fbpx

Cəmiyyət

Cəmiyyət

Qırmızı dalğa: Türkiyədə CHP erası başlayır?

Read this article on other language
Download article
image_pdf
image_pdf

Türkiyədə mərkəzi və yerli hakimiyyətin formalaşdığı növbəti seçki tsikli geridə qaldı. 2023-cü il 14-28 may tarixlərində keçirilən parlament və prezident seçkiləri status-kvoda dəyişikliyə səbəb olmadı, cəmi 10 ay sonra – 31 mart 2024-cü il tarixli bələdiyyə seçkiləri isə ölkədə tamamilə yeni siyasi iqlim yaratdı. Bu seçkinin əsas siyasi nəticəsi budur ki, prezident R.T. Ərdoğanın lideri olduğu Ədalət və İnkişaf Partiyası (AK Parti) 22-ci ilinə daxil olmuş idarəçiliyi dövründə ilk dəfə birinciliyini itirdi. Cümhuriyyət Xalq Partiyası (CHP) ölkə üzrə həm bələdiyyə başqanlıqları, həm də bələdiyyə məclisləri üzrə seçkilərin nəticələrinə görə 1-ci partiya oldu. Qalib gəldiyi seçkilərdən bir il ötməmiş iqtidar blokunun məğlubiyyətini və müxalifətin uğurunu hansı amillər şərtləndirdi? CHP-nin qələbəsi konyuktur səbəblərdən qaynaqlanan situativ və müvəqqəti hadisədir, yoxsa bu partiyanın yuxarıya doğru trendi davam edəcək? Ümumən 31 mart seçkilərinin yekunları qısamüddətli perspektivdə Türkiyənin gələcəyi üçün nə ifadə edir? Yazıda bu suallara cavab axtarıram.

Arifmetik nəticələr

Türkiyə Respublikası inzibati ərazi quruluşuna görə 81 vilayətdən ibarətdir. Əhalisinin sayı 750.000-dən çox olan 30 vilayətdə böyük şəhər bələdiyyələri yaradılıb. Böyük şəhər bələdiyyələri yalnız inzibati mərkəzdə deyil, vilayətin bütün ərazisində yerli hakimiyyəti həyata keçirir. Seçkinin nəticələrinə əsasən, CHP 35 vilayətdə (14-ü böyük şəhər olmaqla), AK Parti 24 vilayətdə (12 böyük şəhər), Xalqların Bərabərlik və Demokratiya Partiyası (DEM Parti) 10 vilayətdə (3 böyük şəhər), Milliyyətçi Hərəkat Partiyası (MHP) 8 vilayətdə, Yenidən Rifah Partiyası (YRP) 2 vilayətdə (1 böyük şəhər), Yaxşı Partiya (İYİ Parti) və Böyük Birlik Partiyası (BBP) hərəyə 1 vilayətdə qələbə qazanıb.

Bütün vilayətlərdə bələdiyyə başqanlığına namizədlərə verilən səslər üzrə böyük partiyaların əldə etdiyi nəticə belə olub:

CHP – 37,77%

AK Parti – 35,49%

YRP – 6,19%

DEM – 5,70%

MHP – 4,99%

İYİP – 3,77%.

Ölkə miqyasında bələdiyyə məclisləri üzrə səsvermənin yekunları isə aşağıdakı kimi olub:

CHP – 34,5%

AK Parti – 32,4%

YRP – 7%

MHP – 6,6%

DEM – 5,8%

İYİP – 4,6%.

Bələdiyyə məclisləri üzrə nəticələr daha diqqətəlayiq datadır, çünki burada seçicilər proporsional sistem üzrə partiyalara səs verirlər, bu isə parlament seçkiləri ilə paralellik qurmağa imkan yaradır. Əgər 31 mart 2024-cü ildə parlament seçkiləri keçirilsəydi, eyni olmasa belə, yuxarıdakına yaxın tablo ortaya çıxa bilərdi.    

CHP niyə qalib gəldi, AK Parti niyə uduzdu?

