Son onilliklərdə Azərbaycan Respublikası müstəqil media, vətəndaş cəmiyyəti və siyasi müxalifətə qarşı iki əsas repressiya dalğası ilə üzləşmişdir. Bu dalğalar 2013-2014 və 2022-2025-ci illər arasında baş vermişdir. Hər iki repressiya dövründə siyasi motivli həbslər, tənqidi medianın senzurası, həmçinin fəallara qarşı həm hüquqi, həm də fiziki təzyiqlər kimi tanış nümunələr müşahidə olunmuşdur. Lakin bu dövrlər arasında hüquqi nəzarət mexanizmlərində nəzərəçarpacaq dəyişiklik baş vermişdir. Dövlətin yanaşması açıq və reaktiv repressiyalardan daha incə və institusionallaşdırılmış avtoritar idarəetmə formalarına keçmişdir.
Bu dəyişiklik təsadüfi təzyiqlərdən hüquqi alətlər vasitəsilə uzunmüddətli idarəetmə sisteminə keçidi nümayiş etdirir və tez-tez hüquqi normaların və institutların manipulyasiyası ilə xarakterizə olunur. Bu inkişaf, tədqiqatçılar tərəfindən “avtoritar qanunçuluq” adlandırılan yanaşma ilə üst-üstə düşür; burada hökumətlər hüquqdan imtina etmirlər, əksinə onu güc toplamaq və hakimiyyətlərini legitimləşdirmək üçün silaha çevirirlər.[1]
Bu məqalə Azərbaycan hökumətinin zamanla hüquqi alətlərini və institusional təcrübələrini necə strateji şəkildə dəyişdirdiyini, ad-hoc təzyiq metodlarından “qanunla idarəetmə” adlandırılan daha mürəkkəb sistemə keçdiyini təhlil edir.[2] Azərbaycan qanunun aliliyinin liberal ideyası olan hakimiyyətə nəzarət, qanunların bərabər tətbiqi və hüquqların müdafiəsiylə ziddiyyət təşkil edərək, seçici şəkildə tətbiq olunan qanunlar vasitəsilə avtoritar hakimiyyəti möhkəmləndirən təhrif olunmuş bir hüquqi mənzərəni əks etdirir.
Bu təhlilin əsasını David Landau və Kim Leyn Şeppelinin müasir avtoritarizmin hüquqi çərçivədə başa düşülməsinə dair nəzəri baxışları təşkil edir. Sui-istifadə edilən konstitusionalizm və avtokratik qanunçuluq anlayışları, hüquqi alətlərin demokratik strukturları zəiflətmək və eyni zamanda hüquqi görünüşü saxlamaq üçün necə mənimsənilə biləcəyini anlamaq yolunda açar məfhumlardır. Landaunun fikrincə, müasir avtoritar rejimlər tez-tez prosedur baxımından legitim görünən, lakin faktiki olaraq icra hakimiyyətini möhkəmləndirən, müxalifəti sıradan çıxaran və vətəndaş cəmiyyətini susduran konstitusional mexanizmləri qəbul edirlər.[3] Bu strategiyalara qeyri-müəyyən formada yazılmış qanunların çoxalması, məhkəmə sisteminin siyasiləşdirilməsi və icra hakimiyyətinin səlahiyyətlərinin genişləndirilməsi daxildir. Eyni şəkildə, Kim Leyn Şeppelinin qanunçu avtokratlıq (legalistic autocracy) nəzəriyyəsi qanunun aliliyi (rule of law) anlayışına zidd olaraq qanunla idarəetmə (rule by law) fenomenini vurğulayır.[4] O bildirir ki, avtoritar hökumətlər qanunlardan təkcə idarəetmə aləti kimi deyil, həm də hökmranlıq vasitəsi kimi getdikcə daha çox istifadə edirlər. Bu kontekstdə qanunilik repressiyanı legitim dövlət fəaliyyəti kimi göstərmək üçün bir vasitəyə çevrilir. Onun təhlili göstərir ki, avtoritar dövlətlər tez-tez məhkəmələr, parlamentlər və konstitusiya nəzarəti orqanları kimi demokratik hüquqi strukturları təqlid edirlər, lakin onların demokratik mahiyyətini yox edirlər. Bu institutlar repressiv praktikalar üçün hüquqi örtük təmin etmək məqsədilə yenidən qurulur və beləliklə, rejimi həm daxili, həm də beynəlxalq tənqiddən qoruyur.
Bu yazı nəzəri çərçivələrə əsaslanaraq Azərbaycan hökumətinin hüquqi və institusional gücdən istifadəsinin iki əsas repressiya dövrü arasında necə inkişaf etdiyini təhlil edir. Təhlil dörd hissədən ibarətdir: birincisi, 2013–2014-cü illər repressiya dalğasının ətraflı icmalı və bu dövrdə istifadə olunan reaktiv və qeyri-müntəzəm hüquqi taktikaların təhlili; ikincisi, 2022–2025-ci illər arasında davam edən repressiyanın daha sistemli və kodlaşdırılmış strategiya kimi qiymətləndirilməsi; üçüncüsü, qeyri-hökumət təşkilatları haqqında qanunlara edilən dəyişikliklər, media tənzimləmələri və terrorla mübarizə üzrə müddəalar kimi hüquqi çərçivələrin təkamülü və bu çərçivələrin davamlı repressiyanı necə mümkün etdiyinin izahı; nəhayət, avtoritar idarəetməni qanunilik adı altında dəstəkləyən və normallaşdıran institusional dinamikalar və hüquqi diskursların təhlili.
2013–2014-cü illər repressiyası
Azərbaycan müstəqillik əldə etdikdən sonra 2013–2014-cü illər arasında ən sərt siyasi repressiya dövrlərindən birini yaşadı. Bu dövr həm də hökumətin müstəqil media və vətəndaş cəmiyyətinə münasibətində dönüş nöqtəsi oldu.[5]
2013-cü ilə qədər Azərbaycan hibrid rejimlərə xas olan idarə olunan plüralizm modeli nümayiş etdirirdi. Bu modeldə vətəndaş cəmiyyəti təşkilatları və müstəqil media məhdud, lakin tamamilə qapadılmamış bir mühitdə fəaliyyət göstərirdi. Fərqli fikirlərə müəyyən çərçivədə dözümlülük göstərilsə də, repressiyalar əsasən seçici, qeyri-rəsmi və reaktiv xarakter daşıyırdı (məsələn, seçkilər və ya etirazlar kimi konkret hadisələr zamanı baş verirdi).[6] Bu repressiya taktikalarına inzibati təzyiq, böhtan iddiaları və qanunların seçici şəkildə tətbiqi daxil idi.
