Cəmiyyət

Cəmiyyət

Qiyabi icraat: prosessual-hüquqi institut, yoxsa siyasi alət

Read this article on other language
Download article
image_pdf
image_pdf

Cinayət mühakimə icraatında təqsirləndirilən şəxsin bilavasitə iştirakı və müdafiə hüququndan effektiv istifadə etməsi ədalətli məhkəmə araşdırması hüququnun əsas təminatları sırasındadır. Qiyabi istintaq və qiyabi məhkəmə icraatı bu prinsiplərdən istisna təşkil edən, yalnız ciddi hüquqi şərtlər daxilində tətbiqi mümkün olan prosessual mexanizm kimi nəzərdə tutulur.

Lakin məhkəmə hakimiyyətinin müstəqilliyinin təmin olunmadığı və hüquqi institutların siyasi məqsədlər üçün instrumental şəkildə istifadə edildiyi sistemlərdə qiyabi icraat müdafiə hüququna və məhkəmə araşdırmasının ədalətliliyinə sistemli risk yaradır. Azərbaycan Respublikasında son dövrlərdə müxalif siyasi fəallar barəsində qiyabi icraatın geniş tətbiqi bu institutun hüquqi təyinatı ilə faktiki istifadəsi arasında ciddi uyğunsuzluq olduğunu göstərir.

Bu məqalənin məqsədi qiyabi istintaq və qiyabi məhkəmə icraatının hüquqi mahiyyətini, onun beynəlxalq insan hüquqları standartları kontekstində qiymətləndirilməsini və milli praktikada doğurduğu hüquqi nəticələri təhlil etməkdir.

Qiyabi istintaq və qiyabi məhkəmə icraatı anlayışı

Qiyabi istintaq və qiyabi məhkəmə icraatı dedikdə, cinayət prosesində təqsirləndirilən şəxsin faktiki iştirakı olmadan həyata keçirilən cinayət-prosessual fəaliyyət başa düşülür. Hüquqi mahiyyətinə görə bu anlayışlar fərqləndirilməlidir. Belə ki, qiyabi istintaq cinayət təqibinin ibtidai araşdırma mərhələsində təqsirləndirilən şəxsin iştirakı olmadan istintaq hərəkətlərinin aparılmasını ifadə etdiyi halda, qiyabi məhkəmə icraatı məhkəmə baxışının təqsirləndirilən şəxsin iştirakı olmadan keçirilməsi ilə xarakterizə olunur.

Elmi doktrinada qiyabi icraat, bir qayda olaraq, cinayət prosesinin istisna prosessual forması kimi qiymətləndirilir.[1] Bu icraatın tətbiqi adətən şəxsin istintaqdan və məhkəmədən qəsdən yayınması, onun olduğu yerin müəyyən edilməməsi və ya səlahiyyətli orqanların çağırışlarına üzrsüz səbəbdən cavab verməməsi ilə əsaslandırılır. Bununla belə, qiyabi icraatın istisna xarakteri müdafiə hüququnun real və effektiv şəkildə təmin olunması üçün ciddi hüquqi risklər doğurur.

Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində (CPM) 22 dekabr 2023-cü ildə edilmiş dəyişikliklərlə qiyabi icraat anlayışı normativ şəkildə təsbit edilib. Məcəllənin “7.0.8-1” maddəsinin definisiyasına əsasən, cinayət təqibi üzrə qiyabi icraat dedikdə “məhkəmə tərəfindən qəbul edilmiş cinayət təqibi üzrə qiyabi icraatın açılması barədə qərar əsasında təqsirləndirilən şəxsin iştirakı olmadan onun barəsində cinayət təqibi üzrə məhkəməyədək, həmçinin birinci, apellyasiya və kassasiya instansiyası məhkəmələrində aparılan icraat” başa düşülür.

Bu tərif qiyabi icraatı cinayət prosesində ayrıca prosessual institut kimi müəyyən edir və onun yalnız qanunda birbaşa nəzərdə tutulmuş hallarda tətbiq edilə biləcəyini göstərir.

 Qiyabi icraatın tarixi aspektləri

Qiyabi icraatın tarixi kökləri qədim hüquq sistemlərinə gedib çıxır. Roma hüququnda şəxsin məhkəməyə gəlməməsi müəyyən hallarda onun əleyhinə qərar qəbul edilməsinə əsas verirdi.[2] Bu zaman şəxsin iştirakı olmadan verilmiş qərarlar onun müdafiə hüququnun praktik təminatını məhdudlaşdırırdı və qiyabi icraatın potensial repressiv xarakterini göstərirdi. Orta əsrlər Avropasında, xüsusilə inkvizisiya prosesində, qiyabi mühakimə əksər hallarda ittiham tərəfinin üstünlüyü ilə müşayiət olunurdu və şəxsin müdafiə imkanlarını tamamilə məhdudlaşdırırdı. Bu dövrdə qiyabi icraat, demək olar ki, fərdin hüquqlarını təmin etməyi hədəfləməyən, dövlət və dini qurumların səlahiyyətlərini gücləndirən mürtəce bir institut kimi çıxış edirdi.