Türkiyədə 21 ildən çoxdur, bir siyasi partiyanın və onun liderinin hegemoniyası mövcuddur. Uzun hakimiyyət dövründə hakim partiya ilə dövlət aparatının diffuziyası baş verib və prezident Ərdoğan dövlət gücünü öz əlində cəmləşdirərək ölkədə avtokratik idarəetmə formalaşdırıb. Belə bir qeyri-bərabər siyasi rəqabət şəraitində bu dominant gücün seçkidə məğlubiyyəti CHP üçün tarixi uğur sayıla bilər. Bu birincilik 47 il sonra əldə edilməsi baxımından da CHP üçün əlamətdardır: partiya sonuncu dəfə Bülent Ecevitin liderliyi dövründə, 1977-ci il seçkilərində qalib gəlmişdi.

31 martda CHP-nin əlindəki böyük şəhərlərin bir çoxunda yenidən qələbə qazanacağı proqnozlaşdırılsa da, ölkə miqyasında gerçəkləşən qırmızı dalğa və iqtidar partiyasının ikinciliyə geriləməsi gözlənilməz oldu. Çünki 10 ay əvvəl müxalifətin ittifaq halında həm prezident, həm parlament seçkilərində məğlubiyyəti müxalif seçicilər arasında dərin məyusluq və ümidsizlik yaratmışdı. Sosioloji araşdırmalar təsdiqləyirdi ki, seçicilərdə küskünlük, qəzəb və apatiya duyğuları önə çıxmağa başlayıb. Müxalifət təmsilçiləri tərəfindən dünyəvi demokratik cümhuriyyəti qorumaq üçün son şans kimi qiymətləndirilərək əhəmiyyəti həddən artıq böyüdülən prezident seçkilərindən sonra narazı elektoral kütlənin depressiv ruh halını sosial media platformalarında da müşahidə etmək mümkün idi, ölkədə dəyişikliyin baş verəcəyinə inamını itirdiyini və bir daha səs verməyəcəyini ifadə edən istifadəçi postları az deyildi. Prezident Ərdoğanın 28 may axşamı İstanbuldakı evinin qarşısına toplaşmış tərəfdarlarına xitab edərkən bələdiyyə seçkilərində qələbə qazanmağı əsas hədəf kimi elan etməsi, seçkilərdən sonra müxalifət düşərgəsində başlayan dezinteqrasiya – Millət İttifaqı (CHP və İYİP) seçki bloku və Altılı masa əməkdaşlıq formatının dağılması da növbəti seçkilərdə güclü iqtidar blokunun (AK Parti və MHP) qarşısında müxalifətin şansının yüksək olmayacağı barədə qənaətlərin möhkəmlənməsinə səbəb olmuşdu. Belə bir siyasi-psixoloji atmosferdə gedilən seçkidə CHP-nin 3 böyük şəhəri (İstanbul, Ankara və İzmir) nəzarətində saxlamaqla, 4-cü böyük şəhər Bursada da qalib gəlməsi və ölkə miqyasında birinci olması böyük hadisədir.

Bu nəticəni ilk növbədə pis idarəçiliyə, iqtisadi böhrana, yüksək inflyasiyaya, əhalinin rifah səviyyəsinin aşağı düşməsinə vətəndaşların bir az gecikmiş reaksiyası kimi qiymətləndirmək yanlış olmaz. Eyni problemlər 2023-cü il seçkiləri öncəsində də mövcud olduğu halda, Ərdoğan və onu dəstəkləyən Cümhur İttifaqının qələbəsinin səbəblərini qısaca izah etməyə ehtiyac var. Bu səbəbləri 3 ana başlıqda qruplaşdırmaq mümkündür:

  1. Altılı masa daxilində namizəd seçimi ilə bağlı yaranan qalmaqaldan sonra seçicilərdə müxalifətin hakimiyyətə gələcəyi təqdirdə ölkəni effektiv idarə edə biləcəyinə dair şübhələrin artması;
  2. Prezident Ərdoğanın seçki ərəfəsində sosial-iqtisadi sahədə həyata keçirdiyi, Türkiyədə “seçim ekonomisi” adlandırılan populist tədbirlər və Mərkəzi Bankın kəmiyyət yumşaldılması siyasəti (may ayında uçot dərəcəsi 8,5% idi) nəticəsində cəmiyyətdə yalançı bahar havasının yaradılması;
  3. Altılı masanın namizəd seçimindəki xətası: rəy sorğularında Ərdoğan qarşısında daha şanslı görünən Ankara və İstanbul bələdiyyə başqanlarına deyil, Kamal Kılıçdaroğluna üstünlük verilməsi.

