Giriş
Kommunizmin bütün baniləri dinə qarşı mənfi münasibətləri və ateist olmaları ilə tanınır. Həmçinin, bolşeviklərin Oktyabr inqilabından sonra atdıqları ilk addımlardan biri din və dövlətin bir-birindən ayrılması ilə bağlı olmuş, habelə Sovet hakimiyyəti bütün varlığı boyu dinə qarşı mübarizə aparmışdır. Hətta iddia etmək mümkündür ki, insanların bir çoxunun nəzərində Sovet İttifaqının ateist kimliyi onun eqalitarian kimliyindən belə daha çox önə çıxır. Üstəlik, Azərbaycanda Sovet hakimiyyətinin dinə qarşı münasibəti bəzən spesifik olaraq bizə və bizim dinimizə, habelə adətlərimizə qarşı yönəldiyi iddiasını ehtiva edən bir təsəvvür mövcuddur.
Əslində isə kommunistlərin dinə qarşı mənfi münasibəti hər hansı spesifik dinə qarşı yönəlməmişdi, onlar bütün dinləri rədd edir və məhv edilməli olan keçmişin qalığı sayırdılar. Lakin dinə qarşı mübarizənin şiddəti və metodları Sovet İttifaqının tarixi boyunca bir neçə dəfə dəyişmişdi. Əvvəlcə dini siyasi güc kimi məhv etməyə çalışan bolşeviklər buna nail olmuş, lakin bu uğurla kifayətlənməmişdilər. Sonrakı dövrlərdə hakimiyyət dini gündəlik həyatdan da çıxarmağa və “ateist cəmiyyət” yaratmağa cəhd etmişdi. Son nəticədə isə insanlar dindən olduğu qədər kommunist ideologiyasından da uzaqlaşmışdılar.
Bu yazıda marksist klassiklərinin dinə münasibətini, Sovet İttifaqının dinə qarşı mübarizəsinin tarixini, habelə inqilabi mübarizə əsnasında və Sovet hakimiyyəti bərqərar olduqdan sonra dinə qarşı savaşın hədəf və metodlarının necə dəyişdiyini müzakirə edirəm. Həmçinin bu müzakirənin uğur və uğursuzluqlarını, habelə sözügedən uğursuzluqların səbəblərini göstərməyə çalışıram.
Marksist nəzəriyyədə din və ateizm
Dinlə bağlı ən məşhur Karl Marks sitatı, yəqin ki, “din xalqın tiryəkidir” ifadəsidir. Marksın Hegelin hüquq fəlsəfəsinin tənqidi (1844) əsərindən götürülmüş bu sitat Sovet dövründə yuxarıda verilmiş halıyla budanmış və ümumilikdə Marks külliyyatının məruz qaldığı şüarlaşma aqibətinə məruz qalmışdı. Bəlkə də, bu ixtisarın səbəbi sözügedən dəyərləndirmənin bütöv halıyla dinə qarşı müəyyən müsbət münasibət ifadə etməsi, daha doğrusu, ədalətsiz dünyada dinin vacib bir yer tutduğuna eyham vurması olmuşdu: “Dini əzab eyni zamanda həm həqiqi əzabın ifadəsi, həm də həmin əzaba qarşı qiyamdır. Din əzilmiş məxluqun ahı, qəlbsiz dünyanın qəlbi, ruhsuz şərtlərin ruhudur. O, xalqın tiryəkidir.”[1]
Həmçinin, marksizmin baniləri dini tarixin bütün dövrlərində və bütün şərtlər altında mürtəce xarakterə malik olmuş fenomen kimi rədd etmirdilər. Marks və Engels dinlərin, xüsusilə təkamüllərinin erkən dövrlərində aşağı sinif hərəkatı olduğu qənaətində idilər. Engels Erkən Xristianlığın Tarixinə Dair (1895) adlı əsərində xristianlığın erkən tarixi ilə modern işçi hərəkatı arasında bənzər cəhətlər olduğunu vurğulayır: “Həm xristianlıq, həm də sosializm gələcəkdəki qurtuluşu, habelə boyunduruq və səfalətdən xilası vəd edir. Xristianlıq bu xilasın ölümdən sonra, cənnətdə gerçəkləşəcəyini vəd edir, sosializm üçün isə çıxış yolu cəmiyyətin dəyişdirilməsidir.“[2] Ümumiyyətlə, din məsələsi baxımından Marks və Engels arasında əhəmiyyətli bir fərq nəzərə çarpır. Belə ki, dini daha çox gənclik dövrü əsərlərində müzakirə edən Marks onu əsasən ictimai yadlaşma anlayışı çərçivəsində nəzərdən keçirir. Engels isə bütün həyatı boyu dönə-dönə din mövzusuna qayıdır və onun emansipasiya potensialına diqqət çəkməyə meyillidir.[3]
Marks heç vaxt dinə əlahiddə əsər həsr etməyib, lakin bu onun dini əhəmiyyətsiz məsələ hesab etməsindən qaynaqlanmır. Əksinə, Marks “dinin tənqidi[nin] hər növ tənqidin ön şərti” olduğu qənaətində idi.[4] Marksın nəzəriyyəsində din ideologiya, başqa sözlə, səhv şüur[5] kateqoriyası daxilində nəzərdən keçirilir və üstqurumun tərkib hissəsi olaraq iqtisadi münasibətlərin təcəssümü kimi qəbul olunur.[6] İdeologiya və din camera obscura kimi dünyanı insanlara başaşağı, təhrif edilmiş şəkildə təqdim edir.[7] İnsanları “yalançı xoşbəxtliklə təmin edən dinin ləğv edilməsi tələbi”, Marksa görə, “həqiqi xoşbəxtliyi inşa etmək” tələbidir. Başqa sözlə, “insanları illuziyalardan əl çəkməyə çağırmaq, yalnız illuziyalara ehtiyacın olmayacağı şərtlərin yaradılması” ilə mümkündür.[8]
Buna görə də, Marksın fikrincə, dinə qarşı mübarizə birbaşa kilsəyə qarşı savaşmaqla deyil, dini zəruri hala gətirən iqtisadi münasibətləri dəyişdirməklə aparılmalı idi. Alman İdeologiyası (1844-46) əsərindəki digər bir məşhur ifadəsində “şüurun şərtləri deyil, şərtlərin şüuru təyin etdiyini” yazırdı, ona görə də şərtləri dəyişdirmədən şüuru həlledici şəkildə dəyişdirmək mümkün olmayacaqdı.[9]
Üstəlik, Marks utopik sosialistlər, Bakunin kimi anarxistlər və ümumiyyətlə cəmiyyətin maarifçilik yoluyla dəyişdirilə biləcəyinə inanan “mücərrəd ateizm” tərəfdarlarının fəaliyyətini nəinki dayaz və faydasız, hətta zərərli hesab edirdi. İşçi sinfi material şərtlərin təsiri altında sinif şüuru qazanmalı idi, oxumuş elitanın təbliğatı ilə insanları xurafatdan qurtarmaq yanaşması uğur qazana bilməzdi.[10]
Həmçinin, Marksa görə, din özü də sözügedən iqtisadi münasibətlərin fəal parçası idi və hazırkı bərabərsizlik halının qorunub saxlanılması kilsəni sadəcə teoloji səbəblərə görə deyil, həm də sırf çılpaq iqtisadi səbəblərə görə maraqlandırırdı. Kapitalın ilk nəşrinə yazdığı ön sözdə, o, “kilsənin otuz doqquz iman əsasından otuz səkkizinə qarşı hücumu gəlirinin 39/1-nə qarşı yönəlmiş hücumla müqayisədə daha asanlıqla əfv edə biləcəyini” yazırdı.[11]
Əslində, Marks Engelslə birlikdə Kommunist Partiyasının Manifestindəki məşhur abzasda yazdığı kimi, kapitalizmin özünün köhnə cəmiyyətlə birlikdə dinin də təməllərini sarsıtdığını, cəmiyyətdə inqilabi dəyişikliklərə səbəb olduğunu, toxunulmaz dəyərləri haləsindən məhrum etdiyini, nəticə etibarilə hər şeyi quru iqtisadi münasibətə, hamını isə ya kapitalistə, ya da muzdlu işçiyə çevirdiyini və çevirəcəyini düşünürdü.[12] İndi isə sadəcə bu ədalətsiz iqtisadi münasibətləri yenisi ilə əvəz etmək qalırdı. Deməli, inqilabi nəzəriyyənin qayəsi cəmiyyəti, habelə dini sadəcə öyrənmək ola bilməzdi: İndiyə qədər filosoflar dünyanı sadəcə başa düşməyə çalışmışdılar, məsələ isə onu [inqilabi mübarizə yoluyla] dəyişdirmək idi.[13]
Beləliklə, Marks və marksistlər dinin cəmiyyət tərəqqi etdikcə tədricən öz əhəmiyyətini itirəcəyini və yoxa çıxacağını düşünürdülər. Lakin qeyd etmək zəruridir ki, dinə qarşı ən mütəşəkkil mübarizə kommunist rejimlərin adı ilə bağlı olsa da, öz dövründə Marks dinin gələcək aqibəti ilə bağlı orijinal fikirlər səsləndirmirdi. XIX əsrin və XX əsrin əvvəllərinin, bəzi çox nadir istisnaları çıxmaqla, bütün mütəfəkkirləri dinin qaçılmaz olaraq tənəzzül edəcəyini düşünürdülər. Sosial elmlərdə bu baxış (sekulyarlaşma tezisi; secularization thesis) yaxın keçmişə qədər, demək olar ki, aksiom kimi qəbul edilirdi.[14]
Nəzəriyyəçi olmaqla yanaşı, daha çox praktik inqilabçı olan Vladimir Lenin Birinci rus inqilabı dövründə, 1906-ci ildə yazdığı Sosializm və Din adlı məqaləsində sosial-demokratların dinə münasibətini məhz praktiki inqilabi mübarizə çərçivəsində müzakirə edirdi. Lenin Marksın məşhur ifadəsini təkrarlayaraq, dinin xalqın tiryəki və “qeyri-maddi buxov”[15] olduğunu bildirirdi. Lakin o əsas diqqətini fəhlə partiyasının dinə qarşı münasibətinə yönəldirdi. Leninə görə, dövlət dinə fərdin şəxsi məsələsi kimi yanaşmalı və dövlətin din, habelə dini qurumlarla heç bir əlaqəsi qalmamalı, bütün dövlət idarələri, həmçinin qanunlar dini qalıqlardan təmizlənməli və bütün vətəndaşlar istənilən dinə inanmaqda, yaxud heç bir dinə inanmamaqda azad olmalı idi.[16]
Lakin “sosialist proletariatın partiyasına gəldikdə, din şəxsi məsələ ola bilməz”di.[17] Hərçənd, Lenin kommunistin ateist olmalı olduğunu qeyd etsə də, ateizmin bir prinsip olaraq inqilabçılardan tələb olunmasına, yaxud partiyanın proqramına daxil edilməsinə qarşı çıxırdı. Belə ki, dinə qarşı sadəcə propaqanda ilə mübarizə aparmaq mümkün olmayacaqdı və fəhlələri “göylərdəki cənnət” xəyalından uzaqlaşdırmağın ən yaxşı yolu “yer üzündə cənnəti qurmaq” ola bilərdi.[18] Beləliklə, sadəcə proletariat inqilabı dini həqiqi mənada şəxsi məsələyə çevirə bilər və bu inqilabın quracağı cəmiyyət öz maddi uğurları ilə dinə can verən zəmini sarsıda və onu silkələyə bilərdi.