Sovet cinayət prosesi sistemində də qiyabi mühakimə institutu mövcud olmuşdur, lakin bu institut daha çox siyasi motivli işlərdə tətbiq edilmişdir. Sovetlər dönəmində qiyabi icraat əksər hallarda dövlətin maraqlarını fərdin hüquqlarından üstün tutan hüquqi mexanizm kimi çıxış etmiş, vətəndaşların müdafiə hüququnu məhdudlaşdırmış və ədalətli məhkəmə prinsiplərinə zidd olmuşdur. Bu institutun tətbiqi, xüsusilə siyasi repressiya kontekstində, qiyabi icraatı ədalətsiz və fərdin hüquqlarına zərər verən bir mexanizm kimi ortaya qoyur.[3]

Müasir hüquq sistemlərində isə qiyabi icraat tədricən məhdudlaşdırılmış, onun tətbiqi ciddi hüquqi təminatlarla şərtləndirilmişdir. Demokratik hüquq dövlətlərində qiyabi icraat institutu mövcud olsa da, onun tətbiqi son dərəcə nadir xarakter daşıyır və ciddi nəzarət mexanizmləri ilə müşayiət olunur. Bir çox Avropa ölkələrində qiyabi hökm yalnız o halda mümkün sayılır ki, təqsirləndirilən şəxsin prosesdən könüllü imtina etdiyi və ya məhkəmədən qəsdən yayınması danılmaz sübutlarla təsdiqlənsin. Bununla yanaşı, qiyabi hökm çıxarıldıqdan sonra şəxsin tutulması və ya könüllü qayıdışı halında işə avtomatik olaraq yenidən, tam həcmdə baxılması təmin edilir. Məsələn, Almaniya və Fransa hüququnda qiyabi icraat zamanı verilmiş hökm şərti xarakter daşıyır və təqsirləndirilən şəxsin iştirakı ilə keçirilən yeni məhkəmə baxışı olmadan hüquqi nəticələrini tam şəkildə doğurmur. İtaliya və İspaniya kimi ölkələrdə isə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri əsasında qiyabi icraatın tətbiqi daha da daraldılmış, müdafiə hüquqlarının formal deyil, real təmin olunması əsas meyar kimi qəbul edilmişdir.[4]

Qeyd edilənlərdən belə nəticə çıxarmaq olar ki, hüquqi dövlətlərdə qiyabi icraat siyasi opponentlərə qarşı profilaktik cəza mexanizmi kimi istifadə edilmir. Əksinə, dövlət orqanları bu institutun sui-istifadə riskini minimuma endirmək üçün əlavə hüquqi zəmanətlər yaradır və məhkəmə nəzarətini gücləndirirlər. Bununla belə, tarixi təcrübə göstərir ki, qiyabi icraat hətta ən inkişaf etmiş hüquq sistemlərində belə daim dövlət maraqları və ictimai təhlükəsizlik arqumentləri ilə əsaslandırılan fərdi hüquqların məhdudlaşdırılması riski ilə müşayiət olunmuşdur. Məhz bu səbəbdən, qiyabi icraatın tarixi-tənqidi təhlili onun ədalət prinsipi ilə struktur gərginlik içində olan, hüquqi təminatların zəiflədiyi hallarda isə mürtəce xarakter alan mahiyyətini aydın şəkildə üzə çıxarır.

Qiyabi icraatın müasir insan hüquqları baxımından qiymətləndirilməsi

Müasir beynəlxalq insan hüquqları hüququ qiyabi istintaq və məhkəmə icraatına istisna xarakterli prosedur forması kimi yanaşır və onun tətbiqini ciddi hüquqi şərtlərlə məhdudlaşdırır. Ədalətli məhkəmə araşdırması hüququ, müdafiə hüququ və tərəflərin bərabərliyi prinsipi qiyabi icraat zamanı birbaşa risk altına düşən fundamental hüquqlar sırasındadır.