Lakin 2013–2014-cü illər dövrü hökumətin yanaşmasında qəti bir dönüş nöqtəsi oldu və təsadüfi təzyiqlərdən hüquqi və institusional alətlər vasitəsilə sistematik təzyiq kampaniyasına keçid baş verdi. Bu repressiya dalğası qismən siyasi hakimiyyətin 2013-cü il prezident seçkiləri ətrafında yaranan narahatlığı və ölkədaxili aktivizmin artması və bunun beynəlxalq səviyyədə diqqət cəlb etməsiylə əlaqədar idi.[7] Azərbaycan hökuməti, aparıcı fəalların həbsi, xarici donorların ölkədən çıxarılması və QHT fəaliyyəti ilə müstəqil jurnalistikanı faktiki olaraq kriminalizə edən hüquqi dəyişikliklər vasitəsilə narazılıq mərkəzlərini dağıtmağa başladı.[8]
Bu dövrdə tanınmış vətəndaş cəmiyyəti nümayəndələri, NİDA vətəndaş hərəkatının gənc fəalları və bəzi siyasətçilər saxta ittihamlarla (narkotik maddələrin saxlanılması, qanunsuz sahibkarlıq, vergidən yayınma və vəzifə səlahiyyətlərindən sui-istifadə) həbs olunmuşdu.[9] Çoxsaylı müstəqil QHT-lərin bank hesabları donduruldu, bəziləri isə hüquqi və maliyyə təzyiqləri səbəbilə fəaliyyətini dayandırmağa məcbur oldu. Repressiya dalğası müstəqil media platformalarına və jurnalistlərə də mənfi təsir göstərdi. Araşdırmaçı jurnalistlər qaralama kampaniyalarına məruz qaldı və sonradan saxta ittihamlarla həbs edildilər. Xarici maliyyə dəstəyinə çıxış faktiki olaraq qeyri-mümkün hala salındı, hər bir qrant üçün dövlət qeydiyyatı və təsdiqi tələb olunmağa başlanıldı ki, bu da yerli və beynəlxalq maliyyə dəstəyini iflic etdi.[10]
2013–2014-cü illər repressiya dövrü reaktiv, selektiv və qeyri-sistemli yanaşmasına görə ad hoc xarakter daşıyırdı. Bu dövr əsasən mövcud hüquqi alətlərin siyasi təqib məqsədilə yenidən istifadə olunması ilə səciyyələnirdi, yəni əvvəlcədən qurulmuş hüquqi çərçivəyə əsaslanmırdı. Gənclərdə fəallığın artması və vətəndaş cəmiyyətinə maliyyə axınının güclənməsi bu repressiyaların qəfil intensivləşməsinə səbəb oldu.[11] Cinayət hüququnun selektiv şəkildə tətbiqi istintaq orqanlarına ümumi ittihamları (məsələn, vergidən yayınma, qanunsuz sahibkarlıq, narkotik maddələrin saxlanılması)[12] özbaşına və qeyri-müəyyən şəkildə tətbiq etməyə imkan verirdi. Bu isə hakimiyyəti tənqid edənləri susdurmaq üçün istifadə olundu və proseslərdə hüquqi prosedur normaları pozuldu.
Cədvəl 1: Vətəndaş cəmiyyəti və fəallara qarşı qanunvericiliyin selektiv tətbiqi
| Maddə (Cinayət məcəlləsi) | İttiham | Tətbiqi |
| 192 | Qanunsuz sahibkarlıq | Qrant qeydiyyatından keçməyən və ya icazəsiz fəaliyyət göstərən QHT-lərə qarşı istifadə olunurdu |
| 213 | Vergidən yayınma | Vətəndaş cəmiyyəti təşkilatları və fərdlərə qarşı maliyyə pozuntusu ittihamları ilə nüfuzdan salmaq və onları cinayətkar kimi təqdim etmək məqsədilə tətbiq edilirdi |
| 308 | Vəzifə səlahiyyətlərindən sui-istifadə | QHT rəhbərləri və ya ictimai təşəbbüslərdə iştirak edən keçmiş məmurlara qarşı qeyri-müəyyən formada istifadə olunurdu |
| 234.1 | Narkotik maddələrin qanunsuz əldə olunması və saxlanılması | Gənc fəallara qarşı saxta ittihamlar formalaşdırmaq məqsədilə tez-tez istifadə edilirdi |
Yuxarıdakı cədvəl göstərir ki, mövcud qanunlar kobud və sistemsiz şəkildə tətbiq olunub. İnsan hüquqları təşkilatları və müdafiə tərəfi vəkillərinin hesabatlarına əsasən, fəallar, vətəndaş cəmiyyəti üzvləri və jurnalistlərə qarşı irəli sürülən ittihamlar əsassız və sübutsuz idi, məhkəmə və prokurorluq sistemləri tərəfindən isə hüquqi prosedurlar kobud şəkildə pozulmuşdu.[13]
Repressiyanın ilkin mərhələlərində hökumət tənqidçiləri susdurmaq üçün qanunlardan istifadə edirdi. Selektiv yanaşma tətbiq olunaraq, nə vaxt və kimə qarşı hərəkət etmək hökumətin öz iradəsinə bağlı idi. Bu vəziyyət Kim Leyn Şeppelinin qanunla idarəetmə adlandırdığı anlayışa uyğundur. Yəni qanun qoruma vasitəsi yox, cəzalandırma alətinə çevrilir və hüquqi alətlər selektiv və reaktiv şəkildə sistematik çərçivə olmadan etirazı boğmaq üçün tətbiq edilir.[14]
Eyni zamanda, David Landaunun sui-istifadə edilən konstitusionalizm ideyası da burada tətbiq oluna bilər. Hökumət həmin dövrdə hələ hüquqi sistemi tam dəyişməmişdi. Lakin mövcud qanunlardan zərərli məqsədlərlə istifadə olunurdu. Xarici görünüşdə bu proseslər qanuni təsir bağışlayırdı, amma mahiyyət etibarilə icra hakimiyyətinin səlahiyyətlərini qorumağa və genişləndirməyə xidmət edirdi. Bu mərhələdə təzyiqlər hələ də açıq və qeyri-ardıcıl idi, daha çox hökumətin birbaşa müdaxiləsinə əsaslanırdı və hələ sistemli hüquqi struktura oturmuş şəkildə deyildi. [15]
2022–2025-ci illər repressiyası
Son onillikdə Azərbaycan hökuməti məhkəmə sistemlərinin rəqəmsallaşdırılmasına, prokurorluğun səmərəliliyinin artırılmasına yönəlmiş proqramlara və məhkəmə etikası sahəsində islahatlara ciddi sərmayələr yatırmışdır. Bu təşəbbüslərin bir çoxu Avropa Şurası, ABŞ Dövlət Departamentinin Narkotiklərlə Mübarizə və Hüquq Mühafizə Orqanlarının İnkişafı Bürosu (INL), beynəlxalq donorlar[16] və inkişaf bankları[17] tərəfindən birgə maliyyələşdirilmişdir. Lakin bu kosmetik dəyişikliklər əsasən hökumətin repressiyanı daha səmərəli və gizli şəkildə həyata keçirmək imkanlarını gücləndirmişdir.