Deməli, geniş yayılmış təsəvvürün əksinə, Oktyabr inqilabından öncə ateizm və dinə qarşı mübarizə kommunist ideologiyasının əsas və ən əhəmiyyətli prinsipi deyildi, habelə marksist klassiklərinin əsərlərində mərkəzi əhəmiyyətli məsələ kimi müzakirə olunmurdu. Belə ki, marksistlər üçün din hakim sinfin maraqlarına xidmət edən ideoloji aparatlardan sadəcə biri idi. Ona qarşı aktiv təbliğat yoluyla mübarizə aparılmalı deyildi. Din sinifli cəmiyyətin dağılması ilə öz gücünü itirəcəkdi. Məhz bu nikbinlik bolşeviklərin inqilabdan sonrakı din əleyhinə mübarizəyə tamamilə hazırlıqsız atılmasına səbəb olmuşdu. Belə ki, Sovet təcrübəsi bu nikbinliyin kifayət qədər sadəlövhcə olduğunu göstərəcəkdi. Aşağıda görəcəyimiz kimi, inqilabdan sonra, xüsusilə əksinqilabla mübarizə şəraitində mövcud şərtlərin təsiri altında Lenin bu fikirlərinə xeyli düzəliş edəcək və Sovet İttifaqının dağılmasına qədər propaqanda dinə qarşı mübarizənin əsas üsuluna çevriləcəkdi.
İnqilabdan sonrakı ilk illərdə dinə qarşı mübarizə
İnqilabdan sonra Sovet hakimiyyəti dinə qarşı mübarizəsinin üsul və alətlərini, habelə hədəflərini bir neçə dəfə dəyişdirməli olmuşdu. Mövzuyla bağlı ədəbiyyatda fərqli müəlliflər bu baxımdan Sovet tarixini fərqli şəkillərdə təsnif edirlər. Mənim burada təklif etdiyim dövrləşdirmə şərtidir və hadisələrin inkişafını izləməyi asanlaşdırmaq məqsədi daşıyır. Qısası, mən bu yazıda Sovet hakimiyyətinin dinə qarşı mübarizəsini üç dövrə – inqilabın ilk illəri, Stalin dövrü və Stalindən sonrakı mərhələyə bölürəm.
Bolşeviklər Oktyabr inqilabından qısa müddət sonra dinə qarşı əməli addımlar atmağa başladılar. İnqilabdan dərhal sonra qəbul olunmuş Torpaq haqqında dekret (26 oktyabr 1917) kilsə və monastırların balansında olan bütün torpaqları milliləşdirdi. Həmin ilin dekabr ayının 18-də elan olunmuş Vətəndaş nikahı, uşaqlar və ailə vəziyyəti aktlarının qeydə alınması haqqında dekret sekulyar bürokratik institut, Vətəndaş Vəziyyətləri Aktlarının Qeydiyyatı (VVAQ) idarəsi (Запись Актов Гражданского Состояния (ЗАГС)) yaradaraq, evlilik, boşanma, doğum və ölüm kimi hadisələrin qeydə alınması vəzifəsini dini qurumların əlindən aldı.[19] 1918-ci ilin 23 yanvar (5 fevral) tarixli dekreti ilə kilsə dövlətdən və məktəb kilsədən ayrıldı, kilsənin bütün imtiyazları və əmlak sahibi olma hüququ, habelə hüquqi şəxs statusu ləğv edildi.[20] (Azərbaycanda da bolşeviklərin hakimiyyətə gəlməsindən sonra, 1920-ci ilin mayında bənzər dekret qəbul edilmişdi. Bu dekretə görə, Din Nazirliyi ləğv edilmiş, vətəndaşlara istənilən dinə inanmaq və ya ümumiyyətlə dinə inanmamaq, habelə din lehinə və əleyhinə təbliğat aparmaq azadlığı verilmişdi.)[21] Həmçinin, 1918-ci ildə qəbul olunmuş Sovet Rusiyasının ilk konstitusiyasının 13-cü maddəsi də “kilsənin dövlətdən və məktəbin kilsədən ayrıldığını”, habelə “bütün vətəndaşların tam vicdan azadlığına malik olduğunu” elan edirdi.[22]
Əlbəttə, dini qurumlar bu addımları səssizcə müşahidə etməmişdilər və inqilaba qarşı aktiv mübarizəyə qoşulmuşdular. Hələ dinin dövlət və təhsildən ayrılması haqqında dekretin elan olunmasından öncə, kilsənin bolşevik hakimiyyətinə qarşı mübarizə çağırışının rəmzi olaraq Patriarx Tixon inqilabın liderlərini “kilsəyə qarşı hücumlara və qanlı terror siyasətinə görə” lənətləmişdi.[23]
Dinin sovet hakimiyyətinin tədbirlərinə müqavimət göstərməsi və vətəndaş müharibəsinin başlanması ilə bu qarşıdurmanın daha da şiddətli hal alması tezliklə Lenin başda olmaqla, bolşeviklərin material bazasından məhrum olunduqdan sonra dinin öz-özünə yox olacağı ilə bağlı nikbinliklərindən əl çəkməsinə səbəb oldu. İnqilabdan əvvəl dinə qarşı mübarizənin propaqanda ilə həyata keçirilə bilməyəcəyini müdafiə edən Lenin inqilabdan sonra “hər cür mədəni və elmi qəbildən olan anti-dini biliklərin geniş kütlələr arasında propaqanda yoluyla yayılmasının” inqilabın məqsədlərinə çatması üçün əvəzsiz əhəmiyyəti olacağı qənaətinə gəlmişdi.[24] İnqilabın rəhbəri 1922-ci ildə qələmə aldığı Mübariz materializmin mənası haqqında adlı yazısında “kütlələrin bu qaranlıqdan sadəcə marksist təhsil yoluyla xilas edilə biləcəyini düşünmək[in] bir inqilabçının edə biləcəyi ən böyük və ölümcül səhvlərdən biri” olduğunu vurğulayırdı.[25] Deməli, ateist propaqanda hərtərəfli olmalı və xüsusilə elmi də bu məqsədlə istifadə etməliydi.
Həmçinin Leninin ateizmin bir prinsip olaraq partiyanın proqramına daxil edilməsinin məqsədəuyğun olmaması ilə bağlı düşüncələri də inqilabdan sonra əhəmiyyətli dərəcədə dəyişmişdi. Belə ki, Rusiya Kommunist Partiyasının (RK(b)P) 8-ci qurultayında (18-23 mart 1919) qəbul olunmuş partiya proqramının 13-cü maddəsi “partiyanın kilsəylə dövlətin bir-birindən ayrılması ilə bağlı dekretlə kifayətlənməyəcəyini,… istismarçı siniflərlə dini propaqanda arasındakı bağın tamamilə qoparılmasını, … habelə dinə qarşı mümkün olan ən geniş maarifçi… təşviqat tədbirlərinin təşkilini qarşısına məqsəd qoyduğunu” elan edirdi.[26] Qurultay nəinki hər bir partiya üzvü qarşısında qeyd-şərtsiz ateist olmaq şərti qoyurdu, o, həmçinin bütün kommunistlərdən ateizmin geniş kütlələrə yayılması işinə qoşulmağı tələb edirdi.[27]
Lakin buna nail olmaq elə də asan olmayacaqdı. Belə ki, inqilabdan sonrakı ilk illərdə Mərkəzi Komitə yerlərdən dindar partiya üzvlərinə qarşı necə davranmağın tələb olduğunu soruşan məktublar alırdı.[28]
Rusiya Kommunist Partiyasının 10-cu qurultayı (8-16 mart 1921) “genişmiqyaslı anti-dini təşviqatın təşkili, habelə geniş işçi kütlələri arasında kütləvi mətbuat, digər çap məhsulları və kino kimi vasitələrdən istifadə etməklə propaqandanın sürətləndirilməsi” üçün çağırış etdi. Həmin ilin avqustunda Partiyanın Mərkəzi Komitəsi (MK) dindarların partiyaya qəbul şərtlərini təsbit edən sənəd qəbul etdi. Bu sənədə görə, təhsilli və təhsilsiz dindarlar arasında fərq qoyulurdu. Belə ki, hər hansı dini qurumda vəzifə icra edən şəxs, habelə “özünü tamamilə maarif işinə həsr etməkdən boyun qaçıran intellektuallar” partiya üzvü ola bilməzdi. Savadsız dindar kəndlilər və işçilər isə “ayrı-ayrı hallarda, çətin məqamlarda kommunizmə sədaqətini sübuta yetirmiş olduğu təqdirdə” partiyaya qəbul oluna bilərdilər.[29]
Lakin bütün bunlar heç də bolşeviklərin dinə qarşı hansı siyasətin və hansı üsullarla həyata keçiriləcəyi məsələsində yekdil qənaətə gəldikləri demək deyildi. Məsələn, inqilabın liderlərindən olan Lev Trotski hələ də inqilabdan öncə olduğu kimi, dinin elə də ciddi maneə olmadığını və onun bütün cazibəsinin “bər-bəzəkli ayinlərdən” qaynaqlandığını düşünürdü. Buna görə də Trotskinin qənaətincə, məsələn, kino dinin məhz bu tərəfini əvəz edə bilərdi. Həmçinin, dini qurumlara qarşı nə qədər sərt davranılmalı olduğu ilə bağlı da inqilab liderləri arasında fikir ayrılıqları var idi. Məsələn, Lenin dini qurumlara, onların başçılarına və əmlakına qarşı nisbətən təmkinlə mübarizə aparılmasının tərəfdarı idi, Xalq Maarif komissarı Lunaçarski isə bu mübarizənin sərt və amansız olmasından yana idi.[30] Lakin bütün bu fikir ayrılıqlarının fonunda dinə qarşı bütün metodlarla sərt mübarizə aparılırdı. Hətta zaman keçdikcə bu mübarizə getdikcə sərtləşir və əvvəlki dövrlərdə inkişaf və maarifin önündəki maneə olaraq görülən din ilə artıq birbaşa inqilabi hökümətin düşməni kimi rəftar edilirdi.[31]
Bu dövrdə, hakimiyyət həmçinin yeni bir fenomenlə üzləşmək məcburiyyətində qalmışdı: islahatçı din. Əgər inqilabdan əvvəl hədəf ortodoks din idisə, 20-ci illərdən etibarən əksər dini qruplar öz təlimlərini sürətlə yeni şərtlərə uyğunlaşdırmağa çalışır, habelə bolşeviklərin öz rəqibləri ilə mübarizədən qalib çıxacağı aydın olduqca inqilaba və onun dəyərlərinə qarşı olmadıqlarını nümayiş etdirməyə cəhd edirdilər. İnqilabdan sonrakı ilk illərdə bolşeviklər ortodoks dinə qarşı mübarizənin bir qolu kimi imperiya tərəfindən təqibə məruz qalmış bidətçi cərəyanları dəstəkləməyə çalışsa, habelə islahatçı dini qruplara qarşı daha tolerant davransa da,[32] sözügedən tarixdən etibarən artıq Sovet hakimiyyəti bu kimi cərəyanları ən azı ortodoks din qədər təhlükəli hesab edir və “mübariz ateistlər”i bu görüntüyə aldanmamağa çağırırdı.[33] Sovet İttifaqının tarixi boyunca dinə qarşı aparılan mübarizənin üsul və hədəfləri bir neçə dəfə dəyişsə də, renovativ din fenomeni bütün dövr boyu hakimiyyət üçün başağrısına çevrilən əsas amillərdən biri olaraq qalacaqdı.
Ümumiyyətlə, zaman keçdikcə, dinin gözləniləndən daha böyük qüvvəylə müqavimət göstərəcəyi aydın olur və Sovet hakimiyyəti öz mübarizə üsullarını daha da təkmilləşdirməyə məcbur olurdu. Buna görə də hələ 1920-ci illərin birinci yarısından etibarən anti-dini propaqandanın əsas yükünü daşımalı olan xüsusi qurum və nəşrlər yaradılmağa başlanmışdı.