Birləşmiş Millətlər Təşkilatının Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Paktının 14-cü maddəsinin 1-ci bəndinə əsasən, hər kəs müstəqil və qərəzsiz məhkəmə tərəfindən işinə ədalətli və açıq baxılması hüququna malikdir. Həmin maddənin 3-cü bəndinin (d) yarımbəndi isə təqsirləndirilən şəxsin özünü şəxsən müdafiə etmək və ya seçdiyi müdafiəçi vasitəsilə müdafiə olunmaq hüququnu açıq şəkildə təsbit edir. Bu normalar məhkəmə icraatında şəxsin bilavasitə iştirakını ədalətli məhkəmə hüququnun əsas elementi kimi müəyyən edir.[5]

Eyni yanaşma Avropa İnsan Hüquqları Konvensiyasının 6-cı maddəsində də öz əksini tapmışdır. Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalətli məhkəmə araşdırması hüququnu, 3-cü bəndinin (c) yarımbəndi isə təqsirləndirilən şəxsin özünü müdafiə etmək və ya müdafiəçi vasitəsilə təmsil olunmaq hüququnu təmin edir.[6]

Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququnda qiyabi icraat məsələsinə ardıcıl və prinsipial yanaşma formalaşdırılmışdır. Məhkəmə dəfələrlə vurğulamışdır ki, təqsirləndirilən şəxsin məhkəmə baxışında iştirak hüququ Avropa İnsan Hüquqları Konvensiyasının 6-cı maddəsində təsbit edilmiş ədalətli məhkəmə araşdırması hüququnun əsas komponentlərindən biridir və bu hüquqdan imtina yalnız açıq, könüllü və birmənalı şəkildə ifadə olunduğu hallarda mümkün sayıla bilər.[7]

Məhkəmənin Kolozza İtaliyaya qarşı işində qeyd olunmuşdur ki, şəxs məhkəmə icraatından faktiki olaraq xəbərdar edilmədikdə və ya ona öz müdafiəsini təşkil etmək üçün real imkan verilmədikdə, qiyabi məhkəmə baxışı Konvensiyanın 6-cı maddəsinin pozuntusuna gətirib çıxarır.[8] Daha sonra Sejdovic İtaliyaya qarşı işində AİHM bu yanaşmanı inkişaf etdirərək vurğulamışdır ki, qiyabi hökm çıxarıldıqdan sonra belə, təqsirləndirilən şəxsə işə mahiyyəti üzrə yenidən baxılması üçün effektiv hüquqi mexanizmlər təqdim edilməlidir. Belə mexanizmlərin mövcud olmaması qiyabi icraatı Konvensiyaya zidd edir.[9]

Bu xətt Caka Albaniyaya qarşı və iki digər iş üzrə qərarda daha da konkretləşdirilmişdir.[10] Pozuntunu eyni vaxtda müəyyən etmişdir: ərizəçinin iştirakı olmadan aparılmış cinayət prosesində prosessual təminatların olmaması, şahidlərin məhkəməyə çağırılmasının təmin edilməməsi, birinci instansiya məhkəməsinin ərizəçinin xeyrinə verilmiş ifadələri nəzərə almaması, habelə qiyabi məhkəmə qərarları nəticəsində ərizəçinin Konstitusiya Məhkəməsinə müraciət etmək imkanından faktiki olaraq məhrum edilməsi.[11]

AİHM xüsusi olaraq vurğulayır ki, qiyabi icraat zamanı yalnız formal bildirişlərin mövcudluğu kifayət etmir. Dövlət orqanları təqsirləndirilən şəxsin məhkəmə icraatı barədə real və effektiv şəkildə məlumatlandırıldığını sübuta yetirməlidirlər. Bundan əlavə, qiyabi hökm çıxarıldıqda, həmin şəxsə ittihamların mahiyyəti üzrə yenidən baxılmasına nail olmaq üçün aydın, əlçatan və real müddətlər nəzərdə tutulmalıdır.[12]

AİHM-in presedent hüququndan çıxarılan ümumi nəticə ondan ibarətdir ki, qiyabi icraat yalnız istisna hal kimi və ciddi prosedural təminatlar çərçivəsində tətbiq oluna bilər. Bu təminatlara, ilk növbədə, təqsirləndirilən şəxsin məhkəmə icraatı barədə vaxtında məlumatlandırılması, müdafiəçi ilə təmin olunması, sübutların təqdim olunmasında və şahidlərin dindirilməsində bərabər imkanların yaradılması, eləcə də qiyabi qərardan sonra işə mahiyyəti üzrə yenidən baxılması üçün real hüquqi mexanizmlərin mövcudluğu daxildir. Bu şərtlərdən hər hansı birinin pozulması qiyabi icraatı Konvensiyaya zidd edir və onu ədalətli məhkəmə araşdırması hüququnun pozuntusu kimi xarakterizə etməyə əsas verir.

