fbpx

Cəmiyyət

Cəmiyyət

Doktorantura Dissertasiyasının Bəzi Metodoloji Elementləri: “Ankaranın Cənubi Qafqaz Siyasəti kontekstində Türkiyə-Ermənistan münasibətləri (1991-2010)”

Read this article on other language
Download article
image_pdf
image_pdf

Tədqiqatın subyekti

Türkiyənin xarici siyasəti Yaxın Şərq və Orta Asiya kimi regionlarda son dövrlərdə getdikcə iddialı hala gəldi. Eyni sözləri Türkiyənin yaxınlığında yerləşən və yüksək strateji, siyasi və iqtisadi potensiala malik Cənubi Qafqaz regionu haqqında da demək olar. Regionun üç ölkəsi, yəni Ermənistan, Azərbaycan və Gürcüstan, Sovet İttifaqının dağılmasından bəri aktiv və çox yönlü xarici siyasətini qoruyub saxlayan bu regional gücün əlaqələrində əsas yer tutur. Buna baxmayaraq, Türkiyə bu dövlətlərlə heç də eyni səviyyədə əlaqələr qurmayıb: bu fərqlilik ilk növbədə bu ölkələrin tarixi, etnik, iqtisadi, mədəni, dini və linqvistik aspektləri ilə bağlıdır. Məsələn, Türkiyənin regionun ən böyük ölkəsi olan Azərbaycanla əlaqələrinin xüsusi önəminin əsas səbəbləri iki ölkənin tarixi, mədəni, dini və linqivistik yaxınlığı ilə izah edilə bilər. Eyni zamanda enerji resurslarının tədarükçü və tranzit ölkəsi olaraq Azərbaycan xüsusilə iqtisadi səviyyədə Türkiyə üçün vacib regional tərəfdaşdır.

Ankaranın Cənubi Qafqaz siyasəti üçün Gürcüstan da çox vacibdir. Bu iki ölkə arasındakı siyasi və iqtisadi əməkdaşlıq Türkiyənin regional siyasətinin əhəmiyyətli bir hissəsidir.

Ermənistana gələndə isə Türkiyə bu ölkənin siyasi və diplomatik həyatında demək olar ki, yoxdur. Əslində, bu iki qonşu ölkə hələ də sözün əsl mənasında diplomatik əlaqələr qurmayıblar və onların ortaq sərhədləri rəsmi olaraq bağlanmışdır. Onlar arasındakı bu “soyuq” münasibətlərin müxtəlif tarixi və siyasi səbəbləri var. Bu problemlərə baxmayaraq, son illərdə ikitərəfli münasibətlərdə əhəmiyyətli dəyişikliklər də baş vermişdir. İki dövlət arasındakı barışıq və yaxınlaşma prosesi 2009-cu ildə İsveçrədə diplomatik əlaqələrin bərpası və sərhədlərin yenidən açılması ilə bağlı protokolların imzalamasına gətirib çıxardı. Protokolların hələ ratifikasiya edilməməsinə baxmayaraq, bu jest bu ölkələrin diplomatik tarixində mühüm addım hesab edilə bilər.

Türkiyə ilə Ermənistan arasındakı əlaqələrin mərkəzində təbii olaraq türk və erməni aktorları dayanır. Erməni aktoru anlayışı Türkiyə üçün əsasən üç müstəvidə görünür: Ermənistan Respublikası, erməni diasporu və Türkiyədə yaşayan ermənilər. Ankaranın nöqteyi-nəzərindən, dövlətlərarası əlaqələr, şübhəsiz ki, türk-erməni münasibətlərinin daha geniş bir çərçivəsindən təsirləndiyi üçün bu üç müstəvi bir-birinə sıx bağlıdır. Müasir beynəlxalq münasibətlərdə qeyri-dövlət aktorlarının artan təsiri və bu iki ölkə arasındakı əlaqələrin xüsusi təbiəti nəzərə alınaraq erməni diasporunun və Türkiyədəki erməni etnik azlığının öyrənilməsi də tədqiqatımıza daxil ediləcəkdir.