Ateizmin mücahidləri və məbədləri
İnqilabdan bir neçə il sonra dinin uzun müddət başağrısı yaradacağı hamıya aydın olmuşdu. Buna görə də bolşeviklər dinə qarşı aktiv təşviqatın vacibliyini qəbul etmiş və yanaşmalarını dəyişmişdilər. Anti-dini və ateist propaqanda (həmçinin ümumiyyətlə maarif) üçün ən münbit yerlər isə oxu və mədəniyyət klubları, habelə anti-dini muzeylər kimi yeni sovet məkanları idi.[34]
Təşviqatla bağlı sözügedən yanaşma dəyişikliyinin əlamətlərindən biri də bu dövrdə tamamilə anti-dini təbliğata həsr olunmuş ilk sovet nəşrinin, İnqilab və Kilsə (Революция и Церковь) jurnalının işıq üzü görməyə başlaması idi.[35] Sonrakı illərdə bu tip nəşrlərin sayı sürətlə artmaqda davam etdi və 1922-ci ildə öz fəaliyyətini tamamilə bu məsələyə həsr etmiş və daha çox “burjua ateistləri”nin əsərlərini nəşr etməklə məşğul olan Ateist nəşriyyatı təsis edildi.[36]
1921-ci ildə həmçinin Allahsız (Безбожник)adlı qəzet nəşr olunmağa başlamışdı. Bu qəzet uzun illər ateist təşviqatın aparıcı mətbu orqanı rolunu oynayacaqdı. Bu nəşr ətrafında qurulmuş Allahsız qəzetinin dostları Cəmiyyəti (Общество друзей газеты “Безбожник”) 1925-ci ildə Moskva Allahsızlar Cəmiyyətinin ilk qurultayında onunla birləşdi və Allahsızlar Cəmiyyəti (Союз безбожников) yaradıldı. Cəmiyyətin sözügedən qurultayda qəbul olunmuş şüarı “Dinə qarşı mübarizə sosializm uğrunda mübarizədir” idi.[37] Qurultay həmçinin başqa bir nəşrin, İttifaqın Mərkəzi Şurasının rəsmi orqanı olan Din Əleyhdarı (Антирелигиозник) jurnalının təsisinə qərar verdi. Sonrakı illərdə bu jurnal qurumdaxili çəkişmənin əsas tribunası olacaqdı. Sözügedən mübarizə daha çox “sol meylli” olan Moskva qrupu ilə Stalinin kadrı Y.M. Yaroslavski arasında getmiş və ikinci qurultayda stalinist qanadın qələbəsi ilə nəticələnmişdi[38] Cəmiyyətin 1929-cu ildə çağırılmış ikinci qurultayında adı Mübariz Allahsızlar Cəmiyyəti (Союз воинствующих безбожников) kimi dəyişdirildi.[39] 1930-cu illərin ikinci yarısında Cəmiyyətin beş milyondan çox üzvü var idi ki, bu, Partiyanın üzv sayından belə çox idi.[40]
MAC Yaroslavski (və dolayısıyla Stalin) cinahının qalib gəlməsi ilə dinə qarşı repressiv üsullarla mübarizənin alətlərindən birinə çevrilmiş və 1930-cu illər boyunca dini qurumlara və din xadimlərinə qarşı tətbiq olunmuş aktiv repressiyada iştirak etmişdi. Bu qurum 1947-ci ilə qədər mövcudluğunu davam etdirsə də, faktiki olaraq, müharibə dövründə din ilə barışıq elan edildikdən sonra öz əhəmiyyətini itirəcəkdi.
Bolşeviklərin xüsusi olaraq din əleyhinə maarif fəaliyyətlərinin tərkib hissəsi olaraq qurduğu digər bir institut isə anti-dini muzeylər idi. Din əleyhinə muzeylər (bəzi hallarda, din tarixi muzeyi də adlandırılırdı) Xalq Maarif Komissarlığının tabeliyində olub, əksər hallarda dini qurumlardan müsadirə olunmuş keçmiş məbədlərdə qurulurdu. Bu muzeylərin eksponatlarını əsasən anti-dini təbliğat materialları (propaqanda afişaları və s.), habelə müxtəlif dini ayinlərdə istifadə olunan əşyalar təşkil edirdi.[41]
Sovet iqtidarının dinə qarşı mübarizə və elmi biliklərin yayılması üçün istifadə etdiyi digər bir məkan planetariumlar idi. Sovet İttifaqında ilk planetarium 1929-cu ildə Moskvada açılmışdı. Planetarium da Maarif Komissarlığının “yeni tip maarifləndirici qurumlar yaratmağın labüdlüyü”nü vurğulayan təklifi əsasında açılmışdı və həmin Komissarlığa tabe idi. Sonrakı illərdə ölkənin böyük şəhərlərində bənzərləri açılacaq bu məkanlar elmi dünyagörüşünü təbliğ etmək, insanları elmin nailiyyətləri ilə tanış etmək…, həmçinin dini ayinlərin yerini alacaq “elm tamaşalarına” ev sahibliyi etmək rolunu oynamalı idi.[42]
Gündəlik həyatda din
Bolşeviklər bütün bu tədbir və yeniliklərin insanların gündəlik həyatına öz təsirini kifayət qədər tez göstərməyəcəyini bilirdilər. Dini qurumlar bütün gücündən məhrum olunsa, ictimai məkan dindən təmizlənsə və elmi dünyagörüşü hakim olsa belə, yeni tip sovet insanının yaradılması xeyli vaxt alacaqdı. Trotski hələ 1920-ci ildə qələmə aldığı bir məqalədə gündəlik həyat və ənənələrin ətalət içində və inadkar olduğunu, habelə onları dəyişməyin siyasi dəyişikliklərə nail olmaqdan daha çətin olacağını qəbul edirdi.[43] Deməli, bolşeviklər açıqca bildirdikləri kimi, sadəcə sekulyar cəmiyyət yaratmaq və dini gündəlik həyata sıxışdırmaq məqsədində deyildilər, əksinə nikah, ölüm, doğum və sair kimi gündəlik həyata (быт) aid olan məsələlərdə də inqilabi dəyişikliklərə nail olmaq fikrində idilər. Trotski kilsədə icra olunan müxtəlif mərasim və ibadətlərin, habelə divardan asılan ikonanın yerinə xalqa nəsə təklif etmədən, onları yerindən söküb atmağın mümkün olmayacağının fərqində idi. Buna görə də Sovet hakimiyyəti öz yeni rituallarını yaratmağa məcbur idi.[44]
Əslində, müharibədən əvvəlki dövrdə bolşeviklər buna nail olmaq üçün müəyyən addımlar atmışdılar. Belə ki, ailə vəziyyətinin qeydə alınması ilə bağlı dəyişikliklər, habelə ənənəvi dəfn mərasimlərindən yaxa qurtarmaq üçün 1927-ci ildə Moskvada krematoriumun tikilməsi[45] bu qəbildən idi. Lakin bu sahədə daha əhəmiyyətli addımlar müharibədən sonra atılacaqdı.
Stalin erasında ateizm və din
1920-ci illərin sonlarına doğru Stalinin hakimiyyəti əlində cəmləməsi və ölkədə yeganə söz sahibinə çevrilməsi ilə dinə qarşı mübarizədə də yeni mərhələyə keçildi. 1929-cu ilin aprelində Dini qurumlar haqqında yeni qanunun qəbul edilməsi ilə faktiki olaraq hər növ dini fəaliyyət məhdudlaşdırılmış və dini qurumlar ayinlərin təşkili istisna olmaqla, digər bütün (xeyriyyəçilik, təhsil və s.) növ fəaliyyətlər göstərmək hüququndan məhrum edilmiş oldu. Bu qanuna görə, həmçinin bütün monastırlar bağlanmış və dini icmaların qeydiyyata alınması çətinləşdirilmişdi.[46]
Sovet hakimiyyətinin Yeni İqtisadi Siyasətdən imtina edib kollektivləşdirməyə keçməsi ilə dini qurumlar üzərindəki iqtisadi təzyiq də artdı. Belə ki, Xalq Komissarları Sovetinin 21 may 1929-cu il tarixli dekretinə əsasən, dini qurumlar faktiki olaraq, kulakkateqoriyasına daxil edilir və ifrat ağır vergi yükü ilə yüklənirdilər.[47] 1920-ci illərin sonlarında, zorakı kollektivləşdirmə vüsət aldıqca, dinə qarşı addımların sərtliyi də artırdı. Birinci beşillik planın (1928-1932) elan edilməsi həmçinin dinə qarşı mübarizədə yeni bir mərhələyə keçildiyindən xəbər verirdi. Belə ki, planın hədəfləri arasında “Allahsız cəmiyyət” yaratmaq da var idi. Çox vaxt verilən məntəqədə kollektiv təsərrüfatın yaradılması simvolik olaraq həmin məntəqənin məbədinin bağlanması ilə başladılırdı ki, bu da müqavimətə səbəb olurdu. Ona görə də 14 mart 1930-cu ildə Partiya “dinə qarşı mübarizədə ifratdan yayınma” ilə bağlı dekret elan etməli olmuşdu.[48]
Yəni ateist təşviqatla məşğul olan bütün bu qurumlara və təşkil olunan mədəni tədbirlərə baxmayaraq, Sovet hakimiyyəti yenə də dinlə əsasən bürokratik üsullarla mübarizə aparırdı. Bu tip mübarizə sadəcə sərt repressiv tədbirlərlə məhdudlaşmırdı. Məsələn, 1929-cu ildə mərkəz yerlərdəki bütün idarələrdən hər hansı dini bayram və ya əlamətdar gündə məktəb, yaxud iş yerlərində tətilə icazə verilməməsini, habelə rəsmi tətillərin dini bayramlarla üst-üstə düşməməsinə diqqət yetirilməsini tələb edirdi.[49]
İkinci beşillik planın (1933-1937) elan olunması isə mübarizənin daha da sərtləşməsi ilə müşayiət olundu. Planın hədəfləri arasında “kapitalist element və siniflərin tamamilə yox edilməsi” də var idi. 1930-cu illərin ortalarından etibarən siyasi mübarizənin və stalinist terrorun sərtləşməsi dini qurumlardan da yan keçmədi və onilliyin sonlarına doğru ruhani sinfi, demək olar ki, tamamilə məhv edildi.[50]
Lakin bütün bunlar hakimiyyətin dindən tamamilə yaxa qurtardığı mənasına gəlmirdi. Belə ki, 1937-ci il siyahıyaalması dinin hələ də Sovet cəmiyyətinin bir parçası olduğunu göstərirdi. Siyahıyaalmada istifadə olunan anketə birbaşa Stalinin təşəbbüsü ilə din bəndi əlavə olunmuş və nəticələr ümumilikdə Sovet vətəndaşlarının 56,17 faizinin, əyalətlərdə isə ⅔-nin inanclı olduğunu göstərmişdi.[51]
Bu dövrdə, 1936-cı ildə qəbul olunmuş Stalin konstitusiyasının 124-cü maddəsi “bütün vətəndaşlara dini ayinlər icra etmək hüququ” verirdi. Lakin həmin maddədə anti-dini təşviqat aparmaq hüququ qeyd olunsa da, dini təbliğat barədə heç nə deyilmirdi.[52] Beləliklə, dinin dövlətdən ayrıldığını və vicdan azadlığının təmin edildiyini elan edən Sovet hakimiyyəti inancını yayma hüququnu yenə də ateistlərin xüsusi imtiyazı kimi təsbit edirdi.
Lakin qaçılmaz olduğu artıq aşkar olan müharibə yaxınlaşdıqca və ümumiyyətlə Stalin inqilabdan sonra hakim olan mütərəqqi görüşlərə qarşı (həm də cəmiyyətin təhsilsiz təbəqəsi və xüsusilə kəndlilərin dəstəyini qazanmaq üçün) ənənəvi dəyərlərə yönəldikcə, dinə qarşı münasibət də müəyyən qədər dəyişəcəkdi.
