun sülh sazişinin bağlanması gözlənilir. Nəticədə Rusiyanın qıcıqlanması hətta Putinin özünün “Valday” Beynəlxalq Diskussiya Klubunun plenar iclasında çıxışı zamanı üstüörtülü şəkildə Paşinyan hökumətini “Qarabağı təslim etməkdə ittiham etməsinə gətirib çıxartdı:

“Biz Ermənistana nəyisə diktə edə bilmərik və etməyəcəyik. Əgər erməni xalqı və indiki Ermənistan rəhbərliyi hesab edirsə ki, sülh müqaviləsinin hansısa konkret variantını, məsələn, Azərbaycanın Qarabağ üzərində suverenliyinin tanınmasını nəzərdə tutan “Vaşinqton variantı” deyilən variantı seçmək lazımdır, Ermənistanda belə düşünürlərsə, buyursunlar”.

“Vaşinqton variantı”ndan fərqli olaraq, Rusiya açıq şəkildə, status-kvonun davamını, bölgənin Rusiyanın nəzarəti altında və Bakının yurisdiksiyasından kənarda saxlanmasını təklif edir. Putin daha sonra bildirdi ki, Rusiya beş Qarabağ rayonunun Azərbaycana qaytarılmasını təklif edib (yuxarıda qeyd edildiyi kimi, Qarabağda on iki rayonun yalnız dördündə ermənilər çoxluq təşkil edirdi, qalanlarında isə mütləq əksəriyyəti 1990-cı illərdə Dağlıq Qarabağ müharibəsi zamanı qovulmuş azərbaycanlılara məxsus idi). İki gün sonra partiyasının qurultayında çıxış edən Nikol Paşinyan buna reaksiya verib: “…”Beynəlxalq ictimaiyyət, istisnasız olaraq bütün dövlətlər Qarabağı Azərbaycanın bir hissəsi hesab edir. Dünyada Qarabağı Azərbaycanın bir hissəsi hesab etməyən ölkə varsa, bunu açıq desinlər, heç kim vəziyyətin fərqli olduğu görüntüsü yaratmasın”, – Paşinyan qeyd edib.

Nikol Paşinyan Ermənistanda hakimiyyətə gəlməmişdən öncə “Qarabağ klanı” deyilən dəstə Qarabağ mövzusunun situasiyaya ikili (yanıldıcı) effekt göstərməsinə (özünü ikili şəkildə büruzə verməsinə) imkan yaradırdı. Beynəlxalq hüquqi müstəvidə Köçəryan-Sarkisyan rejimi Qarabağın əvvəllər işğal olunmuş azərbaycanlıların məskunlaşdığı ərazilərini (ən azı yeddi rayonu) Azərbaycana qaytarmağa və qaçqın və məcburi köçkünlərin reinteqrasiyasından sonra ümumxalq səsverməsi yolu ilə ermənilərin məskunlaşdığı rayonların (beşdən dördünün) gələcək taleyini müəyyən etməyə hazır olduğunu bildirərək, beynəlxalq ictimaiyyətin fikirlərinə uyğun gələn sazişlər imzalayıb. Bu arada isə daxili ritorika ehtimal edildiyi kimi “düşmənə bir qarış da olsun güzəştə getmərik” şəklində barışmaz mahiyyət daşıyırdı.

Faktiki olaraq tutduğu vəzifədən kənarlaşdırılan (Dağlıq Qarabağın erməni əhalisi üçün mümkün olan ən yaxşı şərtləri təmin etmək naminə Azərbaycana güzəştə getmək istəyinə görə) Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan münaqişənin tezliklə həllinə çağırıb. O, hələ 1997-ci ildə erməni millətçilərinin maksimalizminin beynəlxalq təzyiq və Azərbaycanın iqtisadi üstünlüyü səbəbindən danışıqlarda öz sərfəli mövqelərini tamamilə itirməsinə gətirib çıxaracağını söyləyərkən haqlı idi. Ter-Petrosyanın sözləri dəqiq proqnoz imiş.

İlk baxışdan onun “şagirdi” –  əvvəllər kompromislərin və “Ter-Petrosyan xətti”nin tərəfdarı kimi tanınan – Paşinyanın baxışlarının “təkamülü” və sərtləşməsi sadəcə populist tələblər qarşısında güzəşt kimi görünə bilər. Bununla belə, burada Paşinyanın Dağlıq Qarabağla bağlı danışıqlara hansı şərtlərlə getdiyini xatırlamaq yerinə düşər.  “Müəlliminin” siyasi karyerasını yaxşı xatırlayan Paşinyan, bununla belə, bir sıra şərtlərin girovuna çevrildi. Bu şərtlərin səbəbi isə bir tərəfədən əvvəlki rejimin yuxarıda qeyd olunan və qəsdən yaratdığı ikili, qeyri müəyyən yanaşmasına əsaslanan danışıqlar taktikası ilə digər tərəfdən, danışıqların məğzindən xəbərsiz olan geniş ictimaiyyətin rəsmi şəkildə ifadə edilən özündənməmnunluq və təkəbbürlülük şəraitində sutiasiyanı faktiki olaraq necə dərk etməsi arasında yaranan uçurum idi. Bu şəraitdə Paşinyan ən təhlükəli və eyni zamanda asan variantı seçdi: o, bütün məsuliyyəti müharibənin üzərinə atıb, danışıqlar prosesindən birtərəfli qaydada geri çəkildi.