CHP-nin 2023-cü ilin noyabr ayında keçirilən qurultayında dəyişiklik tərəfdarları ilə status-kvo dəstəkçiləri arasındakı rəqabətdən birincilərin qalib çıxması və 13 ildir partiyanı idarə edən 75 yaşlı Kılıçdaroğlunun yerinə 49 yaşlı Özgür Özəlin seçilməsi 31 mart seçkilərinə gedən yolda müxalifət üçün dönüş nöqtəsi hesab oluna bilər. Bu dəyişikliyin baş tutmasında İstanbulun CHP-li meri Əkrəm İmamoğlunun 29 may tarixli müraciəti və sonrakı rolu mütləq qeyd olunmalıdır. CHP-dəki yenilənmə, orta yaş həddi 43 olan yeni partiya Məclisinin formalaşdırılması partiyanın fəaliyyətinə yeni ruh və dinamizm gətirdi, xalq da bu dəyişikliyi pozitiv qiymətləndirdi. Qələbədə rol oynayan amilləri araşdırarkən ilk sırada məhz bunu qeyd etmək lazımdır. 2019-cu ildə qazanılan bələdiyyələrdə, xüsusən Ankara, İstanbul, Adana, Mersin kimi böyük şəhərlərdə uğurlu bələdiyyəçilik modelinin ortaya qoyulması, pandemiya dövründə ehtiyac sahiblərinə sosial yardımların artırılması, yoxsul və aztəminatlı təbəqələrə dəstək üçün layihələr həyata keçirilməsi ənənəvi olaraq CHP-yə uzaq duran əhali qruplarının partiyaya baxışını pozitiv yöndə dəyişdirdi ki, bu da qələbəyə zəmin hazırlayan növbəti faktordur. 31 mart 2024-cü il seçkilərindən əvvəl hakimiyyət ötən seçki kampaniyasından fərqli olaraq, iqtisadi populizmə yönəlməyərək Xəzinə və Maliyyə naziri Mehmet Şimşəkin həyata keçirdiyi rasional iqtisadi siyasətə və Mərkəzi Bankın balansın daraldılması istiqamətindəki tədbirlərinə zidd addımlar atmadı. Məsələn, 21 martda Mərkəzi Bank uçot dərəcəsini 50 faizə qaldırdı. Təqaüdçülərin tələb və gözləntilərinin əksinə olaraq, hökumət təqaüd artımına getmədi, yaxud gedə bilmədi, çünki büdcənin vəziyyəti buna uyğun deyildi.

CHP-nin uğuru Türkiyə toplumu haqqında şablonlaşmış bəzi rəy və təsəvvürləri də mübahisəli hala gətirir. Məsələn, “Türkiyə əhalisinin 70 faizi sağçıdır və heç vaxt sola səs verməz,” “Atatürk də gəlsə, CHP-nin Türkiyədə 25-26%-i keçməsi mümkün olmaz,” “CHP mühafizəkar-millətçi Anadolu vlayətlərində səs ala bilməz” və sair buna bənzər əzbərlərin pozulduğunu söyləyə bilərik. CHP artıq öz ənənəvi elektoral bazası olan təhsil səviyyəsi yüksək şəhərli sekulyar orta təbəqə ilə yanaşı, mühafizəkarlar, millətçilər və kürdlərdən də səs alır. CHP-nin 2019-cu il yerli seçkilərində Ankara və İstanbul böyük şəhər bələdiyyələrini qazanan populyar fiqurları Mansur Yavaş və Əkrəm İmamoğlu 5 il sonra bu uğurlarını inkişaf etdirərək rəqibləri üzərində rahat qələbə çalmaqla, bələdiyyə məclislərində çoxluğa da nail oldular. Bu, onların qarşıdakı kadensiyada daha rahat fəaliyyətini təmin edəcək. Təbii olaraq, hər iki siyasətçinin adı növbəti prezident seçkiləri üçün ən şanslı namizədlər kimi hallanmağa davam edir. Seçki zəfəri ilə partiya daxilində və ölkə siyasətində özünü lider kimi təsdiqləməsinə baxmayaraq, Özgür Özəl prezidentliyə namizədlikdə iddialı deyil və bu iki şəxsdən birini namizəd göstərəcəklərini gizlətmir. Şübhəsiz ki, seçki qələbəsi və qazanılan bələdiyyələr CHP üçün yeni imkanlar açır və onun resurslarını artırır. Bələdiyyə institutu vətəndaşla gündəlik, birbaşa təmas və onların lokal xarakterli problemlərinin həlli məqsədilə effektiv işlədildikdə bunun siyasi nəticələri də olur və bələdiyyəni idarə edən partiyanın nüfuzuna müsbət təsir göstərir. CHP-nin qazandığı bələdiyyələrin ərazisində Türkiyə əhalisinin 62 faizi – 52 milyon 900 min insan yaşayır. Milli gəlirin 73 faizi, Türkiyə ixracatının isə 80 faizi bu regionların payına düşür. İqtidar blokunun böyük sənaye və turizm mərkəzlərində məğlubiyyəti onu həmin regionlardakı yerli resurslardan məhrum edir və bu imkanlar müxalifətin əlinə keçir. Əgər müxalif bələdiyyələr ötən 5 ildə bəzi böyük şəhərlərdə ortaya qoyduqları qənaətbəxş işləri inkişaf etdirə bilsələr və yeni qazanılan bələdiyyələr də eyni performansı göstərsələr, bunun makro siyasətə təsiri qaçılmaz olacaq.