Sovet İttifaqı beynəlmiləlçi çöhrəsindən müəyyən qədər imtina edib milli dövlətə çevrildikcə, din də milli kimliyin parçası olaraq dəyərləndirilməyə başlanmışdı. Bu dövrdən etibarən, daha əvvəl müstəbid kimi təqdim edilən rus çar və imperatorları tədricən daha xoş boyalarla təqdim edilməyə başlayır və xristianlığın Rusiyanın birləşdirilməsindəki müsbət rolunu vurğulayan yazılar Sovet mətbuatında peyda olurdu.[53] Sovet İttifaqı müharibəyə hazırlaşırdı.
Müharibə başladıqdan sonra hakimiyyət dinə qarşı daha mülayim davranmaq məcburiyyətində olduğunu tədricən anladı. Bu mövqe dəyişikliyi həm nasistlərin işğal olunmuş ərazilərdə din amilini (məsələn, kilsələri açmaqla) Sovet İttifaqına qarşı istifadə etməsi, həm dinə qarşı repressiyaların Sovet İttifaqının müttəfiqlər arasındakı simasına mənfi təsir etməsi, həm də çətin şərtlər altında əhali arasında dini duyğuların yenidən oyanması və hakimiyyətin insanları səfərbər etmək üçün dinin yararlı olacağını başa düşməsi ilə bağlı idi. Üstəlik, bütün hadisələr dinin də bu müharibədə vətənpərvərcəsinə davranmaqda könüllü olduğunu göstərirdi. Hətta, Almaniyanın SSRİ-yə hücumundan sonra Mitropolit Sergi Stalindən belə öncə xalqa müraciət etmişdi.[54]
Artıq müharibənin ilk illərindən etibarən rəhbərliyin müharibədə dinin ideoloji gücündən istifadə etmək niyyəti və həm də yerlərdən gələn tələblərlə birlikdə artıq xeyli sayda məbəd ibadətə açılırdı. Lakin daha əhəmiyyətli dəyişikliklər müharibənin sonlarına doğru baş verdi. Bu istiqamətdə ilk addım kimi 1943-cü ilin sentyabrında Rus Pravoslav Kilsəsinin İşləri Üzrə Şura (Совет по делам Русской православной церкви) yaradıldı və daha sonra bu addımı İttifaqın digər yerlərində bənzər qurumların yaradılması izlədi.[55] 1944-cü ilin mayında isə dövlətin dini qurumlarla münasibətini tənzimləməli olan bürokratik aparat, Dini İcmaların İşləri Üzrə Şura (Совет по делам религиозных культов) təsis edildi.[56] Beləliklə, Sovet hakimiyyəti dini uzun illər sonra yenidən legitim tərəf müqabili kimi qəbul etmiş oldu.
Görünür, sözügedən dəyişikliklərin təşəbbüskarı birbaşa Stalinin özü olmuşdu və bu, müəyyən mənada Sovet rəhbərinin dinin əksinqilabi qüvvə kimi artıq zərərsiz olduğu qənaətinə gəldiyini göstərirdi. Əlbəttə, bir tərəfdən ölkədə sosializmin qalib gəldiyini iddia etmək, digər tərəfdən isə (artıq yox olmağa üz tutmalı olan) dinə qarşı münasibətdə geriyə addım atmaq ziddiyyətli görünə bilərdi. Lakin buna qədər Stalin öz bütün rəqiblərini, xüsusilə nəzəri ziddiyyətləri vurğulayacaq potensial və cürətə sahib olanları çoxdan zərərsizləşdirmişdi. Üstəlik, yeni şəraitdə dinin dövlətdən asılı buyruq qulu olacağı aydın idi.
Ümumilikdə, Stalin üçün siyasi hakimiyyətin qorunub saxlanması və atılan addımların praktiki nəticələri ideologiyaya sədaqətdən daha əhəmiyyətli idi. Bu cəhət Stalini həm sələflərindən, həm də xələfindən aydın şəkildə ayırırdı. Dini istifadə etmək ona qarşı sərt mübarizə aparmaqdan daha əlverişli görünəndə Stalin bir neçə il əvvəl sərt repressiya ilə əzdiyi kilsə üçün nisbətən yumşaq şərtlər yaratmağa qərar vermişdi. Bu yanaşma dəyişikliyinin əlamətlərindən biri 1947-ci ildə, dinin müharibədən sonra mövqelərini möhkəmləndirməyə davam etdiyi şəraitdə Mübariz Allahsızlar Cəmiyyətinin ləğv edilməsi və onu əvəzləyəcək Ümumittifaq Bilik Cəmiyyətinin (Всесоюзное общество «Знание») yaradılması olmuşdu. Sələfindən fərqli olaraq, bu yeni qurum daha çox elmi bilikləri yaymaq və ümumiyyətlə maarifçilik kimi fəaliyyətlərlə məşğul olmaq üçün nəzərdə tutulmuşdu.[57] Ümumiyyətlə, rəsmi ideologiyada dinə qarşı münasibətin dəyişdiyini göstərən heç bir əlamət yox idi, lakin faktiki olaraq, döyüşkən ateistlər bir qədər arxa plana çəkilmişdi. Müharibənin başa çatmasından Stalinin ölümünə qədər olan dövrdə ateizmi yaymaq cəhdləri, demək olar ki, yoxa çıxmışdı.[58] Stalini əvəzləyən Xruşşov üçün isə ateizm daha böyük əhəmiyyət kəsb edirdi.
Stalindən sonra
Sovet hakimiyyəti dini qurumların gəlirləri, dini ayinlərdə iştirak edənlərin sayı və bənzər dəlillərə əsasən, müharibədən sonra əhali arasında dinin yenidən dirçəlməkdə olduğunu görə bilirdi. Stalinin ölümündən sonrakı hakimiyyət mübarizəsində qalib gəlmiş Nikita Xruşşov üçün bu verilənlər həyəcan təbili çalmağa əsas verirdi. Ona görə də yeni rəhbər hakimiyyətinin ilk illərindən başlayaraq, “köhnə rejimin qalıqları”na qarşı müharibə elan edəcəkdi.[59]
Xruşşov Sovet tarixində daha çox əhalinin rifahının nisbətən yüksəldilməsi və liberallaşma istiqamətindəki islahatları ilə tanınsa da, din məsələsinə gəldikdə, o, öz sələfindən daha sərt xəttin tərəfdarı idi. Xruşşovun siyasi platforması sadəcə Stalinin mirası ilə hesablaşmaqla məhdudlaşmırdı, o həmçinin Sovet İttifaqının gələcəkdə hansı yolu tutmalı olduğunu göstərən hədəflər ehtiva edirdi. Partiyanın 22-ci qurultayında (17-31 oktyabr 1961) elan olunmuş yeni (üçüncü) partiya proqramı ölkənin “kommunizm quruculuğu” mərhələsinə keçdiyini elan edirdi. Bu yeni mərhələdə partiya vətəndaşlardan ideoloji paklığı geri qazanmağı, intizamı gücləndirməyi və maddi tərəqqinin təmini üçün çalışmağı tələb edirdi. İdeoloji paklığın təmin edilməsinə dinə qarşı mübarizənin bərpası da daxil idi. Xruşşov qurultayın açılışında söylədiyi nitqində “kapitalist qərəzlərlə yüklənmiş insanı kommunizmə aparmağın mümkün olmayacağı”nı, habelə “insanları keçmişin yükündən xilas etməyin labüd olduğu”nu qeyd edirdi.[60]
Deməli, Stalinin dövlətlə dini 1943-cü ildə barışdırmasından sonra yenidən Sovet həyatının bir parçasına çevrilmiş dinə qarşı yeni hücumlar başladılmalı idi. Bu kimi hücumlar destalinizasiyanın rəsmi miladı olan 20-ci partiya qurultayından əvvəl başlamışdı və fərqli partiya orqanları ölkədə dinin təhlükəli səviyyədə olduğunu bildirən hesabatlar hələ 1954-cü ildə yuxarılara təqdim olunurdu. Məsələn, Dini İcmaların İşləri Üzrə Şuranın 1954-cü il tarixli hesabatında mətbuatın ateist propaqandanı öz gündəmindən çıxarması, ateist təşviqatın ümumiyyətlə yox dərəcədə olması, habelə yerlərdə dini bayramların iş intizamına əhəmiyyətli dərəcədə mənfi təsir göstərməsi qeyd olunurdu.[61]
Bütün bunları və müharibənin bitməsindən keçən onillik ərzində dinin cəmiyyətdəki varlığının möhkəmləndiyini göstərən digər əlamətləri nəzərə alan partiya rəhbərliyi hələ 1954-cü ildə yeni bir ateist təbliğat dalğasını başlatmışdı. Tarixi ədəbiyyatda adətən “yüz günlük kampaniya” adlandırılan bu ilk hücumlar Sovet vətəndaşlarının nəzərində qəflətən başlamış və qəflətən dayanmış olsa da, öz üsul və tərzinə görə bir neçə il sonra başladılacaq böyük hücuma bənzəyirdi.[62]
Xruşşovun dinə qarşı irimiqyaslı hücumu 1958-ci ilin oktyabrında qəbul edilmiş iki qərar ilə başlamış oldu. Oktyabrın 4-də Mərkəzi Komitə yerlərdəki orqanlara anti-dini fəaliyyətlərdəki çatışmazlıqları göstərən məxfi sənəd yolladı, ayın 16-da Nazirlər Şurasının qəbul etdiyi qərar isə dini qurumların üzərinə daha ağır vergi yükü qoymuş oldu.[63]
Digər tərəfdən, Xruşşov erasında dinlə mübarizənin hədəfi, daha doğrusu dinin məhv edilməyə çalışılan tərəfi yenidən dəyişmişdi. Əgər Stalin dini bir siyasi güc olaraq məhv etməyə nail olmuşdusa, Xruşşov dövründə gündəlik həyatdakı dinə hücum edilirdi.[64] Bu hədəf dəyişikliyi səbəbsiz deyildi. Belə ki, dini icmaları müşahidə edən qurumların hesabatları müharibədən sonra dini kəbin, dəfn və təqdis mərasimlərində iştirak edənlərin, habelə dini ayinləri yerinə yetirən gənclərin sayında artış olduğunu deyirdi.[65]
Rəhbərlik gənclər arasındakı dindarlıq problemi ilə əsasən maarif yoluyla mübarizə aparmağı nəzərdə tutsa da, bu üsul arzuolunan effekti göstərmirdi. Belə ki, məktəblərdə ya müəllimlər ümumiyyətlə ateist propaqanda aparmaqdan imtina edir, ya da bu işə lazımi qədər əhəmiyyət vermirdilər. Digər tərəfdən, uşaqlar məktəblərdə ateist tərbiyə alsalar belə, evlərdə valideynlərindən və ya nənə-babalarından tam əks istiqamətdə tərbiyə görürdülər.