Ermənilər türk aktorlarına qarşı münasibətində də qeyri-müəyyənlik qalmaqdadır. Əslində, erməni dilində hər ikisi türk xalqı olan türklər (Türkiyədən) və azərbaycanlılar (azəri türkləri də deyilir) eyni sözlə ifadə edilir. Azərbaycan ərazisinin 20 faizinin işğalı ilə nətəcələnən və Türkiyə ictimaiyyətində Azərbaycana, “türk qardaşa,” qarşı güclü həmrəylik hissinin yaranmasına səbəb olan ermənilər və azərbaycanlılar arasındakı Dağlıq Qarabağ münaqişəsi türklər və ermənilərin bir-birinə qarşı mövcud olan mənfi rəylərini daha da gücləndirdi. Beləliklə, tədqiqatın regional səviyyədə müəyyənləşdirilməsinə baxmayaraq, bu münaqişəyə dair Türkiyə siyasətinə, eyni zamanda, Azərbaycanın türk-erməni münasibətlərində tutduğu yerə xüsusi diqqət yetirilməlidir.

Cənubi Qafqazla bağlı Rusiya və İran kimi regional aktorların diqqətindən savayı, ümumilikdə bu regionda və ələlxüsus da türk-erməni münasibətlərində mühüm mövqeyə sahib olan ABŞ ilə Avropa İttifaqı (Aİ) kimi qlobal aktyorların da rolu qeyd edilməlidir. Faktiki olaraq ABŞ və Aİ türk-erməni dialoqunun inkişafı üçün çox səy göstərmişdir.

Ankara ilə Yerevan arasındakı əlaqələrdə dialoq prosesini çətinləşdirən bir neçə məqam mövcuddur. İlkin olaraq, Ermənistanın soyqırım hesab etdiyi, Türkiyənin isə rədd etdiyi Osmanlı imperiyası altında erməni qırğınları məsələsi, ələxsus da 1915-1917-ci illərdəki hadisələr, iki ölkə arasında təxmini bir əsrdir fikir ayrılığına səbəb olur. Ermənistan Türkiyəni bu qırğınların məsuliyyətini öz üzərinə götürməyə çağırır və tez-tez erməni diasporu ilə əlaqələndirilmiş siyasət aparır.

Dağlıq Qarabağ münaqişəsi zamanı bu iki dövlətin münasibətləri bir daha kəskinləşdi. 1988-ci ildə Sovet İttifaqının zəifləməsi nəticəsində başlayan bu münaqişə regional humanitar böhrana səbəb oldu. Dağlıq Qarabağın müstəqilliyinin elan edilməsi və Ermənistan ilə Azərbaycan arasındakı sonrakı müharibə son iyirmi ildə təkcə regionda təhlükəsizlik boşluğu yaratmaqla qalmayıb, eyni zamanda iki ölkə və onların qonşuları arasındakı münasibətləri də şərtləndirib. Münaqişənin sülh yolu ilə həlli prosesində xarici aktorların (ATƏT-in Minsk qrupu) çağırışlarına baxmayaraq indiyədək heç bir irəliləyiş baş verməyib. Nəticədə, Dağlıq Qarabağ münaqişəsi, keçmiş Sovet İttifaqındakı Dnestryanı, Cənubi Osetiya və Abxaziya kimi digər münaqişələr kimi “dondurulmuş” olaraq qalmaqdadır.

