Birinci Qarabağ müharibəsində 2300 qadın iştirak edib.[1] Onlar müxtəlif vəzifələrdə – tibb bacısı, döyüşçü, köməkçi, şöbə rəisi, rabitə işçisi və aşbaz kimi fəaliyyət göstəriblər. Postmüharibə dövründə isə bu qadınlar hər hansı bir reinteqrasiya proqramı keçmədiklərinə görə normal həyata qayıtmaqla bağlı müxtəlif problemlər yaşayıblar. Dünyada müharibədən əziyyət çəkən qadınların normal həyata qayıtması üçün BMT-nin 2000-ci ildə qəbul etdiyi 1325 saylı qətnaməsi əsas beynəlxalq sənəd sayılır. Azərbaycan isə bu günə qədər həmin qətnamənin Milli Fəaliyyət Planını qəbul etməyib. Bu məqalədə Birinci Qarabağ müharibəsində iştirak edən qadın döyüşçülərin ən çox rastlaşdıqları problemləri müzakirə edib, BMT qətnaməsinin dördüncü bəndini – yəni yardım və bərpa hissəsini əsas tutaraq, bu problemlərin həlli üçün kompleks yanaşma təklif edirəm.
Məqalə Birinci Qarabağ müharibəsində iştirak etmiş 17 qadınla 2022-ci ilin oktyabr və 2024-ci ilin fevral ayı müddətində üzbəüz və ya video zəng vasitəsilə aparılmış müsahibələr əsasında qurulub. Hər bir müsahibə təxminən iki saat davam edib. Qadınlardan iki nəfərlə sosial media vasitəsilə, digərlərilə də həmin iki qadının köməyilə əlaqə yaradılıb. Müsahiblərim Azərbaycanın müxtəlif rayon və kəndlərində yaşayırlar. Səs yazısı yalnız müsahiblərin razılığı alındıqdan sonra aparılıb. Müsahiblərin anonimliyini qorumaq üçün bu məqalədə nömrələrdən istifadə edilib.
BMT-nin 1325 saylı qətnaməsi
BMT Təhlükəsizlik Şurasının 1325 saylı qətnaməsi 2000-ci ilin oktyabrında qəbul edilib. Qətnamə silahlı münaqişə dövründə, eləcə də sülh quruculuğu və münaqişədən sonrakı yenidənqurma proseslərində gender məsələlərini nəzərdən keçirməyə imkan verən, innovativ siyasi çərçivə kimi qiymətləndirilir. Qətnamə 4 əsas bənddən ibarətdir: iştirakçılıq, müdafiə, qabaqlayıcı tədbirlər, yardım və bərpa. Dördüncü bənd beynəlxalq böhranların həlli üçün gender əsaslı yardım və bərpa səylərinin təkmilləşdirilməsi haqqındadır.
Qətnamə BMT nizamnaməsini imzalayan dövlətlər üçün hüquqi qüvvəyə malikdir və mühüm əhəmiyyət kəsb edir. Bu qətnamə ilə BMT TŞ ilk dəfə qadın və silahlı münaqişə mövzusuna birbaşa müraciət edib. Bu kontekstdə gender perspektivləri, o cümlədən tərksilah, demobilizasiya, ölkəsinə yenidən qayıtma, məskunlaşma, reabilitasiya, reinteqrasiya və münaqişədən sonrakı rekonstruksiya zamanı qadınların və qızların xüsusi ehtiyaclarına diqqət yetirilir. BMT TŞ üzv dövlətləri 1325 saylı qətnaməyə uyğun olaraq milli strategiya hazırlamağa təşviq edir. İndiyə kimi 109 ölkə bu qətnamə əsasında Milli Fəaliyyət Planı qəbul edib. Lakin 30 ilə yaxın müharibə şəraitində yaşayan Azərbaycanın Milli Fəaliyyət Planı yoxdur. Azərbaycanın müxtəlif ərazilərində yaşayan keçmiş qadın hərbiçilərlə aparılan müsahibələrin nəticəsi göstərir ki, normal həyata qayıtmaq üçün bu qətnamənin qəbul edilməsi, yardım və bərpa proqramının olması vacibdir. Yaşadıqları icma və ailə üzvlərinin proqrama daxil edilməsi, həmçinin dövlət təsisatlarının dəstəyi, qadınların ən çox üzləşdikləri sosial və maddi problemləri aradan qaldıra bilərdi.
