Sovet İttifaqının dağılması ilə dövlət müstəqilliyi əldə etmiş Azərbaycanın qarşılaşdığı ən mühüm məsələlərdən biri təhsil sahəsinin yenilənməsi idi. Kommunist Partiyasının hakimiyyəti altında konseptuallaşdırılmış təhsilin məzmunu müstəqil Azərbaycan dövlətçiliyinin mənafelərinə xidmət edə, onun tələblərini təmin edə bilməyəcəkdi. Təhsil sahəsində dövlətin üzləşdiyi problemlər isə təkcə tədris olunan fənlərin məzmunun dəyişdirilməsini tələb etmirdi. Fənləri tədris edən pedaqoji heyətin yeni şəraitə uyğunlaşması da əhəmiyyətli idi. Lakin sovet təhsilinin məhsulu olan müəllimləri bir neçə ilə yeni şəraitin tələblərinə uyğun kadrlarla əvəz etmək qeyri-mümkün idi. SSRİ-nin dağılmasından 32 il ötür və bu, yeni nəsil müəllim kadrlarının hazırlanması üçün kifayət edəcək bir müddətdir. Lakin müstəqil Azərbaycanın təhsil sistemi üçün kadr hazırlığını hələ də sovet dövrünün mütəxəssisləri, professor-müəllim heyəti reallaşdırır.
Azərbaycanda pedaqoji kadrlarla bağlı problemlərin kökü sovet dövrünə gedir. Sovet hakimiyyətinin qurulduğu ilk iki onillikdə savadsızlıqla mübarizə və mədəni inqilab layihəsi pedaqoji kadrlara olan tələbatı kəskin artırmışdı. Bu isə öz növbəsində yarısavadlı, pedaqoji qabiliyyətlərdən xəbərsiz insanların məktəblərə kütləvi axınına səbəb oldu. Kifayət qədər professional biliklərə malik olmayan, təhsilin tədrisi metodologiyalarından bixəbər müəllimlərin üzərinə sovet hakimiyyətinə loyal, siyasi etibarlı nəsil yetişdirmək, hakimiyyətin siyasi kampaniyalarında fəal iştirak etmək, yaşadıqları bölgələrdə sovet hakimiyyətinin sosial-siyasi layihələrini təbliğ və təşviq etmək öhdəliyi qoyuldu. Mən bu yazıda sovet hakimiyyətinin müəllimlərdən gözləntilərini təhlil edəcək və sovet müəlliminin bu gözləntilərə nəcə cavab verdiyini təhlil edəcəyəm.
Sovet təhsili: missiyası, hədəfləri
Təhsil istənilən dövlətdə kritik infrastruktur olaraq hakimiyyətin siyasətinin və ideologiyasının cəmiyyətə ötürücüsü rolunu oynayır. Müxtəlif siyasi sistemlərdə təhsil müxtəlif məqsədlərə xidmət edir. Demokratik, liberal dəyərlərin söykəndiyi siyasi rejimlərdə və avtoritar üsullarla idarə olunan dövlətlərdə təhsil fərqli məqsədləri hədəfləyir. Dövlət strukturları təhsil vasitəsilə cəmiyyətə lazım bildikləri dəyərləri qəbul etdirir, sosial prioritetləri müəyyənləşdirir və cəmiyyətin konkret ideologiya ətrafında birləşməsini təmin edir. Dövlət bütün bunları təhsilin məzmununu müəyyənləşdirərək həyata keçirir. Lakin təhsilin siyasi hakimiyyət üçün bu qədər önəmli olması təkcə onun məzmunu ilə məhdudlaşmır.
Dövlət təhsil siyasətini müəyyən edərək böyüməkdə olan nəslin nə zaman tədrisə başlayacağını, tədrisin nə qədər müddətə davam edəcəyini, tədrisin keyfiyyət standartlarını müəyyən edir. Təhsil vasitəsilə yüz minlərlə insan eyni gün və saatda tədrisə başlayaraq, eyni zamanda tədrisi bitirərək, eyni informasiyanı öyrənərək dövlət tərəfindən müəyyən edilmiş intizama tabe edilir. Tədris müəyyən müəssisələrdə reallaşdırılır və bu müəssisələrin dövlət strukturları qarşısında hesabatlılığı təmin edilir. Tədrisin müxtəlif səviyyələri arasında əlaqələr müəyyənləşdirilir, bir səviyyədən digərinə keçmək üçün konkret qaydalar müəyyən edilir. Bu qaydalar dövləti təhsil sahəsində son söz sahibinə çevirir. Tədris müəssisələrində qəbul edilmiş qaydalar bilavasitə tabeçilik və intizamın, həmçinin siyasi loyallığın təmin edilməsinə xidmət edir.