Türkiyə 1991-ci il dekabrın 16-da, Ermənistan Respublikasının müstəqilliyini rəsmi olaraq elan etməsindən qısa müddət sonra Ermənistanı tanıdı. 1993-cü ildə Türkiyə Azərbaycan ərazisi olan Kəlbəcərin işğalına cavab olaraq Ermənistan üzərinə blokada qoyanda hələ iki ölkə arasında rəsmi münasibətlər qurulmamışdı. Ermənistanın soyqırım məsələsi ilə bağlı siyasətindən və Türkiyənin sərhədlərini tanımamasından narazı olan Türkiyə Azərbaycanla həmrəylik əlaməti olaraq Türkiyə-Ermənistan sərhədini bağlamağa qərar verdi. Bu dövrdən etibarən iki ölkə arasında sərhədlər bağlıdır.

Sülh əlaqələrini bərpa etmək üçün Ankara Ermənistana üç şərt qoyur. İlk olaraq iki ölkə arasındakı mövcud sərhədlər rəsmi olaraq Ermənistan tərəfindən tanınmalıdır. İkinci şərt erməni məsələsinə aiddir: Türkiyə beynəlxalq arenada Ermənistandan “soyqırım iddiaları”nı dayandırmağı tələb edir. Son olaraq, Ankara Qarabağ münaqişəsinin öz həllini Azərbaycanın ərazi bütövlüyü çərçivəsində tapmasını istəyir.

Bütün bu ziddiyyətlərə baxmayaraq, Türkiyə və Ermənistan 2009-cu il oktyabrın 10-da Zürixdə iki ölkə arasında diplomatik münasibətlərin bərpasına və ümumi sərhədin yenidən açılmasına dair iki protokol imzalayaraq tarixi bir jest etdi. Əslində, İsveçrənin vasitəçiliyi ilə 2007-ci ildən bəri Ankara və Yerevan artıq gizli diplomatik dialoq aparırdılar, lakin məhz 2008-ci ildən sonra dialoq daha konkret bir müstəviyə keçdi. Eyni ildə Türkiyə-Ermənistan münasibətlərinin normallaşması baxımından müsbət bir dəyişiklik oldu: belə ki, diplomatik əlaqələrin olmamasına baxmayaraq, Türkiyə prezidenti Abdullah Gül həmkarı Serj Sarkisyanın FİFA Dünya Kuboku seçmə mərhələsi çərçivəsində Yerevanda keçiriləcək futbol matçına qatılmaq üçün dəvətini qəbul etdi. Bu, bir Türkiyə prezidentinin bu ölkəyə ilk səfəri idi. Qarşılıqlılıq prinsipinə əsasən Gül də öz növbəsində Sarkisyanı eyni ilin oktyabrın 14-də Bursa şəhərində keçiriləcək matçda iştirak etməyə dəvət etdi. Bu səfər Türkiyə-Ermənistan münasibətlərində yeni bir səhifə açaraq iki ölkənin barışmasına dair bəslənən ümidləri gücləndirdi. Futbol matçı vasitəsi ilə iki liderin diplomatik dialoqunun qurulması sonradan “futbol diplomatiyası” adlandırıldı.

Bu hadisədən sonra, daha dəqiq olaraq 22 aprel 2008-ci ildə, ikitərəfli əlaqələrin yol xəritəsi iki ölkə tərəfindən elan edildi. Yol xəritəsinin məzmunu açıqlanmasa da bu məxfilik ikitərəfli əlaqələrin normallaşdırılması prosesinin “qarantiyası” kimi təqdim edilmişdir. Beləliklə, 2009-cu ilin oktyabrında Türkiyə-Ermənistan protokollarının imzalanması bu prosesin məntiqi davamı idi. Protokolların Türkiyə və Ermənistan parlamentləri tərəfindən ratifikasiya edilməməsinə baxmayaraq, bunlar 1991-ci ildən bəri iki dövlət arasında ikitərəfli imzalanmış yeganə diplomatik sənədlər olaraq qalırlar.