Bu dəstək proqramları formal olaraq inkişaf kimi təqdim olunsa da, onların hamısını heç də müsbət dəyişiklik hesab etmək olmaz. Məsələn, beynəlxalq donorların dəstəyi ilə istifadəyə verilən e-Məhkəmə sistemi iş məlumatlarına onlayn çıxış və işlərin rəqəmsal idarə olunmasını tətbiq etsə də, siyasi həssas işlərdə şəffaflıq və ədalətin artırılmasına töhfə verməmişdir.[18] Bu cür işlərdə proseslər çox vaxt ictimaiyyətə qapalı keçirilir və nəticələr əvvəlcədən müəyyən olunur.
Oxşar şəkildə, məhkəmə etikası islahatlarına yeni davranış kodekslərinin qəbul edilməsi və etik komissiyaların yaradılması daxildir. Çox zaman bu təşəbbüslər Avropa Şurası kimi qurumların dəstəyi ilə həyata keçirilir. Lakin bu qurumlar müstəqillikdən və icraetmə gücündən məhrumdurlar.[19] Praktikada hökumətin maraqlarına uyğun qərar verən hakimlər, demək olar ki, cəzalandırılmır. Əksinə, siyasi rejimə tənqidi və ya qərəzsiz yanaşan hakimlər karyera riskləri ilə üzləşir, o cümlədən cəza kimi iş yeri dəyişikliyi və ya vəzifədən azad edilmə halları baş verir.
Prokurorluq islahatları sahəsində beynəlxalq tərəfdaşların maliyyələşdirdiyi təlim proqramları və bilik artırma seminarları əsasən texniki effektivliyə yönəlib. Lakin bu effektivlik çox zaman daha sürətli və daha gizli repressiyaları mümkün edir. İndi prokurorlar “önləyici həbslərdən” və müdafiə tərəfinə təqdim olunmayan “gizli sübutlardan” istifadə edirlər, məhkəmələr isə xüsusilə “milli təhlükəsizlik” və ya “maliyyə cinayətləri” ilə bağlı işlərdə sürətləndirilmiş prosedurlar əsasında fəaliyyət göstərir. Müdafiə vəkilləri və ailə üzvləri susdurulma qadağalarına və səyahət qadağalarına məruz qalır, bu da ictimai etirazın qarşısını alır.[20]
Azərbaycan hakimiyyətinin vətəndaş cəmiyyətinə və fəallara qarşı koordinasiyalı reydləri və həbsləri 2022-ci ilin sonlarında başlamış, 2023, 2024 və 2025-ci illərdə daha da intensivləşmişdir[21] .İctimai əmlakın mənimsənilməsi, korrupsiya və idarəçiliklə bağlı tənqidi araşdırmaları ilə tanınan müstəqil media qurumları da bu hədəflər arasında olmuşdur. Qeyri-hökumət təşkilatları və media orqanlarının ofislərində qəfil reydlər, avadanlıqların müsadirəsi, həbslər və bank hesablarının dondurulması baş vermişdir.[22] Jurnalistlər, insan hüquqları müdafiəçiləri və vətəndaş cəmiyyəti fəalları səyahət məhdudiyyətlərinə məruz qalmışdır. 2013–2014-cü illər dövründən fərqli olaraq, bu dəfəki repressiya internet fəallığını da hədəfə almış, blogerlər və sosial media istifadəçilərinin ya həbs olunmasına, ya da “susdurulmasına” gətirib çıxarmışdır.[23] 2013–2014-cü illərlə müqayisədə, sonrakı dövrdə repressiya internet əsaslı fəallığı hədəfə almaqla nəzərəçarpacaq dərəcədə gücləndi. Bu, hökumətin rəqəmsal platformaları yeni etiraz mərkəzləri kimi tanıdığını göstərirdi. Ənənəvi QHT-lər və media qurumları ya sıradan çıxarıldıqdan, ya da dövlət nəzarətinə alındıqdan sonra fəallar getdikcə daha çox sosial media və internet platformalarına üz tutaraq hökuməti tənqid etməyə, dəstək toplamağa və hüquq pozuntularını sənədləşdirməyə başladılar.
Bu dəyişiklik, Ərəb baharından sonra qlobal miqyasda müşahidə olunan tendensiyalara uyğun idi. Həmin dövrdə onlayn fəallıq kütləvi səfərbərlik potensialını nümayiş etdirmişdi. Azərbaycan hakimiyyəti də bu risklərin fərqində olaraq rəqəmsal etirazları qabaqlayıcı şəkildə susdurmağa başladı. Tanınmış bloggerlərin həbsi və onlayn ifadə azadlığının cinayətləşdirilməsi bunun bariz nümunələrindəndir. Bu məqsədlə, böhtan, yalan məlumat yaymaq və ya nifrətə təhrik kimi qeyri-müəyyən və geniş tərtib olunmuş hüquqi ittihamlar da istifadə olundu (məsələn, blogger Mehman Hüseynovun işi). 2013-cü ildən sonra qəbul edilən yeni qanunlar və ya hüquqi dəyişikliklər bu dəyişikliyi rəsmiləşdirdi. Dövlətin rəqəmsal sahədə nəzarət imkanları genişləndirildi.
