Cəmiyyət

Cəmiyyət

Qeyri-ideal şərait üçün epistemologiya

Read this article on other language
Download article
image_pdf
image_pdf

Son vaxtlar həm başqaları, həm özümlə söhbətlərdə diqqətimi çəkən bir müşahidə var: Azərbaycanla bağlı məsələlərdə ancaq suallarla düşünürəm. Bunu ancaq özümün əqli/mental dispozisiyam hesab edə bilərdim, əgər eyni şeyi həm də başqalarında müşahidə etməsəydim. Bizim cəmiyyətimiz ilə bağlı bu və ya digər formada intellektual marağı, təşəbbüsü, danışmağa həvəsi, deməyə fikri olan hər kəs aşağı-yuxarı neqativ epistemik mövqedə dolaşır. Yəni biz ancaq problem təsbit edirik; bacarmadığımız, bilmədiyimiz, çıxışımızın olmadığı, məhrum edildiyimiz və s. şeylər haqqında danışırıq. Azərbaycan haqqında daha çox sual müstəvisində düşünürük. Cavablar – başqa sözlə, bilik yaranmır. Ya da cavablarımız bilik yox, nəsə başqa bir əqli məhsul (güman, hipotetik iddialar və s.) olur.

Mənim üçün bu, mütəmadi olaraq aporia vəziyyətində olmaq kimi bir hiss yaradır və narahatlıq təşkil edir. Narahatlıq yaradan başqa aspekt də odur ki, əvvəllər bunu tarixi perspektivdə keçmişdəkilərə (məsələn, aydınlanma dövrü intellektuallarına), sonra indikilərə, yəni ünsiyyətdə olduğum, ya da olmadığım həmsöhbətlərimdə (indiki dövr intellektuallarına, debat və müzakirə tərəflərinə və s.) təsbit edirdimsə, indi özümdə də müşahidə edirəm. Bəs buradakı problem nədir və bu, məni niyə məşğul edir?

İlk əvvəl, ona görə ki, mən bir neçə il öncə ¨Maarifçilik, aydınlanma və psevdoaydınlanma¨ adlı məqaləmdə intellektual tariximizi aydınlanmanı yarımçıq başa düşməkdə və yarımçıq tətbiq etməkdə qınayırdım. Bu yarımçıqlığı ağlı problem təsbitinə reduksiya edərək, problem həll etmək mərhələsinə keçid edə bilməməkdə görürdüm:

İndi isə həmin məqaləmdə sosial hadisə olaraq qınadığım o yarımçıqlığı öz fərdimdə, əqli davranışlarımda öz mental vəziyyətimə çevrilmiş formada müşahidə edirəm.

Məsələnin məni məşğul etməsinin digər konteksti son illərdə ölkənin getdikcə daha da avtoritarlaşması ilə informasiyaya çıxışın mümkün hər formada məhdudlaşdırılması, bilik istehsalına qoyulan rəsmi və qeyri-rəsmi qadağalardır. Adi bir araşdırmaçı olaraq hazırda sənin ölkədə hər hansı mövzu ilə bağlı nəzarət, senzura və bürokratik çərçivələrdən sərbəst şəkildə araşdırma aparmaq, sorğular keçirmək, nəticələrini sərbəst ictimailəşdirmək imkanın yoxdur. Bunun üstünə özümün də fiziki olaraq ölkədən uzaqda olmağım gəlir ki, bu da ölkədəki müstəqil araşdırmaçıların son illərdə aşağı-yuxarı aqibətini təşkil edir. Başqa sözlə, araşdırmaçı olaraq nə ölkə daxilində, nə də ölkə xaricində cəmiyyətimizdə baş verənlərlə bağlı dolğun bilik istehsal edə bilirik.

Digər tərəfdən də aydındır ki, senzura, məlumat məhdudiyyəti və manipulyasiyası ilə insan ağlını tamam söndürmək mümkün deyil. İnsan şüurlu canlıdır. O, bu və ya digər formada ətrafını refleksiya etməyə və biliyə məhkumdur. İnsanın ağlını söndürmək üçün ya onu fiziki məhv etməlisən/zədələməlisən, ya da ətrafındakı bütün qıcıq/informasiya mənbələrini yox etməlisən. Sonuncusu faktiki olaraq mümkün deyil, çünki bu, qıcıq vakuumu demək olardı. Biz isə fiziki varlığımıza, bədənli canlılar olduğumuza görə qıcıq vakuumunda deyilik, ən azı öz bədənimizin qıcıqlarına, onların refleksiyasına məruz qalırıq və bunun əsasında yaranan biliyə məhkumuq. Başqa cür ifadə etsək, biz ən qəddar repressiya şəraitində belə yenə də epistemik davranış nümayiş etdiririk, yəni necəsə nəyisə bilirik.