Tədqiqatın çərçivəsi

Bu tədqiqat Cənubi Qafqaz regionunda və xüsüsilə də Ermənistanda həyata keçirilən Türkiyə xarici siyasətinə fokuslanaraq Türkiyənin diskursunu və davranışını araşdırır. Tədqiqatımız 1991 və 2010-cu illər arasındakı iyirmi illik dövrü əhatə edir və bu dövr təkcə Türkiyə xarici siyasətini yox, eyni zamanda Türkiyənin regional aktorlarla qurduğu əlaqələrin özünəməxsus məzmununu anlamaq üçün əhəmiyyətlidir. Lakin Ankara və Yerevan arasında 2007-ci ildə diplomatik danışıqların başlanması və 2009-cu ildə Zürix protokollarının imzalanması ilə iki ölkənin barışması və yaxınlaşmasına gətirib çıxaracaq dövrə xüsusi diqqət yetiriləcək. Türkiyənin bu çətin qərar qəbul etmə prosesinə təsir edən və bu protokolların imzalanmasına gətirib çıxaran elementlərin öyrənilməsi faydalı olacaqdır. Türkiyədə və xaricdə bir çoxları bu yaxınlaşmaya qarşı idilər və hələ də çoxları buna müxali olaraq qalmaqdadır. Digər tərəfdən, bəzi irəliləyişlərə baxmayaraq hazırda ikitərəfli münasibətlərin normallaşması prosesinə fasilə verilmişdir.

Fransada və ümumilikdə Avropada mövzu ilə bağlı elmi ədəbiyyat əsasən Türkiyənin Avropa İttifaqına üzvlüyünə və onun Yaxın Şərqdəki siyasətinə dair məsələlərə yönəlir. Cənubi Qafqaz regionunda Ankaranın xarici siyasətinin təhlili baxımından mövcud araşdırma əsasən erməni məsələsinin və 1915-ci ildə baş vermiş qırğınlarda Türkiyənin məsuliyyətinin öyrənilməsi ilə məhdudlaşır. Nəticədə, empirik və nəzəri baxımdan Türkiyə və Ermənistan dövlətlərarası münasibətlərinin təhlilində ciddi boşluqlar yaranır.

Nəzəri çərçivə

Tədqiqatımız əsasən Türkiyənin təhlilinə yönəlmiş olduğundan, diplomatik yaxınlaşmada Türkiyənin xarici siyasətinin roluna daha çox diqqət ayıracağıq. Bu prosesi təhlil edərkən bir sıra suallar meydana gələ bilər: Türkiyənin Ermənistanla münasibətləri normallaşdırmaq qərarına və protokolları imzalamasına hansı aktorlar təsir etdi? Nəzərə alsaq ki, diplomatik sənədlərin imzalanmasına baxmayaraq bu iki ölkə hələ də rəsmi diplomatik əlaqələr qurmayıb, onda yaxınlaşma prosesində Türkiyənin xarici siyasətindəki uyğunsuzluğunu necə izah etmək olar?

Konstruktivizm prinsipləri milli maraqların əhəmiyyətini nəzərə alaraq dövlətlər arasındakı münasibətlərin tarixini və sosial kontekstini, eyni zamanda kimlik və qavrayış anlayışlarını xüsusi vurğulayır.[1] Konstruktiv yanaşmaya görə kimlik mahiyyəti etibarilə dünya görüşünü formalaşdırır və beləcə, bir dövlətin başqalarını qavraması onun öz kimliyi tərəfindən müəyyənləşdirilir.

Müstəqil dəyişən (kimlik) və asılı dəyişən (xarici siyasətin istiqamətləndirilməsi) arasındakı əlaqəni qurarkən iki epistemoloji elementi nəzərdən keçirmək vacibdir.[2] Birincisi, kimliyi səbəb-nəticə rolu deyil,  konstruktiv rolu olan bir element olaraq nəzərdən keçirməliyik. Başqa sözlə desək, “müəyyən bir kimlik dövlətin davranışının növlərini necə və niyə mümkün və ehtimal edir?” İkincisi, müəyyən bir kimlik bütün aktyorların tərəfindən hər zaman eyni formada başa düşülmür: tam əksinə, onun məzmunu dövrə, kontekstə və aktyorlara görə dəyişə bilər.

