fbpx

TƏRCÜMƏ

TƏRCÜMƏ

Rusiya Federasiyasının respublikalarında dil problemi

Read this article on other language
Download article
image_pdf
image_pdf

Rusiya respublikalarında 30-dan çox dil var ki, rus dili ilə bərabər şəkildə istifadə oluna bilərdilər, lakin onların çoxu tənəzzül dövrünü yaşayırlar.[i] Bunun niyə baş verdiyini izah edirik. Üç dili çıxmaq şərtilə, qalanlarının daşıyıcılarının sayı azalır.

Rusiyada bir neçə yüz dil var. Onların heç də hamısı dövlət dili olmaq üçün kifayət qədər yayılmayıb, lakin çoxu ən azı regional statusa iddia edə bilər. Yalnız tatar, başqırd, çeçen dillərində təxminən 6 milyon adam danışır. Lakin hər il iri regional dillərin daşıyıcıları azalır. “Если быть точным” (Daha dəqiq olsaq) layihəsi və Rusiya İqtisadi Məktəbi Rusiyada bu gün hansı dil siyasətinin həyata keçirildiyini və kiçik xalqlardan əlavə, hətta milli respublikalarda belə “ruslaşdırmadan” yayınmağın niyə çətin olduğunu izah edirlər.

Respublikalarda hansı dillərdə danışırlar

2020-2021-ci illərdə həyata keçirilmiş ümum-Rusiya siyahıyaalmasının nəticələrinə görə, Rusiyada 372-dən[ii] çox dildə danışırlar. Onlardan 133-ü[iii] Rusiya Elmlər Akademiyasının təsnifatına görə, Rusiya dillərinə aiddir. Yerdə qalanlar – xarici, süni və yaxud mövcud olmayan (məsələn 17 nəfər “sovet dilində” danışdığını qeyd edib) dillərdir. Daşıyıcılarının sayına görə lider rus dilidir, bu dildə əhalinin 99%-i, yaxud sorğuda iştirak edənlərin 134,3 milyon nəfəri danışır. Rus dilindən sonra daşıyıcılarının sayına görə sıralama ilə tatar dili (bu dildə 3,3 milyon nəfər danışır), çeçen dili (1,5 milyon nəfər), başqırd dili (1,08 milyon nəfər), çuvaş dili (700 min nəfər) və avar dili (654 min nəfər) gəlir.

Rusiya dilləri deyəndə nəyi nəzərdə tuturuq

Bütün bu dillər respublikaların dövlət dilləridir. Bu status o deməkdir ki, həmin dillər hakimiyyət orqanlarının fəaliyyətində, qanunvericilikdə, məhkəmə işlərində, təhsildə istifadə olunurlar. Ümumən 30-dan çox belə dil vardır (bəzi respublikalarda, məsələn Dağıstan və Qaraçay-Çərkəz Respublikalarında olduğu kimi dövlət dillərinin sayı ikidən çoxdur).

Dil daşıyıcıları barədə qiymətləndirilmənin əsaslandığı son siyahıyaalmanın keyfiyyəti ciddi suallar doğurur. Məsələn, demoqraf Aleksey Rakşa hesab edir ki, siyahıya alanların milli mənsubiyyət haqqında qeydləri 40 milyon halda qeyri-düzgün göstərilib (məsələn, kiminsə soyadı barədə siyahıya alanların şəxsi qənaətləri əsasında). Bu cür çatışmazlıqlara baxmayaraq, fikrini öyrəndiyimiz ekspertlər həmfikirdirlər ki, siyahıyaalma dil daşıyıcılarının say dəyişikliyində trendləri adekvat əks etdirir.

Əksər dövlət dillərinin daşıyıcılarının sayı son onilliklərdə azalıb. İstisnalar yalnız çeçen dili (1,5 milyon daşıyıcı, 2002-ci illə müqayisədə 13% çox), tuva dili (253 min, 4% çox) və Dağıstan dillərindən olan tat dilidir (3,2 min, 7% çox).

Rusiya Elmlər Akademiyasının Dilçilik İnstitutunun areal linqvistika sektorunun baş elmi işçisi Yuri Koryakov deyir ki, digər dillərin fonunda tuva və çeçen dilləri həqiqətən də pis qorunmurlar, evlərdə uşaqlar kütləvi şəkildə öz dillərində danışırlar, rus dilini bilməyənlərin ən böyük nisbətinə malik olanlar sırasındadırlar. Üstəgəl, bu dillərin daşıyıcıları olan toplumlarda doğuş nisbəti müqayisədə pis deyil və ailələrdə dilin geniş istifadəsi ilə birgə bu, dilin daşıyıcılarının sayının artmasına imkan verir.