Qadın və kişi döyüşçülər normal həyata uyğunlaşma yolunu müxtəlif cür keçir. Qadın döyüşçülər müharibə dövründə malik olduqları səlahiyyətlər ilə postmüharibə dövründə patriarxal strukturlardan irəli gələn məhdudiyyətlər arasında gərginliklə üzləşə bilərlər. Başqa sözlə, hərbidə kişi həmkarları qədər səlahiyyət əldə edən qadınlar postmüharibə dövründə cəmiyyətin qaydalarına uyğunlaşmalı, ənənəvi gender rollarına tabe olmalıdırlar. Qadın döyüşçülərin postmüharibə dövründə gender inklüziv proqramları olmadığı müddətcə cins, mədəniyyət, etnik mənsubiyyət, yer və digər kimliklərinə görə xüsusi problemlərlə üzləşmə ehtimalı daha yüksəkdir.[2] Birinci Qarabağ müharibəsində iştirak edən qadınların rastlaşdığı gender əsaslı problemləri aşağıda təsvir edirəm.
Nikah üçün uyğun hesab edilməmək
Müharibə dövründə qadınların rolları genişlənsə də, bu o demək deyil ki, gender normaları və sosial güc münasibətləri struktural şəkildə dəyişir. Məsələn, müharibələrdən sonra gəlir bərabərsizliyi və gender rolları toxunulmaz olaraq qalır.
Birinci Qarabağ müharibəsində iştirak edən qadınlar da postmüharibə dövründə ayrı-seçkiliklə üzləşiblər. Bu ayrı-seçkiliyin özünü büruzə verdiyi məsələlərdən biri evlilikdir. Belə ki, veteran qadınları, görünür, cəmiyyət nikah üçün uyğun olmayan qadın hesab edir. Bu qadınlar evlənə bilməmək və ya həyat yoldaşlarından ayrılma səbəblərini müharibədə iştirakları ilə bağlayırlar. 17 müsahibdən ikisi müharibədə iştirak etdiyi üçün evlənə bilməyib, digər 7-i isə postmüharibə dövründə boşanıb.
Veteran qadınlar istər mikro, istərsə də makro səviyyədə marginallaşdırılıblar. Müharibədə kəşfiyyatçı qrupunda bir il xidmət edən müsahib 1 postmüharibə dövründə üzləşdiyi problemləri bölüşür.[3] O bildirir ki, müstəqilliyin ilk illərində rayonlarda könüllü özünümüdafiə batalyonları yaradılmışdı. O da Azərbaycan Xalq Cəbhəsi Partiyasının yaşadığı ərazidəki rayon təşkilatına baş çəkib, müharibəyə getmək istədiyini bildirib. Nəticədə onu kəşfiyyatçı qrupuna yazıb, müharibəyə yola salıblar. O, müharibəyə gedərkən silahdan istifadə edə bilməsə də, hərbi hissədə təlimlərdən sonra bunu asanlıqla öyrənib.
Nə cəmiyyət, nə ailə, nə də qohum-əqrəba yaxşı qarşıladı məni. Məni hərbidə də yaxşı qarşılamadılar, “qız uşağı müharibədə nə gəzir?” dedilər. Hərbidə kişilər qadınları yaxşı qarşılamırdı. Onlara əxlaqsız kimi baxırdılar. Mənə deyirdilər ki, bura sənlik deyil, qayıt. Dedim, yox, gəlmişəmsə, qayıtmayacağam. Deyəcəklər, qorxdu qayıtdı. Müharibədən sonra isə orada olduğumu bilən kişilər mənə yaxşı məqsədlə yaxınlaşmırdılar.
Müsahib 1 evlənəndən 4 il sonra həyat yoldaşı ilə ayrıldığını deyir. Müharibədə iştirakı onu həyat yoldaşı rolundan kənarlaşdırıb. Dediyinə görə, həyat yoldaşı evlənməmişdən əvvəl onun müharibədə iştirak etdiyini bilsə də, evlənəndən sonra məsələ ilə bağlı müəyyən narazılıqlar başlayıb və ayrılıblar.