Beləliklə, deyə bilərik ki, beynəlxalq hüquq qiyabi icraatı prinsip etibarilə qadağan etməsə də, onun tətbiqini üç əsas meyarla şərtləndirir: qanunilik, legitim məqsəd və zərurət. Gəlin bu meyarların hər birinə qısaca nəzər yetirək. 

a) Qanunilik meyarı ondan ibarətdir ki, qiyabi icraat yalnız əvvəlcədən, aydın və proqnozlaşdırıla bilən qanun normaları ilə nəzərdə tutulmuş hallarda tətbiq edilə bilər. Bu, o deməkdir ki, qiyabi icraatın açılması, aparılması, dayandırılması və qiyabi qərarların ləğvi mexanizmləri qanunda dəqiq şəkildə tənzimlənməli, bu normalar təqsirləndirilən şəxs üçün əlçatan və anlaşılan olmalıdır. AİHM-in mövqeyinə görə, qeyri-müəyyən və ya geniş şərhə açıq normalar əsasında qiyabi icraatın tətbiqi Konvensiyanın 6-cı maddəsinin pozuntusu riskini yaradır. 

b) Legitim məqsəd meyarı qiyabi icraatın tətbiqinin hansı ictimai marağa xidmət etdiyini əsaslandırmağı tələb edir. Beynəlxalq hüquq baxımından belə məqsədlərə, əsasən, cinayət təqibinin süni şəkildə ləngidilməsinin qarşısının alınması, ədalət mühakiməsinin səmərəliliyinin təmin edilməsi və təqsirləndirilən şəxsin qəsdən məhkəmədən yayınmasının neytrallaşdırılması aid edilir. Bununla belə, siyasi tənqidçilərin susdurulması, müxalif fəaliyyətin cəzalandırılması və ya repressiv məqsədlər legitim məqsəd kimi qəbul edilmir və bu hallarda qiyabi icraat beynəlxalq hüquqa zidd hesab olunur. 

c) Zərurət meyarı qiyabi icraatın son vasitə (ultima ratio) kimi tətbiq edilməsini tələb edir. Dövlət yalnız o halda qiyabi icraata müraciət edə bilər ki, təqsirləndirilən şəxsin məhkəmə prosesində iştirakını təmin etmək üçün bütün real və mümkün tədbirlər görülmüş olsun və bu tədbirlər nəticəsiz qalsın. AİHM-in presedent hüququnda vurğulandığı kimi, şəxsin məhkəmə icraatından xəbərdar edilməsi, onun müdafiəçi ilə təmin olunması və sonradan işə yenidən baxılması üçün effektiv hüquqi imkanların yaradılması zərurət meyarının ayrılmaz tərkib hissəsidir. Bu şərtlər ödənilmədikdə, qiyabi icraat proporsional hesab edilmir və ədalətli məhkəmə araşdırması hüququnun pozuntusu kimi qiymətləndirilir.

    Qiyabi icraat yalnız şəxsin könüllü şəkildə məhkəmədə iştirakdan imtina etdiyi və ya istintaqdan və məhkəmədən qəsdən yayınması sübuta yetirildiyi hallarda mümkün hesab olunur. Eyni zamanda, bu icraat zamanı təqsirləndirilən şəxsin müdafiəçi ilə təmin olunması, iş materiallarına çıxış imkanının yaradılması və sonradan qiyabi qərarın ləğvi və işə yenidən baxılması mexanizmlərinin mövcudluğu mütləq şərt kimi qəbul edilir. Beləliklə, müasir beynəlxalq insan hüquqları sistemi qiyabi icraatı hüquqi istisna kimi tanıyır, lakin onun tətbiqini sərt prosedural təminatlarla məhdudlaşdırır və bu institutun fərdin fundamental hüquqlarını zədələyən vasitəyə çevrilməsinə yol verilməməsini tələb edir.

    Qiyabi icraatla bağlı Azərbaycan qanunvericiliyi

    Cinayət-Prosessual Məcəlləsində qiyabi istintaq və qiyabi məhkəmə icraatı hazırda xüsusi prosessual institut kimi nəzərdə tutulub. 2023-cü ildə CPM-nə əlavə edilmiş LIV-II fəsil Cinayət təqibi üzrə qiyabi icraat adlanır və 467-12-dən 467-17-yə qədər maddələri əhatə edir. Fəsilə əsasən, qiyabi icraat yalnız təqsirləndirilən şəxs istintaqdan və ya məhkəmədən qəsdən yayınarsa, Azərbaycan ərazisindən kənarda olduqda və ya axtarışda olduqda həyata keçirilə bilər. Qiyabi icraatın açılması müstəntiqin əsaslandırılmış vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərlik edən prokurorun yuxarı prokurorla razılaşdırılmış təqdimatı əsasında məhkəmə tərəfindən həyata keçirilir və qərar yalnız təqsirləndirilən şəxsin axtarışa verilməsindən ən azı üç ay sonra qəbul edilə bilər.

