fbpx

Cəmiyyət

Cəmiyyət

Sovet hakimiyyətinin uğur hekayəsi: Sosial mənzillər sosial ədalətin rəmzi idimi?

Read this article on other language
Download article
image_pdf
image_pdf

Bu il aprelin 28-də Azərbaycanda sovet hakimiyyətinin qurulmasından 104 il ötür. Sovet dövründə yaşamış nəsillər hər il mayın 1-də Bakının indi Azadlıq meydanı adlanan mərkəzi meydanında dünya zəhmətkeşlərinin həmrəyliyinə həsr olunmuş 1 may nümayişini xatırlayır, Bakının ən hündür nöqtəsində Azərbaycan bolşeviklərinin lideri Nəriman Nərimanovun heykəli ucalır. Azərbaycan vətəndaşlarının əksəriyyəti sovet dövründə tikilmiş binalarda yaşayır, sovet dövründən xəbərsiz olan gənc nəsilin əksəriyyəti isə sovet dövründə inşa edilmiş bağça və məktəblərdə böyüyür və təhsil alır. Müasir Azərbaycanda sosial vəziyyət ağırlaşdıqca insanların sovet dövrü ilə bağlı nostalji hissləri artır. Təkcə yaşlı nəsil deyil, gənc nəslin nümayəndələri də sovet dövründə sosial layihələrin daha ədalətli və əlçatan olduğunu düşünür. Gəncliyi bu cür düşünməyə vadar edən yaşlı nəslin bölüşdüyü xatirələri və tarixşünaslığın formalaşdırdığı kollektiv yaddaşdır. Müasir Azərbaycan tarixşünaslığı ilk iki on illiyi çıxmaq şərtilə ümumən sovet hakimiyyəti haqqında müsbət imic formalaşdırır.

Bu yazıda məqsəd sovet keçmişinə dair nostalji hisslərin səbəblərini araşdırmaq deyil. Məqsəd sovet hakimiyyətinin sosial layihələrinə iki zaman çərçivəsindən, keçmişdən və bu gündən olan baxışı təhlil etməkdir. Bu gün sovet hakimiyyətinin sosial layihələrini  müsbət qiymətləndirən yaşlı nəslin nümayəndələri bu layihələrə sovet dövründə necə münasibət bəsləyirdilər? Sovet hakimiyyətinin sosial layihələri həqiqətən bu gün iddia edildiyi kimi ədalətli və əlçatan idimi? Bu suala cavab vermək üçün sovet hakimiyyətinin ən uğurlu layihələrindən sayılan sosial mənzillər ilə bağlı məsələlər işıqlandırılacaq.

Elitadan xalqa doğru

Sovet hakimiyyətinin qurulduğu 20-ci əsrin əvvəllərində hərbi toqquşmalar, etnik zəmində qırğınlar və siyasi qarşıdurmalar şəhər və kəndlərdə ciddi dağıntılara səbəb olmuşdu, yüz minlərlə insan evsiz qalmışdı. 1920-ci illərin sonlarında Stalinin başlatdığı sürətli sənayeləşmə milyonlarla kəndlinin əyalətlərdən sənaye mərkəzlərinə axışmasına təkan verdi. 1926-cı ilin dekabrından 1939-cu ilin yanvarına qədər 30 milyondan çox kəndli yaşayış yerlərini tərk edərək şəhərlərdə məskunlaşdı.[1] Bu insanları qısa müddətdə yaşayış yerləri ilə təmin etmək qeyri-mümkün idi. SSRİ ərazisində artmaqda olan fəhlə sinfinin nümayəndələri barak tipli evlərdə və ya kommunal mənzillərdə yaşayırdı. Bu insanların fərdi mənzillərlə təmin edilməsi Stalinin ağır sənayeni inkişaf etdirmək planına uyğun gəlmirdi. Məhz bu səbəbdən mənzil tikintisini birinci 5-illik planda (1929-1932) nəzərdə tutulan 33% artırılmasını reallşadırmaq mümkün olmadı. Mənzil tikintisinin arxa plana keçirilməsi 1926-cı ildə adam başına düşən yaşayış sahəsinin 5.6 kvadrat metrdən 4.5 kvadrat metrə enməsi ilə nəticələndi.[2]  Amerikanın Börkli Universitetinin iqtisadçısı Gregori Grossman ehtimal edirdi ki, sovet hökuməti şəhər fəhlələrinin yaşayış standartlarını 40% azaltmaqla sənayeləşmə üçün iki illik investisiya qazana bilmişdir.[3]

1941-ci ildə Almaniyanın Sovet İttifaqını işğalı ilə mənzil problemi daha da ağırlaşdı. Müharibə Azərbaycanda bilavasitə dağıntılara səbəb olmasa da, SSRİ-nin Avropa hissəsinin dağıdılması və intensiv hərbi döyüşlər minlərlə insanın Mərkəzi Asiya, Azərbaycan kimi respublikalara köçürülməsinə səbəb oldu. Sovet statistikası müharibə dövründə 1710 şəhərin və ya şəhər tipli yaşayış məntəqələrinin, 70 mindən çox kəndin dağıdılması haqqında məlumat verir.[4]  Ümumilikdə bu dağıntılar 25 milyon insanın evsiz qalması ilə nəticələnmişdi. Müharibənin bitdiyi ilk dövrdə sovet ordusundan tərxis olunmuş 4.800.000 nəfəri evlə təmin etmək zərurəti siyasi rəhbərliyə sovet insanlarının yaşayış şəraitinin nə dərəcədə bərbad olduğunu bir daha xatırlatdı. Nəinki öz vətənləri SSRİ-ni, hətta Avropanın bir sıra ölkələrini alman işğalından azad etmiş sovet ordusunun zabit və əsgərlərinin vətəndə yatmağa yeri yox idi. Lakin Stalinin ağır sənaye siyasəti və siyasi ambisiyaları 1953-cü ilə qədər sovet dövlətində mənzil məsələsinin sosial siyasətin prioritet sahəsinə çevrilməsinə imkan vermədi.

