fbpx

Cəmiyyət

Cəmiyyət

Orta təhsildə islahatlar və eksperimentlər

Read this article on other language
Download article
image_pdf
image_pdf

Azərbaycanın müstəqillik qazanmasından 30 ilə yaxın zaman ötür. Bu müddət ölkənin strateji hədəflərinə yetişməyə imkan verən təhsil sisteminin qurulması, kosmik sənayedən tutmuş nanotexnologiyaların, tibb sənayesinin və alternativ enerji mənbələrinin inkişafınadək yüksək bilik tələb edən ən müxtəlif sahələr üzrə bilik-bacarıqlara malik yeni nəslin yetişdirilməsi üçün heç də qısa zaman deyil. Təhsil siyasətinə məsul qurumların ötən dövrə qiymət verən, konkret kəmiyyət və keyfiyyət göstəriciləri əsasında ölkənin təhsil sistemini, qazanılan uğurları və itirilən imkanları dəyərləndirən müfəssəl bir hesabatı sahə üzrə ixtisaslaşmış beyin mərkəzləri, müstəqil araşdırmaçılar, əmək bazarını müntəzəm diqqətdə saxlayan biznes sektoru üçün mühüm istinad mənbəyi ola bilərdi…

Təbii resursların kəskin asılılığından qurtularaq şaxələnmiş iqtisadiyyat qurmaq istəyən ölkə üçün təhsilin inkişafı ikiqat əhəmiyyət daşıyır. Ən müxtəlif beynəlxalq araşdırma mərkəzlərinin qiymətləndirmələri də göstərir ki, hazırda inkişaf etmiş ölkələrdə insan kapitalının dəyəri fiziki kapitalın, o cümlədən onun tərkib hissəsi olan təbii resursların dəyərini əhəmiyyətli dərəcədə üstələyir. Hazırda dünyanın istər iqtisadi, istərsə də vətəndaşlarının rifahı baxımından ən yüksək inkişafa malik ilk 10 ölkəsinin siyahısına baxılarsa, bu ölkələrin həm də təhsilin ən üst səviyyədə inkişaf etdiyi ölkələr olduğu aydınlaşar.

Deyilənlərdən çıxış etsək, 2017-ci ili Azərbaycanın təhsil sistemi, təhsil siyasətini hazırlayan və həyata keçirən təsisatlar üçün hesabat ili də saymaq olar. Çünki son 10 ildən artıq bir zaman çərçivəsində təhsil sahəsində rəsmi təbliğatın aparıcı xətti yeni tədris proqramına keçid olub. Rəsmi izaha görə, yeni milli kurikulumun tətbiqi ümumtəhsil məktəblərində tədris olunan fənlərin cəmiyyətin tələbatına uyğun təkmilləşdirilməsini, təlimdə interaktivliyi təmin etməli, şagirdlərdə düşünmə və təfəkkürü inkişaf etdirnəklə onları əzbərçilikdən uzaqlaşdırmalı idi. Yeni sistem qruplarda mükaliməyə və “beyin həmləsi”nə əsaslanan qarşılıqlı müzakirələrin təşkilinə, hər bir şagirdin həm qrup daxilində, həm də fərdi əsaslarla təlim prosesinə cəlb olunmasına imkan yaratmalı idi. Ənənəvi mexanizmlərdən imtina şagirdlərin biliyinin qiymətləndirilməsi ilə də bağlı yeni mexanizmlər və fərqli məzmun standartı ortaya qoydu.

Rəsmi izahlarda biliyin qiymətləndirilməsi üçün təklif olunan yeni üsulların öncəki (ənənəvi) metodlardan fərqləri önə çəkilir. Məsələn, ənənəvi dəyərləndirmənin əsasən şagirdlərin biliklərini, yeni mexanizmin isə nailiyyətlərini qiymətləndirdiyi vurğulanır. Yaxud əvvəlki sistemin yalnız gündəlik və yekun ölçməyə əsaslandığı, yeni sistemin isə tədris prosesinin bütün mərhələləri üzrə diaqnostik (şagirdin ilkin bilik və bacarığının ölçülməsi), formativ (şagirdin zəif və güclü tərəflərini qiymətləndirmək üçün bütün tədris boyu monitorinq) və summativ (son nəticəni ölçmək üçün daxili və xarici dəyərləndirmə) qiymətləndirməni həyata keçirdiyi bildirilir.

Yeni məzmun standartına görə, şagirdlərin qazandığı biliklər praktik çalışmalarda tətbiq ediləcəksə, onların məntiqi düşünmə qabiliyyəti daha da güclənəcək. Eyni zamanda, şagirdlərin gördüyü təsvirlər haqda mühakimələrə şərait yaradılması, çıxışlarında bədii təsvirlərdən və emosional fəaliyyətlərdən (şərh etmək, reaksiya vermək, rəqs etmək) geniş istifadə, nitq qabiliyyətinin gücləndirilməsi məzmun dəyişikliklərinin əsas hədəfləri sırasında idi.

Beləliklə, sadalanan arqumentləri yeni tədris proqramının mahiyyəti və fərqləndirici cəhətləri ilə bağlı islahat təkliflərini hazırlayan və tətbiq edən rəsmi tərəfin ümumiləşdirilmiş mövqeyi kimi də qəbul etmək olar.

Yeni tədris proqramı və təlim üsulları əsasında şagird qəbulu ilk dəfə 2008-ci ildə həyata keçirildi və həmin il 122 546 nəfər şagird orta ümumtəhsil müəssisələrinə ayaq basdı. 2017-ci ilə həmin uşaqlar 9-cu sinfi başa vurdular və əldə etdikləri nəticələrin qiymətləndirilməsi üçün Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən buraxılış imtahanlarına cəlb edildilər. Bu imtahanları ümumtəhsil sistemi ilə bağlı 10 illik islahatların ilk rəsmi qiymətləndirilməsi də saymaq olar. Əslində, Təhsil Nazirliyinin statistik məlumatlar əsasında kurikulum islahatlarının 10 illiyinə öz baxışını əks etdirən obyektiv bir hesabat hazırlayıb ictimaiyyətə açıqlaması, ictimai müzakirələr təşkil etməsi daha doğru olardı. Çünki cəmiyyət qarşısında rəsmi öhdəlik bu idi ki, yeni islahatlar sizin övladlarınızın gələcəyini daha parlaq qurmağa, onları daha bilikli etməyə təminat verir. Və bu islahatlara əsaslanan təhsil sisteminə 10 ildə milyardlarla manat ictimai vəsait xərclənib. Xərclənən pulların nəticəsi və səmərəsi ilə bağlı faktlara söykənən rəsmi cavab mütləq olmalı idi.