Tədqiqatçılar milli dövlətlərin formalaşmasında, etnomillətçiliyin çiçəklənməsində, etnik münaqişələrə zəmin yaradılmasında, millətin müxtəlif məqsədlərlə siyasi hakimiyyətin ətrafında birləşməsində təhsilin müstəsna rolunu qeyd edirlər.[1] 1917-ci ilin oktyabrında Rusiyada hakimiyyəti ələ keçirmiş bolşeviklər xalqa hamı üçün əlçatan və pulsuz təhsil vəd edirlər. Bolşeviklər təhsilin siyasi hakimiyyət üçün əhəmiyyətini dərk edirdilər. Təhsil müəssisələrini hamı üçün əıçatan etmək xoş məramdan irəli gəlmirdi. Bunu Rusiya bolşeviklərinin lideri Lenin öz yazılarında etiraf edirdi. Xalqların öz müqəddəratını təyin etmək hüququnu xalqların öz dillərində təhsil almaq hüququ ilə eyniləşdirən Lenin açıq şəkildə yazırdı ki, təhsilin dili deyil, məzmunu önəmlidir, hər bir xalq istədiyi dildə təhsil ala bilər, lakin bu, təhsilin məzmununu müəyyənləşdirmək hüququnun da həmin xalqa veriləcəyi demək deyildir.[2] Bu cavab bolşeviklərin təhsilin siyasi hakimiyyətin maraqlarına xidmət etməkdə müstəsna imkanlara malik olmasından xəbərdar olduqlarına dəlalət edir.
Bolşevik hakimiyyətinin ilk illərində cəmiyyətin müxtəlif təbəqələrinin kütləvi şəkildə parta arxasına otuzdurulması nəinki sadə əhali, həmçinin proqressiv ziyalılar tərəfindən də alqışla qarşılanmışdı. Boris Pasternak, Lev Landau kimi açıq fikirli insanlar bolşeviklərin təhsil siyasətini əsrlər boyu Rusiyada hökm sürmüş sosial ədalətsizliyi dağıdacaq imkan kimi görürdülər. Lakin sovet təhsilinə bu münasibət sovet dərsliklərinin yaradılması ilə dəyişdi. Ziyalılar tədricən əvvəl Leninin, sonra isə həm də Stalinin şəkilləri ilə bəzədilmiş bu dərsliklərin hansı məqsədlərə xidmət etdiyini, savadsızlığın ləğvinin isə mülkü hüquqsuzluğa gətirib çıxaracağını anladılar.
19-cu əsrin sonu-20-ci əsrin əvvəllərində məktəblərdə Azərbaycan dilində dərs deyə biləcək müəllimlərin sayı çox az idi. Lakin bu müəllimlər əksər hallarda yaxşı təhsil almış, yüksək ixtisaslı mütəxəssislər idi. Məsələn, uzun illər müəllimlik etmiş Həsən Zərdabi Moskva universitetinin fizika-riyaziyyat fakültəsinin təbiət elmləri bölməsini bitirmişdi. Bu dövrdə həm məktəblərin, həm də məktəblərə cəlb olunmuş şagirdlərin sayı az olduğundan müəllim qıtlığı hiss olunmurdu. Lakin sovet hakimiyyəti savadsızlığa qarşı mübarizə elan edəndən və mütəxəssisləri “inqilabın düşmənləri” və “yad elementlər” adlandırandan sonra vəziyyət dəyişdi. Sovet hakimiyyətinə kütləvi savadsızlığa qarşı mübarizə üçün müəllimlər lazım idi və bu müəllimlər fəhlə-kəndli mənşəyinə malik olmalı idilər.