Bu təsvir olunan vəziyyəti epistemologiyanın standart akademik çərçivələri daxilində araşdırmaq istəsən, çox çaşdırıcı görünür və frustrasiya mənbəyi ola bilir. Çünki belə situasiyaları heç cür mövcud akademik epistemologiyanın fokusuna yerləşdirə bilmirsən. Elə hiss yaranır ki, epistemologiya yalnız epistemik uğurları araşdıra bilər. Yuxarıdakı tipli situasiyalar isə epistemik uğur sayılmır, ona görə də epistemologiyanın heç radarına düşmür.

Keçən semestr amerikalı filosof Tommi Şelbi Berlində məruzələrinin birində deyirdi ki, qərb filosofları etika və əxlaq sistemləri inşa edərkən ideal əxlaqi şərtlər üçün nəzəriyyələr qurublar və bu nəzəriyyələr heç vaxt bitməyən əxlaqsızlıq, məsələn ədalətsizlik şəraitində yaşayan insanların həyatına tətbiq oluna bilmir. Onların həyatına əxlaq nəzəriyyələrinin çıxış nöqtəsi olan ideal əxlaqi şərait heç vaxt gəlib çıxmır. Ona görə də daimi əxlaqsızlıq şəraitində yaşayan insanların başqa tip yeni əxlaq nəzəriyyələrinə ehtiyacı var və müəllifi olduğu “əzilənlərin etikası” (“ethics of oppressed”) nəzəriyyəsi belə bir alternativ təqdim etmək iddiasındadır.

Şelbinin fikri mənə çox da aydın olmadı, belə ki, əxlaq nəzəriyyələri onsuz da əxlaqsızlığa reaksiya olaraq yaranır. İdeal əxlaqi şərtlərdə əxlaq fəlsəfəsinə ehtiyac olmazdı. Amma məsələ burasında deyil. Şelbinin qərb əxlaq fəlsəfəsində tənqid etdiyi aspekt – ideal-tipik şəraiti, hipotetik situasiyaları nəzəriyyə üçün çıxış nöqtəsi götürmək ənənəsi – rahatlıqla qərb akademik epistemologiyasına proyeksiya edilə bilər. Belə ki, (qərb universitetləri üslubunda) standart akademik epistemologiya əsasən biliyi ideal-tipik, epistemik şərtləri təmin olunmuş situasiyalarda tədqiq edir, bu çərçivəyə uyğun gəlməyən vəziyyətləri isə istisna, anomaliya və s. elan edir və buna uyğun olaraq da onları epistemik rudiment, ya da marjinallıq hadisəsi kimi kənarda saxlayır. Bu səbəbdəndir ki, epistemologiya uzun müddət əsasən elmi biliyi epistemik obyekt olaraq araşdırıb. Elmi bilik isə bəşəriyyətin intellektual tarixində çox sonradan yer alan, üstəlik də çox az insanın məşğul olduğu bir bilik növüdür. Elm institutunun inkişaf etdiyi cəmiyyətlərdə belə elmi bilik azlıqların məşğul olduğu bir sahədir. Elmlə məşğul olmayan insanların biliyi, onu əldə etmək yolları, mexanizmləri və s., beləliklə, epistemoloji araşdırma sahəsindən əksərən kənarda qalır.

Daha maraqlı epistemik reallıq isə insanların təbii bilmə halının manipulyasiya edildiyi, epistemik şəraitə müdaxilə edildiyi, məlumatlara çıxışın bağlandığı, araşdırma qadağalarının, senzuraların, ictimai fikir manipulyasiyalarının və s. olduğu, yəni ideal və tipik olmayan epistemik şəraitlərdə yaşayan cəmiyyətlərdədir. Dünyada adi insan həyatının normallığı qətiyyən ideal və hipotetik qüsursuz epistemik şərtlərdən ibarət deyil, tam əksinədir. Ona görə də standart akademik, ideal və hipotetik situasiyalar üzərində qurulmuş epistemik nəzəriyyələr real, bu cür ideal epistemik şərtlərin təmin olunmadığı cəmiyyətlərin epistemik davranışlarını öyrənmək üçün işə yaramır. Bu reallıq üçün onu olduğu kimi qəbul edib refleksiya edən nəzəriyyələrin inkişaf etdirilməsinə ehtiyac var.