DİM-in statistik məlumatları əsasında Bakı Araşdırma İnstitutu ekspertlərinin hazırladığı analizə keçməzdən öncə kurikulum islahatlarının tərkib hissəsi kimi 2009-2017-ci illərdə hökumətin atdığı addımların qısa xülasəsinə baxmaq vacibdir.

2009-cu il yanvarın 13-də hökumətin 9 saylı qərarı ilə «Azərbaycan Respublikasının ümumi təhsil sistemində Qiymətləndirmə Konsepsiyası» təsdqilənib. Sənədə əsasən, yeni qiymətləndirmə sistemi:

  • təhsilin keyfiyyəti üçün əsas göstərici olan “şagirdin təlim nəticələri” barədə etibarlı məlumat verilməsini;
  • qiymətləndirmə vasitəsilə şagirdin bilik və bacarıqları haqqında kifayət qədər məlumat almaqla fənn kurikulumlarında və dərsliklərdə uyğun dəyişikliklərin aparılmasını;
  • yaddaşa əsaslanan qiymətləndirmənin əksinə olaraq məntiqi təfəkkür vərdişlərinin inkişafını təmin etmə

Konsepsiyaya əsasən, şagirdlərin nailiyyətləri 4 səviyyəyə bölünür: 1 və 2-ci səviyyə aşağı, 3-cü səviyyə yüksək, 4-cü səviyyə istedadlı şagirdlərin nail olduğu səviyyə kimi təsbit edilib. Eyni zamanda, 9 və 11-ci siniflər üçün mərkəzləşdirilmiş qaydada buraxılış imtahanları, yerdə qalan siniflər üzrə məktəbdaxili qiymətləndirmənin aparılması nəzərdə tutulur. Hazırda 9-cu sinifdə tədris dilindən (Azərbaycan dili tədris olunan məktəblərdə Azərbaycan dili, rus sektorunda rus dili) və riyaziyyat fənnindən, 11-ci sinifdə isə tədris dili, riyaziyyat və xarici dil fənlərindən imtahan götürülür. Sənəddə vurğulanır ki, məhz milli səviyyədə qiymətləndirmə təhsilin keyfiyyətinə nəzarət etmək üçün müəyyən tədris dövrünün sonunda mütəmadi olaraq həyata keçirilən və şagird nailiyyətlərinin qiymətləndirilməsini təmin edən sistemdir. Bu sistemin qarşısına qoyduğu əsas hədəflər isə şagirdlərin təlim nəticələrində zəif və güclü tərəflərini aşkar etmək, ümumi mənimsəmə səviyyəsini və onun dinamikasını aşkarlamaq, ölkədə təhsil siyasətinin müəyyənləşdirilməsi üçün zəruri məlumatlar toplamaq və məsul subyektlərin cavabdehlik səviyyəsini artırmaq kimi mühüm məsələlərdən ibarətdir.

“Təhsil haqqında” yeni qanun isə 2009-cu ilin iyunundan qüvvəyə mindi. Qanunda həm təhsil alanların, həm də təhsil verənlərin hüquq və vəzifələri, təhsil müəssisələrinin idarə edilməsi prinsipləri, təhsil sahəsində dövlətin vəzifələri əks etdirilib. Sənədə görə, ümumtəhsil pilləsi təhsilalanlara elmlərin ümumi əsaslarının öyrədilməsini, zəruri bilik, bacarıq və vərdişlərin aşılanmasını, onların həyata və əmək fəaliyyətinə hazırlanmasını, fiziki inkişafını, müxtəlif yaradıcılıq qabiliyyətlərinin formalaşdırılmasını təmin etməlidir. Qanun ümumi orta (9 illik) təhsilin icbari olmasını nəzərdə tutur.

2010-cu il iyunun 3-də hökumətin 103 saylı qərarı ilə ümumi təhsil pilləsi ilə bağlı dövlət standartları və proqramları (kurikulumları) təsdiqləndi. Sənəddə ümumi təhsilə yönəlmiş əsas tələblər kimi nəticəyönümlülük və inteqrativlik prinsiplərinin tətbiqi, şagirdlərin potensialının aşkarlanması, müstəqil həyatda lazım olan zəruri biliklərin və əqli, informativ-kommunikativ bacarıqların aşılanmasının təmin edilməsi nəzərdə tutulur. Yeni dövlət standartlarına görə, ümumi təhsilin idarə olunması hesabatlılıq, məsuliyyətin bölüşdürülməsi və inkişafın monitorinqi prinsipləri əsasında həyata keçirilməli, hesabatlılıq nəticə etibarilə ümumi təhsilin həyata keçirildiyi müəssisədə kollektivin hər bir üzvünün cavabdehliyini təmin etməlidir.

Eyni zamanda, sənəd ümumi orta təhsili (9-cu sinfi) başa vurmuş şagirdlərin nələri bacarmalı olduqlarını da ətraflı müəyyən edir. Təhsilin bu pilləsinə gəlib çatmış uşaq dinlədiyi və oxuduğu müxtəlif üslubda və janrda olan mətnləri təhlil etməyi, onların məzmununu yığcam, həm də qismən geniş formada başqasına çatdırmağı, nitqin monoloq və dialoq formalarından istifadə etməyi, plan, tezis, layihə və rəy hazırlamağı, nümunələr və dəlillər vasitəsilə fikirlərini məntiqi cəhətdən əsaslandırmağı, müxtəlif fikirlərdə ifadə olunan başlıca məqamları ümumiləşdirməyi, hesablamalar və proqnozlaşdırma aparmağı, riyazi dildən istifadə etməyi, alqoritmlər qurmağı, ehtimallar irəli sürməyi, təlim prosesində yaradıcılıq tələb edən işləri müstəqil yerinə yetirməyi, xarici dildə ünsiyyət qurmağı və s. bacarmalıdır.