Lakin bir məqamı da qeyd etmək vacibdir ki, yerli və mərkəzi hakimiyyət orqanlarına seçkilərdə seçici davranışları eyni olmur. Parlament seçkilərində partiyalara bağlılıq və ideoloji kimliklər daha çox önə çıxır və seçici davranışına mühüm təsir göstərir. Bələdiyyə seçkilərində bu faktor öz təsirini tam itirməsə belə, bələdiyyə başqanlığına namizədlərin (hansı partiyadan olursa, olsun) profili, onların yerli icma içərisindəki nüfuzu, etibarı və inandırıcılığı xüsusi rol oynayır. Bu baxımdan Mansur Yavaş və Əkrəm İmamoğlu kimi yerli səviyyədən çıxaraq ümummilli səviyyəli liderlərə çevrilmiş personalar başda olmaqla, CHP-nin uğurlu namizəd seçimi partiyanın yarım əsrə yaxın fasilədən sonra əldə etdiyi nəticədə mühüm yer tutur. Başqa sözlə desək, CHP namizədlərinə verilmiş toplam 37,77% səsi bu gün üçün bütöv şəkildə partiyanın öz səsi hesab etmək doğru deyil. Digər partiyalardan, xüsusən böyük şəhərlərdə İYİP-in sekulyar millətçi kütləsindən və qərb vilayətlərində yaşayan kürdlərdən CHP-yə ciddi səs axını oldu. Partiyanın lideri Özgür Özəl bunu etiraf edir və nəticələri seçicilərin onlara açdığı kredit kimi qiymətləndirir. CHP üçün qarşıdakı mərhələdə əsas vəzifə bu seçici qruplarını öz ətrafında tutmaq olacaq.

AK Parti tərəfdarı olan seçicilərin səsvermədə fəallığının bir qədər aşağı olması da yekun nəticəyə təsir göstərən amillərdən biridir. 31 mart seçkilərində seçicilərin 78,5%-i iştirak edib. Müqayisə üçün qeyd edək ki, 2023-cü il 14 may seçkilərində iştirak faizi 87%, 2019-cu il bələdiyyə seçkilərində isə 84,6% təşkil etmişdi. Türkiye Raporu institutunun direktoru Can Selçuki bildirir ki, 2023-cü il may seçkilərində AK Partiyə səs verən seçicilərin 30 faizə yaxını bu seçkidə fərqli hərəkət edib. Onların təxminən 2 milyonu səsverməyə qatılmayıb, 1,5 milyonu CHP-yə, 1,4 milyonu da YRP-yə səs verib. Bu seçicilərin hakim partiyadan tam qopub uzaqlaşdığını söyləmək də, növbəti seçkilərdə geri dönəcəklərini iddia etmək də eyni dərəcədə yanlış olar. Bunu zaman göstərəcək. Amma CHP-nin yüksəliş trendi inkarolunmaz gerçəklikdir. Bunu seçkidən sonra keçirilən rəy sorğusu da təsdiqləyir. İqtidar partiyasına yaxınlığı məlum olan Optimar sosioloji araşdırma şirkətinin 2-5 aprel tarixlərində keçirdiyi sorğuda seçicilər ölkənin ən ciddi problemi kimi iqtisadi vəziyyəti göstəriblər və “bu problemi kim həll edə bilər?” sualına cavablarda ilk dəfə CHP hakim partiyanı geridə qoyub: respondentlərin 24,3%-i iqtisadi böhranı CHP-nin, 20,2%-i isə AK Partinin həll edə biləcəyinə inanır. 31 martda səsvermədə iştirak etməyən seçicilərə “Səsverməyə getsəydiniz, hansı partiyaya səs verərdiniz?” sualı ünvanlanıb. Rəyi soruşulanların 27,9%-i CHP, 20,9%-i AK Parti cavabını verib. Bu cavablar göstərir ki, seçici fəallığı yüksək olsaydı, AK Partinin qalib gələcəyi barədə Türkiyə iqtidar mediasında populyar olan tezis həqiqəti əks etdirmir.