Dövlət dili statusu olan bütün digər dillərin daşıyıcılarının sayı isə azalıb. Bu xüsusən fin-uqor dilləri üçün xarakterikdir. Belə ki, mari dilində danışanların sayı 43%, udmurt dilində danışanlarınkı 45%, mordva, mokşa-mordva, erzya-mordva dilində danışanların sayı 54% azalıb. Ən böyük düşüş karel dilində danışanların sayında baş verib (-74%). Karel dili ilə bağlı vəziyyət xüsusilə gərgindir, respublikalardakı dillərin daşıyıcıları arasında ən yüksək median yaş bu dilin daşıyıcılarına məxsusdur (64 yaş). Koryakov deyir ki, karellər çoxdan kütləvi şəkildə rus dilinə keçiblər, yalnız yaşlı nəslin nümayəndələri bəzi yerlərdə hələ də real təmasda karel dilindən istifadə edirlər. Uşaqlar və gənclər faktiki olaraq dili bilmirlər. Bundan savayı mümkündür ki, son illərdə Rusiya finləri kimi karellər də Finlandiyaya mühacirət ediblər.

EGIDS-in dillərin diriliyi dərəcəsinə əsasən, əgər dilin ən gənc daşıyıcıları yaşlı nəslin nümayəndələridirsə, onda dil “ölümə məhkumdur”. Dilə növbəti “yox olmaq ərəfəsində” dərəcəsi o vaxt verilir ki, şərait yaşlı nəslin nümayəndələrinin dildən istifadəsinə nadir hallarda ehtiyac yaradır (dillərin diriliyi məsələsi barədə növbəti bölümdə danışacağıq).

Həqiqətən də uşaqlar karel dilində demək olar ki, danışmırlar: bu dilin daşıyıcıları arasında 9 yaşa qədər uşaqlar yalnız 0,5%-i təşkil edir. Müqayisə üçün deyək ki, çeçen və tuva dillərinə aid vəziyyət əksinədir: bu dillərin daşıyıcılarının hər beşindən biri 9 yaşından kiçik uşaqlardır.

Kareliya yeganə respublikadır ki, orada yalnız rus dili dövlət dilidir. Məsələ burasındadır ki, karel dili latın əlifbasından istifadə edir, Rusiya Federasiyası qanunvericiliyinə əsasən isə bu ölkədə bütün dövlət dilləri kiril əlifbasında olmalıdırlar. Buna görə də karel dilinə dövlət dili statusu vermək üçün Rusiya Federasiyası Dövlət Dumasının xüsusi razılığı olmalıdır. Hal-hazırda karel dilinin rəsmi dil statusu var və yerli özünüidarə orqanları tərəfindən istifadə edilə bilər.

Ən diri dillər hansılardır

Linqvistlər dillərin yaşaya bilmək qabiliyyətini yalnız onların daşıyıcılarının sayı ilə qiymətləndirmirlər. Dilin diriliyinin ən vacib meyarı onun nəsildən-nəsilə ötürülməsidir. Rusiya Elmlər Akademiyası yalnız altı dilə yuxarı dirilik statusu tanıyır. Bunlar başqırd, çeçen, tuva, yakut, inquş və tatar dilləridir. Respublikaların dövlət və rəsmi statusu olan dillərinin təxminən yarısı nisbətən yaxşı kateqoriya sayılan 3B qrupuna daxildir. Lakin bu dillər əsasən kənd yerlərində istifadə olunur.

Bununla belə, dirilik vəziyyətinə görə heç biri rus dili ilə müqayisəyə gəlmir. Rusiya Elmlər Akademiyasının təsnifatına görə, rus dili yeganə dildir ki, ən yaxşı kateqoriya sayılan 4B statusundadır (stabil nəsildən-nəsilə keçərliliyi olan majoritar dildir və inkişaf etmiş dil infrastrukturu vardır).  Rusiya Elmlər Akademiyasının dillərin diriliyi haqqında məlumatlarına alternativi 2019-cu ildə Nature jurnalında dərc olunmuş tədqiqatda tapmaq mümkündür. Dilin statusunu müəyyənləşdirmək üçün müəlliflər EGIDS (Expanded Graded Intergenerational Disruption Scale – dilin nəsillərarası itməsinin genişləndirilmiş pilləli dərəcələndirilməsi) şkalasından istifadə edirlər.  Burada dillərin dirilik dərəcəsini təsnif edən 13 səviyyə vardır.