Nəhayət, ölkə prezidentinin 24 oktyabr 2013-cü il tarixli sərəncamı ilə “Təhsilin inkişafı üzrə Dövlət Strategiyası” təsdiqləndi. Sənədin strateji hədəfləri kimi şəxsiyyətyönlü təhsil məzmununun yaradılması, təhsil sahəsində insan resurslarının müasirləşdirilməsi, təhsildə nəticələrə görə cavabdeh, şəffaf və səmərəli idarəetmə mexanizmlərinin yaradılması kimi mühüm istiqamətlər müəyyən edilib. Bu hədəflər çərçivəsində təhsilverənlərin peşəkarlığının yüksəldilməsi, təhsilalanların nailiyyətlərinin qiymətləndirilməsi üzrə yeni sistemlərin qurulması, təhsilalanların istedadının aşkar olunması, bütün təhsil pillələri üzrə kurikulumların inkişaf etdirilməsi, təhsilin keyfiyyətinin təminatı və idarə olunması üzrə yeni məlumat və hesabat sistemlərinin yaradılması kimi istiqamətlərin reallaşdırılması nəzərdə tutulur.

Beləliklə, ötən 10 ildə orta təhsildə keyfiyyyətin yüksəldilməsi, şagird nailiyyətlərinin yaxşılaşdırılması istiqamətində xeyli addımlar atıldığı vurğulanır. Bu baxımdan qəbul edilən hüquqi sənədlərin, tətbiq olunan mexanizmlərin çoxluğu da diqqətdən kənarda qalmır. Hələ bu, ayrı məsələ ki, böyük neft pullarının axını dövründə ölkədə yüzlərlə yeni məktəb binası tikilib və rəsmi təbliğat infrastruktur yenidənqurmasını müntəzəm olaraq təhsil sisteminin əsas uğuru kimi təqdim edib. Hərçənd bütün addımların, mexanizmlərin nə dərəcədə keyfiyyətli olduğunu, hədəflərin nə dərəcədə doğru seçildiyini göstərən əsas indikator şagirdlərin nümayiş etdirdiyi nəticələrdir – xüsusilə də maraqlı tərəflərin (Təhsil Nazirliyi və məktəblər) apardığı daxili qiymətləndirmələrə deyil, müstəqil tərəfin (DİM-in) mərkəzləşdirilmiş qaydada reallaşdırdığı xarici qiymətləndirməyə əsasən ortaya çıxan nəticələrdən söhbət gedir. Bu baxımdan yeni təlim-tədris islahatlarının ilk mərhələsinin yekunlarını 2017-ci ilin yayında yeni sistemin ilk məzunlarından mərkəzləşdirilmiş qaydada götürülmüş imtahanların nəticələrinə əsasən nəzərdən keçirmək maraqlı olar.

Yeni tədris proqramı ilə təhsil alanların ilk buraxılış imtahanlarının statistik nəticələrinin analizi

Nazirlər Kabinetinin 12 dekabr 2016-cı il tarixli 498 saylı qərarı ilə təsdiqlənmiş “Ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsinin (attestasiyasının) aparılması Qaydaları”na əsasən, DİM ümumi orta təhsil (9 illik) səviyyəsi üzrə buraxılış imtahanını tədris Azərbaycan dilində aparılan ümumi təhsil müəssisələrində təhsil alan şagirdlər üçün – Azərbaycan dili və riyaziyyat fənlərindən, tədris rus dilində aparılan ümumi təhsil müəssisələrində təhsil alan şagirdlər üçün – rus dili və riyaziyyat fənlərindən olmaqla mərkəzləşdirilmiş qaydada iki mərhələdə keçirir. Birinci mərhələdə şagirdlərə Azərbaycan (rus) dilindən oxuyub-anlama və yazı bacarıqlarını yoxlamaq məqsədilə 10 açıq tipli (cavab variantları verilməyən və doğru cavabın müəyyənləşdirilib yazı ilə ifadə olunması tələb edilən test tapşırığı) sual verilir. Azərbaycan dilindən daha 10 sualın isə qapalı tipli (verilən cavab variantlarından 1 doğru cavabın müəyyənləşdirilib qeyd edilməsi tələb olunan test tapşırığı) olması nəzərdə tutulur.

Riyaziyyat fənnindən isə birinci mərhələdə şagirdlərə riyazi bacarıqları yoxlamaq məqsədilə 10 açıq tipli test tapşırığı təqdim edilir.

Ümumilikdə ilk mərhələdə şagirdlər tədris dilindən (Azərbaycan və ya rus dili) maksimum 30 bal, riyaziyyatdan maksimum 30 bal, inşa (esse) yazılması müqabilində maksimum 10 bal toplaya bilər. İnşanı (esseni) şagirdlər təqdim edilmiş mövzulardan birini könüllü seçməklə yazırlar. Lakin ümumi orta təhsil haqqında fərqlənmə attestatı almaq istəyən şagirdlər üçün inşa (esse) yazmaq məcburidir. Tədris prosesinin nəticələrinə görə fərqləndirici şəhadətnamə almaq hüququ qazanan şagirdlərin bu hüquqdan yararlanması üçün essedən maksimum 10 ballıq şkala üzrə ən azı 7 bal toplaması lazımdır. Buraxılış imtahanının birinci mərhələsində imtahan müddəti 2 saat 30 dəqiqədir. Test tapşırıqlarının yerinə yetirilməsinə 2 saat, inşanın (essenin) yazılmasına 30 dəqiqə vaxt ayrılır.

İkinci mərhələdə digər məzmun standartları üzrə bilik və bacarıqları yoxlamaq məqsədilə hər bir fənn üzrə 30, ümumilikdə 60 qapalı tipli test tapşırığı təqdim edilir. İkinci mərhələdə imtahan müddəti 1 saat 30 dəqiqədir. Bu mərhələdə şagirdlər hər fənn üzrə ayrı-ayrılıqda 70 bal toplaya bilər.

Beləliklə, qüvvədə olan qanunvericiliyə görə, 9-cu sinfi bitirən şagirdlərin bilikləri 2 fənn əsasında və hər fəndən 100 ballıq şkala ilə qiymətləndirilir.

