fbpx

iqtisadiyyat

iqtisadiyyat

Sərhədlərin bağlı qalması Azərbaycanda turizmə necə təsir edib?

Read this article on other language
Download article
image_pdf
image_pdf

2020-ci ilin martından etibarən Azərbaycanın quru sərhədləri bağlıdır. Nazirlər Kabineti sonuncu dəfə 2024-cü ilin martında 1 iyul 2024-cü ilədək quru sərhədlərin bağlı qalması haqqında qərar qəbul edib. Koronavirusa yoluxmaların azaldığı bir şəraitdə hələ də quru sərhədlərinin bağlı qalmasını bəzi dövlət rəsmiləri və prezident İlham Əliyev təhlükəsizlik məsələləri ilə əlaqələndirib. Lakin təhlükəsizliklə bağlı iddianı yoxlamaq mümkün deyil, çünki quru sərhədlərinin bağlı qalmasının təhlükəsizliklə bağlı hansı üstünlüklər qazandırdığı haqda məlumat bölüşülməyib. Rəsmi şəxslərin sərhədlərin bağlı qalmasının təsirləri ilə bağlı müzakirələrdə tez-tez istifadə etdiyi iddialardan biri də quru sərhədlərinin bağlı qalmasının ölkədə daxili turizmin inkişafına səbəb olması ilə bağlıdır. Bu yazıda Azərbaycanda quru sərhədlərinin bağlı qalmasının daxili və xaricə turizmə olan təsirlərini araşdıracağam.

Daxili turizm

Dövlət Statistika Komitəsinin (DSK) hesabatına görə, Azərbaycanda quru sərhədlərinin bağlı qaldığı dövrdə – yəni 2020-ci ilin martından bəri daxili turizm səfərlərində artım yox, azalma baş verib. Yalnız 2023-cü ildə daxili turizm səfərlərinin sayı pandemiyadan öncəki dövrdə qeydə alınan göstəriciyə nisbətən yaxınlaşa bilib (Cədvəl 1).

Cədvəl 1: 2019-2023-cü illərdə istirahət və əyləncə məqsədi ilə həyata keçirilmiş daxili turizm səfərlərinin sayı

İlSəfər sayı
20237.210.879    
20225.231.245    
20213.265.165    
20201.067.956    
20197.496.952    

Nəzərə almaq lazımdır ki, 2020 və 2021-ci illərdə pandemiya səbəbi ilə sərt qadağalar qüvvədə olsa da, 2022 və 2023-cü illərdə daxili turizm səfərlərinə təsir edəcək ciddi məhdudiyyətlər yox idi. Buna baxmayaraq, hətta 2023-cü ildə daxili turizm səfərlərinin sayı pandemiyadan öncəki dövrlə müqayisədə aşağı olub. Əlavə olaraq, Cədvəl 2-dən göründüyü kimi, quru sərhədlərinin bağlı qaldığı dövrdə “qohumlara, dostlara baş çəkmək”-dən başqa digər bütün məqsədlər üzrə daxili turizm səfərlərin sayında azalma baş verib. Bu iki fakt onu göstərir ki,  quru sərhədlərinin bağlı olmasının daxili turizmi inkişaf etdirməsi ilə bağlı iddialar doğru deyil. Həmçinin ölkədaxili işgüzar səfərlərin 20 faizə yaxın azalması bu dövr ərzində Azərbaycanda biznes mühitində iqtisadi aktivliyin də aşağı düşməsinin göstəricisi hesab oluna bilər. 

Cədvəl 2: Daxili turizm səfərlərinin məqsədləri üzrə 2019 və 2023-cü illərdə qeydə alınan nəticələrin müqayisəsi 

Daxili turizm səfərinin məqsədi 2019 2023Fərq
İşgüzar səfər             2.217.440                 1.828.808    -18%
İstirahət və əyləncə             7.496.952                 7.210.879    -4%
Qohumlara, dostlara baş çəkmək             8.064.961                 9.610.308    19%
Müalicə             2.167.839                 1.536.300    -29%
Dini ziyarət                789.285                    228.164    -71%
Mağazalara baş çəkmək             1.930.244                    740.857    -62%
Digər                580.058                    531.746    -8%

Quru sərhədlərinin bağlı qaldığı dövrdə daxili turizm səfərlərində xərclənən vəsaitlərin həcmi də, pandemiya dövrünün turizm sektoruna təsirinin ölçülməsi baxımından vacib göstəricidir. Dövlət Statistika Komitəsinin (DSK) hesabatından görünür ki, 2019-cu illə müqayisədə 2023-cü ildə daxili turizm səfərləri ilə bağlı xərclənən vəsaitin həcmi 31% yüksəlib. Lakin burada iki məsələyə diqqət yetirmək lazımdır.