Bu təsnifata əsasən Rusiya respublikalarının dövlət dilləri içərisində ən yüksək pillədə olanlar adıge, altay, çeçen, yakut, tatar və kalmık dilləridir. Tədqiqatçılar onları regional dillər olan üçüncü qrupa aid edirlər (birinci qrupa beynəlxalq dillər, ikinci qrupa milli dövlət dilləri aiddir). Bu o deməkdir ki, bu dillər ölkə regionlarının daxilində təhsildə, professional fəaliyyətdə, mediada, yerli hökumətdə istifadə olunur.

Ən təhlükəli statuslardan biri, itməkdə olan dil statusu tat dilinə verilib. Bu dildə hələ valideyn ola biləcək yaşda insanlar danışsalar da, dil artıq uşaqlara ötürülmür.

Regionların “ruslaşması” niyə baş verir

Mütəxəssislər qeyd edirlər ki, Rusiyada dil siyasəti rus dilinin yayılmasına yönəlib. Avropa Şurasının Rusiyada etnik azlıqlar barədə sənədində deyilir ki, «azlıqlara yönəlik rəsmi siyasət <…> rus etnik mənsubiyyətinin və rus dilinin əhəmiyyətini ümummilli kimliyin əsası kimi vurğulayır.

Bir çox xüsusiyyətlərinə görə bu, sovet dövrünün mirasıdır. Əgər 1920-1930-cu illərdə SSRİ xalqlarının dilləri böyük dövlət dəstəyi alırdılarsa (latın əlifbası əsasında milli əlifbalar yaradılır, bir çox respublikalarda təhsil aktiv şəkildə ana dilində verilirdi), 1930-cu illərin ortalarından etibarən rus dilinin hər yerdə yayılması siyasəti yürüdülür və onu xalqlararası təmas dilinə çevirmək ideyası meydana gəlir.

Ana dillərində təhsil hələ qalsa da, rus dilinin xüsusi rolu haqqında fikirlər daha tez-tez səslənməyə başlayır. Rusiya Elmlər Akademiyasının akademiki Vladimir Alpatovun yazdığı kimi, “ciddi şəkildə belə təsəvvürlər hökm sürürdü ki, hər hansı dilin qrammatikası rus dilinə yaxın olduqca, o daha da mükəmməl olur”. 1938-ci ildə hökumət milli respublika və vilayətlərdə rus dilinin icbari öyrənilməsi haqqında qərar verir (1994-cü ilə qədər qüvvədə olub). Rus dili respublikalarda əvvəl də öyrənilirdi, lakin proses qat-qat daha az sistemli idi.

Bu gün rus dilinin vəziyyəti qat-qat yaxşıdır, lakin dövlət onun qorunması üçün getdikcə daha çox tədbirlərə əl atır. Belə ki, 2020-ci ildə Rusiya Federasiyası konstitusiyasına iki yüzdən çox düzəliş edilib. Bunların içində rus dilinin dövləti formalaşdıran xalqın dili olduğunu əks etdirən müddəa var. 2023-cü ilin fevralında «Dövlət dili haqqında» qanuna dəyişikliklər edildi, bu dəyişiklərdə rus dilinin xüsusi rolu qeyd edilir, başqa dillərdən alınma sözlərin istifadəsinə məhdudiyyətlər qoyulur.

Linqvist və azlıqların dillərinin qorunması üzrə mütəxəssis Vlada Baranova hesab edir ki, rus dilinin xüsusi mövqeyi barədə ideya həmin qanunun 2005-ci il versiyasında da təsbit olunmuşdu. Məsələn, qanunda qeyd olunurdu ki, «rus dilinin qorunması və dəstəklənməsi <…> Rusiya Federasiyası xalqlarının mənəvi mədəniyyətinin yüksəlişinə və qarşılıqlı zənginləşməsinə rəvac verir». O qeyd edir ki, «bununla yanaşı, digər dillərin dəstəklənməsi haqqında deklarativ tədbirlər hələ də mövcuddur. Mən deyərdim ki, xüsusi bir ruslaşdırma siyasəti yoxdur, lakin rus dilinin digər dillərdən daha qiymətli olması barədə ideya var».