İmtahan fənlərinə əsasən rayon və şəhərlərin nəticələrinin analizi

Başqa mühüm statistik göstərici bütövlükdə rayon və şəhərlər üzrə imtahan götürülən hər bir fənn üzrə orta balın səviyyəsidir. Məlumatların analizi göstərir ki, 2017-ci ildə 9-cu siniflərin buraxılış imtahanlarında heç bir rayon və şəhər üzrə tədris dilindən (Azərbaycan və rus dili) orta bal 30-dan aşağı olmayıb.

Ölkənin rayon və şəhərləri arasında tədris dilindən orta balı ən yüksək olan ərazilər əsasən şəhərlər, ən aşağı olanlar isə ölkənin müxtəlif iqtisadi rayonlarını təmsil edən kənd rayonlarıdır.  Dildən ən yüksək orta bala malik 10 rayon və şəhər üzrə imtahan verən məzunların sayı 46832 nəfər olub ki, bu da ölkə üzrə ümumi göstəricinin 43.4%-ni təşkil edir. Eyni zamanda, tədris dilindən orta balı ən aşağı olan 10 rayon (şəhər) üzrə imtahan verən məzunların ümumi sayı 10533 nəfər, yaxud bütün məzunların 9.8%-i qədər olub.

Tədris dili  üzrə balın ən aşağı və ən yüksək səviyyəsinə görə rayonlar (şəhərlər) arasında fərq 1.8 dəfəyə yaxın olub.

Tədris dilindən ən aşağı və ən yüksək orta bala malik ərazilər

Təqdim edilən məlumatlardan göründüyü kimi, tədris dilindən ən yüksək orta bal səviyyəsinə malik 10 inzibati ərazidən 7-si iri şəhərlər və paytaxt aqlomerasiyasına daxil yaşayış məntəqələri, yalnız 3-ü ölkənin kənd rayonlarıdır. Ən zəif nəticə nümayiş etdirən inzibati ərazi vahidləri isə əsasən cənub, aran və qərb regionlarına daxil olan rayonlardır.

Rayon və şəhərlərin hər biri üzrə tədris dilindən orta bal maksimum (100 bal) səviyyədən kifayət qədər aşağı olub. 60-dan yuxarı orta bal yalnız Bakı şəhərində fəaliyyət göstərən, Təhsil Nazirliyinin tabeliyində olan və özəl sektora aid liseylər üzrə qeydə alınıb. Həmin liseylərin ümumi sayı 61, imtahanda iştirak edən məzunlarının ümumi sayı isə 3077 nəfər (2017-ci ildə ölkə üzrə buraxılış imtahanlarında iştirak etmiş bütün 9-cu sinif məzunlarının 2.8%-i) olub.

Rayon və şəhərlərin tədris dilindən topladığı orta bala görə bölgüsü  

Tədris dili  üzrə orta bal 25 inzibati ərazi üzrə 31-40 bal, 39 inzibati ərazi üzrə 40.1-50 bal, 9 inzibati ərazi üzrə 50.1-68.6 bal intervalında olub.

Riyaziyyatdan buraxılış imtahanlarında ərazi üzrə toplanmış orta bal göstəricisinə görə də rayon və şəhərlər arasında xeyli fərqlər var.

Riyaziyyatdan ən aşağı və ən yüksək orta bala malik ərazilər

Nəticə çıxarılası məqamlardam biri budur ki, riyaziyyatdan ən yüksək bal toplamış 10 inzibati ərazidən 8-i tədris dilindən ən yüksək bal toplamış ərazi vahidləri ilə üst-üstə düşür. Yalnız Gəncə şəhəri və Abşeron rayonunun tədris dili üzrə ilk onluqdakı yerləri Şahbuz və Ordubad rayonlarına keçib.

Riyaziyyatdan ən aşağı bal toplayan 10 rayondan (şəhərdən) 5-i dil fənnindən ən zəif bal toplayan ərazilərlə eynidir. Bu inzibati vahidlərə Cəlilabad, Daşkəsən, Ağsu, Yardımlı və Kürdəmir rayonları daxildir. Tədris dilindən ən zəif bal toplamış digər 5 rayonu – Goranboy, Sədərək, Lerik, Ağcabədi və Sabirabad rayonlarını əvəzləyən ərazilər isə bunlar olub: Zərdab, Şəmkir, Tərtər, Gədəbəy və Qobustan.

Diqqəti cəlb edən başqa bir məqam budur ki, riyaziyyat üzrə şagird nailiyyətləri daha aşağı olub. Tədris dili üzrə ən yüksək göstərici əldə edən ilk 10 rayonun (şəhərin) balları 50-60 intervalında, riyaziyyatdan isə 40-50 aralığında olub; yaxud tədris dili üzrə ən aşağı göstərici əldə edən 10 rayonun (şəhərin) balları 30-40 intervalında, riyaziyyatdan isə 25-30 aralığında dəyişib.

Rayon və şəhərlərin riyaziyyatdan topladığı orta bala görə bölgüsü

73 rayon və şəhərdən heç birində riyaziyyat fənni üzrə orta bal 50-dən yüksək olmayıb; 13 rayon və şəhərdə 20-40 bal intervalında, yerdə qalan 60 inzibati ərazi vahidi üzrə 40.1-50 bal intervalında dəyişib.

Orta bal göstəricisinə görə hər iki fənn üzrə nəticələrin üst-üstə düşməsi meyarından çıxış etsək, 9 illik buraxılış imtahanlarında ən yaxşı nəticəni 8 rayon (şəhər), ən pis nəticəni isə 5 inzibati vahid nümayiş etdirib. Ən yaxşı göstəriciyə malik ərazilərə Bakı, Sumqayıt, Mingəçevir, Naftalan və Naxçıvan şəhərləri, Oğuz, Qax və Qubadlı rayonları daxildir. Analoji meyara görə ən zəif nəticə göstərən ərazilər isə Cəlilabad, Daşkəsən, Ağsu, Yardımlı və Kürdəmir rayonları olub.

Buraxılış imtahanlarının birinci mərhələsində bütün rayonlar (şəhərlər) üzrə 26703 məzun inşa (esse) yazıb ki, onlardan 13388 nəfəri və ya 50.1%-i Bakı, Sumqayıt və Abşeronun, 13315 nəfəri (49.9%) yerdə qalan inzibati ərazi vahidlərinin payına düşüb. Ümumilikdə imtahanda iştirak edən bütün məzunların 24.8%-i inşa yazıb. Öz növbəsində, esse yazanların 6272 nəfəri, yaxud 23.5%-i fərqləndirici şəhadətnamə almaq üçün tələb olunan 7 və daha yüksək bal qazana bilib.