Bizim fərziyyələrimiz aşağıdakı kimi təqdim edilə bilər:

  1. Konstruktivizmin nəzəri vasitələrinin nöqteyi-nəzərindən təsdiq edirik ki, Türkiyənin xarici siyasəti müəyyən dərəcədə onun kimliyindən təsirlənib. Kimlik dəyişikliyi və Türkiyə xarici siyasətinin dəyişməsi arasında səbəb-nəticə əlaqəsi axtarmadan, biz hesab edirik ki, kimliyin müəyyən bir aspektinin (Qərb, müsəlman, türk və s.) güclənməsi əvvəllər mümkün olmayan bəzi qərarların qəbul edilməsinə imkan yarada bilər.
  2. Hesab edirik ki, Türkiyənin Cənubi Qafqaz siyasətində, xüsusilə də Ermənistana qarşı həyata keçirilən siyasətində, kimliyin və reallığın necə dərk edilməsi daha da rol oynayır.

Araşdırmalarımızda konstruktiv düşüncədən çıxış edərək qəbul edirik ki, kimlik “başqa”ları anlayışının qavranışına təsir etməklə  dövlətin bəzi növ davranışlarını mümkünləşdirə və ya tam əksinə qəlizləşdirə bilir. Bu səbəbdən də Türkiyənin xarici siyasətində kimliyin rolunu izah etmək üçün türk kimliyində “biz” və “başqaları” arasındakı əlaqəni təhlil etmək lazımdır. Bizim tədqiqatımızın nöqteyi-nəzərindən isə buradakı “başqaları”nı əksər hallarda ermənilər təmsil edirlər.

Türkiyənin xarici siyasətinin təhlilində mərkəzi element kimi kimliyin götürülməsindəki israrımız bizə həqiqətən də düzgün görünür. Bu anlayış Türkiyənin Ermənistanda və Cənubi Qafqaz regionunda həyata keçirdiyi xarici siyasətində daha da aydın sezilir. Türkiyə ilə Ermənistan və ümumilikdə türklər və ermənilər arasında olan münasibətlər bəzi tarixi problemlərlə yüklənmiş haldadır. Tərəflərin hər biri üçün qonşu tərəf kimlik üçün təhlükə hesab edilir. Nəticə etibarilə bu nüansları izah etmədən tədqiqatımız mövzunun psixoloji və sosioloji tərələrinin əhəmiyyətini göslərə bilməz. 1918-1920-ci illərdə Ermənistanın qısamüddətli müstəqillik dövrünü çıxmaq şərtilə  Sovet İttifaqının dağılmasından əvvəl Ermənistanla Türkiyə arasında müstəqil dövlətlər kimi əlaqələr mövcud olmayıb. Lakin artıq bir əsrdən artıqdır davam edən 1915-ci il hadisələrinin reallığına dair müzakirələr iki ölkənin xarici siyasətində güclü formada müşahidə edilən qarşılıqlı düşmənçilik münasibətlərinə səbəb olmuşdur.

Bu baxımdan tədqiqat sualı aşağıdakı kimi hazırlana bilər:

İki ölkə arasında diplomatik yaxınlaşma nə dərəcədə Türkiyənin Ermənistanla bağlı düşüncələrinin dəyişməsinin nəticəsidir?

Tədqiqat metodologiyası

Tədqiqatımızın əsas elementi dövlətdir; indiki halda isə Türkiyə və Ermənistan dövlətləri. Beləliklə, təhlil əsasən dövlət səviyyəsində tətbiq olunsa da, qərar qəbuletmə prosesində xüsusilə də Türkiyədə (Qars və İğdır kimi sərhəd bölgələrində) olan yerli aktorların təsir imkanları da nəzərə alınır.

