fbpx

Cəmiyyət

Cəmiyyət

Sayat Novanın Azərbaycanda unudulması barədə

Read this article on other language
Download article
image_pdf
image_pdf

Sayat Nova adlı 18-ci əsrdə yaşayıb-yaratmış erməni əsilli aşığın gürcü hökmdar II İraklinin sarayında ozan kimi fəaliyyət göstərdiyi güman edilir.[1] Şairin həyatı ilə bağlı mülahizələrin əksəriyyəti ona aid olduğu ehtimal edilən şeir əlyazmalarına əsaslanır. Azərbaycanca və ermənicə şeirlərdən ibarət birinci əlyazma (dəftər) 18-ci əsrin ortalarına aiddir və çox güman ki, aşığın özü tərəfindən yazılıb.[2] (Burada azərbaycanca və ya Azərbaycan dili dedikdə müasir Azərbaycan dili deyil, azəri türkcəsinin 18-ci əsr Tiflis dialekti nəzərdə tutulur.) Dəftərin önəmi ondadır ki, onda bir çox mahnıların yazılma və ya ifa edilmə tarixləri göstərilib. Özündə aşığın gürcü dilindəki şeirlərini də ehtiva edən ikinci əlyazma isə Sayat Novanın kiçik oğlu Ohan tərəfindən 19-cu əsrin əvvəllərində yazılmışdır. Bundan əlavə, şairin rahiblik etdiyi dövrdə[3] köçürdüyü iki dini mətndə onun avtobioqrafik qeydləri aşkar olunmuşdur.[4]

Sayat Novanın dövrümüzə gəlib çatmış əksər şeirlərinin Azərbaycan dilində olmasına rəğmən bu şeirlər çox zaman aşığın ermənicə və gürcücə şeirlərinə nisbətdə estetik cəhətdən zəif olmaları bəhanəsilə gözardı edilib və ədəbi müzakirələrə daha az mövzu olub. Ozanın çoxdilli külliyyatı həm inqilabdan öncə, həm də Sovet dövründə onun beynəlmiləlliyini vurğulayan universalist təfsirlərə yol açsa da, bu dəyərləndirmə nadir hallarda erməni milli qürurunu oxşamaqdan o yana keçib. Yumşalma dövrü (Ottepel’) Azərbaycanında Sayat Nova yaradıcılığını gündəmə gətirən bəzi mühüm addımlar atılsa da, sözügedən canlanma uzun sürməmişdi. Sovet İttifaqının dağılması ilə aşığa münasibətdə qeyri-kafi diqqət susqunluqla əvəz olundu. Bu məqalə Sayat Novanın erməni milli ədəbiyyatında kök salması və müasir Azərbaycanda unudulmasını Sovet millətlər siyasəti ilə əlaqələndirərək aşığın 20-ci əsr boyunca milliləşdirilməsinin (və beynəlmiləlləşdirilməsinin) tarixi xüsusiyyətlərini təhlil edir.

Milli şairi yaradarkən (1800-1917)

Çap kapitalizminin Qafqaza qədəm qoymasından öncəki dövrdə Sayat Novanın nə dərəcədə məşhur olduğunu müəyyənləşdirmək çətindir. 19-cu əsrin əvvəllərində aşığın adı gürcü şahzadəsi və yazıçı İoan Batonişvilinin Kalmasoba (“Sədəqə toplama ayini”) adlı ensiklopediyasında keçib. Şairin oğlu Ohan tərəfindən Sankt-Peterburqda yazılmış əlyazmanın (1823) sifarişçisi də Batonişvili idi. Bu iki mətn sonralar Sayat Nova araşdırmaçıları tərəfindən aşkar olunsa da, ölümündən sonrakı dövrdə aşığın mahnıları yalnız şifahi yolla ötürülərək sadə xalq arasında tanına bilərdi.