Həmçinin, 1959-cu ildə bütün ali məktəblərin dərs proqramına icbari Elmi Ateizmin Əsasları dərsi daxil edilmişdi. Lakin bu addım da istənilən nəticəni verməyəcəkdi. Həm də burada kadr çatışmazlığı ilə bağlı başqa bir problem də üzə çıxmışdı. Belə ki, bu dərsləri tədris etməli olan müəllimlər, adətən, dinlə bağlı olduqca səthi biliklərə malik olurdular.[66]
Nəticədə, yenə də iş daha çox inzibati alətlərin ümidinə qalırdı. Bu kimi tədbirlərin tərkib hissəsi olaraq, 1958-ci il 28 noyabr tarixində Partiya Qondarma müqəddəs məkanlara ziyarətin məhdudlaşdırılması ilə bağlı tədbirlər haqqında adlı qərar qəbul etmişdi. Bu qərardan sonra ölkə boyu müxtəlif dinlərə mənsub müqəddəs məkanlar dağıdılmış, yaxud yay düşərgələri və ya heyvandarlıq fermalarına çevrilmiş, bu kimi məkanlarda ziyarətçilərə dini xidmət təklif edən (əsasən təhsilsiz) ruhanilər cəzalandırılmışdı.[67] 16 mart 1961-ci ildə qəbul edilmiş SSRİ Nazirlər Şurasının digər bir qərarı isə ruhanilərin göstərdikləri xidmətlərə görə əhalidən ödəniş almasını qadağan etmiş və onları, faktiki olaraq, maaşlı dövlət məmuruna çevirmişdi. Hakimiyyət bu dəyişikliyin din xadimlərini daha çox ayin icra etmək istiqamətindəki motivasiyadan məhrum edəcəyini düşünürdü.[68]
Lakin bütün bu inzibati tədbirlər də arzuolunan nəticənin əldə edilməsinə gətirib çıxarmamışdı. Əksinə, bu kimi tədbirlər dinin ictimai məkanda daha nəzərəçarpan olmasına səbəb olmuşdu. Nəticədə, tədricən bu tədbirlərdən imtina edilmiş və Xruşşovun təqaüdə göndərilməsiylə dinə qarşı növbəti bir hücum dalğası sona çatmışdı. Belə ki, onun hakimiyyətdən uzaqlaşdırılması ilə başlatmış olduğu hücum dalğası da, demək olar ki, qəflətən dayanmışdı. Hətta SSRİ Elmlər Akademiyasının din və ateizm mövzusunda ixtisaslaşmış bir neçə böyük nəşri də 1964-cü ildə fəaliyyətini dayandırmışdı.[69]
L. Brejnevin hakimiyyətə gəlməsindən sonra dinə qarşı hücumların şiddəti azalsa da, bu dövrü elmi ateizmin keyfiyyətcə yeni bir mərhələyə keçməsi baxımından əlamətdar hesab etmək olar. Belə ki, Brejnev 1963-cü ildə “dinin sosial köklərinin tamamilə məhv edilmiş olduğunu və ondan tamamilə yaxa qurtarmaq üçün artıq sadəcə maarif və təhsilə ehtiyac qaldığını” elan etdi. Az sonra, 1964-cü ildə Sosial Elmlər Akademiyasının nəzdində Elmi Ateizm İnstitutu (Институт Научного Атеизма) təsis edildi.[70] Kütlələrə istiqamətlənmiş ateist propaqanda isə tənəzzül mərhələsinə keçmişdi. Belə ki, Xruşşovdan sonra həm (Daha çox Bilik cəmiyyəti tərəfindən təşkil olunan) ateizm mühazirələrinin, həm Sovet mətbuatında nəşr olunan mövzu ilə bağlı yazıların, həm də ateizm mövzulu kitabların, habelə onların tirajlarının sayında nəzərəçarpan azalma müşahidə olunmuşdu.[71]
Lakin bütün bunlar dövlətin və ya partiyanın dinə münasibətinin dəyişdiyi mənasına gəlmir. Məsələn, 24-cü Partiya Qurultayında qəbul olunmuş proqram üzvlərdən “hər növ burjua ideologiyasına qarşı amansız mübarizə” aparmağı tələb edirdi. Buna baxmayaraq, bu dövrdə ən azı ateist təşviqatın tərzində və istifadə etdiyi dildə müəyyən yumşalma müşahidə olunurdu. Məhz bu yumşalma, həmçinin (yuxarıda qeyd edilən) ateist təşviqatla bağlı görülən işlərin azalması bəzi partiyadaxili çevrələrdə tənqid edilirdi.[72]
Brejnev dövründə dinə qarşı dözümlülük sərgilənməsinin əsas səbəblərdən biri rəhbərliyin dini müharibənin dəhşətlərinə və digər sosial problemlərə qarşı aşağıların son təsəllisi kimi görməsi idi.[73] Digər və fikrimcə, daha vacib səbəb isə bu dövrdə artıq həm rəhbərlik, həm də əhali arasında ideologiyaya qarşı laqeydliyin yaranması idi. Xruşşov Sovet layihəsinə inanan sonuncu ölkə rəhbəri idi.
Sovet rəhbərliyi son dəfə, 1970-ci illərin ortalarından sonra dinə qarşı mübarizəni şiddətləndirməyə və ateizm uğrunda mübarizəni dirçəltməyə çalışsa da, istənilən nəticəni əldə edə bilmədi.[74] Faktiki olaraq, 1988-ci ildə Kiyev Knyazlığının xristianlaşmasının min illiyinin qeyd edilməsi Sovet hakimiyyətinin öz ateist cəmiyyət amalından imtina etdiyinin elanı oldu. Qorbaçov yenidənqurması Sovet layihəsinin bir çox elementi kimi ateizmdən də imtina edilməsinə gətirib çıxardı. Əslində, Qorbaçovun dinlə bağlı əvvəlcədən planlaşdırılmış və elan edilmiş liberallaşma siyasəti mövcud deyildi və o, hakimiyyətə yüksələrkən “dinin hələ də kommunizm yolundakı maneələrdən biri” olduğunu elan etmişdi. O hətta Partiyanın 27-ci qurultayında (fevral 1986) “dinə qarşı mübarizədə səhlənkarlığa görə” bəzi qurumları və öz sələflərini tənqid etmişdi.[75] Həmçinin, bu dövrdə ateist təbliğat və bu işlə məşğul olan qurumların işi adəti üzrə davam edirdi. Ona görə də Qorbaçovun 1988-ci ilin aprelində Patriarxı qəbul etmə qərarı və daha sonra minilliyin qeyd edilməsinə icazə verilməsi hamının təəccübünə səbəb olmuşdu.[76] Yubiley 1988-ci ilin yayında (5-12 iyun) bir həftə davam edən təntənəli mərasimlərlə müşayiət olunmuş və İttifaqın yüksək rütbəli məmurlarının iştirakı ilə ən nüfuzlu məkanlarda qeyd edilmişdi. Bir il sonra dinin ictimai həyata qayıtmasının ən bariz əlaməti kimi, çox sayda din xadimi Xalq Deputatları Sovetinə seçilmişdi.[77] Növbəti illər ərzində Kommunist Partiyası tədricən ateist cəmiyyət yaratmaq planlarından tamamilə imtina etmiş və 1991-ci ildə həm Partiya, həm ateizmi yaymalı olan qurumlar, həm də elmi ateizm layihəsi tarixə qovuşmuşdu.
Elmi ateizm
Hərçənd, Sovet hakimiyyətinin ilk illərindən, ara-sıra ateizm sözü elmi epiteti ilə birlikdə işlədilsə də, elmi ateizm daha çox müharibədən sonrakı Sovet həyatına mənsub fenomen idi. Sovet hakimiyyəti, habelə intellektualları tərəfindən ateizmin Sovet versiyasını burjua ateizmindən fərqləndirmək[78] üçün ona elmi təyininin əlavə edilməsinin və aşağıda görəcəyimiz kimi ona bir elm kimi tərif verilməsinin səbəbi Sovet təcrübəsinin də tərkib hissəsi olduğu modernləşmə layihəsində axtarılmalıdır. Modernləşmə və tərəqqiyə inanan intellektuallar üçün elm yeganə legitim və dəyərli bilik sistemi idi və elmi olmayan, habelə qeyri-elmi metodlarla əldə edilən hər hansı bilik tərəddüdsüz rədd edilməli idi. Engelsin marksizm və ona qədərki sosialist cərəyanları təsnif edərkən özünün də qurucularından olduğu birincini “elmi sosializm” adlandırması da məhz bu baxışdan qaynaqlanırdı.[79]
Elmi ateizm Sovet ədəbiyyatında sadəcə hər hansı dinə və ya fövqəltəbii qüvvələrə inamın yoxluğu kimi deyil[80], həmçinin “din fenomenini habelə onun müxtəlif təzahürlərini öyrənən elm” kimi qəbul edilirdi.[81] Dinin söz sahibi olduğunu iddia etdiyi bütün sahələr – təbiət, cəmiyyət, əxlaq və sair – elmi ateizmin predmetini təşkil edirdi.[82] Başqa sözlə, elmi ateizm “…elmlərin nailiyyətləri əsasında… hər cür dini baxış və təsəvvürləri təkzib edən… materialist görüşlər sistemi” idi.[83] Həmçinin, “elmi ateizmin predmeti dinin meydana gəlməsi, təkamülü və aradan qaldırılması qanunauyğunluqlarının, ateizm təlimləri tarixinin dini dünyagörüşündən elmi-materialist dünyagörüşünə keçilməsinin və ateizm əqidəliliyinin formalaşması qanunauyğunluğunun öyrənilməsi”ndən ibarət idi.[84]
Elmin nailiyyətlərini dinə qarşı istifadə etməyə çalışan sovet təbliğat aparatının bu fəaliyyətinin ən bariz nümunəsini Sovet İttifaqının kosmos macərasında görmək olar. Kosmosun fəthi SSRİ-də “kommunizmin din üzərində qələbəsi” kimi şərh olunurdu. Hamıya tanış olan məşhur propaqanda afişasında Y. Qaqarin Sovet vətəndaşına kosmosda tanrı ilə qarşılaşmadığını deyirdi. (Əslində, Qaqarin heç vaxt bu ifadəni işlətməmişdi, lakin ondan sonra kosmosa çıxmış ikinci şəxs olan G. Titov xarici mətbuata müsahibəsində belə bir ifadə səsləndirmişdi).[85] Kosmos yarışı ümumilikdə Sovet İttifaqı üçün nə qədər əhəmiyyətli idisə, bu sahədəki nailiyyətlər dinlərin kainat haqqındakı təsəvvürlərinin puçluğunu sübuta yetirmək üçün də bir o qədər vacib idi. Sovet nəşrləri insanın kosmosa uça bilməsini dünyanın müqəddəs kitabların təsvirlərindəki kimi olmadığının sübutu kimi qəbul edirdilər.[86]
Ümumilikdə, Sovet ədəbiyyatında ateizmin din üzərində üstünlüyü ilə bağlı müxtəlif arqumentlərə (dinin tərəqqiyə qarşı olması, hakim siniflərin maraqlarını qoruması və s.) rast gəlinsə də, din, əsas etibarilə, təbiət elmlərinin tapıntıları ilə ziddiyyət təşkil etdiyi üçün rədd edilirdi. Xruşşov erasında (1959) elmi ateizm təbliğatının arsenalına əlavə olunan və bir neçə il sonra 100 min tirajla çap olunmağa başlanan Elm və Din (Наука и Религия) jurnalı, habelə Bilik Cəmiyyətinin təşkil etdiyi ateizm və populyar elm mövzulu mühazirələr və sair digər fəaliyyətlər elmi bu məqsədlə istifadə etmək məqsədi daşıyırdı.[87]
Lakin 1959-cu ildə elmi ateizmin bütün ali məktəblərin tədris proqramına daxil edilməsinə, habelə 1964-cü ildə Elmi Ateizm İnstitutunun təsis edilməsinə baxmayaraq, Sovet hakimiyyəti varlığının sonuna qədər ateist təşviqatı həyata keçirəcək kadrlar baxımından qıtlıq çəkmişdi. Əsas problem ateizm təbliğatçılarının dinlər haqqında olduqca səthi məlumata malik olması idi.[88] Beləliklə, Sovet iqtidarı ümumiyyətlə ideoloji sferada olduğu kimi, ateist təşviqat sahəsində də həm aktivistlərin, həm də onların auditoriyasının yuxarıdan vəz edilənlərə getdikcə daha çox yadlaşması ilə qarşılaşırdı.