Stalinin totalitar sistemini təcəssüm etdirən mənzil fondu dövlətin elit təbəqəsinin tələbatını ödəmək üçün idi.  Bu mənzillər sadə sovet insanları üçün deyil, Stalin rejimini dəstəkləyən, onun sosial dayağını təşkil edən partiya-sovet, hüquq-mühafizə orqanları işçiləri və elitar ziyalılar üçün nəzərdə tutulmuşdu. Düzdür, vaxtaşırı bu elita da həmin mənzillərdən düşərgələrə və ya edam zirzəmilərinə göndərilirdi, lakin onların yerinə gələnlər yeni elitanın nümayəndələri idi. Mənzil tikintisində ciddi məhdudiyyətlər mənzil fondunun paylaşdırılması sahəsində rüşvətin görünməmiş həddə çatmasına səbəb olmuşdu. Bu işdə xüsusi vasitəçilər qrupu mövcud idi. Bu qrupu adətən cəmiyyətdə müəyyən nüfuz sahibi olan insanlar təmsil edirdilər: onların yüksək rütbəli şəxslərə çıxışı var idi və bu çıxış onlara hakimiyyəti və səlahiyyəti olanlarla pulu olanlar arasında vasitəçilik etmək imkanı verirdi. Məsələn, Moskvada mənzil məsələsinin həlli üçün insanlara vasitəçilik edənlərdən biri Rusiya vətəndaş müharibəsinin qəhrəmanlarından Vasiliy Çapayevin ögey qızı Vera Çapayeva idi. Üç il ərzində vasitəçilik nəticəsində 800.000 rubl vəsait əldə etmiş Vera varlı sovet insanlarından idi.[5]

Mənzil probleminin sovet dövləti üçün ciddi problemə çevrildiyini dərk edən partiya rəhbərliyi Stalinin ölümündən sonra ciddi addımlar atmağa başlayır. Xruşşovun mənzil siyasətini tədqiq edən tarixçilər bunun əsas səbəbinin xalqın rəğbətini qazanmaq və müharibədən sonra sürətlə artmaqda olan əhalinin mənzillərə olan tələbatını cüzi də olsa, ödəmək olduğunu ehtimal edirlər.[6] 1950-ci illərin ortalarında ordudan 1 milyon 200 min nəfərin tərxis edilməsi və hərbi xərclərin nəzərəçarpacaq dərəcədə azalması büdcə vəsaitlərinin bir qisminin yaşayış komplekslərinin tikintisinə yönəltmək imkanı verdi. 1950-ci ildə 5.3 milyon, 1960-cı ildə isə 12 milyon insanın yaşayış şəraitinin yaxşılaşdırılmasına nail oldu.[7] Xruşşovun hakimiyyətdə olduğu 1956-1964-cü illərdə  icra olunan tikinti layihəsi nəticəsində SSRİ-də 84.4 milyon nəfər, yəni SSRİ əhalisinin üçdə biri yeni mənzillə təmin olundu.

Mənzil tikintisi işini sürətləndirmək üçün 1957-ci il iyulun 26-da Sov.İKP MK Rəyasət Heyəti (RH)  Mənzillərin tikintisi ilə bağlı qərarı qəbul edir. Qərarda kütləvi mənzil tikintisi üçün tikinti materialları və vasitələrinin istehsalına başlanılmasının zəruriliyi qeyd edilir. Əlavə olaraq, 1957-ci ilin noyabrında mənzil-kooperativ tikintisinin inkişafı ilə bağlı SSRİ Nazirlər Kabinetinin (NK) qərarı qəbul edilir.[8] 1957-ci ilin dekabrında SSRİ-də kooperativ və fərdi yaşayış evləri haqqında hazırlanan layihədə qeyd edilirdi ki, kooperativ mənzillərin tikintisi kifayət qədər geniş miqyasda aparılmamış, ümumilikdə kooperativlər yaşayış tikililərinin təqribən 1%-ni təşkil etmişdi. Mərkəzi Statistika Komitəsinin (MSK) verdiyi məlumata görə, sovet hakimiyyəti qurulandan 1955-ci ilə qədər dövlətin müxtəlif qurumları tərəfindən həyata keçirilən inşaat işlərində fərdi tikililərin həcmi  33% olmuş, vətəndaşların şəxsi istifadəsində olan evlər ümumi evlərin 32,5%-ni təşkil etmişdi.  Amerikalı tədqiqatçı Christine Varga-Harris yazırdı ki, Xruşşovun mənzil tikintisi dünya tarixində ən böyük yaşayış kompleksi idi və 1955-1970-ci illər arasında ölkə əhalisinin yarıdan çoxu, 126 milyon sovet vətəndaşı yaşayış şəraitini yaxşılaşdıraraq yeni mənzillərə köçə bilmişdi.[9]