Sayat Novanın milliləşdirilməsi prosesi 19-cu əsrin ikinci yarısında Tiflisdə erməni intelligensiyasının meydana gəlməsi ilə başlamışdı. Həmin dövrdə erməni tacirlər artıq uzun müddət idi ki, Tiflisin iqtisadi həyatında dominantlıq edirdilər. II Aleksandrın 1860-cı illərdə həyata keçirdiyi liberal islahatlar isə onların mövqeyini daha da gücləndirmiş oldu.[5] Məhdud ictimai dəstəyə malik liberal millətçilik xüsusən Tiflisin erməni intellektualları arasında məşhur idi. Onlar publisist Qriqor Artsruninin yaratdığı Mşak (“Əkinçi”) qəzeti ətrafında birləşmişdilər.[6] Rusiya və ya Avropada təhsil almış erməni ziyalıları Tiflisə özləri ilə birgə sadə xalqa qayıdış və folklora dərin maraqla xarakterizə olunan millətçilik ideyalarını da gətirmişdilər.

Sayat Nova başdan bəri imperiya kontekstində milliləşməyə məruz qalmışdı. Şair haqqında mətbuatda ilk yazı 1851-ci ildə Tiflisdə dərc olunan rusdilli Kavkaz qəzetində[7] işıq üzü görmüşdü. Məqalənin müəllifi rus şairi Yakov Polonski “Sayat Novanın lirik və intim şeirlərini şərq və Qafqazın poetik ənənəsindən fərqləndirmişdi.”[8] Polonskinin aşıq haqqındakı fikirləri erməni intellektual Qevorq Axverdyana istinad edirdi. Həmin vaxt Axverdyan Sayat Novanın əlyazması üzərində işləyirdi. Moskva Dövlət Universitetini bitirdikdən və bir müddət Sankt-Peterburqda işlədikdən sonra o, Tiflisə qayıdaraq erməni aşıqlarının mahnılarını toplamağa başlamışdı.[9] Sayat Novanın əlyazmasını nəvəsindən əldə etmiş Axverdyanın 1852-ci ildə aşığın ermənicə 46 şeirini əhatə edən kitabı nəşr olunmuşdu. Bu kitab şeirlərə Tiflis erməni dialektinin spesifikliyini nəzərə alaraq şərh verdiyinə görə Sayat Novaya dair sonrakı araşdırmalar üçün baza yaratmış oldu.

Axverdyanın kitabının nəşrindən ta 20-ci əsrin əvvəllərinə kimi olan dövrdə Sayat Nova haqqında gözəçarpan araşdırmalar meydana gəlməmişdi. Yalnız 1910-cu illərdən etibarən Tiflisin erməni intellektualları arasında aşığa qarşı marağın artması müşahidə olunur. 1912-ci ildə Mşak erməni rəssam Qevorq Başincaqyanın Sayat Novanın irsinin unudulması haqqında tənqidi yazısını dərc etdi. Məqalə şairin Ağa Məhəmməd Şah Qacar tərəfindən öldürüldüyü fərz edilən Müqəddəs Qevorq kilsəsinin divarlarında ona abidə ucaldılmasını təklif edirdi. Başincaqyanın sözügedən çağırışı və erməni şair Ovanes Tumanyanın rəssama dəstək məqsədilə Orizon (“Üfüq”) qəzetində dərc olunmuş məqaləsi erməni intelligensiyanın və Tiflis aşıqlarının diqqətini cəlb etməyə nail olmuşdu. Sözügedən icmanın dəstəyi sayəsində erməni yazıçıları cəmiyyəti qəbir abidəsinin ianələr və Sayat Novaya həsr olunmuş aşıq konsertləri vasitəsilə salınmasını təşkil etmək üçün xüsusi komitə yaratmışdı.[10] Abidənin açılış mərasimi 15 may 1914-cü ildə baş tutmuşdu. Mərasim aşıqların ifası və Sayat Novanın qəbir daşına qızılgüllərin qoyulması ilə müşayiət olunmuşdu. Dövrümüzə qədər gəlib çatmış Vardaton (Qızılgül şənliyi) ənənəsinin əsası məhz burada qoyulmuşdu. Mərasimdə iştirak edənlərdən biri də gürcü şair İosif Qrişaşvili idi. O, tədbirdən ilhamlanaraq aşığın gürcü mahnılarını toplamaq qərarına gəlmişdi, lakin Sayat Novanın dəftəri yalnız azərbaycan və erməni dilində olan şeirlərdən ibarət idi. Gürcü dilindəki mahnılar isə əlyazma formasında mövcud deyildi və onları həmin dövrdə yalnız digər aşıqların yaradıcılığından toplamaq mümkün idi. Ohanın əlyazması Sankt-Peterburqda gürcü linqvist Nikolay Mar tərəfindən aşkar olunduqdan sonra Qrişaşvilinin 1918-ci ildə hazırladığı Sayat Novanın gürcü dilindəki şeirlər toplusunun əsas mənbəyinə çevrilmişdi.