Sovet Azərbaycanında bolşeviklərin təhsil siyasətinin olduqca yüksək olan savadsızlığın ləğvində rolu danılmazdır. 1926-cı ildə respublikada yaşayan 2.313.744 nəfərin yalnız 422 min nəfəri (14%) savadlı idi. Azərbaycanın müsəlman əhalisi arasında savadlılıq dərəcəsi isə digər millətlərin nümayəndələri ilə müqayisədə olduqca aşağı idi. Məsələn, əhalinin 62%-ni təşkil edən azərbaycanlılar (türklər) arasında savadlılıq səviyyəsi 8.5% idi. Bu rəqəm ermənilər arasında 33.2%, ruslar arasında isə 62.5% idi.[3]
Sovet təhsil siyasətinin həyata keçirilməsində AzSSR həm Ermənistan SSR, həm də Gürcüstan SSR-dən geridə idi. 1920-ci illərin sonlarında Ermənistan savadsızlığın ləğvi ilə bağlı dövlət planını 76.9%, Gürcüstan 65.6%, Azərbaycan isə 58% yerinə yetirə bilmişdi.[4] Azərbaycanın təhsil sahəsində geridə qalmasının bir sıra səbəbləri var idi, onların ən önəmlisi isə Azərbaycan dilində tədris edə biləcək müəllim kadrlarının çatışmaması idi. Bu problemi tez bir zamanda aradan qaldırmaq üçün ali məktəblərə, xüsusilə də pedaqoji ixtisaslara qəbul zamanı azərbaycanlılara üstünlük verilirdi. 1924-cü ildə Azərbaycan Pedaqoji İnstitutu və Müəllimlər seminariyalarına qəbul edilmiş 605 tələbənin hamısı azərbaycanlı idi.[5] Lakin bu ixtisaslara yalnız azərbaycanlı tələbələrin qəbul edilməsi təhsilin keyfiyyətinə ciddi xələl gətirirdi. Bunun əsas səbəbi isə həmin tələbələrə Azərbaycan dilində dərs deyəcək ali məktəb müəllimlərinin çatışmaması idi. Beləliklə, ali məktəblərdə Azərbaycan dilində dərs deyə biləcək yarısavadlı kadrlar fəaliyyətə başlayır. Bu yarısavadlı kadrlar ali məktəblərdə təhsil alan tələbələrə yarımçıq biliklər verir. Təhsil strukturları isə Sovet dövlət planını statistik olaraq həyata keçirə bilmək üçün tələbələrin tədris proqramını lazımi səviyyədə qavramasına əhəmiyyət vermir, tələbələr tədris edilən fənləri natamam mənimsəyərək məzun ola bilirdilər.
1920-30-cu illərdə müəllim kadrlarının hazırlanmasında mövcud olan nöqsanlar rsepublikada təhsilin keyfiyyətinin aşağı olmasının, həm humanitar, həm də dəqiq elmlər üzrə ixtisaslaşan müəllimlərin bilik səviyyəsinin yetərsiz olmasının əsas səbəbi idi. Bu nöqsanlar özünü bir neçə il sonra, yarımçıq təhsil almış, tədris texnologiyalarından, pedaqogikadan xəbərsiz yarısavadlı müəllimlərin məktəblərdə tədrisə başlaması ilə biruzə verdi.
1920-1930-cu illərdə mədəni sahədəki tədbirlər sovet müəllimini hakimiyyətin sosial-iqtisadi sahədə həyata keçirilən layihələrinin aktiv iştirakçısına, əsas dayağına çevirdi.[6] Sovet hakimiyyəti qurulan zaman Azərbaycanda əhalinin 70%-dən çoxu bölgələrdə yaşayırdı və respublikada sovet hakimiyyətinin legitimliyi kənd əhalisinin hakimiyyətə loyallığını təmin etməklə reallaşa bilərdi. Partiya işçiləri və komsomoldan sonra bu missiyanı könüllü və ya məcburi şəkildə öz üzərinə götürənlər məhz müəllimlər oldu. Sovet hakimiyyəti ziyalı sinfin nümayəndəsi kimi sovet müəllimindən anti-inqilabi elementlərin aşkar edilməsini, anti-dini kampaniyada, savadsızlığın ləğv edilməsində, kollektivləşmədə, qolçomaqlara qarşı mübarizənin həyata keçirilməsində müəllimlərin iştirakını tələb edirdi.
İqtisadi vəziyyətin ağır olduğu bir dövrdə iqtisadi cəhətdən dövlətdən asılı olan müəllimlər ya hakimiyyətin gözləntilərinə cavab verməli, ya da sovet hakimiyyətinin düşmənləri kimi ictimai qınağa məruz qalaraq repressiv tədbirlərlə üzləşməli idilər. Müəllimlər çox zaman birinci yolu seçirdilər.[7] Müəllimlərin loyallığını iqtisadi təzyiqlər və maliyyə imkanları ilə təmin edən hakimiyyət bununla da sovet müəllimini siyasi dəyərlərinin təbliğatçısına çevirə bildi.[8] Bu həm təhsilin, həm də təhsil müəssisələrinin siyasiləşdirilməsinin başlanğıcı oldu. Bundan sonra sovet hakimiyyəti təhsil sahəsində qəbul edilən bir sıra layihələr üçün məsuliyyəti də müəllimlərin üzərinə qoydu. 1930-cu illərin əvvəllərində məcburi ümumi ibtidai təhsilə keçid kampaniyasının başlanması müəllimlərin üzərinə tədrisdən uzaq qalmış uşaqların aşkar edilməsi və onların məcburi şəkildə məktəblərə gətirilməsi vəzifəsini qoydu. Lakin 1930-cu illərdə ağır iqtisadi vəziyyət bölgələrdə kasıb ailələrin uşaqlarının təhsilə cəlb edilməsini ciddi şəkildə məhdudlaşdırırdı. Bu vəziyyət müəllimlə yerli icma arasında münaqişəli vəziyyətə səbəb olurdu. Nəticədə sovet müəllimi həm hakimiyyətlə, həm də yerli icma ilə normal münasibət yaratmaq üçün ortaq nöqtə tapmağa çalışır, hər iki tərəfi məmnun etməyə məcbur olurdu.