Xruşşovun yaşayış mənzillərinin tikintisi ilə bağlı sosial layihəsi tarixşünaslıqda birmənalı qiymətləndirilmir. Sadə sovet insanlarının həyat şəraitinin yaxşılaşdırılması məqsədi güdən bu layihədə sosialist prinsiplərinə zidd olan bir neçə məqam var idi. Qərb ədəbiyyatı birmənalı şəkildə Xruşşovun sosial mənzillər layihəsini sovet insanlarının dünyagörüşündə “ideoloji dəyişikliyin başlanması dövrü” adlandırır.[10] Şəxsi mənzil və şəxsi əşyalar xüsusi mülkiyyətin yaranmasına və genişlənməsinə yol açırdı. İnsanların şəxsi həyatlarını ictimai diqqətdən və nəzarətdən uzaq tuta biləcəkləri sosial məkana, istirahət vaxtlarını keçirə biləcəkləri şəraitə malik olması onları ictimai həyatdan tədricən uzaqlaşdırırdı. Fərdi evlərdə özlərinə komfortlu həyat şəraiti yaratmaq istəyi sovet adamlarını şəxsi mənzillərini rahat avadanlıqlarla, gözəl ev əşyaları ilə bəzəməyə sövq edirdi. Xruşşovka adlandırılan bu mənzillər kiçik də olsa, sovet adamlarının sığına biləcəyi şəxsi məkanı idi. Şəxsi mənzillər sovet insanlarının həm cəmiyyətə, həm də siyasi rəhbərliyə olan münasibətini ciddi şəkildə dəyişirdi. Artıq sovet insanları asudə vaxtlarını əvvəllər olduğu kimi ictimai yerlərdə deyil, rahat evlərində ailə üzvləri ilə birgə keçirməyə üstünlük verirdilər. Stalin dövründəki kommunal evlərdən bir ailəlik evlərə köçən sovet vətəndaşlarının həm özlərinə məxsus şəxsi məkanları, həm də əşyaları var idi. Bu əslində sosialist təfəkkürünə zidd olan fərdiliyi inkişaf etdirərək siyasi təfəkkürü kütləşdirirdi. 1955-ci ildə ABŞ qəzetlərinin biri kapitalist həyatı ilə sosialist həyatını müqayisə edərək, oxucularına “əgər rusların yaxşı evləri, evlərində televizorları, yaxşı yeməkləri olarsa, onlar adi insan kimi filosofluq etməyə başlamayacaqlarmı? Onlar belə bir şəraitdə evlərində isti ocağın başında oturmağı hər hansı siyasi aksiyalarda iştirakdan üstün tutmayacaqlarmı?” sualı ilə müraciət edir. Xruşşovun tikdiyi mənzillərə köçən sovet insanları məqalə müəllifinin qeyd etdiyi kimi, məhz bu dilemma qarşısında qalmışdı: “sovet insanları komfortlu kommunizmi deyil, ya kommunizmi, ya da komfortu” seçməli idilər. Amerikalı müxbir haqlı olaraq yazırdı ki, “əgər SSRİ-də komfortlu evlər olsa, bu evlər partiya-dövlət utopiyasına zidd məkana çevriləcəklər, çünki onlar potensial müqavimət mərkəzi və dövlət sosializminin kökünü məhv edən bir ərazi olacaq”.[11]

Sovet Azərbaycanının mənzil problemi

Azərbaycanda mənzil probleminin kəskinləşməsi 1950-ci illərin sonlarına təsadüf edir. Bunun bir neçə səbəbi var idi. Müharibədən sonra respublikada neft sənayesi ilə yanaşı, bir çox iri sənaye müəssisələrinin tikilməsi, Xruşşovun mənzil tikintisi ilə bağlı çoxlu sayda təmir-tikinti müəssisələrinin işə salınması çoxlu sayda işçi qüvvəsinin əyalətlərdən  şəhərlərə axınına təkan vermişdi. Bundan başqa, müharibə bitdikdən sonra minlərlə zabit və əsgər ordudan tərxis olunubdinc həyata qayıtmış, ailə qurmuşdu. Onları mənzillə təmin etmək lazım idi. Uzun illər mənzil tikintisinə diqqətin ayrılmaması təkcə Bakı şəhərində minlərlə insanın zirzəmi və yarımzirzəmilərdə, barak tipli evlərdə, kommunal mənzillərdə yaşamasına səbəb olmuşdu. Onların mənzil şəraitini yaxşılaşdırmaq lazım idi. Voroşilov əfvi[12] ilə azadlığa çıxmış minlərlə insanlar həbs olunandan sonra müsadirə edilmiş evlərini geri tələb etməyə başlamışdılar. Bütün bu problemlər sovet Azərbaycanında əhalinin mənzillə təminatında həm sosial ədalət prinsipinə riayət etməyi, yəni ilk növbədə daha çox ehtiyacı və haqqı olan insanların mənzillə təmin olunmasını, həm də mövcud qanunvericiliyə əməl olunmasını tələb edirdi.

Azərbaycan siyasi hakimiyyəti bu çətin problemləri necə həll edirdi? Moskva və Bakı arxivlərində bu suala cavab tapmaq üçün çoxlu sayda materiallar mövcuddur. Bu materiallar sovet vətəndaşlarının SSRİ və respublika partiya rəhbərliyinə, müxtəlif  dövlət strukturlarına göndərdiyi şikayət məktublarından, rəsmi orqanların iclaslarının stenoqramlarından, qəbul edilən qərarlarından ibarətdir. Bu materiallar içərisində şikayət məktubları xüsusi maraq doğurur və sovet vətəndaşlarının həm hakimiyyət oraqanları, həm də sovet dövlətinin sosial layihələri haqqında nə düşündüklərinə aydınlıq gətirməyə imkan verir. Təkcə bir ildə, 1960-cı ildə Azərbaycan SSR-dən mənzil problemləri ilə bağlı Xruşşovun adına 2.860 şikayət məktubu daxil olmuşdu. Nəzər alsaq ki, respublikadan mərkəzi partiya orqanlarına məktub göndərilməsinə yerli partiya orqanları tərəfindən ciddi məhdudiyyətlər qoyulurdu, bu rəqəm kifayət qədər böyük görünür. Xruşşova ünvanlanan şikayət  məktubları haqqında arayış 1961-ci il mayın 6-da Azərbaycan SSR Nazirlər Sovetinə təqdim edilmək üçün Məktublar şöbəsinin müdiri V.İyevlev tərəfindən hazırlanmışdı.[13] Sovet vətəndaşları nədən şikayət edirdilər?