Erməni milli ədəbiyyatının konstruksiyası onun başqa millətlər önündə sərgilənməsi ilə paralel gedən proses idi. 1916-cı ildə rus dilində nəşr olunmuş və Sayat Novanın bir neçə şeirinin  daxil edildiyi ilk erməni şeiri antologiyası da eyni məqsədə xidmət edirdi. Simvolist şair Valeri Bryusovun redaktoru olduğu və Moskvadakı erməni diasporasının dəstəyilə buraxılmış antologiya estetik meyarlara əsasən tərtib olunmuşdu. Məcmuə hər dövrün yüksək ədəbi nümunələrini özündə cəmləyərək rusdilli oxucunu erməni şeirinin ən yaxşı nümayəndələri ilə tanış etməyə can atırdı.[11] Bryusov milli şairlərin panteonunda və xüsusən də erməni aşıqları arasında Sayat Novanın universal əhəmiyyətini xüsusilə vurğulayırdı. Onun aşıq haqqındakı sonralar Sovet ədəbiyyatşünaslarının dilində əzbər olmuş sitatı milli və universal olan arasındakı qarşılıqlı əlaqəni çox gözəl ifadə edir: “Həqiqi ehtişam həm də zirvəsində 18-ci əsr şairi Sayat Novanın dayandığı ən yaxşı aşıqlar tərəfindən yaradılırdı. Möhtəşəm, hərtərəfli, Tutçevsayağı həssas və Müsse kimi ehtiraslı: öz dühası ilə bir millətə aid olmaqdan çıxıb bütün bəşəriyyətin sərvətinə çevrilən birinci dərəcəli şairlərdən biri.”[12] Bryusov erməni milli ədəbiyyatının dəyərini təsdiqləyərək onun ümumbəşəri səviyyədə tanınmasına çağırırdı. Bu cür tanınma isə sözügedən ədəbiyyatın sonralar çoxmillətli Sovet ədəbiyyatının tərkib hissəsinə çevrilməsi ilə qismən də olsa, reallaşacaqdı. 

Sayat Nova və çoxmillətli Sovet ədəbiyyatı 

Sayat Nova yaradıcılığına dair inqilab öncəsi araşdırmalar şairin kanonlaşdırılmasında mühüm  rol oynasa da, onlar erməni və qismən gürcü intellektuallarının fərdi təşəbbüsünün nəticəsi idi. Sovet alimləri aşığın layiq olduğu ictimai diqqəti məhz Sovet dövründə qazandığını dəfələrlə vurğulayırdılar. Əslində bu iddiada həqiqət payı var, çünki Sayat Novanın erməni milli ədəbiyyatında kök salması məhz Sovet dövlətinin mütəşəkkil dəstəyi ilə mümkün olmuşdu. Ancaq bu, Bolşeviklər hakimiyyətə gəldikdən dərhal sonra baş verməmişdi.