2018-ci ildə Rusiya prezidenti ana dillərinin icbari tədrisinin ləğvi haqqında qərar imzaladı. Rusiya Federasiyası İctimai Palatasının təhsil komissiyasının sədr müavini Lyudmila Durova Kommersant qəzetinə müsahibəsində bu cür tədbirlərin görülməsi zərurətini “bəzi regionlarda rus dilinin sıxışdırılmaya məruz qalması tendensiyası” ilə izah edirdi. 2018-ci ilə qədər bəzi respublikalarda ana dilinin öyrənilməsi bütün uşaqlar üçün icbari idi (məsələn, Tatarıstan, Başqırdıstan, Komi).

Ana dilinin icbari tədrisinin ləğvi regionlarda etirazlara səbəb oldu. Fənn dərs cədvəlində qalır, lakin əgər əvvəl uşaqlar respublikanın dilini icbari öyrənirdilərsə, indi öyrənmək üçün rus dilini də seçmək olar və uşaqların Vahid Dövlət İmtahanına daha yaxşı hazırlaşması üçün valideynlər məhz belə də edirlər. Hələ qanuna dəyişikliklər müzakirə olunarkən 40 min adam bu dəyişikliklərə qarşı etiraz petisiyası imzalamışdı. Tatarıstanda qanunvericiliyə dəyişikliyi Rusiya xalqlarına qarşı diskriminasiya adlandırmışdılar.

Respublikalardan kənarda dilləri öyrənmək imkanları daha da məhduddur. «Maqarif» tatar təhsil və mədəniyyəti işçilərinin assosiasiyasının rəhbəri Marat Lotfullin deyir ki, «Tatarıstanda 1990-cı illərdə tatar dilində milli məktəblərin bərpası prosesi başladı, milli kadrların hazırlanmasına təkan verildi. Rusiyanın digər regionlarında isə əksinə tatar dili və ədəbiyyatı müəllimləri hazırlayan ixtisaslar, tatar uşaq bağçaları, məktəbləri bağlanırdı».

O hesab edir ki, nəticədə hazırda Tatarıstandan kənarda, digər regionlarda qat-qat daha az uşaq ana dilini öyrənə bilir. Nəzərə almaq lazımdır ki, özünü tatar hesab edən Rusiya vətəndaşlarının ⅔-si Tatarıstandan kənarda yaşayır.

Baranova deyir ki, Rusiyada və digər əksər ölkələrdə dil siyasəti  «regionun, etnik qrupların və dilin» bir-birlərinə bağlanması üzərində qurulub. «Bu, əlbəttə, müasir dünya üçün arxaik sistemdir. Son onilliklərdə dil hüquqlarına daha çox qrupun deyil, əraziyə bağlamadan fərdin hüququ kimi baxılır».

Kiçik dillərin tədqiqi və qorunması laboratoriyasının rəhbəri Olqa Kazakeviç iddia edir ki, dilin fənn kimi tədrisi yalnız onu artıq yaxşı bilən uşaqlar üçün uyğundur. Bu yolla təlim yeni danışanlar üçün mürəkkəbdir. «Əgər uşaq məktəbi qurtaranda onlarla söz bilirsə, bu halda, təbii ki, heç bir effektivlikdən söhbət gedə bilməz».

Dilin öyrənilməsinin ikinci yolu, bir qayda olaraq ibtidai məktəbin sonuna qədər, bütün fənlərin ana dilində tədris edilməsidir. Rusiya Elmlər Akademiyasının Dilçilik İnstitutunun direktoru Andrey Kibrik deyir ki,  «əgər uşaq məktəbə öz etnik dilini bilərək getməyə başlayırsa, yaxşı olardı ki, ən azı aşağı siniflərdə bu dildə müxtəlif fənlər tədris edilsin. Bu, dili sadəcə məişət danışığı dili səviyyəsindən çıxardaraq, onu daha inkişaf etmiş funksiyalara malik dilə çevirir».

Rusiyanın, demək olar, bütün dövlət dillərinə aid həqiqət budur ki,  ana dilində təhsil alan uşaqların sayı aşağı düşür. Əgər, 2016-cı ildə rus dilini çıxmaq şərtilə digər belə dillərdə 293 min uşaq təhsil alırdısa, 2022-ci ildə bu rəqəm 186 minə düşüb.