Birincisi, 2020-ci ildən etibarən Azərbaycanda inflyasiya səviyyəsi artıb. 2021-ci ildə ölkədə 6.7 faizlik, 2022-ci ildə 13.9 faizlik, 2023-cü ildə isə 8.8 faizlik inflyasiya baş verib. Sərhədlərin bağlanmasından öncə – 2020-ci ilin fevral ayı ilə müqayisədə 2023-cü ilin dekabrında ölkədə inflyasiya göstəricisi 32 faizə bərabər olub. Yəni 2023-cü ildə daxili turizm xərcləmələrində 2019-cu illə müqayisədə baş verən artım real yox, nominal artımdır və daxili turizm səfərlərinin azaldığı bir şəraitdə xərclərin artmasının səbəbi qiymətlərin yüksəlməsi ilə bağlıdır.

İkincisi, xərclərin strukturuna nəzər saldıqda görürük ki, 2019-cu illə müqayisədə sadəcə üç istiqamətdə (yerləşmə, qidalanma və malların alınması) xərclər artıb və hər üç istiqamət inflyasiyanın ən çox hiss edildiyi sahələr arasındadır. Yerləşmə ilə bağlı dövriyyənin yüksəlməsinin isə daha bir səbəbi son illərdə ölkədə nağdsız ödənişlərin artması hesabına müəssisələrin rəsmi dövriyyələrinin də artması ilə bağlıdır. Yəni əvvəlki illərdən fərqli olaraq, rəsmi ödənişlər daha çox olduğu üçün dövriyyədə də artım faizi yüksəlmiş olur. Daha çox turist sayı ilə əlaqədar olan göstəricilərin (turizm yollanışının alınması, nəqliyyat, avto icarə, yanacaq, mədəniyyət və əyləncə kimi sahələrdə xərcləmələr) 2019-cu illə müqayisədə daha az olduğu görünür. Bu istiqamətlərdə rəqəmlərin azalması 2019-cu illə müqayisədə 2023-cü ildə daha az adamın daxili turizm səfərlərinə çıxmasının göstəricisidir (Cədvəl 3).

Cədvəl 3: 2019 və 2023-cü illərdə daxili turizm səfərlərində xərclərin müqayisəsi

Daxili turizm səfərinin məqsədi20192023Fərq
Turizm yollanışının alınması25.512.00018.781.200-26%
Yerləşmə472.774.700881.055.40086%
Qidalanma704.225.6001.268.530.20080%
Nəqliyyat651.962.700602.653.100-8%
Avto icarə29.654.40025.792.800-13%
Şəxsi avtomobil üçün yanacaq91.324.30074.541.800-18%
Mədəniyyət86.697.30054.114.600-38%
İdman və əyləncə288.472.700146.042.400-49%
Malların və hədiyyələrin alınması827.765.3001.163.058.60041%
Digər xərclər303.234.400339.655.90012%
Toplam xərclər3.481.623.4004.574.226.00031%

Beynəlxalq turizm

Turizm sektoru xüsusilə 2015-ci ildəki devalivasiyalardan sonra Azərbaycanda daha çox ön plana çıxmağa başladı. Bunun səbəbi hökumətin azalan enerji gəlirlərini kompensasiya etmək baxımından ən çox ümid bəslədiyi sahələrdən birinin turizm sektoru olması idi. Elə bu səbəbdən həmin dövrdə qəbul edilən bir çox strateji inkişaf sənədlərində turizm sektoruna ayrıca toxunulurdu. Rəsmi rəqəmlər həmin dövrdən etibarən Azərbaycana səfər edən xarici ölkə vətəndaşlarının sayının artdığını göstərir. 2020-ci ildə pandemiyanın başlaması ilə bu artım azalma ilə əvəz edildi və daxili turizmlə bağlı göstəricilərdə olduğu kimi, xarici turizmdə də Azərbaycanda qeydə alınan göstəricilər hələ də pandemiyadan öncəki dövrə çata bilməyib.

2023-cü ildə Azərbaycana daxil olan əcnəbilərin sayı pandemiyadan öncəki illə müqayisədə təxminən 1.1 milyon nəfər az olub. Eyni müddət ərzində sırf turizm məqsədi ilə ölkəyə səfər edənlərin sayındakı azalma isə daha yüksək – 1.4 milyon nəfərə bərabər olub (Cədvəl 4).

Cədvəl 4: 2016-2023-cü illərdə Azərbaycana səfər edən əcnəbilərin sayı:

İlÖlkəyə gələn əcnəbilərin sayı
2023                            2 085 790     
2022                            1 602 300     
2021                               791 800     
2020                               795 800     
2019                            3 170 400     
2018                            2 849 600     
2017                            2 696 700     
2016                            2 248 800     

Ölkəyə səfər edənlərin sayının azalması Azərbaycanın əldə etdiyi turizm gəlirlərinin də aşağı düşməsinə səbəb olub (Cədvəl 5). Göründüyü kimi, hətta quru sərhədləri istisna olmaqla, digər karantin məhdudiyyətlərinin aradan qaldırıldığı 2023-cü ildəki yüksək inflyasiyaya baxmayaraq, xarici turistlərin Azərbaycanda xərclədiyi vəsaitin həcmi 2019-cu illə müqayisədə təxminən 500 milyon manat az olub. 2022 və 2023-cü illərdə Azərbaycanda quru sərhədlərin bağlı qalması ölkə iqtisadiyyatını ən azı təxminən 1 milyard manata yaxın vəsaitdən məhrum edib.