Esse yazan məzunların bütün imtahan iştirakçılarına nisbəti baxımından rayon və şəhərlər arasında kəskin fərq olub.

Rayon və şəhərlər üzrə esse yazan şagirdlərin bütün imtahan iştirakçılarına nisbəti, %-lə

Göründüyü kimi, 26 rayon (şəhər) üzrə bütün məzunların maksimum 10%-i inşa yazıb. Bu qrupa daxil olan rayonlardan bəzilərində ya ümumiyyətlə esse yazan olmayıb, ya da bu göstəricinin səviyyəsi çox aşağı olub. Məsələn, Lerik və Kəngərli rayonlarında buraxılış imtahanlarında iştirak edən şagirdlərdən heç biri esse yazmayıb. Xızı, Gədəbəy və Zəngilan rayonları üzrə isə həmin göstərici 0.3-0.7% intervalında dəyişib.

Yerdə qalan inzibati ərazi vahidlərinə gəldikdə, esse yazanların bütün məzunlara nisbəti 16 rayon (şəhər) üzrə 10.1-20%, 17 rayon (şəhər) üzrə 20.1-30%, 8 rayon (şəhər) üzrə 30.1-40%  aralığında olub. Cəmi 5 rayonda (Beyləqan, Goranboy, Şamaxı, Ağstafa və Ucar) bütün məzunların 40-50%-i esse yazıb.

Məzunların göstərdiyi nəticələrə əsasən rayon və şəhərlər üzrə statistik müqayisə

Ümumilikdə 73 inzibati ərazi vahidi (rayon və şəhər) üzrə buraxılış imtahanları təşkil edilib.  İmtahanda iştirak edən məzunların sayı 107417 nəfər olub və onlardan 37003 nəfəri, yaxud 34.4%-i Böyük Bakı ərazisində (Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu), 70414 nəfəri (65.6%) isə ölkənin yerdə qalan regionlarında fəaliyyət göstərən məktəblərdə təhsil alıb.

Həm tədris dilindən (Azərbaycan və rus dili), həm də riyaziyyat fənnindən aşağı (0-30 bal) və yüksək nəticə (70-100 bal) göstərən şagirdlərin ümumi məzunlarda payına görə ölkənin regionları arasında xeyli fərqlər var.

Dil imtahanından 30-dan aşağı və 70-dən yüksək bal toplamış məzunların ümumi məzunlara nisbətinə görə ən aşağı və ən yüksək göstəriciyə malik rayonlar (şəhərlər) 

 Tədris dilindən 30-dan aşağı bal toplayan məzunların bütün məzunlara nisbəti, %-ləTədris dilindən 70-dən yuxarı bal toplayan məzunların bütün məzunlara nisbəti, %-lə
Ən yaxşı göstəriciyə malik 10 əraziƏn yaxşı göstəriciyə malik 10 ərazi
  1.  
Sumqayıt13.1%Sumqayıt36.1%
  1.  
Bakı17.1%Naftalan31.3%
  1.  
Naxçıvan şəhəri17.8%Mingəçevir28.9%
  1.  
Mingəçevir20.0%Naxçıvan şəhəri28.3%
  1.  
Qubadlı20.5%Bakı27.6%
  1.  
Abşeron21.1%Abşeron25.6%
  1.  
Oğuz21.9%Qubadlı25.0%
  1.  
Qax23.6%Oğuz23.5%
  1.  
Naftalan23.8%Gəncə23.1%
  1.  
Gəncə24.1%Qax23.1%
Daha aşağı göstəriciyə malik 10  əraziDaha aşağı göstəriciyə malik 10  ərazi
  1.  
Yevlax46.9%Yevlax10.1%
  1.  
Ağcabədi47.5%Sabirabad9.9%
  1.  
Saatlı47.8%Kürdəmir9.7%
  1.  
Ağsu48.5%Yardımlı8.2%
  1.  
Yardımlı50.2%Sədərək8.1%
  1.  
Sabirabad51.0%Qusar8.0
  1.  
Kürdəmir53.0%Cəlilabad7.5%
  1.  
Cəlilabad53.1%Ağsu7.4%
  1.  
Gədəbəy55.1%Gədəbəy7.4%
  1.  
Daşkəsən56.0%Daşkəsən7.4%

Məsələn, dil imtahanından 30-dan az bal toplayan şagirdlərin bütün məzunlara nisbəti göstəricisinə görə ən yaxşı göstəricilər Bakı, Sumqayıt, Mingəçevir, Naftalan, Gəncə və Naxçıvan şəhərlərində, həmçinin Abşeron, Qubadlı, Qax və Oğuz rayonlarında qeydə alınıb.  Bu inzibati vahidlər içərisində bütün məzunların 13.1%-dən (Sumqayıt şəhəri) 24.1%-ə qədəri (Gəncə şəhəri) 30-dan aşağı bal toplayıb. Halbuki Yevlax, Ağcabədi, Saatlı, Yardımlı, Gədəbəy və Daşkəsən kimi rayonlarda həmin göstəricinin səviyyəsi 47-56% intervalında dəyişib. Göründüyü kimi, tədris dilindən aşağı bal toplayanların nisbətinə görə ən yaxşı və pis göstərici arasında fərq bir neçə dəfədir. Məsələn, ən yaxşı göstəriciyə görə 1-ci sırada olan Sumqayıtda hər 100 şagirdən 13-ü, ən zəif göstəriciyə görə sonuncu sırada olan Daşkəsəndə isə hər 100 şagirdən 56 nəfəri 30-dan az bal toplayıb. Yaxud dil imtahanından 70-dən çox bal toplayan məzunların bütün məzunlara nisbətinə görə Sumqayıt 36.1%-lə birinci, Daşkəsən 7.4%-lə sonuncu yerdə qərarlaşıb.

DİM-in statistik məlumatlarından aydın olur ki, 9 illik təhsil üzrə buraxılış imtahanlarında riyaziyyat fənnindən şagird nailiyyətləri daha aşağıdır.