Ateizm dünyagörüşü və həyat tərzi kimi
Xruşşov ölkənin “kommunizm inşası” mərhələsinə keçdiyini elan etməklə Sovet vətəndaşının da əslində tamamilə yeni bir mərhələyə keçməli olduğunu bəyan etmiş olurdu. Əgər ölkə tamamilə yeni, tarixdə bənzəri olmayan bir quruluş inşa edəcəkdisə, onun vətəndaşlarının dünyagörüşü, əxlaqı və dəyərləri də köhnə dünyanın bütün qalıqlarından azad edilməli idi. Prinsipcə, Partiya həmişə belə unikal dəyərlərin daşıyıcısı olduğunu vəz etmişdi, Xruşşov erasında yeni olan isə Partiyanın, nəhayət ki, ideologiya ilə gündəlik həyat reallığı arasındakı fərqlərin aradan qaldırılmasının vaxtının gəldiyinə inanmağa başlaması idi.[89]
Sovet insanının dünyagörüşü elmi dünyagörüşü olmalı idi və bu dünyagörüşü adətən dini dünyagörüşün ziddi olaraq təsvir edilirdi. Sovet insanı kainatın quruluşu, mənşəyi və qanunauyğunluqları barədə elmin təqdim etdiyi bilikləri əsas götürməli və dinin vəz etdiklərini rədd etməli idi.[90] Həmçinin Sovet insanı həyatın mənası barədə qədim suala da elmi-materialist dünyagörüşünə uyğun cavab verməli idi. Həyatın mənası ölümdən sonrakı cənnəti qazanmaq deyil, bu dünyada yaxşı və xoşbəxt həyat sürmək olmalı idi. Kommunist çətinliklə üzləşəndə, qurban vermək məcburiyyətində qalanda, özünün və digər insanların həyatını yaxşılaşdırmağın yolları haqqında düşünməli idi.[91]
Ateizmin cavab verməli olduğu digər bir sual tanrısız əxlaqın mümkünlüyü ilə bağlı idi. Sovet ədəbiyyatında nəinki tanrısız əxlaqın mümkün olduğu, hətta ateist əxlaqın dini əxlaqdan fərqli olaraq, tərəqinin nəticəsi olduğuna görə daha kamil olduğu iddia edilirdi.[92] Sosialist əxlaqının prinsiplərini hansısa fövqəltəbii varlığın əmrləri deyil, cəmiyyətin mənafeyi, kollektivist ictimai şüur təyin etməli idi. Hər bir Sovet insanı başqalarının xoşbəxtliyi üçün mübarizə aparmalı və öz həyatının mənasını bu mübarizədə görməli idi.[93]
Xruşşov erasında dini ayinləri və mərasimləri əvəz etmək üçün yeni “sosialist ritualları”nın yaradılması da əsas hədəflərdən biri idi. Əslində, inqilabdan sonrakı ilk illərdə əlamətdar hadisələrin qeydiyyatı dinin əlindən alınmış, habelə dini bayramları insanların həyatından çıxarmaq üçün kampaniyalar təşkil olunmuşdu. Bolşeviklər, əsas etibarilə, gündəlik həyatdakı mərasimlərə keçmişin mənasız qalıqları kimi baxırdılar və inqilab tarixi ilə əlaqədar bayramlar istisna olmaqla, təntənəli mərasimləri insanların həyatından çıxarmağa çalışırdılar.[94] Hərçənd hələ inqilabın ilk illərindən etibarən dini mərasimlərin yerini alacaq yeni mərasimlər yaratmağa cəhd edilmişdi, lakin bu cəhdlər uğurlu olmamışdı, Stalinin ateizm təşviqatından üz döndərməsi ilə isə bu layihədən də imtina edilmişdi.[95]
Lakin Xruşşov erasında istiqamət yenidən dəyişmiş və “kommunizmə gedən” Sovet insanının yeni, ateist mərasimlərə ehtiyac duyduğu qənaətinə gəlinmişdi. Bunun əsas səbəblərindən biri sosioloji araşdırmaların (aşağıda görəcəyimiz kimi) dini mərasimlərin Sovet insanının həyatında kifayət qədər vacib rol oynadığını aşkara çıxarması və xüsusilə gənclər arasında dini mərasimlərdə iştirak nisbətinin kifayət qədər yüksək olduğunu göstərməsi olmuşdu. Beləliklə, keçmişin qalıqlarından bəsitcə yaxa qurtarmağı bacarmayan hakimiyyət onları sosialist mərasimlərlə əvəz etmək qərarına gəlmişdi. Əslində, bu həmləyə zəmin hazırlayan iqtisadi şərtlər də var idi. Belə ki, Xruşşov dövründə urbanizasiyanın sürətlənməsi, mənzil probleminin qismən həll edilməsi və ümumiyyətlə Sovet insanının rifahının yüksəlməsi, habelə destalinizasiyanın yaratdığı nisbətən liberal mühit insanların artıq zəruri ehtiyaclardan daha artığı barədə düşünə bilməsinə şərait yaradırdı.
Bu sahədəki ilk həmlə nikah mərasimi ilə bağlı idi. “ZAQS” (VVAQ) inqilabdan az sonra yaradılsa da, bu idarə sadəcə nikahları qeydiyyata alırdı, evliliyin təntənəli şəkildə qeyd edilməsi üçün isə heç bir sosialist alternativ yox idi. Bu məsələ Komsomolun 13-cü qurultayında (15-18 aprel 1958) müzakirə olunmuş və sosialist nikah mərasiminin vacibliyi vurğulanmışdı. Qurultaydan sonra Komsomol və VVAQ bu məsələ üzərində birgə işləməyə başlamış və 1959-cu ilin sonlarında ilk Sovet Səadət Sarayı açılmışdı.[96]
Sonrakı illərdə Sovet hakimiyyəti nikahla yanaşı ölüm, doğum və həyatın bütün əlamətdar məqamları üçün öz alternativlərini yaratmağa cəhd etmişdi. Lakin bu mərasimlər əhali tərəfindən birbaşa rədd edilməsə də, öz məqsədinə çatmamış, başqa sözlə, dini ritualları əvəz edə bilməmişdi. Hətta SSRİ-nin ən inkişaf etmiş şəhərlərində belə insanlar sosialist mərasimlərini dini ritualların əvəzedicisi kimi qəbul etmir, başqa sözlə, həm dövlətin, həm də dinin xidmətindən yararlanırdılar. Əyalətlərdə isə insanlar, demək olar ki, bir qayda olaraq uşaqlarını xaç suyuna salır və ya sünnət etdirir, dini kəbin kəsdirir və ölmüş yaxınları ilə dini mərasimlə vidalaşırdılar.[97]
Ümumiyyətlə, Sovet hakimiyyətinin gündəlik həyatı sekulyarlaşdırmaq cəhdləri tamamilə uğursuz sayıla bilməzdi. Məsələn, insanlar rəsmi nikahı evliliyin vacib şərti kimi qəbul etmişdilər. Lakin hədəf dini mərasimləri tamamilə ləğv etmək idisə, hakimiyyət buna nail ola bilməmişdi. Eyni zamanda, inqilabdan sonra keçmişin qalığı kimi rədd edilən dini mənşəli bayramlar da tədricən sovet həyatına qayıtmış və dövlət nəinki onların varlığı ilə barışmış, hətta onları təntənəli şəkildə qeyd etməyə başlamışdı. Sovet hakimiyyəti üçün daha dəyərli olan May və Oktyabr bayramları da heç vaxt həqiqi mənada xalqın bayramına çevrilə bilməmişdi. Bu baxımdan bəlkə də yeganə istisnanı 8 Mart təşkil edir. Bu bayram təhrif olunmuş formada olsa belə, insanların həyatına daxil ola bilmişdi.
Ateist cəmiyyət layihəsinin uğursuzluğu
Sovet hakimiyyəti, yəqin ki, ateist təşviqatın lazımınca effektiv olmadığının həmişə fərqində idi, lakin ölkədə dinin vəziyyəti ilə bağlı həqiqi mənzərə yalnız Stalindən sonra, onun dövründə “burjua elmi” kimi damğalanaraq rədd edilmiş sosiologiyanın qismən akademiyaya qayıtması, habelə Elmi Ateizm İnstitutunun yaradılmasından sonra aydın olmuşdu.
1960-cı illərdə bu institut və fərqli universitetlərin Elmi Ateizm kafedraları tərəfindən həyata keçirilən tədqiqatlar əyalətlərdə əhalinin təxminən 90 faizinin evlərində dini atributlar saxladığını, hətta sənaye bölgələrində belə yeni doğulanların 60 faizə qədərinin təqdis edildiyini göstərmişdi. Bir tədqiqatda rəyi soruşulanların 87 faizi (inanclı olmadığını deyənlər də daxil olmaqla) dini rituallarda iştirak etdiyini bəyan etmişdi.[98] Din hələ də sovet həyatının əhəmiyyətli tərkib hissəsi idi və görünür, 50 illik ateist təşviqat elə də işə yaramamışdı.
Bəs Sovet intelligensiyası bu faktı necə izah edirdi? Marksist-leninist nəzəriyyə iqtisadi təməlindən məhrum edilmiş dinin öz-özünə yoxa çıxacağını, Sovet dövləti isə özünün sinifsiz, sosialist cəmiyyət olduğunu iddia edirdi. Sovet intelligensiyası üçün bu iki iddiadan hər hansı birini inkar etmək yolverilməz idi. Elə isə “dini qalıqlar”ın mövcudluğunun başqa səbəbləri olmalı idi.
Sovet dövrünün ateizm ədəbiyyatında “dini qalıqlar”ın varlığını izah edən standart səbəblər dəstinə rast gəlmək mümkündür. Ağla gələ biləcək ilk açıqlama dinin, Marksın iddia etdiyi kimi, “tiryək” rolu oynaması idi. Həqiqətən də, dindarlarla həyata keçirilmiş bəzi sosioloji tədqiqatlar hər hansı dini icmaya qoşulanların əhəmiyyətli hissəsinin həyatındakı hansısa çətinlikdən qaçaraq dində təsəlli tapdığını göstərirdi.[99]
Sovet ədəbiyyatının iddiasına görə, digər bir amil ailənin və xüsusilə, yaşlıların təsiri idi. Uşaqlıqları dindar mühitdə keçən, başqa sözlə, sosialist tərbiyə görməyən yaşlıların övladlarına və nəvələrinə mənfi təsir göstərdiyi iddia olunurdu. Həqiqətən də, baba və nənələrin yeni doğulan nəvələrinin təqdis olunmasında israr etdiyini göstərən dəlillər var idi.[100] Həmçinin, pensiyaçıların 35–50 faizi, evdar qadınların isə 43–53 faizi inanclı idi. Bu qruplar yeni nəslin tərbiyəsində daha çox iştirak etdiklərinə görə onlar dini qalıqların daşıyıcıları olaraq qəbul edilirdilər.[101]
Digər səbəblərə ənənənin gücü (insanlar dinə həqiqətən inanmasalar da, adətlərə tabe olaraq rituallarda iştirak edirdilər), kapitalist dünyanın məqsədli təsiri, müharibənin dəhşətləri, əhalinin müəyyən bir hissəsinin lazımınca təhsilli olmaması, kənd ilə şəhər, habelə fiziki və zehni əmək arasında fərqlərin hələ də qalması daxil idi.[102]
Həmçinin dini qurumların fəaliyyəti də dinin yoxa çıxmasının qarşısını alırdı. Belə ki, elmin bütün nailiyyətləri və dinin iddialarını çürütməsinə cavab olaraq, din yeni şəraitə uyğunlaşır, müqəddəs mətnləri yenidən şərh edərək elmin tapıntılarının dinə zidd olmadığını iddia edirdi. Başqa sözlə, dinin modernləşməsi və yeni şərtlərə uyğunlaşması, habelə kainatla bağlı iddialarının çürüdüldüyünü qəbul etməməsi ona qarşı mübarizəni çətinləşdirirdi.[103]
Deməli, din israrla yaşamağa davam edirdi. Elə isə həqiqətən Marks və sosial elmlərin, demək olar ki, bütün baniləri dinin aqibəti barədə yanılmışdılarmı? Ötən əsrin son onilliklərindən etibarən, dünyanın bir çox yerlərində dinin ictimai məkana geri dönməsi və son illərdə dinin hər yerdə nəzərə çarpması ilk baxışda bu sualın cavabının müsbət olduğunu deməyə əsas verir. Həqiqətən də, hazırda vaxtilə tərəqqinin qaçılmaz olaraq sekulyarlaşma və dinin zəifləməsi ilə nəticələnəcəyini müdafiə edən sosioloqların bir çoxu[104] artıq bu iddianı dəstəkləmirlər.