Müsahib 2 orduya qatılmaq üçün dəfələrlə Müdafiə Nazirliyinə müraciət edib, lakin ona cavab verilməyib. O, 1992-ci ildə evdən qaçaraq orduya qoşulub. Orta təhsilli olsa da, tibb bacısı kimi hərbidə qeydiyyatdan keçib və hərbi hissədə işləyən həkimdən tibb bacılığını öyrənib. Orduda etimad qazanandan – təxminən bir aydan sonra silahla təmin edilib, təlimlərdən keçib və döyüşlərdə iştirak edib. O da müharibədə iştirak etdiyinə görə üzləşdiyi ayrı-seçkilikdən danışır:[4]
Kişilər müharibədə iştirak edən qadınlara əxlaqsız kimi baxır. Biz özümüzü güclü sayırıq, amma qarşımızdakı kişilər bizim adımızı özlərinə ləkə bilirlər. Mənimlə ailə qurmaq istəyən kişilər müharibədə iştirak etdiyimi biləndən sonra imtina ediblər. Hətta öz həmcinslərim söz-söhbət olanda bunu başıma qaxınc ediblər. “Sən milli orduya getmisən” deyirlər – Getmişəm, sənin namusunu qorumaq üçün getmişəm.
Evlənməyi qadının uğuru kimi təqdim edən cəmiyyətin patriarxal qaydalarına, bu qaydaların inşa etdiyi rola uyğunlaşa bilməməsi müsahib 2-ni məyus edir. Bunu müsahibələr zamanı bir neçə dəfə açıq şəkildə ifadə edirdi: “Tək yaşadığım üçün evə gəlmək istəmirəm. Ona görə evə çox gec gəlirəm.”
Müsahib 3 tibb bacısı təhsili alıb və 1991-92-ci illərdə könüllü olaraq hərbi hissədə tibb bacısı kimi fəaliyyət göstərib. O da müharibədən sonra oxşar problemlərlə üzləşib.[5]
Biz nişanlımla uşaqlıq dostu idik. Orduda tibb bacısı kimi xidmətə başlayandan sonra qaynanam məni rədd etdi. Dedi ki, heç vaxt belə qızı özümə gəlin edə bilmərəm. Biz də ayrıldıq. Müharibədə iştirak etdiyim üçün məni qəbul etmədilər.
Müsahibədə iştirak edən digər qadın müsahib 4 də seçim qarşısında qalıb.[6] Ya müharibədə iştirak etməli, ya da həyat yoldaşından ayrılmalı imiş. 1991-ci ildən könüllü olaraq hərbi xidmətə yazılan müsahib 4 əvvəlcə döyüş bölgəsində yerləşən hərbi hissələri geyimlə təmin edib, sonradan isə hərbi hissədə məxfi sənəd şöbəsinin rəisi olub. Müharibəyə qatılmaq səbəbini vətənpərvərliklə bağlayır. “Vətən üçün əlimdən nə gəlirdisə, onu etmək istədim” deyir. Əlavə edir ki, “orduya könüllü qoşulanda heç nə bilmirdim, silah istifadə etməyi hərbidə öyrəndim.” O hərbi xidmətə başlamazdan əvvəl evlənib. Hərbiyə qatılanda isə həyat yoldaşı narazılıq edib. Müharibədə müəyyən vəzifəsi və gücü olan müsahib 4 ailə qurandan sonra ənənəyə uyğun olaraq həyat yoldaşına tabe olmalı idi. O isə hərbidə qalmağı seçib, nəticədə həyat yoldaşı ondan ayrılıb.