    Qiyabi icraat zamanı təqsirləndirilən şəxs hüquqi yardımdan istifadə edə bilər. Əgər müdafiəçi seçilməyibsə, dövlət tərəfindən vəkil təyin olunur. Həmçinin, təqsirləndirilən şəxs icraat barədə məlumatlandırılır, lazım gəldikdə onun barəsində məlumat ictimai televiziya, radio və rəsmi internet səhifəsində yayımlana bilər. Fəsildə həmçinin qiyabi icraata xitam verilməsi prosedurları təsbit olunub: təqsirləndirilən şəxs könüllü gəldikdə və ya məhkəmənin sərəncamına verildikdə icraat dayandırılır və istintaq, məhkəmə prosedurları normal qaydada davam etdirilir. Qiyabi hökm və digər yekun qərar çıxarıldıqdan sonra təqsirləndirilən şəxs işə yenidən baxılmasını tələb edə bilər və yeni məhkəmə baxışı təmin edilir. 

    LIV-II fəsildə həmçinin qiyabi icraat zamanı təqsirsizlik prezumpsiyası, müdafiə hüquqlarının təmin edilməsi və Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hüquqların qorunması kimi beynəlxalq standartlar nəzərə alınır.

    Qiyabi icraatın siyasi alətə çevrilməsi

    Qiyabi icraat institutunun hüquqi mahiyyəti onun istisna və məhdud tətbiqini nəzərdə tutsa da, avtoritar meyllərin güclü olduğu siyasi sistemlərdə bu mexanizm tez bir zamanda legitim hüquqi vasitədən siyasi təzyiq və cəza alətinə çevrilə bilir. Belə hallarda qiyabi icraat artıq cinayət təqibinin səmərəliliyinə xidmət etmir, əksinə, müxalif səsin boğulması, siyasi opponentlərin kriminal obrazda təqdim edilməsi və onların cəmiyyət qarşısında legitimliyini zədələmək məqsədi daşıyır.

    Azərbaycan təcrübəsində qiyabi icraatın tətbiqi ilə bağlı müşahidə edilən əsas problem onun faktiki olaraq, son vasitə deyil, ilk və əsas vasitə kimi işə salınmasıdır. Təqsirləndirilən şəxsin prosesdə iştirakının təmin edilməsi üçün beynəlxalq hüququn tələb etdiyi real və səmərəli tədbirlər görülmədən, birbaşa qiyabi icraata keçilməsi bu institutun mahiyyətinə ziddir. Xüsusilə xaricdə yaşayan siyasi fəallar barəsində qiyabi istintaqın başlanılması, ağır cinayət ittihamlarının irəli sürülməsi və uzunmüddətli azadlıqdan məhrumetmə cəzalarının qiyabi qaydada verilməsi qiyabi icraatın hüquqi istisna mexanizmi olmaqdan çıxardaraq, onu siyasi repressiya alətinə çevirir.

    Bu kontekstdə qiyabi icraat hüquqi prosessual institut olmaqdan çox, siyasi mesaj funksiyası daşıyır. Bununla hakimiyyət öz opponentlərinə onların ölkə hüdudlarından kənarda belə cəzalandırıla biləcəyi mesajını ötürür. Bu isə hüquqi dövlət prinsipinə deyil, qorxu və çəkindirmə üzərində qurulan idarəçilik modelinə xas yanaşmadır. Hər bir halda, dövlət özü bu prosesdə institusional məsuliyyət daşıyır. Hüquqları pozulmuş şəxslər AİHM-ə müraciət etdikdə, dövlət kompensasiya ödəməyə məcbur edilir. Gələcəkdə isə qiyabi icraatda iştirak etmiş məmurların şəxsi məsuliyyəti gündəmə gələ bilər. Hər bir qiyabi istintaqın başlanılması, hər bir qiyabi icraat qərarı və hər bir qiyabi hökmün arxasında konkret prosessual sənədlər və konkret imzalar dayanır. Bu imzalar müstəntiqə, prokurora və hakimə məxsusdur.