Lakin fərqli tarixlərdə, dünya miqyasında həyata keçirilən rəy sorğuları sekulyarlaşma tezisini rədd etmək üçün tələsməməli olduğumuzu deməyə əsas verir. Belə ki, araşdırmalar həqiqətən də rifah səviyyəsi və inancsızlıq arasında bir korrelasiya olduğunu göstərir. Başqa sözlə, inkişaf etmiş ölkələrin əksəriyyətində dindarların faiz nisbəti azdır və azalmaqdadır.[105] Bu baxımdan istisna təşkil edən yeganə nümunəni isə ABŞ təşkil edir. Buna görə də din sosiologiyasında dinin zəifləməsinə təsir edən amilin cəmiyyətin ümumi zənginliyi, yüksək ÜDM kimi faktorlar deyil, sosial xidmətlərin daha əlçatan olması, insanların iqtisadi və digər mənalarda təhlükəsizliyinin təmin edilməsi və s. kimi məqamlar olduğu müdafiə edilir (hərçənd, sekulyarlaşma tezisinin tamamilə rədd edilməli olduğunu düşünənlər də var).[106]
Elə isə, Sovet İttifaqında dinə qarşı mübarizənin uğuru iki fərqli prizmadan dəyərləndirilməlidir. Birincisi, Sovet hakimiyyətinin elmi ateizm layihəsinin öz hədəfinə çatmaması ümumilikdə Sovet layihəsinin uğursuzluğu ilə izah olunmalıdır. Başqa sözlə, əgər sinifsiz cəmiyyətdə dinin yoxa çıxacağı hipotezini sınamalıyıqsa, bu sınaq üçün SSRİ əlverişli laboratoriya deyil. Sovet İttifaqı idarəçilərinin iddia etdiyi kimi, sinifsiz cəmiyyət deyildi. Bu ölkədə kapitalist mənada istehsal vasitələri üzərindəki xüsusi mülkiyyət ləğv edilsə də, sistem öz bərabərsizliklərini yaratmışdı. Partiya rəhbərləri, faktiki olaraq, ölkənin və ölkədəki hər şeyin sahibinə çevrilmişdilər. Azadlıqlar, xidmətlər və əmtəələrin bir çoxuna çıxış imkanına yalnız cəmiyyətin kiçik bir hissəsi – Partiyanın yuxarıları və onların lütf etdikləri malik idi. Belə bir şəraitdə Marksın (və müasirlərinin) iddiasının sınaqdan keçirilib rədd edildiyini iddia etmək mümkün deyil. Yuxarıda qeyd edildiyi kimi, inkişaf etmiş ölkələrdə dinin mövqelərinin zəifləməsi, son onilliklərdə dünya miqyasında dinin yenidən dirçəlməsinə baxmayaraq, sözügedən iddianın ən azından qismən həqiqətə uyğun olduğunu demək olar. Əlbəttə, bütün məhrumiyyət və bərabərsizliklərdən təmizlənmiş cəmiyyətdə belə dinin tamamilə yoxa çıxacağı inandırıcı deyil, lakin belə bir cəmiyyətdə dinin əhəmiyyətli dərəcədə zəifləyəcəyini demək üçün kifayət qədər əsas var. Başqa sözlə, Marksın kəhanətini “qaçılmaz ateizm” kimi deyil, “qaçılmaz sekulyarizm” kimi şərh etsək, kommunist rejimlərin təcrübəsinə baxmayaraq, bu iddianın hələ də müdafiə edilə biləcəyini demək olar.
Digər tərəfdən, Sovet hakimiyyəti inqilabdan əvvəl Leninin elan etdiyi “dini şəxsi məsələyə çevirmək” hədəfinə çatmışdı. Din ictimai məkandan çıxarılmış, onun ən sosial təzahürləri bəzi ictimai mərasim və bayramlarda qalmışdı ki, onlar da dini mahiyyətini itirmişdi. Sovet insanının hətta gündəlik həyatdakı seçim və qərarlarına təsir edən əsas amil din deyildi.
Həmçinin, inqilabdan əvvəl propaqandanın dinə qarşı mübarizədə əsas vasitələrdən biri olmayacağını düşünən bolşeviklər zaman keçdikcə ateist cəmiyyəti, habelə kommunizmi sadəcə inzibati üsullar və propaqanda yoluyla bərqərar etməyə cəhd etdilər. Bütün bunlar isə əhalinin, xüsusilə də gənclərin getdikcə daha çox ideologiyaya yadlaşmasına səbəb oldu.[107] Sovet hakimiyyətinin “zərərli ideologiyalar”dan azad etməyə çalışdığı əhali nəticədə bütün növ ideologiyalardan üz döndərmiş oldu və Sovet rejiminin yıxılmasında bu laqeydlik bütün rəqib ideologiyalarla müqayisədə daha çox rol oynadı.
Nəticə
Kommunizmin baniləri dini sadəcə mürtəce məfkurə kimi rədd etmir, həmçinin onun hakim siniflərin maraqlarına xidmət edən ideologiya hesab edirdilər. Onların fikrincə, dinlər onların iqtisadi əsası olan sinifli cəmiyyətin məhv edilməsi ilə birlikdə tədricən yoxa çıxacaqdılar. Buna görə də dinə qarşı maarifçilik yoluyla mübarizə aparmaq deyil, onun zəmini olan sinifli cəmiyyəti ləğv etmək tələb olunurdu. Həmçinin, Oktyabr inqilabının rəhbərləri də inqilabdan öncə Partiyanın ilk hədəfinin sekulyar dövlət qurmaq və dini hər bir fərdin şəxsi məsələsinə çevirmək olduğunu elan edirdilər. Sosializm bərqərar olduqdan sonra isə din də köhnə siniflərlə birlikdə tarixə qovuşacaqdı.
Lakin inqilabdan sonra bu məsələnin təsəvvür edildiyindən daha qəliz olduğu məlum oldu. Sovet hakimiyyəti tarixi boyunca dinə münasibətdə üsul və hədəflərini bir neçə dəfə dəyişsə də, son illərinə qədər dinə qarşı mübarizə aparmalı oldu. Bu mübarizə həm repressiyalar, həm digər inzibati resurslar, həm də ateist propaqanda yoluyla aparılırdı.
Əslində Sovet hakimiyyəti sekulyarlıq hədəfinə çata bilmiş və dini sıxışdıraraq ictimai məkandan çıxarmağa nail olmuşdu. Lakin rəhbərlik dinin siyasi qüvvə kimi zərərsizləşdirilməsi ilə kifayətlənməyərək ateist cəmiyyət yaratmağa can atmışdı. Bu israr müəyyən qədər dinin təbiətinin yanlış qiymətləndirilməsindən və məsələyə determinist yanaşmadan qaynaqlanırdı: Sovet ölkəsində dinin sosial təməli yox edilmişdisə, dinin də yox olması tələb olunurdu. Hərçənd, Sovet İttifaqının tamamilə bərabərlərdən təşkil olunmuş cəmiyyət olduğu qəbul edilsə belə, bu ölkədə heç bir inanclının qalmayacağı mənasına gəlmirdi. Lakin Sovet İttifaqı əslində sinifsiz cəmiyyət deyildi və onun vətəndaşlarının da şəxsi və ictimai həyatlarında qarşılaşdıqları problemlərin öhdəsindən gəlmək üçün dinə ehtiyacı var idi.
Digər tərəfdən, ölkədə şüarçı propaqandanın onilliklər boyu təkrarladıqları bir müddət sonra bütün inandırıcılığını itirmiş və gülüş hədəfinə çevrilmişdi. SSRİ rəsmi olaraq vicdan azadlığını tanısa və özünü ateist dövlət elan etməsə də, ateizm SSRİ-də müəssəs nizamın (established order) bir parçası kimi qəbul olunurdu və buna görə də ölkədə marksizmin başına gələnlər ateizmin də başına gəlmişdi. İnqilabçılar bütün işçilərə siyasi şüur qazandırmaq istəyirdilər, lakin bunun üçün seçilən metodlar və ölkədəki real şərait, nəticə etibarilə, cəmiyyətdə rəsmi ideologiyaya qarşı etinasızlığa gətirib çıxarmışdı.
Bolşeviklər tanrıya inanmayanlardan təşkil olunmuş cəmiyyət qurmaq istəyirdilər, son nəticədə isə heç nəyə inanmayanlar cəmiyyəti qurdular.
Qeyd və istinadlar
[1] Karl Marx, Critique of Hegel’s Philosophy of Right; sitat götürülüb: Marx on Religion, red. John Raines, Temple University Press, Filadelfiya, 2002. səh.171; vurğu orijinalda var.
[2] Yenə orada, səh. 217.
[3] Roland Boer, Opium, Idols and Revolution: Marx and Engels on Religion, “Religion Compass” 5/11, Blackwell, Oksford, 2011, səh. (698–707) 699. Lakin Engels institusional dində belə bir potensial görmürdü. Sözügedən potensial dinin ilkin formasında var idi və sonrakı dövrlərdə institusional dinə qarşı meydana gələn islahatçı hərakatlar da inqilabi çalarlara malik ola bilirdi, lakin institusionallaşmış dinin özü hakim sinifin alətinə çevrilmişdi. Engelsin Marksla birlikdə qələmə aldığı Manifestdə “xristian sosializmi[nin] rahibin aristokratların yanan ürəyini təqdis etmək üçün istifadə etdiyi müqəddəs su” (səh. 247) olduğunu yazırdı. Həqiqətən də, İkinci Dünya müharibəsində dünyanın fərqli yerlərində (xüsusilə Cənubi Amerikada) meydana gələn Qurtuluş İlahiyyatı hərəkatları marksistlərlə bənzər tələblərlə çıxış edəcək və bəzən güclərini onlarla birləşdirəcək, rəsmi dini qurumlar isə əksər hallarda bu hərəkatlara qarşı çıxacaqdı. Qurtuluş İlahiyyatı haqqında, bax.: Gustavo Gutiérrez, A Theology of Liberation: History, Politics, and Salvation, Orbis Books, Nyu-York, 1988.
[4] Karl Marx, Critique of Hegel’s Philosophy of Right, səh. 217.
[5] Marksist nəzəriyyədə ideologiya anlayışının müxtəsər müzakirəsi üçün bax.: Terry Eagleton, Ideology: An Introduction, Verso, London, 1993.
[6] Marks və Engelsin dinlə bağlı fikirlərinin daha ətraflı şərhi, habelə marksist nəzəriyyədə fərqli dinlər və sekulyarlaşmanın dəyəndirilməsi üçün bax.: Marx, Engels, and Marxisms: Marxism, Religion, and Emancipatory Politics, red. G. Kirkpatrick və başqaları, Palgrave Macmillan, Nyu-York, 2022. Həmçinin, müasir qərb marksizmində dinin yeri üçün bax.: Roland Boer, Criticism of Heaven: On Marxism and Theology, Brill, Boston, 2007.
[7] Karl Marx, The German Ideology, sitat götürülüb: Marx on Religion, səh. 99.
[8] Marx on Religion, səh. 171.
[9] Yenə orada, səh. 100.