Cədvəl 5: 2016-2023-cü illərdə turizm məqsədi ilə Azərbaycana gələn əcnəbilərin xərclədiyi vəsaitin həcmi (manat)

İlXərclənən vəsaitin həcmi (manat)
20232 439 210 000
20221 340 200 000
2021492 600 000
2020414 700 000
20192 971 400 000
20182 661 600 000
20172 285 300 000
20161 411 300 000

2019-cu ildə Azərbaycana ən çox səfər edən ilk 10 ölkə vətəndaşları ilə bağlı göstəricilərin 2023-cü illə müqayisəsi göstərir ki, 2019-cu ildə Azərbaycana səfər edənlərin sayına görə ilk onluqda olan ölkələrin doqquzundan Azərbaycana gələnlərin sayı azalıb. Bu ölkələrdən sadəcə Hindistandan Azərbaycana gələnlərin sayı pandemiyadan öncəki dövrlə müqayisədə yüksək olub. Azərbaycana səfər edənlərin sayının ən çox azaldığı ölkələr Gürcüstan (548 min), Rusiya (338 min) və İran (226 min) olub. Yəni pandemiyadan öncəki dövrlə müqayisə də göstərir ki, quru sərhədlərin bağlı qalması Azərbaycanla quru sərhəddi olan ölkələrdən Azərbaycana səfər edənlərin sayının kəskin azalmasına yol açıb. Onu da unutmaq olmaz ki, quru sərhədlərin bağlı qalması sadəcə həmin ölkələrdən deyil, həmin ölkələr vasitəsi ilə Azərbaycana səfər edənlərin də sayına təsir edir.

Cədvəl 6: 2019-cu ildə Azərbaycana turizm məqsədi ilə ən çox səfər edən ilk 10 ölkə vətəndaşlarının 2023-cü ildəki göstəriciləri

Ölkə2019-cu ildə turist sayı2023-cü ildə turist sayıFərq
Rusiya                   840 618                         502 214     –    338 404     
Gürcüstan                   600 685                           52 075     –    548 610     
Türkiyə                   291 931                         133 863     –    158 068     
İran                   237 989                           11 192     –    226 797     
Səudiyyə Ərəbistanı                   103 691                           77 569     –      26 122     
Birləşmiş Ərəb Əmirlikləri                     66 706                           44 028     –      22 678     
Hindistan                     62 263                         114 322            52 059     
Ukrayna                     54 949                           18 941     –      36 008     
İraq                     47 325                             1 711     –      45 614     
İsrail                     45 268                           27 313     –      17 955     

Nəticə

Quru sərhədlərinin bağlı olması Azərbaycanda daxili turizmə marağı artırmayıb. Quru sərhədlərinin bağlı qaldığı 4 ilin heç birində daxili turizm səfərlərinin sayı pandemiyadan öncəki dövrlə müqayisədə yüksək olmayıb. Daxili turizm səfərlərində xərclənən vəsaitlərin həcmi pandemiyadan öncəki dövrlə müqayisədə artsa da, bu artımın səbəbi həmin dövr ərzində inflyasiyanın yüksəlməsi və rəsmi ödənişlərin sayının artması ilə bağlıdır.

Azərbaycana turizm məqsədi ilə səfər edən əcnəbilərin sayı da 2019-cu illə müqayisədə 1.4 milyon nəfər azdır. 2020-ci ilədək Azərbaycanla quru sərhədlərinin açıq olduğu dörd ölkədən (İran, Türkiyə, Gürcüstan və Rusiya) Azərbaycana turizm məqsədi ilə səfər edənlərin sayı 1.3 milyon nəfər aşağı düşüb. Bu azalma səbəbi ilə xaricilərin Azərbaycanda xərclədikləri vəsaitlərin həcmi 2019-cu illə müqayisədə 2023-cü ildə yüksək inflyasiyaya baxmayaraq, 500 milyon manata yaxın azalıb.

Paylaş
FacebookTwitter

Facebook Comment

abunə olun

BRI yerli və beynəlxalq auditoriyaya Azərbaycanla bağlı təhlil, rəy və araşdırmalar təqdim etmək məqsədi daşıyan müstəqil ekspertlər tərəfindən yaradılmış beyin mərkəzidir.

bg
For the full operation of the site you need to enable JavaScript in your browser settings.