Yeni İqtisadi Siyasət dövründə müasir inqilab ədəbiyyatı klassika ilə müqayisədə daha çox diqqət görürdü. 30-cu illərdən etibarən Sovet millətlər siyasəti özünün ilkin müsbət ayrıseçkilik istiqamətini dəyişərək Sovet İttifaqının çoxmillətli dövlət kimi rekonstruksiyasına meyllənməyə başlamışdı.[13] Bu dəyişiklik öz əksini milli ədəbiyyatlara və çoxmillətli Sovet ədəbiyyatına misli görünməmiş tərcümə layihəsi və ümumittifaq mərasimləri vasitəsilə göstərilən dəstəkdə tapmışdı. Nəticədə Sovet millətləri öz keçmişlərinə üz tutaraq milli-ədəbi tarix yaratmağa və onun kanonlarını müəyyənləşdirməyə qoyuldular.

Çoxmillətli Sovet ədəbiyyatının təşkilatlanması məqsədini daşıyan Sovet Yazıçıları İttifaqının yaradılması da sözügedən dönüşün əlamətlərindən biri idi. Bu prosesi müjdə verən Sovet Yazıçılarının I Qurultayında Zaqafqaziyanın çoxluq təşkil edən millətləri öz ədəbi tarixləri barədə mühazirə ilə çıxış etmişdilər. Erməni və gürcü nümayəndələr Sayat Novanı öz ədəbiyyatlarının bir hissəsi kimi təqdim etsələr də, Azərbaycanı təmsil edən M. Ələkbərli çıxışında aşığa yer ayırmamışdı. Gürcüstan nümayəndəsi M.Q. Toreşelidzeyə görə, “etnik mənsubiyyətcə erməni olmuş, ancaq Gürcüstana mədəniyyət, dil və fəaliyyət məkanı (Tbilisi) cəhətdən bağlı olmuş və şərq xalq musiqisinin motivlərini mənimsəmiş Sayat Nova Qafqazın beynəlmiləl şairidir.”[14] Aşığın Gürcüstana mədəniyyət və ərazi baxımından bağlılığı onun şeirlərinin 1948-ci ildə rus dilində çıxmış gürcü şeiri antologiyasına daxil edilməsi ilə bir daha təsdiqlənmişdi.[15] Erməni təmsilçisi D.A. Simonyanın qurultaydakı çıxışı isə Sayat Novanın etnik mənsubiyyətinə köklənmişdi.

1935-ci ildə gürcü şairi Titsian Tabidzenin Literaturnaya Qazetada (Ədəbiyyat qəzeti) çıxmış məqaləsi “Sayat Novanın beynəlmiləlliyinə” diqqət yönəldərək “onun şeirlərinin üç Zaqafqaziya xalqının dilində bütöv nəşrini, eləcə də digər Sovet xalqlarının dillərinə tərcüməsini zəruri hesab edirdi.”[16] Həmin dövrdə aşığın erməni və gürcücə mahnıları müxtəlif kitablar və məcmuələrdə səpələnmiş halda idi. Onun azərbaycanca şeirləri isə hələ də diqqətdən kənarda qalmışdı. Sayat Novanın bütün dillərdə olan şeirlərinin toplusu yalnız onun ölümünün 150-ci ildönümününün keçirildiyi 1945-ci ildə erməni filoloq Morus Həsrətyan tərəfindən nəşr olunmuşdu. Yubiley ili həm də onunla seçilmişdi ki, şairin şeirlərinin (azərbaycanca olan şeirlər də daxil olmaqla) ruscaya tərcüməsi ayrıca kitab şəklində buraxılmışdı. Buna baxmayaraq, Sovet Azərbaycanında hələ də Sayat Novanın yad edilməsi üçün gözəçarpan addımlar atılmamışdı.