    Şübhəsizdir ki, siyasi hakimiyyət bu proseslərə çox zaman qeyri-rəsmi yollarla, məsələn, şifahi göstərişlər və yuxarıdan təzyiq göstərmək vasitəsilə müdaxilə edir. Lakin hüquqi baxımdan qərar verən və onu rəsmiləşdirən subyekt konkret dövlət məmurudur. Tarixi təcrübə göstərir ki, siyasi rejimlər dəyişdikdə, əmrləri yerinə yetirirdim arqumenti fərdi məsuliyyəti aradan qaldırmır. Qiyabi icraatın açılması, süni ittihamların irəli sürülməsi və müdafiə hüquqlarının formal şəkildə təmin edilməsi, daha doğrusu faktiki təmin edilməməsi gələcəkdə hüquqi qiymətini ala biləcək hərəkətlərdir. Məsələn, Şərqi Almaniyada (Almaniya Demokratik Respublikası) keçmiş rejim dövründə hüquq pozuntularında iştirak etmiş hakim və prokurorlar birləşmə sonrası təftişə məruz qaldı.[13] Cənubi Afrikada isə aparatheid rejimi dövründə məhkəmə və hüquq‑mühafizə əməkdaşlarının keçmiş fəaliyyətləri araşdırılaraq, onların cavabdehlik məsələsi qaldırıldı.[14]

    Bu baxımdan qiyabi icraatın sui-istifadəsində iştirak edən məmurlara açıq və ciddi bir xatırlatma zəruridir: siyasi hakimiyyət dəyişdikdə, onu yönləndirən liderlər ölkəni tərk edə, məsuliyyətdən yayınmağa cəhd göstərə bilərlər. Lakin bu proseslərdə imzası olan müstəntiq, prokuror və hakimlər hüquqi və mənəvi məsuliyyətlə təkbətək qalacaqlar. Bu reallığın fərqində olmaq bu gün verilən hər bir qərarın hüquqi çəkisini daha da artırmalıdır.

    Qiyabi icraatla üzləşən siyasi opponentlər üçün yaddaş

    Qiyabi icraatın siyasi məqsədlərlə tətbiqi şəraitində müxalif siyasətçilər, vətəndaş fəalları və müstəqil tənqidçilər üçün spontan reaksiyalar deyil, sistemli və hüquqi əsaslandırılmış davranış strategiyası həlledici əhəmiyyət kəsb edir. Aşağıdakı addımlar qiyabi icraatın hüquqi nəticələrini minimuma endirməyə və bu institutdan sui-istifadəsini ifşa etməyə yönəlmiş praktik yol xəritəsi kimi nəzərdə tutulur.

    Birincisi, qiyabi icraatın açılması faktını dərhal sənədləşdirin. Şəxs barəsində qiyabi icraatın başlanması ilə bağlı əldə edilən istənilən məlumat (məhkəmə qərarı, prokuror təqdimatı, istintaq sənədi, rəsmi bildiriş və ya media xəbəri) dərhal sistemli şəkildə toplanmalı və arxivləşdirilməlidir. Bu mərhələdə məqsəd gələcək beynəlxalq hüquqi prosedurlar üçün sübut bazasının formalaşdırılmasıdır. Xüsusilə çağırışların real çatdırılıb-çatdırılmaması, axtarışın formal xarakter daşıyıb-daşımaması və müdafiə hüququnun necə təmin edildiyi sənədlərlə təsdiqlənməlidir.

    İkincisi, qiyabi icraatın hüquqi əsaslarını vəkilinizlə təhlil edin və pozuntuların identifikasiyasını aparın. Hər bir konkret iş üzrə qiyabi icraatın CPM-də nəzərdə tutulmuş şərtlərə uyğunluğu ayrıca və detallı şəkildə qiymətləndirilməlidir. Bu qiymətləndirmə zamanı, ilk növbədə, təqsirləndirilən şəxsin istintaqdan və ya məhkəmədən qəsdən yayınması faktının real sübutlarla təsdiq edilib-edilmədiyi araşdırılmalıdır. Eyni zamanda, şəxsin olduğu yer məlum olduğu halda onun ekstradisiyası, yaxud hüquqi yardım mexanizmləri vasitəsilə prosesə cəlb edilməsi üçün dövlət tərəfindən real və səmərəli tədbirlərin görülüb-görülmədiyi xüsusi əhəmiyyət kəsb edir.

    Bu kontekstdə qiyabi icraatın açılması üçün nəzərdə tutulmuş üç aylıq müddət tələbi mühüm hüquqi filtr rolunu oynayır. CPM-nin 467-13.9-cu maddəsinə əsasən, qiyabi icraatın açılması barədə qərar yalnız təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsindən ən azı üç ay keçdikdən sonra qəbul edilə bilər. Bu müddətin hüquqi mahiyyəti ondan ibarətdir ki, dövlət orqanlarına şəxsin faktiki olaraq tapılması, prosesə cəlb edilməsi, beynəlxalq hüquqi mexanizmlərin işə salınması və müdafiə hüququnun real təmin edilməsi üçün kifayət qədər zaman verilsin.