Sovet Azərbaycanının aparıcı ziyalı təbəqəsi
Sovet hakimiyyətinin yeni qurulduğu və mədəni inqilabın başlandığı 1920-1930-cu illərdə bölgələrdə müəllimlərə münasibət pozitiv deyildi və bunun əsas səbəbi din xadimlərinin bolşeviklərin mədəni inqilab siyasətini hədəfləməsi idi. Din xadimləri dünyəvi təhsil əleyhinə çıxaraq, hər vəchlə sovet məktəbləri strukturunun genişləndirilməsinə maneələr yaradırdılar. Ruhanilərin təhriki ilə şəhər və kəndlərdə mütərəqqi fikirli insanların, əsasən də müsəlman qadınlarının cəzalandırılması, onların təhqir və hücumlara məruz qalması müşahidə olunurdu. Bu hədələr bəzən ölümlə nəticələnirdi. Əhali içərisində mövhumatçılıq o qədər güclü idi ki, anti-sovet çıxışları zamanı din xadimləri üsyançıları sovet maarif işçilərinə qarşı ən qəddar tədbirlər görməyə təhrik edə bilirdilər.
Sovet hakimiyyətinə qarşı qalxan etiraz hərəkatı zamanı əziyyət çəkənlər ilk növbədə sovet ziyalıları olurdu. Məsələn, 1930-cu il Nuxa-Zaqatala üsyanının yatırılması zamanı hakimiyyət nümayəndələri üsyançıların ziyalılara qarşı xüsusi qəddarlıq göstərdiklərini bildirirdilər.[9] Sovet hakimiyyətinin anti-dini siyasəti, dini institutların əhaliyə təsir mexanizmlərinin və maliyyə imkanlarının ləğv edilməsi din xadimlərinin nüfuzuna ağır zərbə vurdu. Kollektivləşmə ilə bağlı repressiyalar isə ortabab kəndlinin və qolçomaqların müqavimətini tamamilə qırdı. Kəndlərdə sovet hakimiyyətinə və müəlliminə qarşı mübarizə aparacaq qüvvə qalmadı.
İkinci dünya müharibəsi ərəfəsində müəllimin Azərbaycan cəmiyyətində rolu əhəmiyyətli dərəcədə artdı. Müəllim ziyalı sinfin nümayəndəsi kimi cəmiyyətin hakimiyyətə loyallığını təmin edən vasitəyə çevrilməyə başladı. Sovet müəlliminin hakimiyyətlə assosiasiya edilməsi onun cəmiyyətdə nüfuzunun artmasına imkan yaratdı. Lakin müəllimin cəmiyyətdə artan ictimai mövqeyi və nüfuzu onun professionallıq səviyyəsi ilə deyil, sosial dəyəri ilə bağlı idi. Bu şərait hakimiyyət üçün əlverişli idi. Professionallıq səviyyəsi tutduğu vəzifəyə uyğun gəlməyən müəllimin nüfuzu tamamilə hakimiyyətin müəllimə münasibətindən asılı olurdu.