Bu şikayətlərdə mənzil paylanılarkən yerli orqanların ədalətsizliyə yol verdiyi, yaşayış sahələrinin düzgün paylaşdırılmadığı, çoxsaylı ailələrə kiçik həcmli mənzillərin verildiyi, şikayətlərə vaxtında və diqqətlə baxılmadığı qeyd olunurdu. Məktubların 2.382-də ağır mənzil şəraiti təsvir olunur və onun yaxşılaşdırılması xahiş edilirdi.  Məktubların 84%-i Bakı şəhərindən daxil olmuşdu.  Məktubların 496-ında vətəndaşlar adambaşına 3 və ya daha az kvadrat metr düşən mənzillərdə yaşadıqlarını yazırdılar. 139 məktubda vətəndaşlar zirzəmilərdə və yaşayış üçün yararlı olmayan yerlərdə yaşadıqlarını bildirmişdilər. Ağır mənzil şəraiti haqqında məktublar Kirovabad (indiki Gəncə), Sumqayıt, Mingəçevir, Naxçıvan, Stepanakert (indiki Xankəndi) və digər yerlədən də daxil olurdu.

Məktubların birində iqtisadçı Məlikov yazırdı ki, “1959-cu ildə Azərbaycan hökuməti ilk növbədə zirzəmilərdə yaşayan insanları mənzillə təmin edəcəyini bildirərək çox humanist bir addım atdı. Lakin bu qərar elə kağızda da qaldı, onu həyata keçirmədilər… İllərdir işıqsız, havasız, rütubət zirzəmilərdə siçanlarla yaşayan zəhmətkeşlər yenə də həmin zirzəmilərdə yaşamağa davam edir”.[14] Vətəndaşlardan  Məmmədov və Burkov Bakı Şəhər İcraiyyə Soveti rəhbərliyinin məsuliyyətsiz qərarlar qəbul etməsini tənqid edirdi. Onlar yazırdılar ki, Bakı şəhərinin abadlaşdırılmasına başı qarışmış Şəhər İcraiyyə Komitəsinin sədri Əliş Ləmbəranski insanları düşünmür, köhnə tikililərin ətrafını təmizləmək məqsədi ilə insanları yaşayış üçün yararlı olan mənzillərdən çıxarır, binaları sökərək yerində lazımsız tikililər ucaldır. Məktubda qeyd edilir ki, Azneft binası qarşısında 2-3 mərtəbəli binaları sökdürən “Ləmbəranskini insanların taleyi qətiyyən maraqlandırmır. 75 ailənin yaşadığı binanı sökdürən Ləmbəranski orada taksi dayanacağı üçün  dəmir-beton çətir tikdirib.” Çəmbərəkənddə çoxlu sayda evlər söküldükdən sonra yerində yol salınacağı məlum olub. Vətəndaşlar yazırdılar ki, şəhər əhalisinin belə bir yola ehtiyacı yoxdur.[15] 

Ən çox şikayətlər mənzillərin ədalətsiz bölgüsü ilə bağlı idi: mənzilləri ilk növbədə rəhbər vəzifələrdə çalışan və artıq evləri olan insanlara verirdilər, zəhmətkeşlərin vəziyyətində isə cüzi dəyişiklik hiss olunurdu. 1948-ci ildən mənzil almaq üçün qeydiyyatda olan 29 kv.metrlik mənzildə yaşayan 12 nəfərdən ibarət ailənin başçısı şikayət məktubunda göstərirdi ki, məsul şəxslər ailəni 1961-ci ildə mənzil alacaq vətəndaşların siyahısına salmaqdan imtina ediblər. Akkumulyator zavodunda 22 il çalışan usta Bulakin yazır ki, 8 nəfərdən ibarət ailəsi 8 kv.metrlik, yaşayış üçün yararsız sahədə yaşayır. Avtomobil Nəqliyyatı Nazirliyinin rəhbərliyi onun ağır şəraitdə yaşamasına baxmayaraq, mənzil paylanılan zaman vəziyyətini nəzərə almamış, adını siyahıya salmamışdır.

Digər bir məktubda vətəndaş Almazov 11 nəfərdən ibarət ailəsinin 10 kv.metrlik mənzildə yaşadığını bildirir. Uşaqlarından birinin vərəm xəstəsi olduğunu yazan ailə başçısı xəstə uşağının sağlam uşaqlarla bir yerdə yatmalı olduğundan şikayətlənirdi.  Şikayət məktublarının bir hissəsi 1960-cı ildə ehtiyata buraxılmış hərbiçilər tərəfindən yazılıb. Ehtiyatda olan zabit Tağıyev məktubda yazırdı ki, 1946-cı ildən 6 nəfərlik ailəsi ilə 12 kv.metrlik yaşayış üçün nəzərdə tutulmamış binada yaşayır. Zabit yazırdı: “Məgər biz faşistlərlə vuruşub faşist Almaniyasının paytaxtı Berlini ələ keçirən qəhrəman insanlar deyilik? …indi isə heç kimə lazım deyilik. Mən 10 ildir ki, mənzil növbəsindəyəm, lakin dayım və pulum olmadığı üçün mənzil ala bilmirəm”.[16]