CHP üçün digər ümidverici detal gənc seçicilər arasında reytinqinin yüksək olmasıdır. Partiya rəhbərliyi ekzit-pol sorğularına istinadən müəyyən edib ki, 31 martda ilk dəfə səs verən seçicilərin 80%-i müxalifət partiyalarına (bunların 56%-i CHP-yə) üstünlük verib. Bu, onu deməyə əsas verir ki, nəsil dəyişikliyi Türkiyənin siyasi sosiologiyasını tədricən dəyişdirir. İllər ötdükcə daha sekulyar, daha azadlıqsevər və dar ideoloji qəliblərə girmək istəməyən gənc nəsillər seçici hovuzuna daxil olur.

31 mart 2024-cü il seçkiləri YRP-nin timsalında iqtidar partiyası üçün başqa bir təhlükəni də ortaya çıxardı. Türk islamçılarının əfsanəvi lideri, mərhum Nəcməddin Ərbakanın oğlu Fatih Ərbakan tərəfindən 2018-ci ildə təsis edilmiş YRP həm son seçkilərin nəticələrinə, həm də üzvlərinin sayına görə hazırda Türkiyənin 3-cü böyük partiyasıdır. YRP bələdiyyə məclisləri üzrə səsvermədə 7% səs toplayıb, bu rəqəm parlamentdə təmsil olunmaq üçün qanunda müəyyən edilmiş minimum həddir. 2023-cü ildə Cumhur İttifaqının tərkibində seçkilərdə iştirak etmiş YRP artıq təkbaşına 7% səs alaraq parlamentdə təmsilçilik qazanacaq gücə yetişib. Bu partiya AK Partidən uzaqlaşan qatı mühafizəkarların yönəldiyi əsas ünvana çevrilməkdədir. Ərdoğan hökuməti daxildəki sosial-iqtisadi problemləri və mühafizəkar təbəqəni narazı salan bəzi xarici siyasət məsələlərini (məsələn, İsraillə ticarət əlaqələri) yoluna qoya bilməsə, AK Partinin deqradasiyası və oradan qopacaq kütlələrin YRP-yə axını davam edə bilər. Hökumətin İsraillə ticarətin məhdudlaşdırılması barədə 7 aprel tarixli qərarı bu baxımdan təsadüf deyil.

Bir şəhər əfsanəsi: Ərdoğan seçki ilə getməz

Türkiyədə insan hüquq və azadlıqları, hakimiyyət qollarının müstəqilliyi, demokratik institutların fəaliyyəti ilə bağlı problemlərin olmasına baxmayaraq, demokratik seçki institutu, lokal səviyyədə baş verən pozuntulara rəğmən, öz funksionallığını saxlayır. Ərdoğan hakimiyyətini seçki yolu ilə dəyişməyin mümkün olmadığı barədə Qərbdə yayılmış və möhkəmlənmiş qənaətlər doğru deyil. Türkiyədəki hazırkı idarəetməni seçkili yumşaq avtoritarizm kimi xarakterizə etmək mümkündür. Əlbəttə ki, seçki kampaniyaları bərabər imkanlarla aparılmır, iqtidar partiyası dövlət gücündən öz maraqları naminə və rəqibləri əleyhinə faydalanır, amma yekunda xalqdan səs almasa, onun zorakılıqla hakimiyyəti əlində saxlaması mümkün deyil.