Bu kontekstdə, post-2013 repressiyaları əvvəlki repressiv taktikaların sadəcə davamı deyil, həm də avtoritar nəzarətin strateji təkamülünü ifadə edir: fiziki vətəndaş cəmiyyəti strukturlarından rəqəmsal sahəyə qədər repressiyanın genişləndirilməsi və bununla da alternativ fikirlərin müzakirəsi üçün qalan son məkanların neytrallaşdırılması.
Hazırkı siyasi repressiyanın hüquqi əsaslandırılması köklü şəkildə dəyişmişdir. Bu dəyişiklik dedikdə, repressiyanın əsaslandırılmasında istifadə olunan hüquqi və diskursiv mexanizmlərdə keyfiyyətcə bir transformasiya nəzərdə tutulur. Əvvəllər, repressiya daha çox şəxsi və cəzaverici xarakter daşıyır, “xuliqanlıq”, “narkotik maddə saxlama” və ya “vergidən yayınma” kimi konkret cinayət ittihamlarına əsaslanırdı (məsələn, NİDA hərəkatı üzvləri və ya Xədicə İsmayılova ilə bağlı hallar). Bu gün isə repressiya institusional xarakter almışdır və beynəlxalq hüquq normalarını təqlid edən, xüsusilə maliyyə şəffaflığı, milli təhlükəsizlik və terrorla mübarizə ilə bağlı daha abstrakt hüquqi prinsiplər ilə əsaslandırılır.
Beynəlxalq baxımdan dostyana hüquqi dilin istifadəsi dedikdə, FATF (Maliyyə Fəaliyyəti üzrə İşçi Qrupu) kimi qurumlar tərəfindən təşviq olunan pulların yuyulmasına qarşı mübarizə (AML) və terrorizmin maliyyələşdirilməsinə qarşı mübarizə (CTF) standartlarını əks etdirən hüquqi ritorika və çərçivələrin tətbiqi nəzərdə tutulur. Bu məsələlər ümumən qəbul olunan narahatlıqlardır və bu cür ittihamları xarici müşahidəçilər üçün daha “legitim” və ya “neytral” göstərir. Eyni zamanda, bu abstrakt dil “qeyri-qanuni maliyyə axınları”, “xarici müdaxilə” və ya “əsassız təsir” kimi geniş, texniki və qeyri-müəyyən terminlərlə ifadə olunur ki, bu da dövlətə qanunları istədiyi kimi şərh etmək imkanı yaradır.
2022–2025-ci illər repressiya dövründə AML (pulların yuyulmasına qarşı mübarizə) çərçivəsində maliyyə cinayətləri ilə bağlı ittihamlar əsas təqib vasitəsinə çevrilmiş və Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi üzrə istifadə olunmuşdur. 2013-cü ilə qədər vətəndaş cəmiyyəti formal mexanizmlər vasitəsilə xarici maliyyə dəstəyi əldə edə bilirdi və bu maliyyə müstəqilliyi müəyyən dərəcədə məhdudlaşdırılsa da, dözümlə qarşılanırdı. Lakin 2013–2014-cü illərdə QHT qanununa edilən dəyişikliklərdən sonra xarici qrantların qəbulu ya qeyri-mümkün, ya da tamamilə qanunsuz hala gəldi. Qanuni maliyyə mənbələrinin sıradan çıxarılmasından sonra AML çərçivələri daha mürəkkəb hüquqi alətə çevrilmiş və real pulların yuyulması halına əsaslanmasa belə, sadəcə xarici dəstəyin mövcudluğu repressiya üçün yetərli səbəb sayılmışdır.
Bundan əlavə, “xarici agentlər” anlayışı ətrafında qurulan diskurs geniş yayılmışdır, baxmayaraq ki, Azərbaycanda Rusiya modelinə bənzər rəsmi “xarici agent” qanunu yoxdur. Hakimiyyət getdikcə daha çox vətəndaş cəmiyyəti təşkilatlarını “xarici təsirin alətləri” kimi təqdim edir və bu da xaricdən maliyyələşən və ya beynəlxalq əlaqələri olan istənilən təşkilata qarşı düşmən münasibət formalaşdırır. 2013–2014-cü illərdə böhtan fərdi hədəfləmələr üçün hüquqi vasitə olaraq istifadə olunurdu ki, bu da xüsusilə tanınmış jurnalist və fəalları şəxsən nüfuzdan salmaq məqsədilə tez-tez genderə və cinsə əsaslanan təhqiramiz kampaniyalarla həyata keçirilirdi.[24] Hazırda isə böhtan dövlətin ideoloji ritorikasının bir hissəsinə çevrilmişdir və sistemli şəkildə təqdim olunur, vətəndaş cəmiyyəti və media milli suverenlik və ənənəvi dəyərlərə qarşı ideoloji təhlükə kimi göstərilir.[25]
Bu narrativ çərçivədə xaricdən maliyyələşən QHT-lər “liberal pozğunluğun daşıyıcıları” kimi təqdim olunur və onlar feminizm, gender hüquqları, LGBTQ+ hüquqlarının müdafiəsi və anti-müharibə təşəbbüsləri ilə əlaqələndirilir.[26] Rəsmi “xarici agent” qanunu mövcud olmasa da, bu cür anlayış və məntiq rəsmi çıxışlarda və hökumətyönümlü mediada artıq dərin kök salmışdır. Bu, Azərbaycan hökumətinə yalnız fərdləri deyil, bütöv vətəndaş cəmiyyəti sahələrini öncədən qeyri-legitimləşdirmək və onları xarici konspirasiyalarla əlaqələndirmək imkanı verir.