Məktublarda vətəndaşlar rəhbər vəzifədə çalışanların onlara etinasız, kobud münasibətindən də şikayət edirdilər. Şikayətçilər Kremlə şikayət etməyin heç bir mənası olmadığını da vurğulayırdılar, çünki Kreml bu şikayətləri şikayət olunanlara yollayırdı. Nəticədə rəhbər işçilər şikayətlərə heç bir reaksiya vermirdi. Fəhlələrdən biri şikayət məktubunda yazırdı ki, Bakı İcraiyyə Komitəsinə mənzillə təmin olunması üçün birinci müraciətində onun qeydiyyata alındığı bildirilmiş, lakin bir müddət sonra gələn ikinci məktubda qeydiyyatda olmadığı üçün ona mənzil verilməyəcəyi qeyd edilmişdi. Hər iki məktubun eyni adam tərəfindən imzalandığını vurğulayan sovet fəhləsi sovet məmurlarının qeyri-professional davranışını qınayır və tənqid edirdi. Rəhbər işçilərin kobud rəftarı, vəzifə səlahiyyətlərini aşması, vətəndaşların müraciətlərinə etinasız münasibəti haqqında şikayətlər isə ümumiyyətlə cavabsız qalırdı. Ehtiyatda olan zabitin mənzil qeydiyyatına alınmasına imtina ilə əlaqədar şikayət məktubuna 11 aydan sonra cavab gəlmişdi.[17]

Sosialist ədaləti  və sosial mənzillər

1961-ci ildə Bakının Stalin rayonunda zəhmətkeşlərin mənzillə təminatının yaxşılaşdırılması ilə bağlı həyata keçirilən tədbirlərin yoxlanılması üçün Bakı Şəhər İcraiyyə Komitəsi (BŞİK) komissiya təşkil edir. Yoxlama təşkil edən idarənin özü bilavasitə mənzil bölgüsünə məsul idi, yəni özü-özünü yoxlayırdı. Hazrılanan sənəddə Bakının rayonlarında mənzil bölgüsü ilə bağlı maraqlı məlumatlar var. 1959-cu il sentyabrın 1-dən 1961-ci il sentyabrın 22-dək Bakının Stalin rayonu üzrə 1.944 ailə mənzil qeydiyyatında olub. Onlardan 189 nəfəri zirzəmilərdə, 259 nəfəri yaşayış üçün yarasız yerdə, 69 nəfəri qəzalı sahələrdə yaşayanlar idi. 171 nəfər ordudan tərxis edilmiş zabit, 179 nəfər reabilitasiya olunan, 49 nəfər vərəm xəstəsi idi. 1.028 nəfər isə digər ehtiyacı olanlar qrupuna aid idi. Bu dövrdə İcraiyyə Komitəsinə vətəndaşlara paylanmaq üçün 531 mənzil verilir. Mənzillər aşağıdakı qaydada bölüşdürülüb:  zirzəmilərdə yaşayan 126 nəfər, yarasız sahələrdə yaşayan 37 nəfər, qəzalı yerlərdə yaşayan 28 nəfər, reabilitasiya olunan 45 nəfər, ordudan tərxis olunmuş 65 zabit, vərəm xəstəsi olan 27 nəfər, digər ehtiyacı olanlardan isə 203 nəfər mənzil alır.[18]

1961-ci il aprelin 1-ə qədər Stalin rayonunda  yaşayış şəraitinin yaxşılaşdırılması üçün 6.369 ailə qeydiyyata alınmışdı, onlardan 5.674 nəfəri rayon icraiyyə komitəsinin xətti ilə qeydiyyata alınmışdı. Qeydiyyata alınanların 959 nəfəri zirzəmilərdə, 191 nəfəri qəzalı sahələrdə, 998 nəfəri yaşayış üçün yararlı olmayan sahələrdə yaşayanlar idi, 180 nəfər reabilitasiya olunmuş, 198 nəfər ordudan tərxis olunmuş zabit, 57 nəfər vərəm xəstəsi, 3.091 nəfər isə digər ehtiyacı olanlar kimi xarakterizə olunurdu. Mənzil bölüşdürülərkən zirzəmidə yaşayanlardan 22 nəfər, ordudan tərxis olunan zabitlərdən 33 nəfər, digər ehtiyacı olanlardan isə 67 nəfər mənzil şəraitini yaxşılaşdıra bilmişdi. Statistik rəqəmlər səlahiyyətli şəxslərin mənzil bölgüsü zamanı sovet qanunlarını kobud şəkildə pozaraq əsas yaşayış fondunu digər ehtiyacı olanlar kateqoriyası arasında paylaşdırdığını sübut edir. Arxiv sənədləri bu kateqoriyaya kimlərin daxil olması haqqında məlumat vermir, lakin statistik məlumatlarda ağır şəraitdə yaşayanlar kateqoriyalar üzrə müəyyən edildiyi üçün digər ehtiyacı olanların  partiya-sovet orqanlarında çalışdıqlarını, onlara yaxın olan və ya onlar tərəfindən dəstəklənən qrupa aid olduqlarını ehtimal etmək olar. Mənzil fondunun yarıdan çoxu, məsələn, Bakının Stalin rayonu üzrə paylanan mənzillərin 54,9%-i sovet zəhmətkeşlərinə deyil, artıq mənzilləri olan rəhbər şəxslərə və ya onların yaxınlarına verilmişdi. Azərbaycan KP MK-nın qəbul etdiyi qərara görə isə zirzəmidə yaşayanlar ilk növbədə mənzillə təmin edilməli idilər. Zabitlərə ordudan tərxis olunduqları gündən 5 aydan gec olmayaraq mənzil verilməli idi, lakin bu qanuna əməl edilmirdi. Mərkəzi Komitə qərarları xalq üçün qəbul edir, icra edərkən isə yüksək partiya rəhbərliyinin maraqlarını nəzərə alırdı.