Azərbaycan SSR Maarif naziri Mirzə Məmmədov 1954-1955-ci tədris ili üçün MK-ya təqdim etdiyi hesabatında qeyd edirdi ki, respublikanın ibtidai və orta təhsil müəssisələrində çalışan 32.488 müəllimdən 8017-in (yəni 24.6%-in) ali təhsili var, 10.447 nəfər müəllimlik kurslarını bitirib, 13.761 nəfərin orta təhsili vardır, 213 nəfər isə orta təhsilini ümumiyyətlə tamamlamayıb.[10] Nazir hesabatda sovet müəlliminin missiyasından danışır, onun respublika əhalisinin dünyagörüşünün inkişaf etdirilməsində və siyasi yetkinliyinin formalaşmasında aparıcı ziyalı təbəqə olduğunu vurğulayırdı. Lakin hesabata daxil edilmiş məlumatlar sovet Azərbaycanı müəlliminin xalqın mənəvi tələblərinə cavab verəcək, cəmiyyətə nümunə ola biləcək səviyyəyə çata bilmədiyini göstərir. Nazir hesabatında müəllimlərin savadsızlığı məsələsinə toxunur, şagirdlərin biliklərinin qiymətləndirilməsi zamanı ədalətsizliyə yol verdiklərini, rüşvət alaraq şagirdlərə yüksək qiymət verdiklərini, müəllim və məktəb rəhbərlərinin bəzi hallarda etik normalara riayət etmədiklərini vurğulayır, diqqəti kişi müəllimlərin azyaşlı şagirdləri ilə evlənmələri, cinsi zorlama, məişət pozğunluğu kimi faktlara çəkir.[11]
Azərbaycan arxivlərində sovet təhsilinin təşkili, təhsil strategiyasının inkişaf mərhələləri, keyfiyyət standartları ilə bağlı çoxlu sayda sənədlər mövcuddur. Bu sənədlər yerlərdən mərkəzə göndərilən hesabatlardan, təhlillərdən ibarətdir. Təhsil sahəsinin təftişi üzrə materiallar hər bir məktəbin direktoru tərəfindən hazırlanaraq yerli maarif şöbələrinə göndərilir, maarif şöbələri bu materiallar əsasında rüblər və illər üzrə ümumi hesabatlar hazırlayaraq Maarif Nazirliyinə göndərirdi. Maarif Nazirliyi bu materialları təhlil edərək hesabatlar hazırlayır və Azərbaycan Kommunist Partiyası (AKP) Mərkəzi Komitəsinə (MK) təqdim edirdi. MK Maarif Nazirliyi tərəfindən təqdim edilən məlumatların şəffaflığını yoxlamaq üçün yerli maarif şöbələrinə və məktəblərə deyil, adətən Maarif Nazirliyinə yoxlama komissiyaları göndərirdi. Rayon maarif şöbələrinin fəaliyyətini əks etdirən hesabatların nə dərəcədə etibarlı olduğunu isə nazirliyin təşkil etdiyi komissiyalar müəyyənləşdirirdi. Nazirliyin komissiyaları nadir hallarda məlumatların məktəb səviyyəsində yoxlanılmasını təşkil edirdilər. Adətən bu iş maarif şöbələri tərəfindən yerinə yetirilirdi. Bu, o deməkdir ki, məktəblərin fəaliyyəti haqqında məlumatların etibarlığı maarif şöbələrindən asılı idi.
Sovet Azərbaycanında təhsilin keyfiyyəti, müəllim kadrlarının fəaliyyəti, etik davranışları haqqında məlumatların düzgünlüyü üçün məsuliyyəti bilavasitə maarif şöbələri daşıyırdı. Maarif şöbələri yerli partiya komitələrinin tabeliyində olduqlarından hazırlanan hesabatlar partiya komitəsi katibi ilə razılaşdırılırdı. Bu, ümumilikdə rayonun partiya komitəsinin işinin qiymətləndirilməsinə təsir edən amil olduğundan, maarif şöbələri rəsmi sənədlərdə neqativ hallar haqqında susmağa üstünlük verirdilər. Nadir hallarda, hər hansı cinayət hadisəsi baş verdikdə və ya nazirliyə mütəmadi və kütləvi şikayətlər daxil olduqda nazirlik məktəb səviyyəsində yoxlamalara başlayır, rayon partiya təşkilatları və maarif şöbələri reallıqla üzləşməli olurdular.
Təhsillə bağlı hesabatlarda ən çox toxunulan məsələ tədrisin keyfiyyəti və şagirdlərin fənləri qavraması idi. Bu məsələlər müəllimlər qurultaylarında, təhsil işçilərinin müşavirələrində müzakirəyə çıxarılırdı. Məsələn, 1953-cü ilin avqustunda AzSSR Maarif Nazirliyinin xalq təhsili müəssisələri işçilərinin respublika müşavirəsində iştirak edən Kirovabad (indiki Gəncə) Şəhər Maarif şöbəsinin müdiri hər 5 şagirddən birinin tədris olunan fənləri mənimsəməkdə çətinlik çəkdiyini, şagirdlərin dördə birinin ana dili üzrə yazılı imtahandan qeyri-məqbul qiymət aldığını bildirir. Şöbə müdiri bunun əsas səbəbi kimi müəllimlərin şagirdlərin biliklərini qiymətləndirən zaman “liberalizmə” yol verməsi ilə izah edir.[12] Elə həmin il Maarif Naziri MK-dakı çıxışlarının birində müəllim liberalizmi məsələsinə toxunur və qeyd edir ki, Göyçay rayonu Bağır kənd orta məktəbində direktor imtahan tapşırıqlarını müəllimlərə yazdırmış, sonra isə şagirdlər tapşırıqları köçürmüşdülər. Qazaxın orta məktəblərinin birində isə 10-cu sinifdə oxuyan 100 şagirdin imtahanda qeyri-məqbul cavab verməsinə baxmayaraq, onların 59-a yüksək qiymət verilmişdi.[13]