Müsahib 5 müharibədən əvvəl yaşadığı ərazinin xəstəxanasında tibb bacısı kimi fəaliyyət göstərib. O, 1991-ci ildə işlədiyi xəstəxanada döyüş bölgəsindən gələn çoxlu yaralını qəbul etdiyini deyir. Ondan sonra könüllü olaraq hərbi xidmətə qoşulmağa qərar verib. O qeyd edir ki, “hərbi xidmətdə olan əsgərlər ilk dəfədən tutmuş son illərə qədər bizə pis baxdılar.” Postmüharibə dövründə üzləşdiyi sosial stiqma ilə uzun illər mübarizə apardığını vurğulayır. Əlavə edir ki, “bizə [qadın veteranlara] pis baxan kişilərin qardaş deyib yarasını sarıyırdıq. Hərbidə hər cür fədakarlıq etsək də, kişilər bizi qəbul etmədi.”[7]
Müsahib 6 orta tibb təhsili alıb və 1993-cü ildən hərbi hissədə tibb bacısı kimi işləyib. O, tanıdığı insanların onunla münasibət saxlamamasını, diskriminasiyaya məruz qaldığını vurğulayır və qeyd edir ki, “müharibədən sonra qız-gəlinlər yanımda dayanmağa qorxurdu, elə bilirdilər, onlar da ləkələnəcək.”[8]
Dövlətin qadın veteranları cəmiyyətə reinteqrasiya etməklə bağlı proqramının olmaması onların üzləşdikləri ictimai və şəxsi problemlərin əsas səbəblərindən biridir. Belə ki, cəmiyyət olduqca ənənəvi olsa da, reinteqrasiyaya dair dövlət proqramı qadın veteranların üzləşdikləri problemlərin bir çoxunun öhdəsindən gəlməkdə onlara maddi və psixoloji dəstək ola, eyni zamanda cəmiyyətdə maarifləndirmə işləri aparılmasına töhfə verə bilərdi.
Məşğulluq problemləri
Ordudan tərxis olunduqdan sonra işsizlik problemi ilə üzləşən qadınların bir çoxu təkcə 80 manat sosial müavinətlə yaşadıqlarını deyirlər. Onlar həm psixoloji travma, həm də müxtəlif bədən xəsarətləri alıblar. Müalicə üçün gəlirlərinin kifayət qədər olmadığını bildirənlər də var. Müsahiblər bildirirlər ki, onlar dövlət orqanlarına müraciət edəndə dövlət rəsmiləri aşağılayıcı tonda dəfələrlə onlardan “müharibəyə gedib neyləmisiz ki?” sualını soruşub.[9] Qadın olduqları üçün döyüşçü fəaliyyətləri gözardı edilib, işlə təmin edilməyib, gender əsaslı problemlər yaşayıblar.
Müsahib 7-nin indi 60 yaşı var. O, çox çətinliklər gördüyünü, 1995-ci ildə tərxis edildikdən sonra işsiz qaldığını, dövlət orqanları tərəfindən heç bir qayğı görmədiyini deyir.
Mən neçə-neçə yaralını, ölünü çiyinlərimdə daşımışam. Tək yaşayıram, necə dolanım mən 80 manatla? Müharibədə sağlamlığımı itirmişəm, göz yaşlarım hələ də qurumur. Hansısa namussuz namusuma dil uzadanda, siz bilirsiz, nə qədər vicdanımız sızlayır? İş axtarıram, iş vermirlər. Dolana bilmirəm, mənim pula ehtiyacım var, həm də çox. Elə vaxt olur, evimdə şor, çörək belə tapa bilmirəm. Pensiyamı kəsdilər, ürək xəstəsiyəm. Hara gedirsən, deyir, rüşvət ver düzəldək. Mən bu torpaqları 4 il 8 ay qorumuşam canım bahasına. Ölmədimsə, mənəm günahkar? Şəhid olsaydım, qəbrimi də bəzəyərdilər, gül də gətirərdilər.[10]
Müsahib 7 internatda böyüyüb. O, döyüş bölgəsinə nişanlısının dalınca gedib. Hərbi hissədə qalıb döyüşməyə də o zaman qərar verib. Müharibədə ağır silah istifadə edib. Silahla davranmağı hərbidə təlimlərdə öyrənib. Müharibədə nişanlısını itirdikdən sonra uzun illər geri dönməyi düşünməyib. Dörd il səkkiz ay döyüşlərdə, ön cəbhədə olub. O vaxtdan da evlənmədiyini, tək yaşadığını deyir. Yaşıdığı ərazidə Rayon İcra hakimiyyətindən ona deyilib ki, “Birinci Qarabağ müharibəsində iştirak edənləri Allah da unudub.”