1961-ci ildə Bakının Oktyabr rayonunda 1.475 ailə zirzəmilərdə yaşayırdı, həmin ildə onların yalnız 55 nəfəri, yəni 3,7%-i evlə təmin edilmişdi.[19] 1961-ci ildə AzSSR Nazirlər Soveti tərəfindən hazırlanan Zirzəmilərdə yaşayan vətəndaşların köçürülməsi və bu zirzəmilərin istifadəsinin davam etdirilməsi ilə bağlı tədbirlərin yoxlanılmasının nəticələri haqqında qərarda göstərilirdi ki, 1961-ci ilin əvvəlində Bakının Stalin, Oktyabr və Nərimanov rayonlarında mənzil almaq üçün qeydiyyatda olan 15.971 nəfərin 3.924 nəfəri (24,5%) zirzəmilərdə yaşayır. Lakin qeyd edilən rayonların icraiyyə komitəsi rəhbərləri 1960-cı ilin iyulundan 1961-ci ilin mayına qədər onlara ayrılmış 1.577 mənzildən zirzəmidə yaşayan vətəndaşlara cəmi 559 mənzil (35,4%) vermişdi, mənzillərin 646-sı digər ehtiyacı olanlar arasında bölüşdürülmüşdü (41%). Bununla bağlı Azərbaycan SSR Nazirlər Sovetinin sədri M.İsgəndərov BŞİK və qeyd edilən rayonların İcraiyyə Komitələrinə bir ay ərzində bütün qeyd edilən nöqsanları aradan qaldırmağı tapşırır.  Mənzillərin verilməsi üçün qeydiyyata alınma, yararsız sahələrin və zirzəmilərin təhvil verilməsi və yeni mənzillərə köçərkən sənədləşmə işləri lazımi qaydada və qanunlara uyğun aparılmadığından insanlar tərəfindən çoxlu sayda qanun pozuntularına yol verilir, qanunsuz olaraq əlavə mənzillər alınırdı.

Sözsüz ki, bu cür əməllər rəhbər işçilərin xəbəri olmadan baş tutmurdu. Qanunsuz ev almaq üçün ya rüşvət verməli idin, ya da yüksək vəzifəli qohumun olmalı idi. Arxivlərdə saxlanılan şikayət məktublarında bu qanunsuzluqların arxasında duran yüksək rütbəli məmurun 1954-58-ci illərdə Azərbaycan SSR Nazirlər Sovetinin sədri, sonralar isə Bakı Baş Tikinti İdarəsinin rəisi vəzifələrində çalışmış Sadıq Rəhimovun olduğu bildirilir. Dövlətin mənzil problemini həll etməməsi insanların yaşayış şəraitini yaxşılaşdırmaq üçün müxtəlif yollara əl atmasına səbəb olurdu. Bakı şəhərində işçi qüvvəsinin mənzillə təmin edilməməsi xalq arasında naxalstroy adlandırılan icazəsiz tikililərin sayını artırırdı. Sözsüz ki, tikinti materiallarının satışına məhdudiyətlərin qoyulduğu, milisin hər bir tikinti sahəsini ciddi şəkildə yoxladığı bir dövrdə inşaat işlərinin aparılması yalnız rəhbər vəzifəli şəxslərin razılığı və icazəsi nəticəsində mümkün idi. Sadə vətəndaşların yaşayış şəraitinin yaxşılaşdırılmasına qanunlarla məhdudiyyətlər qoyub insanları özlərindən asılı vəziyyətə salan səlahiyyətli şəxslər yazdıqları qanunları pozaraq qeyri-qanuni yollarla küllü miqdarda vəsait əldə edib varlanırdılar. Sonradan qanunsuz əməllərinə qanuni don geyindirmək üçün müstəsna hal kimi sərəncamlar verirdilər.

1959-cu il aprelin 16-da Azərbaycan SSR Nazirlər Soveti Bakı, Kirovabad və Sumqayıt şəhərlərində pasport rejimi haqqında 300 saylı sərəncama uyğun olaraq, Bakı və digər şəhərlərdə qeydiyyatı olmayan insanların  şəhərlərdən çıxarılmasının icra edilmədiyini, insanların icazəsiz evlər tikdiyini MK-nın diqqətinə çatdırırdı. İcazəsiz evlərin inşası həm fərdi evlərin tikilməsi, həm də tikinti materiallarının əldə edilməsi ilə bağlı qanunların pozulması demək idi. 1961-ci il martın 24-də Azərbaycan SSR Ali Soveti Fərdi yaşayış binalarının tikintisi, tikinti materiallarının əldə edilməsi və yaşayış fondundan istifadənin nizamlanması ilə bağlı qanun pozuntularına qarşı cinayət məsuliyyətinin artırılması haqqında qərar qəbul edir. Nazirlər Soveti bununla əlaqədar BŞİK-a Bakı şəhərində geniş hal almış qanunsuz fərdi yaşayış evlərinin tikintisinin qarşısını almağı, bu işə məsul olan vətəndaşlara qarşı sərt tədbirlər görməyi tapşırır. Nazirlər Sovetinin sədri Ənvər Əlixanovun imzası ilə qəbul edilən qərarın son maddəsində BŞİK-a tapşırılır ki, müstəsna qaydada qanunsuz tikililərdə yaşayan insanların qeydiyyata alınması təmin edilsin.[20]