Quba rayon xalq maarif şöbəsinin 1953-cü il üzrə hazırladığı hesabatlarında, şöbə iclaslarının protokollarında kənd məktəbləri müəlllimlərinin savadsızlığı, tədris planlarını düzgün tərtib edə bilmədikləri, tədris ilini dörd əvəzinə üç rübə böldükləri, şagirdlərin davamiyyəti və fənləri mənimsəmələri haqqında maarif şöbəsinə yalan məlumatlar ötürdükləri qeyd edilir.[14] Müəllimlərin savadsızlığına nümunə olaraq, Quba xalq maarif şöbəsinin müdiri ibtidai sinif müəlliminin şagirdlərin adını jurnalda düzgün yaza bilməməsini göstərirdi. Maarif şöbələrinin tərtib etdiyi hesabatlarda şagirdlərin ana dili və riyaziyyatı qavramaqda ciddi problemlərlə üzləşdiyi xüsusi qeyd edilirdi. Məsələn, Quba rayon xalq maarif şöbəsinin hesabatlarının birində yazılırdı ki, Bad Qələgah ibtidai məktəbinin müdiri və müəllimi H.Babayev 2+2×2 misalını həll edərkən əvvəl vurma və sonra toplama əməlini etmək əvəzinə, əməlləri sıra ilə etmişdi.[15] Oxşar vəziyyət digər rayonlarda və Bakı məktəblərində də mövcud idi.[16]
Savadsız müəllim probleminin yaranmasının əsas səbəbi, sözsüz ki, pedaqoji kadrlar hazırlayan məktəblər idi. Məsələn, Azərbaycan Qiyabi Pedaqoji məktəbin 1951-1952-ci tədris ili üçün hesabatında göstərilirdi ki, tələbələrin mənimsəmə göstəriciləri olduqca aşağıdır. Məktəbin 64 tələbəsindən ana dili üzrə yazılı imtahandan üç nəfər 5, 19 nəfər 4, 35 nəfər 3, 7 nəfər isə 2 qiymət almışdı. Riyaziyyat üzrə yazılı imtahanda isə 1 nəfər 5, 11 nəfər 4, 29 nəfər 3 qiymət almış, 10 nəfər isə imtahandan keçə bilməmişdi. Dövlət imtahanına buraxılan 73 tələbədən 53-ü məqbul qiymət alaraq məktəbin Dövlət İxtisas Komissiyasının qərarı ilə ibtidai sinif müəllimi adına layiq görülmüşdü.[17] 1953-cü ilin yayında Qiyabi Pedaqoji Məktəbdə dövlət imtahanı keçirilən zaman azərbaycan dili və ədəbiyyatı fənnindən imtahan verən 90 nəfər tələbənin 30-u imtahandan qeyri-məqbul qiymət almışdı.[18] Qiyabi təhsil müəssisələrində tədrisin keyfiyyətinin aşağı olmasını Vəli Axundov da etiraf edirdi.[19]
Pedaqoji kadrların hazırlandığı Azərbaycan Dövlət Pedaqoji İnstitutunda nəinki qiyabi, əyani şöbədə də vəziyyət yaxşı deyildi. Məsələn, 1962-ci ilə aid hesabatda institut tələbələrinin arasında davamiyyət və kursların mənimsənilməsində ciddi problemlərin olduğu, müəllimlərin bilik səviyyəsinin aşağı olması, institutda elmi tədqiqat işlərinin aparılmadığı qeyd olunur. Hesabatda həmçinin institut rəhbərliyinin düzgün kadr seçimi etmədiyi, işə qəbul zamanı professionallıq səviyyəsinin deyil, subyektiv faktorların (yerlibazlıq, tanışlıq, tapşırıq) əsas götürüldüyü, rəhbərliyin qanunsuz olaraq işçiləri işdən azad etməsi kimi neqativ hallar haqqında yazılırdı.[20] Oxşar problemlər Kirovabad Pedaqoji İnstitutu və M.F.Axundov adına Dillər İnstitutu kimi əhəmiyyətli təhsil müəssələrində də mövcud idi.[21]
1950-60-cı illərdə təhsil müəssiələrində baş verən neqativ hallar, qiymətlərin şişirdilməsi, təhsilin formal xarakter daşıması, əyalət məktəblərində məktəbə getməyən şagirdlərin formal olaraq sinifdən-sinfə keçirilməsi, texniki-peşə məktəblərinə ayrılan vəsaitlərin rəhbər strukturlar tərəfindən mənimsənilməsi Maarif Nazirliyi səviyyəsində etiraf edilirdi. Lakin bu hesabatlarda təhsil və pedaqoji kadrların fəaliyyəti ilə bağlı daha həssas olan məsələlər, müəllim-şagird, müəllim-valideyn, məktəb-cəmiyyət arasındakı münasibətlər kimi problemlər müzakirəyə çıxarılmırdı.Təhsil müəssisələrində aparılan planlı yoxlamalar formal xarakter daşıyır, hesabatlar isə standart qaydada tərtib edilirdi.