Sayat Nova hələ 30-cu illərdən beynəlmiləl şair kimi rəsm edilsə də, bu interpretasiya yumşalma dövründə xüsusi önəm kəsb etməyə başlamışdı. Bu qısa sürən fenomenin əsas əlamətlərindən biri Azərbaycanda aşığın yaradıcılığına marağın artması idi. Məsələn, 1954-cü ildə ölkədə Sayat Nova haqqında ilk monoqrafiya nəşr olunmuşdu. Yerevan doğumlu Azərbaycan filoloqu Mirəli Seyidovun yazdığı Pevets narodov Zakavkaziya (Zaqafqaziya xalqlarının müğənnisi) aşığın həyat və yaradıcılığı haqqında nisbətən ətraflı məlumat verirdi.[17] Ancaq tədqiqat əsasən Sayat Novanın ermənicə şeirlərinə istinad edirdi. Eyni ildə Azərnəşrin buraxdığı Erməni şeiri antologiyasında isə şairin erməni dilindəki 10 şeiri yer almışdı. Nəhayət, Sayat Novanın üç dildə olan əksər mahnılarını əhatə edən ilk kitab Həmid Araslının redaktəsi ilə 1963-cü ildə işıq üzü görmüşdü.

Ozanın paralel milliləşdirilməsi və sovetləşdirilməsi prosesi öz pik həddinə onun doğumunun 250-ci ildönümündə çatmışdı. 1963-cü ilin oktyabrında baş tutmuş yubiley Zaqafqaziya respublikalarında və Moskvada xüsusi təntənə ilə qeyd olunmuşdu.[18] Yubiley özündə nəşrlər, akademik konfranslardan tutma konsert və sərgilərə kimi müxtəlif tipli tədbirləri ehtiva edirdi. Bu tədbirlərdən birini Con Steynbek də ziyarət etmişdi.[19] 1963-cü il anımları Sayat Novanın beynəlmiləl potensialından yararlanmaqla bərabər, həm də Yerevanda şairə aid yaddaş məkanları (lieu de mémoire) yaratmaqla onu Sovet Ermənistanına calamağa nail olmuşdu. Sözügedən tədbirlərə misal olaraq, Yerevanda şairə abidə ucaldılmasını və mərkəzi küçələrdən birinə onun adının verilməsini göstərmək olar. Tbilisidə isə Vardaton ənənəsi bərpa olunmuşdu. Tədbir Azərbaycan, Ermənistan və Gürcüstandan olan nümayəndələrin Sayat Novanın qəbir abidəsinə yürüşündən sonra konsert proqramı ilə sonlanmışdı. 

Xalqlar dostluğunun Yanus üzü: Geriyə baxarkən

Yumşalma dövründə Zaqafqaziya dostluğu mövzusuna artan maraq özündə Stalinist millətlər siyasətinin elementlərini daşıyırdı, çünki xalqlar arasında dostluq millətlərin reifikasiyasını şərtləndirirdi. Bəzən sözügedən reifikasiya özünü açıq şəkildə büruzə verirdi. Məsələn, 1960-ci ildə Yerevanda nəşr edilmiş və Zaqafqaziya xalqlarının dostluğuna həsr olunmuş İz istorii literatur narodov Zakavkazya (“Zaqafqaziya xalqlarının ədəbi tarixindən səhifələr”) adlı məqalələr toplusu azərbaycan, erməni və gürcü ədəbi kanonlarına dair bir-biri ilə əlaqələndirilməmiş yazılardan ibarət idi. Azərbaycanlı tənqidçi Əziz Şərif kitaba yazdığı resenziyasında onun milli yanaşmasını tənqid edirdi. Tənqidçiyə görə, toplu inqilabdan öncəki dövrün ədəbiyyatına gəldikdə rus və Qərbi Avropa ədəbiyyatına analogiyalarla zəngin olsa da, onda Zaqafqaziya şairləri arasında müqayisəli təhlildən əsər-əlamət yox idi.[20]