    Üç aylıq müddət formal gözləmə intervalı deyil, qiyabi icraatın son vasitə kimi tətbiq olunmasını təmin edən mühüm təminat mexanizmidir. Əgər bu müddət ərzində axtarış tədbirləri formal xarakter daşıyırsa, ekstradisiya və hüquqi yardım mexanizmləri real şəkildə istifadə olunmursa və ya təqsirləndirilən şəxsin prosesdən xəbərdar edilməsi üçün effektiv addımlar atılmırsa, qiyabi icraatın açılması hüquqi əsasdan məhrum olur. Bu səbəbdən, üç aylıq müddətə əməl edilməməsi, onun formal şəkildə “ötürülməsi” və ya real tədbirlərsiz başa çatdırılması qiyabi icraatın qanunsuzluğunu göstərən mühüm prosessual pozuntu kimi qiymətləndirilməlidir. Belə pozuntular sonradan AİHM qarşısında dövlətin qiyabi icraatın zəruriliyini və proporsionallığını sübuta yetirə bilməməsi ilə nəticələnə bilər və beynəlxalq instansiyalar üçün ayrıca, müstəqil hüquqi arqument rolunu oynayır.

    Üçüncüsü, müdafiə hüququnun real təmin edilməməsini qeydə alın. Dövlət tərəfindən təyin olunmuş müdafiəçinin fəaliyyəti passiv və ya formal xarakter daşıdıqda, bu hal ayrıca hüquqi problem kimi sənədləşdirilməlidir. Müdafiə hüququnun formal təmin olunması AİHM-nin presedent hüququnda ədalətli məhkəmə araşdırması hüququnun pozuntusu kimi qiymətləndirilir. İmkan daxilində beynəlxalq təcrübəyə malik hüquqşünaslarla əməkdaşlıq qurulmalı, iş materialları xaricdə fəaliyyət göstərən hüquqi institutlara təqdim edilməlidir.

    Dördüncüsü, qiyabi icraat zamanı yol verilmiş pozuntuları beynəlxalq hüquqi dilə çevirin. Milli prosessual pozuntular beynəlxalq hüquq müstəvisində ifadə olunmalıdır. Müdafiə hüququnun məhdudlaşdırılması, real bildirişin olmaması, işə yenidən baxış mexanizmlərinin qeyri-effektivliyi kimi hallar AİHM-nin 6-cı maddəsi kontekstində hüquqi iddialara çevrilməlidir. Bu yanaşma qiyabi icraatı daxili repressiya alətindən beynəlxalq hüquqi problem səviyyəsinə yüksəldir.

    Beşincisi, ictimaiyyəti və beynəlxalq auditoriyanı məlumatlandırın. Qiyabi icraatın mahiyyəti və onun konkret işlərdə necə sui-istifadə edildiyi ardıcıl və faktlara əsaslanan şəkildə ictimaiyyətə çatdırılmalıdır. Burada məqsəd emosional reaksiya yaratmaq deyil, hüquqi arqumentlər üzərindən legitimlik böhranını dərinləşdirməkdir. Beynəlxalq media, hüquq müdafiə təşkilatları və parlament strukturları bu prosesdə mühüm rol oynayır.

    Altıncısı, qiyabi hökmə siyasi mübarizənin başlanğıc nöqtəsi kimi baxın. Siyasi opponentlər üçün əsas psixoloji və hüquqi prinsip ondan ibarət olmalıdır ki, qiyabi hökm hüquqi mübarizənin sonu deyil. Əksinə, bu mərhələ beynəlxalq hüquqi mexanizmlərin işə salınması üçün başlanğıc nöqtəsidir. Qiyabi qərarların legitimliyinin ardıcıl şəkildə sorğulanması, məsul müstəntiq, prokuror və hakimlərin adbaad göstərilməsi bu institutu siyasi silahdan hüquqi iflasa aparan vasitəyə çevirə bilər.

    Yeddincisi, fərdi məsuliyyət prinsipini qeydə alın və bu barədə xəbərdarlıq edin. Xüsusi olaraq vurğulanmalıdır ki, qiyabi icraatın arxasında siyasi iradə və ya şifahi göstərişlər dayansa belə, bu icraatın hüquqi nəticələri baxımından məsuliyyət abstrakt hökumət anlayışı üzərində deyil, konkret vəzifəli şəxslərin: müstəntiqin, prokurorun və hakimin üzərində formalaşır. Qiyabi icraatın açılması, aparılması və yekun qərarların qəbul edilməsi hər bir halda fərdi prosessual qərarlarla rəsmiləşdirilir və bu qərarların hər biri konkret imza ilə hüquqi qüvvə qazanır.