Təhsilin siyasiləşməsi
SSRİ dağıldıqdan sonra sovet sisteminin cəmiyyətlərə təsirini təhlil edən mütəxəssislər təhsilin bu sistemdə müstəsna rol oynadığını qeyd edirdilər. Bolşeviklərin mədəni inqilab layihəsi geridə qalmış xalqlara, xüsusilə də Sovet İttifaqının Mərkəzi Asiya, Qafqaz kimi bölgələrinə innovativ və proqressiv ideyalar gətirmiş, kütləvi savadsızlığın aradan qaldırılmasına təkan vermişdi. Sovet hakimiyyətinin təhsil sahəsində olduqca geridə qalmış Azərbaycan əhalisini tamamilə savadlandırdığı qeyd edilirdi. Bu fikirlər qərəzli sovet statistikasına, partiya liderlərinin publik çıxışlarına söykənirdi. Lakin reallıq bu təsvirdən uzaq idi. Sovet İttifaqının dağılması ərəfəsində Azərbaycanda 10 yaş və 10 yaşdan yuxarı hər 1000 nəfərdən 257-in ibtidai təhsili var idi.[22] Yəni sovet hakimiyyəti Azərbaycanda savadsızlığı tam ləğv etmək məqsədini reallaşdıra bilməmişdi. Əvəzində təhsil müəssisələrinin qapılarını yarısavadlı insanların üzünə açmış, təhsili hamı üçün əlçatan etmək niyyəti ilə elm və savadı deyil, qeyri-professionallığı, keyfiyyətsizliyi, siyasi loyallığı təşviq etmişdir.
Sovet hakimiyyəti təhsil sistemini eyni zamanda ifrat dərəcədə siyasiləşdirmiş, təhsilin həm məzmunu, həm də təşkili birbaşa Kommunist Partiyasının nəzarəti altına düşmüşdü. Təhsilin siyasiləşməsi ilk növbədə tədris planının tərtib edilməsi və tədris olunan fənlərin məzmun və məqsədinin müəyyənləşməsi ilə başlanırdı. 1930-cu illərin sonlarından başlayan bu proses İkinci Dünya müharibəsi bitdikdən sonra daha da gücləndi. Bu, ilk növbədə, partiya tarixinin tədrisi, elmi kommunizm, marksizm-leninizm fəlsəfəsi, siyasi iqtisadiyyat və s. kimi fənlərin yaradılması idi. Təhsildə vahid nizam-intizam sisteminin mövcudluğu, təhsil müəssisələrində aşağıdan yuxarıya tabeçilik və hesabatlılıq prinsipinin formalaşdırılması təhsilin idarə edilməsini siyasiləşdirir, məktəbin muxtariyyətinə əngəllər yaradırdı.
Sovet hakimiyyəti müəllimlərin hər hansı müstəqil, partiyadan kənar təşkilatlanmasına qadağalar qoyurdu. Tədris prosesinin vahid proqramlar, dərslik və vəsaitlər əsasında təşkil edilməsi, müəllimlərin peşəkar sərbəstliyini qadağan edirdi. Partiyanın tam monopoliyaya aldığı təhsil sistemində çalışan müəllimlər sovet hakimiyyətinin müxtəlif siyasi kampaniyalarında fəal iştirak edərək, yerlərdə sovet hakimiyyətinin təmsilçilərinə və dayağına çevrilirdilər.
1920-1930-cu illərdə sovet müəllimi məktəbdə sovet hakimiyyətinin siyasətinə haqq qazandırır, sənayeləşmə, kollektivləşmə, anti-dini siyasət, qolçomaqlara qarşı mübarizə, mədəni inqilab kimi tədbirlərdə fəal iştirak edirdilər. 1950-1970-ci illərdə sovet müəllimi dövlətin iqtisadi planlarının yerinə yetirilməsində iştirak edirdi. Pambıqçılığın inkişaf etdiyi bölgələrdə müəllimlər şagirdlərlə birgə pambıq plantasiyalarında çalışır, hər il tədris ilinin ən azı 3 ayı şagirdlər təhsildən yayınır, sovet ziyalısı isə uşaq əməyinin istismarında birbaşa iştirak edirdi. Müəllimin sovet dövründəki statusu dövlət idarəçiliyi sisteminin mahiyyətindən irəli gəlirdi. Partiya təhsili siyasiləşdirərək və müəllimi bu siyasətinin alətinə çevirərək ona ikili status verirdi: müəllim yerli icmanın nüfuzlu lideri, hakimiyyətin isə itaətkar xidmətçisi olurdu.