Regionun ortaq ənənələrinə dair hakim diskurs isə milli kimliyi təbii fakt kimi nəzərdən keçirirdi. Sovet xalqlarının revizionist tarixi dostluq ideyasının uzaq keçmişə proyeksiyası ilə xarakterizə oluna bilər.[21] Tarixə bu cür yanaşma Sovet millətlərinin əbədi mövcudluğu inamına əsaslanaraq, müasir dostluq və düşmənçilik münasibətlərini Sayat Novanın yaşamış olduğu 18-ci əsrə nəql edirdi. Nəticədə, şair azərbaycan, erməni və gürcü xalqlarının dostluğunu təmsil etməklə yanaşı, həm də onların Fars və Osmanlı imperial güclərinə qarşı mübarizəsini simvolizə edirdi. Sayat Novanın çoxdilli poeziyası bu narrativin formalaşmasına xüsusi töhfə vermişdi. Aşığın azərbaycanca və gürcücə şeirləri onun Azərbaycan və Gürcüstan ədəbiyyatı ilə tanışlığını, həmçinin sözügedən xalqlara olan dərin hörmətini göstərmiş olurdu. Bu nöqteyi-nəzər Azərbaycan, Ermənistan və Gürcüstanın ədəbi tarixini özünün ayrıca inkişaf dinamikası olan və bəzən yolları kəsişən müstəqil temporal müstəvilər kimi görürdü.

Eynilə də, hər cürə mədəni ortaqlığı və intertekstuallığı təsirlənmə haqqında mülahizələrlə izah edən Sovet alimləri Sayat Novanın mahnılarındakı aşıq şeirinin müştərək ənənələrindən doğan ifadələrə romantik individuallıq donu geyindirirdilər. Şair şeirlərində öz sevgisinin qüdrətini göstərmək üçün farsdilli ədəbiyyatın motivlərindən geniş istifadə edir.[22] O, tez-tez özünə (aşiqə) və məşuqa Leyli və Məcnun və ya Fərhad və Şirin kimi müraciət edir. Eyniadlı sevgi hekayələri farsdilli ədəbi dünyada məşhur olub müxtəlif şairlər tərəfindən işlənmişdir. Həmin şairlərdən biri də Azərbaycan milli şairi kimi kanonlaşdırılmış Nizami Gəncəvi idi. Bu oxşarlıq Nizaminin Sayat Nova yaradıcılığına təsir göstərməsi barədə mülahizələrə yol açaraq, azərbaycan-erməni ədəbi əlaqələrinin növbəti nümunəsi kimi təqdim olunurdu.

Təsirlənmə haqqında mülahizələrin digər forması öz əksini şairin azəri müasirləri ilə münasibətlərinə dair iddialarda tapırdı. Həmid Araslıya görə, Sayat Nova 18-ci əsr Azərbaycan şairləri Molla Pənah Vaqif və Molla Vəli Vidadi ilə görüşmüş ola bilərdi, çünki Vaqifin Tiflisə bir dəfə səyahət etdiyi, Vidadinin isə II İraklinin sarayında xidmət etdiyi güman olunurdu.[23] Bu iki şair divan ədəbiyyatının nümayəndələri olsalar da, öz şeirlərində aşıq şeirinin formalarına geniş yer ayırırdılar. Ona görə də həm Vaqif və Vidadinin, həm də Sayat Novanın poeziyasında oxşar motivlərə, məsələn, həyatın gəldi-gedərliyi və ədalətsizliyi haqqında şikayətlərə rast gəlmək olar. Bu xüsusiyyətlər sözügedən şairləri həyatın çətinlikləri ilə üzləşdikdən sonra pessimizmə düçar olan milli şair obrazı üçün ideal namizədə çevirmişdi. Araslı isə Vaqif və Vidadi ilə Sayat Nova arasındakı oxşarlıqları şairlərin bir-birinin yaradıcılığına göstərdiyi təsirlə və onların mümkün görüşüylə izah etməyə çalışırdı. Xalqlar dostluğu diskursunun əsasını təşkil edən millətlərin və milli mədəniyyətlərin bu qəbildən reifikasiyası Sayat Novanın erməni panteonundakı yerini daha da möhkəmləndirmiş oldu. 