Bütün bunlar heç bir halda Azərbaycanda hakim olan bu məntiqin Bakıya daha çox sərfəli olması haqqında görüşünə haqq qazandırmır. Çünki Ermənistan da Rusiya kimi (bu gün Ukrayna ilə münaqişəsində buna şahid oluruq) uzun illər məğlub tərəfin öz uğursuzluğundan dərs ala biləcəyini lazımınca nəzərə almayıb. Müharibədəki uğuru nəticəsində Azərbaycan Dağlıq Qarabağın 120 minlik erməni əhalisinin hər hansı şəkildə muxtariyyətlə bağlı iddialarını tamamilə rədd edir. İndiki münaqişənin zorakı kontekstini bir anlığa kənara qoysaq, özünüidarə məsələsi hələ də çox aktualdır. Bakıda bir dostum var (onun ultraliberal iqtisadi baxışlarına görə bizdə güclü ideoloji fikir ayrılıqları var), bir il əvvəl müharibəyə dəstək verən Əliyev rejiminin demokratik müxalifətinə məktubla müraciət etmişdi. Bu məktubda bildirilirdi ki, Qarabağ erməni azlığının Azərbaycan cəmiyyətinə sülh yolu ilə inteqrasiyası halında belə, şərti olaraq Stepanakert/Xankəndidə yaşayan etnik ermənilərin hüquqları çox güman ki, sosial, iqtisadi və ya siyasi səbəblərdən pozulacaq. Məktubda daha sonra sual verilirdi: “Resurs və qüvvələrinizə əsaslanaraq, Dağlıq Qarabağ ermənilərinin hüquqları pozularsa, nə edəcəksiniz?”

Həbsdə olan müxalifətçinin rejimin hakimiyyətdən sui-istifadəsinə etiraz olaraq elan etdiyi aclıq aksiyasını müharibədə Əliyev rejimini dəstəkləmək üçün dayandırdığı bir cəmiyyətin erməni azlığını qorumaq üçün heç bir vasitə tapmayacağını izah etməyə ehtiyac yoxdur. Dağlıq Qarabağ münaqişəsinin istənilən sivil həlli (hətta Azərbaycanın ərazi bütövlüyü əsasında) rejim üçün təhlükədir, çünki bu, Əliyev rejiminin siyasi əsasları ilə ziddiyyət təşkil edən, yerlərdə demokratik təsisatların yaradılması zərurətini nəzərdə tutur. Dağlıq Qarabağda demək olar ki, 120 mindən çox erməni olduğundan Əliyev çox güman ki, Rusiyadakı Kadırov rejiminə bənzər çeçen ssenarisinə gedəcək, yəni əhalinin müəyyən hissəsinin, eləcə də yerli ‘elit’ təbəqənin loyallığını pulla ələ almağa çalışacaq. Belə bir “inteqrasiya” modeli, şübhəsiz ki, rejimin özünün gücünə əsaslanacaq: bu ssenari, şübhəsiz ki, praktikdir və həyata keçirilsə, yalnız Əliyev diktaturasının dayaqlarını daha da gücləndirəcək.

Digər tərəfdən, 44 günlük müharibədən fərqli olaraq, münaqişənin son, sentyabrdakı kəskinləşməsi zamanı Azərbaycanda müharibənin başlanmasını cani-könüldən dəstəkləmiş keçmiş tərəfdarlardan bəziləri indiki mərhələdə hərbi əməliyyatdan hiddətləniblər. Əsasən mənasız yeni itkilərdən danışılsa da, “Zəngəzur Ermənistandır və nöqtə!” və “Azərbaycanın hüdudlarından kənarda bir qarış da olsun istəmirik” və s. kimi şüarlar da səslənirdi. Bu onu göstərir ki, hətta Azərbaycan millətçiləri də Əliyevin militarizm və döyüşkən ritorikasını gördükcə dəhşətə gəlirlər.

Bütün bu hadisələr, şübhəsiz ki, araşdırma və incələmə tələb edəcək, ancaq hələ ki, hər hansı optimist ssenarilərdən, Ermənistanla Azərbaycan arasında cəmiyyət səviyyəsində münasibətlərdə sıçrayışdan danışılması ehtimalı aşağıdır. Və bu, qətiyyən Əliyevin fanatik millətçi olmasından irəli gəlmir, əksinə, çətin ki, onu prinsiplərə sadiq insan adlandırmaq olar. Anlaşılan odur ki, mövcud etnik gərginlik məntiqi onun rejiminə daha sərfəlidir. Məhz bu mürəkkəb, mübahisəli kontekst çoxdankı Qarabağ sınma xəttinin indiki mərhələdə özünü necə büruzə verməsidir.

Qeydlər:

[i] Bu məqalə ilk dəfə “После” portalında dərc olunub. Həmin məqaləni https://posle.media/language/en/the-karabakh-fault-line/  internet səhifəsində oxuya bilərsiniz.

Paylaş
FacebookTwitter

Facebook Comment

abunə olun

BRI yerli və beynəlxalq auditoriyaya Azərbaycanla bağlı təhlil, rəy və araşdırmalar təqdim etmək məqsədi daşıyan müstəqil ekspertlər tərəfindən yaradılmış beyin mərkəzidir.

bg
For the full operation of the site you need to enable JavaScript in your browser settings.