İstinadlar və qeydlər:
[1]State/Culture. State-Formation after the Cultural Turn. Edited by George Steinmetz. Cornel University Press: 2000; Anderson Benedict. Imagined Communities: Reflections on the Origin and Spread of Nationalism. Verso: 1991; Keith Darden and Harris, Mylonas, “Threats to Territorial Integrity, National Mass Schooling, and Linguistic Communality,” Comparative Political Studies. 49, no. 11 (July 2016), 1446-1479; Stephen L. Harp, learning to be Loyal: Primary Schooling as National Building. In Alsace and Lorraine, 1850-1940 (DeKalb: Northern Illinois University Press, 1998); Keith Darden and Anna Maria Grzymala-Busse, “The Great Divide: Literacy, Nationalism, and the Communist Collapse,” World Politics 59, no. 1(June 2011): 83-115.
[2] Ленин В. И. О национальном вопросе и национальной политике. Мoсква: Издательство политической литературы, 1989, 41-42.
[3] Всесоюзная перепись населения. 1926 г. М.: ЦСУ СССР, 1929, т.14, отдел 1, ЗСФСР, 11-13.
[4] ЦК ВКП(б) и Национальный вопрос. Кн.2, 1933–1945, Москва: РОССПЭН, 2009, cild 1, 683.
[5] 1924-cü ildə AzSSR ali məktəblərinə qəbul olunmuş tələbələrin sayı. Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsi İctimai-Siyasi Sənədlər Arxivi (bundan sonra ARPİİİSSA) siy.235, iş 108, v.89.
[6] Ewing, E. Thomas. The teachers of Stalinism: policy, practice, and power in Soviet schools of the 1930s. New-York, Peter Lung Publishing, 2002, pp.17-52.
[7]Документы свидетельствуют. Из истории деревни накануне и в ходе коллективизации 1927–1932 гг. Москва: Политиздат, 1989, s.106, 297, 306, 430.
[8] Hough J. F. The Cultural Revolution and Western Understanding of the Soviet System // Cultural Revolution / Ed. S. Fitzpatrick. P. 241-254
[9]Azərbaycan SSR Xalq Daxili İşlər Komissarlığının hesabatı. ARPİİİSSA, f.1, 29,siy.2312, 25, v.104.
[10] Azərbaycan Respublikası Dövlət Arxivi (bundan sonra ARDA ), f.57, siy.17, iş 157, v.26.
[11] Azərbaycan SSR Maarif naziri Mirzə Məmmədovun 1954-1955-ci tədris ili üçün hesabatı. ARDA f.57, siy.17, iş 199, v. 6
[12] Azərbaycan SSR xalq təhsili müəssisələri işçilərinin respublika müşavirəsi. ARDA, f.57, siy.14, iş 62, v. 8.
[13] Azərbaycan SSR Maarif Nazirinin hesabatı. 15 yanvar 1955-ci il. ARDA, f.57, siy.14, iş 63, v.19
[14] Quba rayon xalq maarif şöbəsinin 1953-cü il üzrə hesabatı. ARDA f. 57, siy. 17, iş 153, v. 68.
[15] Yenə orada, ARDA f. 57, siy. 17, iş 153, v. 107.
[16] Bax: Quba rayon xalq maarif şöbəsinin 1953-cü il üzrə hesabatı. ARDA f. 57, siy. 17, iş 165, v.32; ARDA f.57, siy.17, iş 153, v.112; Yusifzadə X. Ömrümün illəri və izləri. Bakı: Oskar 2010, 20-21.
[17] Azərbaycan Qiyabi Pedaqoji məktəbin 1951-1952-ci tədris ili üzrə hesabatı. ARDA f.57, siy. 16, iş 113, v. 11-12.
[18] ARDA f.57, siy.14, iş 63, v.21.
[19] Vəli Axundovun Bakı şəhərinin 36-cı partiya konfransında çıxış. ARDA 411, siy.48, iş 88,v.61-62.
[20] Azərbaycan Dövlət pedaqoji İnstitutunun MK-ya hesabatı. 1962-ci il. ARDA 2692, siy.2, iş 39, v.8.
[21]Kirovabad Dövlət pedaqoji İnstitutunun MK-ya hesabatı. 1962-c il. ARPİİİSSA, f.1, siy.53, iş 290.
[22]ЦСУ. Численность и состав населения СССР. По данным Всесоюзной переписи населения 1979 года. Москва: Финансы и статистика, 1984, 33.