31 mart 2024-cü il seçkilərində xalq yerli hakimiyyəti müxalifətə verərək mərkəzi hakimiyyətin avtoritarlığı qarşısında balans yaratdı. Ötən seçkilərdən sonra müxalifət institusional səviyyədə parçalansa da, bu bölünmə aşağılara sirayət etmədi və protest elektorat öz arasında təbii ittifaqlar yaratdı. Ölkənin əsas müxalifət partiyasının bu seçkilərdə birinci partiya statusu qazanması Türkiyə siyasətindəki 22 illik status-kvonu dağıtmaqla bu nəticənin yaxın perspektivdə makro siyasətə proyeksiyası üçün də zəmin hazırladı.

Qlobal siyasi trendlər baxımından yanaşdıqda diqqət yetirilməli olan fenomen budur ki, qitə Avropasında radikal sağın yüksəldiyi dövrdə Türkiyədə sosial-demokrat partiya qalib gəldi. Avropada radikal-populist sağın güclənməsinin əsas səbəblərindən olan miqrant problemi Türkiyədə də mövcuddur, amma anti-imiqrant siyasəti öz proqramının ana prinsipinə çevirmiş Zəfər Partiyasının parlament seçkilərində 2,2%, son seçkidə isə 2,7% səs aldığını görürük.

Hazırda AK Parti və prezident Ərdoğan məğlubiyyətin səbəblərini təhlil edir. Partiyanın rəhbərliyində və hökumətin tərkibində dəyişikliklər olacağı gözlənilir. Lakin sırf kadr dəyişiklikləri yetərli ola bilməz, problemlərin daha dərin səbəbləri var. Sistemin qeyri-effektivliyi ortadadır: prezident üsul-idarəsinə keçdikdən bəri iqtisadi göstəricilər pisləşir. İnstitusional islahatlara, daxili siyasətdə sərtlik xəttindən imtinaya, məhkəmə müstəqilliyini təmin etməyə və digər yumşalmalara ehtiyac var. Prezident Ərdoğan bu zərurəti dərk edirmi, yoxsa əksinə, indiyə qədər həyata keçirdiyi siyasətin doğru olduğuna inanır və qüsurları kənarda, başqalarında axtarır? Bunu hələ bilmirik. Onun başqa bir çətinliyi isə ittifaq ortağı MHP-dən asılılıqdan qaynaqlanır. AK Parti parlamentdə təkbaşına çoxluğa sahib deyil və MHP-yə ehtiyac duyur, bu səbəbdən qərarların qəbuluna MHP-nin ciddi təsiri var. Bu partiya hökumətdə təmsil olunmur və dövlət bürokratiyasına öz kadrlarını yerləşdirməyi daha vacib sayır. MHP daxili siyasətdə sərtlik tərəfdarıdır. Ərdoğan yumşalma və islahat kursunu seçəcəksə, MHP əngəlindən xilas olmağı lazım gələcək, bu isə ölkədə siyasi böhran riskini yarada bilər. MHP ilə ittifaqa son qoyub, TBMM-də digər sağ-mühafizəkar partiyalarla müvəqqəti ittifaq qurmaq mümkündür, amma bu halda onların şərtlərini qəbul etmək məcburiyyəti ortaya çıxacaq.

Əlbəttə ki, hər hansı radikal dəyişikliyə getmədən mövcud siyasətin davam etdirilməsi də mümkündür, amma bu yolun sonunda hakimiyyətin itirilməsi yüksək ehtimaldır. Bir sözlə, prezident Ərdoğanın və hakim partiyanın həm ölkəni, həm də özlərini bu böhrandan çıxarmaları asan vəzifə kimi görünmür.

Paylaş
FacebookTwitter

Facebook Comment

abunə olun

BRI yerli və beynəlxalq auditoriyaya Azərbaycanla bağlı təhlil, rəy və araşdırmalar təqdim etmək məqsədi daşıyan müstəqil ekspertlər tərəfindən yaradılmış beyin mərkəzidir.

bg
For the full operation of the site you need to enable JavaScript in your browser settings.