Bu yanaşma ilə yazının əvvəlində bəhs etdiyim məsələyə – bizim öz cəmiyyətimiz haqqında əsasən ancaq problem diaqnostikası və suallar kateqoriyasında düşünə bilməyimiz, sözügedən digər yazımda tənqid etdiyim refleksiyanın yarımçıqlığı məsələsinə – yenidən baxdıqda gözümüzə başqa mənzərə görünür və fərqli araşdırma ehtiyacları və perspektivləri açılır.
Məsələn, araşdırmaq maraqlı olardı ki, niyə bu epistemik davranış nümunəsi (məsələn, aktiv yerinə ancaq reaktiv düşünmək, həll yerinə ancaq problem təsbit etmək, cavab yerinə ancaq suallara fokuslanmaq və s.) belə uzunmüddətli və stabildir? Bu davranış nümunəsi hansı funksiyaya, ya da disfunksiyaya xidmət edir? Belə qalıcı bir fenomeni ümumiyyətlə disfunksiya adlandıra bilərikmi?

Belə ki, bütün davranışlarımız – istər fərdi, istər kollektiv – ancaq müəyyən funksional kontekstdə mənalandırıla bilər. Yəni davranışlarımız, epistemik davranışımız da daxil,  birbaşa, ya da dolayı olaraq hansısa funksiyaya xidmət edir. Bəzən davranışlarımız bu funksiyanın əksinə işləməyə başlayır, bir növ, funksiyanı sabotaj edir. Onda disfunksional davranışdan danışırıq. Məsələn, qida qəbul etmək davranışının təməlində sağ qalmaq funksiyası durur. Biz qidalanmağı dayandırsaq, ya da radikal formada dəyişsək (məsələn, meyvə, tərəvəz, su və s. yerinə hamam təmizləyici maddələr içməyə başlasaq), sağ qalmaq funksiyamızı sabotaj edərik və bir müddətdən sonra da ölərik. Prinsipcə, disfunksional davranışlar sistemin (məsələn, bədənin) məhvinə gətirib çıxarmalıdır. Amma bəzən görürük ki, disfunksional davranış (hələ də) qalır, amma sistem də ölməyib, yaşamağa davam edir. Məsələn, orqanizmi minimal qida qəbuluna alışdıra bilirsən. Hətta ilkin olaraq disfunksional kimi görünən davranışı eyni funksiyanın xidmətinə tabe edə bilirsən, məsələn, müalicə məqsədli aclıq və s. Başqa sözlə, disfunksional davranışlar yeni funksionallıq qazanır.

Epistemik davranışlarımız, yəni bilik əldə etmək üçün nümayiş etdirdiyimiz davranışlar da müəyyən funksiyaya xidmət edir. Bu funksiyanı dərəcələrə görə kateqoriyalaşdırmaq olar. Məsələn, bilik olmadan peşə öyrənə, iş tapa bilmirsən. Kollektiv üçün götürsək, cəmiyyətin rifahını qaldıra bilmirsən, digər cəmiyyətlərlə müqayisədə gücün az olur və s. Amma bilik ən təməldə yenə də fərd ya da qrup olaraq sağ qalmağımıza xidmət edir. Bu funksiyanı sabotaj edən disfunksional bir davranış (bizim misalımızda aktiv refleksiyadan imtina, yarımçıq düşünmək) qalıcıdırsa, onda onun sistemdə disfunksionallığını daha dəqiq öyrənmək lazımdır. Baxmaq lazımdır ki, bu disfunksionallıq ölümlə nəticələnmək təhlükəsi daşıyır, yoxsa nəsə dolayı funksionallıq qazanıb? Belədirsə, indiki vəziyyət hansı funksiyaya xidmət edir?

Paylaş
FacebookTwitter

Facebook Comment

abunə olun

BRI yerli və beynəlxalq auditoriyaya Azərbaycanla bağlı təhlil, rəy və araşdırmalar təqdim etmək məqsədi daşıyan müstəqil ekspertlər tərəfindən yaradılmış beyin mərkəzidir.

bg
For the full operation of the site you need to enable JavaScript in your browser settings.