1965-ci ilin fevralında AzSSR Nazirlər Sovetinin Sovet orqanları şöbəsinin müdiri A. Rzayev Əlixanova ünvanladığı arayışda 1956-1958-ci illərdə Bakı şəhərində 9.271, 1958-1964-cü illərdə isə 3.852 qanunsuz tikilinin inşa edildiyini bildirirdi. Çoxlu sayda qanunsuz tikililərin mövcudluğunu şöbə müdiri Rzayev BŞİK, Bakı şəhəri rayon icraiyyə komitələrinin və milisin yarıtmaz işinin nəticəsi hesab edirdi. Nərimanov rayonunda bu işin xüsusilə diqqətdən kənarda qaldığı qeyd olunurdu. 1958-ci ildən bu rayonda 1.382 qanunsuz tikili inşa edilmişdi, Oktyabr rayonunda onların sayı 1.069, 26 Bakı Komissarı rayonunda 726, Kirov rayonunda 341, Şaumyan rayonunda isə 78 idi.[21]

Rayonların adlarından da məlum olur ki, qanunsuz tikililər ən çox Bakı şəhərinin mərkəzində idi.  Hər gün şəhər İcraiyyə Komitəsinin sədri Əliş Ləmbəranski, MK katibləri və əlbəttə ki, birinci katib Vəli Axundov bu tikililərin yanından keçib işə gedirdilər. Onların bu tikililəri görməməsi mümkün deyildi. Lakin tikililərin dayandırılmasına cəhdlər edilmirdi. Qanunsuz tikililərlə bağlı mənzil orqanlarının bəzi işçilərinin işdən azad olunduğu və ciddi cəzalandırıldığı, 986 nəfərin cinayət məsuliyyətinə cəlb olunduğu da bildirilirdi. Lakin əsas günahkarlar, BŞİK sədri Ləmbəranski, onun müavinləri, Bakı şəhər Baş Milis idarəsi rəisi və müavinləri bu qanunsuzluqlara görə heç bir məsuliyət daşımamışdılar. 1964-cü ilin fevralında Əliş Ləmbəranskinin imzası ilə Əlixanovun adına daxil olan arayışda göstərilir ki, Azərbaycan SSR Nazirlər Sovetinin qeyri-qanuni tikililərlə bağlı 1959-cu il 16 aprel tarixli qərarından sonra belə tikililərin inşası və orada yaşayan insanların qeydiyyata alınması qadağan edilib. Buna baxmayaraq, 1958-ci ildən sonra Bakı şəhəri ərazisində 3.852 qeyri-qanuni tikili inşa edilib, onlarda 12.151 nəfər qeydiyyata alınıb. Qanunsuz tikililərdə yaşayan insanların qeydiyyata alınması üçün Nazirlər Soveti və şəhər İcraiyyə Komitəsi çıxış yolu tapır.  Bakının məşhur meri Ləmbəranskinin Nazirlər Sovetinə ünvanlanan məktubunda bildirilirdi ki, Bakı şəhərində çoxlu sayda qeydiyyatsız adamın yaşaması ictimai asayişin qorunması ilə bağlı operativ işlərin həyata keçirilməsinə, eyni zamanda həmin insanların tibbi xidmət almasına, seçkilərdə iştirak etməsinə, pasport almasına, gənclərin hərbi qeydiyyata alınmasına və s. mənfi təsir edir. Yerli Sovetlərə seçkilərlə əlaqədar Ləmbəranski qanunsuz tikililərdə yaşayan insanların qeydiyyata alınması üçün bu kampaniyaya rəhbərlik edən Azərbaycan SSR Nazirlər Sovetindən icazə istəyir.[22] Bu arayışdan sonra AzSSR Nazirlər Soveti qanunsuz tikilmiş evlərdə yaşayan insanların müstəsna hal kimi qeydiyyata alınmasına icazə verir.

Azərbaycanda təkcə yeni mənzillərin tikintisində deyil, mövcud mənzil fondlarının təmiri sahəsində də problemlər var idi. Yerli sovetlərdə mənzil fondlarının təmiri ilə bağlı vaxtaşırı aparılan yoxlamalar zamanı ciddi nöqsanlar aşkar edilirdi. Yoxlamalar nəticəsində partiyaya təqdim edilən arayışlardan birini Dövlət bankının Azərbaycan şöbəsinin müdiri K.Əhmədov hazırlamışdı. Sənəddə Bakı şəhərində yaşayış mənzillərinin vəziyyətinin qeyri-məqbul olduğu, mənzil fondundan səmərəli istifadə edilmədiyi, tikililərin vaxtından əvvəl uçduğu qeyd edilirdi.[23] Əsaslı təmir və tikinti işləri qüsur və nöqsanlarla yerinə yetirilir,  maliyyə vəsaitləri kənar tikintilərə xərclənirdi. Respublikanın icraiyyə komitələri əsas diqqəti mənzil fondunun tikintisinə deyil, abadlaşdırma işlərinə yönəldirdi. Kirovabadda mənzil tikintisi ilə bağlı plan 75%, abadlaşdırma ilə bağlı plan isə 94%, Səlyanda müvafiq olaraq 50% və 90% yerinə yetirilmişdi. Müasir oxucu düşünə bilər ki, sovetlər ətraf mühiti gözəlləşdirməyə, insanların estetik zövqünü oxşamağa çalışırdılar. Lakin bu, həqiqətə uyğun deyildi. Abadlaşdırma adı ilə aparılan tikinti işlərində daha çox və daha rahat oğurlamaq imkanları var idi. Digər səbəb isə rəhbər işçilərin  yaşayış mənzillərinin tikintisinə ayrılmış külli miqdarda dövlət vəsaitini şəxsi istifadə üçün nəzərdə tutulmuş möhtəşəm qonaq evləri, sanatoriyalar, bağlar və s. tikintisinə yönəltməsi idi.