Riyaziyyatdan 30-dan aşağı və 70-dən yüksək bal toplamış məzunların ümumi məzunlara nisbətinə görə ən aşağı və ən yüksək göstəriciyə malik rayonlar (şəhərlər)

 Riyaziyyatdan 30-dan aşağı bal toplayan məzunların bütün məzunlara nisbəti, %-ləRiyaziyyatdan 70-dən yuxarı bal toplayan məzunların bütün məzunlara nisbəti, %-lə
Ən yaxşı göstəriciyə malik 10 əraziƏn yaxşı göstəriciyə malik 10 ərazi
1.Sumqayıt30.4%Şahbuz22.8%
2.Mingəçevir30.9%Naxçıvan şəhəri22.1%
3.Naxçıvan şəhəri31.2%Mingəçevir20.9%
4.Şahbuz34.2%Sumqayıt20.3%
5.Bakı35.6%Qax19.7%
6.Gəncə36.1%Şəki16.3
7.Qax37.2%Ordubad16.2%
8.Qubadlı38.1İsmayıllı15.8%
9.Oğuz39.0%Gəncə15.2%
10.Siyəzən42.2%Naftalan15.0%
Daha aşağı göstəriciyə malik 10 əraziDaha aşağı göstəriciyə malik 10 ərazi
11.Ağsu63.4%Gədəbəy6.2%
12.Tərtər64.0%Zərdab6.0%
13.Sabirabad64.2%Tərtər5.8%
14.Şəmkir64.4%Sədərək5.8%
       15.Hacıqabul64.5%Zəngilan5.8%
16.Gədəbəy65.2%Ağsu5.6%
17.Daşkəsən65.4%Şəmkir4.9%
18.Yardımlı65.8%Qobustan4.8%
19.Kürdəmir69.0%Cəlilabad4.5%
20.Cəlilabad70.4%Daşkəsən3.9%

Məlumatlardan göründüyü kimi, riyaziyyat fənnindən göstəricilər o qədər pisdir ki, hətta bütün məzunlarının 42.2%-i 30-dan aşağı bal toplamış Siyəzən rayonu bu göstəricinin səviyyəsinə görə 10 ən yaxşı rayonun (şəhərin) sırasına daxil ola bilib. Bu göstəriciyə görə ən yaxşı vəziyyət Sumqayıtda olub və şəhər üzrə bütün 9 illik məzunların 30.4%-i riyaziyyat fənnindən 30-dan aşağı bal topayıb. Ən pis göstərici isə Cəlilabadda qeydə alınıb və rayon üzrə bütün 9 illik məzunların 70.4%-nin riyaziyyatdan topladığı bal 30-dan aşağı olub.

70-dən yuxarı bal toplayan şagirdlərin bütün məzunlara nisbəti göstəricisinə görə ən yaxşı göstəricilər Sumqayıt, Mingəçevir, Naftalan, Gəncə və Naxçıvan şəhərlərində, həmçinin Şahbuz, Qax, Ordubad, Şəki və İsmayıllı rayonlarında qeydə alınıb. Bu inzibati vahidlər içərisində bütün məzunların 15%-dən (Naftalan şəhəri) 22.8%-ə qədəri (Şahbuz rayonu) 70-dən yuxarı bal toplayıb. 70-dən yuxarı bal toplayan məzunların nisbətinə görə ən aşağı göstəricisi olan ərazilər  Zərdab, Tərtər, Ağsu, Zəngilan, Qobustan, Cəlilabad, Gədəbəy, Sədərək, Şəmkir və Daşkəsən rayonları olub; bu rayonlar üzrə bütün məzunların cəmi 3.8%-dən (Daşkəsən rayonu) 6.2%-ə qədəri (Gədəbəy rayonu) 70-dən yuxarı bal toplaya bilib.

İmtahanların nəticələrinə əsasən şəhər və kənd məktəblərinin müqayisəsi

Buraxılış imtahanlarının kənd və şəhər məktəbləri üzrə müqayisəli analizi təhsil səviyyəsi ilə bağlı mənzərəni daha aydın görməyə imkan verir. DİM-in statistik bazasına əsasən, 2017-ci ildə ölkə üzrə 4079 məktəbdə 9-cu siniflər üçün buraxılış imtahanları keçirilib. Bu bazaya söykənməklə kənd və şəhər məktəblərinin nəticələri üzrə müqayisəli təhlil apardıqda əraziləri tam və ya qismən işğal altında olan rayonları kənara qoymaq, onları ayrıca təhlilə cəlb etmək lazım gəlir. Çünki bu rayonların bir çoxuna aid məktəblər adsız, yalnız sıra nömrəsi (məsələn, 102 saylı Laçın orta ümumtəhsil məktəbi) ilə, həmçinin kənd və şəhər bölgüsü aparılmadan təqdim edilib.

DİM-in məlumatına görə, 2017-ci ildə 9-cu siniflərdə buraxılış imtahanları keçirilən 4077 məktəb üzrə 107417 məzun imtahana qatılıb. Onlardan 571 məktəb üzrə 7000 şagird əraziləri işğal altında olan rayon və şəhərlərə aid olub. Bu inzibati ərazi vahidlərinə Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan, Kəlbəcər, Laçın, Şuşa, Xocalı və Xocavənd rayonları daxildir.

Rəsmi statistikada mövcud olan çətinlik nəzərə alınaraq kənd və şəhər məktəbləri üzrə müqayisəli analizə işğal olunmuş ərazilərin məlumatları daxil edilməyib.

Beləliklə, işğal edilmiş rayonlara aid məktəblər çıxılmaqla 2017-ci ildə 3506 orta təhsil müəssisəsində 9 illik təhsil üzrə buraxılış imtahanları keçirilib. Bunlardan 934 məktəb şəhərlərdə, 2572 məktəb isə kəndlərdə fəaliyyət göstərib. Təhlilə cəlb edilən 9-cu sinif şagirdlərinin 58975 nəfəri və ya 58.7%-i şəhərlərdən (paytaxt Bakı, respublika tabeli və rayon tabeli bütün şəhərlər daxil olmaqla), 40912 nəfəri, yaxud 41.3%-i isə kəndlərdən məzun olub.