Bəzi dillərdə isə təhsil tamamilə ləğv olunur: belə ki, əgər 2016-cı ildə 18 yaşa qədər müxtəlif yaşlarda beş min şagird kalmık dilində təhsil alırdısa, 2021-ci ildə bir dənə belə şagird qalmayıb. Tat, inquş, xakas, altay, çeçen, adıge dillərində təhsil də də eyni aqibətlə üzləşib.

Siyahıyaalmanın nəticələrinə görə, artıq tədris olunmayan dillərin daşıyıcıları arasında uşaqlar, həmçinin yaxın illərdə birinci sinifə gedənlər də var. Çeçen dili daşıyıcıları arasında yaşı 6-9 arasında 149 min, inquşlarda 28 min, altay və adıge dili daşıyıcıları arasında isə müvafiq olaraq 6 və 5,2 min uşaq var. Etnoloq layihəsinin hesablamalarına görə, rusiyalı uşaqların 15 faizinin məktəbdə tədris dili onların ilk dili ilə üst-üstə düşmür.

Ana dilində tədris get-gedə azalsa da, ana dilini fənn kimi öyrənən uşaqların sayı artır (yəni bu uşaqlara bütün digər fənləri rus dilində keçirlər). 2016-cı ildə 71 dil fənn kimi tədris edilirdi ki, bu şəkildə dillər 1,5 milyon adama öyrədilirdi. 2022-ci ildə belə tədris olunan dillərin sayı 69-a ensə də, onlara gedənlərin sayı artaraq 1,9 milyon nəfərə yüksəlmişdi.

Milli dilləri dəstəkləmək lazımdırmı 

Fikrini öyrəndiyimiz ekspertlər hesab edirlər ki, öz dilində danışmaq imkanı, uşaq üçün isə ailədə danışılan dildə təhsil almaq uğurun və özgüvənin vacib amilidir. Tədqiqatlar göstərir ki, uşaq yaşlarından bir neçə dilin öyrənilməsi əqli qabiliyyətin inkişafına müsbət təsir göstərir, ana dilində təhsil alan uşaqlar isə təhsildə daha müvəffəqiyyətli olurlar. Həmçinin bir çox dillərin mövcudluğu iqtisadi və maliyyə mənfəəti gətirə biləcək mədəni müxtəlifliyin dəstəklənməsində mühüm rol oynayır.

Baranova deyir ki, Rusiya Konstitusiyası hər bir insana ana dilində danışmaq hüququ tanıyır, lakin heç bir sənəd dəqiqləşdirmir ki, bu hüquq necə həyata keçirilməlidir. «Məsələn, pandemiya göstərdi ki, burada problem var: kənd yerlərinə qeyri-rus əhali ilə işləməyə gələn həkimlər azlıqların dillərini bilmirlər».

Marat Lotfullin iddia edir ki, Rusiyada «zorla assimilyasiya» siyasəti həyata keçirilir. O, hesab edir ki, təhsil sistemi valideynləri ana dili kimi rus dilinə əlavə saatlar ayırmağa vadar edir: Rus dili üzrə Vahid Dövlət İmtahanı hamı üçün məcburidir, Rus dili fənnindən yığılan ballar ali məktəblərə qəbul zamanı nəzərə alınır. Lotfullin əlavə edir ki, məktəblər, xüsusən respublikalardan kənarda olanlar nə ana dili müəllimləri, nə də dərsliklərlə təmin olunmayıblar.

Doğrudan da son illərdə ana dillərini tədris edən müəllimlərin sayı azalıb (rus dilini çıxmaq şərtilə). Əgər 2009-cu ildə belə müəllimlərin sayı 22 min idisə, 2020-ci ildə bu rəqəm 16 minə düşüb (bu dövr ərzində müəllimlərin ümumi sayı isə bir qədər artıb).

Elə hallar olur ki, tədris yükünün azalması dilin dirilik dərəcəsinin aşağı düşməsi mənasına gəlmir. Məsələn, nəsillərarası ötürmə pozulmayıbsa və uşaqlar məktəbəqədər dövrdə kütləvi şəkildə bu dildə danışırlarsa, dirilik dərəcəsi aşağı düşmür. Belə hallarda dil o dildə yazıb-oxuma savadlılığı səviyyəsini artırmaq  üçün yalnız fənn kimi həftədə bir dəfə tədris oluna bilər.