Tədqiqatımızın metodiki əsasına gəldikdə, ictimai elmlərdə tez-tez istifadə olunan müxtəlif paradiqmalara müraciət edirik. Paradiqmaların elementlərini əsasən səbəb-nəticə əlaqəli modellər, sistemli yanaşma və geniş modellər (hermeneutika) kimi istifadə etmək qərarına gəldik.

Ermənistan və Türkiyə arasındakı “soyuq” münasibətlərin səbəblərinə baxmaqda bizə kömək edən səbəb-nəticə modeli ictimai elmlərdə, ələxsus da beynəlxalq münasibətlərdə geniş formada istifadə olunur. Səbəb-nəticə əlaqəsini aşkar etmək üçün bu metodu tətbiq edərkən bu fenomendə səbəb və təsir arasındakı korrelasiyanı öyrənmək vacibdir. Tədqiqat faktorları bu nəzəri modeldə həlledici rol oynayır.[3]

Biz həmçinin bu tədqiqatda sistemli metoddan istifadə etmişik. Bu metodik yanaşma sistemin necə işləməsini və bu elementlərin bir-birindən asılılığınl başa düşmək üçün vacibdir. Beynəlxalq sistemə gəldikdə isə təbii ki, onu təşkil edən elementlər də bir-birindən asılıdır. Türkiyənin Ermənistan xarici siyasətini nümunə kimi götürsək, görəririk ki, beynəlxalq münasibətlərin bir neçə elementi ona təsir edə bilər: ABŞ-ın siyasəti, Avropa İttifaqına üzvlük məsələsi, Rusiyanın Cənubi Qafqaz regionuna təsirləri, erməni diasporunun erməni soyqırımın tanınması üçün apardığı kampaniya, Türkiyə-Azərbaycan münasibətləri, Türkiyənin Dağlıq Qarabağ münaqişəsindəki mövqeyi və s.

Eyni zamanda biz “insanın və ictimai fəaliyyətin mənası”nı anlamağa imkan verən hermeneutikal modeldən istifadə etdik.[4] Bu metod Türkiyə və Ermənistanın davranışını şifrələmək, xüsusilə də bu iki dövlətin özləri və başqalarını necə qavradıqlarını təhlil etmək üçün çox faydalı olacaqdır.

Tədqiqatımızda faydalı olan digər bir metod da mövzunun tarixi aspektlərini açıqlayan irsi yanaşmadır. Bu yanaşma bizə erməni-türk münasibətlərinin köklərini araşdıraraq problemləri daha dərindən öyrənməyə kömək edir.

Tədqiqat metodologiyasına gəldikdə ümumilikdə ictimai elmlər və xüsusilə də beynəlxalq münasibətlərə daha uyğun gələn keyfiyyət metodlarını seçmişik. İştirakçının müşahidəsi, mövcud ədəbiyyatın tədqiqi və məzmununun təhlili bu mövzunun hərtərəfli araşdırılması üçün zəruri olan effektiv metodlardır.

Biblioqrafik tədqiqatların bir hissəsi olaraq araşdırmamızı həyata keçirmək üçün bir neçə mənbədən istifadə edilmişdir: müqavilələr və beynəlxalq razılaşmalar kimi ilkin mənbələrin geniş istifadə olunması, Türkiyə və Ermənistan liderləri daxil olmaqla rəsmi çıxışlar və xüsusilə də Türkiyə parlamentindəki müzakirələr; Türkiyə Xarici İşlər Nazirliyinin rəsmiləri və Türkiyə-Ermənistan münasibətlərində ixtisaslaşan ekspertlər, siyasi, diplomatik, iqtisadi sahələrdə həm dövlət, həm yerli səviyyəli aktorlarla yazışmalar, müsahibələr öyrəndiyimiz diplomatik yaxınlaşma prosesini tam təfərrüatlı izləmək üçün çox əhəmiyyətlidir. Türkiyənin xarici siyasəti və Cənubi Qafqaz regionuna dair olan qavrayışları ilə bağlı tədqiqatımızı apararkən əsasən Türkiyədə (Ankara, İstanbul, həmçinin Qars və İğdır kimi sərhəd bölgələrdə) sahə işləri aparmağı da qərara aldıq. Son olaraq Azərbaycan, Gürcüstan, Fransa və Hollandiya kimi ölkələrdə də bəzi müsahibələr aparılmışdır.[5]