2022-2025-ci illər arasında hökumətin strategiyası daha aydın və məqsədyönlü şəkildə formalaşdı. Bu dövr Landaunun sui-istifadə konstitusionalizmi anlayışının tam təsirini göstərir. Çirkli pulların yuyulması və media haqqında yeni qanun zahirən beynəlxalq qaydalara uyğun gəlir. Lakin əslində bu qanunlar tənqidçiləri susdurmaq və vətəndaş cəmiyyətini zəiflətmək üçün istifadə olunur. Bu qanunlar təkcə cəza aləti deyil. Beynəlxalq standartlardan, məsələn, çirkli pulların yuyulmasına qarşı mübarizə qaydalarından istifadə etməklə, hökumət nəzarəti islahat görüntüsü altında gizlədir. Avtoritar liderlər indi hüquqi metodlardan daha çox istifadə edirlər və bu üsullar zahirən legitim görünür və həmin addımlar onların hakimiyyətini artırmaqla yanaşı, hüquqi maska altında həyata keçirilir. [27]
Kim Leyn Şeppelinin avtokratik hüquqçuluq anlayışı da burada tam şəkildə görünür. Azərbaycan hökuməti hüququ rədd etmir. Əksinə, əvvəlkindən daha çox istifadə edir. Hüquqi dəyişikliklər demokratik görüntü yaradır, lakin bu prosesin real məzmunu gizlədilir. Məhkəmələr və nazirliklər kosmetik görüntü üçün işləyir. Lakin onlar hakimiyyətin sifarişlərinə etiraz etmirlər, əksinə repressiyanı hüquqi cəhətdən əsaslandırmaq və izah etmək üçün fəaliyyət göstərirlər. [28]
Hüquqi və institusional müqayisə
Azərbaycanda repressiya məqsədilə qurulmuş hüquqi və institusional çərçivə 2013–2014-cü illər ilə 2023–2025-ci illər arasındakı dövrdə əhəmiyyətli dəyişikliklərə məruz qalmışdır. Əvvəllər reaktiv və təsadüfi olan hüquqi strategiyalar, getdikcə daha qabaqlayıcı və institusionallaşdırılmış idarəetmə sisteminə çevrilmişdir. Bu dəyişikliklər kobud avtoritarizmdən daha incə və hüquqi əsaslarla həyata keçirilən məcburetmə üsullarına keçidi göstərir.
2013-cü ildən bəri Azərbaycan hökuməti hüquqi çərçivəsini sistemli şəkildə elə inkişaf etdirmişdir ki, bu çərçivə vasitəsilə fərqli fikirlər susdurulur və vətəndaş cəmiyyəti hüquqi normallaşma adı altında nəzarətdə saxlanılır. Bu yanaşma açıq avtoritar tədbirlərə deyil, repressiyanın qanunvericilik yolu ilə institusionallaşdırılmasına əsaslanır. Beləliklə, dövlət beynəlxalq standartlara sadiq olduğu görüntüsünü yaradır, lakin eyni zamanda ölkə daxilində nəzarət və təzyiqi daha da gücləndirir. Bu transformasiyanın əsas elementləri aşağıdakı cədvəldə göstərilmişdir:
Cədvəl 2: Dəyişikliklərin hüquqi dizaynı
| Qanun | Dəyişikliklərin/tənzimləmələrin təfərrüatı | Qəbul/yenilənmə ili |
| QHT haqqında qanun | Arbitrar qeydiyyat qaydaları, geniş hesabat öhdəlikləri, sərt cəzalar və fəaliyyət məhdudiyyətləri[29] | 2014 |
| Qrantlar haqqında qanun | Yoxlamalar, qrantların təsdiqinə məhdudiyyətlər, ləğv hədələri və xarici maliyyə dəstəklərinə maneələr[30] | 2014 |
| Məlumat haqqında qanun | İnternetin bloklanması, geniş senzura səlahiyyətləri[31] | 2017 |
| Vəkillər haqqında qanun | Hüquqi təmsilçilikdə monopoliya, müstəqil hüquqşünasların sıradan çıxarılması[32] | 2017 |
| Siyasi partiyalar haqqında qanun | Daha sərt qeydiyyat tələbləri, partiyaların daxili strukturu və fəaliyyəti üzərində dövlət nəzarətinin gücləndirilməsi, ləğv riski[33] | 2023 |
| Media haqqında qanun | Reyestr tələbləri, məzmun üzərində nəzarət, xarici maliyyənin məhdudlaşdırılması, Media Reyestrinə giriş baryerləri[34] | 2015-ci ildə dəyişiklik; tam yeni qanun isə 2022-ci ildə qəbul edilib |
Bu inkişaf etmiş hüquqi çərçivə, 2013–2014-cü illərdə müşahidə edilən açıq-aşkar həbslər və böhtan kampaniyaları ilə müşayiət olunan repressiv üsullardan daha inkişaf etmiş, bürokratik və kodlaşdırılmış avtoritarizm formasına keçidi simvollaşdırır. Bu, uyğunluq teatrı (compliance theater) adlanan taktikanın tərkib hissəsidir. Burada formal hüquqi dəyişikliklər həyata keçirilir, lakin onların gerçək tətbiqi yoxdur. Məqsəd beynəlxalq müşahidəçiləri sakitləşdirmək, eyni zamanda ölkə daxilində sərt nəzarəti qoruyub saxlamaqdır. Azərbaycan hökuməti üçün uyğunluq teatrı beynəlxalq ictimaiyyət qarşısında çox mühümdür, çünki bu yanaşma insan hüquqları və hüququn aliliyi sahəsində quş qoyma (box-ticking) yolu ilə Qərb hökumətlərindən gələn tənqidləri yumşaldır və xarici investisiyaları cəlb etmək üçün əlverişli mühit yaradılır.[35] Nəticə etibarilə, Azərbaycan hökumətinin strategiyası hüquqi avtoritarizmin dərinləşmiş bir formasını nümayiş etdirir. Bu modeldə hüquq artıq sui-istifadəyə qarşı qoruyucu vasitə deyil, əksinə dövlətin repressiv hakimiyyətini gücləndirmək və legitimləşdirmək üçün istifadə olunan bir alətə çevrilmiş olur.[36]
Hüquqi nümunələrin təhlili
Hər iki repressiya dövründə Azərbaycan hökuməti hüquqi çərçivələrdən öz səlahiyyətlərini məhdudlaşdırmaq üçün deyil, nəzarət vasitəsi kimi istifadə etmişdir. Əvvəllər hədəfli və reaktiv şəkildə həyata keçirilən hüquqi tədbirlər zamanla sistematik, strukturlu bir təzyiq mexanizminə çevrilmişdir və burada siyasi təqiblər bürokratik prosedurlar və qanunilik pərdəsi altında gizlədilir. Yazının bu bölməsi həmin tendensiyaları hüquqi diskurs və avtoritar hüquqçuluq prizmasından araşdırır.