Nəticə

Sovet Azərbaycanında Sayat Novaya olan qısa müddətlik maraq müstəsna xarakter daşıyırdı. Günümüzdə isə aşığın irsi ictimai yaddaşdan çıxdaş edilmiş vəziyyətdədir. Ermənistan və Gürcüstan 2012-2013-cü illərdə Sayat Novanın 300 illiyini qeyd edəndə Azərbaycanda bu mövzu ətrafında sükut hökm sürürdü. Ermənistanla Azərbaycan arasındakı çox vaxt mədəni rəqabətlə müşayiət olunmuş etnik-ərazi xarakterli münaqişəni nəzərə alsaq, gözləmək olardı ki, Azərbaycan da şairə iddia etsin, çünki onun şeirlərinin əksəriyyəti dövrümüzə azərbaycan dilində gəlib çatıb. Amma bu ssenari gerçəkləşmədi. Əvəzində baş verənlər Sovet millətlər siyasəti ilə səsləşirdi. Sayat Novanın etnik kimliyini onun yetişdiyi mədəni mühitdən daha önəmli sayan bu siyasət aşığın multikultural əhəmiyyətini vurğulamaqla bərabər, onun erməni ədəbiyyatındakı yerini bərkitdi. 20-ci əsr boyunca Sayat Novanın azərbaycanca şeirləri ən az diqqət görmüşdü, yumşalma dövründə Azərbaycanda müşayiət olunan canlanma isə ənənə halına gəlməyi bacarmadı. Digər tərəfdən Gürcüstanda şairə maraq öz başlanğıcını inqilaböncəsi dövrdən götürərək kosmopolit Tbilisi xəyalından qaynaqlanırdı. Buna görə də Sayat Novanın Gürcüstan mədəni yaddaşında hələ də öz yerini saxlaması təəccüb doğurmur.

 

İstinad və qeydlər:

[1] Sayat Nova böyük ehtimalla ənənəvi saray şairi olmayıb, çünki aşıqlar saray mühitində adətən əyləndirmək funksiyasını yerinə yetirirdilər. Xi Yang, “Sayat`-Nova: Within the Near Eastern Bardic Tradition and Posthumous” (PhD diss., University of California, 2016), 79, https://www.proquest.com/dissertations-theses/sayat-nova-within-near-eastern-bardic-tradition/docview/1757267786/se-2?accountid=15607.

[2] Dəftər saxlamaq daha savadlı aşıqlar arasında yayılmış ənənə idi. Ondan daha çox mahnıların qeyd olunması üçün istifadə edirdilər. Uzun dastanlar isə ustaddan şagirdə şifahi yolla keçirdi.

[3] Güman edilir ki, Sayat-Nova gürcü sarayından qovulduqdan sonra Stepanos adını götürərək evli keşiş kimi xidmət etmişdi.

[4] Charles Dowsett, Sayat-Nova: An 18th-century troubadour: A Biographical and Literary Study (Louvain: Corpus Scriptorum Christianorum Orientalium, 1997), 22-25.

[5] Ronald Grigor Suny, “The Emergence of Political Society in Georgia,” in Transcaucasia, Nationalism, and Social Change: Essays in the History of Armenia, Azerbaijan, and Georgia ed. Ronald Grigor Suny (Ann Arbor: The University of Michigan Press, 1996), 119.

[6] Eyni yerdə, 131.

[7] Kavkaz qəzetinin məqsədi rusdilli oxucuları Qafqaz mədəniyyəti ilə tanış etmək idi. Həmin ərəfədə Polonski Tiflisə Qafqaz canişinliyinin dəftərxanasında xidmət etməyə göndərilmişdi. Burada o həm də Qafqaz xalqlarına həsr etdiyi Sazandar kitabını yazmışdı.