    Tarixi və beynəlxalq hüquqi təcrübə açıq şəkildə göstərir ki, siyasi hakimiyyətlər dəyişkəndir, siyasi iradələr isə keçicidir. Lakin hüquqi məsuliyyət fərdi xarakter daşıyır və zamanla aradan qalxmır. Məhz bu səbəbdən, qiyabi icraat institutundan siyasi məqsədlərlə istifadə edən və ya bu sui-istifadəyə bilavasitə və ya dolayısı ilə iştirak edən hər bir məmur bilməlidir ki, əmrin icrası hüquqi məsuliyyəti istisna etmir və gələcəkdə hüquqi qiymətləndirmədən yayınmaq üçün əsas ola bilməz.

    Bu reallıq qiyabi icraatda iştirak edən müstəntiq, prokuror və hakimlər üçün sadəcə nəzəri xəbərdarlıq deyil, konkret hüquqi xatırlatma kimi qəbul edilməlidir. Qanunsuz və siyasi motivli qərarlar bu gün toxunulmazlıq illüziyası yarada bilər, lakin sabah həmin qərarların hüquqi nəticələri dəyişən siyasi konfiqurasiyalardan asılı olmayaraq, fərdi məsuliyyət müstəvisində qiymətləndiriləcəkdir.

    Yekun

    Qiyabi icraat institutu özü-özlüyündə nə hüquqi baxımdan qadağan olunmuş, nə də mahiyyət etibarilə şeytani mexanizmdir. O, hüquqi dövlətlərdə istisna hallarda, ciddi prosessual təminatlar və real məhkəmə nəzarəti altında tətbiq edildikdə cinayət mühakiməsinin funksionallığını təmin edən texniki vasitə kimi çıxış edə bilər. Lakin bu institutun mahiyyətini dəyişən, onu hüquqi mexanizmdən repressiya alətinə çevirən əsas amil siyasi hakimiyyətin iradəsidir. Məhz siyasi sifariş, məhkəmə müstəqilliyinin olmaması və hüquqi təminatların bilərəkdən formal səviyyəyə endirilməsi qiyabi icraatı hüququn neytral institutu olmaqdan çıxararaq, siyasi təqib və qorxu yaratma vasitəsinə çevirir.

    Qeydlər və istinadlar:

    [1] Смирнов А.В., Калиновский К.Б. Уголовный процесс. М.: Норма, 2017. s. 512–514.

    [2] Покровский И. А. История римского права. М.: Статут, 2004. С. 191–193.

    [3] Строгович М.С. Курс советского уголовного процесса. М.: Госюриздат, 1968. Т. 1, s. 402–410.

    [4] Council of Europe: Criminal proceedings in absentia. Overview of the European standards regarding criminal proceedings held in absentia. 2024. Bax: https://rm.coe.int/overview-of-the-european-standards-regarding-criminal-proceedings-held/1680b2d095?utm_source

    [5] BMT-nin Mülki və Siyasi Hüquqlar Haqqında Paktı, https://huquqsunas.tr.gg/M.ue.lki-v%26%23601%3B-Siyasi-h.ue.quqlar-haqq%26%23305%3Bnda-Pakt.htm

    [6] Avropa İnsan Hüquqları Konvensiyası, https://www.echr.coe.int/documents/d/echr/convention_aze

    [7] Daha ətraflı bax: ECtHR, Colozza v. Italy, no. 9024/80, 12 February 1985 https://hudoc.echr.coe.int/eng?i=001-57462

    [8] ECtHR, Colozza v. Italy, no. 9024/80, 12 February 1985, https://hudoc.echr.coe.int/eng?i=001-57462

    [9] ECtHR (GC), Sejdovic v. Italy, no. 56581/00, 1 March 2006, §§86-88  https://hudoc.echr.coe.int/eng?i=001-67415

    [10] ECtHR, Case of Caka v. Albania and 2 other Cases, no. 44023/02, 05 December 2017, https://hudoc.echr.coe.int/eng?i=001-179831

    [11] ECtHR (GC), Sejdovic v. Italy, no. 56581/00, 1 March 2006, https://hudoc.echr.coe.int/eng?i=001-67415

    [12] Yenə orada.

    [13] Jeffrey Herf, Divided Memory: The Nazi Past in the Two Germanys, Amherst: University of Massachusetts Press, 1997, pp. 167–198.

    [14] Alex Boraine, A Country Unmasked: Inside South Africa’s Truth and Reconciliation Commission, Oxford: Oxford University Press, 2000.

    Paylaş
    FacebookTwitter

    Facebook Comment

    abunə olun

    BRI yerli və beynəlxalq auditoriyaya Azərbaycanla bağlı təhlil, rəy və araşdırmalar təqdim etmək məqsədi daşıyan müstəqil ekspertlər tərəfindən yaradılmış beyin mərkəzidir.

    bg
    For the full operation of the site you need to enable JavaScript in your browser settings.