[10] Marksın ateizm anlayışı və onun yanaşmasının spesifikliyi üçün bax.: Peter Thompson, Maxism, “The Oxford Handbook of Atheism” daxilində, red. Stephen Bullivant və Michael Ruse, Oxfor University Press, Oksford, 2013, səh. 293-306.
[11] Karl Marx, Capital, 1-ci cild, Penguin Classics, London, 1990, səh. 92.
[12] Karl Marx; Friedrich Engels, The Communist Manifesto, Penguin Books, London, 2002, səh. 223: “Bütün sabit, daşlaşmış münasibətlər qədim və möhtərəm qənaətlər və qərəzlərlə birlikdə silinib atılır, yenicə əmələ gələnlər isə oturuşmağa macal tapmadan köhnəlir. Bərk olan hər şey buxarlanır, bütün müqəddəslər faniləşir və insan, nəhayət ki, ayıq başla həqiqi həyat şərtləri və öz həmnövləri ilə üzləşmək məcburiyyətində qalır.”
[13] Karl Marx, Theses On Feuerbach, Thesis XI, https://www.marxists.org/archive/marx/works/1845/theses/theses.htm
[14] Bu tezisin mübahisələndirilməsi üçün bax.: José Casanova, Public Religions in the Modern World, The University of Chicago Press, Çikaqo, 1994; Sekulyarlaşma tezisinin mövcud sosioloji data işığında yenidən dəyərləndirilib modifikasiya edilmiş halıyla müdafiəsi üçün bax.: Pippa Norris və Ronald Inglehart, Sacred and Secular Religion and Politics Worldwide, Cambridge University Press, Kembric, 2011.
[15] Ленин В. И., Социализм и религия, Полное cобрание cочинений, 55 cilddə, 12-ci c., 5-ci nəşr, ИМЛ, Издательство Политической Литературы, Moskva 1968, səh. 142.
[16] Yenə orada, səh. 143.
[17] Yenə orada, səh 145.
[18] Yenə orada, səh. 146.
[19] Victoria Smolkin, A Sacred Space Is Never Empty, A History of Soviet Atheism, Princeton University Press, Prinston, 2018, səh. 27.
[20] İ.B. Berxin, SSRİ Tarixi, Maarif Nəşriyyatı, Baxı, 1977, səh. 70.
[21] Azərbaycan Tarixi, yeddi cildə, 5-ci cild, Elm Nəşriyyatı, Bakı, 2008, səh. 237.
[22] Ю. С. Кукушкин; О. И. Чистяков, Очерк Истории Советской Конституции, Издательство Политической Литературы, Moskva, 1987, səh. 244.
[23] Dimitry Pospielovsky, A History of Marxist-Leninist Atheism and Soviet Antireligious Policies, 3 cilddə, 1-ci cild, A History of MarxistLeninist Atheism and Soviet Antireligious Policies, Palgrave Macmillan, Nyu-York, 1987, səh. 27.
[24] Yenə orada, səh. 28.
[25] Ленин В. И., О Значении Воинствующего Материализма, Полное собрание сочинений, 55 cilddə, 45-ci c., 5-ci nəşr, ИМЛ, Издательство Политической Литературы, Moskva 1964, səh. (23-33) 26.
[26] Sovet İttifaqı Kommunist Partiyasının Tarixi, red. B.N. Ponomaryov, Azərnəşr, Bakı, 1963, səh. 334; Dimitry Pospielovsky, I cild, səh. 28.
[27] Популярные Лекции по Атеизму, red. В.А. Карпушина, Издательство Политической Литературы, Moskva, 1965, səh.335.
[28] Victoria Smolkin, səh.40.
[29] Dimitry Pospielovsky, 1-ci cild, səh. 29-30.
[30] Yenə orada, səh. 33-36.
[31] Jan Tesař, The History of Scientific Atheism: A Comparative Study of Czechoslovakia and Soviet Union (1954–1991), Vandenhoeck & Ruprecht, Göttingen, 2019, səh. 47-48.
[32] Dimitry Pospielovsky, 1-ci cild, səh. 28.
[33] Yenə oarada, səh. 52-67.
[34] Yenə orada, səh.34-35.
[35] Jan Tesař, səh. 44-45.
[36] Dimitry Pospielovsky, 1-ci cild, səh. 37.
[37] Bu şüar belə inqilabaqədərki nəzəriyyədən fərqli olaraq, anti-dini təşviqatın Sovet hakimiyyəti üçün nə qədər əhəmiyyətli hala gəldiyindən xəbər verirdi.
[38] Paul Froese, The Plot to Kill God, Findings from the Soviet Experiment in Secularization, University of California Press, Los-Anceles, 2008, səh 6-7.
[39] Dimitry Pospielovsky, -ci cild, səh. 37.
[40] Victoria Smolkin, səh. 50.
[41] Dimitry Pospielovsky, 1-ci cild, səh. 35.
[42] Victoria Smolkin, səh.35-36.
[43] Yenə orada, səh.36
[44] Yenə orada, səh.37
[45] Yenə orada, səh.35
[46] Paul Froese, səh. 97-98
[47] Dimitry Pospielovsky, 1-ci cild, səh. 44
[48] Victoria Smolkin, səh. 46-47
[49] Dimitry Pospielovsky, 1-ci cild, səh. 56.
[50] Victoria Smolkin, səh.47.
[51] Yenə orada, səh.48. Anketdə insanlardan dini ayinlərdə iştirak və ya hər hansı dini icmaya üzvlüklə bağlı sual verilmir, sadəcə inanclı olub-olmadıqları soruşulurdu. Lakin istəlinən halda nəticələr hakimiyyətin ürəyincə olmamışdı və 1939-cu ilə həyata keçirilən növbəti siyahıyaaymadan dinlə bağlı sual çıxarılmışdı.
[52] Очерк Истории Советской Конституции, səh. 309.
[53] Victoria Smolkin, səh. 50.
[54] Yenə orada, səh. 50-51
[55] Bu dalğanın tərkib hissəsi kimi, 1944-cü il aprelin 14-də SSRİ Ali Soveti Rəyasət Heyətinin qərarı ilə Zaqafqaziya Müsəlmanlarının Ruhani İdarəsi təsis edilmişdi. Azərbaycan Tarixi, 7 cilddə, 7-ci cild, Elm nəşriyyatı, Bakı, 2008, səh. 28.
[56] Victoria Smolkin, səh. 51.
[58] Yenə orada, səh. 72; 78.
[59] Victoria Smolkin, səh. 58-59
[60] SovİKP tarixi, səh.793; 806
[61] John Anderson, Religion, State and Politics in the Soviet Union and Successor States, Cambridge University Press, Kembric, 1994, səh. 6-7
[62] Yenə orada, səh.7-11
[63] Victoria Smolkin, səh. 74
[64] Yenə orada, səh. 75-76.
[65] Yenə orada, səh.75.
[66] Dimitry Pospielovsky, 1-ci cild, səh. 77-79.
[67] Victoria Smolkin, səh. 77-78.
[68] Yenə orada, səh. 78-79.
[69] Dimitry Pospielovsky, 1-ci cild, səh.98.
[70] John Anderson, səh. 69.
[71] Dimitry Pospielovsky, 1-ci cild, səh. 100-105.
[72] John Anderson, səh. 70-73.
[73] Dimitry Pospielovsky, 1-ci cild, səh. 110.
[74] Yenə orada, səh. 112-121.
[75] Victoria Smolkin, səh. 231.
[76] Yenə orada, səh. 233.
[77] Yenə orada, səh. 235.
[78] Популярные Лекции по Атеизму, səh. 37.
[79] Engelsin sözügedən təsnifatı üçün bax.: Friedrich Engels, Socialism: Utopian and Scientific, Foreign Languages Press, Paris, 2020; Elmin bilik sistemi kimi mütləq inhisar iddiasının (mübahisəli də olsa) tənqidi üçün, məsələn, bax.: Paul Feyerabend, The Tyranny of Science, Polity Press, Kembric, 2011.
[80] Ateizmə (ateizmlərə) nec tərif verilə biləcəyi haqqında bax.: Stephen Bullivant, Defining Atheism, “The Oxford Handbook of Atheism” daxilində, red. Stephen Bullivant və Michael Ruse, Oxfor University Press, Oksford, 2013, səh. 11-21.
[81] Философский Словарь, red. М.М. Розенталь П.Ф. Юдин, Издательство Политической Литературы, Moskva, 1963, səh.34.
[82] Марксистско-Ленинская Философия: Исторический Материализм, red. А. Д. Макаров və b., Мысль, Moskva, 1973, səh. 370.
[83] Mikayıl Məmmədov; Maqsud Cəlilov, Ateizm Tərbiyəsinin Əsasları, Azərbaycan Dövlət Nəşriyyatı, Bakı, 1989, səh. 9.
[84] Elmi Ateizm (ali məktəblər üçün dərslik), red. A.F. Okulov, Maarif Nəşriyyatı, Bakı, 1981, səh. 9
[85] Victoria Smolkin, səh. 84-86
[86] Elmi Ateizm, səh. 224; Популярные Лекции по Атеизму,səh. 91-96
[87] Victoria Smolkin, səh. 94
[88] Jan Tesař, səh. 79, Victoria Smolkin, səh. 97-100
[89] Victoria Smolkin, səh.109
[91] Популярные Лекции по Атеизму, səh. 354-355
[93] Популярные Лекции по Атеизму, səh. 356
[94] Dimitry Pospielovsky, 1-ci cild, səh. 91-92
[95] Victoria Smolkin, səh. 169
[96] Yenə orada, səh. 172
[97] Yenə orada, səh. 187
[98] Yenə orada, səh. 152
[99] Dimitry Pospielovsky, A History of Soviet Atheism in Theory and Practice, and the Believer, 3 cilldə, 3-cü cild, Soviet Studies on the Church and the Believer’s Response to Atheism, Macmillan Press, London, 1988, səh. 182.
[100] Victoria Smolkin, səh.154.
[101] Elmi Ateizm, səh. 273. Ümulikdə, bütün dindarların 70–85 faizi qadınlar idi. Yeri gəlmişkən, ateistlər arasında qadınlara daha az rast gəlinməsi qlobal fenomendir. Bax.: Melanie Elyse Brewester, Atheism Gender and Sexuality, “The Oxford Handbook of Atheism” daxilində, red. Stephen Bullivant və Michael Ruse, Oxfor University Press, Oksford, 2013, səh. 511-524.
[102] M. Səttarov, SSRİ-də Dini Qalıqların Qalmasının Səbəbləri Haqqında, “Ateizm Məsələlərinə Dair Məqalələr” daxilində, Ateistin Kitabxanası, Bakı, 1960, səh. 60-74.
[103] Популярные Лекции по Атеизму, səh. 376-377.
[104] Məsələn, Peter L. Berger, 1960-cı illərdə qaçılmaz sekulyarlaşma rezisinin əsas müdafiəçilərindən olsa da (bax.: The Sacred Canopy: Elements of a Sociological Theory of Religion, Open Road, Nyu-York, (1966) 2011), 1990-cı illərdən sonra bu mövqeyindən imtina edib.
[105] Bax.: The Oxford Handbook of Atheism, red. Stephen Bullivant və Michael Ruse, Oxfor University Press, Oksford, 2013, 6-cı Hissə, xüsusilə, 37 və 38-ci fəsillər.
[106] Bax.: Pippa Norris və Ronald Inglehart, Sacred and Secular Religion and Politics Worldwide, Cambridge University Press, Kembric, 2011.
[107] Victoria Smolkin, səh. 143; 1988-ci ildə KPMK Propaqanda Şöbəsi tərəfindən həyata keçirilən araşdırmada rəyi soruşulanların 41,4 faizi ateizm təşviqatının zərərli, 34,3 faizi isə faydasız olduğunu söyləmişdi. Yenə orada, səh. 235.