Tədris dili üzrə orta bal səviyyəsinə görə şəhər və kənd məktəblərinin bölgüsü

Məlumatlardan göründüyü kimi, ana dili (və ya rus dili) üzrə buraxılış imtahanından orta balı 30-dan aşağı olan kənd məktəblərinin bütün kənd məktəblərinə nisbəti 21% təşkil etdiyi halda, şəhər məktəbləri üzrə həmin göstərici cəmi 3.7% təşkil edib. Say etibarı ilə 544 kənd, 34 şəhər məktəbi üzrə tədris dilindən orta bal 30-dan aşağı olub. Bununla yanaşı, tədris dilindən orta balı 50-dən yüksək olan məktəblərin nisbətinə görə kənd məktəbləri şəhər məktəblərindən əhəmiyyətli dərəcədə geri qalır: orta balı 50-dən yüksək olan kənd məktəbləri bütün kənd məktəblərinin cəmi 11.4%-ni (297 məktəb) təşkil etdiyi halda, şəhər məktəbləri üzrə analoji göstərici 53% (485 məktəb) olub.

Riyaziyyat üzrə buraxılış imtahanında da kənd məktəblərinin nəticələri şəhər məktəblərindən əhəmiyyətli dərəcədə geri qalıb.

Riyaziyyatdan orta bal səviyyəsinə görə şəhər və kənd məktəblərinin bölgüsü

Məlumatlardan göründüyü kimi, riyaziyyat üzrə imtahandan orta balı 30-dan aşağı olan kənd məktəblərinin bütün kənd məktəblərinə nisbəti 54% (1398 məktəb) təşkil etdiyi halda, şəhər məktəbləri üzrə həmin göstərici 15.0% (137 məktəb) olub. Bundan əlavə, riyaziyyat fənni üzrə orta balı 50-dən yüksək olan kənd məktəbləri bütün kənd məktəblərinin cəmi 1.1%-ni təşkil etdiyi halda, şəhər məktəbləri üzrə analoji göstərici 14.4% olub.

Məzunların nəticələrinə görə şəhər və kənd məktəblərinin müqayisəsi

Məktəblərlə yanaşı, ayrıca məzunların performansına görə də kənd və şəhər məktəblərinin müqayisəsini aparmaq mənzərəni daha da aydınlaşdırar.

Məzunların tədris dilindən performansına görə şəhər və kənd məktəblərinin bölgüsü

Məzunların ana dili imtahanlarında göstərdiyi nəticələrə görə kənd məktəbləri ilə şəhər məktəbləri arasında fərq belədir: bütün kənd məzunlarının 49.2%-i, şəhər məzunlarının isə 32.8%-i 30-dan aşağı bal toplayıb. Bu fəndən 70-100 intervalında bal toplamış kənd məzunlarının bütün kənd məzunlarına nisbəti 10% təşkil etdiyi halda, şəhər məktəbləri üzrə həmin göstərici 26.7% olub.

Dil imtahanı ilə müqayisədə riyaziyyat üzrə buraxılış imtahanlarının nəticələri arasında fərq daha böyükdür.

Məzunların riyaziyyatdan performansına görə şəhər və kənd məktəblərinin bölgüsü

Göründüyü kimi, 30-dan aşağı bal toplamış kənd məzunları bütün kənd məzunlarının 61.6%-ni təşkil edir, halbuki şəhər məktəbləri üzrə analoji göstərici 29.1% olub. Öz növbəsində, riyaziyyatdan 70-dən yüksək bal toplamış kənd məzunlarının nisbəti 7.1%, şəhər məzunlarının nisbəti isə 15.6% təşkil edib.

Nəhayət, şəhər və kənd məktəblərinin esse yazılışında göstərdikləri nəticələrin də müqayisəsi maraqlıdır. 2017-ci ildə 9 illik təhsil üzrə buraxılış imtahanlarında 25369 şagird esse yazıb. Onlardan 6773 nəfəri (26.7%-i) kənd, 18596 nəfəri (73.3%-i) isə şəhər məzunları olub. Eyni zamanda, esse yazan kənd məzunlarının cəmi 917 nəfəri və ya 13.5%-i fərqləndirici attestat almaq üçün tələb olunan 7 və daha yüksək bal qazana bilib (10 ballıq şkala üzrə). Halbuki esse yazan şəhər məzunlarının 5146 nəfəri, yaxud 27.7%-i 7-10 intervalında bal toplayıb.

Statistik analizin əsas nəticələri

Təxminən 10 il əvvəl tətbiqinə start verilmiş yeni tədris proqramları və standartları əsasında tədrisə başlayan ilk şagirdlər 2017-ci ildə 9 illik təhsil pilləsini başa vurdular və onların biliyinin mərkəzləşdirilmiş qaydada qiymətləndirilməsi həyata keçirildi. Bu imtahanlar həm də kurikulum islahatlarının 10 illik nəticələrini dəyərləndirmək üçün mənbə sayıla bilər.

Ölkənin bütün rayon və şəhərləri, ayrı-ayrı məktəblər üzrə statistik analizin əsas nəticələri kimi aşağıdakı məqamları vurğulamaq olar:

  • Dövlət İmtahan Mərkəzi bütün məktəblər üzrə buraxılış imtahanlarının statistik nəticələrini ictimailəşdirib, lakin təhsil sahəsində islahatlara məsul olan Təhsil Nazirliyi hələlik bu nəticələr əsasında kurikulum islahatlarının ilk mərhələsinin yekunlarını əks etdirən, imtahanların nəticələri, qazanılmış uğurlar, itirilmiş imkanlar, buraxılmış səhvlər və növbəti mərhələdə çıxarılmış dərslər əsasında atılacaq addımlarla bağlı ictimaiyyətə hesabat təqdim etməyib.
  • Ölkənin rayon və şəhərlərinin hamısında dil imtahanı üzrə orta bal göstəricisi maksimum (100 bal) səviyyədən kifayət qədər aşağı olub, heç bir ərazinin orta bal göstəricisi 60 bala çatmayıb. Nisbətən yüksək bal (68 bal) yalnız Bakı şəhərində Təhsil Nazirliyinə tabe olan və özəl sektora aid liseylərdə qeydə alınıb. Ümumilikdə 61 lisey üzrə 3077 (2017-ci ildə ölkə üzrə buraxılış imtahanlarında iştirak edən bütün 9-cu sinif məzunlarının 2.8%-i) məzun imtahanda iştirak edib.
  • Dil imtahanından ən yüksək bal iri şəhərlərdə qeydə alınıb: tədris dili üzrə orta bal Sumqayıtda 58, Bakı və Naxçıvan şəhərlərində 54 olub. Yerdə qalan bütün ərazilər üzrə bu göstərici aşağıdır.
  • Orta bal səviyyəsinə görə dil imtahanından ən yaxşı nəticə göstərmiş Sumqayıt şəhəri (58 bal) ilə ən zəif nəticəsi olan Goranboy rayonu (33.4 bal) arasında fərq 2 dəfədən bir qədər azdır.
  • Tədris dilindən orta bal səviyyəsinin daha yüksək olduğu 10 inzibati ərazidən 7-si iri şəhərlər və və Abşeron rayonu, yalnız 3 ölkənin kənd rayonlarıdır. Dil imtahanından ən zəif nəticə nümayiş etdirmiş inzibati ərazi vahidləri isə əsasən cənub, aran və qərb regionlarına daxil olan rayonlardır.
  • Nəticələri təhlil edilən 73 rayon və şəhərdən yalnız 9-da tədris dili üzrə orta bal səviyyəsi 50-60 bal intervalında olub. Öz növbəsində, 25 rayon və şəhər üzrə dil imtahanından ən aşağı orta bal səviyyəsi 30-40 bal intervalında dəyişib.
  • Dil imtahanı ilə müqayisədə riyaziyyat fənnindən daha aşağı nəticələr əldə edilib: ən yüksək nəticə göstərmiş rayon və şəhərin dil imtahanı üzrə orta balı 58 olduğu halda, riyaziyyat üzrə bu, 7 bal təşkil edib. Riyaziyyatdan ən yüksək bal (46.7) Şahbuz rayonunda, ən aşağı bal (25.2) Cəlilabad rayonunda qeydə alınıb.
  • Dildən ən yüksək bal toplamış 10 rayon və şəhərdən 8-i riyaziyyat fənnindən də ən yüksək bala malik ilk 10 rayonun sırasına daxil olub. Bu sıraya Sumqayıt, Bakı, Naxçıvan, Mingəçevir və Naftalan şəhərləri, Oğuz, Qax və Qubadlı rayonları aiddir.
  • Dildən ən zəif bal toplamış 5 rayon eyni səviyyədə aşağı nəticəni riyaziyyat imtahanında da nümayiş etdirib. Həmin ərazilərə Cəlilabad, Daşkəsən, Ağsu, Yardımlı və Kürdəmir rayonları daxildir.
  • 73 rayon və şəhərdən heç birində riyaziyyat fənni üzrə orta bal 50-dən yüksək olmayıb, 13 rayon və şəhərdə 20-40 bal intervalında, yerdə qalan 60 inzibati ərazi vahidi üzrə 40.1-50 bal intervalında dəyişib.
  • Dil imtahanından aşağı (30 baldan az) bal toplayan şagirdlərin nisbəti görə ən yaxşı vəziyyət Sumqayıtda olub – bütün məzunların cəmi 13.1%-i 30-dan aşağı bal toplayıb. Ən pis vəziyyat Daşkəsəndə qeydə alınıb – bütün məzunların 56%-i 30-dan aşağı bal toplayıb..
  • Dil imtahanından ən yüksək (70 baldan yuxarı) bal toplayan şagirdlərin nisbəti görə ən yaxşı göstərici Sumqayıtda (bütün məzunların 36.1%), ən zəif göstərici Daşkəsəndə (56%) olub.
  • Riyaziyyatdan ən aşağı (30 baldan az) bal toplayan şagirdlərin nisbəti görə ən yaxşı göstərici Sumqayıtda (bütün məzunların cəmi 30.4%-i), ən pis göstərici Cəlilabadda (70.4%) qeydə alınıb.
  • Riyaziyyatdan ən yüksək (70 baldan yuxarı) bal toplayan şagirdlərin bütün məzunlara nisbəti görə ən yaxşı göstərici Şahbuzda (bütün məzunların cəmi 36.1%), ən zəif göstərici Daşkəsəndə (3.9%) qeydə alınıb.
  • Bütün kənd məktəblərinin 21%-nin, şəhər məktəblərinin 3.7%-nin tədris dilindən orta balı 30-dan aşağı olub.
  • Bütün kənd məktəblərinin 11.4%-nin, şəhər məktəblərinin 53.0%-nin tədris dilindən orta balı 50-dən yüksək olub.
  • Bütün kənd məktəblərinin 54%-nin, şəhər məktəblərinin 15.0%-nin riyaziyyat fənnindən orta balı 30-dan aşağı olub.
  • Bütün kənd məktəblərinin 1.1%-nin, şəhər məktəblərinin 14.4%-nin riyaziyyat fənnindən orta balı 50-dən yüksək olub.
  • Kənd məktəblərini bitirən bütün məzunların 49.2%-i, şəhər məzunlarının 32.8%-i tədris dilindən 30-dan aşağı bal toplayıb.
  • Kənd məktəblərini bitirən bütün məzunların 10%-i, şəhər məzunlarının 26.7%-i tədris dilindən 70-dən yüksək bal toplayıb.
  • Kənd məktəblərini bitirən bütün məzunların 61.6%-i, şəhər məzunlarının 29.1%-i riyaziyyat fənnindən 30-dan aşağı bal toplayıb.
  • Kənd məktəblərini bitirən bütün məzunların 7.1%-i, şəhər məzunlarının 15.6%-i riyaziyyat fənnindən 70-dən yüksək bal toplayıb.
  • Buraxılış imtahanlarında iştirak edən bütün məzunların 25%-i (26703 nəfər) həmçinin inşa (esse) yazıb. Esse yazanların cəmi 23.5%-i (6272 nəfəri) fərqləndirici şəhadətnamə almaq üçün tələb olunan 7 və daha yüksək bal qazana bilib.
Paylaş
FacebookTwitter

Facebook Comment

abunə olun

BRI yerli və beynəlxalq auditoriyaya Azərbaycanla bağlı təhlil, rəy və araşdırmalar təqdim etmək məqsədi daşıyan müstəqil ekspertlər tərəfindən yaradılmış beyin mərkəzidir.

bg
For the full operation of the site you need to enable JavaScript in your browser settings.