Azərbaycan hökuməti hər iki repressiya dövründə milli maraqları qorumaq iddiası ilə hüquqi arqumentlərdən istifadə etmişdir. Lakin 2013–2014-cü illərdəki repressiya əsasən milli suverenlik, əxlaqi panika və xarici müdaxilə ilə bağlı ümumi iddialara söykənirdisə, 2022–2025-ci illərdəki repressiya texnokratik və beynəlxalq səviyyədə tanınan hüquqi terminologiya ilə formalaşdırılmışdır. Lakin hədəfdə olanlar məhz QHT rəhbərləri, tədqiqatçılar, sülh tərəfdarları, feministlər, insan hüquqları fəalları və müstəqil jurnalistlərdir.[37] Azərbaycan hökuməti məhkəmə prosedurlarına formal şəkildə riayət edilməsini vurğulamaqla hüquqi legitimlik görüntüsü yaradır. Nəticələr əvvəlcədən müəyyən olunsa da və ya manipulyasiya edilsə belə, prosesin həmişə qanuni şəkildə aparıldığı iddia olunur.
Diskursdakı bu dəyişiklik daha geniş bir avtoritar meyllənməni göstərir. Repressiya artıq fövqəladə şəraitlə deyil, birbaşa qanunlara riayət olunması ilə əsaslandırılır, bu isə həmin qanunların selektiv tətbiqi və şərhindən asılı olmayaraq aparılır. Aşağıdakı cədvəl vətəndaş cəmiyyəti və medianın iki repressiya dövrü əsasında hüquqi təqib formasının təsadüfi modeldən kodlaşdırılmış avtoritarizmə keçidini əyani şəkildə göstərir. Bu sistem demokratik institutların (qanunlar, məhkəmələr və parlament kimi) strukturunu mənimsəyərək, onların müstəqil funksiyalarını aradan qaldırır və qanuniliyi qoruyan deyil, onu formal şəkildə təqdim edən çərçivə yaradır.
Cədvəl 3: Vətəndaş cəmiyyəti və mediaya qarşı hüquqi repressiyanın təkamülü
| Xüsusiyyətlər | 2013–2014 | 2023–2024 |
| Hüquqi yanaşma | Təsadüfi, reaktiv və seçici | Kodlaşdırılmış və sistemləşdirilmiş |
| Əsas hüquqi alətlər | QHT və qrant qanunları, vergi məcəlləsi, cinayət qanunu | AML qanunları, yeni media qanunu, cinayət qanunu |
| İctimai əsaslandırma | Milli təhlükəsizlik və əxlaq | Maliyyə şəffaflığı, milli təhlükəsizlik/xain damğası |
| İnstitusional rol | Siyasiləşmiş məhkəmələr və prokurorlar | Texnokratik görkəmli vahid hüquqi aparat |
| Repressiyanın görüntüsü | Yüksək profilli həbslər və məhkəmələr | Bürokratik təzyiq, hüquqi qeyri-şəffaflıq, geniş səyahət qadağaları |
| Beynəlxalq təqdimat | Müdafiəkar və rəddedici | Formal olaraq islahatçı və əməkdaşlıq görüntülü |
Azərbaycanın hüquqi institutları, xüsusilə polis, prokurorluq, məhkəmələr və tənzimləyici orqanlar hazırda hüquqları qorumaq məqsədilə deyil, əsasən repressiya vasitəsi kimi fəaliyyət göstərir. Polis və prokurorluq tez-tez siyasi motivli işləri maliyyə cinayətləri kimi qeyri-siyasi ittihamlarla təqdim edir və bununla da hüququn guya qərəzsizliyi görüntüsünü yaradır. Məhkəmələr isə bu repressiyanı daha da dərinləşdirərək dövlətin hərəkətlərinə hüquqi təsdiq verir, çox vaxt ictimai rəyi və bəraət dəlillərini nəzərə almadan və hüquqi müdafiə imkanlarını məhdudlaşdıraraq qərarlar çıxarırlar. Paralel olaraq, media, QHT-lər və rəqəmsal platformalara nəzarət edən tənzimləyici qurumlar cərimələr kəsmək, lisenziyaları ləğv etmək və vacib informasiya resurslarına çıxışı bloklamaq üçün silaha çevrilərək həm cəza, həm də xəbərdarlıq vasitəsi kimi çıxış edirlər.
Bu institutlar sadəcə korrupsiyaya bulaşmayıb, onlar məqsədli və sistemli şəkildə yenidən qurulmuşlar. Qanunla idarəetmə çərçivəsində hüquqi sistemlər artıq gücü məhdudlaşdırmaq və hüquqları qorumaq üçün deyil, avtoritar hökmranlığı möhkəmləndirmək üçün nəzərdə tutulur. Bu isə qanunun aliliyi prinsipindən, yəni demokratik hüquq dövləti anlayışından köklü şəkildə fərqlənir.
Yuxarıda qeyd olunduğu kimi, son 10 ildən artıq müddətdə müşahidə etmək mümkündür ki, Azərbaycanda hüquq demokratik mübarizə vasitəsi olmaqdan çıxaraq hökmranlıq alətinə çevrilib. Avtoritar meylli ölkələr yeni qanunlar qəbul edərkən, çox zaman liberal və ya demokratik standartlara uyğun dil və strukturu təqlid edirlər ki, bu da hüquqi imitasiya yaradır.[38] İkinci mərhələ isə hüquqi yığım (legal accumulation) prosesidir ki, burada da avtokratlar hakimiyyətlərini möhkəmləndirmək üçün çoxsaylı qanunlar qəbul edir, bununla da müxalif qüvvələrin hüquqi sistemdə fəaliyyətlərini çətinləşdirirlər. Bu strategiya elə bir hüquqi mühit yaradır ki, qanunlar selektiv şəkildə tətbiq olunaraq etirazları boğmaq üçün istifadə edilir.[39] Daha sonra hüquqi sipər yanaşması tətbiq edilir. Qəbul olunmuş hüquqi islahatlar və yuxarıda qeyd olunan formal dil vasitəsilə beynəlxalq tənqidlərin qarşısı alınmağa çalışılır.[40] Nəhayət, bütün bunlar hüquqi rutinin formalaşmasına gətirib çıxarır. Bu zaman, repressiya adi hüquqi prosedurlar vasitəsilə normallaşdırılır və standart hüquqi prosesin bir hissəsinə çevrilir.[41]
Ən sonda, həm Landau, həm də Şeppeli mühüm bir məqama diqqət çəkirlər. Müasir avtoritar sistemlərdə siyasi repressiya hüququ nəzərə almırmış kimi görünmür, əksinə onu həddən artıq istifadə edir. Müasir Azərbaycan hüquq sistemi də bunun aydın nümunəsidir. Hökumət hüquqi normaları kənara atmır, əksinə daha çox qanun əlavə edir, onların məzmununu təhrif edir və əsl qoruma funksiyasından məhrum edir. Şeppeli isə bu yanaşmanı hüquqi kamuflyaj adlandırır. Yəni nəzarəti gizlətmək üçün islahat dilindən istifadə olunur. Görünüşdə irəliləyiş təsiri yaradan addımlar əslində repressiyanın maskasıdır. Hüquq sistemi gücə xidmət edəcək şəkildə yenidən formalaşdırılır və siyasi rejimin nəzarətdə qalması üçün əsas alətə çevrilir.[42]
Nəticə
Azərbaycanda siyasi repressiyanın 2013–2014-cü illərdən 2022–2025-ci illərə qədərki inkişafı hüquqi mürəkkəblik, institusional uyğunluq və beynəlxalq arenaya çevik adaptasiya baxımından fərqli bir yol tutduğunu göstərir. Əvvəllər kobud hüquqi alətlər vasitəsilə həyata keçirilən açıq-aşkar təqiblər indi qanuniləşdirilmiş repressiyanın bütöv və sistemli formasına çevrilmişdir ki, bu da demokratik institutları təqlid edən, lakin onların əsas prinsiplərini pozan qanunla idarəetmə modelinin bir növüdür.