Müsahib 4 də dövlət orqanlarının etinasızlığından şikayətlənir:
Müharibədə günlərlə ac-susuz qaldığım üçün üç dəfə əməliyyat edilmişəm. Mədəmin yarısı yoxdur. Digər orqanlarımda da problemlər yarandı. Yaş irəlilədikcə sağlamlıqla bağlı problemlərim daha da pisləşdi. Həftədə ən azı bir dəfə təcili yardım gəlir evə. 80 azn veteranlıq pulu alıram. Balaca bir evdə yaşayıram. Bir otaqdan ibarətdir. Müharibə 35 ildir bitib, amma mən 35 ildir İcra Hakimiyyətinə yalvara-yalvara qalmışam ki, mənə 1 sot torpaq versin. Heç bir gəlirim yoxdur, bilmirəm, hansı pulla yaşayım. İmkanım olsa, Azərbaycandan çıxaram. Dövlət bizi necə yaddan çıxara bilir, axı ən acınacaqlı vəziyyət Birinci Qarabağ müharibəsində olub. 1999-cu ildə əlilliyə görə tərxis edilmişəm. Ondan sonra da heç nə edə bilmirəm.[11]
İlham Əliyevin 2021-ci ildə imzaladığı Fərmana əsasən, Birinci Qarabağ Müharibəsi veteranları da daxil olmaqla, əlilliyi müəyyən edilmiş bir sıra hərbi qulluqçulara birdəfəlik ödəmələr edilir: I dərəcə əlilliyə görə 8800 manat; II dərəcə əlilliyə görə 6600 manat; III dərəcə əlilliyə görə 4400 manat.[12] Bu ödənişlərin həyata keçirilməsinə 2022-ci il avqust ayından başlanılıb. Lakin müsahiblər arasında əlilliyi olan şəxslər birdəfəlik ödənişlər almadıqlarını bildirmişdilər. Onlardan bəziləri isə belə bir qanunun mövcudluğundan xəbərləri olmadığını qeyd etmişdi.
Nəticə
Postmüharibə dövründə dövlət orqanları tərəfindən qadın döyüşçülərin hərbi təcrübəsi ciddiyə alınmayıb və onlar marjinallaşdırılıb. Qadın veteranlar cəmiyyət tərəfindən də qəbul edilməyib. Həm maddi, həm də psixoloji çətinliklərlə qarşılaşan qadınlar şəxsi və ictimai münasibətlərində problemlər yaşayıblar. Müharibədən sonrakı dövrdə cəmiyyət qadın veteranlar üçün yeni təcrid, bərabərsizlik və marginallaşma formaları yaradıb. Qadınların müharibədə qazandıqları yeni rollar dəyərsizləşib və bu da onları arzuolunmaz rollara itələyib. Cəmiyyət və dövlətin qadın veteranlara olan münasibəti döyüşçü qadınların səsinin eşidilməməsinə və onların müharibədən sonrakı həyatlarının görünməz olmasına səbəb olub. Bundan əlavə, müşahidələr göstərib ki, əksər hallarda patriarxal dəyərlər sistemi gündəlik həyatın bütün sahələrində fəaliyyət göstərib və qadınları gücsüz vəziyyətə salıb. Nəticə olaraq, uzun illər keçməsinə baxmayaraq, keçmiş döyüşçülər reabilitasiyadan keçmədikləri üçün müharibə dövründə aldıqları travmalar həyatlarının bütün mərhələlərinə təsir edib.
[1] Müsahibə – Müharibə Veteranı Qadınlarına Sosial Yardım İctimai Birliyinin rəhbəri Rada Abbasova (2024, 7 aprel).
[2] Elaine Zuckerman and Marcia Greenberg, “The Gender Dimensions of Post-Conflict Reconstruction: An Analytical Framework for Policymakers,” Gender and Development 12, no. 3 (2004): 70–82.
[3] Müsahib 1 (2024, 2 yanvar).
[4] Müsahib 2 (2024, 20 yanvar)
[5] Müsahib 3 (2024, 13 fevral)
[6] Müsahib 4 (2024, 22 yanvar)
[7] Müsahib 5 (2023, 28 dekabr).
[8] Müsahib 6 (2024, 22 yanvar)
[9] Müsahib 1, 6, 7, 9, 12
[10] Müsahib 7 (2024, 20 yanvar)
[11] Müsahib 8 (2024, 20 yanvar)
[12] Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar hərbi xidmət vəzifələrini (xidməti vəzifələrini) yerinə yetirərkən və ya həqiqi hərbi xidmət dövründə xəsarət (yaralanma, travma, kontuziya) alması və ya xəstələnməsi nəticəsində əlilliyi müəyyən edilmiş hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının, habelə onların ailə üzvlərinin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin fərmanı, Bakı şəhəri, 23 dekabr 2021-ci il № 1513 https://e-qanun.az/framework/48722.