Sovet hakimiyyəti dağılana qədər sovet vətəndaşlarının mənzil problemini həll etmək mümkün olmadı. Azərbaycanda əhalinin bir hissəsi 1990-cı illərin əvvəllərinə qədər kommunal mənzillərdə yaşayırdı. Bu mənzillərin sakinləri yad insanlarla mətbəxi, sanitar qovşağını bölüşmək məcburiyyətində idi. Mənzillərdə isti suyun, bəzən hətta hamamın olmaması ciddi narahatlıqlar yaradırdı. Yaşayış şəraitindən şikayət isə əksər hallarda cavabsız qalırdı. İnsanlar dövlətin yaratdığı problemləri şəxsi imkanları daxilində həll etməyə məcbur idilər.

Nəticə

Müasir Azərbaycanın həm gənc, həm də yaşlı nəsli sovet hakimiyyətinin mənzil siyasətinin ən uğurlu sosial layihə olduğunu düşünür. Hal-hazırda Bakının mərkəzində mövcud olan çoxlu sayda müasir, hündürmərtəbəli, yaraşıqlı boş mənzillər var.  Lakin bu mənzillər sovet dövründə olduğu kimi sadə insanlar arasında paylaşdırmaq üçün deyil, varlı təbəqəyə satmaq üçün inşa edilib. Sadə insanların yaşayış mənzillərinə olan kəskin ehtiyacı fonunda boş qalmış bu elit mənzillər müasir Azərbaycanda sosial ədalətsizliyin bariz nümunəsi kimi görünür. Bu nümunə anti-milli xarakterinə görə tənqid edilən sovet hakimiyyətini ədalətsiz sosial siyasət yürüdən milli hakimiyyətlə müqayisədə daha cəlbedici edir.  Müasir Azərbaycanda mənzil fondları kifayət qədər baha,  maaşlar isə bu mənzilləri gənc nəsil üçün əlçatmaz edəcək qədər aşağıdır.  Gənclik düşünür ki, sovetlərin elementar insan hüquqlarına qarşı etinasızlığını sosial yüklü layihələr kompensasiya edə bilib. Hələ də sovet dövründə əldə etdiyi mənzillərdə yaşayan yaşlı nəsil də sovet hakimiyyətinin mənzil siyasətinin daha ədalətli olduğunu  düşünür. Yaşlı nəsil unudur ki, onları mənzillərdən məhrum edən, evlərini müsadirə edərək, özlərini əksinqilabçı, vətən xaini, diversantsabotajçı damğası ilə evlərindən, vətənindən sürgün edən, bütün iqtisadi təşəbbüslərə son qoyan məhz sovet hakimiyyəti olub. 

Qeydlər və istinadlar:


[1] Прокопович С. Н.  Народное хозяйство СССР. Том 1, Издательство имени Чехова, 1952, с.56

[2] Меерович М. Г. Наказание жилищем. Жилищная политика в СССР как средство управления людьми. 1917–1937. М., РОССПЭН, 2008, с.17.

[3] Henry Morton. Housing in the Soviet Union. Proceedings of the Academy of Political Sciences. Vol. 35, No. 3, The Soviet Union in the 1980s (1984), pp. 69-80.

[4] Сборник сообщений Чрезвычайной Государственной Комиссии о злодеяниях немецко-фашистских захватчиков. М.: Государственное политическое издательство, 1946.

[5] Heizen J. The Art of Bribe. Corruption under Stalin, 1943-1953. Yale University Press, 2016, 116.

[6] Steven E.Harris Communism on Tomorrow street: Mass housing and everyday life after Stalin. Baltimore John Hopkins University Press. Woodrow Wilson Center, 2013.

[7] Народное хозяйство СССР в 1970 году. Статистический сборник. М.: Госстандарт, 1957, 545

[8]Архивы Кремля, 677, 741.

[9] Christine Varga-Harris. Homemaking and aesthetic and moral perimeters of the soviet home during the Khrushchev era. Journal of Social History,  2008, Spring, Vol.41, N3, 2008, pp.561-589.

[10] Susan E. Reid, ‘Communist Comfort: Socialist Modernism and the Making of Cosy Homes in the Khrushchev Era’ Gender & History, Vol.21 No.3 November 2009, pp. 465–466.

[11]Susan E. Reid, ‘Communist Comfort: Socialist Modernism and the Making of Cozy Homes in the Khrushchev Era’ Gender & History, Vol.21 No.3 November 2009, pp. 465–498.

[12] Voroşilov əfvi 1953-cü ilin martında SSRİ Ali Soveti Rəyasət Heyətinin sədri K.Voroşilov tərəfindən imzalanan Əfv haqqında fərman idi. Bu fərmanla təkcə 1953-cü ildə Stalin düşərgələrindən 1 milyonn 200 mindən çox insan azad olunub.

[13] Azərbaycandan daxil olan mənzil məsələsi ilə bağlı məktub və şikayətlər haqqında arayış, ARDA f.411, siy.48, iş 108, v.2-8.

[14]ARDA f.411, siy.48, iş 108, v.2.

[15] ARDA f.411, siy.48, iş 108, v.3.

[16] ARDA f.411, siy.48, iş 108, v.6.

[17] ARDA f.411, siy.48, iş 108, v.8.

[18] ARDA f.411, siy.48, iş 108, v.53-54.

[19] ARDA f.411, siy.48, iş 108, v.80.

[20] ARDA, f.411, siy.48, iş 184, v.9-10.

[21] ARDA, f.411, siy.48, iş 184, v.21.

[22] ARDA, f.411, siy.48, iş 184, v.27-28.

[23] ARDA, f.411, siy.48, iş 184, v. 55-58.

Paylaş
FacebookTwitter

Facebook Comment

abunə olun

BRI yerli və beynəlxalq auditoriyaya Azərbaycanla bağlı təhlil, rəy və araşdırmalar təqdim etmək məqsədi daşıyan müstəqil ekspertlər tərəfindən yaradılmış beyin mərkəzidir.

bg
For the full operation of the site you need to enable JavaScript in your browser settings.