[8] Yakov Polonski, “Sayat-Nova,” Kavkaz no. 2 (1851), 6.

[9] B. Ovakimyan, “İstoriya pervoqo izdaniya pesen Sayat-Novı,” Literaturnaya Armeniya no. 10 (1963), 79-80.

[10] S. Arutyunyan, Z.Q. Başincaqyan: 30 let, otdannıe Sayat-Nova (Yerevan: İzdatelstvo Yerevanskoqo Qosudarstvennoqo Universiteta, 1963), 22-23.

[11] Valeri Bryusov, Poeziya Armenii s drevneyşix vremen do naşix dney (Moskva: İzdanie Moskovskoqo Armyanskoqo Komiteta, 1916), 11-12.

[12] Eyni yerdə, 7.

[13] Terry Martin, “The Friendship of the Peoples” in The Affirmative Action Empire: Nations and Nationalism in the Soviet Union, 1923-1939 (Ithaca and London: Cornell University Press, 2001), 432.

[14] Pervıy vsesoyuznıy siezd sovetskix pisateley: Stenoqrafiçeskiy otçet (Moskva: Xudojestvennaya literatura, 1934), 81.

[15] “Antologiya Qruzinskoy poezii,” Literaturnaya Qazeta no. 54 (1948), 1.

[16] Titsian Tabidze, “Sayat-Nova,” Literaturnaya Qazeta no. 16 (1935), 2.

[17] Kitab 1963-cü ildə ‒ şairin 250 illik yubileyi ərəfəsində rus dilində yenidən nəşr olunmuşdu.

[18]  Sovet mətbuatı iddia edirdi ki, şair bütün dünyada anılır. Bu kimi çox güman ki, şişirdilmiş iddiaları doğrulaya bilməsəm də, mətbuatda Praqada keçirilmiş tədbirə dair verilmiş xəbərdə çex sənətçilərinin Sayat Novanın çex dilinə tərcümə olunmuş şeirlərini oxuduğu bildirilirdi. “Na yazıkax narodov mira,” Zarya Vostoka no. 253 (27 Oktyabr 1963), 3.

[19] Steynbek özünün Sovet İttifaqına səyahəti zamanı Yerevanda Sayat Novaya həsr olunmuş teatr axşamında olub.  Maraqlıdır ki, yazıçı bu səyahətindən bəhs etdiyi Rusiya jurnalında Sovet Ermənistanı haqqında təəssüratını bölüşməyib. Peter Bridges, “A Note on Steinbeck’s 1963 Visit to the Soviet Union,” Steinbeck Review 4, no. 1 (2007), 84-85.

[20] Aziz Şarif, “Stranitsi istorii literatur narodov Zakavkazya,” Voprosı Literaturı no. 2 (1962), 198-203.

[21] Lowell Tillett, The Great Friendship: Soviet Historians on the Non-Russian Nationalities (Chapel Hill: The University of North Carolina Press, 1969), 4.

[22] Farsdilli yüksək ədəbiyyat aşıq şeirinə təsir göstərsə də, Sayat Novanın onun barədə birbaşa məlumata sahib olması ehtimalı aşağıdır, çünki aşıqlar adətən aşağı zümrələrə mənsub olurdular. Xi Yang, “Sayat`-Nova: Within the Near Eastern Bardic Tradition and Posthumous,” 236-237.

[23] Həmid Araslı, “Dostluq müğənnisi,” Sayat Nova (Bakı: Azərnəşr, 1963), 7.

Paylaş
FacebookTwitter

Facebook Comment

abunə olun

BRI yerli və beynəlxalq auditoriyaya Azərbaycanla bağlı təhlil, rəy və araşdırmalar təqdim etmək məqsədi daşıyan müstəqil ekspertlər tərəfindən yaradılmış beyin mərkəzidir.

bg
For the full operation of the site you need to enable JavaScript in your browser settings.