Bu transformasiyanı xüsusilə təhlükəli edən onun inandırıcı görünməsidir. Rejim, pulların yuyulmasına qarşı mübarizə və məhkəmə islahatları kimi legitim beynəlxalq diskurslara istinad etməklə beynəlxalq normalara uyğunluq görüntüsü yaradır. Bu isə ona ikitərəfli münasibətləri davam etdirməyə, xarici yardım almağa və özünü islahat yönümlü dövlət kimi təqdim etməyə imkan verir.
Hüquqi avtoritarizmin bir çox ölkədə norma halına gəlməsi ilə beynəlxalq ictimaiyyət formallıq səviyyəsindəki qanuniliyə deyil, idarəetmənin real və mahiyyət baxımından necə həyata keçirildiyinə diqqət yetirməlidir.
Landau və Şeppelinin fikirləri bizə Azərbaycanın müasir hüquq sistemində baş verən kəskin dəyişikliyi daha aydın görməyə kömək edir. Burada söhbət qanunsuzluqdan getmir. Söhbət qanunun legitimlik görüntüsü yaratmaq üçün istifadə olunmasından gedir. Problem qanunun olmamasında deyil, onun manipulyasiya edilməsindədir. Onların nəzəriyyələri göstərir ki, avtoritar qanunçuluq təkcə nəzarət üçün deyil, həm də bu nəzarəti normallaşdırmaq və adiləşdirmək üçündür. Repressiya tanış hüquqi prosedurların arxasında gizlədilir. Əsas sual artıq qanunların olub-olmaması deyil, onların necə tətbiq edilməsidir. Məhkəmə islahatları və ya yeni maliyyə qaydaları kimi görünən irəliləyişlər əslində rejimin hakimiyyətini gücləndirə bilir.
Vətəndaş cəmiyyəti, jurnalistlər və beynəlxalq müşahidəçilər yalnız pozuntuları müəyyənləşdirməklə kifayətlənməməli, həm də repressiyanın hüquqi dilini oxumaq və deşifrə etmək bacarığına yiyələnməlidirlər. İndiki vəziyyətdə çağırış hüququ sadəcə formal deyil, funksional mənada da ədalət vasitəsinə çevirməkdir.
Qeyd və İstinadlar:
[1] Ginsburg, Tom, and Aziz Z. Huq. “How to Save a Constitutional Democracy”. University of Chicago Press, 2018, p. 65–66, 78, 207
[2] Tamanaha qanunun aliliyinin formal və ya incə konsepsiyasını onun minimal xüsusiyyətləri olan, perspektivlilik, aydınlıq, aşkarlıq, sabitlik və bərabər tətbiqi ilə müəyyən edir və onu təməl baza kimi səciyyələndirir.
Tamanaha, Brian Z. “On the Rule of Law: History, Politics, Theory”, Cambridge University Press, 2004, p. 3.
[3] Landau, David, “Abusive Constitutionalism,” UC Davis Law Review, Vol. 47, 2013, p. 189–232
[4] Scheppele, Kim Lane, “Autocratic Legalism”, University of Chicago Law Review 85, no. 2, 2018, p.545–583, 548-552
[5] Amnesty International, “Azerbaijan: Downward spiral: Continuing crackdown on freedoms in Azerbaijan”, index no: EUR55/010/2013, October 2013, https://www.amnesty.org/en/documents/eur55/010/2013/en/
[6] The New York Times, Shahla Sultanova, “Police scatter demonstrators in capital of Azerbaijan”, March 2013, available at: https://www.nytimes.com/2013/03/11/world/asia/police-scatter-demonstrators-in-capital-of-azerbaijan.html#:~:text=March%2010%2C%202013,that%20circulated%20on%20social%20networks.
[7] Institute for War and Peace Reporting, Shahla Sultanova, “Azerbaijan government worried by Facebook activism”, April 2013, https://www.refworld.org/reference/countryrep/iwpr/2013/en/83874#:~:text=Facebook’s%20mobilising%20power%20was%20seen,is%20meaningful%2C%22%20she%20said.
[8] World Alliance for Citizen Participation (CIVICUS), “Civil Society Groups Call on Azerbaijan’s President Not to Sign Restrictive Law”, January 2014, available at:https://www.civicus.org/index.php/media-resources/news/1052-civil-society-groups-call-on-azerbaijan-s-president-not-to-sign-restrictive-law#:~:text=They%20point%20to%20similar%20tactics,to%20approve%20the%20recent%20amendments.
[9] Open Democracy, Arzu Geybulla, “Meet N!DA, the exclamation mark that terrified the Azerbaijani authorities”, May 2016, https://www.opendemocracy.net/en/odr/exclamation-mark-that-terrified-azerbaijani-authorities/
[10] Human Rights Watch, “Tightening the screws. Azerbaijan’s crackdown on Civil Society and dissent”, September 2013, available at: https://www.hrw.org/report/2013/09/01/tightening-screws/azerbaijans-crackdown-civil-society-and-dissent
[11] Human Rights Watch, World Report 2014: Azerbaijan, available at: https://www.hrw.org/world-report/2014/country-chapters/azerbaijan
[12] 2013-2014-cü illərdə daha çox tənqidçilərə qarşı ittihamlarda Cinayət Məcəlləsi, Vergi qanunvericiliyi, QHT-lər və Qrantlar haqqında qanunlardakı maddələrin kombinasiyasından istifadə olunub.