Bu cür dil siyasəti, məsələn, çeçen dilinə münasibətdə həyata keçirilir. Rusiya Elmlər Akademiyasının Kiçik dillərin tədqiqi və qorunması laboratoriyasının müdiri Olqa Kazakeviç ehtimal edir ki,«Çeçenistanda dilə sədaqət yüksəkdir. Bu respublikanın ərazisində çeçen dili valideynlərdən uşaqlara bəlkə ailələrin 100 faizində ötürülür. Görünür, bu yolla [yəni təhsili çeçen dilinə keçirtməməklə] gənclər arasında rus dili biliklərinin artmasına nail olmaq istəyirlər».

Komidə anadan olub böyümüş politoloq Aleksandr Kınev əksinə hesab edir ki, rus dilinin dominantlığı təbii haldır: «Əgər, tutaq ki, tatarlar, başqırdlar kimi nisbətən böyük xalqlar öz saylarını qoruya bilirlərsə, kiçik xaqlar sıradan çıxır. Mövcud böyük həcmli ədəbiyyat və biliklərin azlıqların dilinə tərcüməsini və ayrıca nəşrini təmin etmək üçün heç bir imkan yoxdur. Bunu bir məkrli plan kimi dəyərləndirmək mənasızdır, bu sadəcə iqtisadi baxımdan məqsədəuyğun deyil və çox bahadır. Mən hesab edirəm ki, bu təbii prosesdir və başa düşmürəm ki, dillərin belə müxtəlifliyi nəyə lazımdır».

Rusiya İqtisad Məktəbinin professoru Şlomo Veber deyir ki, dillərin öyrənilməsindən əldə olunacaq birbaşa maddi mənfəət doğrudan da yoxdur, lakin bu onların daşıyıcılarına özlərini ölkə həyatının tərkib hissəsi kimi görməyə imkan verir. «Bu, bizim insanlara necə münasibət göstərməyimiz məsələsidir, biz onların evin çölündə oturmağını istəyirik, yoxsa quruculuq prosesində iştirakında maraqlıyıq. Bu insanların kimliyinə dəstəkdir, onlar nə ilə isə məşğul olmağa motivasiya olunur, özlərinə hörmət hiss edir. Və əgər bizdə, lap az da olsa, heç nə istəməyən, heç nə istehsal etməyən əhali varsa, ümumi daxili məhsulun bir hissəsini itiririk».

Onun fikrincə, separatçı əhvali-ruhiyyə ilə mübarizə aparmaq üçün əksinə xalqların dillərini və mədəniyyətini dəstəkləmək, daha çox, o cümlədən iqtisadi azadlıqlar vermək lazımdır. «Onda insanlar özünü yaxşı hiss edir, ayrılmağa lüzum olmur. Regionun itirilməsi, dillərə sərf olunacaq xərclərdən daha ciddi məsələdir. Lakin insanlar var ki, azadlıq vermək təhlükəlidir deyə düşünməyə öyrəşiblər».

Müəlliflər: İrina Şirmanova, Anastasiya Kokourova

Orijinal infoqrafika: Artyom İvolgin, Yekaterina Burkova

Böyük elmi məsləhətçi: Rusiya İqtisad Məktəbinin professoru Gerhard Tevs

Qeydlər:

[i] Bu məqalə rus dilində «Если быть точным» internet resursunda çap edilmişdir. Məqalənin orijinalı ilə bu link vasitəsilə keçid etməklə tanış ola bilərsiniz: https://tochno.st/materials/v-respublikakh-rossii-bolshe-30-yazykov-kotorye-mogli-by-ispolzovatsya-naravne-s-russkim-no-mnogie-iz-nikh-perezhivayut-upadok-rasskazyvaem-pochemu-tak-proiskhodit

[ii] Siyahıyaalmada iştirak edənlərdən ən azı bir nəfərin danışdığı dillər. Dəqiq rəqəm məlum deyil, çünki məlumatlara “digər dillər” kateqoriyası da daxil edilib.

[iii] Bura eşitmə qabiliyyəti olmayanların istifadə etdiyi jestlər dili, həmçinin gözdən əlillərin istifadə etdiyi taktil yazı dili də aiddir.

Paylaş
FacebookTwitter

Facebook Comment

abunə olun

BRI yerli və beynəlxalq auditoriyaya Azərbaycanla bağlı təhlil, rəy və araşdırmalar təqdim etmək məqsədi daşıyan müstəqil ekspertlər tərəfindən yaradılmış beyin mərkəzidir.

bg
For the full operation of the site you need to enable JavaScript in your browser settings.