İngilis, azərbaycan, fransız, rus və türk dillərində mövcud ədəbiyyatı araşdırmaq bizim biliyimizi zənginləşdirməklə yanaşı mövzumuza dair fərqli fikirləri aşkarlamağımıza da imkan yaradır. Erməni dilində məlumatın olmaması tədqiqatımızı məhdudlaşdırsa da biz onu rus, ingilis və fransız dillərində yazılmış erməni sənədlərinin təhlili ilə kompensasiya etməyə çalışdıq.[6]

[1] Bu tədqiqat üçün müəllif konstruktivizmin müxtəlif aspektləri barədə yazılmış geniş ədəbiyyatdan istifadə etmişdir: Nicholas Onuf, World of Our Making, University of South Carolina Press, Columbia, 1989, 341 səh.; Alexander Wendt, Social Theory of International Politics, Cambridge University Press, Cambridge, 1999, 429 pages; Alexander Wendt, “Anarchy is What States Make of It”, International Organisation, vol. 46, 1992, səh. 391-425; J. Ann Tickner, “Identity in International Relations Theory. Feminist Perspectives” in Yosef Lapid et Friedrich Kratochwil; The return of culture and identity in IR theory, Londres, 1996, səh. 148-151; Ted Hopf, “The Promise of Constructivism in International Relations theory”, International security, vol.23, n°1, summer 1998, səh.171-200; Robert Jervis, Perception and Misperception in international politics, 1976, Princeton University Press, Princeton, 1976, 445 səh.; Jutta Weldes, “Constructing National Interests” in European Journal of International Relations, Vol 2, n°3, 1996, səh. 275-318; Shibley Telhami et Michael Barnett (dir.), Identity and foreign policy in the Middle East, Cornell University Press, Ithaca, 2002, 207 səh.; Robert Frank (dir.), Pour l’histoire des relations internationals [Beynəlxalq münasibətlər tarixi üçün], Presses Universitaires de France, Paris, 2012, 756 səh..

[2] Shibley Telhami et Michael Barnett, “Introduction: Identity and Foreign policy in the Middle East” in Shibley Telhami et Michael Barnett (dir.), Identity and foreign policy in the Middle East, Cornell University Press, Ithaca, 2002, səh.17-18.

[3] Raymond Quivy, Luc Van Campenhoudt, Manuel de recherche en science sociales [Sosial elmlərdə tədqiqat üzrə dərslik], 3 éd., Dunod, Paris, 2006, səh.85-86.

[4] Eyni, səh.90.

[5] Təəssüf ki, Ermənistanda sahə işi həyata keçirmək mümkün deyildi.

[6] Erməni dilindən başqa dildə yazılmış erməni ədəbiyyatını nəzərdən keçirməyin əsas qüsuru onun əsasən əcnəbi oxucular üçün nəzərdə tutulmuş olmasıdır. Lakin tarixi konteksti nəzərə alsaq deyə bilərik ki, rus dilində yazılmış sənədlər haradasa istisna hesab edilə bilər.

Paylaş
FacebookTwitter

Facebook Comment

abunə olun

BRI yerli və beynəlxalq auditoriyaya Azərbaycanla bağlı təhlil, rəy və araşdırmalar təqdim etmək məqsədi daşıyan müstəqil ekspertlər tərəfindən yaradılmış beyin mərkəzidir.

bg
For the full operation of the site you need to enable JavaScript in your browser settings.