[13] European Parliament, Resolution of March 2023 on EU-Azerbaijan relations, (2021/2231(INI)), (C/2023/405), on Good governance, justice, rule of law and the fight against corruption, November 2023, para.47, https://eur-lex.europa.eu/legal-content/EN/TXT/PDF/?uri=CELEX:52023IP0082
[14] Scheppele, “Autocratic Legalism”, 546-550
[15] Landau, “Abusive Constitutionalism”, 195–202
[16] Council of Europe, “Support to justice sector reform initiatives in Azerbaijan”, 2018-2019, https://www.coe.int/en/web/implementation/azerbaijan-support-to-justice-sector-reform-initiatives-in-azerbaijan
[17]World Bank Group, “Smart Courts: Promoting Justice Transparency and Efficiency in Azerbaijan”, 2015, https://www.worldbank.org/az/news/feature/2015/10/17/promoting-judicial-transparency-and-efficiency-in-azerbaijan
[18] World Bank Group, “Azerbaijan: e-Courts and the digitalization of justice”, June 2021, available at: https://www.worldbank.org/en/events/2021/06/18/azerbaijan-e-courts-and-the-digitization-of-justice
[19] European Commission for Democracy through Law (Venice Commission), Preliminary Opinion on the draft modifications to the constitution, No. 864/2016, September 2016, available at: https://www.venice.coe.int/webforms/documents/default.aspx?pdffile=CDL-PI(2016)010-e
[20] International Commission of Jurists, “Azerbaijan: Security services ramp up attacks on independent lawyers and human rights defenders”, 2024, available at: https://www.icj.org/azerbaijan-security-services-ramp-up-attacks-on-independent-lawyers-and-human-rights-defenders/
[21] Human Rights Watch, “Azerbaijan: Crackdown on Independent Media”, November 2023, available at: https://www.hrw.org/news/2023/11/22/azerbaijan-crackdown-independent-media
[22] Human Rights Watch, “Harassed, Imprisoned, Exiled. Azerbaijan’s continuing crackdown on government critics, lawyers and civil society”, October 2016, available at: https://www.hrw.org/report/2016/10/20/harassed-imprisoned-exiled/azerbaijans-continuing-crackdown-government-critics
[23] Free Voices Collective, “The government of Azerbaijan continues to silence and intimidate civil society through aggravated charges and travel bans”, 2025, available at: https://freevoicescollective.org/the-government-of-azerbaijan-continues-to-silence-and-intimidate-civil-society-through-aggravated-charges-and-travel-bans/
[24] European Implementation Network, “Persecution of journalism: the case of Khadija Ismayilova”, June 2020, available at: https://www.einnetwork.org/blog-general/2020/6/18/persecution-of-journalism-the-case-of-khadija-ismayilova
[25] Council of Europe, Partnership for Good Governance, Analysis of Azerbaijani Legislation on Freedom of Expression, para.2.4, p.8, available at: https://rm.coe.int/azerbaijan-analysis-of-legislation-on-freedom-of-expression-december-2/16808ae03d
[26] Barberis CF, Huseynli M., “Obliged to hate: The successful stigmatization of anti-war voices in Azerbaijan”, Cambridge University Press, Review of International Studies, published online 2025:1-18
[27] Landau, David, “Abusive Constitutionalism,” UC Davis Law Review, Vol. 47, 2013, p.191-195
[28] Scheppele, “Autocratic Legalism”, s. 567-575
[29]International Center for Not-for-Profit Law (ICNL), “Assessment of the legal framework for NGOs in Azerbaijan”, July 2017, https://www.icnl.org/wp-content/uploads/our-work_Assessment_NGO-Law-Azerbaijan-Oct-2017-fv.pdf
[30]Council of Europe, “Bringing the law and practice related to NGOs in the republic of Azerbaijan into compliance with European standards”, April 2017, available at: https://rm.coe.int/azerbaijan-ngo-legislation-full-final-/16808aee81
[31]Council of Europe, Analysis of Azerbaijani legislation on access to information, 2017, available at: https://rm.coe.int/azerbaijan-analysis-of-legislation-on-access-to-information-december-2/16808ae03c
[32] International Commission of Jurists, “Azerbaijan: briefing paper on new legislation restricting court representation by lawyers”, 2018, available at: https://www.icj.org/wp-content/uploads/2017/12/Azerbaijan-legalsubmission-accesstoalawyer-2017-eng.pdf
[33] Joint opinion on the law on political parties, European Commission for Democracy through Law (Venice Commission), 134th Plenary session, March 2023, available at: https://www.osce.org/files/f/documents/1/4/543922.pdf
[34]Joint opinion on the Law on Political Parties, European Commission for Democracy through Law (Venice Commission) and Directorate general of Human Rights and Rule of Law (DGI) of the Council of Europe, 131st Plenary session, June 2022, available at: https://www.venice.coe.int/webforms/documents/default.aspx?pdffile=CDL-AD(2022)009-e
[35] International Trade Administration, Investment Climate Statement, November 2023, available at: https://www.trade.gov/country-commercial-guides/azerbaijan-investment-climate-statement
[36] Varol Ozan O., “Stealth Authoritarianism”, Iowa Law Review, 2014, available at: https://ssrn.com/abstract=2428965
[37] Human Rights Watch, “Azerbaijan uses old criminal case to ramp up repression”, April 2025, available at: https://www.hrw.org/news/2025/04/29/azerbaijan-uses-old-criminal-case-ramp-repression
[38] Scheppele, “Autocratic Legalism”, p. 562
[39] Scheppele, “Autocratic Legalism”, p. 574
[40] Ginsburg, “How authoritarians use international law”, p.44-58.
[41] Scheppele, “Autocratic Legalism”, p. 571
[42] Scheppele, Kim Lane, “Law in a Time of Emergency: States of Exception and the Temptations of 9/11”, University of Pennsylvania Journal of Constitutional Law, Vol. 6, No. 5, 2004, p. 1046.

